Esxatoloji perspektivdə avtoritarizm anatomiyası



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə18/20
tarix25.01.2017
ölçüsü2,27 Mb.
#6400
1   ...   12   13   14   15   16   17   18   19   20

*** 
  
- Deyəsən özünə gəlir! 
Gözlərimi araladım. Toğrulla Azər başımın üstündə dayanmışdılar. Dostumun əndişəli sifətinə həkk olunmuş həyəcan, 
təşviş ifadəsi yavaş-yavaş çəkilir, mülayim bir sakitliklə əvəz olunurdu. Ehtiyatla üzümə toxunub: 
- Yaxşısan? – soruşdu. 
- Nə olub mənə? – boynumu sağa əyib, başımın altına qoyulmuş balaca, dəri üzlü yastığa gözucu baxdım.  
Azər qamətini düzəldib dərindən of çəkdi, kresloya oturdu. 
- Nə olacaq? Birdən-birə ürəyin getdi. Təcili yardım çağırmalı olduq. 
Hər  şey bir-bir yadıma düşürdü: Rənagildən qaça-qaça çıxmağım, taksi ilə klinikaya gəlməyim, kabinetimin qapısında 
yaşlı qadını acılamağım, Toğrulun otağına girib qışqır-bağır salmağım. Bu, xatırladığım son səhnədirsə, belə çıxır ki, elə 
o anda huşumu itirmişəm. Amma yadıma düşən başqa səhnə  də var! Mən indicə evimdə oturub Sevillə söhbət 
etmirdimmi? Təzədən səhər parkda gördüyüm yuxuyamı qayıtdım? Gözlərimi Azərdən ayırıb təlaşla Toğrula baxdım. 
- Lazım deyil. Xahiş edirəm lazım deyil. 
Başa düşmədi: 
- Nə lazım deyil? 
- Təcili yardım lazım deyil. Qurban olum, zəng eləyin, gəlməsinlər. Mən yaxşıyam – deyib qalxmağa cəhd etdim. 
Toğrulun üzü yenə ciddiləşdi: 

 
144
- Necə lazım deyil? Görmürsən nə vəziyyətdəsən? 
Azər onu təsdiqlədi: 
- Yoxlanılsan yaxşı olar. Belə olmaz axı – narazı halda dedi. – Həkimlərin, xəstələrin qabağında konsert verib, sonra 
özündən gedirsənsə, deməli psixi problemlərin var. 
Toğrul üzünü cəld ona çevirib, qeyzlə dedi: 
- Azər bəsdir! Sən çıx, özüm onunla söhbət eləyərəm. Təcili yardımı da dala göndər. 
Azər sifətini turşudub nəsə demək istəsə  də, tavana baxa-baxa başını bulamaqla kifayətləndi, sonra da əlini “özünüz 
bilərsiniz” mənasında tərpədib otaqdan çıxdı. Dəhlizdən səsini eşitdim: “Nə  yığışmısınız bura! Xahiş edirəm koridoru 
boşaldın! Hər şey qaydasındadır! Xahiş edirəm!”  
Toğrul, təşvişlə mənə baxırdı.  
- Ayağa durmaq istəyirsən? 
- Hə, pis olmazdı – dərindən nəfəs alıb dedim. 
Toğrulun mənə uzanan əlini tutub asanca yerdən qalxdım və bayaq Azərin oturduğu kresloya əyləşdim.  
- Nə olub sənə? Nə baş verir? - Toğrul yerdən yastığı götürdü, dərman dolabının üstünə qoydu. 
Laqeyd nəzərlərlə otağa göz gəzdirib soruşdum. 
- Xəstən hanı? 
-  Əşi nə  xəstə? Yeridir? – dedi amma cavabdan qane olmadığımı görüb əlavə elədi, - plombunu qoymaq lazım idi, 
göndərdim Samirin yanına. Sənin xəstəni də Azər birtəhər dilə tutub yola saldı. Arvad klinikadan şikayət eləməsə 
yaxşıdır. Deyəsən hansısa məmurun qaynanasıdır. 
Təəssüflə başımı bulaya-bulaya qulaq asırdım ona.  
- Bəlkə Azər düz deyir – dedim. 
Toğrul başa düşmədi: 
- Nəyi düz deyir?  
- Bəlkə doğrudan da psixoloji problemlərim var. 
Toğrul susur, qərarsız görünürdü. Hiss olunurdu ki, əziyyət çəkir. Söhbət onun ən yaxın dostundan getdiyi üçün, bilmir 
narahatlığımı bölüşsün, yoxsa əksinə - mənə ürək-dirək verib, hər şeyin yaxşı olduğuna inandırsın. Nəhayət dilləndi: 
- Bəlkə danışasan nə olub? Dünən çox içmədik ki? 
- Demək istəyirsən çox içdik deyə bu günə düşmüşəm?  
Toğrul çəkingənliklə çiyinlərini dartıb, əllərini araladı. 
- Nə bilim e, bəlkə deyirəm... 
- Sən canın bəsdir, gicdəmə! Bilmək istəyirsənsə, səninlə içməyim heç yadımda deyil! Yorulmuşam artıq! Çox 
yorulmuşam! Bilmirəm nə baş verir, mənə  nə olub. Sənə and içə bilərəm ki, bayaq evdəydim, bax beş  dəqiqə  əvvəl 
evdəydim, Sevil də yanımda oturmuşdu, oğlum da getmişdi yatmağa. Səhər parkda yatıb qalmışdım. Yuxu görmüşdüm. 
Bura gəlib dava salmağım, sənin otağına girib qışqırmağım – elə bilirdim hamısı yuxudur. Sonra parkda oyanıb Sevilə 
zəng elədim. Qalxıb bir də qayıtdım klinikaya – bu dəfə real həyatda qayıtdım. Azər gedəndən sonra bura gələn təzə 
direktorla tanış oldum. Sonra evə getdim. Ailəmin yanına. Sevillə çay içirdik, Özgür təzə yatmışdı. Birdən yenə burda 
ayıldım, gördüm ki, başımın üstündəsiniz. Toğrul, mənə elə baxma! Qurban olum elə baxma, qorxuram. Hə, sənin bu 
baxışlarından qorxuram. Biz bir yerdə, sənin maşınında qəzaya düşmüşdük. Sən öldün, mən isə sağ qaldım. Altı ay 
xəstəxanada, komada yatdım. Mən komada olarkən ölkədə inqilab olub, Sənan da, Rəna da meydanda ölüblər. 
İnqilabdan əvvəlsə mən Şeylanı öldürdüm, sən də onu Şamaxıda basdırmaqda mənə kömək elədin. Bakıya qayıdanda, 
maşın uçuruma düşdü. Toğrul! Niyə elə baxırsan mənə?! 
Ayağa qalxıb ona doğru iki addım atdım. Kresloya bir az da möhkəm qısılıb, bərk-bərk kreslonun qollarından tutdu. 
Gərgin idi, gözləri dəhşət saçırdı, titrəmirdi, amma daxilindəki təlatümünü, beynindəki fırtınanı  təsəvvür etmək çətin 
deyildi. Peşman olmuşdum. Toğrul, gördüyüm yuxunun personajı olsa da, ona hər şeyi birdən danışmaq düzgün deyildi. 
Gərək münasib bir zaman, məkan gözləyəydim, onu hazırlaşdıraydım. Yox! Yuxuda nə zaman, nə məkan? Növbəti dəfə 
nə vaxt gözlərimi açıb evdə, ya da başqa yerdə oyanacağımı, inqilabdan əvvələmi, inqilabdan sonrayamı düşəcəyimi da 
bilmirəm axı.  
- Toğrul, xahiş edirəm - əlimi ona uzadıb uzatmamaqda qərarsız idim. Əgər uzatsam, o da diksinib bir az da geriyə 
çəkilsə, ya da ondan da betəri – qışqırsa, məhv olaram. Bu dəqiqə, onun üçün nə qədər qorxulu olduğumu bilirəm.  
Gözlərini tez-tez qırpmağa başladı. Bəlkə o da yuxu gördüyünü düşünür. Gülməli vəziyyətdir. Qınamıram onu. 
Gördüklərinədn, eşitdiklərindən vahimələnib. Çox haqlıdır. Yerində kim olsa həyəcan keçirər. İndi də diqqət və təşvişlə 
mənə baxır. Nəsə demək istəyir. 
- Murad – udqunub dedi. – Xahiş edirəm otur. 

 
145
- Əlbəttə - tez keçib kresloya oturdum. – Elə bilirsən dəli olmuşam? Elə bilirsən danışdıqlarım uydurmadır?  
- Heç özüm də bilmirəm nə fikirləşim – çarəsiz adamlar kimi mızıldanıb, əlləri ilə üzünü örtdü, – Bilmirəm nə deyim.  
- Nəsə de, qurban olum. Səndən başqa məni heç kəs başa düşə bilməz. 
- Yaxşı! – birdən toxtayıb, özündən  əmin halda dedi. – Gəl bir-bir yada salaq. Deyirsən ki... Yox, alınmır. Bayaq 
dediklərindən, rabitəsiz sözlərindən heç nə başa düşmədim. Xahiş edirəm, təzədən başlama! Yadımdadır - park, Şeyla, 
qəza, Sevil, inqilab, Şamaxı. Amma mən heç nə başa düşmədim! Bircə onu bilirəm ki, indi real həyatda olmadığını 
düşünürsən. Düzdür? Deyirsən ki, real həyat bu deyil. Elə bilirsən yuxu görürsən. 
- Yox, elə deyil. Mən deyirəm ki, real həyatın hansı olduğunu bilmirəm, ipin ucunu itirmişəm. Yuxu ilə real həyatın 
sərhədləri silinib mənim üçün. Bilmirəm inqilab baş verib, ya yox. Axı necə ola bilər ki, komadan çıxmağım, Sevillə 
təzədən ailə qurmağım, o boyda hadisələrin hamısı yuxu olsun?! İndi bilmirəm reallıq hardadır – burda, sənin yanında, 
yoxsa inqilabdan sonrakı həyatımda.  
- Bircə  dəqiqə. Mən qəzada ölmüşəm deyirsən? – kinayəsiz, istehzasız soruşdu. Hiss olunur ki, doğrudan da məni 
anlamağa çalışır, başqa məqsədi yoxdur, sözlərimi də  şübhə altına almaq istəmir. Həqiqi dostdan da ancaq bunu 
gözləmək olar. 
- Uzun söhbətdir. Düz deyirsən, bayaq dediklərimdən nəsə anlamaq mümkün deyil. Çətindir, başa düşürəm. Bilmirəm 
hardan, nədən başlayım. Çaşıb qalmışam. 
Gözlərim doldu, ağlamamaq üçün özümü güclə saxlayırdım. Düşdüyüm vəziyyəti Toğrul da görür və hiss edirəm ki, canı 
yanır, mənə səmimi olaraq yardım etmək istəyir. 
- Deyirsən Rəna da , Sənan da ölüblər? – soruşdu. 
- Hə, inqilabda ölüblər. 
Diqqətlə, gözlərini qırpmadan qulaq asırdı.  
- Deməli ölkədə inqilab olub? 
- Hə, iki min onuncu ilin seçkilərindən sonra.  
- Seçkilərə hələ beş ay qalıb – qətiyyətlə, gözlərini gözlərimdən ayırmadan dedi. 
- Xahiş edirəm, elə baxma mənə. Onsuzda bu dəqiqə özümdən qorxuram, özümü tanıya bilmirəm. 
- Bəs necə baxım sənə? Səni başa düşməyə çalışıram, başqa niyyətim yoxdur. İstəyirəm dediklərini anlayım, hiss 
etdiklərini mən də hiss edim. Di gəl ki, alınmır. Rəna da, Sənan da sağdırlar, başa düşürsən?! Görürsən ki, mən də 
sağam. İnqilab filan da olmayıb, çünki dediyim kimi, seçkilərə hələ xeyli vaxt var. İkincisi də ki, bu ölkədə heç vaxt inqilab 
olan deyil. Azər də öz yerində işləyir, on dəqiqə əvvəl onu özün gördün. Sən də Sevillə bir yerdə deyilsən, çünki dünən 
biz səninlə içəndə, mən sənə Zümrüddən danışanda, sən də Sevili çox sevdiyini, onu qaytarmaq istədiyini deyirdin. 
Hətta mən də dedim ki, Zümrüdlə mənim söhbətim yalan olub, sizinki doğru. Yadındadır? Dünən bir yerdəydik səninlə, 
necə ola bilər ki, yadından çıxıb? Heç üstündən iyirmi dörd saat da keçməyib!  İstəyirsən Sənana zəng vuraq. Hə? 
Onunla da danış, gör nə deyir. 
- Zəng vurub neynəyək? Nə eşidəcəm ondan? – elə yazıq sifət aldım ki, Toğrul ürək ağrısı ilə mənə baxıb:  
- Necə yəni nə eşidəcəksən? Onunla da görüş, otur söhbət elə. Hamımız bir yerdə oturaq. Rəna da gəlsin. Hə?  
- İstəyirsən onları da şoka salım? Onsuzda səhər Rənanın evində oyanıb qızı tanımamışam. Özünə də dedim ki, mən 
burda nə gəzirəm, sən bəyəm sağsan? 
- Dünən biz içəndən sonra, sən Rənagilə getdin. İçəcəyik deyə, maşını evdə qoymuşdum. Səni taksiyə mindirib yola 
saldım. 
- Bax görürsən? Dediklərin zərrə qədər də yadımda deyil. İndi onunla görüşüb daha da qorxutmaq istəmirəm. Kim inanar 
mənə? Sənə dediklərimi onlara da desəm, elə bilərlər başıma hava gəlib. 
- Söhbət inanıb inanmamaqdan getmir. Razılaş ki, sənə inanmaq o qədər də asan məsələ deyil. Amma onlar da səni 
sevən, sənə qiymət verən adamlardır. Gəl bir yerdə oturub bu məsələni həll etməyə çalışaq. Bir çıxış yolu tapaq. Nə 
bilim, bəlkə həkimə gedəsən? – son cümləni tərəddüdlə deyib, ehtiyatla mənə baxdı.  
- Həkimə? Ola bilər, niyə də yox. İtirəcəyim nəsə var bəyəm? Sən demişkən, bəlkə köməyi oldu. 
Toğrul sevindi, açıq-aydın hiss olunurdu ki, cavabımdan razı qalıb.  
- Əlbəttə. Yaxşı psixiatr tanıyıram, zəng vuraram lap gedib bu gün görüşərik. – Bir müddət üzümə diqqətlə baxıb susdu. - 
Bilirsən nə fikirləşirəm? Bu gün baş verənlərdən sonra, Azər ölüsü iki həftəlik icazə verər sənə. Dincəlib özünə gələrsən. 
Hə, necə fikirdir? Məzuniyyət götür, get bir az istirahət elə. Elə Rəna ilə bir yerdə harasa gedin. Məsəlçün Zaqatalaya, ya 
da Qaxa. 
- Nə Zaqatala, nə Qax? Sən nə danışırsan? Deyirəm ki, istənilən an təzədən obiri həyatımda oyana bilərəm. Heç 
bilmirəm bir dəqiqə sonra nə baş verəcək.  
- Yaxşı, onda belə danışaq. Bayaq huşunu itirəndə nə oldu? Nə hiss elədin?  

 
146
- Parkda oyanıb, dərhal Sevilə zəng vurdum. Sonra da klinikaya gəldim, buranın Şahin adlı təzə direktoru ilə tanış oldum. 
Axşam da evə qayıtdım - Sevil də, Özgür də evdəydilər. Sevil mənə çay süzmək üçün otaqdan çıxanda söndüm. Sönüb, 
təzədən burda ayıldım. 
- Bəlkə burda bayılandan sonra yuxu görmüsən? 
- Bəs səhər Sevili işə yola salandan sonra, evdən çıxıb parka getməyimə  nə deyirsən? Axı o da dəqiq yadımdadır. 
Parkda oturub yuxuya getmişəm. Gözlərimi açıb görmüşəm ki, Rənanın evindəyəm. Gördüklərimin, yaşadıqlarımın hansı 
yuxudur, hansı reallıq? Görürsən, qayıdırıq yenə  əsas suala. Sevil də deyir “yuxu görmüsən”, sən də deyirsən “yuxu 
görmüsən”. İndi hansınıza inanım?  
- Əlbəttə, mənə görə reallıq sənin indi burada, mənim qarşımda oturmağındır. Mən səndən fərqli olaraq gedib-gəlmirəm, 
paralel dünyalarda yaşamıram. Dünən mənimlə bir yerdə olmusan, srağagün də mənimlə olmusan – sən, mən, Rəna bir 
yerdə Pizza yemişik. 
Hövsələsizlik edib sözünü kəsdim: 
- Bəs gündəliklər necə olsun? 
- Hansı gündəliklər? – tərs-tərs baxıb soruşdu. – İşdə bloknota yazdıqlarını deyirsən? 
- Hə, Sevillə ayrılandan sonra gündəlik tutmağa başlamışdım. Komadan çıxandan sonra Sevil onları mənə verdi. Başa 
düşürsən, komadan sonra bütün yaddaşım silinmişdi. Yaddaşımı bərpa etməkdə bu gündəliklərin mənə çox köməyi oldu.  
- İndi gündəliklər hardadır? 
- Harda olacaq, evdə. 
Fikrə getdi. Sağa-sola baxıb nə deyəcəyini, reaksiyasını müəyyənləşdirməyə çalışırdı və sonda, qorxduğum sözü dedi. 
- Onlara oxumaq olar? İcazə verərsən? 
- Yox – düşünmədən cavab verdim. – Olmaz.  
- Aydındır. Səbəbini də soruşmayacam. 
- Çox sağ ol. İnanıram ki, məndən incimədin. 
- Yox, yox - əllərini bulayıb dedi. – İncimək nədi? Heç olmasa de görüm, Şeylanı öldürdüyünü də yazmısan orda? 
- Gündəliklər, sənə  zəng vurmağımla qurtarır. Yadındadır, biz Sevillə boşanandan sonra o, birinci dəfə bizim evə 
gəlmişdi? Mən də o gedəndən sonra, gecə sənə zəng vurmuşdum?  
- Yadımdadır. Bu söhbət təxminən iki həftə  əvvəl olub. Gecə  gəldim sizə, bir az evdə oturduq, sonra da getdik viski 
içməyə. 
Təlaşla qabağa əyilib soruşdum: 
- Nə haqda danışdıq? 
Toğrul çiyinlərini dartdı. 
- Nə bilim, ordan-burdan danışdıq da. Sevil haqqında filan... – Boğazını arıtlayıb, sıxılaraq dedi. – Demişdin ki, 
sevişmisiniz. Amma inanmırsan ki, bir də sənə qayıtsın. Çox pis olmuşdun. 
- Bəs Şeyla barədə söhbət olmamışdı?  
- Olmuşdu. Şeyla sənə zəng vurub harasa dəvət eləmişdi. Səhər görüşməliydin onunla.  
- Görüşdüm?! 
- Hə, görüşdün. Səhərisi onunla görüşdün, axşam da özün mənə zəng vurub hara getdiyinizi danışdın. Yadında deyil?  
- Nə danışdım? – səsimi ucaldaraq, həyəcandan dodaqlarım əsə-əsə soruşdum. 
Toğrul bayaqkı kimi tutuldu. Gözlərimi açıb ona inqilabdan, hər kəsin ölməyindən danışdığım dəqiqələrdə keçirdiyi qorxu, 
həyəcan hissinin eynisini keçirirdi indi. 
- Nə cavab verdin? Dedin ki, gedib bahalı İtalyan restoranında yemək yemisiniz, şərab içmisiniz. Necə bəyəm? 
- Yalan danışırsan! – ayağa sıçrayıb qışqırdım. – Yalan danışırsan! O gün mən onu öldürdüm. Onun evində, Gənclikdəki 
villasında öldürdüm. Bıçaqla şah damarını kəsdim, sonra da bıçağı ürəyinə soxdum. Sən də mənə cəsədi basdırmağa 
kömək elədin. Onun meyitini Şamaxıya aparıb Samirin həyətində basdırdıq. 
Toğrul, başını təəssüflə bulaya-bulaya mənə qulaq asırdı. Bircə bunu deyə bildi: 
- Sən... sən nə danışırsan?! 
Telefonumun zəngi çaldı. Diksindim. Cihazı cibimdən çıxarıb displeydə Şeylanın adını oxuyanda ürəyim ağzıma gəldi. 
Saralan sifətimi Toğrul da gördü. Udqundu və nədənsə pıçıltı ilə soruşdu: 
- Kimdi? 
- Şeyla. 

 
147
- Bax, görürsən? – bir daha udqundu. - Cavab ver, cavab ver! Öldürdüyün qadın sənə zəng vurur. Danış, eşit səsini. 
Bəlkə də elə bilir başım xarab olub. Olsun. Onun yerində istənilən adam mənim haqqımda bu cür, bəlkə də daha pisini 
fikirləşərdi. Qınamıram onu. Düzdür, gərək əsəbiləşməyəydim, üstünə qışqırmayaydım. İndi isə Şeyla zəng eləyir. Toğrul 
düz deyir, cavab verməliyəm. Görək bu oyun hara qədər davam edəcək? Öz əllərimlə öldürdüyüm adamın mənə zəng 
vurmasından daha qorxunc, daha dəhşətli nə ola bilər? 
- Alo. 
- Salam. Nə var, nə yox? 
- Sağ ol. Yaxşıyam. 
- Səsinə nə olub? Xəstələnmisən? 
- Heç, yorğunam. Eşidirəm səni. 
- Bu gün üçdə işlərim var, bəlkə deyirəm beşdən sonra gəlim? İşdə olacaqsan? Sonra da gedib bir yerdə oturardıq. 
Divardakı saata baxdım. On birə qalırdı. 
- Gəl belə eləyək - saat üç üçün sənə zəng vurub dəqiq bir söz deyərəm. Olar? – Toğrulla baxıb dedim. 
- Olar. Onda zəngini gözləyəcəm – şıltaq əda ilə deyib əlavə etdi, - öpdüm səni. 
Ona cavab vermədən, telefonu şalvarımın cibinə atıb təzədən yerimə oturdum. Bağışlanmaq istəyən adamların miskin, 
yazıq görkəmi ilə Toğrula:  
- Üzr istəyirəm – dedim. 
- Üzr istəmək lazım deyil – gözlərini yumub-açaraq, sakit tərzdə mənə təsəlli verdi. – Amma həkimə mütləq getməliyik. 
Yox, mən demək istəmirəm ki, dəlisən, ya da nəsən. Qoy həkim də baxsın, bizə bir söz desin. Görək nə olub sənə, bu nə 
yuxulardı görürsən.  
- ... 
- Nə isə, ürəyinə salma. Son vaxtlar çox həyəcan keçirirsən, əsəbiləşirsən. Ola bilsin onun təsiridir. Şeyla nə deyirdi? 
Halsızca: 
- Deyir bu gün üçdə gələ bilməyəcəm, axşam beşdən sonra vaxtım var. Onunla görüşmək istəmirəm, çox qorxuram – 
dedim. 
- Qorxduğun görünür elə. Rəngin sapsarı olub – Toğrul başını yırğalayıb dedi. – Əksinə, məncə görüşüb danışmalısan. 
- Görüşüb nə deyəcəm ona? 
- Nə bilim? Bu günə  qədər özünü necə aparmısansa, indi də elə. Hər halda, “səni öldürmüşəm”, “Şamaxıda 
basdırmışam” deməyəcəksən ki!? Çətin ki, Şeyla mənim qədər tolerant olsun, səni başa düşsün – gün ərzində ilk dəfə 
Toğrulun dodaqları xəfifcə qaçdı. Çarəsiz - nə edəcəyini, nə deyəcəyini bilməyən adamın əsəbi gülüşü ilə gülürdü.  
Telefonuma mesaj gəldi. Baxışlarımı Toğrulun üzündən ayırmadan telefonu bir daha cibimdən çıxartdım. Mesaj 
Rənadan idi. Özümü necə hiss etdiyimi soruşur, məndən nigaran qaldığını yazırdı.  
 

 
- Rəngin-ruhun qaçıb. Dayan, su gətirim. 
- İstəmirəm. Heç nə istəmirəm! Lazım deyil! 
Sevil ehtiyatla yanıma yaxınlaşıb əlini çiynimə qoydu: 
- Adi yuxudur da, niyə bu qədər böyüdürsən axı? Son vaxtlar çox fikir eləyirsən, yəqin ondandır. Sabah mütləq həkimə 
gedirik. Eşitdin? 
- Sənə deyirəm ki, yuxu-zad deyildi.  
- Bəs nəydi? 
- Bilmirəm. Bəlkə indi səninlə danışmağım yuxudur? Ola bilməz? Bəlkə mən elə keçmişimə aidəm? İndi də burada yox, 
obiri həyatımda olmalıyam? Sən də elə baxma mənə! Hamınız mənə belə baxırsınız – elə bil başdan xarabam. Toğrul 
da, sən də, Rəna da. Toğrulla söhbət eləyən yerdə,  Şeyla zəng vurdu. Onunla danışdım. Görürsən? Sağdır, ölüb-
eləməyib. Toğrul da sağdır. 
Sevil ürkəkcə yanıma oturdu. 
- Qurban olum belə danışma. Sən Toğrulla necə görüşə bilərsən? Toğrul ölüb, yaşamır. Beş  dəqiqə  əvvəl sənin 
yanından qalxıb getdim çay süzməyə. Sən də mürgüləyib yuxu görmüsən. Burda nə var ki?!  
Başımı əllərimin arasına alıb əyildim, gözlərimi döşəməyə dikdim.  

 
148
- Bilmirəm. Bilmirəm hansınıza inanım. Toğrul da deyir yuxu görürsən, sən də deyirsən yuxu görürsən. Qalmışam ikinizin 
arasında. Belə yaşamaq olar?! Bilmirəm hansı həyatım realdır, hansı yuxu?! 
- Axı bu çox gülməlidir! 
- Nə gülməlidir? Burda gülməli nə var? Başa düşmədim! 
- Sənin indiki zamanda yox, keçmişdə yaşadığına inanmağın gülməlidir. Deməli o boyda komaya düşməyin, sağalmağın, 
bizim yenə bir yerdə yaşamağımız, qəbiristanlığa gedib dostlarının məzarlarını görməyin hamısı yuxudur? Mayor 
Dadaşov da yuxudur? Amma beş  dəqiqə gözünü yumub, yuxuda Toğrulu görməyin reallıqdır!  Şeylanın sənə  zəng 
vurmağı reallıqdır! Rənanın evində oyanmağın reallıqdır! Sən bunlara inanırsan? İnqilab da olmayıb, hə?  
Sevili birinci dəfədir belə həyəcanlı və əsəbi görürdüm. Xəstəxanada gözümü açıb, pəncərənin qarşısında dayandığını 
gördüyüm andan bəri, birinci dəfə idi ki, mənə səsini yüksəldirdi. Çaşıb qalmışdım, bilmirdim nə deyim. Ona necə başa 
salım ki, qarışıq emosiyalar içindəyəm, heç özüm bilmirəm nəyə inanıram, nə istəyirəm. Daha doğrusu nə istədiyimi 
bilirəm - gözlərimi yumanda, mürgüləyəndə, yatanda kabus görməmək, keçmişimə qayıtmamaq. 
Sevil divanın üstündən pultu götürüb: 
- Yaxşı – dedi. – Yaxşı, onda özün bax. Min dəfə baxmısan, yenə bax. Gör yuxudur, ya yox! Buyur. Bundan da real 
həyat istəyirsən? 
Sevil kanalları bir-bir dəyişdirir, yuxularımın yox, məhz indiki anımın həqiqət olduğuna məni inandıracaq münasib kanal 
axtarırdı. Sonda “CNN-Azərbaycan” kanalında dayandı. Ekranın sağ üst küncündə mavi hərflərlə “Təmiz söhbət” 
yazılmışdı. Hələ  Qənirə Milli epoxasından mənə tanış olan eybəcər köklükdəki aparıcı  Təbriz Aşurov, qabaq-qənşər 
əyləşdirdiyi iki qonağı bir-birinə  qırdırır, özü isə studiyada anbaan gərginləşən atmosferdən həzz alırdı. Qonaqlar bir-
birinin səsini kəsərək ucadan danışır, ağız deyəni qulaq eşitmirdi. Təbrizin bu həngaməyə son qoymaq niyyətinin 
olmadığını isə, üzündəki özündənrazı ifadədən oxumaq olurdu. Ambisiyası yerə-göyə sığmayan, intellektualizmə iddialı 
Təbriz, əvvəllər hakimiyyət nümayəndələrini tez-tez efirə çıxarıb iqtidarın əlyehinə danışdırır, Niyazi Salayev haqqında 
özünün uydurduğu nalayiq lətifələr danışırdı. Hər zaman konyunkturanın yanında olmağı ustalıqla bacaran Təbriz, rejim 
dəyişəndən sonra da su üzündə qalmağı bacarmış, hətta özünün müəllifi olduğu “Təmiz söhbət” verilişini, yeni açılan 
“CNN-Azərbaycan” kanalına daşıyıb gətirmişdi. 
Ekrandan gördüyüm iki nəfərin kimliyi, nə haqda danışdıqları  məni qətiyyən maraqlandırmadığına görə, onlara qulaq 
asmır, yalnız mimikalarını  və jestlərini görürdüm. Bir dəqiqə boyunca boş gözlərlə ekrana baxdıqdan sonra, üzümü 
Sevilə çevirib çiyinlərimi dartdım.  
- Qulaq as da. – dedi. – Bu, baş nazirin birinci köməkçisi Anar Məmmədlidir, bu da RQP-nin deputatı Alqış Xubanov. 
Qulaq as! Gör nə danışırlar.  
Təzədən gözlərimi ekrana dikib, danışılanları başa düşməyə çalışdım. Xubanov deyilən adam, arada-bir bığlarının 
kənarlarını çeynəyə-çeynəyə: 
- Niyazi Salayev heç vaxt xalqın, dövlətin mənafelərinə xidmət edə bilməz, çünki Qərbin dəstəyi ilə prezident olub. Siz 
tez-tez xalqın iradəsinə istinad edirsiniz. Hansı xalqın? Amerika xalqınınmı? Bəyəm Azərbaycan xalqı sizə səs verib? – 
soruşdu. 
Əsəbdən pörtmüş Anar Məmmədli yumruqlarını düyünləyib masanın üstünə qoymuşdu, od püskürən gözlərlə 
opponentinə baxırdı. Yenə də mümkün qədər təmkinli cavab verdi: 
- Alqış bəy, xahiş edirəm, haqsız danışmayın, böhtan atmayın! Xalqın iradəsi ilk dəfə bu seçkilərdə özünü ifadə etdi. Nə 
Qərbi, nə Amerikası? 
- Seçki!? Hansı seçki?  
- Sizin növbəti dəfə saxtalaşdırmaq istədiyiniz amma bacarmadığınız seçki – Anar Məmmədli verdiyi cavabdan məmnun 
qalıb, qürurla Təbrizin üzünə baxdı. 
- Mən saxta seçki zad xatırlamıram. Əli silahlı adamların prezident administrasiyasına hücumunu isə xatırlayıram. Budur 
sizin hakimiyyətə gəlmə üsulunuz?! Biz sizin legitimliyinizi tanımırıq, qurtardı getdi!  
Anar kifayət qədər rahat əda ilə: 
- Cəhənnəmə tanıyın, qara gora! 
- Aaa! Tərbiyəsiz, əxlaqsız! Təbriz müəllim görürsünüz?! Görürsünüz də bunların səviyyəsini!  
Təbriz əllərini aralayıb hər ikisini də sakitləşdirməyə çalışdı. 
- Birincisi mən müəllim deyiləm, mənə Təbriz bəy deyə xitab etsəniz daha məqbul olar. İkincisi də ki... 
Təzədən Sevilə baxıb, yorğun halda: 
- Hə, nə olsun? - dedim. 
- Necə  yəni nə olsun? Bundan da real həyat istəyirsən? Bu televizor, bu da efir. Görmürsən ölkədə  nələr baş verir? 
Prezident açıq-aşkar tənqid olunur - bundan artıq sənə nə sübut gətirim? 
- Sən deyəsən mənə qulaq asmırsan. Mən bəyəm bilmirəm adam pis yuxu görüb oyananda halı necə olur? Bilmirəm 
yuxu sərsəmliyi nədir? Özü də bu yekəbaşın səsini kəs, başıma düşür. Sənə deyirəm ki, gördüklərim yuxu deyil! And 

 
149
içirəm yuxu deyil! Bayaq gedib qayıtdığım həyatımda heç nə dəyişməyib. O həyatımda Şeylanı da öldürməmişəm, qız 
sağ-salamatdı. Zəng elədi, danışdıq. Əgər o həyatım realdırsa, onda belə çıxır ki, mən qatil deyiləm.  
- Bəs gündəliklər? Bəs bizim indi bir yerdə olmağımız?! Deyirsən ki, inqilab da olmayıb, qəza da olmayıb? 
- ... 
- Niyə susursan?!  
Komodun üstündəki atamın şəkilinə baxdım. 
- Bəlkə  də olmayıb. Bəlkə  də  mən indi illüziyalar aləmində yaşayıram. Sən də, Özgür də  mənim illüziyalarımın 
iştirakçılarısınız. Mən nəyi görmək istəyirəmsə onu görürəm. Qorxuram ki, bir gün yatıb, həmişəlik real həyatımda 
oyanım, bir də bura qayıtmayım. Çox qorxuram, amma həm də istəyirəm ki, belə olsun. Səni, Özgürü itirməkdən, 
inqilabın olmadığını, Milli rejiminin dəyişmədiyini anlayıb sarsılmaqdan qorxuram. Bir yandan da sevinirəm ki, hamı sağ-
salamatdır - bütün əzizlərim, dostlarım yaşayırlar. Hətta Şeylanı da öldürməmişəm. Toğrul dedi ki, sən bizə gələn günün 
səhərisi mən  Şeyla ilə  Gənclikdəki villaya getməmişəm, hansısa  İtalyan restoranında yemək yemişəm. Yəni onu 
öldürməmişəm, cəsədi də  Şamaxıda basdırmamışıq. Rənanın evində oyanıb sənə  zəng vurmuşdum, sənsə mesaj 
yazmışdın mənə. Mesajdan belə çıxırdı ki, sən də Rasimlə bir yerdəsən. Bayaq da mən klinikada olanda Rənadan mesaj 
gəldi.  
Gözlərindən yaşlar axa-axa, dodaqlarını bir-birinə möhkəmcə sıxıb televizoru söndürdü. Çənəsi titrəyərək üzümə baxdı: 
- Hardadı o mesaj? 
Cəld hərəkətlə cib telefonumu divanın belindən götürüb, mesajlar qovluğuna girdim.  
- İndi, bu saat. Göstərəcəm sənə.  
Axırıncı mesaj, dünən Sevilin işdən mənə yazdığı sevgi etirafı idi: “İşdə ürəyim partlayır, səni istəyirəm. Səni çox 
sevirəm. Neynirsən? Darıxmırsan evdə?” 
Həyəcanla telefonda qurdalandığımı görən Sevil:  
- Mən elə bilirdim xoşbəxt günlərimiz hələ qabaqdadır, hər şey düzəlib, heç bir problem qalmayıb – dedi. - Elə bilirdim biz 
artıq bir ailəyik. Sən demə görən günlərim varıymış.  
Telefonu təzədən divanın belinə qoyub: 
- Tapa bilmədim – sınıxmış halda dedim. 
- Əlbəttə tapa bilməyəcəksən, çünki mən sənə mesaj yazmamışam. 
- Sənə bu qədər problem yaratdığıma görə özümə nifrət edirəm. 
- Elə danışma! O nə sözdür?  
- Düz demirəm bəyəm? Sən də, indiki həyatım da çox realdır. İnanmaq olmur ki, bunlar hamısı yuxudur. Amma keçmişim 
də realdır axı! Deyirəm sənə Toğrulu hər dəfə canlı görürəm, yuxudakı kimi yox. Bəs mən nə edim? Hansına inanım, 
harda qərar qılım?  Əgər real həyatım burada deyilsə... səninlə bir yerdə olmadığımı, rejimin də  dəyişmədiyini qəbul 
eləmək çox çətindir. Qorxuram. Sənin də, inqilabın da illüziya olmağınız dəqiqləşərsə məhv olaram!  
- Nə üçün yuxularına yox, bu gününə illüziya deyirsən? Səni başa düşmürəm! - əlinin tərsi ilə gözlərini silib dedi. – 
Bilirəm, yenə deyəcəksən ki, yuxu deyildi. Hə?  
Onu qucaqlayıb bağrıma basdım, saçlarını öpdüm. Deməyə sözüm, verməyə cavabım yox idi. Sevilin gözlərindən axan 
ilıq damcılar çiynimi isladırdı. 
- Qurban olum, sabah mütləq həkimə gedək. Eşidirsən? – başını çiynimdən qaldırıb dedi.– Səhər Özgürü aparıb 
məktəbə qoyaram, sonra evə qayıdaram, yaxşı? Bir yerdə gedərik Əlixanın yanına.  
- Gözlərimi yumub harada oyanacağımı bilmirəm, sənsə deyirsən həkimə gedək. Qurban olum, ağlama. Yaxşı gedərik. 
Onda gərək yatmayım, səhərə qədər oyaq qalım.  
 
*** 
 
Adını çox eşidib, indiyə qədər tanış olmaq fürsəti tapmadığım psixiatr Əlixan Rüstəmzadəni görən kimi tanıdım. Tanıdım 
deyəndə ki, Sahil metrosunun yanında yerləşən xudmani klinikanın qapısı açılıb içəri 35-38 yaşlarında, hündürboy, 
enlikürək, gümüşü saçları olan yaraşıqlı və gülərüz kişi daxil olanda, Əlixanın məhz bu adam ola biləcəyini düşündüm. 
Sevillə  mənə yaxınlaşıb “Deyəsən məni gözləyirsiniz?” soruşan  Əlixan, psixiatrdan çox, Latın Amerikası seriallarında 
ikinci dərəcəli “müsbət adam” rollarını ifa edən aktyorlara oxşayırdı. Mülayim səsi, səmimi və rahat hərəkətləri ilə insana 
ilk görüşdən inam, güvən aşılayan Əlixanın əlini sıxanda, bu günə qədər psixiatriyaya və psixiatrlara bəslədiyim skeptik 
münasibəti xatırlayıb utandım. Gülməli də olsa, artıq ürəyimi ona açmaqdan ötrü səbirsizlənməyə başlamışdım desəm, 
yalan olmaz.  
Sevil, özünə xas olmayan canfəşanlıqla: 

 
150
- Siz allah bağışlayın, səhər tezdən zəng vurub sizi narahat elədik – dedi. - Zöhrab bəy demişdi ki, bir problem olsa sizə 
müraciət edə bilərik. 
Əlixan əlini qaldırıb, gözlərini süzdü və artistik əda ilə: 
- Yox, yox. Narahatçılıq filan yoxdur – dedi və mükəmməl dişlərini fəxrlə bizə göstərərək gülümsədi, - Özü də tez niyə 
olur, saat onun yarısıdır. Mən elə bu vaxtlar işə gəlirəm. Buyurun, - əli ilə koridorun solundakı birinci kabinetə işarə edib, 
özü qabağa düşdü. 
“Etibarlı əllərdə” olduğuma qənaət gətirən Sevil: 
- İşə gecikirəm – pıçıltı ilə dedi. - Çıxandan sonra zəng eləyərsən, yaxşı? – yanağımdan öpüb tələm-tələsik getdi. 
Doktorun ardınca kabinetə keçib pasientlər üçün nəzərdə tutulmuş yumşaq, dəri kresloya əyləşdim.  Əlixan isə 
tələsmədən masasının üstündəki kağız-kuğazı bir kənara topladı, jalüzləri açdı və əyninə ağ  xələtini geyinib qarşımda 
oturdu. İlk dəfə psixiatr qəbuluna düşmüş adam, həm də bir həkim kimi, Əlixanın davranışlarında, danışığında hər şey 
mənə maraqlı görünürdü. 
- Etirazınız yoxdursa, başlayaq – mehribancasına gülümsündü. 
- Buyurun doktor. Mən hazır. 
Söhbətimiz, doktorun məsələyə aidiyyəti olmayan sualları ilə başladı. Daha doğrusu mənə elə  gəlirdi ki, onun verdiyi 
sualların mənim  şikayətimə aidiyyəti yoxdur. Buna baxmayaraq, bütün suallarına səmimi cavablar verib, heç nəyi 
gizlətmədən bütün hadisələri  əvvəldən-sona qədər ona danışdım – komaya düşməyimi, yuxularımı, reallıq hissini 
itirməyimi, keçmişimlə indiki həyatım arasındakı  sərhədlərin silinməsini.  Əlixan isə gümüşü başını arada-bir 
canıyananlıqla endirib-qaldırıraq diqqətlə mənə qulaq asır, qabağındakı kağızda qeydlər aparmağı da unutmurdu. Yarım 
saata yaxın davan edən monoloqumu səbrlə, sona qədər dinlədikdən sonra, “aydındır” deyib ayağa qalxdı və otaqdan 
çıxdı. 
Bir dəqiqə keçməmiş gənc bir qızla geri qayıtdı. Qapının sol tərəfindəki yaşıl şirmanı bir yerdə araladılar. Ensiz, ağ rəngli 
masanın üstündə ensefaloqramma  cihazını gördüm. Onu işə salıb, məni cihazın yanındakı stula əyləşdirdilər. 
Ensefolaqramma cihazını tanıyıram – xəstənin ona qoşulması  əziyyətli işdir. Elə  də oldu. Saçlarımın dibinə gel yaxıb 
elektrodların rezin uclarını başımın müxtəlif yerlərinə pərçim etmək üçün, təxminən on dəqiqəyə yaxın əlləşdilər. Bəzən 
məftillər sözə qulaq asmır, qopub yerə, ya da çiynimə düşürdülər. Sonda min bir zülmlə bütün elektrodları başıma, 
alnıma, gicgahlarıma yapışdırıb cihazın yaşıl düyməsini basdılar. Doktorun iri monitorda baxdığı  əyri-üyrü xətlərdən, 
beyin ritmlərindən başım çıxmır. Yenə də kardioqramma olsaydı, oxuya bilərdim. 
Prosedura bitəndən sonra Əlixan cihazı söndürdü və printerdən çıxan kağızları götürüb diqqətlə oxumağa başladı. 
Üstündən krem və dərman iyi gələn ağ xələtli toppuş tibb bacısı isə, orta irilikdəki döşlərini üzümə beş santimetrə qədər 
yaxınlaşdırıb, elektrodları başımdan ayırırdı. Mən isə, ağlıma kənar fikirlər girməsin deyə, ona yox, ensefolaqramma 
nəticələrini oxuyan Əlixana baxırdım.  
Qız işini bitirib mənə  təbəssüm etdikdən sonra otaqdan çıxdı. Qayıdıb təzədən öz yerimə oturdum. Əlində  qələm 
oynadan Əlixan axırıncı kağızı da oxuyub bitirəndən sonra, qayğılı gözlərini üzümə dikib soruşdu: 
- Deyəsən gecə az yatmısınız. 
- Ümumiyyətlə yatmamışam. Bayaq dedim axı - yata bilmirəm, qorxuram.  
- Başa düşürəm. Lakin yatıb-yatmamaq sizin əlinizdə olmadığı üçün, özünüzü əziyyətə salıb səhərə  qədər oyaq 
qalmağınızın mənası yoxdur.  
- Sizi başa düşmədim doktor. 
- Siz də həkimsiniz, ona görə açıq danışacağam. – Əlixan ensefolaqramma nəticələrini masanın kənarına qoyub, əllərini 
ibtidai sinif şagirdləri kimi stolun üstündə birləşdirdi. – Əslində sizi polisomnoqrafiya testindən keçirməliydim, amma bizim 
klinikada bunun üçün şərait olmadığı üçün, ensefolaqramma ilə kifayətlənməli oldum. Sizinlə söhbətdən sonra, onsuzda 
hər şey mənə aydın oldu. Sizdə ağır, depressiv sindromla müşayiət olunan narkolepsiya var. Bu xəstəlik barədə nəsə 
eşitmisiniz? 
Alnımı qırışdırıb yadıma salmağa çalışdım. 
- Deyəsən eşitmişəm. Hə, eşitmişəm, amma mən bilən çox nadir xəstəlikdir axı. Deyirsiniz o da gəlib məni tapıb? – 
qorxu və həyəcandan mədəmin altı sancmağa başlasa da, birtəhər gülümsəməyə çalışdım.  
Əlixan isə ciddiliyini saxladı: 
- Bəli, belə çıxır ki, tapıb. Düz deyirsiniz, xəstəlik yuxu pozuntuları ilə səciyyələnən, nadir hallarda görülən mərkəzi sinir 
sistemi xəstəliyidir. Bayaq ona görə dedim ki, istəsəniz də yuxunun qarşısını ala bilməzsiniz. Yəni istənilən anda, harada 
olmağınızdan asılı olmayaraq, yuxu sizi qəfil apara bilər. Özü də bu yuxular elə ağır olur ki, adam özünü saxlaya bilmir, 
harda gəldi yatır. Xəstəlik sizdə təzə başlayıb deyə, hələ ki, belə bir hadisə bir-iki dəfə başınıza gəlib. Bir dəfə parkda, bir 
dəfə də dünən evdə. Gecə oyaq qalmısınız, amma bu o demək deyil ki, oyaq qalmaq hər dəfə sizə müyəssər olacaq. 
Sadəcə olaraq bu gecə pristupunuz tutmayıb. Amma elə bax bu dəqiqə, buradaca sönməyəcəyinizə heç kəs zəmanət 
verə bilməz.  
- Bəs yatanda gördüyüm şeylər? Yəni yuxular? Məni ən çox narahat edən onlardır.  

 
151
- Narkolepsiyalı  xəstələrdə çox vaxt hallüsinasiyalar olur. Sizin yuxu dediyiniz o görüntülər, hallüsinasiya ilə röyaların 
qarışığıdır. Hər şey çox real görünür deyə, ayırd eləmək olmur – yuxudur, ya yox.  
- Bəs nə etmək olar doktor? – alçaq səslə soruşdum. 
- Təəssüf ki, hipersomniyaya aid olan sinir sistemi xəstəliyi olduğundan, müalicəsində ciddi çətinliklər var. Daha doğrusu 
müalicəsi hələ tapılmayıb. Baxın, nəticələr də göstərir ki, əzələ tonuslarının tam ya da qismən itirilməsi baş verir. 
Onun sözünü kəsdim: 
- Axı bu xəstəliyin səbəbi nədir doktor? Niyə məhz mən?! – səsim özümə yad gəldi, elə bil sualı inildəyərək vermişdim. 
Əlixan isə rəhmsizcəsinə hökmümü oxumağa davam edirdi:  
- Dəqiq bir söz demək çətindir. Bəziləri deyir ki, narkolepsiya beyində oreksin çatışmazlığından yaranır. Bu xəstəliyin irsi 
olduğunu deyənlər də var. 
Dərindən köks ötürüb başımı  aşağı endirdim, düyünlənmiş yumruqlarıma baxdım. Susurdum, çünki doğrudan da 
deməyə sözüm qalmamışdı. Birdən Əlixanın mülayim səsi eşidildi: 
- Murad bəy, bax buna yol vermək olmaz! Əsla ümidsizliyə qapılmayın.  
Gözlərimi qaldırıb üzünə baxdım. 
- Qapılmayım? Bəs neynəyim? Bu xəstəliklə necə yaşayacam? Dəli olmaqdan qorxuram! Gah keçmişimə qayıdıram, 
gah təzədən burada oyanıram. Əzab çəkirəm doktor! Reallıq hissini itirmişəm – bilmirəm yuxularım harda başlayır, harda 
qurtarır. 
- Sizi başa düşürəm. Ancaq reallıq hissini itirməyinizə  qətiyyən ehtiyac yoxdur. Bəli, hallüsinasiyalarınız sizi çaşdırır, 
çünki çox real görünürlər. Amma çalışın ayılandan sonra, ətrafınızdakı insanlara indiki həyatınızın irreal olduğunu, hələ 
də keçmişinizdə yaşadığınızı deyib, onlarla mübahisə etməyin, onları ürkütməyin. Bircə onu bilin ki, sizin indiki həyatınız 
kifayət qədər realdır. Axı siz də həkimsiniz, özünüzü ələ ala bilməlisiniz. Vəziyyətinizi daha da ağırlaşdırmaq lazım deyil, 
beyninizə pis-pis fikirlər gətirməyin. Sizə yazacağım dərmanlardan sonra gecələr rahat yatacaqsınız. Əsas məsələ yuxu 
rejiminə riayət etməkdir. Bir də görəcəksiniz ki, xəstəlik öz-özlüyündən çıxıb gedib. Narkolepsiyanın ağır formaları da 
olur. Elə adamlar var ki, yuxudan ayılandan sonra iflic kimi olurlar, hərəkət edə bilmirlər. Somnambulik effekt yaşayırlar. 
Ən azından sizin xəstəliyiniz belə ağır deyil.  
- Doktor, bəs şizofreniya?  
- Nə şizofreniya? 
- Yəni, şizofreniyaya tutula bilərəm? 
- Sizə kim dedi ki, narkolepsiya şizofreniyanın simptomudur? Əlbəttə, reallıq hissini itirib, öz dünyanıza qapanmağa 
davam eləsəniz,  şizofrenik kimi görünə bilərsiniz. Sizinlə açıq danışım – sağalmağınız  əlli faiz sizdən asılıdır. Mənə 
kömək edin. Daha doğrusu özünüzə kömək edin. İçinizə qapanmayın. Əks halda insanlar sizi başa düşməyəcək. 
Başımı tərpədərək əsəb və kinayə ilə qımışdım: 
- Aha, əlbəttə başa düşməyəcəklər. Heç kəs başa düşmür onsuzda. Yuxularımda keçmişimə aid adamları görürəm – 
onlar da məni başa düşmürlər. Onlar da mənə  dəli gözü ilə baxırlar. Torğulu tez-tez görürəm. O da deyir ki, həkimə 
getməlisən. Görürsünüz nə maraqlı  həyatım var?! Hər iki həyatımda da elə bilirlər dəliyəm, məni psixiatra göndərmək 
istəyirlər. Yaxşı, burada sizin yanınıza gəldim, mənə diaqnoz da qoydunuz. Bəs yuxu dediyiniz paralel həyatımda? Üzr 
istəyirəm, paralel həyat sözündən xoşunuz gəlmir. Olsun yuxularımda. Yuxularımın birində  də  həkim yanına getsəm 
necə? Məsələn Toğrulun məsləhət gördüyü həkimə? O da mənə eyni diaqnozu qoyub, eyni sözləri desə? Desə ki, sizin 
real həyatınız burdadır, inqilab təxəyyülünüzün məhsuludur, dostlarınız sağdır, heç kəs ölməyib. Doktor, mən yuxunun 
nə olduğunu bilirəm. Hər halda özüm də həkiməm. Amma mənim gördüklərim yuxuya heç oxşamır. 
- Birincisi, siz dəli deyilsiniz, heç kəs də sizə dəli demir. İkincisi də ki, bir daha təkrarlayıram - yuxularınızın təsiri altında 
qalmamalısınız. Yaddan çıxarmayın ki, gördükləriniz yuxudur, hallüsinasiyadır. Yatanda irreal həyata addım atırsınız. 
Orada gördüklərinizi, elə oradaca qoyub qayıdın. Deyirsiniz orada həkimə getsəniz necə olar? Gedin! Nədən 
narahatsınız? Ola bilsin Toğrulun sizi aparacağı həkim də mənim qoyduğum diaqnozu qoysun, hətta mənim yazacağım 
dərmanları yazsın. Yuxularınızda, hallüsinasiyalarınızda gördükləriniz çox vaxt şüuraltınızdan qaynaqlanır. Amma siz 
çalışın oyanandan sonra depressiyaya düşmək yerinə, yuxuda gördüklərinizə güləsiniz. Məsələn yuxularınızı  həyat 
yoldaşınıza həyəcanla,  əsəblə danışmaq  əvəzinə, gülə-gülə danışın. Deyin ki, “təsəvvür edirsən, yuxuda filan yerə 
getdim, filan adamı gördüm, mənə filan şeyi dedi”. Yeri gəlmişkən, Sevil xanımla da danışacam. Daim sizinlə bir yerdə 
olduğu üçün, ona bir neçə  məsləhət verməliyəm. Yuxularınızı, oyandıqdan sonra keçirdiyiniz şok vəziyyətini başa 
düşməlidir. 
- Mən Sevildən narahat deyiləm, narazı da deyiləm – dedim. - Onun yerində başqası olsaydı, məni çoxdan atıb getmişdi. 
Komaya düşdüyüm dəqiqədən mənim yanımdadır. Məni qorxudan, narahat edən elə mən özüməm. Başa düşmədiyim 
odur ki, burada sönüb, keçmiş  həyatımda oyananda, yuxuya getməmişdən  əvvəlki hadisələri saniyəsinə  qədər necə 
xatırlayıram? Necə olur ki, ORADA da şoka düşürəm? Axı yuxu belə olmur! Bağışlayın, mən deyəsən təkrarçılıq 
eləyirəm. 
- Problem deyil. Həm də, mən sizinlə razıyam. Doğrudan da yuxu belə olmur. Pis yuxu görüb ayılan sağlam adamlar 
uzaqbaşı bir-iki dəqiqə  şok keçirirlər, sonra da gördüklərini tamam unudurlar gedir. Narkoleptiklər isə yuxu ilə reallığı 

 
152
ayırd edə bilmirlər. Bəs psixiatriya elmi nə üçündür? – doktor gülümsündü. – İndiyə qədər sizin kimi onlarla pasientim 
olub. Hamısı da məni əmin eləməyə çalışıb ki, onlar yuxu görmürlər. Sizcə onlara inanmalıydım?..  
- ... 
- Murad bəy, nə badə fikirləşəsiniz ki, sizin xəstəliyiniz müstəsnadır, siz başqalarından fərqli olaraq paralel həyatlarda 
yaşayırsınız, hamı bir yana, siz bir yana. Xeyr, elə şey yoxdur. Sizin kimi keçmişi ilə bu günü arasında var-gəl edən yüz 
minlərlə adam var dünyada. Sizin keçmişiniz şüuraltınzıda həbs olunub qalıb, arada-bir də üzə çıxır.  
Əlixan qolundakı saata baxıb, masanın küncündən resept bloknotunu götürdü. 
- Dediklərimə riayət etsəniz, bu problemin öhdəsindən asanlıqla gələrik.  İndi sizə güclü psixostimulyator yazacam. 
Metilfenidat preparatı barədə nəsə eşitmisniz? – üzümə baxmadan, yaza-yaza soruşdu.  
- Xeyr, eşitməmişəm. 
- Çox təsirli dərmandır. Bir də Klomipramin adlı antiderpressant yazıram. – Başını qaldırıb üzümə baxdı, - bu dərmanları 
reseptsiz satmırlar, hər aptekdən də tapmaq olmur. Böyük, məşhur apteklərdən soruşun. Düz bir həftə sonra, sizinlə bir 
daha görüşəcəyik. Amma siz istənilən vaxt mənə zəng edə bilərsiniz. 
 
Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin