Növbədənkənar inqilab
Özgürlə dünən görüşsəm də, onun üçün artıq burnumu ucu göynəyir. Düz başa düşmüşəmsə, Sevilin anası onu hər gün
bura gətirmək istəmir. Deyir uşaq dərslərini oxumalıdır. Bilmirəm dərs bəhanədir ya yox, amma Sevilin təzədən mənə
qayıtması, deyəsən arvadı açmır. Elə bilir normal insan deyiləm, natamamam, ömürlük şikəst qalacam. Həm də ola bilsin
qızının tez-tez ər dəyişməsindən xoşlanmır, reputasiyasının bədnam olacağından ehtiyat edir. Təbiidir, anadır, ağlına
min cür fikir gələ bilər. Mənimsə bunları düşünməyə nə halım var, nə həvəsim. Bircə onu bilirəm ki, Özgürlə keçirdiyim iki
saat məni yenilədi, enerji ilə doldurdu, özümü daha gümrah hiss etməyə başladım, həyatdan bərk-bərk yapışmaq,
yaşamaq şövqüm yarandı. Qucağımda mavi kostyumlu, körpə uşağı xatırladığımı eşidən Sevil isə çox sevindi. Dedi ki,
doğum evindən çıxanda Özgürün əynində paltar olmasa da, dovşan şəkilli mavi bələk varıydı. Bax belə! Deməli
düzəlirəm, qayınanam nahaq yerə narahat olur.
Bu gün külək əsmir, hava da mülayimdir. Məni çərlədib öldürməyə hesablanmış iyrənc fizioterapiya seanslarından sonra
Sevildən xahiş elədim ki, həyətə çıxaq. O da Zöhrabla məsləhətləşib onun razılığını alandan sonra, əynimi isti geyindirib
mənimlə həyətə düşdü.
Xəstəxananın bağı əlahiddə gözəllikdədir. Çılpaq amma məğrur palıdlara qonşuluq edən, yaşıllığı ilə gözoxşayan hündür
küknar ağaclarının təravəti ilə ətirlənən təmiz havanı acgözlüklə ciyərlərimə doldurdum. Başım gicəllənsə də, özümü çox
yaxşı hiss edirdim. Yanımda mənə arxa duran, məni sevən qadınım var, evdə isə oğlum. Düşündüm ki, komadan ayılıb
yanımda heç kəsi görməsəydim necə olardı? Məni tanıyan, sevən, dəyər verən adamlar olmasaydı həyatımda,
yaddaşımın bərpasına kim kömək edəcəkdi? Sevil deyir ən yaxın dostumu, Toğrulu itirmişəm. Onu itirdiyimə görə əzab
çəkmədiyim üçün çox utanıram. Halbuki vaxt gələcək, dost itkisinin şiddətli yanğısını duymağa başlayıb iztirabdan
qovurulacağam. İndi isə...
İndi isə Sevillə birlikdə üfüqə, Xəzərin bitdiyi yerə tamaşa edirik. Onun yardımı olmadan da gəzə bilərəm, amma
istəyirəm bax beləcə qol-qola dayanaq, onunla təmasım olsun. Sevil də elə bil nə düşündüyümü hiss etdi, bir az da
mənə qısıldı:
- Səni çox sevirəm.
- Mən də səni – dedim.
- Hava da gözəldir, yox?
Mövzunu necə də rahat dəyişir.
- Hə - dedim. - Əladır. Sevil, istəyirəm səninlə söhbət edək.
- Hə, edək. Mən hazır.
- Komada olduğum dövrdə nə baş verdi, nə dəyişdi? Hiss edirəm, başa düşürəm ki, çox şey dəyişib. Bu dəniz, bu
ağaclar, sən, mən – hər şey, hər kəs eyni qalıb, hə? Amma nəsə dəyişib axı! Düz demirəm?
Sevil köks ötürüb üzümə baxdı:
- Xəstəxanada ola-ola bunu hiss etmisənsə, daha mənim sözüm yoxdur.
- Zarafat eləmirəm. Doğrudan bunu hiss edirəm. Məsəlçün dünən polis əvvəlki quruluşdan danışırdı. Başa düşmədim nə
demək istəyirdi. Ümumiyyətlə, elə bil polis də polis kimi danışmırdı. Özünü başqa cür aparırdı.
- Əslində, sən komada olan vaxt, çox istədiyin bir şey baş verdi.
Qoca palıdın gövdəsinə yaslanıb, Sevili əllərindən tutdum:
- O nədir ki, elə?
- İnqilab.
- İnqilab?!
- Hə, inqilab. Xalq ayağa qalxdı, çevriliş oldu, hakimiyyətdəkilərdən qaçan qaçdı, qaça bilməyənlər də türmələrdədi.
Ölkəni də indi yeni hökumət idarə edir. Gecə-gündüz bunu arzulayırdınız ki! Yadına düşmür? Demokratiya, azad seçki,
korrupsiya, avtoritarizm... Bu sözlər dilindən düşmürdü – Sevil gülümsəyib dedi.
Ona dəhşət və təəccüblə qulaq asdığımı görüb:
- İslam Milli, Qənirə Milli. Bu adlar da sənə tanış gəlmir? – soruşdu.
Duruxdum. Gözlərimi Sevilin üzündən ayırıb yenə dənizə sarı çevirdim. Sanki bu sualın cavabını üfüqdə axtarırmışam
kimi, saniyələrcə “İslam Milli, Qənirə Milli” adlarını təkrarladım. Yad deyil. Yox, yad deyil bu adlar mənə. Uzaqlardan, çox
uzaqlardan nəsə duyuram. Sevmədiyim, nifrət etdiyim sifətlər, səslər, sözlər... Hələlik yadıma düşən bunlardır. Daha
konkret isə, heç nə.
- İslam Milli, sonra da arvadı Qənirə Milli uzun illər ölkəni idarə etdilər. Hər kəs kimi sən də bu hakimiyyətdən narazı idin,
rejimin dəyişməsini istəyirdim. Uzun illər mübarizə apardınız.
27
- Apardıq?
- Müxalifətçi dostlarınla birgə.
- ...
- Bəs Niyazi Salayev? Bu ad yadındadır?
Yorğun hiss edirdim özümü. Fiziki yorğunluq yox, dəqiqəbədəqiqə məruz qaldığım yeni xəbərlərin, məlumatların yükünü
qaldıra bilmirdim artıq. Skamyalar soyuq olmasaydı oturardım. Yorulduğumu Sevil də sezdi.
- İstəyirsən qayıdaq palataya.
- Hə, yavaş-yavaş gedək – deyib kürəyimi küknarın rütubətli gövdəsindən araladım. - Toğrul da müxalifətçi idi?
- Yox, o bu işlərə çox qarışmazdı – Sevil kədərli halda dedi. – Sənin bir yaxın dostun da varıydı, Sənan adında. Bir
başqası da varıydı, Araz. Yadına gəlir? Sənan Liberal qəzetində yazırdı.
- Sənan, Sənan... Ola bilər, hə.
- Bəs Rəna?
- Rəna kimdi?
- O da sizin dəstədən idi. Həm də... onunla sevgiliydiniz – bunu deyib reaksiyamı yoxlamaqdan ötrü gözucu mənə baxdı.
Məni isə gülmək tutdu.
- Sevgilim? Nə sevgili?
- Ciddi deyirəm. Sevirdiniz bir-birinizi.
- Qısqanırdın məni? – heç özüm də gözləmədiyim halda soruşdum.
- Hərdən qısqanırdım.
Sevilin “hərdən” sözünə vurğu edərək, qətiyyətli intonasiya və sürətlə verdiyi cavab məni daha da çaşdırdı.
- Günümə bax də. Məni kimə qısqandığını heç özüm bilmirəm. Bəs necə oldu ayrıldıq? – soruşub Sevilin üzünə baxdım.
- Siz ayrılmadınız. Sizi inqilab ayırdı.
***
Sevilin bu sözlərindən sonra bayaqkı optimizmimdən əsər-əlamət qalmadı. Təzədən bədbinliyə yuvarlanıb, düşündüm ki,
günlərdir özümə gəldiyim halda, valideynlərimdən və Özgürün körpəliyindən savayı heç nə xatırlaya bilməməyin verdiyi
iztiraba dözməkdənsə, təzədən komaya düşmək yaxşıdır. Sevili üzməmək üçün bunları ona deməsəm də, öz içimdə
çəkirəm. Ondan eşitdiklərimi - Qənirə Millini, İslam Millini, Rənanı, Sənanı, Arazı, hətta mənimlə qəzaya düşən Toğrulu
indi, bu gün yada sala bilmirəmsə, bəs nə vaxt yada salacam? Bəlkə də valideynlərimi yada saldığım kimi, yaxud məktəb
illərində keçirdiyim sarsıntını xatırladığım kimi, xatirəmin mütləq uşaqlıq illərinə gedib çıxan uzun bir tarixçəsi olmalıdır?
Ya da övlada dair olmalıdır – Özgürdə olduğu kimi. Yenə də sağ olsun Sevil - onun sayəsində “qiyabi” olsa da, bütün
dostlarımı bir-bir tanıdım.
Yox, faciə orasındadır ki, hisslərim də kütləşib. Xəstəxananın həyətində Sevilə qulaq asarkən sifətimin, gözlərimin heç
nə ifadə etmədiyindən əminəm. Rəna da, Sənan da meydanda polisin, prezident qvardiyasının güllələrinə tuş
gəlibmişlər. Özlərini ölkənin azadlığı uğrunda qurban veribmişlər. Mən isə heç nə hiss etmirəm.
Sevil “sizi inqilab ayırdı” deyəndə, Rənanın ölüm xəbərini mənə deyəndə ağlamalıydım ya yox? Ağalamalıydımsa niyə
ağlamadım? Heç olmasa ürəyimdən kiçicik də olsa bir sancı qopmalı deyildimi? O da olmadı. Sadəcə təəssüf hissi
keçirdim – bu qədər. İstənilən adamın ölüm xəbərini eşitdiyim zaman keçirəcəyim təəssüf hissindən nə az, nə çox.
Deməli mən hələ də bitkiyəm, natamam insanam, qayınanam da haqlıdır.
Hava tutuldu birdən, dəniz al rəngə boyandı. Acgöz dəniz sanki günəşin batmasını gözləyir, onu bu saat udmaq üçün
dişlərini qıcıyırdı. Günəş isə müqavimət göstərir, şüaları ilə üfüqdə ilişib qalmaq üçün çapalayır, lakin gücü tədricən
tükənir deyə, suya qərq olub yavaş-yavaş sönürdü. Gözəldir günəşin ölümünü seyr etmək, sabah onun bir daha
doğacağını bilə-bilə. Suda boğulan son şüaların yox olub getməsinə tamaşa etmək heç nə ilə müqayisə olunmayan
həzzdir.
Palataya qayıdandan sonra, Sevilə məni narahat edən sualı verdim:
- Rənanı çox sevirdim?
- Hardan bilim ay Murad? – mənə gödəkcəmi çıxarmağa kömək edə-edə dedi. - Biz son dəfə görüşəndə demişdin ki, o
qədər də sevmirsən.
- Necə yəni son dəfə görüşəndə?
- Sən qəzaya düşməmişdən iki gün əvvəl görüşmüşdük.
28
- Səninlə Rəna haqqında da danışırdım?
- Hə, danışmışdın.
- Nə münasibətlə? – gülüb soruşdum.
- Demirəm bəs görüşmüşdük səninlə? Sənin evində. Ayrılandan sonra birinci dəfə gəlmişdim o evə. Söhbət eləmişdik,
hətta... sevişmişdik.
Sevil ehtiyatla məni çarpayıya oturtdu. Qızarmışdı. Bilmədim öz etirafından utanıb, yoxsa soyuqdan istiyə düşdüyü üçün
qızarıb.
- Ərim ola-ola sevişmişdim səninlə - deyib laqeyd tərzdə üzümə baxdı.
Özümü nasaz hiss edirdim, canıma üşütmə düşmüşdü. Deməli orqanizmim hələ zəifdir. Bəs necə? Altı aylıq komadan
sonra insanda müqavimətmi qalar? Hələ bu qədər gəzə bilirəmsə böyük şeydir.
- Nə olub sənə?
- Nəsə ürəyim qalxdı – üzümü turşudub dedim.
- Bəlkə qatıq aldırım?
- Yox, lazım deyil.
Uzanıb başımı yastığa atdım, gözlərimi yumdum. Hə, belə vəziyyətdə özümə gəlirəm deyəsən.
- Səni başa düşə bilmirəm – acıqlı-acıqlı dedim.
Sevil stula əyləşib nəvazişlə əlimi tutdu, sığallamağa başladı.
- Fizoterapiya kursun sabah qurtarır. Zöhrab dedi ki, evdə yavaş-yavaş yaddaşın yerinə gələcək, düzələcəksən. Bir-iki
günə çıxırsan buradan. Tələsmə, evdə hər şeyi başa düşəcəksən.
- Necə başa düşəcəm? – göz qapaqlarımı aralayıb Sevilə baxmaq istədim amma gözlərimi ancaq yarıyacan aça bildim.
Başıma yenə sancılar saplanırdı – Necə? Mənə elə gəlir ömür boyu elə belə də qalacam. Yaddaşsız. Ot kimi.
- Axmaq-axmaq danışma! Həkim deyib ki, müvəqqətidi. Səninlə çoxlu söhbət edəcəyik, şəkillərə baxacaqsan, elə öz
yazdıqlarını da oxuyacaqsan. Bunlar hamısı sənə kömək edəcək də.
Dik atıldım. Başımdan gic bir ağrı qopsa da soruşdum:
- Nə yazmışam ki?
Sevil təlaşlandı. Yəqin nəyisə düz, ya da vaxtında demədiyini fikirləşdi. Tərəddüdlə:
- Heç. Gündəlik tutmuşdun. Onu deyirdim.
Tərs-tərs baxdım ona:
- Gündəlik tutmuşam? Mən?
- Hə, burda nə var ki?
- Yoxsa sən də oxumsan onu?
Gözlərini məndən qaçırdıb:
- Yooox. Elə belə vərəqləmişdim – dedi.
Verdiyim sualdan ötrü peşman oldum. Mənim vəziyyətimdə olan bir adam da gündəlik dərdi çəkər? Oxuyur oxusun da.
Əlindən dartıb özümə sarı çəkdim onu.
- Əcəb eləmisən. Heç təsəvvür eləmirəm, orda nə yazmışam, nə yaza bilərəm.
Sevil ruhlandı:
- Oxuyarsan görərsən. Çox marqlıdı. Əgər oxumağı da yaddan çıxarmamısansa.
Sinəmdə ağırlıq hiss etsəm də qəhqəhəylə güldüm. Dodaqlarını öpməzdən əvvəl:
- Bəs deyirdin elə-belə vərəqləmisən? – göz vurub soruşdum. – Qapını bağlasan pis olmaz.
***
Bilmirəm necə oldu - bu gün beynimdə, ya da fiziologiyamda nə dəyişdi, hansı “klapanlar” işə düşdü ki, sevişməyə belə
həvəsli oldum? Sevilin bir toxunuşu bəs elədi ki, alətim maqma püskürməyə hazır vulkana çevrilsin. Arzularım açıq və
bəlağətli idi - nə istədiyimi, nəyi necə edəcəyimi dəqiq bilirdim. Dəmir əllərimlə bərk-bərk sarıldım ona, bağrıma basdım.
Qışın ətrini aldığım, tamını duyduğum dodaqlarını dəqiqələr boyu, doymadan çılğınca öpüm. Öpüşdükcə, əllərim
bədənində gəzişir, vücudunun hansı nöqtələrinə təmasımdan həzz aldığını intuitiv anlamağa çalışırdım. Dumanlanmış
29
gözlərindən, dartınmış bədənindən, sərtləşmiş döş gilələrindən onun da artıq hazır olduğunu başa düşəndə, yalvaran
gözlərlə baxdım ona – gözləməyə taqətim qalmamışdı artıq.
Yaddaşı pozulmuş bir kişi, altı aylıq uzun fasilədən sonra seksi yenidən kəşf edəndə hansı hisslər keçirir? Heç bilmirəm
bunu təsvir etməyə qadir qələm tapılarmı dünyada? Bircə onu deyə bilərəm ki, bu əsrarəngiz ayinin iştirakçısı olmaq
duyğuların ən gözəli, çox az adama qismət olan əlahiddə hadisədir.
Sözümün canı - altı ay gözləməyə dəyərdi.
30
Evdə
Xəstəxanadan çıxdığımız gün yağış yağırdı.
Evə gedirik deyə, sevincindən özünə yer tapa bilməyən Sevil, gah koridora qaçıb sanitardan nəsə soruşur, gah palataya
qayıdıb dolabın içində eşələnir, mənə mənasız suallar verir, rabitəsiz sözlər danışırdı. Həyəcanını başa düşsəm də,
bölüşmürdüm. Axı mən burdan çıxıb hara getdiyimi də düz-əməlli bilmirəm! Xəstəxanadan çıxmaq, bu divarların
arxasındakı dünyanı tanımaq, keçmişimi xatırlamağa çalışmaq, yeknəsəqlikdən qurtulmaq istəyirəm istəməyinə, bəs
sonra? Gedəcəyimiz evi yadıma sala bilmirəmsə, Sevilin “evə dönüş” həyəcanını necə bölüşə bilərəm?
Sevil qamətini düzəldib “Mən hazır, gedə bilərik” deyəndə, Zöhrab içəri girdi. Boşalmış palataya gülümsəyərək göz atıb
divana oturdu, yerini rahladı. Başa düşdüm ki, uzun-uzadı nəsə danışacaq, bizə moizə oxuyacaq. Yanılmamışdım –
evdə keçəcəyim müalicə kursu, fizioterapiya seansları, qida qəbulu barədə on dəqiqəyə yaxın təlimatlar verdi. Sonda da
əlavə etdi ki, bir problem yaransa, psixoloji yardıma ehtiyacım olsa Əlixan adlı psixiatrla əlaqə saxlaya bilərəm. Problem
deyəndə ki, yaddaşım uzun müddət bərpa olunmasa, psixiatrın köməyi lazım ola bilərmiş. Sevil Əlixanın nömrəsini
telefonuna qeyd edib Zöhraba təşəkkür etsə də, “Murada psixiatr zad lazım olmayacaq, özü düzələcək” deməyi də
unutmadı.
- Təki siz deyən olsun. Amma reseptdə yazdığım dərmanları mütləq alın. Baş ağrılarınız sizi narahat eləməsin, get-gedə
azalacaq. Gərək daim hərəkətdə olasınız, təmiz havada çox qalsınız. Yeməyinizə də fikir verin. İnanıram ki, Sevil xanım
sizə yaxşı baxacaq – deyib Sevilin üzünə mülayim nəzər saldı.
Zöhrab danışa-danışa əynimə gödəkcə geyindirən Sevil, həkimə minnətdarlıqla baxıb “əlbəttə” dedi və boynuma şərfi
dolayıb, iri çantanı yerdən götürdü:
- Bax belə. Doktor, biz hazırıq.
Əlini çiynimə qoyan Zöhrab, liftə qədər bizi müşayiət etdi.
- Əsas odur ki, qorxmayasınız, həyəcanlanmayasınız. Mütləq düzələcəksiniz, özü də beyniniz əvvəlkindən də yaxşı
işləyəcək. Sadəcə səbrli olun.
Sevil liftin düyməsini basıb həkimin əlini sıxdı.
- Çox sağ olun doktor. Hər şey üçün sağ olun.
Mən də əvvəl ona əlimi uzatdım, amma kiçik tərəddüddən sonra qucaqladım. İki dəfə kürəyimə yavaşca vurub ata
məhrəmliyi ilə:
- Özünüzdən muğayat olun – dedi. – Bir də buralara yolunuz düşməsin. Həmişə belə möhkəm qalın.
- Sağ olun doktor. Hər şey üçün sizə təşəkkür edirəm.
Doktor Zöhrab, birmənalı olaraq yadımda peşəkar həkim və cana yaxın insan kimi qalacaqdı.
***
Küçəyə çıxar çıxmaz, çəpəki yağan yağış şiddətlə üzümüzə çırpıldı. Xəstəxananın qarşısında gözləyən çoxsaylı
taksilərdən qapıya ən yaxın olanına özümüzü atıb yola qoyulduq. İlk dəfə xəstəxana ərazisindən kənara çıxdığım üçün
hər şey maraqlı görünürdü mənə. Parlament prospekti ilə irəliləməyə başladığımızda yol boyu düzülmüş plakatlarda
yazılan şüarları oxumağa başladım. Onların çoxu, Avropa Birliyinin bayraqları ilə bəzənmiş dirəklərin üstünə vurulmuş
dördkünc lövhələrə yazılmışdı: “Azadlıq, Demokratiya, İnsan hüquqları”, “Korrupsiyaya yox deyək!”, “Tək yolumuz
demokratiya!”, “Şah qanun deyil, qanun şahdır”, “Dövlət insanın xidmətində”, “İqtidar xalqın xidmətçisidir”, “Avropanın
liberal dəyərlərini mənimsəyək!”, “Dini fanatizmə və ekstremizmə yox!”...
Sevil lövhələri maraqla oxuduğumu görüb:
- Əvvəllər belə yazılar nə gəzirdi – dedi. – Bunların hamısı yeni quruluşun fəaliyyətidir. Xalqı maarifləndirmə proqramını
işə salıblar – güldü. – Xalq isə deyir ki, “təzə iqtidar içimizdəki qulu öldürür”.
Susuram - nə şərh verə, nə bir söz deyə bilmirəm. Bulanıq yaddaşımda aydın olmayan, əyri-üyrü görüntülər peyda olub
təzədən yoxa çıxır. Bu şüarların yeni olduğunu, “əvvəlki” həyatımda dirəklərdən belə yazıların asılmadığını mən də
xatırlayan kimi oluram. Yazılar həmişə olub, lakin mahiyyət və məzmun etibarilə indikilər tamam ayrı ovqatdan,
məramdan xəbər verir.
- Özgür hardadı indi?
- Anamgildə. Özüm dedim ki, sabah gətirsin. Bu gün evdə birinci günündü - bir az rahatlaş, dincəl sabah oğlunla
doyunca söhbət eləyərsiz.
31
Bəlkə də haqlıdır. Hələ öz evimə öyrəşməli, Sevillə bolluca söhbət etməli, bir çox məsələyə aydınlıq gətirməliyəm. Heç
olmasa qəzadan əvvəlki son iki-üç ilim barədə məlumatlı olmalıyam. Sevillə necə, nə üstə boşandığımızı, onun kimə və
nə üçün ərə getdiyini, biz boşandıqdan sonra tanış olduğum qadınları, Rənanı... Bəs Toğrulla necə olub qəzaya
düşmüşəm? Bu da aydın deyil mənə. Sevil Rasimdən də boşandığını deyir. Niyə, nə üstə boşanıblar? Bəs biz bundan
sonra necə, harda yaşayacağıq – bir evdə, yoxsa? Oğlumuzun taleyi necə olacaq, dərsləri necə oxuyur? Ən çox da
ölkədə nələrin dəyişdiyini, çevrilişin necə baş verdiyini bilmək istəyirəm. Bəli, indi özüm də görürəm ki, çox şey dəyişib,
amma bunları anlamaqdan ötrü zehnimi xeyli yormalı, beynimin qaranlıq dəhlizlərinə işıq salmalıyam. Sevil də bu işdə
yeganə köməkçim, dostumdur. Axı ondan və oğlumdan savayı kimim qalıb bu həyatda? Ən yaxın dostlarım, hətta
sevgilim də bu dünyadan köçüblər. Belə baxsan elə mən də köçmüşəm. Yaddaşım bərpa olunmayacaqsa, bu cür ot kimi
yaşamağın nə mənası? Zöhrab da, Sevil də deyirlər düzələcəyəm, hər şey yaxşı, hətta əvvəlkindən də yaxşı olacaq.
Onlara inanmaqdan başqa əlacım yoxdur, inanmağa məhkumam. Amma düzəlməyəcəyəmsə, ölənə qədər belə yarımçıq
yaşamaqdansa, indidən ölmək yaxşıdır.
Ölüm. Mən onun astanasındaydım, sağalmağım əsl möcüzədir. Ölümdən başqa çıxış yolu qalmayanları indi necə də
başa düşürəm. Necə də yaxından duyuram bu qorxunc qərarı verərkən, ölümə gedərkən onların hansı hisslər keçirdiyini.
Kim, ağlı başında hansı adam boş yerə özünə qıyar, ömrünə son qoyar? Düzdür, hər birimizin zaman-zaman ölüm
barədə fikirləşdiyimiz, hətta ölümü arzuladığımız anlar olur. Lakin onun soyuq nəfəsini üzümüzdə hiss etdiyimizdə, necə
də bərk-bərk sarılırıq həyata! Hələ görüləcək işlərimizin, deyiləcək sözlərimizin, yaşanılacaq duyğularımızın qaldığını
xatırlayırıq. O anda hamısı bir-bir yadımıza düşür, gözümüzün qabağından keçir. Hətta uzaq keçmişdə qalan, çoxdan
unutduğumuz səhnələr də canlanır şüurumuzda.
Hələ ki, bu küçə, bu bina, bu blok mənə heç nə demirlər, bununla da əslində məhv edirlər məni, dəli edirlər. Bəs bu lift?
Xəstəxanadakı kimi geniş, işıqlı, güzgülü və təmiz deyil. Darısqal kabin, sıxılan ruhum, yerə ya da tavana baxmaq
zərurəti, divarlardakı yazılar. Əlbəttə, zəhləm gedir bu darlıqdan, dözmək olmur ona. Tanışdır bu duyğu mənə, çox
tanışdır. Mənzilin qapısı isə daha çox düşür yadıma. İçəri addım atan kimi yaddaşımda bir qığılcım çaxır – mən bu evi
tanıyıram! Valideynlərimi də xatırlayıram. Hə, bu evin içində atama, sonra da anama dair xatirələr qırıq-qırıq da olsa şəkil
alır yaddaşımda.
Soyunmaqda mənə kömək edən Sevil bir yandan diqqətlə məni izləyir. Şərfdən, gödəkcədən, ayaqqabılardan bir-bir
azad oluram. Evi gəzmək, görmək üçün tələsirəm. Sevilə də deyirəm bunu. Ürəkdən gülür:
- Guya evlər nə boydadı ki?
Əvvəl vanna otağının qapısını aralayıb içəri boylandım, sonra ardıcıllıqla mətbəxə, yataq otağına keçdim. Xatirələr
hafizəmdə bulanıq canlanır, mənə əzab verir, istəyirəm başımı bərkdən divara vurum bəlkə köməyi oldu, beynim
işləməyə başladı, yada saldım hər şeyi. Yox, bunun mənə nə faydası? Əşi olsun, hələlik bu da bəsimdir. O vaxt faciə
olardı ki, bu evə qarşı tam laqeyd qalardım. Qonaq otağına girəndə əvvəl pəncərəni və boz tül pərdəni gördüm. Hə, mən
bu pəncərənin qarşısında dayanıb küçəyə baxıram. Tez-tez dayanıb baxıram. Sanki kənardan özümü görürəm indi,
özümə tamaşa edirəm. Müdhiş hissdir, qorxuludur. Bəs bu divan? Keçib əyləşirəm və... bu cırıltı necə də tanışdır,
doğmadır! Bu masa, bu servant. Servantdakı kitablar - dünya və rus klassikası, müasir ədəbiyyat. Çərçivədə şəkil. Ayağa
qalxıb cumdum şəkilə doğru, əlimə götürdüm. Əlbəttə, dərhal tanıdım atamı.
Sevil qapının çərçivəsinə söykənib mənə baxırdı.
- Yaxşısan?
- Hə, narahat olma.
- Acsansa yemək var, mama toyuqlu aş pişirib. Qızdırım?
- Yox, çox sağ ol. Çay varsa içərəm – çərçivəni yerinə qaytarıb dedim.
- Suyu elə indicə qoydum qaynamağa.
Bilmirəm, mənə nə oldusa, özümü halsızca divana buraxıb mızıldandım:
- Gəl otur yanımda, qurban olum.
- Can, mən sənə qurban olum. – cəld gəlib yanıma oturdu, əlini yanağıma qoydu. – Doğrudan yaxşısan, ağrın zadın
yoxdu?
- Yaxşıyam, doğrudan yaxşıyam – otağa diqqətlə nəzər yetirərib dedim. – Bircə yada sala bilsəm.
- O da düzələcək, narahat olma. Aa, qəfədan qaynayır. Sən televizora bax, mən sənə çay dəmləyim – televizorun
pultunu mənə verib yanağımdan öpdü, mətbəxə qaçdı.
Sevil bax deyirsə, baxaram. Televizoru yandırdım.
Yadıma düşür ki, “əvvəlki həyatımda” televizor həvəskarı olmamışam. Nədənsə bu xatirə güldürdü məni. Ədalətsizliyə
bax - xatırlamalı o qədər vacib şey qala-qala, mən keçmiş həyatımda televizora olan münasibətimi yada salıram.
Kanalların birində Azərbaycan dilinə dublyaj olunmuş xarici film göstərirdilər. Başqa bir kanalda isə cizgi filmi. Üçüncü
kanalda debat gedirdi – studiyadakı yuvarlaq, qara masanın arxasında iki nəfər qonaq və yüngül-məzac qadınlara xas
sırtıq təbəssümü olan aparıcı qız əyləşmişdi. Debatın mövzusunu ekranın sol alt küncündən oxudum – “Demokratiyanın
sərhədləri”. Qonaqlardan biri - dazbaş, danışanda xəfifcə pəltəkləyən, əlli yaşlarında kişi - yumruqlarını birləşdirib stolun
üstünə qoymuşdu və monoton səslə danışırdı:
- Biz bundan sonra, demokratiyanı çərçivəyə salmaq yox, onun sərhədlərini daha da genişləndirmək barədə
düşünməliyik. İllər boyu Milli rejimi xalqın təməl hüquq və azadlıqlarını boğdu. Xalqımız demokratiyanın nə olduğunu
32
hardan bilsin axı? Azad seçkinin nə olduğunu hardan bilsin? Ona görə də siz, Əlövsət bəy, demokratiyanın
sərhədlərindən danışanda mənə elə gəlir ki, onu məhdudlaşdırmağı nəzərdə tutursunuz.
Əlövsət bəy deyilən orta yaşlı adamın nazik bığı, iri və ucuiti qulaqları vardı, gözləri də qəzəblə parıldayırdı. Əl-qolunu
ölçərək opponentinə etiraz etməyə başlayanda, bayaq danışan qonaq daha da qızışdı.
- Nədi, bəlkə düz demirəm!?
Aparıcı qız, əsəblərə toxunan, nazik, cüyültülü səsi ilə:
- Arif bəy, Əlövsət bəyin də bu barədə fikrini eşitsək pis olmaz. Siz ittiham səsləndirdiniz, onun isə cavab vermək hüququ
var – dedi.
Arif məcburiyyət qarşısında “əlbəttə, buyursun” deyəndən sonra, Əlövsət boğazını arıtlayıb:
- Arif bəy, siz məni düzgün başa düşmədiniz. Mən məhdudlaşdırmaqdan danışmıram. Sadəcə olaraq sizin təklif etdiyiniz
hüdudsuz azadlığın sonu elə seksual inqilabdır – pafosla dedi. - Bizim ölkədə isə bunun üçün əsas yoxdur. Hələ bu
misallardan ancaq biridi, başqa arqumentlər də gətirə bilərəm.
- Seksual inqilaba əsas yoxdursa, niyə narahat olursunuz? Seksual inqilab süni ola bilməz axı. Əgər cəmiyyət buna hazır
deyilsə, o barədə heç danışmağa dəyməz. Amma hazır olandan sonra heç birimiz bunun qarşısını ala bilmərik – nə siz,
nə mən. Odur ki, bu kontekstdə islama, milli dəyərlərə istinad etmək yersizdir. Onsuzda Milli rejimi dinə və milli mənəvi
dəyərlərə iyirmi ildən artıq apelyasiya etdi. Biz də bunun axırını gördük də.
- Xahiş edirəm, dəqiqə başı Milli rejimi-Milli rejimi deməklə, söhbətin istiqamətini sapdırmayın. Bu gün Milli rejimi yoxdur
ki?! Devirmisiniz, əcəb eləmisiniz, amma xahiş edirəm dürüst olun. Sizin dərdiniz Avropa dəyərləri, demokratiya deyil.
Siz hamınız, sizin hökumətiniz Avropalı missionerləri bura yığıb xalqımızın əxlaqını pozmaq istəyirsiniz. Gəlin xalqa
hesabat verin – deyin görüm, Avropadan aldığınız qrantlar hara sərf olunur, nəyə sərf olunur? O gün də sizin nazirliyin
əməkdaşı deyirdi ki, kimsə Azərbaycanda ilk peşəkar porno film çəkmək istəsə, biz bunu yalnız alqışlaya bilərik.
Arif əsəbi halda qımışıb, əlləri ilə “bu nə deyir?” mənasında jest elədi:
- Baxın, biz despotik, avtoritar iqtidarı devirib, onun qalıqları üzərində demokratik sistem təsis etməyə çalışırıq.
Missionerin, porno filmin buna nə dəxli, siz nə danışırsınız?
Bu məqamda özünü ağıllı göstərmək istəyən aparıcı müdaxilə edib Arifə özü sual verdi:
- Əlövsət bəyin söylədiklərində heçmi haqlı məqamlar yoxdur? Əvvəlki rejimə görə, indi biz bütün milli-mənəvi
dəyərlərimizdən vazmı keçməliyik? Razıyam, Milli rejimi bu dəyərləri gözdən salmışdı, şitini çıxarmışdı, amma bundan
sonra bizim işimiz bunları doğru istiqamətdə inkişaf etdirmək olmamalıdırmı? Şəxsən mən özümü müsəlman sayıram və
düşünürəm ki, bizə seksual inqilab lazım deyil. Porno film də həmçinin.
Arif aparıcının sözünü kəsdi:
- Seksual inqilabdan bizim opponentlərimiz danışır, biz yox.
Qız təslim olmaq niyyətində deyildi:
- Bəs siz azad seksdən danışanda, opponentləriniz nə deməlidir?
Arif yenə qımışıb, “mən hara düşmüşəm, bunlar nə qanmaz adamlardır” tərzində əlini buladı:
- Siz nə danışırsınız ay xanım? Azad seks nədir? Seksin qeyri-azadı da olur? Hə?
Aparıcı gözlərini döyərək:
- Nə necə olur? - soruşdu.
- Azad olmayan seks necə olur? Onu soruşuram.
- ...
- Azad olmayan seks, partnyorlardan birinin, ya da ikisinin iradəsinin xaricində baş verən, onlardan birinin, ya da ikisinin
istəmədiyi seksdir. Məsəlçün, zorlama - azad olmayan seksdir. Yoxsa, normal seks əlbəttə ki, azad olmalıdır. Siz
ümumiyyətlə nə danışdığınızı bilirsiniz? Müsəlmansınızsa öz dininizə uyğun yaşayın, sizə kim mane olur? Amma bizim
dövlətimiz sekulyar dövlətdir, Azərbaycanda din dövlətdən ayrıdır. Ona görə də mənim geniş anlamda başa düşdüyüm
insan hüquq və azadlıqlarını, sizin seksual inqilaba, seksə, beldən aşağı mövzulara endirməyiniz məni çox
təəssüfləndirir...”
Sevil, buğlanan iki fincanla otağa girib yanıma yaxınlaşdı.
- Bunlara baxırsan? Bezdiriblər ee.
Fincanımı onun əlindən götürüb:
- Hə, maraqlı gəldi nəsə. Gic-gic danışırlar. Kimdir ki, bunlar? - soruşdum.
- Bu Arif Mövsümovdur, mədəniyyət nazirdi, inqilabı edənlərdən biridir. Niyazi Salayevin yaxın dostudur. Əbülfəz Quliyev
isə müxalifət partiyasının deputatıdır. Çevrilişdən sonra parlament seçkiləri keçirildi, bu çoban da deputat seçildi.
- Nə müxalifət partiyası?
33
- Təzə yaranıb, inqilabdan sonra. İndiki hakimiyyətdən narazılar Rifaha Qayıdış adlı partiya qurub seçkilərə getdilər.
Ölkədə nə qədər kloun, təlxək, avara var, yığışdı bu partiyaya. İnqilabdan sonra prezident seçkiləri ilə parlament
seçkilərinin eyni gündə keçirilməsinə qərar verildi. RQP-nin də 125 nəfərlik parlamentdə 6 deputatı var.
Təəccüblə ona baxdığımı görüb:
- Sən komaya düşəndən sonra siyasətlə maraqlanmağa başladım – fəxrlə dedi.
Güldüm. Sonra ciddiləşib soruşdum:
- İnqilab dəqiq nə vaxt oldu?
- Ay yarım olar. Deyirəm ən çox arzuladığın hadisəni də görə bilmədin. Çox təəssüf – dedi və əlimdən pultu alıb
televizoru söndürdü – İndi sən çiməcəksən, sonra da sənin yaddaşını düzəldəcəyik.
Çaydan bir qurtum içib alnımı qırışdırdım:
- Necə edəcəyik bunu?
- Hmm. Məsələn sənə suallar verəcəm, sən də cavab verəcəksən. Qorxma, kömək eləyəcəm sənə.
- Gündəliklərim hanı bəs?
Gözlərini qıyıb mənə baxdı.
- Elə indi oxumaq istəyirsən? Qaça-qaçdır?
Ayağa qalxıb stola yaxınlaşdım, ağzıma bir şokolad atdım. Bu dad üçün də darıxmışammış.
- Rasimdən niyə ayrıldınız?
Divanın belinə yaslanıb fincanı iki ovucu ilə tutdu, gözlərini tavana dikdi.
- Bizimki alınmadı. Alınmayanda insanlar boşanır.
- İnsanların hansı hallarda boşandığını təxmini başa düşürəm – gülərək dedim. – Mən səbəbini soruşuram.
Köks ötürüb qabağa əyildi, qamətini düzəltdi.
- Çünki səndən sonra onunla qala bilməzdim. Komada yatırdın, hər an ölə bilərdin. Mən hər gün sənin yanında
olmalıydım, səninlə olmalıydım. İki ay reanimasiyada yatdın, sonra intensiv terapiyaya köçürdülər. Ondan sonra yanına
buraxıldım. Özgürü də bir-iki dəfə gətirdim yanına. Rasim bunları qəbul edə bilmirdi. Onu da qınamıram, arvadı gecə-
gündüz xəstəxanada itib batırdı.
Vicdanım sızıldadı:
- Mənə görə nə qədər əziyyət çəkmisən – dedim.
- Boş-boş danışma. O nə sözdür?
- Bəs necə oldu? Birdən-birə ona dedin ki, ayrılıram səndən?
- Bir gün dava düşdü evdə. Ağlamağımın üstündə. Qayıdıb mənə dedi ki, o adam canlı deyil, bitkidir, bu gün sabahlıqdı.
Sonra məlum oldu ki, mən evdə olmayanda uşağa da həmin sözləri deyib, onu ağladıb. Özgür əməlli-başlı depressiyaya
düşmüşdü. Dərslərini buraxırdı, oxumurdu. Anam da ona görə indi düşüb onun dərslərinin üstünə ki, uşaq sinifdə dala
qalmasın.
Divana qayıdıb yanına oturdum, yarıyacan boşalmış fincanı əlindən aldım. Öpüşməyə başladıq. Əllərimi döşlərində
sürüşdürdüyümü görüb üzünü məndən araladı:
- Buna hələ vaxtımız olacaq – dedi və ayağa qalxdı.
Yataq otağına keçib oradan noutbukla qayıtdı.
- Bu da sənin kompüterin. Yaxşıdı parol qoymamısan, indi yüz faiz yadına düşməzdi.
Bərkdən gülüb, əlindən noutbuku aldım, üstünü sığalladım:
- Parol qoymamışam, sən də əlbəttə qurdalamısan, hə?
- Yox əşi, nəyimə lazımdır? – gözlərini bic-bic süzüb dedi.
- Yaxşı, yaxşı mənə gəlmə də. Bəs gündəliklərim hanı?
Sevil saxta hiddətlə noutbuku əlimdən dartıb aldı, masanın üstünə qoydu:
- Kolonka qızıb, marş hamama! Xəstəxananın iyi gəlir səndən.
- Sən canın, sonra çimərəm də.
- Elə şey yoxdu! Elə bu saat çimirsən. Xəstəxana iyi verə-verə gəzmə evdə. Çiməndən sonra da yemək yeyəcəyik.
Ondan sonra istəyirsən gündəliklərini oxu, televizora bax, neynirsən elə.
- Sən həmişə belə qəddar olmusan?
34
- Marş!
Sevil məni vanna otağına tərəf itələyir, mən isə zəli kimi yapışdığım dodaqlarından qopmaq istəmirdim.
Dostları ilə paylaş: |