“Rənanı çox sevirəm”.
Son zamanlar, bunu tez-tez ürəyimdə təkrarlamağımın səbəbi Rənanın mənim üçün adiləşə biləcəyindən qorxmağımdır.
Ya da aşiq olduğumu bir daha, bir daha özümə etirafımdır.
Bilmirəm.
Rənanın mənim üçün adiləşməsi, maraqsızlaşması - münasibətlərimizin sonunu gətirə bilər. Mənsə ondan ayrılmaq
istəmirəm. Onun yanında özümü geniş, isti bir qanadın altındakı körpə quş kimi hiss edirəm. Bu da təbiidir. Bütün
kişilərin, o cümlədən mənim də ehtiyacımız qadın nəfəsi, qadın qayğısıdır. Həftənin yalnız iki-üç gününü Rənanın evində
keçirib, daha artığından çəkinməyim bu səbəbdəndir yəqin. Evinə dadanmaqdan, ondan bezməkdən qorxuram. Mənim
eşq üçün yararsız, ümidsiz, bədbin və pinti evimə bircə dəfə ayaq basmayıb Rəna. Onu evimə dəvət etməməklə çoxmu
xətrinə dəyirəm görəsən? Mən olsaydım inciyərdim. Deməli o da inciyir. Bir gün ürəyimdə Sevildən başqa qadının
olmadığını başa düşəcək, məndən bezəcək deyə qorxuram. Olacağa çarə yoxdur.
“Mozart”da çox oturmadıq. Təxminən yarım saat sonra Sənan gəzişməyi təklif etdi. Əsəbindən donuz kimi pörtmüş
Yelenaya hesabı ödəyib, gülüşə-gülüşə kafeni tərk edən son müştərilər olduq. Saat on birə işləyirdi. Küçələrdən yığışan
maşınların tüstüsü çəkilir, şəhərin tozanağı aram-aram boz asfalta yatırdı. Azacıq da olsa, nəfəs almaq yüngülləşmişdi.
Bu dəfə siyasətdən danışmadıq. Mövzumuz axırıncı Hollywood filmləri, yeni kitablar, hətta qadın ətirləri idi. Əlindən
tutduğum sevgilimin gülümsəyən, ağıllı üzünə arada bir nəzər salaraq, bir saat boyunca Nizami küçəsini o baş-bu baş
arşınladıq. Sənanın əmisi oğlu Nurəddin zəng vurub Sahil metrosunun qabağında onu gözlədiyini xəbər verəndə, saat
on ikiyə qalırdı. Sənanla metroya qədər gəlib, əmisi oğlu ilə görüşdük. Nurəddin ölkənin tanınmış sığorta şirkətlərindən
birində avtomobil sığortası üzrə mütəxəssis işləyir. Təzə Toyota Camry-sindən düşüb bizimlə hal-əhval tutandan sonra:
- Gəlin sizi də aparım – dedi.
Bilirdim ki, Rəna belə tez ayrılmağımızı istəməz. Hətta gecəni bir yerdə keçirəcəyimizi düşünür bəlkə də. Mən isə çox
yorğun olduğumdan, təcili yatağa girib “sönmək” haqda fikirləşirdim. Xəcalətimdən Rənanın üzünə baxmadan Nurəddinə:
- Sizin üçün zəhmət olacaq – dedim.
Nurəddin qollarını aralayıb incimiş halda:
- Siz nə danışırsınız! Buyurun, əyləşin. – dedi.
- Onda əvvəl xanımı düşürdək.
- Problem deyil, buyurun.
Rəna ilə arxa oturacağa oturub, yol boyu susduq. Rəna məndən aralı otursa da, sağ əlimin barmaqları ilə oynayırdı.
Sənanla Nurəddin isə bizi unudub, evlənməyə hazırlaşan qohumları haqda danışmağa başladılar. “Cehiz”, “mənzil”,
“mebel”, “təmir”, “toy”, “qancıq qayınana” kimi rabitəsiz sözlər qırıq-qırıq çatırdı qulağıma. İnşaatçılar metrosunun
yanındakı doqquz mərtəbəli binalara yaxınlaşanda, Rəna:
- Burdan sağa zəhmət olmasa – dedi və qulağıma, - Bəlkə gələsən? – pıçıldadı.
- Yox, çox sağ ol. Evə getsəm yaxşıdır. Yorğunam.
Rəna qürurludur, bilirəm. Təklifini bir daha təkrarlamayacaq, israr etməyəcək. Elə də oldu. Sadəcə çiyinlərini dartıb
gülümsədi. Dəvətini qəbul etmədiyim üçün incidiyi hiss olunurdu. Özümə nifrət etdim. Onu bərkdən qucaqlayıb öpdüm və
qulağına: “Sabah gələcəm. Bu günsə sənə inciməyi qadağan edirəm” dedim. Pıçıltım onu qıdıqladığı üçün yavaşca
gülüb boynunu məndən qaçırtdı və qabaqda oturanlarla vidalaşdı.
- Dostlar sağ olun. Görüşərik.
Rəna bloka sarı gedir, mənsə arxadan onun heyran qaldığım yerişinə tamaşa edirəm. Bu ifadəli, aristokrat yerişi onu
necə də fərqləndirir, cazibəli edir.
Sənan üzünü arxaya çevirib:
- Sən də evə gedirsən? – soruşdu.
Gözlərimi pəncərədən ayırıb bir Sənana, bir Nurəddinə baxa-baxa:
- Nurəddinə əziyyət olmaz ki? – soruşdum.
Nurəddin tez-tez başını buladı.
- Əziyyəti zadı yoxdur. O nə sözdü! Hara gedirik?
Sənan mənim əvəzimə:
- Bayıla sür – deyib təzədən mənə baxdı, - Yaxşısan?
71
Bir az təəccüblə:
- Hə - dedim. - Nədir ki?
- Heç, elə belə soruşdum. Son vaxtlar çox gərginsən elə bil.
- Yox əşi. – deyib, gözlərimi yumub-açdım.
Sənan təzədən üzünü qabağa çevirdi.
- Yayda mitinqlər başlayır. Bu il son şansımızdı – şüşəni açıb siqaret yandırdı. Elə bil, bu sözləri demək üçün, bayaqdan
Rənanın maşından düşməsini gözləyirdi. Halbuki, Rəna bu söhbətlər üçün sino gedir. Heç şübhə etmirəm ki, mitinqlər
başlasa, ön cərgələrdə polislə toqquşanlardan biri də Rəna olacaq.
İlin sonunda, noyabr ayında keçiriləcək prezident seçkilərinin təbliğat kampaniyası yayda başlamalı olsa da, müxalifət
indidən aktiv hazırlıqlar görür. Əslində, hamı seçkilərin formal xarakterli olduğunu, iqtidarın 20 ilə yaxındır etdiyi kimi, bu
seçkiləri də saxtalaşdıracağını yaxşı bilir. Odur ki, müxalifətin hazırlıqları təbliğata yox, hakimiyyətin silahlı dəstələrinə
müqavimətə yönəlib. 2005-cü ildə olduğu kimi, bu il də hamının ümidi Demokratik İslahatlar Partiyası və lider Niyazi
Salayevdir. İllərdir televiziya efirindən məhrum edilən Niyazi Salayevin öz elektoratı ilə ünsiyyət qurmaqda yeganə
vasitəsi - iki-üç müxalif qəzetdir. Salayev də son bir aydır, bu qəzetlər vasitəsilə ümidlərinin böyük olduğunu, xalqın
qələbə çalacağını və iqtidarın mütləq devriləcəyini vəd edir. Sənanın da dəyişikliyə ümidi var. Doğrusu, mənim də. Sırf
ümidsiz yaşamaq ağır olduğuna görə, rejimin çökəcəyinə ümid bəsləyirəm.
Başımı oturacaqla qapı arasındakı küncə dirəyib qaranlıq küçəyə baxa-baxa:
- Bircə şeydən qorxuram – dedim. - Bu il də “son şansımız” deyə-deyə özümüzü çox ümidləndirsək, sonra yenə
alınmasa, beş il əvvəlkindən beşbetər sına bilərik.
Biz birinci şansımızı, 2005-cü ilin prezident seçkilərində itirdik. Niyazi Salayevin seçkilərdə açıq-aşkar səs çoxluğu ilə
qalib gəlməsinə baxmayaraq, Qənirə Millinin prezidentliyində və rejimin davamlılığında maraqlı olan hakimiyyətdaxili
qüvvələr, mafioz klanlar onu ölən ərinin kreslosuna oturtmaq naminə, ən qəddar üsullarla mitinqlərin qarşısını aldılar.
“İkinci meydan hərəkatı” adını alan hadisələr ifrat yoxsulluq, hüquqsuzluq və ədalətsizlik həddinə çatdırılmış xalqın uzun
illər gözlənilən hayqırtısı idi. Əllərində “Niyazi Salayev prezident!”, “Rədd olsun Milli! Yaşasın Niyazi!” plakatları ilə
meydana çıxan; korrupsiyadan, avtoritarizmdən, qəsbdən və zorakılıqdan bezmiş insanların üstünə daxili qoşunlar, polis
və dazbaş idmançılar hücum etmişdi. Xalqın Azadlıq meydanından yığışmadığını görən iqtidar, bu dəfə insanların üstünə
texnikanı sürdü. Gecənin bir yarısında silahlı xüsusi təyinatlılar, BTR-lər, hətta tanklar meydana girərək xalqı güllə-baran
etdi. Xəbərdarlıqsız atəş açıldı və... nəticədə 131 nəfər qətlə yetirildi. Bunlardan on altısı yeniyetmə, səksən beşi kişi,
qalanları isə qadınlar idi. Ölənlər ölmüş, yerdə qalan dirilərə isə divan tutulmuşdu. Həbs olunan 1136 nəfər mitinq
iştirakçısından yüzlərləsinin dırnaqları qopardılmış, gözləri oyulmuş, qabırğaları sındırılmış, arvadları və qızları gözlərinin
qabağında zorlanmışdı.
O saatlarda isə bütün telekanallarda Qənirə Milli danışırdı. Milli, “... Bunlar terrorçudur, silahları var. Hamısı xaricdən,
Qərbdən maliyyələşir! Bunlar islam ekstremistləridir!” kimi cəfəng, təzadlı bəyanatlar verir, özünü dünyaya güldürürdü.
Gözü qana doymayan Qənirə, “ikinci meydan hərəkatının” arxasında “vəhhabilərin”, “şiələrin”, “Əl-Qaidə”nin, Soros
Fondunun və son dövrlərdəki siyasi ritorikasının ruhuna uyğun olaraq “ABŞ Dövlət Departamentinin” dayandığını iddia
edir və sübut kimi, meydanda öldürülən insanların yanında, guya onlara məxsus silahlar və “Lə iləhə illəllah,
Muhammədun rəsulullah” yazılmış yaşıl bayraqlar “tapıldığını” deyirdi.
Rejimin etiraz edən kütləyə qanlı “cavabından” sonra, BBC müxbirinin Azadlıq meydanından tapdığı isə başqa şey
olmuşdu. Qana bulaşmış, görünür oturaq aksiya vaxtı tez-tələsik yazılmış bir məktub. Meydana çıxan ata, məktəbli
oğluna bunları yazırdı:
“Mənim balam,biz azad olmaq uğrunda bu meydana gəlmişik. Biz, azad yaşamaq, şərəflə yaşamaq üçün buradayıq. Sənin, ananın, sinif yoldaşlarının azadlığı uğrunda meydandayıq. Biz istəyirik ki, sən böyüyəndə yaxşı təhsil ala biləsən, sağlam oğlan olasan, xoşbəxt olasan. Atan istəyir ki, ölkəmizdə korrupsiya olmasın, insanlar nahaq həbs olunmasın, evlərini hansısa oliqarxlar sökməsin, onları küçəyə atmasın. Biz qoyun deyilik oğlum, biz insanıq! Əgər biz bir yerdə olsaq, heç kəs bizə heç nə edə bilməz. Biz xalqıq. Bu hakimiyyət rədd olub getməlidir! Əgər evə qayıtmasam, eşitsən ki, atan ölüb, bil ki, sən çox qeyrətli bir kişinin oğlusan. Sən atanla fəxr edə bilərsən. Bu meydana çıxan hər bir kəsin övladı, valideyni ilə fəxr edə bilər...” Başqa bir atanın, alnından vurularaq öldürülən Elnur Göyəzənli adlı nümayişçinin sıxılmış ovcunda isə, körpə qızına
ünvanlanmış, ürək dağlayan bu məktub tapılmışdı:
“Ceylancım, sən indi istəsən belə, bu yazını oxuya bilməyəcəksən. Amma illər sonra – artıq A-dan Z-yə bütün hərfləri tanıdığında bu yazını mütləq, həm də mütləq oxumanı istəyirəm. Ceylancım, bax, bir atanın övladı üçün buraxa biləcəyi ən böyük, ən dəyərli miras hürr bir ölkədir. Ədalətin və azadlığın qalib gəldiyi bir ölkədir. İnsanların yalanla və yaltaqlıqla deyil, biləyinin və ağlının gücü ilə yaşayacağı bir ölkədir. Və allah şahiddir ki, mən sənin elə bir ölkədə böyüməni, yaşlanmanı nə qədər istərdim. Kimsəyə əyilmədən, alçalmadan həyatda bütün arzuladıqlarını əldə etməni nə qədər istərdim. Amma bunlar yalnız istəməklə olmaz ki, qızım! Həm də savaşmaqla olar. Çırpınmaqla, çabalamaqla olar. Həqiqətin gücünə güc qatmaqla olar. Bax, elə ona görə də indi səndən, sənin qayğılarından çox mübarək bir savaşı düşünmək məcburiyyətindəyəm. Bu, həm də sənin uğrunda savaşdı, gözəl qızım, sənin kimi yüz minlərcə çocuq uğrunda savaşdı. Sənin və sənin kimi yüzminlərcə çocuğun gələcəyini oğurlamaq istəyən ədalətsiz və əxlaqsız bir sistemi yıxmaq, sökmək, onun yerində düzlüyün, dürüstlüyün, ləyaqətin, vicdanın hakim olduğu bir rejim qurmaq, yaratmaq uğrunda savaşdı. Elə bir savaş ki, bunun
72
zövqünü, bunun gözəlliyini ruhunu şərə, şeytana satmışlar heç vaxt anlamayacaq. Amma sənin anlayacağına inanıram, ayüzlüm, çox inanıram! İndi məni həyatda sevindirən tək şey var, o da sənsən, Ceylancım! Ancaq indi məni həyatda kədərləndirən tək şey varsa, o da sənsən. Bilirsənmi, niyə? Çünki mənəviyyatsızlığın, əclaflığın, riyakarlığın həyat normasına çevrildiyi bir ölkədə dünyaya çocuq gətirməkdən, o məsum çocuğu bu bitib-tükənməz mənəviyyatsızlıqların, əclaflıqların, riyakarlıqların qurbanına çevirməkdən böyük cinayət yoxdur. Amma əgər o cinayətə qol qoyduqsa, bunun bədəlini də ödəyəcəyik. Bu ölkədən hər cür yalanın, yaltaqlığın, simasızlığın, şərəfsizliyin kökünü qazıyacağıq. Ən azı bunun üçün döyüşəcəyik, çarpışacağıq, çırpınacağıq. Sənin və sənin kimi yüzminlərcə günahsız çocuğa azad və abad, ədalətli və əxlaqlı bir ölkə buraxmaq üçün qollarımızı sıvayacağıq, yorulmadan, usanmadan savaşmağa davam edəcəyik. Bu yolun artıq geriyə dönüşü yoxdur, gözəl qızım, əgər ortada çocuqların gələcəyi məsələsi varsa, heç bir yolun geriyə dönüşü olmamalıdır! Bax, Ceylancım, mən indi sənə azad və xoşbəxt yaşayacağın ölkə buraxa biləcəyimə yüzdəyüz söz vermirəm. Amma elə bir ölkə uğrunda sonadək savaşacağıma yüzdəyüz söz verirəm. Bir də buna yüzdəyüz söz verirəm: sən heç vaxt saxtakar, rüşvətxor, yaltaq, riyakar, simasız, şərəfsiz bir atanın qızı olmayacaqsan. Bir atanın övladına buraxa biləcəyi ikinci ən böyük, ən dəyərli miras da elə budur, qızım! Gözlərindən öpürəm”. - Bu il də həmin hadisələr təkrar oluna bilməz. Olunsa da artıq Bakı yox, bütün rayon və şəhərlər ayağa qalxacaq –
Sənan siqareti pəncərədən tullayıb üzünü mənə çevirdi. - Artıq səbri qalmayıb xalqın. Bu murdar rejim getməlidir. Xalq
Qənirə Millini Çauşesku cütlüyünün gününə salacaq. Nurik, burdan sola dön, qabaqdakı zibil qutularının yanında saxla.
İqtidarın bu dəfə xalqa güllə sıxmayacağına inanmağı çox istərdim. Amma çətinlik çəkirəm. İllər boyu İslam Milli
hakimiyyətinin, indi isə hakimiyyətdə qalmaq naminə hər vasitəyə əl atmağa hazır Qənirə Millinin xalqla bircə danışıq dili
var - silah! Öldürmək, güllələmək, divan tutmaq, beşiyində boğmaq – bu Milli hökumətinin üslubudur. Çünki bu rejimin
opponentləri yoxdur, ancaq düşmənləri var. Bu düşmənlər konkret adı olan siyasətçilər, partiyalar deyil. Düşmən - bütün
xalqdır.
Nurəddin Sənanın göstərdiyi yerdə maşını saxladı.
- Buyurun Murad bəy. - Sonra da tərəddüdlə dedi, - Sizə bir işim düşüb. Klinikanıza gələ bilərəm?
- Əlbəttə - dedim. - Bu nə sözdür. Sənandan nömrəmi götürün, istədiyiniz vaxt zəng edin. Bir gün təyin edək, görüşək.
Nəsə baş verib?
- Yox, elə-belə. Bir-iki dişimdə çürümə var.
- Karies varsa, bu “elə-belə” deyil. Mütləq gəlməlisiniz. Zənginizi gözləyəcəm.
Nurəddin minnətdarlıqla gülümsədi:
- Çox sağ olun Murad bəy.
- Dəyməz qardaş. Sən sağ ol. Sənan, salamat qal.
Sənan yüz səksən dərəcə çevrilib əlini mənə uzatdı:
- Oldu qardaş, görüşərik. Özünə yaxşı bax. İnamını da itirmə.
- Baş üstə - deyib, maşından düşdüm.
Nə qədər taqətsiz olduğumu indi daha aydın hiss edirdim. Elə bil bir saat qaçmış, ya da futbol oynamışdım. Ayaqlarım
sözümə qulaq asmırdı, əzələlərim ağrıyırdı. Gərək idmana gedim, siqareti də azaldım. Liftə minib mərtəbəmə qalxana
qədər nəfəsim daraldı. Qapını açıb özümü hövlnak atdım mənzilə. Cəld soyunub qaçdım vanna otağına. Üzümə su
vurdum.
Niyə inad edirəm? Nə üçün mənimlə olmasına icazə vermirəm? Bu qədər eqoist olmamalıyam axı. Rəna hər gün, hər an
mənimlə olmaq istəyir, mən isə onu ancaq sevişmək istəyəndə axtarıb tapıram. Bunu başa düşürmü görəsən? Əlbəttə
başa düşür. Amma yenə də mənimlədir. Nə tapıb məndə?
Otağa qayıdıb pəncərəyə yaxınlaşdım, siqaret yandırdım. Yol boyu düzülmüş fənərlərin, zülmət küçəni işıqlandırmağa
gücü çatmırdı. Gecələr buralar təhlükəli, narahat olur. İtlərin ulaması fahişələrin çığırtısına, avaraların bağırışması
polislərin sirenalarına qarışır. Normal adamı vahimə basmalıdır bu evdə. Amma mən öyrəşmişəm. Hətta o qədər
öyrəşmişəm ki, çox vaxt gecənin çökəcəyi, tənha evimə qapanacağım anı səbirsizliklə gözləyirəm. Gözləyirəm ki, günəş
öz qovurucu şüaları ilə yer üzünü yandırmağı dayandırsın, təbiətin qürubla fısıldaşması başlasın, bizi işıqdan qoruyan
kölgələr, ayın və ulduzların yumşaq sayrışmasında öz valehedici rəqslərinə başlasın. Mən də bax beləcə pəncərəmin
qarşısında dayanıb, gecənin simfoniyasını eşidim. Yalnız bu sədalar məni xaosun küt uğultusundan qorumağa qadirdir.
Həm də qaranlığa deyilən pıçıltılar mənə cavab olaraq qayıdır. Duyuram bu cavabları. Eşidirəm.
***
Gündüzlər hamı eynidir – hərə öz proqramına uyğun rolunu icra edir - gülümsəyir, deyib-gülür, savaşır, sevişir. Gecələr
isə maskalar düşür sifətlərdən. Mənim də rollarım var. Sevdiyim və sevmədiyim rollarım. Bu barədə düşünmək üçün ən
münbit zamandır gecə. Həyatı dərk etməyə, bilinməyəni bilməyə, əhatə olunmayanı əhatə etməyə çalışanların
73
zamanıdır. Dünyanın bütün gözəllikləri tamamilə yeni, çox fərqli bir qiyafədə qarşımızda durur. Gecə - vərdiş etdiyimiz
obrazları dağıdır, onlara yeni çalarlar qatır. Bəs nə üçün gecə ölüm rəmzidir görəsən? Mənim üçün əksinə -
gerçəkləşməsi mümkün olmayan ideya və arzuların rəmzdir. Yaradıcılıq və dağıdıcılıq zamanıdır.
Yaradıcılıq haqda çox düşünürəm, amma heç nə yaratmamışam hələ. Özgürü, oğlumu yaratmışam bircə, o da yanımda
deyil. Bax belə. Hə, hə. Ağlamağı sevirəm. Gündüzlər, sentimental olana lağ etmək lazımdır – bunu proqram tələb edir.
Gecələr isə, özüm ola bilərəm. Ağlaya bilərəm, kədərlənə bilərəm, qəhərlənə bilərəm. Hər şeyə - övladımın yanımda
olmamasına, Qənirə Millinin iyrənc rejiminə, dişlərini müalicə etməyə məcbur olduğum qəhbə Şeylanın nazlı gülüşünə -
dözməliyəm. Dözürəm. Çünki, ümidlərimə bağlı olan intizar, bu müvəqqəti varolmanın dəhşətinə dözməyə kömək edir.
Özgür. Adı kimi özgür olmasını istəyirəm oğlumun. Onun üçün gələcək qurmalıyam, ölkə qurmalıyam. Həm valideyn
instinktim, həm də ağlım, şüurum tələb edir bunu.
Ah Sevil. Sənsiz necə mənasızdır hər şey. Adamın ailəsi yanında olar, övladı yanında olar. Oğlumu həftədə bir dəfə
görməli deyiləm. Mən atayam!
“İndi düşdü yadına?” deyərdi mənə Sevil burda olsaydı. Deyəydi, amma yanımda olaydı kaş.
Onunla birlikdə qurduğumuz dünyanı yerlə bir edib getdi. Mən yalnız aşiq deyildim ona, həm də yaxın dost bilirdim. Hər
məsələdə məsləhətləşirdim onunla, birlikdə gələcək barədə planlar qururduq. Ağlamaqdan da qorxmurdum onun
yanında. Bilirdim ki, ağlayanda yanımda olacaq, göz yaşlarımı siləcək. İndi isə, bütün zəif nöqtələrimi bilən bir insanın
məndən uzaqda, başqası ilə olmasını həzm edə bilmirəm. Yox, əlbəttə bu barədə ona danışmayacaq, sirlərimi
açmayacaq. Elə qadın deyil. Harda nəyi danışacağını yaxşı bilir. Amma yenə də narahatam. Axmaq fikirlər girir beynimə.
Elə bilirəm ən məhrəm sirlərimin daşıyıcısı, başqa bir kişinin qoynunda, mənim sevimli seksual pozalarımı onunla
bölüşür. Mən yataqda dahi, sehrbaz deyildim. Sadəcə, bəyəndiyim bəzi şeylər varıydı ki, o da bəyənirdi. Görəsən eyni
şeyləri o əclaf kişidən də görürmü?
Sevilə dair hər xatirə yandırır məni. O gün marketdə onun ən sevdiyi şokolada əl atdım, almaq istədim. Evdə olmadığını
yada salanda tutulub qaldım. Onun bişirdiyi xörəklər üçün, sevdiyi mahnılar üçün darıxmışam. Sevil gedəndən sonra, elə
bil xəyallarımı da itirmişəm. Gözəl evimizin planlarını kiminlə quracağam indi? Atamdan qalan iki otaqlı mənzilin
darısqallığı söhbətləri də aktuallığını itirib artıq. Bu ev indi həddən artıq genişdir mənim üçün.
Romanlarda, kinolarda ayrılan sevgililərin bir-birlərinə xoşbəxtlik arzulamasından əttökən heç nə yoxdur. Yalandır! Ağ
yalandır! Ayrıldığı sevgilisinə başqası ilə səadət arzulayan adam ya saxtakardır, ya da debil. Əslində ikisi də eyni poxdur.
O, indi başqasının qoynundadır və mən bunu bilirəm. Yumruqlarımı sıxıb, zırıldamaqdan başqa əlacım qalmayıb.
Qürurum və tərbiyəm onun seçiminə müdaxilə etməyə icazə vermir. Amma istəyirəm əzab çəksin, necə ki, mən çəkirəm.
İstəyirəm bədbəxt olsun!
Boşanmış, özü də uşaqlı bir qadını alan ərinə nə deyim bəs? Qəhrəmandır, yoxsa necə?
İş yoldaşıydılar. Sonra boşandığını eşidib, evlənmək təklif elədi Sevilə. Deməli onu həmişə arzulayıb, istəyib. Sevil də
boşanmış qadın statusuna ancaq yarım il dözə bildi. Niyə belə tez ərə getdi? Mənə acıq vermək üçün? Yoxsa Rasimi
sevirdi? Necə sevə bilər? Bəlkə də cəsarətinə heyran qalıb, razılıq verib. Doğrusu, mən onun kimi cəsur addım ata
bilməzdim. Boşanmış, uşaqlı qadınla evlənə bilməzdim. Bəlkə də evlənərdim. Rasimə bu mənada hörmət edirəm, amma
nifrətim daha böyükdür.
Bəs oğlum? Anasını bağışlayacaqmı? Oğluma “anana nifrət et” deyəcək qədər əxlaqsız deyiləm, amma Özgürün onu
bağışlamasını istəməzdim. İstəməzdim ki, atalığına da ata desin. Xeyr, Özgür heç vaxt ona ata deməyəcək. Rasimə
nifrət etməsini, onunla yola getməməsini, hər gün acılamasını istəyirəm. İstəyirəm o da bir gün oğluma əl qaldırsın ki,
oğraşı döyməyə, sifətinə yumruq vurmağa, ağzını-burnunu əzməyə bəhanəm olsun.
Amma Rasim çox sakitdir. Oğlumu da çox istəyir. Aşiq olduğu qadının övladını öz övladı kimi sevir. Çox nəzakətli və
təmkinli adamdır. Dava etməyə imkan vermir mənə. Bəli, onu döymək üçün mənə fürsət vermir deyə, Rasimə daha çox
nifrət edirəm. Nə vaxt baxsan sırtıq kimi gülür. Yumşaq xasiyyəti var. Mənim kimi zəhmli deyil. Qaşqabağım yerlə gedən,
Sevili acıladığım günlər olurdu. O da mənə “İtə dönürsən bu evə ayaq basanda. Məni görəndə elə bil ilan görürsən. Bir
gün məni itirəndə qədrimi biləcəksən” deyirdi. Elə bilirdim uzaq, çox uzaq perspektiv olan, üfüqdə görünməyən ölümə
eyham vurur. Hardan biləydim ki, çıxıb gedə bilər?
O isə getdi. İndi onun yoxluğu buz kimi soyuqdur. Onun əlindən, səsindən, qəzəbindən başqası yalandır. O, mənim üçün
vərdişə çevrilmişdi. Vərdiş sevgidən daha şiddətlidir.
Çıxıb getdi. Hər şeyi darmadağın etdi. İndi mənim evim, evdən başqa hər şeyə oxşayır. Mətbəxdə, iç-içə qoyulmuş
stəkanların çətinliklə bir-birlərindən qopmasından bəlli olur ki, bu evə çoxdandı qonaq gəlmir. Belə də olmalıydı. Axı
qadınlar çıxıb gedəndə, arxada nə qədər adamı və əşyanı yetim qoyub gedirlər. Mətbəx şkafı, pərdələr, dəmir qabın
içindəki köhnə düymələr, küncdə duran süpürgə, şifonerin dibindəki əski-üskülər, komodun üstündəki daraq da tənha
qalıb. Sübhün qaranlığında mətbəxdən gələn taqqırtılar da susub, boşqablar yetim qalıb. Bir qadın gedəndə, saxsıdakı
çiçəklərin suyu da unudulur, evi toz basır, hörümçəklər gündə bir tor qurur. Balkon artıq səssiz-səmirsiz, dəhliz
kimsəsizdir. Bir qadın gedəndə nə çox adam gedir əslində. Nə çox adamı itiririk. Bir fəhləni, xadiməni, dayəni, fahişəni,
mühasibi. Bir ana gedir. Bir dost. Bir sevgili.
Sevgili...
Bax bu dəqiqə telefonu götürüb sənə zəng vursam, səni bütün hüceyrələrimlə, selikli gişam və əzələlərimlə sevirəm deyə
hayqırsam inanarsan? Qayıdarsan? Mən axı doğrudan da sevirəm səni.
İnan ki, sən yanımda olmayanda, elə bil bütün dünya hönkür-hönkür ağlayır. Ona görə ki, bütün dünya əlvan rənglərə
boyanmaq, mahnı oxumaq və rəqs etmək üçün sənə möhtacdır.
74
Bax, indi otağı arşınlayıram özümə bir məşğuliyyət tapmaq, azacıq fikrimi dağıtmaq üçün. Gəzirəm, amma yer tapa
bilmirəm özümə. Hər şey sürüşüb gedir əlimdən və fikirlərimi yalnız sən işğal edirsən. Fikirlər o qədər qorxunc,
dəhşətlidir ki, dünyanın ən uzaq nöqtəsinə qaçıb çarəsizliyimdən zarımaq istəyirəm. Bilməyini istəyirəm ki, mən sənin
səsindən, sənin səsinəcən yaşayıram. Sən qayıtsan, söz verirəm ki, sənin öpüşündən, sənin öpüşünəcən yaşayacam.
Sənə nə qədər möhtac olduğumu soruş, mən də deyim ki, “jaləsində yuyunmaq və gecənin ayazında qızışmaq üçün yaz
sübhündə şəfəqi gözləyən çəmənlər tək möhtacam sənə”. Sən də bu lirik etirafa doyunca gül.
Düzdür, indi qadınsız deyiləm - Rəna var yanımda. Amma Rənanın mənə heyran olmasında sənin də xidmətlərin var.
Axı sən mənə rənglərin və hisslərin yeni dünyasını açmışdın Sevil. Sən mənə sevməyi öyrətmişdin. Sən mənimlə
evlənmədən qabaq mənimlə yatağa girmişdin. Qorxmamışdın bundan, narahat olmamışdın. Sən sevirdin və sevginə
arxayın idin. Bilirdin ki, sənə xəyanət etməyəcəm, səni atmayacam. Toyumuzda artıq üç həftəlik hamilə idin. Biz qeyri-adi
cütlükdük. Bizi qısqanırdılar, paxıllıq edirdilər. Çünki biz ənənəvi ailə deyildik. Sırf uşaq doğmaq xətrinə evlənməmişdik.
Hətta bir-birimizə olan sevgimiz, Özgürə olan sevgimizdən də artıq olub həmişə.
Özü də, nə deyirsən de, mən fədakar ər olmuşam sənə qarşı. Hətta başqa qadınların yanından qayıtdığım gecələrdə,
məndən şübhələnməyəsən deyə, taqətim, gücüm olmadığı halda daha ehtiraslı, daha çılğın sevişmişəm səninlə. Bu da
mənim verdiyim qurban idi. Bu sözlər həyasızlıqdır? Sənə elə gəlir. Mənimlə yatmaq istəyən qadınları geri çevirə
bilməzdim. Sadəcə olaraq bilməlisən ki, mən heç vaxt sənə qəlbimlə, ruhumla xəyanət etməmişəm, aldatmamışam.
Yalnız bədənimlə. Bilirəm, küflənmiş bəhanədir, inandırıcılıqdan yoxsundur. Amma bu mənim bəhanəmdir. Bu
bəhanəmi, sənə ağır da olsa, qəbul eləməlisən.
Nə isə. Mən nə sənin nömrəni yığanam, nə də sənə bu sözləri deyən. Saat da iki olub. Yatmaq vaxtıdı.
***
Şimşək çaxdı. Səma, iri damcılarla ağlamağa başladı. Bağlı pəncərəmə hücum çəkərək, çərçivə aralarından evə sızmaq
istəyən külək, vahiməli uğultu ilə payız simfoniyasını ifa edirdi. Çılpaq ağacların olan-qalan yarpaqları da qopub, vəhşi
küləyin qanadlarında məchula sürüklənirdi.
Nazik, parlaq oraqlı ay, qapqara buludları yarıb, sönük nəzərlərini şəhərə çevirdi.
Bakı can verirdi.