Esxatoloji perspektivdə avtoritarizm anatomiyası



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə16/20
tarix25.01.2017
ölçüsü2,27 Mb.
#6400
1   ...   12   13   14   15   16   17   18   19   20

IV FƏSİL 
 
LAPSUS MEMORIAE 
 
 
Məsələ orasındadır ki, nəyinsə “həqiqətən də” başımıza gəldiyinə,  
nəyisə “doğrudan da” yaşadığımıza dair heç birimizin əlində dəlil-sübut yoxdur.  
Məsələn oturmusan öz evində tualetdə,  
amma “doğrudan da” tualetdə oturub-oturmadığını özün də bilmirsən.  
 
Maks Fray 
“Sadə sehrli şeylər” 
 
Açığı, hallüsinasiyalar çox iyrəncdir. Lakin müəyyən zaman sonra  
belə şeylərə öyrəşməyə başlayırsan.  
Bir də görürsən ağzında bıçaq tutmuş rəhmətlik nənən,  
ayağının üstündə sürünür.  
 
Hunter Thompson 
“Las Vegas-da qorxu və nifrət” 
 

 
129
Dəlixana qeydləri - 1 
(Kabus görmüşəm, yata bilmirəm)  
 
 
 
Deyəsən zamanın çarmıxına gərilmiş, bu dünyaya aid olmayan varlığa çevrilmişəm. Başım zaman adlı  məngənədə 
sıxılıb, ayaqlarım isə möhkəmcə yerə basır. Qollarım isə... qollarım saysız-hesabsız paralel aləmlər arasında uçuş etmək 
üçün yaranmış qanadlardır. Bilmirəm hələ də nə üçün burdayam – niyə sonsuzluqda əriyib, milyonlarla paralel aləmdə 
yoxa çıxmıram? Nəhəng olsam da, çox cılızam həm də. Yox, əlbəttə  mən insanam, azadlığa can atan insan. Başqa 
dünyalarda, cazibə qüvvəsi olan yad planetlərdə, ulduzlar arasında keçən həyatıma dair görüntülər axır yaddaşımdan. 
Sanki kölgələr səltənətindən qaçıb, kölgələrin olmadığı bir aləmə  sığınmışam. Kainatın tən ortasında, lap mərkəzində 
çılpaq dayanmışam. Fövqəlbəşərə çevrilmişəm – malik olduğum güc məni tanrının da fövqündə dayanan bir qüvvəyə 
transformasiya edib. Bu, mənim yeni mövcudluq formamdır. Olduğum yerdə zülmətlə aydınlıq vəhdət içində 
mövcuddurlar. Yüksəlirəm. Yüksəldikcə də özümü daha yarımçıq, daha yarımçıq hiss edirəm. Bu zaman istəyirəm yerə, 
qaranlıq boşluğa çırpılım, orda əriyim, onun qatı enerjisinə qarışım, çünki əks halda bu işıq yandıracaq məni, külüm 
qalacaq, yox heç o da qalmayacaq. Enerjinin çoxluğundan, qatılığından, sıxlığından bədənim yırtılır, qıvranır. Bir nöqtəyə 
fokuslanmaq istərkən, nöqtələr bir anda nəhəng substansiyanın kiçik parçalarına çevrilirlər. Öz növbəsində bu 
substansiya da şüurumun hüdudlarını  aşan  əlçatmaz, anlaşılmaz qalaktikada əriyir. Səyahətim davam edir. 
İnformasiyanın çoxluğundan və sürətin itiliyindən  şüurum bunları  qəbul edə bilmir artıq. Beynim nüvə silahı kimi 
partlamağa hazırdır. Zülmət böyük bir əsrardır, orda şüurumun cövhəri gizlənib, tapmalıyam onu. Bu zülmət qucaqlayıb 
məni, bütün varlığımı bürüyüb, insana xas kodlar ötürür beynimə – şöhrət, qorxu, nifrət, paxıllıq, ehtiras. Növbəti dəfə 
yüksəlirəm. Aha, indi daha aydın görürəm, daha dəqiq bilirəm ki, yuxarıya yol yoxdur. Reallıqdan reallığa sürüşürəm, bu 
reallıqlar bir-birinə oxşamır. Bəlkə öz məkanımı, məskənimi taparam ümidi ilə minlərlə dünyalardan keçirəm. Öz 
tənhalığımı dərk edib titrəyirəm, kədər dalğaları keçir üzərimdən, şüurumun lap dibindən lazımsızlığımı dartıb çıxardır, 
mənə göstərir, titrək xatirələrim məni ağladır. Yazığım gəlir özümə, sonra birdən-birə özümə vuruluram. Bəs kimə 
vurulum? Axı məndən başqa heç kəs yoxdur bu ucsuz-bucaqsız, əsrarəngiz kainatda. 
Yenidən xoş gəlmişəm həyata. 
 
 

 
130
Polkovnik Vahabov 
 
 
 
 
Bakı  Şəhər Baş Polis İdarəsinə üçüncü gəlişimdə, mayor Dadaşovla birlikdə altıncı  mərtəbəyə qalxdıq.  İdarə  rəisi və 
müavinlərinin kabinetlərindən başqa, burada bizi qəbul etməyə hazırlaşan Cinayət axtarış  şöbəsinin rəisi polkovnik 
Vahabovun da otağı yerləşir. Polkovnikin şüşəli kabinetində jalüzlər sona qədər endirilib deyə, içərini görmək olmur. 
Dadaşov qapını taqqıldadıb icazə alandan sonra, geniş və işıqlı otağa daxil olduq.  
 
*** 
Beş gün əvvəl 
 
Mayorla birinci görüşümüzün üstündən iki aya yaxın vaxt ötürdü. Bu müddət  ərzində bir daha məni narahat etməyən 
Dadaşovun növbəti zənginə bais, məni xəstəxanaya çağırıb “ifşa” edən doktor Zöhrab oldu. 
Mənimlə xeyli söhbət edəndən sonra, doktor soruşdu: 
- Yaddaşınız düzəlibmi? 
- Deyə bilmərəm ki, hər şey yadıma düşür. Amma irəliləyiş var. 
- Murad, əzizim! Mənimlə açıq danışın, səmimi olun.  
- Doktor, mən sizinlə açıq danışıram. 
- Xeyr, elə deyil. Sizin xətrinizi çox istəsəm də, mənə yalan danışmağınızı bağışlaya bilmərəm. Unutmayın ki, ikimiz də 
həkimik. Mənim sizin kimi yüzlərlə  xəstəm olub. Bizə o da məlumdur ki, bəzi amneziyalı  xəstələr yaddaşları  bərpa 
olunandan sonra da özlərini yaddaşsızlığa vururlar, hafizəsini itirmiş adam rolunu oynamağa davam edirlər. Xüsusən də 
gizlədəcək nələrisə olan xəstələr. Xahiş edirəm, belə etməyin. Bunun sonu yoxdur. Mən sizin tamamilə sağlam 
olduğunuzu görürəm və anamnezinizə bunu yazmağa borcluyam.  
Çaşqın halda üzünə baxır, nə deyəcəyimi bilmirdim.  
- Siz sağaldığınızı həyat yoldaşınızdan da gizlətmisiniz? 
- Doktor. 
- Murad bəy, xahiş edirəm! Bu rola öyrəşmisinizsə, dərhal tərgitin! Siz uçuruma gedirsiniz! Belə olmaz.  
- Doktor, axı mən bu günlərdə başa düşdüm ki, hər şey yadıma düşür. Üstündən az vaxt keçib. 
- Nə isə. Mən həkiməm, bəzi əlaqədar orqanlar məndən sizin vəziyyətinizlə bağlı nəsə soruşanda, həqiqəti deməliyəm. 
Odur ki, məndən inciməyin.  
Özümü hövlnak xəstəxanadan bayıra atıb, taksiyə mindim. Əsəbimdən yumruqlarımı düyün edib dizlərimə dirəmişdim, 
alt dodağımı dişləyirdim, Zöhraba da, yaddaşıma nifrət edirdim. Hətta sürücünün üstünə də çəmkirdim bərk sürsün deyə. 
Evə çatmamış, mayor Dadaşovun zəng vurmasından başa düşdüm ki, doktor Zöhrab mənimlə görüşünün nəticələri 
barədə hara lazımdırsa operativ məlumat ötürüb. 
- Eşitmişəm sağalmısınız Murad bəy. Təbrik edirəm.  
Bax belə. Baş ağrısı, təlaş, əsəb və gərginliklərlə dolu müsibətli günlərim başlayırdı. Mayorla ikinci dəfə görüşmək üçün 
ertəsi gün polis idarəsinə yollanmalı oldum. O gün başım möhkəm ağrıyırdı, ayaqlarım-əllərim də keyimişdi. Mayorla 
budəfəki görüşümüz hər ikimizin də aqressiv çıxışları, qarşılıqlı ittihamları ilə yadda qaldı. Hər zaman mülayim və 
nəzakətli olan gülərüzlü mayorun budəfəki hiddət və hikkəsindən başa düşdüm ki, ona tapşırılan cinayət işinin bu qədər 
uzanması, yarım ildən artıq müddətdir xətm olunmaması onun başını xeyli ağrıdıb. Mayorun mənimlə açıq danışması da 
elə bu səbəbdən idi. 
- Birinci dəfə sizə sual verdim ki, Şeylanı siz öldürmüsünüz, bunu inkar etdiniz, hətta məni şikayət etməklə hədələdiniz. 
Halbuki bu cinayəti sizin törətdiyinizdən əminəm. O vaxt sizə bir söz demədim, yaddaşınız düzələnə qədər gözləməyə 
qərar verdim. Amma artıq bəsdir! Dünən həkiminizlə danışdım, dedi ki, yaxşısınız, düzəlmisiniz. Hər şey yadınızdadır. 
Gəlin bu məsələni çox uzatmayaq. Şeylanı öldürdüyünüzü etiraf etməyiniz sizin xeyrinizədir, işinizi yüngülləşdirmiş 
olarsınız. Sizə üç gün möhlət verirəm.  
Evdə isə Sevilin sorğu-sualı gözləyirdi məni. Mayorla iki ay əvvəlki görüşümüzü, Şeylanın ölümü ətrafında gedən söz-
söhbətləri indiyə qədər unutmayan Sevil məndən şübhələnməyə başlamışdı. Bunu hiss edirdim. Şübhələnməsəydi, hər 
şeyimizi satıb xaricə getməyi təklif etməzdi mənə. Deməli həbs olunmağımdan qorxur.  
- Nə oldu? Yenə nə istəyirdi səndən? Niyə susursan? 
- Dünən sənə demədim.  
- Nəyi? 

 
131
- Zöhrabın yanına getmişdim. Dedi ki, tam sağalmışam. Dedim siz deyən qədər deyil, amma o inanmadı, mənimlə 
mübahisə elədi. Mən xəstəxanadan çıxan kimi də, xəbəri Dadaşova çatdırıb. Ona görə çağırmışdı məni.  
- Bir dəqiqə, başa düşmədim. Sən bəyəm tam sağalmısan? Bəs dünən niyə demədin mənə? – Bu barədə heç nə 
bilməməyinə təəccüblənən Sevil, incimiş gözlərlə üzümə baxırdı.  
- Hə, demək olar ki, sağalmışam. Dünən demədim, çünki özümü yaxşı hiss eləmirdim.  
- İndi hər şey yadındadır? 
- Hə, hər şey yadımdadır. 
Şokdan süstləşən Sevil, özünü halsızca divana atdı: 
- Bunu məndən necə gizlətmisən? Utanmırsan? 
- Üç-dörd gündür başlayıb yadıma düşməyə. Sevil, qurban olum elə baxma mənə. Deyəcəkdim. 
- Haçan!? 
- Bu gün sabah deyəcəkdim. Fikirləşdim ki, gözləyim görüm neçə gün belə davam edəcək. Xahiş edirəm. 
- Bəs Dadaşov nə istəyir? 
Yanına oturub əlini tutdum. Əlini çəkməməyi sevindirdi məni. 
- Deyir cinayəti etiraf elə. 
Əzabdan, kədərdən usanmış, hər şeydən bezmiş adamlar kimi: 
- Qurban olum mənə düzünü de! – dedi. - Şeylanın ölümündə sənin əlin var ya yox? Neçə aydır şübhə ilə yaşayıram, 
özümə yer tapa bilmirəm. Məsələ  sənin qatil olub-olmamağında deyil, mən səndən həqiqəti eşitmək istəyirəm. Başa 
düşürsən? 
Əlbəttə başa düşürdüm Sevili. Nə vaxta qədər yaddaşsızlığın arxasına gizlənəcəm? Heç olmasa Sevilə etiraf etməliyəm 
hər  şeyi. Ondan yaxın adamım, ondan artıq can yandıranımmı var? Bir ay əvvəl gecə vaxtı sinəmə çökərək məni 
boğmağa başlayan, qan-tər içində oyadan o kabusu əvvəldən sona qədər danışmalıyam ona. Kabusu yox, kabus nədir?! 
Yaşanmış o qorxunc hadisənin gecənin qaranlığını al qana boyayıb yaddaşıma hücum edərək, dünyamı darmadağın 
edərək məni özümlə üzləşdirməsini danışmalıyam.  
Həyəcandan dilim dolaşa-dolaşa danışdıqlarımı, Sevil donmuş sifəti, ifadəsiz gözləri ilə dinləyirdi. Ağzımdan çıxan hər 
bir söz ona əzab versə, ürəyini dağlasa da məğrur idi, həqiqəti böyük bir mətanətlə  qəbul elədi. Lakin bilirdim ki, 
dünyasını  yıxıram bu dəqiqələrdə.  Ərinin dilindən “mən qatiləm” etirafını  eşidən hər sevən qadının dünyası necə 
yıxılarsa, onunki da eləcə  yıxılırdı. Ərinin sağalacağı, yenidən xoşbəxt ailə kimi yaşayacağımız xoşbəxt, işıqlı günlərin 
intizarında olan Sevilin bütün xəyalları göyə sovrulurdu.  
Gözlərini döşəməyə dikib nəfəsi kəsilə-kəsilə, öldürücü bir kədərlə dilləndi: 
- Yenə bir yerdə yaşayacaqdıq, ailə olacaqdıq. Mənim ümidlərimə bax. Deməli sən qatilsən, hə? Niyə öldürdün axı onu?! 
Niyə?! İndi də həbsə gedəcəksən, hə? – başını qaldırıb dimdik üzümə baxdı. O baxa bilirdi üzümə, mənsə yox. İndi ona 
nə cavab verim, dünyanın özü boyda ağrısını, kədərini necə azaldım? Hansı təsəlli sözləri soyuda bilər ürəyini?  
Ağlamağa başladı. Gözləyirdim onsuzda. Nə vaxta qədər dözəcəkdi? Əlbəttə ağlamalıydı. 
- Qulaq as mənə. Apar gündəlikləri ver polisə. Eşidirsən?  
- Niyə? – heyrətlə soruşdum. 
Gözlərini silsə də, yaşlar bir ucdan axmağa davam edirdi. 
- Necə niyə? Oxusunlar görsünlər ki, Şeyla necə adam olub, səni necə bezdirib, necə hədələyib. Ver oxusunlar, hər şeyi 
başa düşsünlər.  
- O gündəlikər mənim üçün məhrəmdir, necə verim onları polisə?! Sən nə danışırsan? Orda səninlə sevişməyimizi 
yazmışam. Bir də ki, bunun nə xeyri var mənə? Mayor üç gün möhlət verib, başa düşürsən? 
- Xeyri var! Görəcəksən ki, sənə münasibətləri dəyişəcək. Başa düşəcəklər ki, Milli rejimi ilə mübarizə aparmısan, Niyazi 
Salayevin iqtidara gəlməsi uğrunda çalışmısan, Şeylaya da sırf rejimin adamı olduğuna görə nifrət etmisən. Bunu mütləq 
qiymətləndirəcəklər. Oxuyub görəcəklər ki, Şeyla səni hədələyib, yaşamağa imkan verməyib, təhqir edib. 
- Mən adam öldürmüşəm, anla bunu! Gündəliklərin mənə  nə köməyi dəyə bilər? Sırf məni hədələyib deyə onu deşik-
deşik etməliydim. 
Son sözlərimi eşitməmək üçün əlləri ilə qulaqlarını tutdu, gözlərini yumdu. 
- Bəsdir! Danışma! Sən mənim dediyimi elə, apar ver gündəlikləri Dadaşova. Xahiş edirəm.  
 
*** 
 

 
132
Mayorla dəniz kənarı parkda görüşdük. Özgürlə gəzintiyə çıxmış, qara bloknotu da üstümdə götürmüşdüm. Zəng vuran 
kimi gəldi. Həyəcanlıydı, onu bura dəvət etməyimə çox təəccüblənmişdi. Yanımda Özgürü görəndə birdən üzünün 
ifadəsi dəyişdi, uşaqla əllə görüşdü, başını sığalladı, adını soruşdu, dərsləri ilə maraqlandı. Uşağın yanında məni pərt 
etməmək üçün heç nə demədi, soruşmadı. Mayor mənim danışmağımı, nəsə deməyimi gözləyirdi. Susmağa davam 
edərək, titrəyən əllərimlə bloknotu ona uzatdım. Çaşqın gözlərlə əvvəl üzümə, sonra bloknota baxdı.  
- Bu nədir? 
- Götürün. Oxuyarsınız. 
Bloknot mənim əlimdən onun əlinə keçən kimi, arxamı çevirib Kukla teatrına sarı ağır-ağır yeridim. Yanımda addımlayan 
Özgür isə, arada üzünü çevirib əlində bloknot, hələ də heyrətlə arxamızca baxan mayora əl yelləyirdi.  
 
*** 
5 gün sonra 
- Mənim üçün bu haqda danışmaq çox çətindir – köks ötürüb dedim. – O qadını tanıyırdım, pasientim olub. Keçən dəfə 
mayor Dadaşov onun öldürüldüyünü deyəndə, çox pis oldum. Dəhşətli hadisədir. Lakin sizi düz başa düşdümsə, əlinizdə 
cinayəti mənim törətdiyimə dair heç bir sübut yoxdur. Hər şey mənim etirafıma bağlıdır. 
Səliqəli, zövqlə dizayn edilmiş xudmani kabinetin proporsiyaları ilə uyğunlaşmayan nəhəng, komfortlu kreslosuna 
yayxanmış polkovnik Vahabov: 
- Siz hardan bilirsiniz ki, sübut yoxdur? – soruşdu. - Bu əminlik sizdə hardandır? 
- Nə barmaq izlərim tapılıb, nə də məni görən olub. Yoxsa düz demirəm? 
Mayor Dadaşov: 
- Düzdür, nə barmaq izləriniz tapılıb, nə  də sizi görən  şahidlər var – ciddi, monoton səslə dedi. - Belə baxanda 
təmizsiniz. Amma siz də bilirsiniz, biz də bilirik ki, bu cinayəti siz törətmisiniz. Özü də dostunuzla birlikdə.  Əvvəl 
Gənclikdəki evdə olmusunuz, yəqin ki, cinayəti orda işləmisiniz, sonra da Toğrulun maşınında cəsədi aparıb Şamaxıda 
basdırmısınız.  
- Maraqlı danışırsınız cənab mayor, amma bunu hələ sübut etmək lazımdır. Ya da mən etiraf etməliyəm.  
- Biz də elə onu gözləyirik – polkovnik dedi. 
- Nəyi? 
- Etirafınızı. 
- Etiraf etməsəm necə? 
Polkovniklə mayor baxışdılar. Dadaşov əllərini sinəsində çarpaz birləşdirib stulun belinə söykəndi.  
- Bəs gündəlikləri bizə nə üçün verdiniz? Məqsədiniz nə idi? 
- Verdim ki, oxuyasınız. Şeyla haqqında nə fikirləşirəmsə orda yazmışam. Hər halda onu öldürmək planım olsaydı, onu 
da yazardım.  
- Düzdür, öldürmək niyyətinizin olduğunu yazmamısınız. Amma ona acıqlı olduğunuz, nifrət etdiyiniz kifayət qədər açıq 
yazılıb.  Şamaxıya getməyiniz də  dəqiqdir, çünki Bakıya qayıdanda qəzaya düşmüsünüz.  Şamaxıdakı  həyətdən isə 
Şeylanın cəsədi tapılıb.  
- Başa düşürəm, amma bunlar hələ sübut deyil. Qəzaya düşənə qədərki son bir ildə həyatımda baş vermiş bütün vacib, 
yaddaqalan hadisələri o bloknota yazmışam.  Şeyla ilə necə tanış olduğumu, onunla aramızdakı mübahisələri, onun 
haqqında nə düşündüyümü təfsilatı ilə yazmışam. Orda Şeylanı öldürmək istədiyim barədə nəsə var?  
Mayor Dadaşov başını yırğaladı: 
- Əlbəttə, oxumuşuq, bilirik. Hətta onunla sevişdiyinizi də yazmısınız. Biz bilmirik yalandır, gerçəkdir amma yazmısınız. 
Bəs bunu nəyə, hara yozaq? Nifrət etmisiniz, həm də cinsi əlaqədə olmusunuz. Maraqlıdır, yox? Sonra da 
öldürmüsünüz.  
- Xahiş edirəm! – ucadan dedim. - Boynuma qoymayın. Mən hələ onu öldürdüyümü etiraf etməmişəm. Bir də ki, bizdən 
72 nəfər öldüyü halda, bir dılğır Şeylanın təəssübünü niyə çəkirsiniz? Başa düşmürəm.  
Bayaqdan susan Vahabov dilləndi: 
- Bilirəm – Sənan Qurbanovun, Rəna Mahmudovanın dostu olmusunuz. Bilirəm ki, müxalifətçi olmusunuz, Milli iqtidarına 
nifrət etmisiniz, məktəbdə şeir üstündə dava salmısınız. Amma bütün bunlar, sizə cinayət törətmə haqqı tanımır. Burda 
başa düşülməyəcək nə var? Şeyla Orucun qatillərini tapmaq bizim peşə borcumuzdur.  
- Borcunuzdursa tapın. Deyirsiniz ki, əlinizdə sübut yoxdur, yalnız fərziyyə var. Onu mənim öldürdüyümü güman 
edirsiniz.  
Dadaşov düzəltdi: 
- Güman etmirik, bundan əminik. 

 
133
- Lap yaxşı, amma hər  şey mənim etiraf etməyimdən asılıdırsa,  əminliyinizin nə qiyməti qalır? Yoxsa qatil olduğumu 
zorla mənə etiraf etdirəcəksiniz? 
- Zorla niyə? Özünüz də görürsünüz ki, keçmişdə olduğu kimi indi polislər döyə-döyə adamın boynuna cinayət qoymur, 
heç bir təzyiq göstərmir. Hamıyla,  ən qəddar cinayətkarla da nəzakətliyik, hər kəsin hüquqlarını tanıyırıq. Bəs siz 
neynirsiniz? Bundan sui-istifadə edirsiniz – mayor Dadaşov əsəbi tərzdə dedi. 
- Hansı nəzakətdən danışırsınız bəylər? Siz bu dəqiqə mənim hüquqlarımı pozursunuz. Özü də ən ali hüququmu! 
- Hansı hüququnuzu pozuruq? – Dadaşov maraqlandı. 
- Necə yəni hansı hüququmu? Təqsirsizlik prezumpsiyasından xəbəriniz yoxdur? 
Dadaşov çaşqın halda polkovnikə baxdı, sonra tez üzünü mənə çevirdi: 
- Əlbəttə, bu sizin təməl hüququnuzdur. Biz də onu tanıyırıq. Burada elə-belə söhbət edirik. 
- Xeyr! Mənə psixoloji təzyiq göstərirsiniz. 
- Yanılırsınız. Sizə təzyiq edən yoxdur. Sadəcə xahiş edirik ki, cinayəti etiraf edəsiniz. 
Düşünmədən, tez-tələsik dedim: 
- Yaxşı, tutaq ki, mən bu cinayəti boynuma aldım. Bunun cəzası nə olacaq?  
Dadaşov bir az fikirləşdikdən sonra dedi: 
- Dəqiq bir söz deyə bilmərəm, amma təxmini iki-üç il iş verərlər. Nəzərə alsaq ki, yüngülləşdirici faktorlar çoxdur, 
cinayəti də özünüz etiraf etmisiniz. Hə, iki-üç ildən çox olmaz. 
Hiss olunurdu ki, sualıma verdiyi cavabdan çox ümidlidir Dadaşov. Bəlkə  də  həbsdə az qalacağımı  nəzərə alaraq 
cinayəti etiraf edəcəyimi gözləyir. 
- Deməli, ömrümün iki-üç ilini hansısa qancığa görə həbsdə çürütməliyəm? Siz bunu demək istəyirsiniz? 
Vahabov qəflətən qabağa əyildi. Yumruqlarını masanın üstünə qoyub təmkinlə, lakin sərt tərzdə danışmağa başladı: 
- Gündəliklərinizi oxudum Murad. Bizə aid olmayan intim hissələri də. Bu cinayət işi, birbaşa Daxili İşlər nazirinin 
nəzarətindədir. Nazir bu məsələni daim diqqətində saxlayır. Murad bəy, bizi başa düşün, bu çox ağır cinayətdir. 
Deyirsiniz ki, avtoritar rejimə qarşı mübarizə aparmısınız. Çox yaxşı! Bunu hamımız təqdir edirik. Bəs soruşmaq ayıb 
olmasın, mübarizəni nəyə görə aparırdınız? Hüquqi dövlət qurmaq, haqqı-ədaləti bərpa etmək, korrupsiyanın kökünü 
qurutmaq üçün. Yoxsa yanılıram? Susursunuz, amma mən bilirəm ki, niyyətiniz bu olub. Ən azı gündəliklərdən belə 
məlum olur. Sizi başa düşürəm – Şeylanı öldürmüsünüz, öldürəndən dərhal sonra da yaddaşınızı itirmisiniz. Siz bu 
vəziyyətdə ikən rejim də  dəyişib. Açığı bütün bu hadisələr sizin xeyrinizə  işləyib – heç kəs o qarmaqarışıq dövrdə bu 
cinayətlə  məşğul olmayacaqdı, sonra da hər  şey unudulub gedəcəkdi. Amma görürsünüz ki, unudulmadı. 
Unudulmayacaq da. İndi yaddaşınız da yerinə  gəlib və  yəqin ki, vicdanınızla baş-başa qalmısınız. Nə deyir sizə 
vicdanınız? Mənə çox maraqlıdır. 
Çox düşünmədən dedim: 
- Vicdanım mənə deyir ki, öldürmüsənsə də əcəb eləmisən. Qatil olmaq, cinayətkar olmaq pisdir, bilirəm. Amma Şeylanı 
mən öldürmüşəmsə, bundan ötrü peşman deyiləm. Özünüz də oxumusunuz – məni hədələyirdi, təhqir edirdi. Deyirdi ki, 
mənimlə görüşməsən, klinikadan atdıraram səni, başqa yerdə də iş tapa bilməzsən. Bunlar azdır?  
Mən hələ bunlara demirəm, deyə bilmirəm ki, Gənclikdəki villasında  Şeyladan eşitdiyim təhqirlərə görə onu bu günün 
özündə  də  məzarından çıxarıb bir daha, bir daha, bir daha öldürməyə hazıram. Özü təhrik etmişdi məni. Onu 
öldürməkdən başqa çarəm qalmamışdı. 
Vahabov başını buladı: 
- Ola bilər. Amma bunlar adam öldürmək üçün səbəb deyil. Əslində biz də başa düşə bilmirik – Vahabov bir qədər 
susdu, fikrə daldı. – Şeylanın nə üçün belə etdiyini anlamırıq. Axı o, belə adam olmamalıydı – Vahabov mayor 
Dadaşovla göz-gözə gəldilər. Mayor da “haqlısınız” mənasında başını yırğaladı. 
Sinəmdən sancı qopdu, boynumun ardına ağrı saplandı. Polkovnikin son sözləri məni sözün əsl mənasında  şoka 
salmışdı. Necə yəni “O belə adam olmamalıydı”. Kim? Şeyla?! 
- Polkovnik, siz nə danışırsınız!? Bu nə deməkdir? 
Vahabov boş gözlərlə üzümə baxıb, başını yana əyərək: 
- Murad bəy, siz Şeylanın kim olduğunu bilmirsiniz – dedi. 
- Necə bilmirəm? Nə mənada?  
Mayor Dadaşov: 
- O mənada ki, Şeyla sizin fikirləşdiyiniz kimi rejimin adamı deyildi – dedi. - Əlbəttə, o Səyavuş Orucun qızıydı, formal 
olaraq sistemin içində idi. Amma hər şey göründüyü kimi sadə deyil.  
Udqunaraq soruşdum: 
- Bəs kimiydi Şeyla? 

 
134
- Qənirə Milliyə, rejimə nifrət edən, Demokratik İslahatlar Partiyasının iqtidara gəlməsi uğrunda çalışan, prezident 
aparatında gedən bütün söhbətləri, hazırlanan planları bizə çatdıran bir müxalifətçi. Ordu ilə, polislə müxalifət arasında 
əlaqələrin qurulmasında xidmətləri olan adam. Şeyla hələ xaricdə  təhsil aldığı dövrdə Azərbaycan müxalifəti ilə yaxın 
əlaqələr qurmuşdu. Gündəliklərdə onun uşağının olduğunu da yazmısınız. Bilirsiniz uşağın atası kimdir? İndiki Daxili İşlər 
naziri Sülhəddin Muxtarlının oğlu. Onunla Avropada tanış olmuş, bir-birlərini sevmişdilər. Amma özünüz də başa 
düşürsünüz ki, müxalifətin  ən parlaq simalarından olan Sülhəddinin gəlini olmağı  Şeylaya heç kəs bağışlamazdı. 
Səyavuş Oruc qızının kimdən uşaq doğduğunu bilirdi. Bilir və çox qorxurdu. Əgər uşağın atasının kimliyi yuxarılara 
məlum olsaydı  Qənirə  Səyavuşu məhv edərdi. Bir baxıma qızının ölümü ona sərf edirdi. Hətta inqilabdan sonra bizim 
istintaq bu cinayəti Səyavuşun törətdiyi versiyası üzərində dayanmışdı. Amma sonra bütün yollar sizə gətirib çıxardı. 
- Necə? Axı... 
- Təəccübünüz başa düşüləndir. – polkovnik ağır-ağır dedi. – Yerinizdə kim olsaydı, şoka düşərdi. Şeyla sizi tanımırdı, 
kim olduğunuzu bilmirdi. Yəqin klinikadakı söhbətlərinizdən sonra sizə simpatiyası yaranıb. Görüb ki, qorxmaz 
müxalifətçisiniz, onunla mübahisə edirsiniz, düşündüklərinizi açıq-aşkar, çəkinmədən bildirirsiniz. Görünür sizinlə 
yaxından tanış olmaq istəyib. Siz də onu səhv başa düşmüsünüz. Əlbəttə, sizi hədələməsi bizə də qəribə göründü, nə 
üçün belə etdiyini mən də başa düşmürəm. Nə isə. Artıq hər  şeyi bilirsiniz. Məncə biz kifayət qədər səmimi idik. İndi 
növbə sizindir. Onu öldürdüyünüzü etiraf edəcəksiniz? 
 

 
135
Dəlixana qeydləri - 2 
(Səhərdən qarnım ağrıyır. Gecədir. Saat on bir olar)  
 
 
 
Azərbaycanlıların tualetə münasibəti məni dəhşətə salır. Belə biabırçılıq olmaz. Bilmirəm, inzibati üsullarla bu münasibəti 
dəyişdirmək, azərbaycanlıların tualet haqqındakı  təsəvvürlərini mədəniləşdirmək olar ya yox, amma nəsə etməyin 
vacibliyini, hətta zəruriliyini dərk edirəm. Bir fikir verin – azərbaycanlının maddi vəziyyəti nə olur olsun, onun tualeti 
mütləq miskin görkəmdə, çirkli və narahat olmalıdır. İctimai tualetlərdən ümumiyyətlə danışmıram. Böyük dərddir. Özü də 
bizim heç birimizi tualetlərimizin zəlil vəziyyəti narahat etmir, çünki bizim ölkəmizdə tualetin təmiz olması qeyri-təbii 
sayılır. 
Tualetdə oturan adam, bu məkanın atmosferindən dolayı istər-istəməz fəlsəfi, ya da metafizik düşüncələrə  qərq olur. 
Görünür biz sıçanda, bu son dərəcə təbii, zəruri və çox zaman bizə həzz verən proses təxəyyülümüzə, yaddaşımıza təsir 
göstərir. Əlbəttə, lazımsız şlaklardan azad olaraq yüngülləşən orqanizm yüksək materiya haqqında daha rahat düşünə, 
fəlsəfəyə köklənə bilir. Bədənimizin fizioloji metamorfozları spesifik əqli gərginlik yaradır və şüurumuzu dərin düşünmə 
vektoruna istiqamətləndirir. Lakin bizim tualetlərimizdə bütün bunlar mümkün deyil. Azərbaycan tualetlərində zehin, 
əsasən bu tualetin nə üçün belə çirkli, narahat, üfunətli olması barədə suallarla məşğuldur. Bəli, tualetlərimiz yeniliklərə 
qarşı immunitetlidir, sivil dəyişikliklərə uyğunlaşmaq istəmir. Bizim tualetlərin “çirkli mahiyyəti”ni qavramaq, başa düşmək 
mümkün deyil. Heç kəsdə bunun cavabı yoxdur. Heç kəsdə. Nə üçün bizim xalqımız işıqlı gələcəyə çirkli tualet cığırı ilə 
gedir, hə? Bu iyrəncliklə keçmişin hansı irsini, dəyərini qorumağa çalışır? Gəl indi bu suallara cavab tap, görüm necə 
tapırsan. 
Azərbaycanlı tualetə demokrat yaxud liberal, islamçı yaxud solçu kimi girsə  də, ordan çıxanda mental cəhətdən 
maariflənmiş çıxıb, ənənənin ağuşuna atılır. Tualet bizə sübut edir ki, bütün bu “izmlər” mental birliyimizi, bütünlüyümüzü 
parçalamaq qüdrətində deyil: hamımız eyni tualetlərdə görüşürük, yollarımız orada kəsişir. Bu tualetlər bizim tarix 
muzeyimiz, həyat tərzimizdir. Bu tualetlər bizim özünəməxsusluğumuzun nümayişidir. Hamımız, arxaik keçmişimizdən 
bizə miras qalmış “öz” tualetlərimizdə xoşbəxtik.  
Elə bu xəstəxananın tualeti də istisna deyil. Bilirsinizmi, sıçmamaq da olmur axı! Yenə də palatadakı əl-üz yuyanın içinə 
birtəhər işəmək olur, amma sıçmaq üçün mütləq koridorun sonundakı, iyi bura qədər gəlib çıxan tualetə getməlisən. 
Deyirəm də, böyük dərddir. Hə, çox üzr istəyirəm, özümü təqdim etmədən, belə ağır, ürəkbulandıran mövzuya daldım. 
Siz allah bağışlayın. 
Adım Muraddır. Stomatoloqam. Deyilənlərə görə yaxşı  həkiməm. Di gəl ki, yaxşı  həkim olmaq, adamı cinayətdən 
sığortalamır. Bəli, mən ağır cinayət törətmişəm, adam öldürmüşəm. Mən qatiləm. Amma çoxlarının fikirləşdiyi kimi 
gicdıllağ deyiləm. Yəni əqli problemlərim yoxdur. Ruhi dispanserdə müalicə olunduğuma baxmayın - insanların taleyini 
əllərində saxlayan pis adamlar, məni həbsxana yerinə, dəlixanaya salıblar. Hesab edirlər ki, dəliyəm.  İndiyə  qədər 
dəliliyimin nədə təzahür etdiyini mənə adam balası kimi başa salan olmayıb. Adama dəli demək, böhtan atmaq asandır. 
Mən də sizə dəli deyə bilərəm. Xoşunuza gələr? Mənim də xoşuma gəlmir. Amma çarəm yoxdur. Müqavimət göstərəndə 
daha pis olur - əllərimi bağlayırlar, ağır iynələr vururlar. Bir dəfə cəhd eləmişəm, ondan bilirəm.  
  

 
136
Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin