III FƏSİL
POST REVOLUTİON - 2
Cinayətin yalnız bəhanəyə ehtiyacı var.
Aristotel
Üsyan – kölənin şücaətidir.
Friedrich Nietzsche
113
İtirdiklərim
Gündəlikləri bitirdim. Kim olduğunu 32 yaşında dərk etməyə başlayan insan hansı hissləri keçirə bilər?
Bunu məndən soruşun.
Qara bloknotun birinci səhifəsini açan kimi tənhalığımın, yalqızlığımın müfəssəl təsvirləri ilə qarşılaşdım. Oxuduqca
özümə yazığım gəlirdi. Qəribə hissdir özünə kənardan baxa bilmək. Görünür bunu yaxşı bacarmaq üçün, hafizə tamam
silinməlidir. Gündəlik tutmağa başlamağımın səbəbi də sadə imiş - Sevillə ayrılandan sonra düşdüyüm depressiya,
təxminən il yarım sonra bu qara bloknotda qeydlər aparmağımla nəticələnib. Maraqlıdır, bəs niyə il yarım gözləmişəm?
Evimin təsvirləri, tör-töküntü, pəncərə önündə dayanıb yoldan keçənlərə baxaraq fikrə dalmağım, Rus parkında
gəzişməyim haqqında oxuduqlarım mənə o qədər doğma, əziz gəldi ki, elə bil bu sətirləri bir il əvvəl yox, dünən
yazmışam. Xüsusilə də parka aid hissəni oxuyarkən həyəcanlanmış, xəyalımda uşaqlıq çağlarım canlanmışdı.
Toğrul barədə yazdıqlarımdan, Sevilin nə qədər haqlı olduğu üzə çıxır – həqiqətən də, ən çətin anlarımda görüşüb
dərdləşdiyim tək sirdaşım məhz Toğrul olub. Dostluqla bağlı fikirlərimizin fərqli olduğu, onun bu məfhuma bir o qədər də
etibar etmədiyi məlum olsa da, münasibətlərimizə dostluqdan başqa ad qoymaq da olmur. Özü də çox möhkəm dostluq.
Gömrük komitəsində işləyən atasından asılı olan, amma arada-bir onun ziddinə getməyi də bacaran Toğrulun, siyasi
mövzulardan zindeyi-zəhləsi getdiyini başa düşürəm. Gündəliklərin onunla bağlı hissələrini, ən çox da aramızda yaşanan
mübahisələri oxuyarkən üzümdə qeyri-ixtiyari kədərli bir təbəssüm yaranır. Ürəyimdə isə səliqəsiz, kələ-kötür xətlə
yaratdığım bu canayaxın, səmimi dost obrazının mənim üçün elə kağız üstündə qalacağını, onunla bir daha heç vaxt
görüşməyəcəyimi, söhbət edə bilməyəcəyimi dərk etməyin sancısı var.
Rəna – sevib-sevildiyim qadın. Onunla Toğrulun ad günündə tanış olmuş, tanış olan kimi də aramızda mütləq nələrinsə
yaşanacağını, tanışlığımızın bu ad günü mərasimi ilə məhdudlaşmayacağını başa düşmüşəm. Vurulmaqdan, aşiq
olmaqdan qorxduğunu demişdi mənə. Mən də ən az onun qədər yenidən sevməkdən qorxduğumu ona etiraf etmişdim.
Lakin qorxularımız günü-gündən şiddətlə alovlanan sevgimizə məğlub olmuşdu. Hətta gün gəlmiş, münasibətlərimiz az
qala vətəndaş nikahı müstəvisinə keçmişdi. Sevişmə səhnələrimizi də yazmışam. Sevil onları oxuyubsa (oxuduğundan
şübhəm yoxdur) xəcalətimdən səhər üzünə necə baxacam? Yox, elə deyil, Sevilin yeri başqadır ürəyimdə.
Yazdıqlarımdan da bəlli olur ki, Rənaya və Sevilə qarşı keçirdiyim hisslər, hər ikisinin həyatımdakı yeri tamam fərqli olub.
Sevilə olan sevgimlə, Rənaya bağlılığım heç müqayisəyə gəlmir. Bəli, Sevil mənim üçün qat-qat dəyərli, doğma insan
olub. Yenə də qadındır, bu sətirləri oxuyarkən mütləq qısqanmışdır, başqa cür ola da bilməz. Xüsusilə də Rənaya
yaraşdırdığım iltifatları oxuyanda. Nə bilim, bəlkə də haqqı yoxdur qısqanmağa. Əvvəla özü də ərə getmişdi biz
boşanandan sonra. Belə olan halda, ömrümün sonuna qədər onun xatirəsinə sadiq qalıb, qadın üzü görməməyə and
içməli deyildim ki! Həm də, Rəna yoxdur artıq. Bir qəhrəman kimi özünü fəda edib. Bundan sonra nə qısqanclığı?
Rənanın xatirəsinə hörmətsizlik kimi çıxmasın, artıq Sevillə mənim aramda rəqib də qalmayıb. “Jaləsində yuyunmaq və
gecənin ayazında qızışmaq üçün yaz sübhündə şəfəqi gözləyən çəmənlər tək möhtacam sənə”. Bu cümləni oxuyanda
gülmək tutdu məni. Görəsən bu sözlər özümə aiddir, yoxsa hansısa kitabdan çırpışdırmışam?
Sevili həm də oğlumu dünyaya gətirən qadın olduğuna, mənə övlad bağışladığına görə sevmişəm. Bircə bu səbəb yetər
ki, ürəyimə ondan başqa heç bir qadın daxil ola, yerini tuta bilməsin. Gündəlikləri oxuduqca başa düşürəm ki, Özgürlə
nəfəs alır, onun üçün yaşayırmışam. Boşandıqdan sonra da dərd alıbmış məni - uşaq kiminlə böyüyəcək, necə tərbiyə
alacaq, kimə daha meylli olacaq? Atalığının səhnəyə çıxmasından sonra isə narahatçılığım daha da artıbmış. Hətta
Sevili hədələmişəm ki, uşağı alacağam səndən. Yaxşı ki, bu axmaq işə girişməmişəm. Əlbəttə, girişməzdim də. Atalığı
ilə yaşasa da, Özgürə güldən artıq söz deyəcəyi təqdirdə onun gözlərini oymağa hazır anası varıydı yanında, dayaq idi
oğluma. Narahat olmağa dəyməzdi. Amma yenə də ərə getməsini uzun müddət həzm edə bilməmiş, bunu ona
bağışlamamışam.
Özgür. Azad və ləyaqətli ölkədə yaşamağı ən çox onun üçün arzulamış, sistemin dəyişməsi uğrunda bacardığım qədər,
etiraz bildirmək səviyyəsində də olsa, kiçik mübarizəmi aparmışam. Məktəbdə yaşanan problemlər, “Qənirə ana” şeiri
üstündə düşən mübahisə də göstərir ki, Milli rejiminin dəyişməsi həyatımın yeganə amalına çevrilmişdi. Oğlumun heç bir
sarıdan korluq çəkməməsi üçün, qazandığım pulun ən az yarısını hər ay, müntəzəm olaraq Sevilin bank hesabına
köçürürdüm. Klinikada işləməkdən iyrənsəm də, peşəmə nifrət etsəm də, hər gün Rəna, ya da Sənangillə görüşmək, ya
da evimə qapanıb özümlə təkbətək qalmaq üçün iş saatının bitməsini səbrsizliklə gözləsəm də, işləməyə məcbur idim.
Yaxşı ki, Toğrul daima yanımdaydı.
Toğrul. Tələbəlik illərindən başlayan dostluğumuz Asiadentdə işlədiyimiz illərdə də davam etmiş, klinikada daha da
möhkəmlənmişdi. Ömrünə fırtına kimi daxil olub Toğrulun qəlbində gözəllik, saflıq adına nə varsa darmadağın edən,
həyata inamını göyə sovuran Zümrüd adlı qıza bəslədiyim kin və nifrət isə indi özümə qorxulu görünür. Mən bir insana,
özü də qadına bu dərəcədə nifrət edəcək adamam?! Görünür doğrudan da pis, sevimsiz insan olub ki, nifrətimi qazanıb.
Oxuduqca görürəm ki, məqsədi Toğrulu alçaltmaq, şəxsiyyətini tapdalamaq olub. Görəsən indi, Toğrul öləndən sonra
neynəyir, nə iş görür? Gərək sabah soruşum Sevildən.
Gündəliklərimdə, idbarlıqda Zümrüddən geri qalmayan bir başqa qadın tipi də var – mayor Dadaşovun mənə haqqında
sual verdiyi Şeyla. Prezident aparatının “Milli maraqlar” şöbəsinin başçısı, xalq arasında “milli Ghebbels” adı ilə tanınan
Səyavuş Oruc adlı adamın qızıymış. Onun dişlərini müalicə etmişəm. Yazmışam ki, “onun dişlərini qurdalamaq, həkim
praktikamda üzləşə biləcəyim ən böyük ədalətsizlik və bəxtsizlikdir”. Kabinetimdə siqaret çəkə-çəkə mənimlə siyasətdən
114
danışıb, rejimi müdafiə edib, səhv yolda olduğumu mənə sübut eləməyə çalışıb. Ona da nifrət edirmişəm. Nifrət etdiyim
halda da... sevişmişəm. Nə alçaq adamam!
Şeyla. Nədir bu adda məni bu qədər narahat edən, ürəyimi sıxan? Rənanı başa düşmək olar – sevirdim onu. Bəs
Şeylanı? Yazdığım qədər ikrah doğurubsa məndə, onunla bu biabırçı əlaqəyə necə, nə üçün girmişəm? Çətin ki, bu
sətirlər xəstə təxəyyülümün məhsulu olsun. Yox, ola bilməz! Doğrudan da sevişmişik. Deməli Sevil bunları da oxuyub.
Haqqımda nə düşünüb görəsən? Qadın görəndə ağzının suyunu axıdan şorgöz olduğumu fikirləşib yəqin. Doğrudanmı
mən belə adamam? Sabah Sevillə bütün bunlar barədə ətraflı danışmalıyıq. Onsuzda danışacağıq.
Qənirə Milli, İslam Milli, avtoritar rejim haqda də danışmalıyıq. Daha çox öyrənməliyəm, daha çox şey bilməliyəm.
Bloknota yazdıqlarımla Sevilin mənə verdiyi qəzetlərdə oxuduqlarım arasındakı uçurum açıq-aydın görünür. Qəzet
səhifələrini qarışdırdıqca, mənzərə tədricən şəkillənir beynimdə. Başa düşməyə başlayıram ölkənin hardan hara
gəldiyini. Azərbaycanı iki dövrə bölə bilərəm artıq – komadan əvvəlki və komadan sonrakı Azərbaycana.
Çox yox, iki-üç ay əvvəlin Azərbaycanı haqda qəzetlərdən oxuduqlarım kifayət edir ki, ölkədə polis rejiminin hökm
sürdüyünü, korrupsiyanın cəmiyyətin bütün sahələrini əhatə etdiyini, vicdan daxil olmaqla hər şeyin alınıb satıldığını başa
düşüm. Milli cütlüyünün ölkədə formalaşdırdığı hakimiyyət komandasının ideologiyası bütünlüklə rüşvət-korrupsiya
ideologiyası olduğundan, Azərbaycanda korrupsiya dövlətin rəsmi siyasətinə çevrilmişdi. Buna görə də hakimiyyətin
başında duranlar bir zəncirin halqaları kimi bir-birinə bağlanmış, hamı bir cinayətin – rüşvət-korrupsiyanın məhkumuna
çevrilmişdi. Məhz bu səbəbdən rejim demokratiyaya, qanuna qənim kəsilmiş, hüquqa düşmən olmuşdu. Uzun illər
ölkənin təbii sərvətlərini talayaraq, gələcəkdə milyonlara insanın fəlakətini, faciəsini hazırlayan rejim sabahı düşünmədən
soymağa, qəsb etməyə davam etmişdi.
Oxuduqca görürəm ki, narazıların inqilaba, dəyişikliyə ümidləri möhkəm olsa da, Qərbin dəstəyinə, köməyinə dair
bədbinliyi də varmış. “Qərbi ancaq neft düşündürür”, “Həlledici məqamda hakimiyyətlə razılaşıb yenə demokratiyanı
satacaqlar”. Az qala folklora çevrilmiş bu gileylər Azərbaycanda həm siyasətçilərin, həm də sadə xalqın dilindən tez-tez
səsləndirilib, insanlar arasında ümidsizlik sindromu yaradıb. Sevilin mənə verdiyi qəzetlər arasında, bir vaxtlar Sənanın
da işlədiyi Liberal qəzetinin iki həftə əvvəlki sayında maraqlı bir məqaləyə rast gəldim. Kərim Rəşidoğlu adlı jurnalist
yazırdı: “İnqilabdan əvvəl Qərbə qarşı giley-güzarlı olan; ABŞ-ın, Avropanın xainliyindən danışan vətəndaşlarımıza
cavab olaraq deyirdik ki, “xalq yalnız öz gücünə arxalanmalı, inqilabın resurslarını öz daxilində axtarmalıdır”. Deyirdik ki,
“Hər şey Qərbin nə zaman və necə dəstək verib-verməməyindən yox, Azərbaycan xalqının ortaya qalibiyyət şanslı
demokratiya mübarizəsi qoymasından asılıdır”. Zaman, bizim nə qədər haqlı olduğumuzu göstərdi. O ki, qaldı Qərbə,
mən dünən olduğu kimi, bu gün də Qərbin ikiüzlülüyündən danışmağın, “Qərbi demokratiya maraqlandırmır” deməyin
tərəfdarı deyiləm. Bu, haqsız iraddır. Nədir demokratiya? Xalqın öz hökumətini təşkil edib onu idarə etməsinə əsaslanan
effektiv idarəçilik üsulu. Bu gün dünyanın bütün inkişaf etmiş ölkələri demokratiyanın bərqərar olduğu ölkələrdən
ibarətdir. Artıq bunun özü inkişaf etmək istəyən hər bir xalqa bir işarə olmalıdır. Lakin həmin demokratik ölkələr yalnız öz
xalqlarının qarşısında məsuliyyət daşıyırlar və Əfqanıstan, İraq, Azərbaycan qarşısında üzərilərinə heç bir öhdəlik
götürməyiblər. Zaman-zaman demokratik dövlətlər İraq, Əfqanıstan, lap elə keçmişdə Azərbaycan kimi avtoritar rejimlər
ilə sövdələşməyə gedib, öz maraqlarını təmin ediblər və edəcəklər. Ancaq bütün bunların demokratiyaya nə dəxli? Əgər
ABŞ Əfqanıstanı bombalayırsa, İraqa qoşun yeridirsə, yaxud keçmişdə olduğu kimi Azərbaycandan ən müxtəlif
sahələrdə güzəştlər qoparırsa, bütün bunlar Azərbaycanda seçki saxtakarlığına, məmur özbaşınalığına, aşkar
avtoritarizmə necə haqq qazandıra bilər? Amma bütün bunlar geridə qaldı - xalq nəhayət ayağa qalxdı və qalib gəldi.
Xalqın hakimiyyətə gətirdiyi Niyazi Salayev indən belə istəsə də sələflərinin yolunu gedə, diktatora çevrilə bilməz. Onu
bir kərə ora gətirən xalq, zərurət yaranarsa endirə də bilər...”
Milli rejimi. Ordusu, polisi, kəşfiyyatı, qoçu dəstələri olan, sarsılmaz kimi görünən bu rejimin başçılarının eyni zamanda
nə qədər zövqsüz olduğunu da yazmışam gündəliyimə. Aristokratiyaya, intelelktualizmə iddialı olan Qənirənin əslində
aqrar təfəkkürlü, zövqsüz bir arvad olduğunu, ərinin qurduğu və özünün davam etdirdiyi avtoritar üsul-idarəyə bütün
dünyanın güldüyünü də yazmışam. Hər şeyləri ilə saxta olan bu adamlar kübar görünməyə, Qərb dəyərlərinə “açıq”
olduqlarını nümayiş etdirməyə çalışdıqca batır, biabır olurdular. Onlara nə klassik musiqiyə qulaq asmaları, nə də ki,
Cartier ya da Dolce Gabbana-dan “shopping” etmələri kömək etmirdi. Xüsusilə Qənirə - “çuşka” damğası ilə ömürlük
damğalanmışdı.
Sevilin mənə verdiyi qəzetlər bəs elədi ki, ölkədə nələrin baş verdiyini, illər boyu necə yaşadığımızı, Azərbaycanda hansı
quruluşun hökm sürdüyünü öyrənmiş olum. Lakin hamının həsrətlə gözlədiyi azadlığın necə əldə olunduğunu görə
bilməməyimi, xalqın mübarizəsində ön sıralarda olmamağımı özümə bağışlaya bilmirəm. Həyatın mənim üçün yarım illik
müddətə dayanması mənim günahım olmasa da, vicdan əzabı çəkirəm indi. O qəzaya düşməsəydim, mən də o günləri
görəcək, sevinc dolu zəfər anlarını yaşayacaqdım. Mütləq yaşayacaqdım.
Yeri gəlmişkən, qara bloknotu oxuyub qurtarandan sonra yüksək yazı qabiliyyətinə malik olduğumun da fərqinə vardım.
Yazdıqlarım özümü də təəccübləndirmişdi. Hətta Sənan da məndə yazıçılıq istedadının olduğunu dəfələrlə deyib, məni
yazmağa təşviq edibmiş. Belə çıxır ki, mən də gizlincə yazır, yazdıqlarımı hər kəsdən, hətta Toğruldan, Rənadan, elə
Sənanın özündən də gizlətmişəm. Qəzaya düşməsəydim yazmağa davam edəcəyim bu gündəliklərdə kəllə-mayallaq
şəxsi həyatım, ölkədəki ağır siyasi vəziyyətlə bağlı depressiv qeydlərimdən başqa, işıqlı məqamlar da çoxdur. Dəyər
verdiyim, sevdiyim insanlar haqqında təəssüratlarımı, onlara qarşı hiss etdiklərimi oxuduqca, normal həyatımda kifayət
qədər sosial, istiqanlı insan olduğumu gördüm. Ateist olduğum da aydın oldu mənə. Əlbəttə, indi də tanrı, yaradılış
haqda fikirləşəndə fövqəl qüvvəyə inanmadığımı, bunlarsız daha rahat olduğumu hiss edirəm. Ümumiyyətlə gündəliklər
acı, şirin, məzəli, kədərli səhnələri ilə qaldı yadımda. Roman Bakinskinin “Mozart” kafesi, rusdillillilər, atamın siçovulların
hücumuna məruz qalan şəkli haqqında yazdıqlarım məni güldürsə də, ADNA-da baş verən qırğına, Elmar Hüseynovun
ölümünə, Zümrüd və Şeyla adlı qadınlara dair qeydlərim məni dərindən sarsıtmışdı. Bu siyahıda adı xüsusi seçilən
Şeyla, hələ xəstəxana günlərimdən məni rahat buraxmır. Hər dəfə onun adı yadıma düşəndə qorxu, həyəcan keçirirəm.
Niyə?
115
Sevil arzulayıram, amma oyatmayacağam. Şirin yuxudadır.
***
Səhər on birə işləmiş, mətbəxdən gələn qab-qacaq, axan su səslərinə oyandım. Qaz plitəsinin qabağında qurdalanan
Sevilə arxadan yaxınlaşıb qarnını qucaqladım, boynundan öpdüm. Cingilti ilə gülüb:
- Acsan? – soruşdu.
- Elə də yox. Kofe içərəm.
- Mama zəng eləmişdi, Özgürü məktəbə aparıb. Axşam mən gedib gətirməliyəm evə. Gələrsən mənimlə?
- Əlbəttə gələrəm – sevindim. – Həm də görüm uşaq harda oxuyur.
Sevil qaynayan çaydanı kənara çəkib, mənə kofe hazırlamağa başladı.
- Gündəlikləri axıra qədər oxudun?
- Hə, oxudum – taburetə oturub dedim. – Qəzetləri də oxudum, gündəlikləri də.
- Necə oldu?
- Nə necə oldu?
- Nəsə düşdü yadına?
- Sən deyən çox şey yox. Bircə bu Şeylanı başa düşə bilmirəm. Necə olub ki, belə bir adamla yaxınlıq qurmuşam –
dedim və xəcalətimdən gözlərimi Sevildən qaçırtdım. - Polis də bu qadın haqda sual vermişdi. Sən də elə bil birtəhər
olmuşdun mayor mənimlə danışanda.
Sevil buğlanan fincanı qabağıma qoyub, mənimlə üzbəüz əyləşdi.
- Gündəliklərdə yazmısan ki, klinikada səndə müalicə olunub. Əvvəl aranızda mübahisələr olub, sonra isə... kabinetdə
sevişmisiniz. Hamısını oxumuşam – çəkinərək dedi. - Bəlkə də elə şey olmayıb, özündən uydurmusan – Sevil özü də
bilir ki, bu, belə deyil. – Sən xəstəxanaya düşəndən təxminən iki həftə sonra polislər gəlib mənimlə görüşdülər. Şeyla adlı
qadınla maraqlanmağa başladılar. O vaxt hələ bu evə gəlməmişdim deyə gündəlikləri görməmişdim, oxumamışdım,
bilmirdim kimdən söhbət gedir. Sonra, xəstəxanada sənin cibindən çıxan şeyləri verdilər mənə - şəxsiyyət vəsiqəni, 230
manat pulu, evin açarını. Gəlib evdə yır-yığış eləyəndə bloknotu tapdım. Səninlə qəzadan bir gün əvvəl görüşəndə bu
bloknotu mətbəxdə görmüşdüm. Mənə demişdin ki, gündəlik tuturam. Oxumağa başladım. Şeylanın adına orda rast
gələndə hər şey aydın oldu mənə.
Sevilin sözünü kəsdim:
- Polislər səndən nə soruşmuşdular ki?
- Dedilər Şeyla adlı qadın sizin keçmiş ərinizin yanında müalicə olunub, indi də itkin düşüb, tapa bilmirik. Axırıncı dəfə də
Murada zəng vurub, onunla danışıb. Bilmək istəyirdilər mən o qadın haqqında nəsə bilirəm, ya yox. Sonra evdə
gündəlikləri oxuyanda, başa düşdüm ki, bloknotu gizlətmək lazımdır, çünki orda Şeylaya olan nifrətini, qəzəbini
yazmısan, polisin əlinə keçsəydi onlar üçün bəhanə ola bilərdi. Bloknotu götürüb apardım anamgilə, orda gizlətdim. Bir
də inqilabdan sonra gətirdim evə. Nə mən, nə polislər o vaxt hələ bilmirdik sən sağalacaqsan ya yox. Bir gün də iki mülki
geyimli şəxs gəldi xəstəxanaya. Həkimlə danışdılar ki, nəyin bahasına olur olsun səni sağaltmalıdırlar, çünki çox böyük
adamın qızı yoxa çıxıb, sən isə bu barədə nəsə bilə bilərsən. Sonra birdən-birə polislərin də, mülkilərin də ayağı kəsildi.
İndi yenə dadanıblar. İnqilabdan sonra mayor Dadaşov bir-iki dəfə gəlib-getmişdi. Sən komadan çıxandan sonra o, yenə
gələndə, elə bildim qəzanın sağ qalan şahidi kimi səni dindirmək istəyir. Amma o da Şeyla ilə maraqlanmağa
başlayanda, adını çəkəndə diksindim.
Kofedən bir qurtum içib, düşüncəli baxışlarımı soyuducunun üstündəki maqnitli heyvan fiqurlarında saxladım.
- Səncə o qızın yoxa çıxmasının mənə bir dəxli var?
Belə bir sualı gözləməyən Sevil gözlərini bərəltdi.
- Sənə nə dəxli ola bilər?! Bunu nə üçün soruşursan? Nədənsə şübhələnirsən?
- Yox, elə belə soruşdum. Bəlkə deyirəm məndən şübhələnmək üçün əsasları var?
- Boş danışırsan. Səndən niyə şübhələnsinlər?
- Onda sən niyə gündəlikləri gizlətmək ehtiyacı hiss etdin? Orda mənim ziyanıma işləyən nə var ki?
Sevil çaşdı, sağa-sola baxdı, əli ilə masanın üstünü bir neçə dəfə sildi.
- Nə bilim. Birdən ağlıma gəldi ki, ordakı seks səhnəsi onları qəzəbləndirə bilər. Baxma da, balaca adamın qızı deyil.
- Sən də ona görə gizlətdin?
- Yox. Dedim axı, orda həm də söymüsən onu, ağzına gələni yazmısan. Nifrət edirəm, murdardır, idbardır, nə bilim
iyrəncdir. Bunlar bəs deyil? Həm də səni hədələdiyini, şantaj etdiyini yazmısan. Əsas məsələ budur.
116
- Nə olsun ki, hədələyib?
- Polislər üçün bu əsas ola bilər.
- Deməli əsas var.
- Xeyr, mənim səndən şübhələnməyim üçün əsas yoxdur. Amma polislər üçün ola bilər deyirəm. Onları tanımırsan? Ən
xırda şeyin ucundan tutub ucuzluğa gedirlər.
Sevil düz deyir. Mən Şeylanın hara yoxa çıxdığını, qeybə çəkilməyinin mənimlə nə əlaqəsi olduğunu doğrudan bilmirəm,
başa düşmürəm. Lakin ürəyimə çökən qəribə bir ağırlıq var - nəsə hiss edirəm sanki, xatırlayan kimi oluram, amma
konkret heç nə canlanmır şüurumda. Bu da əzab verir mənə.
- Əgər qəza iki-üç gün gec baş versəydi, Şeyla ilə görüşməyiniz haqqında da yazacaqdın. Gündəliklərdəki son yazı,
mənim evə gəlməyim barədədir. Axırda da yazmısan ki, sabah Şeyla ilə görüşməlisən.
- Bilirəm, oxumuşam. Bəlkə deyirəm ona nəsə...
- Sus! Bəsdir! - Sevil qətiyyət və əsəblə dedi. – Biz nə bilək qız hara cəhənnəm olub? Bundan sənə nə?
Haqlıdır Sevil – mənə nə onun yoxa çıxmasından? Polis mənimlə bir də bu barədə danışsa, açıq deyəcəm ki, birincisi
Şeylanı xatırlamıram, ikincisi də ki, itkin düşübsə bunu məndən niyə soruşursunuz? Deməyinə deyəcəyəm lakin məni
narahat edən, anbaan təqib edən bu qeyri-müəyyən duyğudan xilas ola biləcəyəmmi? Nədir ürəyimi bu qədər sıxan?
Nədir?
- Əşi beynini belə şeylərlə yorma, hər şey düzələcək. Onsuzda quruluş dəyişib, Səyavuş Oruc da qaçıb gedib xaricə, heç
malını-mülkünü də apara bilməyib. Onun özünə cinayət işi açıblar. Kimdi Şeylanı itirib-axtaran?
- Quruluş dəyişib – dedim, Sevillə göz-gözə gəldim. – Oxudum hamısını. Deməli illər boyu biz belə bir şəraitdə
yaşamışıq. Mən isə arzuladığım dəyişikliyi gözlərimlə görmədim, dostlarım meydanda ölərkən, dərin yuxuda idim.
- Düz yetmiş iki nəfər. Yetmiş iki gənc insan, həyatının baharında meydanda can verdi – Sevil kədərlə dilləndi. – Bəlkə
meydanda olsaydın, sənə də nəsə olardı.
- Nə demək istəyirsən? Yaxşı olub ki, komaya düşmüşəm?
- Elə demək istəmədim – Sevil tərəddüdlə dedi. – Qismət belə imiş.
- Bəsdir sən canın. Qismət nədir?
Sevil güldü:
- Düz deyirsən, gündəliklərdə qismət barədə yazdıqlarından sonra bu sözü dilimə gətirməməliyəm. Sənə bir söz deyim,
amma gülmə.
- Gülməli şeydirsə necə gülməyim?
- Xəbərin var ki, sən əməlli-başlı yazıçısan?
- Nə danışırsan? – təəccüblə soruşdum. – Nə yazıçısı?
- Düz sözümdür, gündəliklərini oxuyanda elə bil həyəcanlı, maraqlı roman oxuyurdum. İstəsən orasını-burasını düzəldib,
yaxşıca redaktə etdirib roman kimi çap etdirə də bilərsən.
Sevil zarafat etmirdi, ciddi danışırdı. Susub heyrətlə ona baxdığımı, deməyə söz tapmadığımı görüb daha da ürəkləndi.
- Xahiş edirəm, bunu elə. Səndə alınacaq, yüz faiz bilirəm. İstəmədiyin yerləri ixtisara sala bilərsən, hansısa yerlərinə
əlavələr edərsən. Nə bilim... özün daha yaxşı bilirsən neynəmək lazımdır.
- Bəsdir də. Kimə lazımdı mənim gündəliklərim?
Səsimdəki qətiyyətsiziliyi fərq edən Sevil bir az da ruhlandı:
- Naz eləmə! Deyirəm sənə götür yaz. Onsuzda hələ bir ay işə çıxan deyilsən, evdə oturub müalicə alacaqsan. Xeyli boş
vaxtın olacaq. Başa düşürsən ki, sənin bu gündəliklərin tarixi sənəddir? Özü də mənə qalsa onun ikinci hissəsini də yaza
bilərsən, belə daha maraqlı olar. Qəzadan əvvəl və qəzadan sonra. Komadan yaddaşsız vəziyyətdə ayılandan sonra
nələr hiss eləmisən, ölkədəki dəyişiklik sənə nə cür təsir eləyib, adamları necə tanımağa başlamısan. Görürsən nə qədər
mövzu var?
Açığı, Sevilin səsləndirdiyi bu fikir dünən gecə gündəlikləri oxuyarkən mənim də ağlıma gəlmişdi. Xeyr, qeydlərimi roman
şəklində kitab mağazalarının rəflərində görmürdüm, amma onların yazıldığı dil, üslub mənə olduqca maraqlı görünmüş,
hətta bunları həqiqətənmi özümün yazıb-yazmadığıma şübhəm yaranmışdı. Sevil isə məni dilə tutmağa davam edirdi:
- Sənan da həmişə deyərdi ki, Murad istəsə yazıçı ola bilər. Bunu gündəliyində də yazmısan. Rəhmətlik sənin əsər
yazmağını çox istəyərdi, inanırdı sənə. Sən də yazsan, rəhmətliyin ruhu şad olar.
Qadın ki, qadın. Sənanın haralardasa göylərdə ruhunun yaşadığına, kitab yazsam sevinəcəyinə inanır. Özü də nə
deyirsən de, bu inancına sona qədər sadiq qalacaq. Daha ona başa salmaq olmayacaq ki, Sənanın bədəni çoxdan
çürüməyə başlayıb, əti də sümüklərindən aralanıb, ruhu isə ümumiyyətlə yoxdur, heç vaxt da olmayıb. Deyəsən Sevil,
özünü məşhur bir yazıçının arvadı hiss edirdi artıq. Elə hey danışırdı:
117
- ...Təsəvvür elə ki, roman bizim ayrılmağımızla başlayır, ya da xəstəxanada ayılmağınla. Nə bilim, sən daha yaxşı
bilərsən. Bəlkə kitab Millilərin hakimiyyətə gəlişi ilə başlasın? Məncə gündəliklərdəki ardıcıllıq necə var, elə də qalsın.
Mənə elə baxma, səninlə ciddi danışıram. Çox maraqlı roman alınacaq, inan mənə. Sevgi, siyasət, dostluq, məişət – hər
şey olacaq orda. Sonra da amneziyaya düçar olmuş qəhrəmanın komadan ayılandan sonrakı həyatı. Bu, ikinci hissə
olsun. Gülürsən, məni də əsəbiləşdirirsən! Gündəlikləri oxuyanda, doğrudan bədii əsər kimi oxumuşdum. Özümə də söz
vermişdim ki, sən sağalandan sonra sənə mütləq roman yazdıracam.
Sevilin mənə olan inamından, sağalacağıma dair əminliyindən təsirləndim:
- Deməli inanırdın ki, sağalacam, hətta roman da yazacam?
- Bəs necə? Oxuyanda gah gülürdüm, gah ağlayırdım, inanırsan? Öz-özümə demişdim ki, sağalsın, mütləq onu dilə
tutacam.
- Dedin də, elədin də.
- Nədi, bəyəm pis təklifdi?
- Yox – sevgi və minnətdarlıqla Sevilə baxıb dedim. – Əla təklifdi.
Gözləri parıldadı, qabağa əyilib hərarətlə soruşdu:
- Deməli yazacaqsan?
- Ola bilər. Fikirləşməliyəm. İndi heç nə deyə bilmərəm. Yazmaq üçün gərək bir az yadıma nəsə düşsün axı. Dünən
oxuyanda elə bil zaman-zaman beynimdə qığılcımlar parıldayıb sönürdü. Solğun, bulanıq sifətlər, hadisələr xatırlayırdım,
sonra təzədən hamısını unudurdum. Çox ağırdır. Sevdiyim üç insandan heç biri bu gün həyatda yoxdur. Təsəvvür
edirsən? Nə Toğrul, nə Sənan, nə Rəna. Heç biri qalmayıb. Hamı tərk edib gedib bizi – dedim və başa düşdüm ki,
dediklərim onun qüruruna toxuna bilər.
- Yəni üçünü də dost kimi nəzərdə tuturam. Rənanı da.
- Murad bəsdir! Bu söhbətin heç yeri yoxdur. Səni qısqanıram bəyəm? Biz boşanmışdıq, istədiyin qadını sevə bilərdin,
buna haqqın çatırdı. Hətta... indi də haqqın var.
- Sən nə danışırsan?
- Yəni biz hələ də evli deyilik. Səni başa düşürəm, Rəna haqqında mənimlə danışmaq səni incidir, bəs mən neynəyim?
Elə bilirsən mənim üçün asandır? Rasimlə evləndiyimə görə özümü bağışlaya bilmirəm, bu hərəkətimdən çox utanıram.
- Sevil.
- Hə, utanıram. Amma olan olub, keçən keçib. Biz indi gələcəyə baxmalıyıq. Əgər sən də bir yerdə yaşamağımıza etiraz
eləmirsənsə.
- Bu nə sözlərdir danışırsan?! – taburetimi yanına çəkdim, əlimi çiyninə qoydum. – Dəlisən? Mən sənsiz yaşaya bilərəm?
Dodaqlarından, yanaqlarından, gözlərindən öpməyə başladım. Elədir. Bundan sonrakı həyatımı onsuz təsəvvür edə
bilmirəm. Gözümü açdığımda gördüyüm ilk insan olub Sevil - aylar boyu başımın üstündən ayrılmayan, mənə öz inamı
ilə güc aşılayan, ürəyimi sevgi və iradə ilə dolduran; yenidən və daha şiddətli sevməyə başladığım qadın.
- Əl-üzünü yumamış öpüşürsən? – gülərək dedi. – Özün yazmısan ki, səhər obaşdan öpüşənlərdən zəhlən gedir.
- Hmm. Nə olsun ki. Kofe içmişəm, ağzımdan iy gəlmir. Nədi? Niyə elə baxırsan mənə?
- Mən necə də sənin qədrini bilməmişəm.
- Elə mən də. Bir-birimizin qədrimizi bilməmişik. Belə desək daha düzgün olar. Sən heç demədin, Rasimdən necə
ayrıldın. İndi hardadır, neynəyir?
Sevil həvəssiz dedi:
- Sən xəstəxanaya düşəndən iki ay sonra boşanma ərizəsini yazdım. Heç bir ay çəkmədi.
Bu böyük qəlbli qadının cəsarətinə, mərdliyinə heyranam.
- Üç “S”.
Gülə-gülə yanağımı oxşadı.
- Mən də səni sevirəm – dedi. – Bundan sonra səndən ayrı yaşaya bilmərəm. Bunu xəstəxanada başa düşdüm. Razıyam
səninlə - hər kəsi, bütün yaxın dostlarını itirmək insan üçün çox ağırdır. Deyirəm də, yaddaşın yerinə qayıdanda daha
çox əzab çəkəcəksən. Mən ən çox o gündən qorxuram.
- Yaxşı yadıma düşdü. Onların şəkilləri var evdə?
Sevil alnına yüngülcə şapalaq vurdu:
- Vay vay vay! Mən səndən də beşbətər yaddaşsızam ki! Gözlə gəlirəm.
İti addımlarla mətbəxdən çıxıb qonaq otağına getdi, yarım dəqiqə keçməmiş əlində noutbukla geri qayıtdı.
- Burda istəmədiyin qədər şəkil var.
118
Kompüterin açılıb işə düşməsini nə çox gözləmək lazımmış! Ekranda donub qalan “Windows” yazısı məni hövsələdən
çıxartsa da, sakitcə oturub gözləyirdim. Nəhayət açıldı. Sevil qovluqlarda bir neçə saniyə qurdalanıb şəkillər olan
qovluğu açdı. Bir yandan Sevilin diqqətlə monitora dikilmiş üzünə, bir yandan da ekranda gördüyüm kiçik fotolara
baxırdım. Sevil onlardan birini böyüdüb mənə göstərdi:
- Bax, bu Rənadır.
Şəkilin böyüməsi ilə ürəyim tez-tez döyünməyə başladı. Dünən gündəliklərdə Rəna ilə bağlı hissələri oxuyanda
beynimdə hansı qadın obrazı canlanmışdısa, monitordan da o obrazı görürdüm. Bu qədər təsadüf olmaz. Yox, təsadüf
nədir? Bu sözün heç yeri yoxdur. Əksinə oxuduqca tanıyırdım, tanıdıqca cizgiləri müəyyənləşir, siması şəkillənirdi
şüurumda. Bu da nəticəsi. Deməli düzəlirəm, yaddaşım qayıdır özümə. Şəkildə Rəna üzünü üzümə yapışdırmışdı, ağzını
iri açıb gülürdü. Mənimsə başımda kloun papağı varıydı. Bu papağın başımda olmasından deyəsən məmnun deyildim
deyə sifətimi turşutmuşdum. Rəna isə əksinə, olduqca xoşbəxt görünürdü. Sevil yanımda oturduğundan həyəcanımı,
duyğularımı gizlətməliyəm. Coşmamalıyam. Kişilər qadınların hansı məqamlarda qısqandıqlarını altıncı hissləri ilə
duyurlar. Sevil min dəfə də “yox, qısqanmıram” desə, Rəna artıq çoxdan ölmüş olsa da, fotoya baxarkən ifrat
emosionallıq nümayiş etdirsəm, mütləq qısqanacaq. Bilmirəm, bəlkə də yanılıram. Yenə də hər ehtimala qarşı hisslərimi
içimdə boğub, laqeydcə:
- Başqa şəkil yoxdur? – soruşdum.
Başqa şəkillər də varıydı. Rənanın bir-birindən gözəl, iyirmiyə yaxın fotosu bir-bir gəlib keçirdi monitordan. Görünür
ikimiz də şəkil çəkdirmək həvəskarı olmuşuq. Hər şəkildən sonra bir az da tanıyır, bir az da ürəyim yanırdı. Onun itkisinin
şiddətini, acısını hiss etməyə başlayırdım. Artıq dözə bilmirdim, boğazımdakı qəhər düyünü nəfəs almağımı
çətinləşdirirdi. Nə yaxşı ki, fotolar bitdi.
- Bu da Toğrul – Sevil dedi.
Monitordan, şıltaq gözləri ilə obyektivə gülən yaraşıqlı oğlan baxırdı. Yox, Rənanın obrazını təxmin etdiyim kimi Toğrulu
hiss etməmişdim, amma yenə də bu üzün mənə tanış gəldiyini əminliklə deyə bilərəm. Bəli, tanımışdım onu. Harda, nə
vaxt görüşdüyümüz barədə heç nə bilmirəm, amma tanıyıram. Budur, mən və Toğrul hansısa dağda, şəlalənin fonunda
dayanmışıq, bu şəkildə isə dəniz sahilindəyik, burda at çapırıq, Toğrul sükan arxasındadır, Toğrul dizlərinə qədər girdiyi
dayaz çayda tutduğu balığı sevinclə nümayiş etdirir, Toğrul, mən və Sevil hansısa kafedə oturmuşuq. Bu, lap köhnə
şəkilə oxşayır.
Sevil:
- Sənanın elə də çox şəkili yoxdur - dedi və mənə iki şəkil göstərdi.
Birində Sənan redaksiyada, monitor arxasında oturmuşdu, obirində isə dostları ilə çayxanada. Fotolardan ilk nəzərə
çarpan onun kədər dolu gözləri, hər şeydən bezmiş insanın ümidsiz baxışları olsa da, ümumiyyətlə müsbət enerjili adam
təəssüratı bağışladı mənə. Çayxanada çəkilmiş şəkilə diqqətlə baxdım. Sənandan başqa masanın ətrafında əyləşmiş üç
nəfərdən heç birini təbii ki, tanımadım.
- Toğrul harda basdırılıb? – qəfil soruşdum.
Ani sualımdan təəccüblənən Sevil gözlərini monitordan ayırıb köks ötürdü:
- Yasamal qəbiristanlığında.
- Apararsan məni ora?
- Əlbəttə. O nə sözdür.
- Bəs Sənangil?
- Onlar da Fəxri xiyabanda. Yetmiş iki nəfərin hamısı eyni qəbiristanlıqdadır.
- İndi çıxa bilərik?
- Çörək yeməyəcəksən?
- Yox, ac deyiləm.
- Onda çıxaq. Sən get geyin, mən də buraları təmizləyim gəlirəm.
|