Esxatoloji perspektivdə avtoritarizm anatomiyası



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə17/20
tarix25.01.2017
ölçüsü2,27 Mb.
#6400
1   ...   12   13   14   15   16   17   18   19   20

Psixo 
 
 
 

 
- Murad! Qalx, işə gecikirsən! 
Gözlərimi çətinliklə araladım. Ağzımda iyrənc tam varıydı, susuzluqdan da yanırdım. Başımın üstündə dayanıb məni 
çiynimdən silkələyən qadının siluetini gördüm. Saçları üzünə dağılmışdı, yenicə üstünə  səpdiyi  şirin  ətri burnumu 
qıdıqlayırdı. 
- Hə! Nə olub e?! 
- Dur da, işə gecikirsən axı! 
- Sən kimsən? – səmimi təəccüblə soruşdum.  
- Ölmədim bu günü də gördüm! Qalx ayağa, saat ona işləyir. 
Səsi ilə ətri mənə tanış gələn qadının üzünü aydın görmək üçün, miyoplar kimi gözlərimi qıydım. Bulanıq üzü nigaran 
görünürdü. Kiməsə oxşadırdım onu. Yox! Ola bilməz! Bunu heç düşünmək istəmirəm, çünki vahimələnə, dəli ola bilərəm. 
- Sən kimsən axı? Zarafatsız. Mən hardayam?! – kal səslə soruşdum. 
Dərindən “ah” çəkib, başını buladı: 
- Bu qədər içmək olar? Deyirəm də, bir azdan nəinki məni, heç özünü də tanımayacaqsan. Dur bir güzgüdə özünə bax, 
gör nəyə oxşayırsan! 
Artıq əsəbiləşirdim:  
- Eee! Hə, indi durub baxaram! Sən kim olduğunu deyəcəksən ya yox?!  
- Məzələnirsən mənimlə? Rənayam da! İndi də çıxıb işə gedirəm. Yatıb qalsan, sonra da Azərdən söz eşitsən mənlik 
deyil! Bildin?! 
Nəfəsim kəsildi, tez-tez sağa-sola baxmağa başladım, havalanmış adamlar kimi atılıb yerimdə oturdum. Otaq tanış 
gəlirdi mənə. Elə bu qadın da. Bu nə deməkdir? Necə  yəni Rəna? Yəqin yuxu görürəm. Hə, yuxu görürəm. Özü də 
yuxunu görə-görə yuxu gördüyümü başa düşürəm. Təcili oyanmalıyam! Amma necə? Necə oyanım?  
Ayağa sıçradım: 
- Rəna!? Hansı Rəna? Sən bəyəm sağsan? 
Qorxu və təlaşla üzümə baxıb: 
- Nə olub sənə?! Dəli olmusan?! – hayqırdı. 
Gözlərimi yumub udqundum. Ağzımdakı əzabverici dad, başımdakı küt ağrı ürəyimi bulandırırdı. Dərindən nəfəs alıb: 
- Bilmirəm – dedim. – Sən axı sağ deyilsən. Mən də yuxu görürəm, hə? İndi oyanacam. 
Gözlərimi açdım. Yenə qarşımda dayanmışdı.  
- Eeehh – dedi. – Yox, hələ ölməmişəm. Amma belə getsə çərlədib öldürəcəksən məni. Elə özünü də.  
Yox! Lap bu qədər də  olmaz.  Bu  nə doğruçu yuxudur belə? Yoxsa mənimlə zarafat edirlər? Bəlkə Sevil oyun qurub 
mənə? Ya da mayor Dadaşov? Oyanmasam dəqiq havalanacam. Çarpayının kənarına oturub əllərimlə başımı tutdum. 
İndi gözlərimi açıb görəcəm ki, öz evimdəyəm, Sevil də yanımdadır. Nə vaxt, necə zarımağa başladığımı özüm 
eşitməsəç də, Rəna olduğunu iddia edən qadın çıxardığım dəhşətli qırtlaq səsindən əməlli-başlı qorxdu.  
- Nə oldu? – titrəyən əlini çiynimə qoydu. – Həkim çağırım? 
Yox, özümü ələ almalıyam! Özümü ələ almasam, bu dəhşətli yuxunun axınına qapılsam ağlımı itirə bilərəm. Ehtiyatla 
başımı qaldırıb Rənanın qorxudan bərəlmiş, yaşla dolmuş həyəcanlı gözləri ilə qarşılaşdım. Nədənsə ona yazığım gəldi. 
Özüm də bilmədim nə üçün soruşdum: 
- Deyirsən dünən çox içmişəm? 
- Görmürsən?! Qurban olum düzünü de, özünü yaxşı hiss edirsən? - əlini alnıma qoydu, fikrə daldı. – Qızdırman yoxdur. 
Tərs-tərs üzünə baxıb, dodaqlarımı yaladım. Su üçün yanırdım. Oyanıb su içsəm, bəlkə də bu kabus yoxa çıxar, reallığa 
qayıdaram. 
- Oyanmaq istəyirəm – dedim gözlərinə baxaraq. – Sən də Rəna deyilsən. Rəna çoxdan ölüb.  
Əlləri ilə başını tutub üzümə baxa-baxa: 

 
137
- Məni qorxudursan axı! Necə yəni ölmüşəm?! Nə danışırsan?! – qışqırdı.  
Qışqırırsa deməli hiddətlənir, sözlərim ona təsir edir. Ölümünü qəbul edə, bununla barışa bilmir. Nəsə deməliyəm, 
danışmalıyam onunla. 
- Y.. yox. Sözdür də deyirəm, fikir vermə – üzünə baxdım. Bu sözlərdən sonra deyəsən bir az sakitləşdi. - Dünən kiminlə 
içdiyim yadıma gəlmir. 
- Kiminlə içə bilərsən? Əlbəttə Toğrulla. Yenə Zümrüddən ayrılıb. Bundan sonra işimiz var də, Zümrüdlə barışana qədər, 
gündə içirdəcək səni. Sonra yenə yadından çıxacaqsan. Sən ona Zümrüddən ayrılanda lazım olursan.  
Hal-hazırda, bu irreal yataq otağında tamaşa oynanılır. Yuxu deyilsə, deməli tamaşadır. Baş rolları isə Rənanın fantomu 
və mən ifa edirik. 
- Hə, doğrudan? – özüm də hiss edirəm ki, ağlını itirmiş adamlar kimi danışıram. Onun isə sifəti yenə  əyildi, üzümə 
şübhə ilə baxdı. Çıxıb getməyə tələsmirdi. 
- Bəlkə evdən bir yerdə çıxaq? 
- Yox, sən get, mən özüm çıxaram.  
- Nigaran qalacam səndən. 
- Qalma. Hər şey yaxşıdır.  
- Birinci dəfədi görürəm ki, içki adamı bu hala salır – üzüntülü gözlərini üzümdə gəzişdirib dedi. 
- Olanda olur – dedim və toxtamış kimi baxdım ona. – Sən get, narahat olma.  
Hə, gərək bu getsin ki, mən də nə baş verdiyini anlayım. Kiməsə zəng vurum, danışım. Məsələn Sevilə. 
- Onda sən də dur geyin, işə gecikirsən. Dünən demişdin ki, səhər onun yarısında xəstən olacaq. Nə isə, mən çıxıram. 
Əl-üzünü yu, çatdıra bilsən mətbəxdə yemək də var, yeyərsən. Mən qaçdım. 
Məni yanağımdan öpüb, son dəfə şübhə ilə üzümə baxdı və getdi.  
İndiyə  qədər heç bir yuxu belə uzun çəkməmişdi. Bunun yuxu olmadığını isə düşünmək belə istəmirəm. Yuxu deyilsə 
nədir bəs? Bunun bir adı olmalıdır ya yox?  
Qonaq otağına keçdim. Bəli, bura Rənanın evidir. Bu evi yaxşı tanıyıram – servantı, kitab rəflərini, televizor altlığını, 
divardakı saatı. Rəna ölməyibmi? O ölməyibsə, deməli Toğrul da ölməyib. Deyir dünən Toğrulla içmişəm. Necə içmişəm, 
harda içmişəm? Yataq otağından telefonumu götürüb Sevilə zəng vurdum. Üç siqnaldan sonra telefonu söndürdü.  
- Sevil söndürmə! Qurban olum söndürmə! – qışqırdım. 
Nömrəsini ikinci dəfə yığmağa hazırlaşanda mesaj gəldi. Qorxa-qorxa açıb oxudum. Sevil yazırdı ki, indi görüşdədir, bir 
saata boşalar. Məktəbdəki iclas da yadımdan çıxmasın, Rasimin işləri çıxıb, gedə bilməyəcək. 
- Rasim?! Bu nə deməkdir? 
Cavab yazdım: “Nə Rasim, nə  məktəb? Sevil, nə baş verir? Nə oldu yenə? Mən Rənanın evində oyanmışam. Təcili 
görüşməliyik”. 
Mətbəxə girib vərdiş etdiyim mənzərə ilə üzləşdim – masanın üstündə yağ-pendir qabı, qaynadılmış sosiska, yumurta, 
bankada bal. Elə mətbəxdəcə üzümü yuyub, krantdan axan sudan doyunca içdim. Yeməyə toxunmadan qaçıb əynimi 
geyindim. 
Tez klinikaya getməliyəm. Görüm məni gözləyən xəstə kimdir? Özümü ələ almalıyam, panikaya qapılmamalıyam. Hər 
şey yaxşı olacaq. Sonra Sevillə əlaqə saxlayaram, o mənə hər şeyi başa salar. 
 
*** 
  
Pilləkənləri tələm-tələsik düşüb küçəyə çıxdım. Bu binanı da, Rənanın yaşadığı məhəlləni də tanımışdım. Gördüklərimin 
yuxu yox reallıq olduğuna  şübhəm qalmamışdı daha. Səkinin qırağında beş-altı taksi dayanmışdı. Yeyin addımlarla 
onlardan birinə yaxınlaşıb oturdum, nəfəsim kəsilə-kəsilə Asiadentin yerləşdiyi ünvanı dedim:  
- Muğamat küçəsinə. 
Muğamat 17 – bu ünvan yaxşı yadımdadır. Nə üçün başqa yerə yox, məhz klinikaya? Sevil zənglərimə, mesajıma cavab 
vermir, qalır Toğrulla görüşmək. Birdən yadıma düşdü ki, Toğrula da zəng vura bilərəm. Telefonu cibimdən çıxarıb 
nömrəsini yığdım. Birinci siqnal, ikinci siqnal, üçüncü, dördüncü... onuncu. Götürmür. Tfu! 
Bir yandan əlimdəki telefonu qurdalayır, nömrələr siyahısında zəng vurmağa adam axtarıram, bir yandan da pəncərədən 
yollara baxıram. Küçələrdə, prospektlərdə hər addımda İslam Milli, Qənirə Millinin portretləri var. Budur, hər gün yolumun 
üstündə görüb əsəbiləşdiyim  şüarlar da yerindədir: “Biz milli-mənəvi dəyərlərimizə bağlı millətik!”, “Xalqımızın adət-
ənənələri  əbədidir!”, “Ağsaqqallarımıza, ağbirçəklərimizə hörmətlə yanaşaq!”, “Dinimiz ən son və  ən gözəl dindir!”, 
“Göydə Allah, yerdə dövlət başçısı!”. Bütün şüarların altında da “Qənirə Milli” imzası.  
“Deməli dəyişməyib?” düşündüm. 

 
138
- Dayı, indi neçənci ildir? 
Şofer güzgüdən mənə elə baxdı ki, elə bil arxada adam yox əjdaha oturub, ağzından da od püskürür. Çəkinərək dedi: 
- İki min onuncu. 
- Bəs ölkədə inqilab olmayıb? 
- Nə inqilabı ay oğul? Nə danışırsan? 
- İndi prezident kimdir? 
- Oğlum sənə nə olub, xəstəsən? 
- Dayı xahiş edirəm! İndi prezident kimdir? 
- Necə yəni kimdir? Millətimizin anası Qənirə Milli. Bilmirsən? 
Klinikaya çatmışdıq.  
- Burda saxlayın. 
Əlimi cibimə atdım, portmaneni çıxartdım. İçindi xeyli pulun olmasına məəttəl qaldım.  
- Borcum nədir? 
- Nə bilim oğlum, nə verirsən ver də. 
Qışqırdım: 
- Dayı borcum nədir? 
- Beş manat – kişi qorxa-qorxa dedi. 
Beş manatlıq əskinazı qabaq oturacağa atıb maşından düşdüm, qaça-qaça klinikaya girdim. Qeydiyyatda oturan qızı da 
tanıyıram – adı Məlahətdir. Məlahət məni görən kimi gözlərini döyərək nazlana-nazlana: 
- Doktor, xəstəniz bayaqdan gözləyir e – dedi. 
İti addımlarla koridoru keçib öz otağımın qapısına gəldim. Qapının ağzındakı stulda əlli-əlli beş yaşlı qadın oturmuşdu. 
Məni görən kimi, ağzımı açmağa macal vermədən narazı halda dilləndi: 
- Salam doktor. İyirmi dəqiqədi sizi gözləyirəm. Belə olmaz axı. 
Qadının sözlərini qulaq ardına vurdum. Kabinetimin yanından ötüb, Toğrulun qapısının qabağında dayandım. 
- Xanım bu gün vaxtım yoxdur, sabah gələrsiniz. 
Qadının gözləri nəlbəki boyda açıldı: 
- Doktor, məni ələ salmısınız? Dünən özünüz demədiniz ki, səhər onun yarısında gəlim? Aaa. – Qadın səsini başına atıb 
qışqırırdı. – Belə də biabırçılıq olar? 
- Həyasızlıq etməyin xanım! Rədd olun! 
Yaşlı bir insanı, özü də qadını belə rahat təhqir edə bilməyimə özüm də təəccübləndim. Əli ilə ağzını tutub, matı-qutu 
qurumuş halda üzümə baxdı. Sonra ləçərliyə başladı - sifətini  şapalaqladı, çığırıb-bağırdı. Mən isə isteriyasına məhəl 
qoymadan Toğrulun qapısını gurultuyla açıb otağa girdim. Toğrul, üzündə respirator, cavan bir oğlanın dişini yonturdu. 
Təlaşla otağa girdiyimi görüb diksindi. Bormaşını söndürüb, maskanı sinəsinə endirdi və koridordan gələn qışqırığı 
nəzərdə tutaraq: 
- Nə olub?! – elə bunu deyə bildi. 
- Bunu sən mənə başa salmalısan. 
Çaşqın halda əllərini aralayıb, mənə tərəf yeridi. 
- Mən başa salmalıyam? Nəyi? 
Qapı açıldı, Azərin qəzəbli səsi eşidildi: 
- Toğrul! Bu nə deməkdir? Nə baş verir? 
Dönüb baxdım. Azər qapıda dayanmışdı, sifəti qıpqırmızıydı. Həyasız arvad da onun çiyninin üstündən içəri boylanır, 
qışqırmağa davam edirdi. Əlimi “rədd olun” mənasında əsdirib, qapını üzlərinə çırpdım. Toğrulun gənc pasienti kresloda 
həyəcanla qurdalanır, qorxu dolu gözlərlə  mənə baxırdı. Hiss olunurdu ki, dişinin müalicəsini yarımçıq qoyub burdan 
qaçıb getmək istəyir. Kreslodan qalxmağa cəhd edəndə, Toğrul əli ilə onu saxladı: 
- Narahat olmayın, problem yoxdur. 
Lakin Toğrul qəbul etmək istəməsə də, problem varıydı. Özü də çox böyük problem.  
Təşvişlə soruşdu: 
- Nə olub sənə?  

 
139
- İnqilab olmayıb! Eşidirsən!? Sən də ölməmisən!  
Sonrasını xatırlamıram.  
 

 
Birinci dəfədir parkda yuxuya gedirəm.  
Birinci dəfədir parkda yuxuya gedib belə axmaq yuxu görürəm.  
Səs-küylü,  şən körpələrin oynadıqları top diyirlənib ayağıma dəyəndə oyandım. Yaşıl topu uşaqlara tərəf itələyib, 
gördüyüm dəhşətli kabusun sərsəmliyindən ayılmaq üçün gözlərimi ovuşdurub, boynumu şaqqıldatdım. Görəsən nə 
qədər yatmışam? Deyilənə görə adama uzun görünən yuxu, iki-üç saniyə  də  çəkə bilər. Yuxuda məkan çərçivəsi 
olmadığı kimi, zaman məfhumu da yoxdur. 
Sevilin nömrəsini yığdım. 
- Salam. 
- Salam əzizim, necəsən? – soruşdu. 
- Sağ ol, sən necəsən?  
-Yaxşıyam, mamagildəyəm. Bir-iki saata gəlirəm evə. Neynirsən? 
- Heç, parkda oturmuşam.  
- Nə əcəb? 
- Evdə ürəyim darıxdı. 
- Mayor zəng eləməmişdi? 
- Yox.  
Sevil bir anlıq susdu, sonra nigaran səslə soruşdu: 
- Nə olub sənə? Səsin xoşuma gəlmir. 
- Parkda yatıb qalmışam. Gic bir yuxu gördüm. 
- Nə yuxusu? 
- Gördüm ki, Rənanın evindəyəm. Rəna məni yuxudan oyadır ki, qalx işə getməlisən. Məlum olur ki, hamı sağdır, inqilab 
da olmayıb, qəzaya da düşməmişəm. Sonra da gedib Toğrulu gördüm klinikada. İnanırsan, elə bil gördüyüm yuxu 
deyildi, hər şey rəal həyatda baş verirdi. Hələ də özümə gələ bilmirəm. 
- Olan şeydir. İstəyirsən bu saat çıxım gəlim?  
- Yox əşi, işində ol. Onsuzda Asiadentə gedəcəm.  
Sevil təəccüblə: 
- Niyə? Nə işin var orda? – soruşdu. 
- Əvvəl-axır getməliyəm də. Gedim görüm nə var nə yox. Əvvəlki həkimlərdən kim qalıb.  
- Hə də, düz deyirsən, getsən yaxşı olar. Çıxandan sonra mənə zəng elə.  
 
*** 
 
Eynilə yuxuda etdiyim kimi taksiyə minib həmin ünvanı dedim:  
- Muğamat küçəsinə. 
Gülümsəyərək düşündüm ki, inqilabdan sonra bir çox küçənin adı  dəyişdiyi halda, nə üçün Muğamat küçəsi  əvvəlki 
adında qalır? Bəlkə də bu küçənin adı heç vaxt dəyişməyəcək. Qorxunc kabusda keçdiyim küçələrdən, prospektlərdən 
ötürük yenə  də. Amma bu dəfə  Qənirə Millinin “aforizmlərinə” rast gəlmirəm – hər yanda Avropa Birliyinin bayraqları; 
“Demokratiya”, “Liberalizm”, “Azadlıq” şüarları var. 
Klinikaya çatanda taksini saxlatdırıb qiymətlə maraqlandım. Sürücü tənbəl əda ilə: 
- Üç manat – dedi. 
Pulu ödəyib maşından düşdüm. Əhvalım düzəlmişdi. Həyatın davam etdiyini, hər şeyin yaxşı olduğunu, hətta daha da 
yaxşı olacağını düşündüm. Şeyla məsələsi də həll olunacaq, əllərində heç bir sübut yoxdur. Onun müxalifətə işləməsi, 
nazirin oğlundan uşaq doğması faktı da bu həqiqəti dəyişdirə bilməz - məni tutmaq, məni həbsə atmaq mümkün deyil. 

 
140
Razıyam – həyatda böyük səhvlərim olub. Ən böyüyü isə, tez-tez səhvlərə yol verməyimdir. Bu dəfə  də belə oldu. 
Onunla yaxınlıq qurmamalıydım, istəsəydim vəziyyət bu yerə gəlib çıxmazdı. Bilmirəm, bəlkə də çıxardı. Bildiyim odur ki
məni bu düşünülməmiş, pis əməli törətməyə vadar edən içimdəki dözülməz ağrı olmuşdu. Ruhum bir neçə parçaya 
bölünmüşdü, hissələr bir-birinə nəzarət etmirdilər. Ola bilsin işlədiyim cinayətə bəraət qazandırmaqla özümə ən böyük 
pisliyi edirəm – amma bundan sonra ömrümün ən məhsuldar,  ən gözəl illərini həbsxanalarda çürütmək fikrindən 
uzağam. 
Klinikanın qapısından içəri addım atanda, diqqətimi cəlb edən buranın interyerində baş vermiş  dəyişikliklər oldu. 
Akvariuma bənzər qeydiyyat otağında oturan qızı tanımırdım. Mənim divarlara, tavana diqqətlə tamaşa etdiyimi görüb, 
mülayim səslə: 
- Buyurun, eşidirəm sizi – dedi. 
- Salam – dedim. – Adım Muraddır. Əvvəllər bu klinikada stomatoloq işləmişəm. Azər bəy yerindədir? 
Qızın ağzı qulaqlarına çatdı, mirvari kimi səliqə ilə düzülmüş, dümağ dişlərini nümayiş etdirdi. Əlbəttə - stomatoloji 
klinikada aparılan müalicənin səviyyəsini, qeydiyyatda oturan xanımın dişlərindən görmək, bununla da həkimlərin 
peşəkarlığından əmin olmaq lazımdır. Deyəsən Azər adam kimi işləməyi öyrənib. 
- Çox məmnun oldum. Amma Azər daha burda işləmir. İndi klinikanın direktoru başqa adamdır. 
- Eləmi? Bunu bilmirdim. Təzə direktorun kimdir?  
- Şahin Səməd. 
- Onunla görüşmək olar? 
- Əlbəttə. Bir dəqiqə, soruşum görüm vaxtı varmı? 
Qız dəstəyi götürüb direktorun nömrəsini yığdı və bir neçə saniyə sonra gözəl tələffüzlə dedi: 
- Şahin bəy, əvvəl bizim klinikada işləmiş həkim gəlib. Adı Muraddır, sizinlə görüşmək istəyir. Aha... Yaxşı, bu saat. 
Dəstəyi yerinə qoyub: 
- Buyurun, keçin. Koridorla gedib sola... 
Qızın sözünü kəsdim: 
- Hə, bilirəm. Tanıyıram – gülərək dedim. 
Qız da kimə yol göstərdiyini başa düşüb güldü: 
- Oy, çox üzr istəyirəm.  
- Hər şey qaydasındadır – başımla ona təşəkkür edib dəhliz boyu addımlamağa başladım. 
Divarların mavi rəngi açıq yaşıl rənglə  əvəzlənsə  də, dəhliz eyni dəhlizdir. Hətta divarlardakı ucuz və zövqsüz peyzaj 
tabloları da dəyişməyib. Qapıların üstündəki lövhələrdə yazılan adları tanımıram - deyəsən əvvəlki kollektivdən burada 
heç kim qalmayıb. Dəhlizin sol tərəfində, direktor kabinetini görəndə Azər yadıma düşdü – ehtiyatlı, yaltaq, qorxaq, eyni 
zamanda da öz yaltaqlığından, qorxaqlığından xəcalət çəkən Azər. İndi isə lövhədə “Şahin Səməd – Müdir” yazılıb. 
Aralı qapını bir az da aralayıb içəri boylandım. Şahin məni görüb ayağa qalxdı: 
- Buyurun Murad bəy. Xoş gəlmisiniz. 
Qırx – qırx iki yaşlı, saçlarına təzəcə  dən düşmüş, qara çərçivəli eynəyinin sifətinə olduğundan artıq ağıllı ifadə 
qatdığının fərqində olan gülərüz direktorun mənə uzanan əlini sıxdım. 
- Salam. 
Mənə kreslonu göstərdi: 
- Salam, salam. Buyurun əyləşin. 
Təklif etdiyi yerə oturub, kabinet sahibinə təşəkkür etdim və soruşdum: 
- Narahat etmədim ki? Bəlkə işiniz varıydı? 
- Yox doktor, nə danışırsınız. Sizi görməyimə şadam. Haqqınızda çox şey eşitmişəm – deyib yerinə oturdu. 
- Ümid edirəm yaxşı şeylər eşitmisiniz – gülə-gülə dedim. 
Şahin də güldü. 
- Əlbəttə Murad bəy – yalnız müsbət şeylər. Ayrı cür ola da bilməz. Necəsiniz, neynirsiniz? Tam sağalmısınızmı? 
- Deməli xəstəliyimdən də xəbəriniz var.  
- Var. Hamımız sizdən ötrü narahat idik. Azər bəy klinikadan getməmişdən əvvəl haqqınızda danışmışdı mənə. 
- Doğrudan? – elə belə, nəsə demək xətrinə soruşdum. – Azər indi hardadır, neynəyir? 
- İki ay əvvəl Asiadenti bizə təhvil verib getdi.  

 
141
“Biz” deyəndə kimi nəzərdə tutduğunu soruşmaq istəsəm də özümü saxladım. 
- Gedəndə demişdi ki, Gəncədə kabinet açacaq. Ondan sonra görüşməmişik, elə-belə bir-iki dəfə  zəngləşmişik. Mən 
bilən işləri qaydasındadır.  
- Bəs necə oldu ki, buradan çıxıb getdi? Klinikada payı varıydı axı. 
- Düzdür, varıydı. Otuz faizlik payı varıydı, onu da ona ödədik. 
- Aydındı – düşüncəli halda dedim. – İndi işləriniz necə gedir? 
- Yaxşıdır, pis deyil – maraqla məni süzə-süzə dedi. – Eee, mən bilən qəzada dostunuzu itirmisiniz. Allah rəhmət eləsin. 
- Sağ olun – səmimi kədərlə dedim. 
- Onun da gözəl həkim olduğunu eşitmişəm. Nə vaxtdır sizinlə tanış olmaq istəyirdim, amma bilmirdim sağalmısınız ya 
yox. Eşitmişdim ki, uzun müddət komada qalmısınız. Sonra da amneziya dövrünüz olub. 
- Elədir, qısa müddətlik travmatik amneziya keçirmişəm – başımı yırğaladım. 
- Keçmiş olsun – dodaqlarını büzüb dedi. – İndi özünüzü necə hiss edirsiniz? 
- Yaxşıyam, sağ olun. 
- Eee... Vallah bilmirəm necə deyim – çəkinərək üzümə baxdı, sonra gözlərini qaçırtdı. 
- Buyurun, necə varsa elə də deyin – ona toxtaqlıq verdim. 
Bir az cəsarətləndi: 
- Burda söz-söhbət gəzirdi ki, Səyavuş Orucun qızının da sizin qəzaya düşməyinizlə hansısa əlaqəsi var. 
Gözlərimi bərəldib, eşitdiklərimdən çox təəccüblənmiş və məyus olmuş kimi: 
- Camaatın doğrudan da işi-gücü yoxdur – dedim. – Açığı, mən də bu barədə  nəsə  eşitmişdim. Boş söhbətlərdir  əşi, 
inanmayın. 
- Haqlısınız – qımışdı. – Bizim millət belədir də - yeməsin, içməsin qeybət qırsın – dedi və birdən ciddiləşib, - Deyirsiniz 
yaddaşınız tamam düzəlib, hə? – ehtiyatla soruşdu. 
Çiyinlərimi dartıb güldüm: 
- Elədir. Ən azı yaddaşımla bağlı problem yaşamıram.  
- Bəs iş məsələsi necə? Hardasa işləyirsiniz? – özünü bir balaca qabağa verib soruşdu. 
- Yox – dedim və çaşqın halda üzünə baxdım. – Hələ təzə gəlmişəm özümə, qaça-qaç deyil ki.  
- Aydındı – geriyə çəkilib dedi. – Yəqin ki, haçansa işinizə qayıtmaq istəyərsiniz, hə? 
- Əlbəttə – dedim. – Amma hal-hazırda özümü hazır hiss eləmirəm. 
- Sözün düzü, klinikanın peşəkar stomatoloqlara ehtiyacı var. Siz də burada uzun müddət işləmisiniz. Deyirəm, əgər işə 
başlamaq istəsəniz, qapılarımız üzünüzə hər zaman açıqdır – mülayim tərzdə dedi.  
Şahinin mənə isti, səmimi münasibətindən, üzündən düşməyən təbəssümdən ona qanım qaynamışdı. Mənə  işə 
qayıtmağı təklif etməsi isə, ona qarşı rəğbətimi bir az da artırdı. Sevindim ki, məni nəyin gözlədiyini bilmədən, tərəddüdlə 
gəldiyim klinikada Şahin kimi mədəni, peşəkar bir insanla tanış oldum. Bayaqdan təsirində olduğum yuxu unudulub 
getmiş, pis ovqatımdan əsər-əlamət qalmamışdı. Buradan çıxan kimi Sevilə zəng vurub iş təklifi aldığımı ona deyəcəm.  
- Təşəkkür edirəm – utancaqlıqla dedim. – Heç gözləmirdim doğrusu. 
- Siz allah bəsdirin - əlini bulayıb dedi. – Mən öz klinikamı fikirləşirəm, sizi yox – güldü. – Sizin kimi peşəkar həkimin 
təzədən bura qayıtmasından ancaq klinikamız udacaq. Hə, söhbət elə şirin gedir ki, sizə nəsə təklif eləmək yadımdan 
çıxdı. Çay içərsiniz? 
 

 
Oğlum domino daşlarını qarışdırıb, onları növbəti dəfə paylamağa hazırlaşanda, Sevil iki fincan çayla otağa girib 
mülayim, lakin tələbkar tonla: 
- Özgür, gecdir, yatmaq vaxtıdır. Atan da yorulub. Sabah oynayarsınız – dedi.  
Özgür narazı sifət alıb imdad diləyən gözlərini üzümə dikdi. Əllərimi araladım ki, bəs “mənlik deyil”. İncidi. Daşları tez-
tələsik qaba yığıb, yanağımdan quruca öpdü, anasının isə üzünə baxmadan yataq otağına qaçdı. Əslinə qalsa mən də 
Sevillə söhbət eləmək üçün bayaqdan uşağın yatmasını gözləyirdim. Amma belə olsun, könlü sınsın istəməzdim. 
- Bir az oturaydı da! – pıçıltı ilə dedim. 
- Lazım deyil. Səhər oyana bilmir, gedib məktəbdə yatır. Sən bunun forsuna bir bax! Heç tualetə də getmədi. 

 
142
Yanıma oturub çay fincanımı mənə verdi. 
- Bayaq düz-əməlli söhbət eləyə bilmədik. Danış görüm nə olub sənə?  
- Heç nə əşi, nə olacaq. Evdə ürəyim darıxdı, dedim gedim parka, təmiz hava alım. Orda da yuxuya getmişəm. 
- Bilirsən mənə zəng vuranda səsin necə gəlirdi? – alnıma sığal çəkib gülümsədi. – Elə bil xortdan görmüşdün. 
- Xortdan ondan yaxşıdır. Deyirəm sənə yuxu deyildi, real həyatdaydım elə bil. Təsəvvür elə ki, Rəna məni oyadıb deyir 
işə getməlisən. Sonra onun evindən çıxıb poliklinikaya gedirəm, orda dava salıram. İndi də yadıma düşəndə tüklərim biz-
biz durur. 
Sevil mehribanca gülüb başını buladı: 
- Əşi, o qədər belə yuxu görmüşəm ki. Adam ayırd eləyə bilmir yuxudur, yoxsa gerçəklik. Hə, yaxşı yadıma düşdü, o gün 
hansısa saytda məqalə oxudum ki, bəzi adamlar iki, hətta daha çox paralel həyat yaşayırlar. Məsələn indi oturmusan öz 
evində, amma ikinci variantda başqa bir yerdəsən.  
- Şəxsiyyət ikiləşməsini deyirsən?  
- Yox, şəxsiyyət ikiləşməsi deyil. Başqa bir adı varıydı – düşüncəli sifət alıb dedi. - Nə isə, taparam oxuyarsan.  
- Deyirsən mənim paralel həyatlarım var?  
- Yox e, elə-belə yadıma düşdü. Səninki adi yuxudur, böyütmək lazım deyil. Şeydir, nəsə soruşacaqdım axı – Sevil alnını 
qırışdırıb düşündü. – Hə, Dadaşov zəng eləməmişdi bu gün? 
- Səhər soruşmuşdun axı. Dedim ki, yox.  
- Soruşmuşam? Nə bilim e? Elə bilirsən məndə yaddaş qalıb? Bəs nə əcəb səs-səmir yoxdur onlardan? 
- Bilmirəm. Yəqin bu günlərdə zəng eləyərlər. Gərək bir az da qurdalasınlar axı, torbamı yaxşı tiksinlər. Heç gündəliklərin 
də faydası olmadı, boş yerə verdim oxudular.  
- Sənə elə  gəlir ki, faydası olmayıb. Lap yaxşı olub. Bizim məqsədimiz oydu ki, Şeyla ilə arandakı münasibəti 
çəkinmədən onlara açasan, səmimi olasan. İnsanın özü üçün yazdığı, sən demişkən məhrəm yazılardan daha səmimi 
nə ola bilər?  
- Görək də. Təki sən deyən olsun. Onlarla axırıncı söhbətdən elə başa düşdüm ki, işimi məhkəməyə yollamayana qədər 
ürəkləri soyuyan deyil. Elə bil şəxsi qərəzlikləri var mənimlə.  
- Vahabovla görüşəndən sonra səni bir də idarəyə çağırıblar, zəng vurublar? Yox! Sən də bilirsən ki, əllərində sübut 
yoxdur.  
- Onların əlində yoxdur, düz deyirsən. Bəs mən? Mən ki, cinayəti özümün törətdiyimi bilirəm. 
- Yenə başladın? – Sevil qalxıb yataq otağına boylandı. Qapını örtüb yanıma qayıtdı. – Mən elə bilirdim bu söhbəti bir 
dəfəlik bağlamışıq. Bir də bu mövzuya qayıdan deyilik.  
- Nə təklif edirsən? Unudum o əhvalatı? Təmiz unudum? Necə? Mağul yaddaşımı itirmişdim, heç nə yadıma düşmürdü. 
İndi isə hər şeyi, hətta lazım olmayan şeyləri də xatırlayıram. Əlbəttə, bütün pis hadisələr yaddaşımdan silinsəydi, çox 
yaxşı olardı. Heyf ki, belə olmur – Sevil, üzümə dikilmiş  kədərli gözləri ilə, canıyananlıqla qulaq asırdı  mənə. - Qatillə 
yaşamaq çətin deyil ki? – qəfil soruşdum. - Əzab çəkmirsən? 
Üzü birdən-birə ciddiləşdi: 
- Sən qatil deyilsən! – kəskin tərzdə etiraz etdi. - Mən buna inanmıram! 
- Amma onu mən öldürmüşəm – acıyla gülümsədim. - Hər şey yadımdadır. Onu mən öldürmüşəm.  
- Sus, bu barədə heç nə eşitmək istəmirəm! Keçmişdə nə olubsa olub. Bu gün sən başqa, fərqli adamsan.  
- Özünü aldadırsan. Mən dəyişib zad eləməmişəm, elə  həmin adamam. Razıyam, yaddaşımı itirmişdim deyə,  əlimə 
yaxşı bəhanə düşmüşdü. “Heç nə yadımda deyil” deyib, məsuliyyəti çiyinlərimdən ata bilərdim. Amma yaddaşım yerinə 
qayıtdı, sağaldım. Ən xırda detalına qədər də hər şey yadımdadır. Hətta mənə lazım olmayan xırdalıqlar da! Sözümün 
canı - mən fərqli adam deyiləm, həmin Muradam.  
- Ola bilsin sən hiss eləmirsən, görmürsən. Mən isə dəqiq görürəm ki, sən çox dəyişmisən. Əvvəlki adam deyilsən. Bir ər 
kimi, ata kimi başqalaşmısan. Yaddaşın düzəlib, lap yaxşı, bunu mən də istəyirdim. Amma qəzadan sonra nə  qədər 
dəyişdiyini məndən soruş.  
Fincanın dibində qalmış ilıq çayı başıma çəkdim: 
- İstəsən də, istəməsən də mən qatiləm. Şeylanı öldürmüşəm. Yox! Sözümü kəsmə. Başa düşmürəm, niyə qulaq asmaq 
istəmirsən? Niyə? Nə üçün bilmək istəmirsən Gənclikdəki villada nələr oldu? Onun təhqirlərinə dözməyib, bıçağı 
boğazına necə sancdığımı niyə eşitmək istəmirsən? 
- Sus! Hə, istəmirəm, düz deyirsən, heç vaxt da istəməyəcəm – gözləri qəzəb saçırdı. - Bunlar mənə maraqlı deyil. Axır 
ki, ailəmiz bir yerdədir, rahat yaşayırıq, nə bilim, ölkədə də vəziyyət düzəlir. Sən isə hər şeyi dağıtmaq istəyirsən. Qatil 
olduğunu gündə əlli dəfə təkrarla - nəyə nail olacaqsan? İstintaqın əlində dəlil-sübut yoxdur, bu cinayəti sənin boynuna 
qoya bilməzlər. Sən isə hər şeyi unutmaq əvəzinə, bu söhbəti açıb evdə qan-qaraçılıq salırsan.  

 
143
- Sən elə bilirsən mənim bu söhbətlərdən xoşum gəlir? Kim həbsxanaya düşmək istəyər?  Əlbəttə heç kəs. Mən də 
istəmirəm. Amma unuda da bilmirəm! Deməzdim vicdan əzabı  çəkirəm, amma biləndə ki, Toğrul da mənim üzümdən 
ölüb, ürəyim parçalanır, dəli oluram. 
- Sənin heç bir günahın yoxdur! Eşidirsən?!  
Gözlərimi Sevildən qaçırdıb, başımı endirdim: 
- Elə canlı, elə real idi ki. 
- Kim? 
- Toğrul. Yanımdaydı, onu görürdüm, danışırdım. Ondan üzr istəmək, “məni bağışla” demək əvəzinə, üstünə qışqırdım, 
qorxutdum onu. 
Sevil bir az da mənə yaxınlaşıb təşvişlə: 
- Qurban olum elə danışma, qorxuram – dedi və əlini dizimə qoydu. - Yuxunu niyə bu qədər böyüdürsən?  
- Düz deyirsən, böyütmək olmaz. Amma yadımdan da çıxmır axı. Gözlərimi indi də yummağa qorxuram, birdən yenə 
keçmişimə qayıdaram, birdən yenə keçmişimdən kimisə görərəm.  
- Bəlkə yaddaş pozğunluğu hələ də qalır? 
- Yaddaş pozğunluğu olan adam keçmişinə aid doğruçu yuxular görür? Belə yaddaş pozulması olar? 
- Onda belə yuxular təkrar olunsa həkimə gedərik, hə? – Sevil tox səslə deyib əlimdən tutdu. – Niyə elə baxırsan? Bir 
söz de. 
- Deyirsən təkrar oluna bilər? 
- Əşi lap yüz dəfə təkrarlansın. Bir yuxu səni niyə bu qədər sındırır axı? Qəribə adamsan e. Düzəlmisən, hələ bundan da 
yaxşı olacaqsan. Normal həyata qayıdacaqsan. Özün zəng eləyib demədin ki, Asiadentin təzə müdiri sənə iş təklif edib? 
Görürsən, hər şeyin vaxtı var.  
Boynundan tutub üzünü üzümə yaxınlaşdırdım, dodaqlarını öpdüm. 
- Sən nə gözəl insansan Sevil. Nə böyük ürəyin var.  
Şıltaq təbəssümlə mənə göz vurub, boşalan fincanı əlimdən aldı: 
- Az danış – yanağımdan öpüb ayağa qalxdı, - Yenə içirsən? Süzüm? 
- Hə, zəhmət olmasa. 
Əyninə bir qədər böyük olan çəhrayı gecəliyində, saçlarını arxadan toplamış Sevil nəhəng, amma şirin dovşana oxşayır. 
Ona tamaşa etməkdən doymuram. Bəli, mən çox xoşbəxtəm. Son dərəcə xoşbəxt olduğuma inanıram. Biz bir ailəyik. 
Ailə üzvləri pərən-pərən düşməməli, ayrılamamalı, parçalanmamalıdır. Biz bir-birimizə aidik. Özü də  gərək ikinci uşaq 
barədə fikirləşək. Özgürə bacı lazımdır. Əlbəttə, qardaş da ola bilər, amma bacı olsa lap yaxşı.  
Gərnəşib başımı divanın belinə söykədim, gözlərimi yumdum. 
  
Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin