Amerika Birləşmiş Ştatlarına qarşı terror Dünya Birliyinə, demokratiyaya qarşı terrordur. Bu terror demokratiyaya və sivilizasiyalı inkişaf yolu tutmuş hər bir ölkəyə qarşı yönəlmişdir.
Heydər ƏLİYEV
XXI əsrin əvvəllərində geniş vüsət tapmış qloballaşma şəraitində bəşəriyyətin tərəqqisinə xidmət edən hadisələrlə yanaşı, ümumi məqsəddən, böyük amaldan kənara çıxan arzuolunmaz hadisələr də baş verir ki, bunların vahid kontekstdə öyrənilməsinə böyük ehtiyac vardır.
11 sentyabr 2001-ci il.
Bəşər tarixinə qara hərflərlə yazılan, lakin sadəcə bir faciə kimi yox, həm də beynəlxalq miqyaslı ictimai təbəddülat kimi təzahür edən yeni keyfiyyətli bir hadisə... Ağrılı-acılı, həm də düşündürən bir hadisə. Bəşəriyyətin özünüdərk yolunda, zamanın ahəngdar axınında bir fasilə, bir kəsilmə məqamı.
Çox az-az hallarda, nadir hadisələrin təsiri ilə tarix ənənəvi inkişaf yolundan çıxaraq yeni səmtdə cərəyan edir. 11 sentyabr da belə məqamlardan biri ola bilər. Olmaya da bilər. Bunu hadisələrin sonrakı gedişatı göstərəcəkdir. Lakin istənilən halda bu hadisə ümumbəşəri inkişaf prosesindən, ictimai tərəqqinin normal gedişatından kənaraçıxma idi, zamanın məntiqinə sığmırdı...
Bu terror aktı nəinki təkcə ABŞ, həm də bütövlükdə bəşəriyyətə böyük zərbə oldu. Bəşəriyyət sarsıldı. Şüurlar donub qaldı. Baş verən hadisə insanların nəinki normal düşüncəsinə, heç fantaziyasına da sığmadı. Bəşəriyyət bu hadisəni həzm edə bilmədi. Nə emosional müstəvidə, nə də təfəkkür müstəvisində. Hətta ən kənar qütbləri də bir araya gətirən, əkslikləri vəhdətdə götürən Hegelin dialektik məntiqi də bu hadisəni qavramaqda aciz idi. Ona görə də ümumbəşəri idrak yol ayrıcında dayanıb baş verənlər üçün yeni qəlib, yeni şablon, yeni paradiqma axtarır. Ancaq hələ ki, belə bir paradiqma tapılmayıb. Düzdür, hadisələr davam edir. Lakin hadisələr, təəssüf ki, yenə də köhnə təfəkkür standartları və ənənəvi ideoloji yönüm istiqamətində davam edir.
Bəsit düşüncə, kütləvi şüur problemin güc mövqeyindən, getdikcə daha müasir silahların işə düşməsi hesabına həll oluna biləcəyinə inansa da, analitik təhlil bunu şübhə altına alır, yeni baxışın və yeni həll üsullarının labüd olduğunu göstərir.
İndi Amerika və bütün dünya seçim qarşısındadır. Ya ictimai rəyə və kütləvi şüura uyğun olaraq emosiya səviyyəsində qərarlar qəbul etmək, «qisas» mövqeyindən çıxış etmək, ya da dünyada terrora rəvac verən əsl səbəbləri aşkar etmək, onun ideoloji, siyasi və iqtisadi köklərini üzə çıxarmaqla daha geniş miqyaslı fəaliyyət strategiyası seçmək.
Hadisələr göstərir ki, ABŞ bu yollardan hər ikisini seçmişdir. Həm yaxın müddətli proqramın icrası olaraq terrorçu qruplaşmaların və təşkilatların güc tətbiqi ilə ləğvinə nail olmaq təşəbbüsü göstərilir, həm də uzun müddətli proqram olaraq terrorun bir spesifik ictimai hadisə kimi ideoloji, hərbi sursat və maliyyə qaynaqlarını müəyyənləşdirmək istiqamətində axtarışlar aparılır. Lakin birincidə ifrata varmaq ikincinin uğurla həyata keçirilməsinə mane ola bilər.
ABŞ alimi Angelo Korlet yazır: «Bir sıra ölkələrin siyasətçiləri öz ölkələrinə və müttəfiqlərinə qarşı olan siyasi zorakılıqları terrorizm kimi pislədikləri halda, öz dövlətlərinin həqiqi terroru himayə etdiklərini qəbul etməyi bacarmırlar»1. Başqa sözlə, terrora münasibətdə ikili standartların aradan götürülməsi zərurəti Amerikanın özündə də elmi ictimaiyyət tərəfindən mühüm şərt kimi irəli sürülür.
* * *
Güc tətbiq edilməsi səbəbi yox, hansı isə nəticələri aradan qaldıra bilər. Əsas məsələ isə əvvəllər ideoloji müstəvidə buraxılmış səhvlərin aradan qaldırılması olmalıdır. Bu səhvlərdən biri dini qarşıdurmalara şərait yaradılması, KİV-də buna geniş yer verilməsi, bu və ya digər ölkədən çıxmış ekstremist qruplaşmaların fəaliyyətinin onların mənsub olduğu dinlə əlaqələndirilməsidir. «İslam fundamentalizmi» ideyasının həddindən artıq qabardılması və bəzi terrorçu dəstələrin qəsdən dini ehkamlara istinad etmək cəhdlərini təkzib etmək əvəzinə, bunu qeyd-şərtsiz qəbul etməkdir. Nəticədə ictimai şüurda hansısa terrorçu təşkilatların fəaliyyətini dinlə əlaqələndirmək meylləri formalaşır ki, bu da qətiyyən yolverilməzdir. Çünki bütün dinlər kimi, islam da hər cür zorakılığın, günahsız qurbanların, insan həyatına qəsd etməyin qəti əleyhinədir. Bu məsələdə islamın təməl prinsiplərndən terrora qarşı mübarizə üçün istifadə etmək daha məqsədəuyğun olardı.
Təsadüfi deyildir ki, 11 sentyabr terroru dünya ictimaiyyətinə ayrı-ayrı adamların, yüzlərlə-minlərlə insanın şəxsi faciəsi şəklində təqdim edilmədi. Əgər biz televiziya kanallarının terrorla bağlı göstərdiyi süjetlərə diqqət yetirsək, görərdik ki, şəxsi faciələrdən, insanların müsibətindən, göz yaşından, hönkürtüdən söhbət getmir. Biz ekranlarda qan görmədik, meyitlər, cənazələr, kəsilmiş, parçalanmış bədən üzvləri görmədik. Biz həlak olanların yaxın qohum-qardaşının ah-şüvənini görmədik.
Bütün televiziya kanalları eyni bir süjeti göstərdi. Biz ekranlarda bir növ hərbi güc-qüdrətin simvolu olan Pentaqonun və sivilizasiyanın simvolu olan «qoşa göydələnlər»in necə zərbələrə məruz qaldığını və necə çökdüyünü gördük. Bu, əlbəttə, təsadüfi deyildi. Bunun özündə bir rəmz vardır. Faciənin miqyası və əsl obyekti bu halda daha aydın görünür.
Əlbəttə, jurnalistlər yüzlərcə ürək ağrıdan fərdi faciə səhnələri göstərə bilərdilər. Lakin onlar bunu etmədilər. Təkcə ona görə yox ki, öz dövlətlərinin qürurunu qorumağa çalışdılar (Əgər belədirsə, bizim jurnalistlər dövlətçilik hisslərini, milli qürur hissini də amerikanlardan öyrənsələr yaxşıdır). Həm də ona görə ki, bu, baş vermiş hadisənin mahiyyətini açmazdı. Terrorun məhz bütövlükdə sivilizasiyaya qarşı çevrildiyini göstərilən süjetdən daha yaxşı təqdim etmək mümkün deyildi. Zira «göydələnlər» həqiqətən sivilizasiyanın, insan qüdrətinin, elmi-texniki tərəqqinin təcəssümü idi.
Paradoksal hal odur ki, ümumbəşəri tərəqqiyə, sivilizasiyaya qarşı yönəldilmiş terror aktı özü bu sivilizasiyanın məhsuludur. Elmi-texniki inkişaf, ən müasir silah növlərinin kəşfi özündə potensial olaraq mənfi faktorları da saxlayır. Təsadüfi deyildi ki, atom fizikasının yaradıcıları A.Eynşteyn, N.Bor, Oppenqeymer, Frederik J.Küri və başqaları atom silahının işlədilməsi əleyhinə, silah istehsalı əleyhinə ən kəskin çıxış edən adamlar idi. Bəli, elmi-texniki tərəqqi sülhə xidmət etdiyi kimi, müharibəyə də xidmət edə bilər.
İkinci Dünya Müharibəsindən sonra bəşəriyyətin bütün mütərəqqi qüvvələri yaranmış yeni təhlükələri görərək ona qarşı mübarizə aparmağın yeni formalarını axtardılar. Bununla bağlı beynəlxalq hüquq normaları yaradıldı. Və dünyanın bütün ölkələrinin bu normalara riayət etməsi uğrunda mübarizə başlandı. Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq qurumlar yaradıldı. Bir sözlə, yeni dünya müharibəsinə qarşı bütün qüvvələr səfərbər edildi.
Lakin bəşəriyyət müharibəyə qarşı mübarizə formaları axtardığı bir vaxtda yeni bir təhlükə mənbəyi ortaya çıxdı. İndi müasir silahların təkcə dövlətlər tərəfindən deyil, həm də ayrı-ayrı şəxslər və qruplaşmalar tərəfindən ələ keçirilərək istifadə olunması ən böyük təhlükəyə çevrilmişdir. Bu – ən müasir texnika ilə təchiz olunmuş beynəlxalq terrordur. Dövlətlərə nəzarət etmək, sivil qaydalarla beynəlxalq münasibətlər sistemini təkmilləşdirmək terrora qarşı mübarizə aparmaqdan, görünür, daha asan imiş. Onun ən spesifik və ən mənfi cəhəti bəşəriyyətin neçə əsrlər ərzində əldə etmiş olduğu sivil normalara, beynəlxalq hüququn tələblərinə, mənəvi və dini prinsiplərə məhəl qoymamasıdır. Lakin bununla yanaşı, terrora münasibətdə də ikili standartdan çıxış etmək, onu bu və ya digər dini təlimlərlə əlaqələndirmək yolverilməz haldır.
Əsl günahkar silahdır, silah alveri ilə varlanmaq cəhdləridir. Əsl günahkar sivilizasiyanın öz daxilindəki naqis məqamlardır; onu kamilləşdirmək lazımdır.
Bəli, bu gün terrorizmin arxasında dayanan həqiqi böük qüvvə varsa, o da silah alveri ilə məşğul olan mafiyalardır. Böyük dövlətlərin öz silah artıqlarını geri qalmış dövlətlərə və ilk növbədə müsəlman ölkələrinə satmaq siyasəti də terrorizm üçün bu ölkələrdə zəmin hazırlayır. Sonra isə diqqəti əsl səbəbdən yayındırmaq üçün «islam faktoru» ideyası ortaya atılır. Və bu istiqamətdə məqsədyönlü iş gedir. Bu yönümdə yaranmış konsepsiyaları real həyati faktlarla təsdiq etmək üçün qəsdən münbit şərait yaranması da istisna olunmur. Silah istehsal edən böyük dövlətlər daxilindəki müəyyən qüvvələr dövlətin ideoloji kursuna da təsir göstərməyə çalışırlar. Görünür, sivilizasiya anlayışının xristian və islam sivilizasiyalarına ayrılması və bunların labüd surətdə toqquşması ideyası da təsadüfən yaranmamışdır.
Bizcə, keçən əsrdə formalaşdırılmış olan belə tendensiyalı konsepsiyalara, artıq xeyli dərəcədə kök atmış qüsurlu ideoloji əsaslara yenidən baxmaq, dünya miqyasında və ayrı-ayrı regionlarda güclə hikmət, hərbi və mənəvi-intellektual inkişaf səviyyələri arasındakı balansın pozulması təhlükəsini nəzərə almaq lazımdır.
Bəşəriyyətin nicatı qəzəbdə, gücdə, silahda deyil. Bəşəriyyətin nicatı cəzada deyil. Hətta cinayətkara qarşı yönəlsə belə! Axı, xristianlığın bu hikmətini Qərb dünyası çoxdan mənimsəmiş olmalıdır.
Dünyanı nifrət yox, məhəbbət xilas edəcəkdir.
* * *
Əlbəttə, «yüksək materiya»dan çıxış etsək, «qanı qanla yumazlar», «bir zorakılıq başqa zorakılıqla aradan qaldırıla bilməz» fəlsəfəsini ön plana çəksək ABŞ-ın Əfqanıstandakı qisas aksiyasını qınamaq da olardı. Xüsusən belə geniş miqyasda həyata keçirilən aksiyanı.
Qisas aktının daha konkret ünvana yönəldilməsi, məhz Bin Laden və onun terrorçu qrupunun, digər terrorçu təşkilatların cəzalandırılması mövqeyi, əlbəttə, daha düzgün görünür. Lakin Bin Ladeni dəstəkləyənlər vaxtında düzgün nəticə çıxara bilmədilərsə və rasional mövqe nümayiş etdirə bilmədilərsə – burada məsuliyyət təkcə ABŞ-ın yox, həm də və daha çox dərəcədə Taliban liderlərinin üzərinə düşür.
Bəs onların belə qeyri-rasional mövqe tutması, öz milli maraqlarına biganəlik göstərməsi nə ilə bağlı idi?
Bu qədər böyük itkilər vermiş, bu qədər böyük təxribata məruz qalmış Amerika dövlətindən daha çox təmkin və alicənablıq gözləməkdənsə, vaxtında situasiyanı düzgün qiymətləndirərək bir nəfər terrorçunu təhvil vermək daha düzgün olmazdımı? Belə tərsliyin, belə açıq-aşkar özünəqəsdin səbəbini nədə axtarmaq lazımdır? Şərq düşüncəsindəmi? «Qeyrət», «kişilik» haqqındakı təsəvvürlərdəmi? «Qonağı satmamaq», «dostluqda axıra qədər sadiq olmaq», «sənə sığınanı başqasına təslim etməmək» kimi fərdi əxlaqi mülahizələrlə düşünən adamlar dövlətə başçılıq etməyə nə dərəcədə layiqdirlər? Axı, fərdi əxlaq dövlətçilik təfəkkürü ilə, fərdi münasibətlər dövlət siyasəti ilə qarışıq salınmamalıdır. Dövlət başçısı öz xalqının və dövlətinin taleyini bir terrorçunun mənafeyinə necə qurban verə bilər?
İstər-istəməz sual ortaya çıxır: əgər yüksək əxlaqi keyfiyyətlərdən söhbət gedirsə, həqiqi dostluqdan və «qəhramanlıqdan» söhbət gedirsə Bin Ladenin özü talibanların xətrinə, əfqan xalqının xətrinə niyə özünü təslim etmədi? Niyə «qəhrəmanlıq» göstərmədi? Başqalarının şəhidliyi ilə terror törədən adamın öz şəhidliyinə mənəvi gücü çatmadısa, əfqan liderləri nəyə görə xalqın, dövlətin taleyi ilə risqə gedib onu qorumaq mövqeyini seçdilər?
Bax, burada təkcə rəhbərlərin avamlığı və fanatizmi üzə çıxmır, həm də əhalinin fanatizmi əsas rol oynayır. Lakin kütləni bağışlamaq olar, lideri yox.
Bəli, bu bir faktdır ki, Şərqdə, Şərq təfəkküründə «şəxsi qəhrəmanlıq», «qeyrət», «kişilik» təsəvvürləri üstün yer tutur və bunun naminə ölümə getmək şərəf hesab olunur.
Lakin məsələyə rasional idrak mövqeyindən yanaşılarsa başqa suallar ortaya çıxır.
Birini qorumaq naminə başqalarını, yüzlərlə, minlərlə günahsız adamı ölümə vermək və ya həyatını təhlükə altına almaq nə dərəcədə məqbul addımdır və «şərəf», «qeyrət» anlayışlarına nə dərəcədə uyğun gəlir? Elə islam dininin prinsiplərinə, şəriətə nə dərəcədə uyğun gəlir?
XXI əsr üçün nə qədər təəccüblü görünsə də, Qərb təfəkkürü üçün nə qədər ağlasığmaz olsa da, məhz dövlətçilik şüurunun çatışmaması, məhz sosial-siyasi idrakın yoxluğu bəzi Şərq ölkələrində bu cür addımlar atılmasına gətirir. Məgər Səddam Hüseynə və onun rejiminə münasibət də İraq xalqına fəlakətlər gətirmədimi?
Bəzi məsuliyyətsiz liderlərin iddialı çıxışlarının xalq üçün necə faciəli nəticələrə gətirməsindən danışarkən yadıma 1990-cı ilin yanvar ayı düşdü. 20 Yanvar qırğını ərəfəsində Azərbaycanda da bəzi məsuliyyətsiz «liderlər», o vaxt Xalq Cəbhəsinin radikal qanadını təmsil edən adamlar əliyalın əhalini tankların qabağına verməyi bir qəhrəmanlıq hesab edirdilər. Əlbəttə, özləri tankın qabağına getmədilər. Lakin əvvəlcə «bizdə silah var», «bu hakimiyyəti silahlı yolla, güclə devirəcəyik», «hamıya silah paylanacaq», «xarici dövlətlərdən hərbi dəstək gələcək» və s. bu kimi həqiqətdən uzaq və məsuliyyətsiz bəyanatlarla Moskvanı təcavüzə təhrik edən, daha doğrusu, onun əlinə bəhanə verənlər törədilən qırğının «əsaslandırılması» işində Kremlin dəyirmanına su tökmüş oldular.
Belə adamların təsəvvüründə başqalarının həyatı, əhalinin təhlükəsizliyi heç bir qiymət daşımır. Bu gün Qərb sivilizasiyasının, Qərb dövlətçilik təfəkkürünün, demokratiyanın, «insan hüquqlarının qorunması» ideyalarının ən əhəmiyyətli cəhətlərindən biri də hər bir insanın həyatına hörmət və məsuliyyətlə yanaşmaqdır. «Ölüm hökmü» ilə əlaqədar düşüncələrin əsasında da məhz belə humanist bir mövqe durur: «Başqasının həyatına, yaşamaq hüququna qarşı hökm çıxarmaq olmaz». Əlbəttə, günahı təsdiq olunan bir adam haqqında belə mövqe mübahisəlidir. Minlərlə adamın ölümünə səbəb olmuş Abdullah Öcalan və Hüsamə Bin Ladenin həyatı uğrunda mübarizə özü absurddur. Zira terrorçuların əhvi neçə-neçə günahsız insanların qətlinə potensial imkan yaratmaqdır və ya artıq qətlə yetirilmişlərin ruhuna hörmətsizlikdir.
Lakin belə adamları qorumaq naminə dəridən-qabıqdan çıxanlar və onların «həyatı naminə» minlərlə insanın həyatı, hətta bütövlükdə öz xalqlarının, dövlətlərinin taleyi ilə risq edənlər hansı məntiqə əsaslanırlar?
Biz Bin Ladenə münasibətdə Taliban liderlərinin öz xalqlarının mənafeyini bəsit kişilik təsəvvürlərinə qurban verdiklərini qətiyyətlə pisləsək də, hər halda onların məntiqini anladıq.
Bəs Öcalanı uzun müddət gizlədən, mühafizə edən, tutulduqdan sonra da hər vasitə ilə müdafiə etməyə çalışan Avropadakı müəyyən dairələrin məntiqini necə başa düşək?
Burada artıq rasional düşüncənin məhdudluğundan, emosiyaya qapılmaqdan, dövlətçilik təfəkkürünün çatışmazlığından danışmaq mümkün deyil. Çünki Qərb rasional düşüncənin bolluğu ilə səciyyələnir.
İkili standart göz qabağındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ikili mövqeyə kəskin münasibət bildirərək demişdir: «Haqq anı gəlib çatmışdır. Bəzi ölkələr üçün eyni zamanda ikili mövqe tutub həm terrorizm qurbanları, həm də terrorun təşkilatçıları ilə yaxşı əlaqələri qorumağa çalışmaq və bunu tarazlı siyasət adlandırmaq imkanı yoxdur. Bu halda belə siyasət tarazlı adlandırıla bilməz, belə siyasət kəskin tənqidə layiq siyasətdir. Terrorizmi birbaşa və ya dolayısı ilə dəstəkləyən hər bir ölkə və ya təşkilat beynəlxalq birlik tərəfindən məsuliyyətə cəlb olunmalıdır».1
* * *
Taliban hakimiyyətinin rasional dövlətçilik təfəkküründən məhrum olmasını islam faktoru ilə əlaqələndirmək haqsızlıq olardı. Bu hadisə ilə bağlı Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan və sair müsəlman dövlətlərinin tutduqları rasional mövqe bir daha göstərdi ki, terrora münasibətin dinlə heç bir əlaqəsi yoxdur. Əksinə, terrordan ən çox ziyan çəkənlər də məhz müsəlman ölkələridir. Burada ilk növbədə Azərbaycanın və Türkiyənin neçə illər ərzində mütəşəkkil terrora məruz qaldığını yada salmaq lazımdır. Təəssüf ki, bu məsələdə nə ABŞ nə də Avropa ölkələri Azərbaycan və Türkiyəni kifayət dərəcədə dəstəkləmədilər. Təəssüf ki, Türkiyə və Azərbaycana qarşı açıq terror əməliyyatları aparan bir sıra terror təşkilatları Ermənistan dövləti tərəfindən açıq-aşkar dəstəkləndiyi halda ABŞ Konqressinin Ermənistana maliyyə yardımı etməsi, Azərbaycanın isə yardımdan məhrum edilməsi bu gün də davam etməkdədir. Digər tərəfdən, ərazimizi işğal etməklə kifayətlənməyən ermənilərin «Sadval» terrorçu təşkilatının əli ilə Bakıda dalbadal terror aktları törətməsi də, təəssüf ki, böyük dövlətlərin diqqətindən kənarda qalırdı. Heydər Əliyevin dediyi kimi, «kiçik bir regionda terrorçuların bu cəhdləri dünya ictimaiyyətini çox da narahat etmirdi. Lakin terrorizmin getdikcə daha çox cəzasız qaldığı və beynəlxalq terrorizmin Nyu-Yorkda və Vaşinqtonda Amerika Birləşmiş Ştatlarına qarşı bəşər tarixində görünməmiş terror əməlləri törətmək səviyyəsinə gəlib-çıxdığı bir vaxtda, biz hamımız bütün dünya birliyi üçün və təbii olaraq, hər bir ölkə, hər bir insan üçün necə bir təhlükənin yaxınlaşdığını bilməliyik». Biz güman edirik ki, terrorun kiçiyi-böyüyü yoxdur. Ona görə də, hər bir terror təzahürünə qarşı dünya ictimaiyyəti birgə mübarizə aparmalıdır. «ASALA» kimi beynəlxalq terror təşkilatlarının bu gün də nəzarətdən kənarda qalması və ermənilərə «xüsusi münasibət» göstərilməsi təəccüb doğurmaya bilmir.
Terrora qarşı ikili standartlarla aparılan mübarizənin böyük səmərəsi ola bilməz. Böyük terrorun baş verməməsi üçün vaxtında «kiçik» terrorların qarşısı qətiyyətlə alınmalıdır.
Əlbəttə, dünyaya meydan oxuyan, sivilizasiyanın nailiyyətləri ilə oyun oynayan terrorçular və terror təşkilatları ən ağır cəzaya layiqdirlər. Hələ kökləri tapana qədər artıq cücərmiş, qol-budaq atmış, geniş miqyaslı sosial hadisəyə çevrilmiş terrorun daha böyük güc tətbiqi ilə məhv edilməsi zəruri addımdır. Ancaq xəstəliyin ən kəskin təzahürü zamanı, əlbəttə, cərrahiyə əməliyyatı qaçılmaz olur. Lakin terrorun kökünü kəsmək üçün cərrahi üsul kifayət deyil. Onu müalicə yolu ilə həmişəlik aradan götürmək lazımdır. Başqa sözlə desək, Amerikada törədilmiş terror aktına cavab olaraq və qəzəblənmiş əhalinin istəyini yerinə yetirmək üçün operativ tədbirlər həqiqətən görülməli idi. Lakin, həqiqi dövlətçilik məfkurəsi daha dərin təhqiqatlar aparılmasını və terrora rəvac verən real ictimai proseslərin və ideoloji kursların aşkar edilməsi və aradan qaldırılmasını tələb edir.
* * *
Cəmiyyətin ümumi yaradıcılıq potensialı heç də sonsuz deyil. Ümumictimai intellektual potensialın cəmiyyətin təşkilatlanmasına və təbiətin məqsədyönlü surətdə dəyişdirilməsinə, təbii enerjinin insan maraqlarına yönəldilməsinə sərf olunması da itkisiz həyata keçirilə bilir. İdeyadan praktik təcəssümə gedən yolda səmərəsiz məsrəflər də olur. Təbiətdə enerji itkisinin qarşısını almaq mümkün olmadığı kimi, intellektual enerjidə də itkilər labüddür. Lakin bu itkilər hara sərf olunur? Və burada faydalı iş əmsalını artırmaq nəyin sayəsində mümkündür? Təbiətşünaslar neçə əsrdir ki, bu problem üzərində çalışır və xeyli uğur əldə edə biliblər. Lakin cəmiyyətdə bu problem, demək olar ki, öyrənilməmişdir.
Öz kökü olmayan və şitilin gövdəsindən çıxan bic zolaqlar vaxtında qırılıb atılır ki, enerji əsas gövdəyə getsin və bar almaq mümkün olsun. Əks təqdirdə enerji çoxlu sayda zolaqlara paylanmaqla heç bir istiqamətdə bar vermək üçün yetərli olmur. Cəmiyyətin inkişafında da ideyadan praktik məqsədə gedən yolda, bütün döngələrə dönməklə əsas məqsədə gedib çıxmaq olmaz. İctimai inkişafın ana xətti bütövlükdə bəşəriyyətin təbiəti daha çox dərəcədə özünə tabe etməsi, təbii enerji ilə daha çox dərəcədə silahlanaraq güclənməsi ilə bağlıdır. Lakin bu proses həm də cəmiyyətin təşkilatlanması və vahid məqsəd ətrafında birləşməsini tələb edir. Bütün bəşəriyyətin vahid bir ideya ətrafında birləşməsi və ayrı-ayrı insanların səylərinin vahid davamlı inkişaf prosesində birləşdirilməsi hələ ki, mümkün olmamışdır. İnsanların ümumbəşəri təhlükələrin aradan qaldırılması, qlobal problemlərin həlli uğrunda vahid cəbhədə fəaliyyət göstərməsi ancaq son dövrlərdə aktuallıq kəsb etmiş, lakin buna nail olmaq hələ mümkün olmamışdır.
Ümumiyyətlə, bəşər tarixində müxtəlif xalqların və insan nəsillərinin vahid bir inkişaf prosesində təmsil olunması və bu birgə səy nəticəsində əldə olunan dəyərlər sivilizasiyalar adlanır. Bu böyük sivilizasiyalardan kənarda məhdud sayda insanların nisbətən kiçik dövr ərzində birgə fəaliyyətinin nəticələri də, şübhəsiz ki, nəzərə alınmalıdır. Belə lokal dayanıqlı inkişaflar daha böyük miqyaslı proseslərlə, bəşəriyyətin ali məqsədlərini ifadə edən böyük ictimai fəaliyyətlərlə – sivilizasiyalarla üst-üstə düşmədikdə bəzən ona əngəl törədir və hətta antisivilizasion proseslərə çevrilir...
Deyirlər ki, başqa planetlərdən gəlmiş və bizdən daha şüurlu varlıqlar Yer əhalisinin fəaliyyətinə nəzarət edir və kritik məqamlarda bu proseslərə müdaxilə edərək onu yoldan çıxmaqdan qoruyurlar. Bu fərziyyənin düz olub-olmadığını deyə bilmərik. Lakin Yer planetinin özündə bütövlükdə bəşəriyyəti və onun ali məqsədini təmsil etməkdə daha çox imkanları və haqqı olan ictimai birliklər – dövlətlər var. Sivilizasiyanın önündə gedən və bələdçilik məsuliyyətini üzərinə götürən belə dövlətlər təkcə öz xalqlarını deyil, bütövlükdə Yer sakinlərinin, bəşəriyyətin taleyi üçün məsuliyyət daşıyırlar. Lakin heç də bütün xalqlar və bütün ölkələr bəşəriyyət qarşısında duran qlobal problemlərə xidmət etmək, ictimai inkişafı daha dayanıqlı etmək və təbiətlə üz-üzə dayanan insanın öz gələcəyini daha böyük şansla müəyyən etmək istiqamətindəki səylərə və proseslərə qatılmırlar. Buna onların elmi-texniki inkişaf səviyyəsimi, intellektual potensialımı, yoxsa optimal ictimai təşkilatlanma səviyyəsimi imkan vermir – bu ayrıca bir məsələdir. Reallıq isə bundan ibarətdir ki, bu gün Yer planetində ən qabaqcıl ölkə sayılan Amerika Birləşmiş Ştatları başqa ölkələrə təkcə elmi-texniki və iqtisadi potensialını artırmaqda və ümumi sivilizasion proseslərə qatılmaqda deyil, həm də ictimai təşkilatlanmanın daha mütərəqqi üsullarına, demokratik inkişaf formasına yiyələnməkdə köməklik göstərməyə çalışır. Superdövlətin bu səyləri bəzən dünya imperializmi, militarizm və birqütblü qloballaşma aspektindən izah edilir. Halbuki, bu köməklik öz iradəsini başqasına qəbul etdirmək yox, başqasının da ümumictimai proseslərdə iştirak edə bilmək üçün düzgün istiqamətə yönəldilməsi kimi dəyərləndirilə bilər.
Lakin dayanıqlı inkişaf prosesinə, sivilizasiyaya, qlobal problemlərin həllinə yönəldilmiş ümumictimai səylərlə yanaşı, əldə olunmuş elmi-texniki nailiyyətlərdən digər məqsədlər üçün istifadə edənlər də vardır. Böyük elmi-texniki nailiyyətləri və onların törəməsi olan müasir tipli siahları antisivilizasion qüvvələrdən qoruyub saxlamaq heç də asan iş deyil. Ümumi gövdədə bitən bic zolaqlar kökdən gələn qidanı bəzən daha çox sovurub alır. Sivilizasiyadan bəhrələnən, lakin ona qarşı yönələn qüvvələr şitillərdəki bic zolaqlar kimi vaxtında qırılıb atılmalıdır. Biz bu prosesi hətta xərçəng xəstəliyi ilə müqayisə edə bilərik. Beynəlxalq terror orqanizmin enerjisini mənimsəyən, lakin onun əsas funksiyalarına xidmət etməyən, nəticə etibarilə orqanizmi zəiflədən və məhvə sürükləyən xərçəngi də xatırladır.
11 sentyabr terroru məhz sivilizasiyanın ən yüksək nailiyyətlərinə əsaslanması ilə, yüksək elmi-texniki nailiyyətlərdən istifadə ilə səciyyələnirdi. Və buna görə də sivilizasiyanın özündə xərçəng kimi qiymətləndirilə bilər. Bizcə bu ictimai xərçəng daha qorxulu bir xəstəlikdir. Və təbiblər hələ xərçəngin dərmanını tapana qədər bu ictimai xərçəngin dava-dərmanı tapılmalı, onun qarşısı ümumbəşəri səylərlə alınmalıdır.
İctimai inkişafın öz dialektikasından çıxan və yeni total silahlanmanın mutasiyası olan bu sosial bəlanın səbəblərini hansı isə dini əqidələrdə axtaranlar, heç şübhəsiz, ünvanı səhv salırlar. Sivilizasiyada xəstəlik olan bu hadisə bütün sivilizasiyanı, bütün bəşəriyyətin birgə səyləri ilə aradan qaldırılmalıdır. Həm də zəruri cərrahiyyə əməliyyatları ilə yanaşı və ondan daha çox dərəcədə terapevtik müalicə üsulu ilə. Mən hələ 11 sentyabrın ilk təəssüratı ilə 11 oktyabrda yazdığım məqalədə bu hadisənin miqyasının Bin-Ladenlərlə məhdudlaşdırılmasının əleyhinə çıxış etmişdim. Bu müdhiş hadisənin, bütövlükdə beynəlxalq terrorun həqiqi böyük miqyasını dərk etmədən, onun səbəblərini ictimai inkişafın öz daxilində arayıb tapmadan və aradan qaldırmadan lokal cərrahiyyə əməliyyatları məqsədə nail olmaq üçün əsla kifayət deyil. Və hətta bu əməliyyatlara uyaraq əsl səbəblərin arxa plana keçməsi, bəşəriyyətin özünüdərk prosesinin və beynəlxalq miqyasda ictimai təşkilatlanmadakı nöqsanların araşdırılması zərurətinin yaddan çıxarılması qorxulu bir haldır.
Bizcə fəlsəfəyə qayıtmağın əsl vaxtıdır. Bəşəriyyət özünü dərk etmədən hansı proseslərin sivilizasion, hansıların isə antisivilizasion olduğunu müəyyənləşdirmək çətin olacaqdır.
Yeni dövrün fəlsəfəsi bütün xalqların birgə səyi ilə yaradılmalı və qloballaşma şəraitində ümumbəşəri idealları əks etdirən bu fəlsəfəyə uyğun olaraq siyasi və hüquqi üstqurum daha da təkmilləşdirilməlidir.
XXI əsr bir sıra yeni əlamətlərlə səciyyələnir. Bir çox anlayışlar öz ənənəvi məzmunundan kənara çıxaraq yeni məna kəsb edir.
Sülhün də, müharibənin də yeni formaları, əslində əvvəlkindən köklü surətdə fərqli, mahiyyətcə yeni hadisələr ortaya çıxır.
Total müharibədən fərqli olaraq, indi dövlətə qarşı münasibətlə xalqa, əhaliyə qarşı münasibət arasında fərq qoyulur. Dövlət qurumlarına, hərbi obyektlərə bomba zərbələri endirilir, dinc əhaliyə isə maddi yardım, qida paketləri atılır. Bu, bir növ əksliklərin yeni məzmunlu vəhdətidir. Dövlətçilik şüuru ilə, hüquqi təfəkkürlə, beynəlxalq normalarla bahəm humanitar təfəkkürün, insan hüquqlarının qoşa mövcudluğu faktıdır.
Lakin XXI əsr üçün bu da azdır. Bizcə, yeni əsr ümumiyyətlə müharibəyə, ümumiyyətlə terrora, ümumiyyətlə silaha qarşı yönəldilmiş yeni ideologiyanın təntənəsi əsri olmalıdır.
Dostları ilə paylaş: |