Esxatoloji perspektivdə avtoritarizm anatomiyası



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə15/20
tarix25.01.2017
ölçüsü2,27 Mb.
#6400
1   ...   12   13   14   15   16   17   18   19   20

Məzarlar 
 
 
 
 
Ölümə münasibətimi soruşsaydılar – ona nifrət edirəm deyərdim. Hə, nifrət edirəm. Ölümlə ilk tanışlığım uşaqlıq illərimə 
təsadüf edir. Maraqlıdır ki, amneziya kimi ağır bir xəstəlik belə, bu sarsıntını, sinif yoldaşımın maşının altında qalaraq 
can verməsini mənə unutdura bilməyib. Həyatın hər an yarıda kəsilə biləcəyini, ölümün yaş həddinin olmadığını ilk dəfə 
o gün anlamışdım. Xəstələrin və qocaların gözlənilən ölümü olduğu kimi, heç kəsin gözləmədiyi, qəfil gələn ölümlər də 
varmış. Qəfil ölümlər adama od qoyur, dağ çəkir, sındırır. Uşaqlıq və yeniyetməlik illərimdə ölümdən qorxsam da, indi 
ona nifrət edirəm. Heç vaxt sifətini görmədiyim, lakin kölgəsini hər zaman yanımda hiss etdiyim ölümdən daha böyük 
düşmənim yoxdur. Düz altı ay başımın üstündə dayandı,  əl çəkmədi məndən. Sonda isə - müvəqqəti də olsa - qalib 
gəldim ona. Ölümə həm də ona görə nifrət edirəm ki, onun nə yumor hissi var, nə də təəssüflənməyi bacarmır. Adı çox, 
mahiyyəti isə birdir. Doğrudan e, niyə qorxur insanlar ölümdən? Ölüm boşluqdursa, onun olduğu yerdə heç nə yoxdursa, 
ondan qorxmaq nəyə lazım? Hər kəsdən özünə qarşı ehtiram, qorxu tələb edən ölüm hakim ola bilər, amma heç vaxt 
qanunun özü olmayacaq. Mən belə bir qanun tanımıram, ona görə də qorxmuram. Hərgah, biz özümüzə görə qorxmuruq 
ki, əzizlərimizdən ötrü qorxuruq. O da bilir bunu - bizi özümüzlə yox, sevdiklərimizlə  sınağa çəkir. Mənim də ən yaxın 
dostumu alıb  əlimdən.  Ən yaxın dostumu. Nifrət edirəm ona! Ölümlə mübarizə aparan deyiləm. Bilirəm ki, mənası 
yoxdur, ona qalib gələ bilməyəcəm, geci-tezi var, məni də aparacaq. Olsun, o günə də hazıram. Amma ölümdən bircə 
xahişim var, artıq dayansın! Məndən sonra nə istəyirsə etsin, kimi istəyirsə alsın yanına, amma mən həyatda ikən 
əzizlərimlə  işin olmasın, toxunmasın onlara. Onsuzda kimim qalıb ki, həyatda? Demək olar ki, hamısı gedib. Biri elə 
burada, qarşımda uzanıb. Soyuq torpağın altında, daş plitələrin arasında, dünyanın ən darısqal, ən ədalətsiz məkanında 
uyuyur.  
Əziz dostum, mən səni bir o qədər də xatırlamıram, daha doğrusu heç xatırlamıram. Sadəcə intuisiyamla ürəyimdəki 
yerinin nə qədər böyük olduğunu, səni nə qədər sevdiyimi, dəyər verdiyimi hiss edirəm. Heç yaraşmır sənə bu soyuq, 
qara mərmər. Qara mərmərin üstünə bir hökm kimi həkk olunmuş adın, soyadın, atanın adı, doğum və ölüm tarixin heç 
yaraşmır sənə. Ölüm tarixin. O gün mən də səninləydim, səninlə ölməliydim, amma sən öldün, mən sağ qaldım. Bilirəm 
ki, eşitmirsən məni, çünki yoxsan artıq, çoxdan torpağa qarışmısan. Özün getmisən, barı xatirən qalsın. Amma o da 
yoxdur. Gündəliklərdə  nə varsa odur, ondan başqa heç nə bilmirəm, xatırlamıram. Həkimlər deyir müvəqqətidir, 
düzələcəyəm. Ola da bilər, olmaya da. Hələlik gündəliklər bes eləyir mənə. Sənə nə qədər bağlı olduğumu öz əllərimlə 
yazmışam. Sənin təkrarsız, özün xas yumor hissini, qəzəbini, sevgini yazmışam. Yaddaşım geri qayıtsa, sənin üçün 
daha çox darıxmağa başlayacağam, bilirəm ki, xiffətini hələ çox çəkəcəyəm, yoxluğunun acısını hələ çox duyacağam.  
Nə axmaq həyatım var. Ömrümün üstündən sanki vəba gəlib keçib. Hamı  tərk edib məni – atam, dostlarım, sevgilim, 
hətta yaddaşım. Yox, nankor ola bilmərəm – heç olmasa həyatın kövrək budaqlarından bərk-bərk yapışıb mənə ayrılan 
ömür payını yaşamaq üçün Sevil adlı, Özgür adlı səbəblərim qalıb. Amma yenə də sənin ölümünlə barışmaq, razılaşmaq 
çətindir. Səni bir daha görə bilməməkdən, səsini eşitməməkdən daha böyük dərd ola bilərmi? Sən mənə, səni 
xatırlamaqda, ikinci dəfə tanımaqda kömək edə bilməyəcəksən. Qadınları, sənin çox sevdiyin, mənim isə baş açmadığım 
maşınları, atanı, sevgilini, mənim ailə problemlərimi, ümumiyyətlə ölkəmizi müzakirə edə bilməyəcəyik. Çünki sənin üçün 
hər şey bitib artıq. Hər şey bitib. Biz niyə aşdıq o uçurumdan? Nə baş verdi axı? Necə oldu? 
Gözlərimi, yanaqlarımı əlimin tərsi ilə silib on metr aralıda dayanıb təlaşla mənə baxan Sevilə döndüm: 
- Deməli Şamaxıdan qayıdırdıq. 
- Hə, Şamaxıdan – quru tərzdə, titrək səslə dedi. 
- Orda nə işimiz vardı? 
- Bilmirəm. Sizin ikinizdən başqa bunu bilən yoxdur. Deyəsən gündüz gedib gecə, səhərə yaxın qayıtmısınız.  Şamaxı 
yolunun üstündə axşamtərəfi sürüşmə olub, siz də bilməmisiniz. Yol idarəsi də işarə qoymayıb, sürüşmə zonasını hasara 
almayıb. Bakıya qayıdanda maşınınız uçurumdan aşıb.  
- Aydındı.  
Əslində heç nə aydın deyildi. Şamaxıda nə işimiz vardı, ora nə üçün getmişdik, uçuruma necə yuvarlanmışıq? Heç nə 
yadıma düşmürdü.  
- Gündəliklərdəki son sözlərin də Toğrul haqqındadır.  
- Yadımdadı. Hətta oxuduqlarımın hamısı əzbərimdədir. Beynim elə bil tərtəmiz, ağ səhifədir - nə eşitsəm, nə oxusam, 
nə görsəm dərhal ora həkk olunur. Sən gedəndən sonra Toğrula zəng vurmuşam, bilirəm. Amma sonrası yadımda deyil. 
Hönkür-hönkür ağlamaq istəyirəm. Nəyin baş verdiyini bilənlərdən biri yerin dibində qurd-quşa yem olub, obiri isə ot kimi 
ömür sürür – başı boş, yaddaşsız, aciz. Tüpürəsən belə həyata.  
- Sən komada olanda Rəna da, Sənan da gəlib-gedirdilər xəstəxanaya. Qəzanı eşidən kimi Rəna nömrəmi tapıb mənə 
zəng vurmuşdu – Sevil boynunu bükdü. – İki qadın gecə-gündüz sevdikləri kişinin ölüm-qalım mübarizəsinin nə ilə 
qurtaracağını gözləyirdi. Sənin yaralanmağın, iki əzəli rəqibi dostlaşdırmışdı.  
- Nə danışırsan? – arxaya çönüb Sevillə göz-gözə gəldim. 

 
120
- Hə, dostlaşmışdıq Rəna ilə. Başqa cür ola da bilməzdi. Seçkilər yaxınlaşdıqca tez-tez görüşürdük. Gah mən Rənagilə 
gedirdim, gah o mənim yanıma gəlirdi. Hər gün də mütləq xəstəxanaya baş  çəkirdik. Sənan da bizimlə olurdu. 
Seçkilərdən sonra meydan hərəkatı başlayanda mən də mitinqlərə getmək istəyirdim. Amma onlar imkan vermədilər. 
Dedilər sən Murada lazımsan, yanında olmalısan.  
- Bəs Toğrulun sevgilisi necə oldu? 
- Zümrüd? 
- Hə. 
Sevil çiyinlərini dartdı. 
- Qəzadan sonra onu görməmişəm. Toğrulun valideynləri ilə birinci və axırıncı dəfə polis idarəsində görüşmüşdüm. Çox 
pis düşmüşdülər, Natavan güclə atasını ayaqda saxlayırdı. Onda Natavandan soruşdum ki, bəs Zümrüd hanı. Dedi 
bilmirəm hansı cəhənnəmdədir. Bircə dəfə Toğrulun üçünə gəldi, on dəqiqə oturub zırıldadı getdi. Ondan sonra bir də 
görməmişik onu – Sevil susdu, sonra soruşdu. - Sənə bir söz deyim?  
- De. 
- O gündən sonra Natavanı da görmədim. Mənə elə gəlir ki, valideynləri də, bacısı da Toğrulun ölümündə səni günahkar 
sayırlar. Hamı elə düşünürdü ki, öləcəksən, ayağa qalxan deyilsən. Məndən başqa heç kəs sənin yaşayacağına 
inanmırdı. 
- Məni niyə günahkar sayırlar? 
- Polisdə  eşitdiyimə görə, Toğrulu  Şamaxıya sən aparmısan, özü ora gedən deyildi. Bunu da valideynləri deyiblər 
müstəntiqə. 
Alçaq səslə dedim: 
- Niyə mən? Mənim Şamaxıda nə işim var? 
Sevil tərəddüd içində idi, hiss olunurdu ki, bilmir nə desin, necə desin. 
- Bilmirəm. Şamaxının kəndində sizin iş yoldaşınız Samirin evi vardı. Bir neçə dəfə ora yeyib-içməyə getmişdiniz. Daha 
deyə bilmərəm o gün də orda olmusunuz, ya yox. Toğrul həmin gün Samirdən evin açarlarını almışdı. Polis də 
Şamaxıdakı qonşularla danışıb. Onlardan biri deyib ki, o gün Samirin evinə gələnlər olmuşdu, amma dəqiq yadında deyil 
gələn kim olub, hansı maşınla gəlib. Səslər eşidib deyə yadında qalıb. Polis də ehtimal edir ki, o evə  gələn siz 
olmusunuz, qayıdanbaşı da qəzaya düşmüsünüz.  
- Əgər olmuşuqsa, neynirdik orda? İçki içmişik?  
- Yox, heç biriniz o gün içkili olmamısınız, bu dəqiqdir. Bəlkə qanın qara olub, Toğrul da bir günlük istəyib səni şəhərdən 
çıxartsın? Sonra görünür gecə, ya da səhərə yaxın qayıtmağa qərar vermisiniz. 
Məzar daşına baxa-baxa, bir daha olanları yada salmaq üçün cəhd edirəm, beynimi əziyyətə salıram. Yox, alınmır, 
iynənin ucu boyda belə  işıq görmürəm. Oğraş beyin! Belə anlarda özümə nifrət edirəm.  Ən yaxşısı bu barədə 
düşünməmək, hər şeyi təbii axarına buraxmaqdır.  
- Gedək. 
Sevil gözlərini yaylıqla silib ehtiyatla soruşdu: 
- Hara? 
- Sənanın, Rənanın yanına. 
- Elə indi? Bəlkə sabaha qalsın? 
- Yox! İndi. Onları da bu gün görməliyəm.  
Sevil çantasından nəm salfet çıxarıb mənə verdi, sonra da qoluma girdi. Qəbiristanlığın qapısına tərəf ağır-ağır yeridik.  
 
*** 
 
Fəxri xiyabanda yan-yana düzülmüş, eyni ölçülü 72 qara mərmər domino daşlarını xatırladır. Sənanla Rənanın məzarları 
arasında iki tanımadığım adamın qəbri var – Salamov Vüqar və Novruzov Əli. Burada uyuyanların hamısı meydana 
çıxarkən Milli rejiminin ordusu, silahı ilə qarşılaşacaqlarını; Qənirənin bütöv bir xalqı amansızcasına qətlə yetirməyə hazır 
bir qaniçən, cəllad olduğunu ehtimal edirdilər. Onların məntiqi də aydındır mənə - tunelin sonunda işıq görünmürsə əgər, 
əzab çəkərək yaşamağın nə mənası? Yox, əgər tunelin sonunda işıq görünürsə, onda o işığı yaxınlaşdırıb hər tərəfi nura 
qərq etmək üçün özünü qurban verməyə  dəyər. Yəni hər iki halda ölüm əsaslı olur. Hər iki halda başa düşüləndir. 
Dostlarımın ölümü kimi.  
- Bunlar seçkiqabağı mitinqlər keçirməyə icazə vermirdilər, seçkilərdən sonra icazə verəcəkdilər? Seçkilərin nəticələri 
açıqlananda, məlum olanda ki, Qənirə Milli 99,8 faizlə üçüncü müddətə prezident seçilib... 

 
121
- Nə?! 99,8 faiz?! – belə həyasızlığı hətta mən gözləmirdim. – Dünən oxudum ki, İslam 90-92 faizlə seçdirirdi özünü. 99,8 
faiz nədi? 
- Elə ona görə də bütün ölkə ayağa qalxdı. Əslində nəticələr nə olursa olsun qalxacaqdılar, amma 99,8 faiz, meydana 
çıxmaq niyyəti olmayanları da qəzəbləndirib küçələrə tökdü. Rayonlarda da mitinqlər başlamışdı. Hətta Hacıqabuldan 
olan millət vəkili Brilliant Xanlarova öz rayonundakı üsyançıların ayaqları altına kəlağayı atmışdı ki, “Bu mənim 
namusumdur, basıb keçə bilməzsiniz! Qayıdın evlərinizə! Qənirə Millinin qədrini bilin”. Cammat da neynəsə yaxşıdır? 
Kişilər başladılar kəlağayının üstünə  işəməyə. Brilliantı  də  it  kimi  çırpıb, mitilini yolun qırağına atdılar.  İki gün sonra 
xəstəxanada beyninə qan sızmadan öldü.  
Sidiyə bulaşan kəlağayı əhvalatını başqa vaxt eşitsəydim ürəkdən gülərdim. İndi isə... 
- Sən Bakıdan danış. Burda nə oldu, necə oldu? 
- Bakıda Niyazi Salayev bütün vətəndaşları Azadlıq meydanına çağırdı. Meydana gedənlər bilirdilər ki, polisin, daxili 
qoşunların sərt müqaviməti olacaq, mitinqi dağıdacaqlar. Yeri gəlsə güllə də atacaqlar. Elə də oldu – Sevil köks ötürüb 
dedi. – İqtidar meydana yüz əlli mindən artıq adamın yığışacağını gözləmirdi.  
- Yüz əlli min?! 
- Bəlkə də çox. İnsanlar dörd-beş istiqamətdən meydana axışıb şüarlar səsləndirməyə başlayanda, silah səsləri eşidildi... 
Sevil, sanki hadisələrin bilavasitə iştirakçısı olubmuş kimi, hər şeyi təfsilatı ilə danışdı. 
İlk ölən beş  nəfərin arasında Sənan da vardı. Öldürülənlərin olduğunu görən izdiham, qorxub qaçmaq yerinə polisin 
üstünə hücum elədi. Gözlənilmədən minlərlə polis silahlarını atıb qaçmağa başladı. Mitinqçilər silahları götürüb Azadlıq 
meydanından Neftçilər prospekti ilə yürüşə başladılar. Elə nə oldusa, izdiham Azneft meydanına doğru gedəndə oldu. 
Qənirənin qvardiyasının qara maskalı  əsgərləri Qız Qalasının yanındakı binaların damlarından xalqın üstünə atəş 
açdılar. Çox deyildilər, təxminən on beş-iyirmi nəfər olardılar, amma mövqeləri əlverişli idi deyə, altmışdan çox adamı bir 
neçə dəqiqə ərzində öldürə bildilər. Rəna da ölənlərin arasında idi. Yüzlərlə adam binalara hücum çəkdi. Aşağıdakılar da 
bir yandan damlara aramsız cavab atəşi açırdı. Təxminən beş  dəqiqə sonra damdakıların silahları susdu – aşağıdan 
atılan güllələrdən ölənlər o qədər çox deyildi, amma dama çıxan mitinqçilər qvardiyaçıların hamısını güllələmişdilər. 
Hətta bir neçəsinin meyitini damdan aşağı da atdılar. İzdiham Azneft meydanına çatanda milli ordunun minlərlə əsgəri ilə 
qarşılaşdı. Möcüzə  də elə o vaxt baş verdi - əsgərlər silahlarını yerə qoyub izdihama qoşuldular. Bu hadisə bir anda 
yetmiş iki nəfərin ölümünü unutdurdu insanlara, xalqı daha da ruhlandırdı. Mitinqçilər də,  əsgərlər də “Azadlıq!  İstefa! 
Rədd olsun İslam! Rədd olsun Milli!” qışqıra-qışqıra prezident aparatına hücuma keçdilər. Ora çata-çatda məlum oldu ki 
Daxili İşlər və Müdafiə Nazirliklərinin otuza yaxın generalı müxalifətin sıralarına keçib. Rayonlarda da kazarmaların çoxu 
üsyan edib, müxalifətə qoşulduqlarını elan eləmişdilər. Sonrakı günlərdə həbslər başladı, hətta bir neçə ölüm hadisəsi də 
oldu. Qarışıqlıq idi deyə iki naziri öldürdülər, müxtəlif rayonlarda da səkkiz icra başçısı öldürüldü. Hökumət 
nümayəndələrindən, oliqarxlardan qaçan qaçdı, qaça bilməyən də həbs olundu. İki həftəyə yaxın ölkəyə general Mədət 
Qasımov başçılıq elədi. Prezident kreslosuna oturan kimi parlament və prezident seçkilərinin eyni gündə keçirilməsinə 
qərar verdi. Təxminən iki həftə sonra keçirilən seçkilərdə Niyazi Salayev 83 faiz səs yığıb qalib gəldi. İndi parlamentdə 
də çoxluq Demokratik İslahatlar Partiyasınındır.  
Sənanla Rənanın sadə, qara mərmər daşlı  məzarlarından gözlərimi ayıra bilmirdim. Baxdıqca da onların cəsarəti, 
mərdliyi, inamı haqda düşünürdüm. Görəsən bu qədər qurbana dəydimi? Dəyəcəkmi? Havam çatışmırdı elə bil, ağır-ağır 
nəfəs alıb soruşdum: 
- Qənirə indi hardadı? 
- Rusiyadan sığınacaq alıb, Moskvada yaşayır. Hökumət indi xarici banklarla danışıqlar aparır ki, Milli ailəsinin bütün 
bank hesablarına həbs qoyulsun.  
- Ümumiyyətlə vəziyyət necədir ölkədə? Bu qədər qurban verməyə dəyərdi səncə? 
Sevil azca başını qabağa əyib diqqətlə üzümə baxdı. Gözlərimin ucu ilə onun mənə baxdığımı görsəm də, mərmər sinə 
daşlarının üstünü oxumağa davam edirdim. 
- Nə mənada? 
- Yəni indiki vəziyyət hamını qane edir? 
Çiyinlərini dartıb düşüncəli tərzdə: 
- Yəqin ki, edir. Baxır qane etmək deyəndə nəyi nəzərdə tutursan – dedi. 
- Hər  şeyi. Bütün şəhərə Avropa Şurasının bayraqları asılıb, bunu görmüşəm. Bundan savayı indiki hakimiyyətin 
əvvəlkindən fərqi nədir? 
- Fərqi nədir? – Sevil heyrətlə soruşdu. – Fərqi çoxdur. Təsəvvür elə ki, rüşvət bir həftə ərzində yığışdırıldı, bütün siyasi 
məhbuslar azadlığa buraxıldı, mətbuata, biznesə tam azadlıq verildi. Heç iki ay deyil hakimiyyət dəyişib, amma yüz il 
qabağa gedib ölkə. Mən demirəm ki, yüz faiz Avropa qurulub, amma heç olmasa yaxınlaşmışıq. Özü də çox 
yaxınlaşmışıq. Hətta deyərdim ki, Gürcüstanı da keçmişik. 
- Gürcüstanı? 
- Onlarda inqilab bizdən beş il əvvəl oldu. Düzdür, bizdən fərqli olaraq orda qan axmadı, keçmiş prezident İrakli Berulava 
sakitcə istefa verdi, yerinə  Qərbdə  təhsil almış, ABŞ-ın dəstəklədiyi namizəd David Çixladze prezident seçildi. O da 
gələn kimi ölkədə islahatlara başladı. Hardasa bir-iki ay ərzində rüşvətdə, adam oğurluğunda, banditizmdə ad çıxarmış 

 
122
Gürcüstan  əməlli-başlı Avropa ölkəsinə çevrildi. Bizdə isə proseslər Gürcüstandan da sürətli gedir. Niyazi Salayev o 
gün... 
Rəna mənim üçün ideal qadın idi. Ola bilsin Sevilin yoxluğunu axıracan unutdura bilməmişdi mənə, amma bunu ondan 
gözləmirdim, tələb etmirdim də. Sevirdim onu, çünki təmənnasız olmuşdu mənə qarşı. Məni dəlicəsinə sevdiyi halda, 
məndən eyni şiddətdə sevgi tələb etmirdi. Qısqanmırdı, incitmirdi, əziyyət vermirdi. İstədiyim vaxt evinə  gəlirdim, 
istədiyim vaxt gedirdim. Heç nə soruşmazdı, qəbul edirdi məni və yalnız mənə aid idi, bircə dəfə olsun xəyanət etmədi, 
etsəydi də, bu xəyanət sayılmazdı. Məğrur idi, ürəyi sevgi ilə doluydu. Elə bu fədakarlığı oldu onu meydana aparan – 
yaşamağı yox, ölümü seçdirən.  İndi torpağın altındadır, hər  şey üçün ona təşəkkür etmək istəsəm də  eşidən, duyan 
deyil. Bu nə dərddir, nə zülmdür? Hər kəs haqqımda “öləcək, yaşayan deyil” dediyi halda, mən altı ay sonra ölüm-qalım 
mübarizəsindən qalib çıxıb gözlərimi açmışam. Di gəl ki, sevdiklərimi qucaqlaya, onlara ürəyimi aça, adicə çox sağ ol 
deyə bilmirəm. Bu nə haqsızlıq, nə  ədalətsizlikdir! Bağışlayın məni ikiniz də. Bağışlayın ki, ən məsuliyyətli,  ən lazımlı 
anda yanınızda olmadım, ola bilmədim. Özümü hazıra nazir adamlar kimi hiss edirəm, bu da qüruruma toxunur, incidir 
məni. Bağışlayın yalvarıram. 
Sevil mənə qısılıb qolunu belimə doladı. Sanki düşüncələrimi oxumuşdu: 
- Burda vicdan əzabı  çəkəcək heç nə yoxdur, özünə zülm eləmə. Onlar sənin sağaldığını bilsəydilər çox sevinərdilər. 
Saatlarla gəlib dayanırdılar xəstəxananın həyətində, həkimdən, məndən bir xəbər gözləyirdilər. Deyirdim ki, gedin evə, 
yormayın özünüzü, burda dayanmağın mənası yoxdur. Amma qalırdılar, getmirdilər. Sarsılmışdılar, uşaq kimi 
ağlayırdılar. Hacı Mövsüm yadındadı?  
Gözlərimi məzarlardan ayırıb: 
- Gündəliklərdəki Hacı Mövsüm? – soruşdum. - Hə, oxudum dünən.  
-  İndi  İçəri  Şəhərdəki Cümə  məscidinin axundu olub. Birinci xütbəsində meydanda ölən 72 nəfəri demokratiya şəhidi 
adlandırmışdı. Onlarla İmam Hüseynin Kərbəla  şəhidlərini eyniləşdirmişdi.  İran mollaları da dərhal fitva verdilər. 
Ayətullahlardan biri Mövsümü kafir elan elədi.  
Gülmək tutdu məni. 
- Məni güldürmək üçün danışdın bunu? 
Yanağımdan öpüb bir az da bərkdən qucaqladı məni. 
- Neynəyim? Dedim eynin açılsın.  
- Çox sağ ol, bu yaxşılığını unutmayacam.  
- Dəyməz. 
- Mövsüm demişkən, gündəliklərdə yazmışam ki, Sənanla dostlaşmışdı. Doğrudan yaxın olmuşdular?  
- Hə, özü də necə. Tez-tez görüşürdülər. Amma xeyri olmadı - nə Sənan Mövsümü ateistə döndərə bildi, nə də Mövsüm 
Sənanı dinə gətirdi. Elə hey mübahisə edirdilər. Sənan hər dəfə xəstəxanaya gələndə Mövsümdən danışırdı ki, yaxşı, 
təmiz adamdı amma bezdirib məni, gic-gic söhbətlərlə yorur. Yeri gəlmişkən, nə Mövsüm nə  də başqa dindarlar 
meydana çıxmadılar. Amma indi azadlığın, demokratiyanın nemətlərindən faydalanırlar. Roman Bakinski, kafeyə 
toplaşan rusdilli dostları da demokrat olublar. Milli rejiminə  tərif deyən, yaltaqlanan adamlar indi vəzifələrə daraşıblar. 
Keçmiş quruluşda Qənirəyə  səcdə  qılanlar, birdən-birə azadlıq fədaisi oldular. Yapon teatrı NO-da olduğu kimi – 
maskalarını çevirib dəyişdilər birdən. Özü də utanmadan deyirlər ki, biz də özümüzə görə mübarizə aparmışıq, rejimə 
nifrət etmişik. Ümumiyyətlə indilərdə “biz də rejimi sevmirdik, Millilərə nifrət edirdik” demək dəb olub. Kimi dindirirsən Milli 
rejimini söyür. Əşi – deyib başını tez-tez buladı – onsuzda həmişə belə olub. İnqilabı edənlər qalıb bir kənarda, yaltaqlar 
ona sahib çıxıb, öz adlarına yazıblar. Nə isə. Bir az gəzişək? 
Fəxri xiyabanda köhnə  və yenə  məzarlara tamaşa edə-edə, tələsmədən addımlamağa başladıq. Ucu-bucağı 
görünməyən xiyabanın tən ortasında, bir vaxtlar İslam Millinin nəhəng məzarının və on kvadrat metrlik sinə daşının 
ucaldığı yerdə iki küçə iti uzanıb, günəşin zəif  şüalarından qızınmağa çalışırlar. Mən də Sevilə baxıb, düşüncələrinin 
istiqamətini tutmağa çalışıram. O yanımda ola-ola tənhalıq hissi bürüyüb məni. Yaddaşsızlığın  əzabverici ağırlığını 
ürəyimdə, ağrısını iliklərimdə duyuram.  

 
123
Mayor Dadaşov 
 
 
 
 
- Andersenin bütün məşhur nağılları bu kitabda var. Burda belə yazılıb. Amma Kölgə nağılı yoxdur. Dəqiq yadındadır ki, 
nağılın adı Kölgəydi? 
- Hə, yadımdadı. O gün müəllimə oxudu bizə, çox maraqlıydı.  
Andersenin qalın üzlü, nəfis tərtibatlı nağıl kitabında otuzdan artıq nağıl var, amma “Kölgə” yoxdur. Deməli məşhur nağıl 
deyil. Özgür deyir ki, bu kitabı ona mən almışam, Sevil də mənə göz-qaş eləyib uşağın dediyini təsdiqləməyimi istədi. 
İndi özümü elə aparıram ki, guya kitabı necə, nə vaxt almağım çox yaxşı yadımdadır. Bilmirəm daha nə  qədər uşağı 
aldatmalı olacağıq? Sevili başa düşmürəm – uşağa “atanın yaddaşı pozulub” deyilsə, qiyamətmi qopar?  
Bayaq Özgürdən xahiş elədim ki, üzdən oxusun, mən də qulaq asım. Hansı nağılı oxumasının heç bir fərqi yoxdur 
mənim üçün. Amma Özgür üçün var – dirənib ki, məktəbdə  eşitdiyi “Kölgə”ni oxumalıdır. Mən də bir söz demirəm, 
uşaqdır,  şıltaqlıq etmək haqqıdır. Kitabdakı otuzdan artıq nağıldan birini oxumamaq üçün min bir üsula əl atan, 
bəhanələr uyduran balamı bir az da möhkəm qucaqladım, saçlarını iylədim. Doymurdum ondan. 
- Bəs o nağıl nə haqdadır? Danışa bilərsən? 
Özgür alnını qırışdırdı, dodaqlarını büzdü, laqeydcə dedi: 
- İsti bir ölkə olur, ora bir alim gəlir. O qədər istidi ki, alim kölgə tapa bilmir, xəstələnir. Ancaq gecələr küçəyə çıxa bilir. 
- Elə bu? 
- Eeee, nə bilim. Uzun nağıldı. 
- Bəs deyirdin xoşuna gəlib? 
Sevil əlində mandarinlərlə otağa girdi: 
- Sənin qədər tərs uşaq yer üzündə yoxdur. Nə yapışmısan ay bala Kölgədən? Oxu da ataya kitabdan. 
Özgür mandarinləri görcək kitabı divanın üstünə vıyıldatdı. Qabın içindən mandarin götürüb soymağa başladı: 
- Ata, sən sağalmısan? 
- Hə sağalmışam, necə bəyəm? 
- Bundan sonra bir yerdə yaşayacağıq? 
- Əlbəttə.  
Özgür mandarin dilimini ağzına atdı, nəsə fikirləşdi və soruşdu: 
- Bəs Rasim necə oldu? 
Bu, mənim cavab verə bilməyəcəyim sualdır. Sevilin üzünə baxdım. Qaşlarını çatdı, barmağını silkələyə-silkələyə uşağa 
yaxınlaşıb uca səslə, hiddətlə dedi: 
- Sənə deməmişəm ki, Rasimin adını bir də çəkmə?! Heç vaxt, heç yerdə! Eşitdin məni?  
Bunu belə etməzlər ay Sevil! Uşağın günahı nədir? Böyüklər axmaq-axmaq işlər görür, min bir oyundan çıxır, böyüklərin 
ağıllı olduğunu, hər şeyi bildiyini fikirləşən uşaqlar isə onların hərəkətlərini normal, düzgün hərəkət hesab edirlər. Onlar 
hardan bilsin ki, böyüklər ağıllı zad deyillər, heç uşaq ağlında da deyillər – onlar axmaqdırlar. Axmaq! Uşaq uzun müddət 
bir yerdə yaşadığı Rasim adlı atalığı haqqında nəsə soruşursa, ona bu cür sərt reaksiya göstərmək ədalətlidirmi? Sevil 
ona tuşladığım qeyzli baxışlarımı görüb tez otaqdan çıxdı. Mən də Özgürü öpüb ona göz vurdum. Güldü. Anasının 
çəmkirməsini çoxdan unutmuşdu. 
- Mandarinini ye, indi gəlirəm. Səninlə başqa nağıl oxuyacağıq. 
Sevil mətbəxdə pəncərənin qabağında dayanmış, tül pərdənin ucunu dartışdırırdı.  
- Nə olub sənə? – soruşdum. 
Nəmli gözlərini üzümə çevirdi.  
- Bu hələ nə qədər davam eləyəcək, hə? Rasim, Rasim, Rasim... Mən də bezirəm axı, əsəblərim dözmür. Neynəyim? 
- Yaxşı, sakitləş. Uşağın nə günahı var? Ona yox, özümüzə əsəbiləşməliyik.  
- Əşi nə əsəbiləşməyi! Özümdən zəhləm gedir! İndiki ağlım olsaydı o addımı atardım? Ailəmi dağıtdım, bu da azıymış 
kimi tanımadığım adama ərə getdim. Elə bilirsən bu səhvlərlə yaşamaq asandır? 

 
124
- Dedim ki, sakitləş! Bəsdir! Uşağın üstünə bir də qışqırma. Xahiş edirəm. Otur danış onunla, başa sal, de ki, Rasimdən 
ayrılmışam, bir də onunla görüşməyəcəyik, bundan sonra sən, mən və ata – üçümüz yaşayacağıq. Səbrlə, təmkinlə izah 
elə uşağa. Belə çətindir? 
- Düz deyirsən – gözlərinin ucunu silərək dilləndi. – Özümdən asılı deyil, çox tez özümdən çıxıram.  
- Normaldır. Altı ay elə mənim başımın üstündə dayanmısan. Rasim bir yandan, mən bir yandan, uşaq, iş, ev... Gör nə 
qədər problemin olub. Təkbaşına bu qədər işin öhdəsindən gəlmisən, böyük şeydir. Gərək əsəblərini müalicə edəsən. 
Zöhrab sənə psixiatrın nömrəsini vermişdi, yadındadı? İstəyirsən elə onunla danış, qəbuluna get.  
Sevil alt dodağını dişləyib gülümsündü: 
- Sən nə adamsan. O psixiatrın nömrəsini sənə görə vermişdi. Özün getmirsən, məni göndərirsən? 
- Onda gəl bir yerdə gedək – dedim. – Ər-arvad, ailəlikcə gedək başımızı müalicə etdirək. 
İkimiz də qəhqəhə ilə gülməyə başladıq.  
Bax belə. Evdən gülüş səsləri eşidilməlidir. Uşağın psixikasına belə gülüşlər müsbət təsir edir.  
Sevilin telefonu çaldı. Gülməyə davam edərək soyuducunun başından telefonu götürüb displeyə baxdı. Birdən gülməyi 
kəsib, ciddiləşdi, qaşları çatıldı. 
- Kimdir? – soruşdum. 
Telefonu mənə uzatdı: 
- Mayor Dadaşov. 
- Ver bura. Özüm danışaram. 
 
 
*** 
 
 
Bakı Şəhər Baş Polis İdarəsinin şüşə və dəmir konstruksiyadan inşa edilmiş tamamilə şəffaf, içində nələrin baş verdiyi 
çöldən asanca görülən 7 mərtəbəli binasının dördüncü mərtəbəsinə liftlə qalxıb mayor Dadaşovun kabinetini soruşdum. 
Əslində bu nəhəng zalda kabinet axtarmağın mənası yox idi, çünki bütün polis əməkdaşları  şəffaf ara kəsmələrdən 
ibarət seksiyalarda oturmuş, elə ordaca vətəndaşları  qəbul edirdilər. Kömək istədiyim gənc serjant, mənə mayorun 
masasını göstərdi və təşəkkürümə təbəssümlə cavab verib seksiyalar arasında gözdən itdi. Mayor Dadaşov başını aşağı 
əyib qabağındakı qalaq-qalaq qovluğun, sənədin içində eşələnirdi. Ona sakitcə salam verdim. Düşüncəli tərzdə başını 
qaldırıb məni görəndə gülümsədi. Elə bil gəlişimə çox sevinmişdi. 
- Murad bəy salam, salam. Buyurun keçin. Buyurun. 
Ayağa qalxıb kitab və qovluqlarla dolu olan dolabın yanındakı stulu mənə tərəf çəkdi. Canfəşanlığı, ifrat nəzakəti mənə 
bir qədər süni göründüyündən, özümü narahat hiss edirdim. 
- Əziyyət çəkməyin – dedim. – Özüm götürərəm. 
- Yox, yox, heç bir əziyyəti yoxdur. Buyurun əyləşin.  
- Çox sağ olun. 
Ola bilsin yanılıram, nəzakətində səmimidir. Nə bilim, bir azdan görəcəyik. 
Mayor yerinə oturub qarşısındakı kağızları əli ilə kənara, monitorun yanına itələdi. 
- Necəsiniz? 
- Təşəkkür edirəm, yaxşıyam – deyib stulun belinə yaslandım. 
- Siz allah bağışlayın. Ailənizdən, istirahətinizdən sizi ayırdım. İşimiz belədir, bəzən buna məcbur oluruq. Necə tapdınız 
buranı? Çətin olmadı ki? 
- Yox, rahat gəldim. Yoldaşım taksi tutub başa saldı. Maşın da indi küçədə  məni gözləyir – bunu bilə-bilə dedim ki, 
vaxtımın az olduğunu başa düşsün. Başa düşdü də.  
- Eybi yox, işimiz uzun çəkməz. Müalicəniz necə gedir? Yaddaşınız düzəlirmi? 
- Yavaş-yavaş nələrsə yadıma düşür, amma hələ istədiyim səviyyədə deyil. Görək də. Ümidimi itirmirəm.  
- Çox gözəl. Əlbəttə, ümidi itirmək olmaz. Məncə də hər şey yaxşı olacaq. Bəlkə nəsə içmək istəyirsiniz? Sizə çay təklif 
edə bilərəm. 
- Təşəkkür edirəm, lazım deyil.  
- Nə oldu? Niyə güldünüz? 
- Heç... qəribədir. 

 
125
- Qəribə olan nədir? 
- Bu idarə, sizin bu... kabinetiniz, çay. Elə bil hamısı qondarmadır, doğruçu deyil. 
- Həə, sizi başa düşürəm. Amma burada qəribə heç nə yoxdur. Qondarma da deyil. İslahatlardan sonra polis orqanları 
məhz bu qaydada işləyir. Siz komada olarkən ölkədə baş verən dəyişikliklərdən yəqin ki, xəbəriniz var? 
- Var, var. Qəzetləri oxumuşam. Televizorda da maraqlı şeylər göstərirlər.  
- Bax belə. Odur ki, qəribə heç nə yoxdur – Dadaşov fəxrlə dedi. - Sualıma görə bağışlayın, sizi düz başa düşdümsə indi 
ailənizlə bir yerdə yaşayırsınız? 
- Bəli, bir yerdə yaşayırıq.  
- Əla – Dadaşov qımışıb dedi. – Həmişə evdə-eşikdə, ailənizlə bir yerdə.  
- Çox sağ olun.  
- Müalicənizi evdə davam etdirirsiniz?  
- Siz deyən ciddi müalicə də yoxdur. Bir-iki dərman var, onları qəbul edirəm. Yaddaşımın tam düzəlməsi üçün zamana 
ehtiyac var. 
- Başa düşürəm – mayor köks ötürdü. – Vaxtınızı çox almaq istəmirəm, ona görə də suallara keçəcəyəm.  
Ayağa qalxıb şkafdan boz rəngli bir qovluq götürdü. Yerinə oturub qovluğu açdı, kağızları vərəqləməyə başladı. 
- Murad bəy – gözlərini sənədlərdən ayırmadan dedi.  
- Bəli. 
- Toğrul Rüstəmovla Şamaxıdan Bakıya qayıdarkən qəza keçirmisiniz. Bu hadisəni az da olsa xatırlayırsınız? 
Təəssüflə başımı buladım. 
- Yox, xatırlamıram.  
Mayor diqqətlə üzümə baxıb təzədən başını aşağı endirdi, qovluqdan bir kağız çıxartdı. 
- Yadınıza düşürsə, xəstəxanada sizə Şeyla Oruc adlı xanımla bağlı sual vermişdim. 
- Bəli, yadımdadır. 
- Bu xanım da sizin yadınıza düşməyib?  
- O boyda ağır qəza yadıma düşmürsə, Şeyla adlı qadın necə yadıma düşsün? Ümumiyyətlə bu Şeyla kimdir ki? 
Başını qəflətən qaldırıb, gözlərini qıydı. 
- Şeylanın kim olduğunu bilmirsiniz? 
Mayorun birdən-birə dəyişməsi, ciddiləşməsi, mənə ittihamedici nəzərlərlə baxması qanımı qaraltdı. Həyəcanlanmamağa 
çalışaraq, soyuqqanlılıqla dedim:  
- Onu tanımıramsa, kim olduğunu necə bilə bilərəm?  
- Başa düşürəm. 
Mayor “başa düşürəm” desə də, bunu sözgəlişi dediyi, əslində məni başa düşmək istəmədiyi bariz görünürdü.  
-  Əvvəlki istintaq, bu qadının Asiadent klinikasında müalicə olunduğunu, konkret desək sizin pasientiniz olduğunu 
aşkarlayıb.  
- Ola bilər – çiyinlərimi dartaraq dedim. – Yəqin ki, mənim yüzlərlə xəstəm olub, elə deyil? Nə üçün məhz bu xanımla 
maraqlanırsınız, başa düşmürəm. 
Mayor sualımı qulaq ardına vuraraq, davam etdi: 
- Burada həkimlərin də ifadələri var. Bildirilir ki, Şeyla sizin kabinetinizdə lazımından çox qalırdı, hətta aranızda nəsə 
“şübhəli bir əlaqə” varıydı. Görəsən hansı əlaqədən söhbət gedir? 
- Mənə də çox maraqlıdır – dedim. – Mənim pasientlə nə əlaqəm ola bilər?  
Mayor Dadaşov gülümsəyib kreslosuna yayxandı. Başını yırğaladı. 
- Nə bilim. Mən də sizin kimi. Elin ağzı torba deyil, büzmək olmur – dedi və bir az qabağa əyilib, məhrəm tərzdə pıçıldadı, 
- elə bilirsiniz qeybət qırmaq ancaq qadınların işidir? Yooox. İndi qadınlar yalan olub, kişilər dedi-qouyla məşğuldur – 
qımışdı. 
- Ola bilər.  
- Bəli, ola bilər – Dadaşov dedi və  cəld hərəkətlə qovluqdakı kağızların arasından nəsə  çıxardıb mənə  tərəf uzatdı. - 
Bəlkə bu sizə kömək elədi? 
Mayorun əlindəki şəkil idi. Qadın şəkli. 

 
126
- Buyurun, Şeyla Oruc bu xanımdır. Tanıyırsınız? Yaxşı baxın. 
Fotonu mayorun əlindən almadan obyektivə gülümsəyən qadına diqqətlə baxdım. Deməli gündəliklərdə  təsvir etdiyim 
Şeyla budur. Amma yox, xatırlamıram. Yaxşı ki, xatırlamıram. Xatırlasaydım gözlərimin ifadəsindən, mimikamdan özümü 
ifşa edə bilərdim. Dadaşov da diqqətlə üzümə baxır; üzümdə, gözlərimdə dəyişikliyin olub-olmayacağını, özümü şübhəli 
aparıb-aparmayacağımı görmək istəyir. Lakin gözlədiyi olmadı – soyuqqanlılığımı bu dəfə də qoruya bildim. 
- Yox cənab Dadaşov. Birinci dəfədir görürəm.  
Mayor üzündəki ciddi ifadəni dəyişmədən: 
- Xeyr, birinci dəfə görə bilməzsiniz. Onun dişlərini müalicə etmisiniz. Yəqin “yadıma düşmür” demək istəyirdiniz? 
Artıq əsəbiləşirdim. 
- Siz deyən olsun - yadıma düşmür. 
- Murad bəy, apardığımız istintaqdan məlum olur ki, dostunuz Toğrul, Samir Həsənzadə adlı  iş yoldaşınızdan onun 
Şamaxıdakı evinin açarlarını götürüb. Siz qəzaya düşməmişdən təxminən 18 saat əvvəl. Sonra siz Şamaxıdan Bakıya 
qayıdanda qəza keçirmisiniz. Belə çıxır ki, bu 18 saat ərzində siz Şamaxıya gedib qayıtmısınız. Lakin Şamaxıdakı evə 
gəldiyinizi qonşular görməyib. 
Başım qarmaqarışıq olmuşdu.  Şeyla,  Şamaxı, Toğrul, Samirin evi. Mayor Dadaşovun nə demək istədiyini, söhbətin 
istiqamətini tuta bilmirdim. Əvvəl xəstəxanaya gəlib Şeyla ilə maraqlanmışdı. İndi də Şamaxıdan qayıdanda düşdüyümüz 
qəzadan danışır. Özü də elə danışır ki, elə bil qəzanın özü bir o qədər vacib deyil, əsas məsələ Şamaxıda kimin evində 
qaldığımız, ora nə üçün getdiyimizdir. Fərqi nədir Şamaxıya niyə getmişdik, orda harda qalmışdıq?  
- Şamaxının Şeyla Oruca nə dəxli? – soruşdum. 
Mayor istehza ilə gülümsünüb, qabağındakı qovluğu tələsmədən bağladı, qollarını masanın üstünə qoyaraq qamətini 
düzəltdi. 
- Gəldik əsas məsələyə. Şamaxının nə üçün bu qədər vacib olduğunu soruşursunuz. Yaxşı, sizə cavab verə bilərəm. 
Başımı yırğalayıb, eyni kinayəli tonla: 
- Zəhmət olmasa - dedim. 
- Siz qəzaya uğradığınız gün, Şeyla yaxın bir rəfiqəsinə öz stomatoloqu ilə görüşəcəyini deyib. İranə Süleymanova adlı 
rəfiqəsi bunu əvvəlki istintaqa bildirib. 
- Olsun da. Bayaq özünüz dediniz ki, klinikaya gəlib-gedib, məndə müalicə olunub. 
- Əlbəttə, əlbəttə - mayor yalançı canfəşanlıqla məni təsdiqlədi. – Amma klinikaya gəlsəydi! O gün Şeyla Oruc klinikaya 
gəlməyib. Heç siz də o gün işə çıxmamısınız. Yəni siz mərhum Şeyla Orucla başqa bir yerdə görüşmüsünüz. 
- Harda? 
- Şeyla rəfiqəsi ilə bunu da bölüşüb. Deyibmiş ki, stomatoloqdan xoşu gəlir, onunla yaxından tanış olmaq istəyir. Ona 
görə də stomatoloqu Gənclikdəki evinə dəvət etmək istəyir. 
- Gənclikdəki evinə? – hər nə qədər yaddaşımı itirsəm də, gündəliklərdə oxuduqlarımdan sonra Şeyla ilə harasa gedə 
biləcəyimə ehtimal verə bilmirəm. Onun Gənclikdəki evində nə işim var? 
- Bəli, Gənclikdə, millionerlər prospekti adlanan ərazidə atasının onun üçün tikdirdiyi üç mərtəbəli villa. Şeyla orda 
yaşamırdı, arada-bir dostları ilə orda “party”lər təşkil edirdi. 
- Şeyla deyib ki, stomatoloqla görüşəcəyəm? Lap yaxşı. Bəs mənim o evdə olduğuma dair istintaqın əlində sübut var? 
-  İranə Süleymanova bu məlumatı istintaqa çox gec verib, çünki Şeyla Orucla telefonla danışandan iki gün sonra on 
günlüyünə Romaya uçub. Orda bu hadisədən xəbər tuta bilməzdi, çünki o vaxt mətbuata bu haqda heç nə deyilməmişdi, 
ümumiyyətlə Şeylanın yox çıxması sirr olaraq saxlanılırdı. Məsələni yalnız istintaq orqanları və Səyavuş Orucun yaxınları 
bilirdi.  Əlbəttə  Qənirə Milli də. Bu səbəbdən,  İnarə Süleymanova Bakıya qayıdana qədər, istintaq yanlış istiqamətdə 
aparılıb. Süleymanovanın verdiyi ifadələrindən sonra isə, müstəntiqlər Asiadent klinikası ilə maraqlanıb, sizin adınızı 
öyrənib, xəstəxanada yatdığınızı biliblər.  Şeylanın son günlər mobil telefonundan etdiyi və ona gələn zənglər də 
araşdırılıb. Məlum olub ki, siz qəzaya düşən gün, səhər saat doqquz radələrində  Şeyla sizə bir dəfə  zəng edib. Bu 
zəngdən sonra onun telefonuna heç bir zəng daxil olmayıb. Şeylanın Gənclikdəki evində aparılan təhqiqat zamanı orada 
sizin barmaqlarınızın izi aşkarlanmayıb. Bəli, bəli təəccüblənməyin. Siz xəstəxanada olarkən sizin barmaq izlərinizi də 
götürüblər. Tərslikdən o vaxt, yenicə tikilmiş villanın kamera sistemi hələ quraşdırılmamışdı. Ümid qalırdı yan-yörədəkə 
kameralara, amma Şeylanın evi qonşuluqdakı iki villanın kameralarının  əhatə dairəsinə  də düşmürdü. Ona görə  də 
villaya kənar maşın, ya da adam gəldiyini müəyyənləşdirə bilməyiblər. Villanın həyətində Şeylaya məxsus, az-az sürdüyü 
Volkswagen Tiguan avtomobili varıydı.  
Birdən-birə məruz qaldığım bu informasiya axınından sonra, mayoru başa düşməyim daha da çətinləşmişdi.  
- Cənab Dadaşov bir dəqiqə, bir dəqiqə. Deməli mən o evdə olmamışam, düzdür?  
Mayor köks ötürüb başını yellədi: 
- Elədir, belə görünür ki, olmamısınız. Amma o evdə aparılan ikinci, həm də daha diqqətli təhqiqatdan sonra qonaq və 
vanna otaqlarında mikroskopik qan izlərinə rast gəlinib. Kimsə qan ləkələrini yaxşıca silməyə  cəhd edib. Bu qan 

 
127
izlərindən sonra köhnə istintaq siz ayılana qədər gözləməyə  qərar verdi. Təsəvvür edirsiniz, gözlədilər də! Düz iki ay! 
Amma siz ayılmırdınız ki, ayılmırdınız. Sonra da seçkilər yaxınlaşdı, ara qarışdı, məzhəb itdi. Mətbuata o ana qədər 
Şeyla Orucun yoxa çıxması ilə bağlı məlumat verilməmişdi, söhbət hələ də gizlin saxlanılırdı. Amma özünüz də bilirsiniz 
ki, balaca ölkədir,  şayiələr tez yayılır. Müxalifət qəzetləri Səyavuş Orucun qızının harada olması ilə maraqlanmağa 
başladılar. Ümumiyyətlə  Səyavuş Orucun qızı ilə münasibətlərinin o qədər də yaxşı olmadığı, onun qeyri-nikah 
əlaqəsindən uşaq doğmasını qızına bağışlaya bilmədiyi artıq hamıya məlum idi. Düzdür, atadır, övladının itməsindən pis 
olmuşdu amma o qədər də can yandırmırdı. Qızının şıltaqlıqlarından, hər gün kişi dəyişdirməsindən, yüngül əxlaqlı qadın 
kimi ad çıxarmasından bezmişdi. Çevrilişdən sonra da ki, Səyavuş ölkəni tərk etdi. Köhnə istintaq işi bağlaya bilməmişdi 
deyə, onu biz davam etdirməli olduq. Amma onlardan fərqli bir yol seçdik. Təzədən sizin iş yerinizə getdik, 
həmkarlarınızla söhbət etdik. Məlum oldu ki, həmin gün Toğrul Samirdən açarları götürüb. Bu detala əvvəlki istintaq fikir 
verməmişdi. Amma biz Şamaxıdakı evə ciddi yanaşdıq, ora getdik, evin içində və üç sotluq həyətdə araşdırma apardıq.  
Mayor bunları dedi və gözlərini bic-bic süzüb mənə baxdı. Kinayəli və çoxbilmiş nəzərlərlə müşayiət olunan fasilə məni 
narahat edirdi. İstəyirdim mayor sözünün davamını  gətirsin. Sonda, fasilənin mənim üzərimdə lazım olan təsiri 
buraxdığına qane olan mayor yenə danışmağa başladı. 
- O evdə də sizin barmaq izlərinizə, qonşuluqda sizi görən bir allah bəndəsinə rast gəlmədik. Həm də ki, o vaxtdan sonra 
Samir Mikayılov və ailə üzvləri vaxtaşırı olaraq o evə gedib gəlirmişlər. Samirin özü bizə dedi ki, Toğrul ondan açarları 
alandan sonra, o evdə heç nəyə toxunulmayıb, ev axırıncı  dəfə hansı  vəziyyətdə olubsa, elə o vəziyyətdə  də qalıb. 
Samirdən evin açarlarını alıb orda özümüz, Samirin iştirakı olmadan araşdırmalarımıza davam etdik və... nəhayət 
axtardığımızı tapdıq.  
- Nə tapdınız? – həyəcanımı gizlətməyə çalışaraq soruşdum. Mayorun davam etməsini istəyirdim, çünki Şeylanın yoxa 
çıxması, Gənclikdəki evində qan izlərinin tapılması ilə  Şamaxıdakı ev arasındakı  əlaqə  məni çox maraqlandırırdı. 
Nəticənin mənim üçün yaxşı olmayacağını hiss etsəm də, bu istintaq əhvalatının nə ilə qurtardığını bilmək istəyirdim. 
Dadaşov isə son zərbəni belə vurdu: 
- Evin həyətində aparılan axtarışlardan sonra, bağın  şimal tərəfində, divarın altında, iri selofan torbaya bükülüb 
basdırılmış qadın cəsədi aşkarlandı. Bu məlumat da məxfidir, istintaq bunu ictimaiyyətə açıqlamayıb. Heç Samirin özü 
də onun həyətindən nə tapdığımızı bilmir. Hər ehtimala qarşı onu da nəzarətdə saxlayırıq. Halbuki onun bu cinayəti 
törətmə ehtimalı sıfıra yaxındır. 
Dəhşətdən bərələn gözlərimi,  əsən  əllərimi mayor açıq-aydın görürdü. Bunları gizlədə bilməzdim artıq. Udqundum və 
boğazımdan bircə kəlmə çıxdı: 
- Nə?! 
- Murad bəy, yaddaşınızı itirdiyinizi bilirəm. Amma istintaq, Şeyla Orucun qətlində sizinlə Toğrul Rüstəmovun  əlinizin 
olduğu qənaətindədir. Beləliklə sizə çox qısa, konkret sual verəcəyəm - Şeyla Orucu siz öldürmüsünüz? 

 
128
Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin