Esxatoloji perspektivdə avtoritarizm anatomiyası



Yüklə 492.29 Kb.

səhifə1/20
tarix25.01.2017
ölçüsü492.29 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   20

 
1
Əli Əkbər 
 
 
 
 
 
AMNEZİYA 
esxatoloji perspektivdə avtoritarizm anatomiyası 
 
 
 
 

 
2
Saparmurad Türkmənbaşı  
və Yelena Çauşeskunun əziz xatirələrinə ithaf olunur. 

 
3
Üz qapağının dizaynı: Orxan Hüseynov 
 
Arxa qapaq fotosu: Türkan Hüseynova 
Arxa qapaq fotosundakı məkan: Bakı katolik kilsəsi 
(Fondakı İsa Məsih heykəli Bakı katolik kilsəsinə Azərbaycan Gömrük Komitəsi tərəfindən hədiyyə edilib)  

 
4
"...Əlbəttə, hakimiyyət kiçik, imtiyazlı bir zümrəyə  
aid olduğu halda belə, ölkə sərvətlərinin bərabər, ədalətli bölgüsü aparıla, 
insanlara özəl mülkiyyət və komfortlu həyat haqqı tanına bilər.  
Lakin belə bir cəmiyyət uzunömürlü olmayacaq.  
Çünki hər kəsə sərvətlərdən pay düşsə, insanların əyləncəyə vaxtı qalsa  
kütlə savadlanacaq, müstəqil düşünməyə başlayacaq, nəticədə isə imtiyazlı fəqət  
heç bir funksiyası olmayan kiçik hakim zümrəni devirəcək. Bu səbəbdən 
 iyerarxik cəmiyyət yalnız yoxsulluq və cəhalət üzərində bərqərar olmalıdır...” 
 
“...Partiyanı dağıtmaq qüdrətində olan narazılar, ölkənin 85 faizini təşkil edir...  
Bu narazılar öz güclərinin, imkanlarının fərqinə varsalar, çevriliş etmək üçün  
əlbir olmalarına da ehtiyacları qalmaz. Bunun üçün, onların ayağa qalxaraq,  
at kimi üstlərindəki milçəkləri silkələməsi kifayətdir. Partiyanı məhv etmək  
onların istəklərinə bağlıdır və çox asandır. Gec-tez buna ağılları çatacaq. Amma!..” 
 
George Orwell 
“1984” 
 
 
“...Respublika Prezidentinin adını anmaq, millətin müqəddəs maraqlarına  
məşəl kimi işıq tutmaq deməkdir! O millət ki, ulu öndərin müdrik rəhbərliyi altında  
bütün sahələrdə inkişafa nail olub və olmaqda davam edir! Öz taleyi, dolaylı olaraq da  
Vətənin taleyi üçün narahat olan, ləyaqətli və anarxiya düşməni azad vətəndaşlar  
olaraq bildiririk ki, ölkəmizin çiçəklənməsi yalnız və yalnız bizim ulu  
prezidentimizin yenidən bu posta seçilməsilə mümkündür! Nə üçün dövlət gəmisinin  
idarəsini başqasına verərək riskə getməliyik? Axı bizim ölkəni hal-hazırda əsrimizin  
ən görkəmli dövlət xadimi idarə edir! Tarix onu dahilərin dahisi, müdriklərin müdriki,  
azadlıq mücahidi, mütəfəkkir və demokrat kimi ucaldıb artıq! Prezident postunda  
onun yerinə hansısa başqa adamı təsəvvür edən kəs, dərhal millətin, yəni  
bizim hamımızın maraqlarına xəyanət edən xain kimi damğalanmalıdır!  
Belə bir fikri ağlına gətirənlər, kimliyindən asılı olmayaraq cəmiyyət üçün təhlükəli  
ruhi xəstələr kimi təcrid olunmalı, əgər ruhi xəstə deyillərsə, onda qanunlarımıza  
müvafiq olaraq Vətənə xəyanət maddəsi ilə ittiham olunaraq həbsxanaya göndərilməlidirlər!..”  
 
Migel Anxel Asturias 
“Sinyor prezident” 
 
 
 
 
 
 
 

 
5
HƏR ŞEY BELƏ BAŞLADI 
(Trivial reminissensiya) 
 
 
 
Hər şey, sərsəri bir bombanın partlaması ilə başladı. 
Yox, müharibə çoxdan bitmişdi, bomba da göydən düşməmişdi. Heç kəs - o cümlədən 3 yaşlı  İslamın II Dünya 
müharibəsinin veteranı olan qəhrəman atası da - yerin dibindən bombanın çıxacağını təsəvvür edə bilməzdi.  
Talıb Qulamov 1950-ci ildə ali məktəbi bitirən kimi, Odessa şəhərindəki Maşınqayırma zavoduna təyinat almışdı. 
Odessanın cənub-qərbində, almanların bombalayaraq yerlə bir etdiyi yaşayış məntəqələri – kəndlər və qəsəbələr artıq 
bərpa olunmuş, həyat normal axarına düşmüşdü. Bərpa olunan rayonlardan biri də, Artsiz rayonu idi. Talıbgilin ailəsinə 
də bu rayondakı Nadejdovka qəsəbəsində, elə  qəsəbənin adına uyğun, ailənin ümid yeri olan bir mənzil verilmişdi. 
Talıbın işləyəcəyi Maşınqayırma zavodu da, evinin yarım kilometrliyində yerləşirdi. 
Yeni inşa edilmiş, gözoxşayan üç mərtəbəli “stalinka”nın birinci mərtəbəsində, iki otaqlı mənzil hələ də boya, lak, aseton 
qoxuyurdu. Talıbın arvadı Ceyranın ilk işi, bütün pəncərə altlarını və balkonu dibçəklərlə bəzəmək olmuşdu.  
Nadejdovka qəsəbəsinin mərkəzində tikilən dörd üç bloklu “stalinka” kvadrat formada inşa edildiyi üçün, həyətdə geniş 
bir meydan boş qalmışdı. Sakinlər mənzillərə köçəndən sonra, qəsəbə soveti onlara həyətyanı sahə ilə bağlı göstəriş 
vermişdi. “Müharibə yenicə bitib, hələ hökumətimiz özünə gəlməyib, çətinliklər var. Bu həyəti də siz abıra salmalısınız. 
Uşaqlara meydança qurun, özünüz üçün ağaclar  əkin. Mərkəzə yazmışıq. Skamyalar, bir-iki dənə  də karusel söz 
veriblər. İş üçün lazım olan bütün alətlər veriləcək...” 
Yeni mənzillərdən son dərəcə razı qalan, xoşbəxt sovet vətəndaşları, böyük həvəslə  işə girişdilər. SSRİ müharibədə 
qalib gəlmişdi və bu insanlar, hələ də zəfər eyforiyasından çıxmamışdılar. Hər kəs böyük məmnuniyyətlə dövlətlə əl-ələ, 
qol-qola olmağa, gecə-gündüz işləməyə, yoldaş Stalinə kömək etməyə hazır idi. Həyətdə park salmaq, uşaqlarına oyun 
meydançası hədiyyə etmək istəyən sakinlər hamılıqla qollarını çırmayıb, qadınlı-kişili torpaqda eşələnirdilər. 
İslamın anası Ceyran da qonşu qadınlarla bir yerdə yer belləyir, ağac əkir, hamıdan daha əzmli və inadkar olmağı ilə 
ərini qürurlandırırdı. Tibb bacısı olan Ceyranın həyəcanını başa düşmək çətin deyildi - canından əziz oğlu, uzağı bir həftə 
sonra bu həyətdə o baş-bu başa qaçacaqdı. Ceyran əlinin tərsi ilə alnının tərini silib, belı növbəti dəfə, var gücü ilə  
torpağa sancdı. “Bu nədi belə?” - belin tiyəsi sərt bir cismə dirənmişdi.  
Daş plitələrin döşəndiyi hissədə  işləyən Talıb, Ceyranın səsləməsi ilə arvadına yaxınlaşdı. Onun əlindən beli alıb bir 
neçə dəfə sərt cismə vurdu. Cisim daşa oxşamırdı. Qəribə küt səs çıxarırdı.  
Talıbın yəhudi, gürcü, kalmık qonşuları karıxdığını görüb ona yaxınlaşdılar.  
- Lopatka ilə olmur – Talıb dedi. – Gəlin lomla vuraq. 
Talıb, gürcü Aftandilin əlindən lingi alıb, birinci zərbəni özü vurdu. Sonra yenə, yenə, yenə vurdu. Tərlədi. Aftandil lingi 
götürüb bir neçə dəfə özü vurdu. Ceyran da bir yandan belin ucu ilə torpağı eşələməklə kişilərə kömək edirdi. 
Yəhudi David qonşularının əziyyət çəkdiyini görüb: 
- Çəkilin qırağa. Bu dəfə mən sınayım. 
Davidin zərbəsi sonuncu oldu.  
Hər  şey bir göz qırpımında baş verdi. Üçüncü Reyxin “Luftwaffe”sindən qalma “yadigar” mərminin partlaması ilə, 
bayaqdan sərt cismin ətrafında toplaşıb ona zərbələr endirən, hətta tamaşa edənlərin hamısı parça-parça oldu. 
Üç yaşlı İslam isə, o vaxt Zoya Kosmodemyanskaya adına 2 saylı uşaq bağçasında mışıl-mışıl yatırdı. 
 
*** 
 
Faciənin xəbəri SSRİ-yə yayılmadı. 
Ümumiyyətlə SSRİ-də  nəinki pis, bəzən yaxşı  xəbərlər də yayılmırdı. Total təcrid sistemi mükəmməl işləyirdi bu 
dövlətdə. Elə  də olmalıydı. “Əmin addımlarla kommunizmə doğru irəliləyən” vətəndaşları ruhdan sala biləcək, onları 
bədbinləşdirəcək xəbərlərin qarşısı alınmalıydı. Hər şey elə ustalıqla ört-basdır edildi ki, bir ay sonra “stalinkalara” köçən 
yeni sakinlər, onlardan əvvəl bu həyətdə nələrin baş verdiyindən bixəbər idilər. 
Bəs 3 yaşlı  İslamın taleyi necə oldu? Azərbaycanın gələcək birinci katibinin, daha sonra isə prezidentinin rəsmi 
tərcümeyi-halında valideynlərinin faciəvi surətdə öldüyü, İslamın isə  uşaq evində böyüdüyü yazılmaqdadır. Bu 
məlumatların üstündən ötəri keçilsə  və  uşaqlığı ilə yeniyetməliyi barədə başqa heç nə bilinməsə  də, onun tələbəlik 
dövrü, xüsusən də Leninqrad Politexnik İnstitutunda oxuduğu illər haqqında kifayət qədər məlumat var.  

 
6
“İslam Qulamovun atası və anası Odessada bir partlayışda həlak olublar. Bunu da sonradan, səksəninci illərin sonunda 
öyrəndim. Onu yaxşı tanıyan adam kimi deyə bilərəm ki, o heç vaxt öz uşaqlığından danışmazdı. Elə bil həyatı 
Leninqradla başlayırdı, ondan əvvəl isə ümumiyyətlə yaşamamışdı.”  
80-ci illərin əvvəllərindən Qulamovla Mərkəzi Komitədə işləmiş, sonradan Azərbaycanın Rusiyada səfiri olmuş, hazırda 
isə Avropa ölkələrinin birində mühacirətdə yaşayan Həsən Həsənov bunları öz xatirələrində yazır. 
Amma Həsənovun bilmədiyini bilən adam da tapıldı. Söhbət, 1954-cü ildə bacısı Məsmə ilə birlikdə Bakı şəhərindəki 2 
saylı uşaq evinin himayəsinə verilən Xanış Quliyevdən gedir. Xanış kişi hal-hazırda Moskvada yaşayır. O, ailəsi ilə hələ 
səksəninci illərin sonlarında Rusiyaya köçüb.  
“Yaxşı yadımdadır. 54-cü ilin oktyabrında atam öləndən və bacımla mən yetim qalandan sonra, bizi 2 saylı uşaq evinə 
verdilər. Yetimxanada qızlı-oğlanlı o qədər uşaq vardı ki, ikimərtəbəli binada onlara çarpayı çatdırmaq olmurdu”.  
Xanış kişinin sözlərinə görə, həmin vaxt ölkədə  hələ  qıtlıq hökm sürsə  də, uşaqlara yaxşı yemək verirdilər. Hər gün 
şorba, sıyıq və bir parça çovdar çörəyi. Uşaqların çoxu öz çörəyini ehtiyat üçün yastıqlarının altında gizlədərdilər. 
Azərbaycanın gələcək prezidenti, 7 yaşlı  İslamı isə, Xanış kişi belə xatırlayır: “Həyətdə futbol oynayardıq.  İslamın isə 
idmana marağı yox idi. Bir dəfə onu qapıçı qoyduq. Buraxdığı birinci qoldan sonra yataqxanaya qaçdı.  İncimişdi. 
Vəzifəyə gələndən sonra, onun qapısına qol vuran adamı öldürtdürdü. İzi-tozu qalmadı yazığın. Belə kinliydi. Onun heç 
oxumağa da həvəsi yox idi. Uşaqlardan da gen gəzirdi. Biz bir yerə  yığışıb, laqqırtı vuranda, cürbəcür oyunlar 
fikirləşəndə,  İslam həmişə  tək qalırdı. Nəsə  mənə elə  gəlirdi ki, o, bizim yanımızda darıxır. Həm də  kədərli olurdu. O 
vaxtdan yarım əsr ötüb, amma balaca İslam hələ də gözümün qabağındadır: həmişəki kimi tək, qaradinməz, qaşlarının 
altından oğrun-oğrun baxan uşaq…” 
Bəzi qoçaqlar yetimxanadan qaçmağa cəhd edirdilər. Hündür, kərpic hasarın həndəvərində dolaşan itin adi vaxt 
uşaqlarla işi olmurdu, amma qaçmaq istəyənlərin üstünə cumurdu. Xanış da qaçanlar arasında olub. “İslama dedim ki, 
qaçaq mənimlə. Amma o razı olmadı. Mənə elə gəlir, itdən qorxurdu. Bəlkə də qorxmurdu. Bir sual, indiyə qədər mənə 
dinclik vermir - uşaq evinə sığınan, orada böyüyən adam, necə oldu ki, öz xalqına qarşı belə amansız, qəddar oldu?” 
“İslam Qulamov yetim olduğunu tez-tez vurğulamağı sevirdi. Əlbəttə, o atasız-anasız böyümüşdü. Amma çox az adam 
bilir ki, onun “yetimliyi” o qədər də uzun sürməyib” - bu sözlər isə Azərbaycan Mərkəzi Bankının sabiq rəhbəri, baş 
nazirin keçmiş müavini Xanəmir Heybətova məxsusdur. O da indi xaricdə yaşayır. Azərbaycanda onun haqqında 
qondarma cinayət işi açıldığından, Heybətov vətənə qayıdarsa, ömürlük həbs cəzasına məhkum ediləcək.  
“İnanın, mən nə danışdığımı çox yaxşı bilirəm.  İslamın  Şamaxıda yaşayan  əmisi var idi. Azərbaycanın  ən qabaqcıl 
kolxozlarından birinə sədrlik edirdi. Bilirsiniz, bu nə deməkdir? Minlərlə baş qoyun, bol-bol məhsul, meyvə-tərəvəz... Bir 
sözlə, onun əmisi, o vaxtların  şərtlərinə görə, imkanlı adam idi. Mən dəqiq bilirəm ki, o qardaşı  oğlunu bir il sonra öz 
yanına, Şamaxıya apardı. Onun üçün əlindən gələni əsirgəmirdi, heç nədən korluq çəkməyə qoymurdu. Özü oxutdurdu 
onu, boya-başa çatdırdı. 1970-ci ildə  İslam Qulamovun Leninqrad Politexnik İnstitutunu bitirdiyini hamımız bilirik. Bəs 
İslam Qulamovun bu ali məktəbə daxil olana qədər, Moskvada ali təhsil almağa cəhd elədiyini bilən varmı? Qulamov orta 
məktəbi qurtarandan sonra, qibtə olunası inadkarlıqla həmkarlar ittifaqlarının, müxtəlif təşkilatların kandarını yağır 
eləmişdi. Yer üzündə bircə doğma adamının olmamasından  şikayətlənir, yalvarırdı ki, onu Moskvaya oxumağa 
göndərsinlər. Göndərdilər də…” 
Sən demə Azərbaycanın gələcək prezidenti Moskva Su Təsərrüfatı  İnstitutunda bir il oxuyandan sonra, onu ali 
məktəbdən xaric ediblər… yaxşı oxumadığına görə. O da, suyu süzülə-süzülə, əmisinin Şamaxıdakı evinə qayıdıb.  
İnanılmaz olsa da, bir müddət sonra Qulamov yenə həmin ittifaqlara müraciət eləməyə başlayıb. Yenə də ona rəhm edib, 
kömək əlini uzadıblar. Bu dəfə Leninqrad Politexnik İnstitutuna göndərməklə. 
Heybətovun sözlərinə görə, İslam Qulamovun gənclik illərindən gizlədiləsi çox şey var. Elə bu səbəbdən, Qulamov onu 
gəncliyindən tanıyan hər kəsin başını əkib – kimisini həbsə atıb, kimisini ölkədən qovub, kimisini də öldürtdürüb. Hətta, 
onu böyüdən, oxutduran əmisinə, onun ailəsinə və əmisinin Şamaxıdakı qonşularına da mərhəmət etməyib.  
“Mən onunla eyni vaxtda oxuyan bəzi azərbaycanlılarla söhbət eləmişəm.  Əmisi ona paltar, yemək, pul göndərirdi. 
Üstəlik, yetim olduğuna görə tələbə uşaqlar da olan-qalanlarını onunla bölüşürdülər.” 
Ali məktəbi bitirəndən sonra, Qulamovun həyatında növbəti mərhələ başlayır - QRES-dəki işi. 
Heybətov danışır ki, Qulamov nə mühəndis kimi mühəndis, nə də adam kimi adam olmayıb. İntellekti də sıfırın altında 
olub. Amma yaltaqlıda pərgar idi. Bir dəfə Azərbaycan KPMK-nin birinci katibi Gülməmməd Qafarov QRES-ə  gəlir. 
Qulamov yüksək çinli qonaqdan ötrü əldən-ayaqdan gedibmiş. Gah çay süzür, gah meyvə qabını ona tərəf çəkir. 
Qafarov soruşur: “Bu cavan oğlan kimdir?”. Ona deyirlər ki, gənc mütəxəssisdir, yetim oğlandır, ata-anasız böyüyüb. 
Birinci katib də “Neynək, belədirsə, mən ona kömək eləyərəm” deyir. 
Bir ay, iki ay, üç ay keçir. Bu söhbətin üstündən yarım il ötür. Qulamov Qafarovun vəd etdiyi köməyi səbirlə gözləyir. 
Sonda, gözləməkdən yorulan gənc kadr, qərara gəlir ki, özü Respublika başçısının qəbuluna düşüb, vədini ona 
xatırlatsın.  
Qafarov yetim oğlana rəhm eləyib, onu özünə yaxınlaşdırır. 
Artıq Qulamov Qafarovun kabinetindən çıxmaz olmuşdu. Hətta Birinci katibin evində  də tez-tez olurdu. Başmaqlarını 
cütləyir, çantasını daşıyır, evin bazarlığını eləyir, qapısını açırdı. Yeri gəlmişkən, yüksək vəzifəli adamlara qapı açmaq 
Qulamovun adəti idi. Heybətov gülə-gülə yada salır: “Yaxşı yadımdadı, o vaxt hələ MK-da işləyirdi. Elə ki, görürdü, 
rəhbərlikdən kimsə çıxış qapısına tərəf gedir, güllə kimi ora götürülürdü. Gülümsəyərək, başını aşağı salıb, qapını açırdı. 
Sonralar isə...” Heybətov köksünü ötürür. “Gündüzlər, iş vaxtı o, çox sadə adam idi. Zəngin həyata meyli, özünü heç 
nədə biruzə vermirdi. Zövqsüz, ucuz paltarlar geyinirdi, ancaq xidməti maşında gəzirdi, sadə mənzildə yaşayırdı. Amma 

 
7
gecə ki, düşdü, onu tanımaq olmurdu! Hətta Azərbaycan kompartiyasının MK-nin birinci katibi olandan sonra belə, eyş-
işrəti, qumarı tərgitə bilmirdi”. 
Qulamovun Azərbaycan SSR KP-nın Birinci Katibi seçilməsi də müəmmalı olmuşdu. Qafarovun qəfildən infarkt keçirərək 
ölməsi, ölmədən  əvvəl isə bir neçə  məclisdə,  ən  əsası isə Moskvada, özündən sonra ən layiqli namizəd kimi İslam 
Qulamovu gördüyünü dilə  gətirməsi, sonuncunun ləyaqətsiz  şəxsiyyətinə  bələd olan adamlarda istər-istəməz  şübhə 
doğururdu.  
Lakin, bütün şübhələrə baxmayaraq olan olmuş və İslam Qulamov 1985-ci ildə Birinci Katib seçilmişdi. 
SSRİ dövrünün mahir yaltağı olan İslam Qulamov, yaltaqlanmaqda o qədər qabağa getmişdi ki, respublika vətəndaşları 
üçün iş vaxtını da Moskvaya uyğunlaşdırmışdı. Ona qədər iş vaxtı səhər 9-da başlayıb, axşam saat 18.00-da qurtarırdı. 
Əslində, elə Moskvada da eyni sistem idi. Amma Spass qülləsindəki saat 18.00-ı vuranda, Azərbaycanda bir saat fərqlə 
19.00 olurdu. Qulamov isə  əmr eləmişdi ki, iş günü Moskvada iş bitəndə sona yetməlidir. Yəni Azərbaycanda 19.00 
olanda. 
Yeri gəlmişkən, SSRİ xalq deputatlarının 89-cu qurultayında, Sovet Konstitusiyasındakı Kommunist Partiyasının aparıcı 
rolu barədəki 6-cı maddənin dəyişdirilməsinin əleyhinə birinci səs verən də Qulamov olmuşdu. 
KP MK-nin Siyasi Bürosunun keçmiş üzvü Aleksandr Yakovlev yazır ki, “Biz Qulamovla Siyasi Büronun qurultaylarında 
və iclaslarında görüşürdük. Onda heç bir diqqətəlayiq cəhət görməmişəm. Demokratik islahatlar vaxtı onun özünü 
aparmağına gəlincə… nə bilim, mənə elə gəlir ki, onun heç vecinə də deyildi. Əgər Perestroyka başlamasaydı, o heç də 
məyus olmayacaqdı. Amma bir şeyi danmaq olmaz ki, onda şərqlilərə məxsus nəzakət, hörmətcillik vardı.” 
KP MK-nin Siyasi Bürosunun bir başqa keçmiş üzvü Yeqor Liqaçov isə yazır: “Adi, ortabab adam idi! Elə  də parlaq 
intellekti-filanı yox idi. Nəsə bir təşəbbüskarlığı da həmçinin. Taktikası da belə idi – hamı necə, o da elə. Buna görə də, 
çalışırdı kütləvi çıxışlar eləməsin. Belə baxanda çalışqan, qulluqpərgar adam kimi yadımda qalıb. Əslində, o vaxtlar elə 
hamı belə idi. Yadıma gəlir, bir dəfə xahiş elədi ki, respublikada içməli su təchizatı məsələsində ona kömək eləyim. Mən 
də etdim. Sonra mənə danışırdılar ki, Azərbaycanda o, tez-tez mənim sağlığıma badələr qaldırırmış. Deməli, 
minnətdarlıq hissindən məhrum deyildi”. 
SSRİ dağılandan sonra Qulamov uzun müddət bilmədi özünü necə aparsın. “Birdən hər şey təzədən əvvəlki vəziyyətə 
qayıtdı, onda necə?” Amma heç nə “qayıtmadı”. SSRİ adlı ölkə artıq süquta uğramış, geriyə dönüşü olmayan yola 
qədəm qoyulmuşdu. 
Müstəqilliyin ilk günlərində Azərbaycanda liberal dəyərləri mənimsəmiş demokratik qüvvələr formalaşmağa başlasa da, 
onlar repressiya aparatının vahid idarəçisi, cəza mexanizminin yeganə  nəzarətçisi, geniş inzibati resurslara malik 
Qulamovun qarşısında duruş  gətirə bilməyəcək qədər zəif idilər. Sonda, tiraniyadan qurtulmağı arzulayan xalqın 
qorxduğu oldu və Qulamov 98 faiz “səs çoxluğu” ilə Azərbaycan Respublikasının prezidenti seçildi. Avropa Şurası isə, 
Azərbaycanı Rusiyanın orbitindən çıxarmaq üçün, tez-tələsik aldığı qərarla bu ölkəni sıralarına qəbul edərək, tarixindəki 
ən böyük səhvi işləmiş oldu. Avropalılar bir az da gözləmiş olsaydılar,  İslam Qulamovun Avropa dəyərlərinə  və 
demokratiyaya hansı münasibətdə olduğunu özləri görəcəkdilər. 
Avropa  Şurası birinci şoku SSRİ-nin dağıldığı ilk günlərdə Demokratik İslahatlar Partiyasını quran və  qısa müddətdə 
ölkədə kifayət qədər populyarlaşaraq xalqın rəğbətini qazanan Qərbyönümlü liberal Niyazi Salayevin gülünc ittihamla 
həbs olunması ilə keçirdi. Onu ABŞ-a işləməkdə günahlandıraraq həbs etdirən Qulamovun sonrakı hakimiyyət illəri, 
Niyazi Salayevə 90 faizdən artıq səs vermiş xalqdan (seçkilərin real nəticələrindən çox yaxşı  xəbərdar olan Qulamov, 
ömrünün sonuna qədər Azərbaycan xalqına bunu bağışlamayacaqdı) intiqam almaq strategiyası üzərində qurulmuşdu. 
Avropa verdiyi tələsik qərardan ötrü peşman olmuşdu, amma artıq çox gec idi. Olan olmuşdu. 
1993-cü ildə, dünyanın nüfuzlu neft şirkətləri ilə Azərbaycan nefti və qazının satılması üzrə müqavilələr imzalayan İslam 
Qulamov, ilk neft-qaz gəlirləri  əlinə keçməyə başlayan kimi, özünə iqamətgahlar, saraylar tikdirməyə başladı. 
Respublikanın dörd bir yanında ucalan nəhəng və zövqsüz tikililərdə yalnız qızıldan və  mərmərdən istifadə olunurdu. 
Qulamovun çoxsaylı “oyuncaqları” arasında təyyarələrini, son model avtomobillərini, saat kolleksiyasını, məşhur 
rəssamların tablolarını, Dubayda aldığı villaları, hətta süni adaları da sadalamaq olar. 
1994-cü ildə, Rusiya Federasiyasına etdiyi uğursuz səfərdən qayıdan Qulamov, gözlənilmədən öz soyadından imtina 
etdiyini və bundan sonra Milli soyadından istifadə edəcəyini açıqlamışdı. “Mən milliyəm, soyadım da Milli olmalıdır” 
deyən Qulamov, maraqlıdır ki, bu soyadın istifadə hüququnu yalnız özü və ailə üzvləri ilə məhdudlaşdırmış, yerdə qalan 
Azərbaycan vətəndaşlarına “Milli” soyadını  qəbul etməyi qadağan etmişdi. “Mən hər zaman milli-mənəvi-dini 
dəyərlərimizə bağlı adam olmuşam. Hələ SSRİ dövründə dinimiz, milli dəyərlərimiz uğrunda vuruşmuşam. Kompartiyaya 
nifrət etmişəm, Qorbaçova da ağzımdan çıxanı demişəm. Adımı təsadüfən İslam qoymayıblar. Bu ad mənə, ağır ömür 
yolumda çox kömək olub. Soyadımı Milli etməklə, mən bütün dəyərlərimizi təcəssüm etdirən lider kimi adımı və soyadımı 
da şəxsiyyətimlə tamamlayaraq - İslam Milliyə çevrilirəm və ömrümün qalan hissəsini də xalqıma bağışlayıram!”. 
Bir baxıma, bu hərəkəti ilə milli və dini dəyərlərin əsl mahiyyətini açan İslam Milli, fərqində olmadan Azərbaycanın inkişaf 
yolunun yalnız və yalnız Qərbin liberal dəyərlərində olduğunu göstərmiş və milli-mənəvi dəyərlərə istinad edən azsaylı 
müxalif fikirli ziyalıları da, Qərbdən başqa alternativin olmadığına əmin etmişdi. Bəli, nə qədər paradoksal səslənsə də, 
ən azı buna görə, yeni soyadından əlavə “Millətin atası”, “Parlaq günəş” və “Dünyanı heyran qoyan adam” kimi titul və 
adlara sahib olan İslam Milliyə, dərin təşəkkür düşür.  
 
*** 
 

 
8
İslam Milli Azərbaycanda postsovet diktaturası qurmaq planını həyata keçirərkən yalnız “o”nun yardım və məsləhətlərinə 
arxalanır, “o”nun tövsiyələrini kompartiyada topladığı  təcrübədən və heyvani instinktlərindən üstün tuturdu. Əlbəttə, 
söhbət pul və iqtidar hərisliyində sərhəd tanımayan sadiq köməkçisi, həyat yoldaşı Qənirədən gedir. 
İslam, bütün uğurlarını borclu olduğu Qənirə Dostəliyeva ilə 1980-ci ildə evlənmiş, bu izdivacdan oğlu Elnur və 
Azərbaycan xalqı üzərində onilliklərlə davam edəcək olan hakimiyyəti doğulmuşdu. Həqiqətən də, məqsədyönlü Qənirə 
olmasaydı, bəlkə  də  İslam hakimiyyət zirvələrini belə asanlıqla fəth edə bilməz, ierarxiya pillələrinin birində ayağı 
büdrəyər, əzmi tükənərdi. 
Qənirə olmasaydı, İslam bəlkə də qeyrətə gəlib, inadkarlıqla Moskvaya yaltaqlanmaqdan bezə bilərdi.  
Qənirə olmasaydı, bəlkə də vicdanının səsini dinləyib, özünə opponent bildiyi xalqına divan tutmaqdan vaz keçə bilərdi.  
“Coco Chanel” ləqəbli ədabaz Qənirə olmasaydı, İslam Milli Avropalıları öz proqressivliyinə, müasirliyinə və islahatlara 
açıq olmağına inandıra bilməzdi. Avropa modasının  ən son təmayüllərinə, öz xalqının güzəranından daha yaxından 
bələd olan Qənirənin, Qərbliləri belə heyran qoyan geyimi-keçimi olmasaydı, İslam Milli Avropa siyasi çevrələrini hansı 
anturajla hipnozlayacaqdı? 
Ola bilsin bunlar sadəlövh ehtimallardır, istisna etmək olmaz. Lakin həqiqət həqiqətliyində qalır - doğrudan da qadın 
böyük qüvvədir. 
Qənirə 1955-ci ildə Qubada, kasıb kəndli ailəsində dünyaya göz açıb. Məktəbi həvəssiz oxuyan Qənirə yalnız  əmək, 
nəğmə və bədən tərbiyəsi dərslərindən yaxşı qiymətlər alırdı. On dörd yaşına çatanda o, Bakıya, dayısının evinə köçür. 
Burada orta təhsilini güc-bəla ilə başa vuraraq, özünə bir məşğuliyyət axtarır. Heç vaxt savad sarıdan kasad olduğuna 
görə kompleks keçirməyən Qənirə, intellektinin aşağı olması ucbatından girdiyi bütün işlərdən (aptek satıcısı, atelyedə 
dərzi köməkçisi, hətta mənzil-istismar sahəsində katibə) qısa müddət sonra çıxarılırdı. Amma məyus olmurdu, “əzmi” və 
“iradəsi” qırılmırdı. 
19 yaşı tamam olanda Qənirə Kommunist Partiyasına üzv olmağa qərar verdi və qəribə də olsa, buna nail oldu. SSRİ 
kimi nəhəng imperiyanın partiya sıralarına hansı  ağlının, savadının, istedad və bacarığının sayəsində daxil olduğunu 
özündən başqa bilən yoxdur. Gənc və perspektivli kommunist İslam Qulamovu da elə partiya təşkilatının iclaslarından 
birində görüb, bir könüldən min könülə vurulmuşdu. 
İlk baxışdan sonra ilk öpüş və öpüşün ardından Azərbaycan xalqının taleyinə yazılmış faciələr silsiləsinin təməl daşının 
qoyulması. 
1980-ci ildə  Qənirənin hələ “Azərbaycan xalqının anası”, “Azərbaycanın parlaq məşəli”, “Qəhrəman qadın”, “Elm və 
mədəniyyət işığı”, “Ziyalılığın meyarı”, “İsmət və namus abidəsi” kimi titulları yox idi. İki eşşəyin arpasını bölməkdə aciz, 
ortastatistik kəndli qızı  Qənirə, 1980-ci ildə  həyatını  İslamla birləşdirəndə, çox yox, beşcə il sonra hakimi-mütləqə 
çevriləcəyini heç xəyal da etmirdi.  
Bəlkə də edirdi.  
1985-ci ildə birinci katib seçiləndən dərhal sonra, İslam Qulamovun arvadına təqdim etdiyi birinci hədiyyəsi – kimyaçı 
diplomu oldu. Nə üçün məhz kimyaçı? Bu da, indiyə qədər cavabı tapılmayan suallardan biridir. Lakin, məsələ bununla 
da bitmədi. Müstəqillikdən sonra, alimlik ambisiyaları iltihablanan Qənirə, kimya elmləri doktoru olmaq eşqinə düşdü. 
Adını yazmaqda çətinlik çəkən savadsız bir qadının kimya elmləri doktoru olması, qarışıqlıq və xaosun hökm sürdüyü o 
illərdə çox diqqət cəlb etmədiyindən, fürsət bu fürsət deyən birinci ledi, Milli Elmlər Akademiyasının “akademiki” ünvanını 
da əldə etdi.  
Dostəliyeva soyadından imtina edərək Milli soyadını alan Qənirə, bütün xarici səfərlərdə ərini müşayiət edir, “İslam və 
Qənirə Millilər Pakistana rəsmi səfər etmişlər” kimi xəbərlərdən məst olur, on il cavanlaşırdı. 93-cü ildə, Milli cütlük 
Londona səfərə hazırlaşanda, Qənirə prezident sarayına çağırdığı Xarici İşlər nazirinə: “Səfəri elə qurun ki, yolüstü 
Parisə, ordan da Romaya dəyək. Təzə paltarlara baxmaq istəyirəm” deyə, tapşırıq vermişdi. Heyrətdən dili tutulan xarici 
işlər naziri, əvvəl bilməmişdi nə desin. Qənirənin boş və qəddar gözləri, nazirdən “baş üstə” cavabını gözləyərək nifrətlə 
baxırdı. Handan-hana özünə  gələn nazir, bu işin o qədər də asan olmadığını, müvafiq proseduralara ehtiyac 
duyulduğunu deyəndə, Qənirə: “Bura bax qodux! Sən anadan nazir doğulmusan? Nədi!? Biz səni qanadımızın altına 
alana qədər iylənmiş qoyunlarını otarmağın yadından çıxıb? Sən bilirsən mən kiməm? Bilirsəən!?” deyərək bağırmağa 
və masanı yumruqlamağa başlamışdı.  
Azərbaycan respublikasının sahibəsi,  ərinin boyhaboy portretlərini və yaltaq şairlərin ona yazdıqları misraları ölkənin 
dörd bir yanına asdırmışdı. Mədhiyyələr Qənirə üçün də yazılırdı. Məsələn məşhur bir mədhiyyədə deyilirdi: “Dahi 
rəhbərin yolunu işıqlandıran, Azərbaycanı qələbəyə aparan parlaq ulduz - Qənirə Milli!”.  
Telekanallar Qənirənin prezident aparatındakı kabinetini tez-tez göstərirdilər. Muzeyi xatırladan kabinetin divarları 
başdan-başa müxtəlif diplomlar, sertifikatlar, “elmi və pedoqoji fəaliyyətindəki uğurlarına” görə aldığı təşəkkürnamələr ilə 
dolu idi. Qənirənin bütün bu kolleksiyanı, xüsusilə də xarici ölkələrdə ona verilən diplomları necə əldə etməsi, illər boyu 
hər kəsi maraqlandıran sual olmuşdur. Çox az adam bilir ki, Avropa və Amerikada, üçüncü dünya ölkələrinin liderləri və 
oliqarxları üçün diplomlar, titullar, fəxri adlar hazırlayan institut və  təşkilatlar var. Azərbaycan Dövlət Təhlükəsizlik 
Nazirliyində (DTN) isə, dünyanın dörd bir yanında Qənirə Milli üçün diplom və fəxri ad axtaran xüsusi bir şöbə fəaliyyət 
göstərir. Məhz bu gizli şöbə, Milli cütlüyün bütün xarici səfərlərində, Qənirənin növbəti dəfə fəxri elmi ad və ya hansısa 
universitetin fəxri müəllimi titulunu almasını  təmin etməklə  məşğul olurdu. Hərdən Qənirə elmi konfranslarda da çıxış 
etməli olurdu. Fors-major xarakterli belə zərurətlər yarananda, Qənirə öz nitqini istisnasız olaraq siyasi-ictimai məsələlər 
üstündə qurur, bilmədiyi mövzuda danışıb biabır olmaqdan yamanca qorxurdu.  

 
9
Qənirənin “dünya şöhrətli alim və xanım” olmaq ambisiyası əlbəttə ki, bircə diplomla, ya da titulla təmin oluna bilməzdi. 
Qənirə həm də əşya xəstəsi idi. Xarici ölkələrin rəsmiləri, yaxud da tanınmışları ona mütləq hədiyyə təqdim etməliydilər. 
Belə  hədiyyələr verilməyəndə, Qənirə DTN nazirinə  zəng vuraraq təhqir edir, bəzən də onu Prezident sarayına 
çağıraraq, hamının gözü qabağında alçaldırdı. Buna görə də, DTN-nin xüsusi gizli şöbəsi, hədiyyələrlə də məşğul olurdu 
və hər xarici səfərdə, o ölkənin siyasiləri və tanınmışları Qənirəyə “gözlənilmədən” bahalı hədiyyələr – brilyantlar, qədim 
çini qablar, xalçalar, zinət  əşyaları  və s. – təqdim edirdilər.  Əlbəttə, TV-lər də bu kadrları gündə on beş  dəfə göstərir, 
xalqın şüuruna “Qənirə Milliyə dünyada böyük hörmət var” təsəvvürü yeridirdilər.  
Milli cütlük Fars Körfəzində olanda, İordaniya kralı Hüseyn azərbaycanlı dostlarını  dəniz gəzintisinə  dəvət eləmişdi. 
Heyət gəminin göyərtəsinə qalxan kimi Qənirə, İslam Millinin qolundan dartıb demişdi: “Mən də belə bir gəmi istəyirəm! 
Dərhal!”. İslamla göz-gözə gələn Hüseyn, Azərbaycanlı qonağın üzündəki ifadədən hər şeyi başa düşmüş və səhəri gün 
öz nümayəndəsini İslam Millinin yanına göndərmişdi. “Təəssüf ki, kral bu gəmini sizə hədiyyə edə bilməyəcək. Allah özü 
bu gəmiyə xeyir-dua verib. Amma Nyu-Yorkda bu gəminin eynisini düzəltdirib sizə göndərəcək. Buna söz verir”.  
Bir il sonra prezident Hüseyndən xəbər gəldi ki, gəmi artıq hazırdır. Gəmini vaxt itirmədən Qara Dəniz üzərindən Azov 
dənizinə, oradan da Xəzərə üzdürdülər. Bakıda, gizli bir limanda lövbərini saldılar və Qənirə, bircə dəfə olsun, nəinki bu 
gəmiyə minmədi, heç ona gəlib baxmadı da.  
İslam Millinin 2000-ci ilin avqust ayında qəfildən və şübhəli şəkildə ürəyinin dayanmasından sonra, onun qurduğu klan 
rejiminin qondarma parlamentinin sədri Zahid Əsədov prezident səlahiyyətlərini icra etməyə başladı  və 2000-ci ilin 
oktyabr ayında keçirilən prezident seçkilərində müxalifətin vahid lideri Niyazi Salayev qalib gəldiyi halda, Qənirə Milli 
xalqı qırğına verərək, prezident kreslosuna əyləşdi. 
 
 
 

 
10

: front -> files -> libraries -> 2421 -> books
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
libraries -> Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
books -> Nizami Gəncəvi. Fitnə
books -> Bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdaram. Əsasən də mənə daim dəstək olan dostlarıma
books -> Qurban Səid (Məhəmməd Əsəd bəy “Əli və Nino” Roman (1927)


  1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə