F-Club
- Nə gündəsən? Saç-saqqal basıb səni. - Özünü nəm skamyaya buraxıb, ayağını ayağı üstünə aşırtdı. - Hə? Noolub
yenə? Gəmilərin batıb?
- Gələn kimi adamı sancma – deyib, yorğun halda üzünə baxdım.
Siqareti sümürüb gözlərini qıydı:
- Heç xoşuma gəlmirsən. Depressiyadasan?
- Sən allah, ətim ürpəşir bu sözü eşidəndə. Kimi dindirirsən depressiyadan danışır – üzümü turşudub dedim.
- Vallah düz deyirsən. Yaxşı, onda belə deyim – səndə ruh düşkünlüyü var, – Toğrul bunu deyib güldü. – Hə, necədi?
Azərbaycan dilində yaxşı danışıram?
Öz aramızda əsasən rus dilində danışdığımızdan (bunun səbəbi Toğrulun rusdilli olmasıdır) Toğrul nadir də olsa uğurlu,
düzgün cümlə quranda, bunu xüsusi qeyd edir. Tərif eşitmək istəyir.
- Əla danışırsan – həvəssiz mızıldandım.
Toğrulun sifəti birdən ciddiləşdi. Siqaretdən son qullab alıb yerə atdı, ayaqqabısının dabanı ilə əzdi. Parkın əsas giriş
qapısı tərəfə baxıb:
- Elə burda oturacağıq? Bəlkə qalxaq? – dedi.
- Qalxa bilərik.
- Hara gedək?
- Əzəli və əbədi sual – hara gedək! Hara desən, ora.
- İçki içmək istəyirsən bu gün?
- Ola bilər – tərəddüdlə dilləndim. – Amma musiqili yer olmasın, başım ağrıyır.
Başını yırğaladı, gözlərini qıydı və tez-tez dedi:
- Nə olub axı sənə? Səni belə ölüvay görəndə əsəbiləşirəm.
Görəsən Toğrula desəm ki, hər bir insanın başına gələn və ancaq zamanla keçib gedən bir bilinməzlik, qərarsızlıq,
istəksizlik dövrü keçirirəm - nə demək istədiyimi başa düşərmi? Məsələn indi mənə elə gəlir ki, kitab oxumaq, işləmək,
pul qazanmaq istəyirəm. Əslində isə bunların heç birini istəmirəm. Hər şeyə həvəssizəm. Bütün gün marixuana çəkmək,
içki içmək, özümdən getmək, ağıllı-ağıllı söhbətlər etmək, çətinliklə başa düşülən cümlələr qurmaq arzusu var ürəyimdə.
Ən nəhayət Toğrula demək istəyirəm ki, yeddi ildir sən əzab çəkirsən, bir-iki il də mən əzab çəksəm nə olar? Özü də
səni yandıran yeddi ildir qovuşa bilmədiyin qadın, mənə dağ çəkən isə dağılan ailəmdir.
Başımı çevirib halsızca dedim:
- Bəsdi də. Məni danlamağa gəlmisən?
Gülümsədi, sifəti yumşaldı:
- Yaxşı, bağışla. Özü də dur gedək. Yaxşı yer tanıyıram. Srağagün uşaqlarla tapmışıq oranı. Gənclikdədi, F-Club adlanır.
İtaətkarlıqla ayağa qalxsam da, “düş qabağıma” deməyim, əmr kimi səsləndi. Park boyunca addımlayıb yola çıxdıq.
Toğrul maşının sağ böyrünü səkinin üstünə dırmaşdırmışdı.
- Səs-küylü yer deyil ki? – maşına oturub qapını bağlayanda soruşdum.
- Narahat olma. Musiqisiz, balaca zalı var. Yenə nə olub? – təşvişlə yerimdə qurdalandığımı görüb soruşdu.
- Qazı söndürmüşəm görəsən?
Toğrul bərkdən gülüb maşını işə saldı:
- Paranoyaların sənin axırına çıxacaq. Birincisi yüz faiz söndürmüsən. İkincisi də ki, guya söndürməsən, ev mütləq
partlayacaq?
Gözümün ucu ilə profildən məni süzdüyünü fərq etdim.
- Dırnaqların uzanıb, saqqal üzünü basıb. Allah bilir mətbəxdə dağ boyda yuyulmamış qab-qacaq yığılıb.
- Bəsdir!
- Nə bəsdir? Sənə yaraşır bu günə düşmək? Məni danlayırdın ki, pintiyəm, özümə baxmıram, evə baxmıram, bomj
həyatı sürürəm. Bəs özün nə gündəsən? Rəna ilə axırıncı dəfə nə vaxt görüşmüsən?
53
Sonuncu sualı, üstümə yağdırdığı məzəmmətlərin cavabını almamaqdan, özünü sığortalamaqdan ötrü verdiyini anladım.
Taktikanı düzgün seçmişdi – Rənanın adını eşidən kimi, Toğrulun deyinməsini unudub, bu suala kökləndim.
- İki gün əvvəl bir yerdəydik. Necə bəyəm?
- Niyə dəvət etmirsən evinə? Gəlsin bir yır-yığış eləsin.
Pəncərəni aşağı salıb siqaret yandırdım:
- Lazım deyil. Özüm yığışdıraram.
Yarıya qədər endirdiyim şüşəni, Toğrul yanındakı düyməyə basıb sona qədər aşağı saldı.
- Çək, qurtar bağlayarıq. Salondan iy gəlir sonra.
- Pah atonnan. Nə yaman maşın qədri bilən olmusan.
- Kişi hərdən oturur, orasına-burasına baxır. Siqaret iyi gələndə mısmırığını sallayır. Hə, deyirsən özün yığışdıracaqsan
evi?
- Hə, özüm yığışdıracam.
- Nə vaxt? Dəvənin quyruğu yerə dəyəndə?
Təəccüb və heyranlıqla üzümü ona çevirdim. İşlətdiyi zərbi-məsələ görə xeyli qürurlu görünür, bic-bic gülürdü.
- Necədi? Babamdan eşitmişəm dünən. İndi də yerinə düşdü.
- Maşallah. Sən babanla tez-tez görüş, bəlkə dilini öyrəndin.
Əyləcə basıb qırmızı işıqda saxladı.
- Nə sikirəm e bu dili? – dedi üz-gözünü büzüşdürərək.
Toğruldan bu tərz təfavütsüz, vecsiz sözlər eşidəndə başına bir qapaz ilişdirmək keçir ürəyimdən.
Doğma dilə münasibət haqda onunla bir neçə dəfə yorucu mübahisələrimiz olub. Toğrulun da mənsub olduğu rusdilli
subkulturanın ölkədə hökm sürən eybəcər, qeyri-insani sistemin doğurduğu ən təhlükəli zümrə olduğunu ona dəfələrlə
izah etməyə çalışmışam. Toğrul da rusdillilərin bu rejimin intişarçısı, korrupsiya mexanizminin ən vacib vinti olduqlarını
anlayacaq qədər dərrakəli, şüurlu adamdır. Amma yenə də məsələni böyütdüyümü, öz nifrətimdə ifrata vardığımı,
rusdillilərə qiymət verərkən mübaliğə etdiyimi deyib, hər fürsətdə giley edir.
Halbuki mən ifrata yuvarlandığımı düşünmürəm. Xalqın dərdlərindən, problemlərindən, gözləntilərindən uzaq olan
rusdillilər - cəmiyyətdə polifoniyanı, fərqli düşüncəni imitasiya etdikləri; mütaliəyə, intellektə, erudisiyaya iddialı olduqları
və rusdilli olmayanları buna inandıraraq, onlarda kompleks yarada bildikləri üçün iyrəncdirlər. Ölkədə tüğyan edən
cinayətlərə səssiz-səmirsiz tamaşa etmək yolunu seçdikləri üçün idbardırlar.
Rusdillilərin konformizmi “mən siyasətə girişmirəm, siyasət murdardır” tipli yığcam bir bəhanənin çərçivəsinə sığışacaq
qədər cılızdır. Bu bəhanəni əllərində bayraq etməklə, onlar əsl simalarını gizlətdiklərini; bu arqumentlə silahlanmaqla
savadlarının, intellektlərinin onlara yüklədiyi məsuliyyətdən qurtulduqlarını sanırlar. Passionar reaksiyaya potensialları
çatdığı halda, nəyisə dəyişməyə yanaşmayaraq, özlərini iblisə təslim ediblər. Loyallıq, konstruktiv müxalifət, sentrizm...
Bu ürəkbulandırıcı sözləri də leksikonumuza onlar, rusdillilər daxil ediblər. Bunların da cəm halında bircə mənası var –
öddəklik və təslimçilik.
Ayağını ayağı üstünə aşırmış, rusdilli olmayana yuxarıdan aşağı baxan, saitləri uzada-uzada “Mən siyasətdən uzağam”
deyən bu əbləhlərin əslində nəzərdə tutduğu budur – “Mən köləyəm. Mən qorxağam. Vəziyyət məni qane edir. Təki mən
salamat olum”. Onlar da çox gözəl başa düşürlər ki, vətəndaş mövqeyi olmayan, status-kvoya təslim olan, hakim
dairələrin həndəvərində fırlanan adam, istərsə yüz dəfə intellektual olsun – beləsinin sivil, demokratik cəmiyyətlərdə
zərrə qədər dəyəri yoxdur. Rejimin ziddinə getmək bir yana, bizim rusdillilər nifrət etdikləri, ağız büzdükləri Azərbaycan
mentallığını özləri üçün xilasedici jilet bilib, hamı bir nəfər kimi “Padşaha qeydsiz şərtsiz itaət” düsturuna əməl edirlər.
Politologiya terminologiyasının arxasına sığınaraq ağıllı cümlələr qurmaqla, kütlələri hər şeyin yaxşı olduğuna,
hakimiyyətin alternativsizliyinə inandırmağa çalışan rusdillilərin nəzərində, sistemə müxalif olan, meydanlara çıxan,
üsyan edən azərbaycandilli gənclik çuşkadır, hətta əlahəzrət kraliçanı bəyənmədiyinə görə - xaindir.
- Siz rusdilliləri Səddamın turşusunda yandırmaq lazımdır. Adam olan deyilsiniz – dedim. – Köləsiniz ki, kölə!
Toğrul nırç-nırç edərək, başını yırğaladı:
- Etiraz! Üsyan! Azadlıq! Bəsdir sən allah.
- Anlamadım, xoşuna gəlməyən nədi?
- Azərbaycanda ictimai fikirdən danışmaq absurddur, başa düşürsən?
- Absurddur. Haqlısan.
- İctimai rəydir, vətəndaş mövqeyidir - bunlar kapitalist cəmiyyətlərə xas olan, bizim kimi natural təsərrüfatla idarə olunan
feodal beyinli məxluqlarda görülməyən hadisədir. Odur ki, Azərbaycanda sistemdən də, sistemə müxalifətdən də
danışmaq yersizdir. Xalqın, millətin olmadığı yerdə isə, onun dilindən söhbət gedə bilməz.
Siqaretin kötüyünü əsəblə pəncərədən vıyıldadıb:
54
- Düz deyirsən. Bu dil, doğrudan da sənin nəyinə lazımdır? – dedim və kresloya yaslanıb gözlərimi yola dikdim.
***
Düzdür, rusdillilər arasından - ümumi qaydaları pozmayan – istisnalar da çıxır arada-bir. Məsələn, Elmar Hüseynov kimi
istisnalar. Qənirə Millini Mariya Antuanettaya oxşatdığı üçün qətlə yetirilən Monitor jurnalının baş redaktoru.
O məşum gecəni bu gün yaşanmış kimi xatırlayıram. 2 il əvvəl, mart ayının 2-si, yaşadığı binanın pilləkənlərində killer 8
güllə sıxmışdı onun bədəninə. Bu, “Müasir Mariya Antuanetta” adlı məqaləyə görə və başqalarına görk olsun deyə
jurnalistə verilən, Azərbaycanla birlikdə dünyanı da silkələyən amansız cəza idi.
Ertəsi gün insan seli yola salırdı onu son istirahətgahına. Elmarın tabutu, çiyinlərdə Yasamal qəbiristanlığına üzürdü.
Qəbiristanlıqda baş verənləri anlamağa, dərk etməyə çalışsam da, prostrasiya vəziyyətində olduğumdan, şüurum yalnız
bulanıq qəbir daşlarına ilişir, tanımadığım insanların adlarını və ölüm tarixlərini oxuyurdum. Sonra gördüm ki, məzarlığa
gələnlərin üzləri görünmür, hamı başını aşağı endirib, büzüşüb qalıb. Daha bilmədim dərddən, yoxsa sazaqdan əyiliblər.
Bahar qışın qalıqlarına yenicə əncam qılırdı deyə, hələ soyuq və küləkli idi hava. Bu qədər adamı bir yerdə çoxdandı
görmürdüm. Elmar bu insanların əksəriyyətini tanımırdı heç. Amma hamı onu tanıyırdı.
Sənan o gün demişdi ki, Elmarın ölümü də həyatı kimi performanslı oldu. Doğrudan da, nə gözəl ölümdü onun ölümü!
Əlində, iki yaşlı oğluna aldığı meyvəli yoğurtla pilləkənləri qalxan və üstünə güllə seli tökülən ata, qana buladığı yoğurtu
bərk-bərk tutub, ağrıya müqavimət göstərərək pilləkənləri qalxmağa davam edir. Divarları al qana boyayaraq mənzilinə
çatıb qapını döyür və yıxılır sevdiklərinin qollarına, “Buyurun, mən gəlmişəm” deyə. Maraqlıdır, görəsən onun qatili,
Elmarın əlindəki yoğurtu, canının parçası olan övladına aldığı bu üç quruşluq sovqatı görmüşdümü?
İki ildir ki, yoxdur bizimlə Elmar. Onu öldürməklə, “etiraz etməyin sonu budur” mesajını verən rejimin acığına, hələ də
xoşbəxt gələcəyin və al şəfəqlərin sərxoşedici ümidləri ilə yaşayan insanlar var bu ölkədə. Kaş ki, ölümün əbədi həyatın
başlanğıcımı yoxsa hər şeyin sonumu olduğunu dəqiq bilsəydik. Nə qədər cəsur olsaq da, əbədi yoxolma qorxudur bizi.
Ölüm adlanan tragik sonu beynimiz qəbul etmək istəmir. Fiziki yoxolma ilə barışa bilmirik. Halbuki vücudun sərhədlərini
aşmaq, həyat adlanan dar və sönük geometriyanın fövqünə yüksəlmək, sonsuzluğa pərvazlanmaq, sırf ölümü görmək,
onunla təmas etmək, onu kəşf etmək üçün böyük bir məchula doğru yola çıxmaq deyilmi əsl qəhrəmanlıq, əsl ehtiras?
- Çatmışıq. Eşidirsən?! Heey!
Diksinib üzümü Toğrula çevirdim.
- Nədi? Nə qışqırırsan?
- Deyirəm çatmışıq – Toğrul başı ilə doqquz mərtəbəli binanın altındakı göy rəngli, neon lövhəyə işarə eləyib, - Buradı –
dedi və maşını hündür çinar ağacının altında saxlayıb motoru söndürdü.
55
Rənanın yataq otağı
Nədir sevgi? Ləzzətini nədə, necə duymaq olar? Sevən insan müstəsnalığını, vəhdətini inkar edib, özü ilə bahəm,
sevdiyini də həyatın mərkəzinə qoyursa, deməli bunun üçün ciddi səbəbləri olmalıdır, elə deyilmi? Özümüz sevməyənə
qədər, bunu başa düşmürük. Məhəbbət mövzulu gözyaşı bol kinolara, şirin romanlara indilərdə “trivial” deyib dodaq
büzmək, istehza etmək dəbdə olsa da, hər birimiz bu “triviallığın” əsiri olmamışıq bəyəm?
Böyrü üstə uzanmış Rəna, gicgahını sağ əlinin ovcuna qoyub dirsəkləndi. Sevişəndən sonra bu pozanı alıb, mənə
yuxarıdan tamaşa etməkdən xoşu gəlir. Mən isə tavana baxır, arada bir üzümü ona çevirib danışıram. Olur ki, çox təsirli
bir söz deyəndə əyilib burnumdan öpür.
- Çoxdandır bu qədər içməmişdin.
- Həəə.
- Sərxoş olanda sevişməyindən yoxdu.
- Doğrudan? Sərxoş olanda heç özüm bilirəm ki, neynirəm?
Qəfildən sol əli ilə xayalarımı yüngülcə sıxdı:
- Deməli heç özün də bilmirsən necə sevişirsən? Hə?!
- Aaah. Bir az da sıxsan, ümumiyyətlə sevişmə qabiliyyətimi itirəcəm.
Rəna büllur səsi ilə gülüb dodaqlarını dodaqlarıma qondurdu.
- Onda bu gecəlik bəsindir. Sənə cəza verirəm.
- Mənim şahzadəm necə də mərhəmətsizdir.
Qarnıma şapalaq vurub nazlana-nazlana:
- Sən öləsən! – dedi. – Məndən mərhəmətlisini hardan tapacaqsan? Evin yenə it kökündədi, hə?
Dərin “of” çəkib gözlərimi yumdum:
- Sən də Toğrul oldun mənim üçün? Əl çəkin də məndən. Sizin işiniz gücünüz yoxdu? Evimlə nə işiniz var?
Rəna barmaqları ilə sol gözümün qapağını araladı.
- Yəqin siçovullar evini basıb.
- Əcəb eləyiblər – dedim. – Onsuzda yeməyə heç nə yoxdu evdə. Heç şəkil də qalmayıb.
Çoxmərtəbəli binamızda siçovullar zirzəmidən ta sonuncu mərtəbəyə qədər maneəsiz qalxıb düşür, fürsət tapanda
mənzillərə şığıyır, tapmayanda isə kövrək beton divarları gəmirib evlərə girirlər. Ötən yay Sənanla və Azadlıq radiosunun
müxbiri Cavidlə Batumiyə bir həftəlik dincəlməyə getmişdik. Bakıya qayıdanda siçovul, ya da siçovulların mənzilimin
əməlli-başlı altını üstünə gətirdiklərinə şahid olmuşdum. Gəmiricilər bir neçə yerindən televizorun kabelini, şap-şapımın
sol tayının burnunu, mətbəxdəki içi boş çörək qabının qırağını, hətta komodun üstündəki atamın şəkilinin olduğu
çərçivəni didik-didik eləmişdilər. Atamın taxta çərçivəli fotosunun siçovulların qəzəbinə tuş gəlməsi, indiyə qədər
dostlarım arasında ən “mırt” mövzudur. Ayda azı bir dəfə rəhmətliyin siçovullara yem olmuş fotosundan danışıb, halları
pisləşənədək gülürlər.
Belə baxanda, günah onlarda deyil. Dilimi dinc saxlasaydım bu söhbətdən heç kimin xəbəri olmayacaqdı. İndi isə
hadisəni özüm yada salmışdım. Rəna qeyri-ixtiyari güldü və birdən ciddiləşib dedi:
- Bəsdi! Gic-gic danışma.
Saçlarını sığallayıb üzünü üzümə yaxınlaşdırdım. Üst dodağını yüngülcə dişlədim.
- Əşi, kişi yəqin o dünyada kef eləyir. Şəkilinin siçovulların yeməsi, dünyada neçə adama qismət olub e?
- Bəsdi dedim sənə! Aaaa! Nə allahsız adamsan!
- Həm allahsız, həm peyğəmbərsiz, həm imansız - əsnəyib ağzımı marçıldatdım. Rəna dodaqlarını bir-birinə sıxıb,
gözləri gülərək baxırdı mənə.
- Toğrul heç bir saat da oturmadı deyirsən?
Başımı yırğaladım:
- Yox. Hərəmizə iki tekila içmişdik ki, zəng gəldi. Əvvəl bayıra çıxıb on beş dəqiqə danışdı. Sonra da qayıdıb dedi ki,
getməliyəm. Çox pərt olmuşdu. Məni kluba özü dəvət eləmişdi deyə xəcalət çəkirdi. Mən də acığa düşdüm. Ondan sonra
saat yarım da oturub, beş tekilanı tək içdim.
56
O anı xatırladım yenə - telefonuna gələn zəngi, displeydə “onun” adını görən kimi söndürüb nömrəni təzədən yığmasını,
tələm-tələsik bayıra qaçmasını.
Sevgililəri ilə telefonla danışan adamlar iki kateqoriyaya bölünür – söhbətin məzmununu gizlətməyə ehtiyac duymadan,
sevdiyi insana “canım”, “əzizim”, “həyatım”, “dovşanım” tipli nəvazişli sözlərlə müraciət etməkdən çəkinməyənlər və
başqalarının yanında qadınla, qızla danışmağı ayıb sayaraq, əllərində telefon, uzaqlara qaçanlar.
- O, gedirəm deyəndə, sən nə dedin?
- Nə deyəcəm? Dedim olan şeydir, get, narahat olma.
Rəna gözlərini qıyıb əsəbi halda başımın üzərindən pəncərəyə baxdı.
- Axırına çıxacaq bu qız onun – sonra təzədən göz-gözə gəldik, - Bəs sən ona heç nə demirsən?
- Bilmirsən ki, bu adamla danışmaq mümkün deyil? Natavan sənə deməyib?
Toğrulun bacısı Natavan, Rənanın yaxın rəfiqəsidir.
- Ola bilsin bacısı, hətta nəinki bacısı - atası, anası ilə də danışmaq istəmir. Bəs sən? Yaxın dost deyilsiz?
Dərdləşmirsiz?
- Özü danışmaq istəyəndə qulaq asıram, amma bölüşmək istəmirsə, məcbur etməyəcəm ki! Onsuzda əzab çəkir.
- Əzab çəkirsə bölüşsün də.
- Deyir ki, heç kəs onu başa düşmür, düşə də bilməz.
- Sən də?
- Hə, mən də.
Rəna ovcuna yasladığı başını buladı:
- Dəhşət. Səni heç tanımırmış.
- Əslində yaxşı tanıyır. Zarafat deyil, on ilə yaxındır dostluq edirik. Bu on ilin yeddi ilini Zümrüdlədi. Daha danışılası,
deyiləsi bir söz qalmayıb, başa düşürsən?
- Qəribədir. Anamızdan, atamızdan, övladlarımızdan fərqli olaraq dostlarımızı, sevgililərimizi özümüz seçirik. Heç kəs
zorla bizə demir ki, filankəslə dost ol, filankəsi sev. Amma dostluq da, məhəbbət də birtərəfli olanda, insana necə də ağır
gəlir. Düz demirəm?
- Yenə başladın filosofluğa?
Rəna gülüb başını yastığa atdı. Gözlərini mənim kimi tavana dikdi.
- Sən demirdin ki, filosofluq söhbətini bu qədər ucuzlaşdırmaq olmaz?
- Deyirdim.
- Həqiqi dostluq ancaq kişilər arasında olur deyən də sən idin.
- Əlbəttə.
- Bəs nə oldu?
Qalxıb oturdum. Kürəyimi divara yaslayıb bir siqaret yandırdım.
- İndi Toğrul dərdləşməyi xoşlamır, qapalıdır deyə dost sayılmırıq?
- Nə bilim. – Rəna dodaqlarını büzdü. – Bəs biz?
Sualı anlamadım. Tüstünü yana üfləyib Rənaya baxdım:
- Nə biz?
- Biz bir-birimizi başa düşürük?
- Eeeh. Sən allah ağır söhbətlər eləmə. İçkinin təsiri təmiz qaçdı.
Rəna qəfildən yataqdan düşüb penuarını əyninə atdı.
- İncidin məndən? – yazıq sifət alıb soruşdum.
- Yox əşi. Kofe hazırlamağa gedirəm. İçərsən?
- Hələ soruşursan? Niyə içmirəm.
Saçlarına tumar çəkə-çəkə yataq otağından çıxmasına tamaşa edərkən xoşbəxt olduğumu, əndişələrimin yersiz
olduğunu düşündüm. Nəyim çatışmır axı? İşim, bərbad vəziyyətdə olsa da özümə aid evim, məktəbə gedən oğlum,
sevgilim, dostlarım var. Ürəyimi sıxan, məni bu qədər ruhdan salan nədir bəs?
Bilirəm nədir. Günü-gündən azğınlaşan avtoritar rejimin ölkədə yaratdığı xof atmosferi, azacıq vicdanı olan hər kəsi
narahat edir. Etməlidir. Siqareti külqabında əzib söndürdüm. Hələ də anlaya bilmirəm - bir qadın necə bu qədər zalım,
57
qəddar ola bilər! Halbuki Qənirə prezident seçiləndə hamı onun aparacağı islahatlardan, korrupsiyaya son
qoyulacağından, qadın şəfqətinin və analıq instinktlərinin dövlət idarəsinə yalnız müsbət təsir edəcəyindən danışırdı. Nə
oldu bəs? Qənirə on ilə yaxındır ki, prezidentdir. Ölkə isə sürətlə uçuruma yuvarlanır - korrupsiya çiçəklənir, polis rejimi
güclənir, ölkənin təbii sərvətləri mənimsənilir, respublikaçılığın dayaqları sarsıdılaraq monarxiya üsul-idarəsi qurulur. “Hər
şey və hər kəs Qənirə Millinin xidmətində” şüarı, artıq açıq-aşkar şəkildə insanların beyninə yeridilir, televiziya
kanallarından məhz bu postulat təlqin olunur. Bütün bunlardan sonra, normal adam bu ölkədə rahat, qayğısız yaşaya
bilərmi?
Zümrüdlə eyni xislətdədir Qənirə. Ölkə başçısını başa düşməkdən ötrü, Zümrüdü tanımaq kifayətdir. Onda belə çıxır ki,
Zümrüd Qənirədirsə, Toğrul da xalqdır.
Gülə-gülə başımı yırğaladım.
Mesaj gəldi. Toğrul yazırdı. Adını an, qulağını bur. Bu gün tez getdiyi üçün üzr istəyir, “sabah artıqlaması ilə oturub
içərik” deyirdi.
Cavab yazmadan telefonu kənara qoydum. Üzr istəməyinə ehtiyac yox idi. Mən onu başa düşürəm.
Rəna haqlıdır – Toğrul onun hisslərinə, çəkdiyi əzablarına nüfuz etmək iqtidarında olmadığımı düşünməklə yanılır. Mən
onu çox gözəl başa düşürəm. Başa düşülməyəcəyinə inanan hər kəs, əslində onu başa düşə biləcək bir insanın, bir
dostun həsrətindədir. Bəzən belə bir insan, o andaca yanında oturub: “Axı mən onu başa düşürəm. Çox yaxşı başa
düşürəm” düşünür. Amma “o adam” da susmaqdadır.
Çünki, onun üçün başa düşmək, başa düşdüyünü sübut və izah etməkdən daha rahatdır.
Çünki, o, duyğularını ifadə edəcək kəlmələri tapmaqda acizdir.
Çünki, o, əzab çəkir. Sözsüz və sübutsuz başa düşdüyü üçün əzab çəkir.
“Hər şey yaxşı olacaq”, “hər şey hələ qabaqdadır”, “narahat olma”, “fikir vermə” deməkdən, yəni yola verməkdən asan nə
var? O an üçün ən lazımlı, ən təsirli sözü seçə bilməkdir əsl məharət. Lazım olan sözlərin seçimi, insanın zamanla
qazandığı istedaddır deyirlər.
- Neynirsən burda? Gəl mətbəxə də. Kofe hazırdı.
Rəna qapının çərçivəsinə söykənib, maraqla mənə baxırdı.
- Sayıqlayıram. Deyəsən poxmel başlayır.
- Başa düşmədim.
- Deyirəm sayıqlayırdım. Sənin o sözün varıydı e, başa düşmək filan. O barədə düşünürdüm.
- Nə qərara gəldin?
- O qərara gəldim ki, biz özümüzü başa düşürük ki, başqasını da başa düşək? Ya da başqası bizi başa düşsün?
Rəna dodaqlarını büzüb bir az fikirləşdi.
- Niyə elə deyirsən? Hərdən olur ki, biz özümüzü başa düşmədiyimiz halda, bizi başa düşən tapılır.
Acı-acı gülüb yataqdan qalxdım. Rənanın, barmaqlarımın ucunda ilişib qalan şəpilərini geyindim.
- Bu nə biabırçılıqdı e? Mənim ayağıma şap-şap almaq lazımdır.
Gözlərini süzdü:
- Canın çıxsın al gətir. Ayda, ildə bir dəfə, kefinə düşəndə bu evə gəlirsən. Bəlkə evdə hər şeyi cütləşdirim, elə ər-arvad
kimi yaşayaq?
Rənanı belindən tutub möhkəmcə bağrıma basdım.
- Sus, namərd qadın! Kişinin sözü qanundu!
- Sən öləsən.
Qapının çərçivəsinə söykənib, ehtirasla öpüşməyə başladığımızda, dan yeri sökülürdü.
58
Şeyla
- Bir-iki saat içində xəstən olacaq?
Qapıdan içəri boylanan Azər, nadir hallarda həkimlərin otaqlarına baş çəkir. Direktor kabinetindəki yumşaq, hündür
kreslosundan ancaq tualetə getmək və arada-bir gimnastik hərəkətlər etmək üçün qalxır. Deyilənə görə, xoşagəlməz bir
mənzərə ilə üzləşməkdən, öz ünvanına pis söz eşitməkdən qorxduğu üçün otaqları gəzmir. Ya da həkimlərlə arasındakı
məsafəni açmaq istəmir. Çürükçü, həm də qorxaq olsa da, ona səmimi, istiqanlı adam demək olar. Qənirə Millinin
divardan asdığı iri portreti azıymış kimi, masasının üstünə də, Qənirəni oğlu Elnurla birlikdə əksetdirən 10x15 ölçüsündə
qızılı çərçivəli fotosunu qoyub. Şərq dünyasının diktator uşaqlarının sevimli şəhəri olan Londonda oxuyan Elnur,
yanağını boynundan qucaqladığı anasının yanağına yapışdırıb, debil gülümsəmə ilə obyektivə baxır. Balasını qoynunda
əzizləyən Qənirənin gözləri isə nədənsə buzlu, təbəssümü saxta, sifətindəki ifadə isə əndişəlidir. Bu fotonu masanın
üstündə gördüyümdə gözlərimi bərəldib Azərə baxmış, o da “hər ehtimala qarşı lazımdır” demişdi. Bir yandan onu da
qınamalı deyil. Vergilərdən, fövqəladə hallardan, səhiyyədən, sanitariya və epidemiologiya stansiyasından, polisdən,
sosial inkişaf nazirliyindən, dövlət təhlükəsizliyindən yoxlamaya gələn müfəttişlərə öz loyallığını isbatlamaq üçün,
prezident və ailəsinin fotoları vacib atribut hesab olunur.
Otağa girib-girməməkdə tərəddüd edən Azərin bic-bic gülən gözlərindən sözlü adam olduğunu hiss etdim. Bayaqdan
sahmana salmaq üçün qurdalandığım siyirtməni bağlayıb:
- İki saat sonra bir xəstəm gəlməlidi. Necə bəyəm? – soruşdum.
Əzilə-əzilə otağa keçdi. Sağa sola baxdı. Elə bil ömründə birinci dəfə stomatoloq kabineti gördüyündən, hər şey ona
maraqlı gəlirdi. Açıq yaşıl rəngli kresloya yaxınlaşıb dəri üzlüyə sığal çəkdi.
- Bayaq, prezident aparatında işləyən tanışım zəng eləmişdi – bunu dedi və barmağı ilə tavana işarə elədi. “Prezident
aparatındakı tanışım” hər şeyi artıqlaması ilə açıqladığından, tavana tuşlanmış barmağa ehtiyac yox idi. “Bu məsələnin
mənə nə dəxli?” sualı oxunan gözlərlə ona baxdığımı görüb, bormaşının idarə pultunu sağa-sola çevirdi və tez-tələsik
dedi:
– Səyavuş Oruc qızını bizim klinikaya göndərmək istəyir. Tanışım xahiş elədi ki, ona yaxşı həkim məsləhət görüm.
Prezident aparatının “Milli maraqlar” şöbəsinin başçısı, xalq arasında “milli Ghebbels” kimi ad çıxarmış Səyavuş Orucun
qızının dişlərini qurdalamağın, həkim praktikamda üzləşə biləcəyim ən böyük ədalətsizlik və bəxtsizlik olduğunu
düşündüm. Qanım qaraldı. Ovqatımdakı dəyişikliyi Azər də sezdi.
- Sən allah problem çıxarma!
- Başqa həkim tapa bilmədin?
- Bu klinikada səndən yaxşısı var?
- Niyə yoxdu? Toğrul, Samir.
Azər əsəbi tərzdə əlini əsdirdi:
- Dayan görüm e. Toğrulun fikri-zikri özün bilirsən də hardadı. Samir də çox danışır. Bu qız da elə pasientdir ki, ehtiyatlı
olmaq lazımdır. Gic-gic danışmaq olmaz.
Kresloma oturub ayaqlarımı uzatdım.
- Belə adamların öz ailə həkimləri olur. Xeyir ola bizim klinikaya gəlir?
- Düzdü, olur. Amma onların ailə həkimi bütün normal insanlar kimi Avropaya qaçıb, orda yaşayıb işləyir. Özü də ki, nə
olub bizim klinikaya? Belə avadanlıq kimdə var? – deyib, gözləri ilə bormaşına işarə elədi.
Asiadent klinikasında işləyən doqquz stomatoloqun heç biri, Azərin ötən il Almaniyadan gətirtdiyi yarım milyon dollar
dəyərində avadanlığın hansı pulla alındığını bilməsə və “dəyirmanın suyu hardan gəlir” sualına cavab tapmasa da, Azər
öz avadanlığı ilə fəxr etməyə, hətta yas və toy məclislərində də fürsət tapıb, klinikadakı “texnoloji möcüzəsi, analoqu
olmayan aparatların” təbliği ilə məşğul olmağa davam edir.
Əllərimi sinəmdə çarpaz birləşdirib həvəssiz maraqlandım:
- Nə problemi var?
- Doğuş sonrasıdı deyəsən. Paradontit zaddı yəqin. Mən belə başa düşdüm.
- Aha.
Azər bic-bic güldü. Aralı qalan qapını bağlayıb mənə yaxınlaşdı.
- Mən bilən ərindən boşanıb. Daha doğrusu, eşitmişəm ki, heç ərə də getməyib. Sevdiyi oğlanı olub. Sonra ayrılıblar, o
da tək doğub.
59
- Bunların mənə nə dəxli? – tərs-tərs Azərə baxıb soruşdum. Qız haqqında verdiyi bu məlumat, doğrudan da məni zərrə
qədər maraqlandırmırdı.
- Necə yəni? Sən subay, o subay. Bəlkə bəyəndiniz bir-birinizi?
Bunları deyib burnu ilə gülməyə başladı. Azər həmişə ağzı bağlı gülür. Burun pərələrinin açılıb-bağlanması nisbətində,
ona qarşı nifrətim artırdı.
- Aparatda işləyən tanışın, qızın şəxsi həyatı haqqında lazımından artıq danışır. Sənə elə gəlmir?
Sözüm ox kimi hədəfə sancılmışdı. Azərin əyilən sifətini görüb, ləzzət aldım. Elə bil söhbətin nədən və kimdən getdiyini
indi dərk etmişdi.
- Yarım saata burda olar – soyuq tərzdə dedi.
Sərsəm hərəkətləri ilə həyəcanlı olduğunu biruzə verirdi. Ona yazığım gəldi.
- Narahat olma – dedim. – Əlimdən gələni eləyəcəm.
Azər nigaran gözlərlə mənə baxdı və nə üçünsə baş əyib kabinetdən çıxdı.
***
Balli ayaqqabıları və Birkin çantası, onun hansı təbəqəyə mənsub olduğunu açıq aşkar nümayiş etdirirdi. Firuzə rəngli
ipək köynəyi ilə, ifadəli baldırlarını qabardan bəyaz şalvarı isə ahəng yaradırdı. Onu görən kimi, vəhşicə sevişmək üçün
ideal qadın olduğunu anladım. Bir yetmiş beş boyunda, saçlarını sarıya boyatmış, uzun kirpikli bu qadına gözəl demək
olardı, əgər dodaqlarının dolğunluğu sifətinə sünilik qatmasaydı. Gözlədiyimin əksinə, olduqca mehriban və gülərüz idi.
Döşləri xırda olduğundan, yenicə doğmuş qadına bənzəmirdi. Otağa göz gəzdirib:
- Gözəl kabinetiniz var – dedi. – Kresloya oturmalıyam?
Öz-özümə “yox, başına oturmalısan” desəm də, qıza rasional cavab verdim:
- Əlbəttə. Buyurun əyləşin.
Ali təbəqənin qızı, kresloda yerini rahlamağa başlayanda, mən şirmanın arxasına keçərək əllərimi yudum. “Nə üçün ona
qarşı bu qədər qərəzliyəm? Kimliyindən asılı olmayaraq, o, pasientdir. Düzdür, onun gəldiyi yerdə belə düşünmürlər.
Onlar kimliyindən asılı olmayaraq, etiraz səsini ucaldan hər kəsi məhv edirlər. Amma mənim öz prinsiplərim var. Ən
azından Hippokrat andı içmişəm”. Dodaqlarımın yüngülcə qaçması, mənə toxtaqlıq verdi. “Gülə bilirəmsə, deməli hər şey
qaydasındadır”.
Kreslonun yanına qayıdıb əlcəkləri taxa-taxa:
- Gəlin əvvəl şikayətlərinizə qulaq asaq – dedim.
- Bilirsiniz doktor. Bağışlayın, adınız necə oldu?
Başını azacıq yana əyib, sağ döşümün üstündəki kartdan adımı oxudu.
- Murad. Mənim də adım Şeyladır.
- Çox şadam.
Deyəsən, bir-birimizin adlarını öyrənməyimiz, Şeylanı bir balaca rahatlatmışdı.
- Əslində problemlər hamiləliyin yeddinci ayında başladı. Nə soyuq içə bilirdim, nə isti. Axırıncı bir həftədir dişlərim
qanayır.
Güzgünü əlimə alıb ona tərəf əyildim. Üzünə yaxınlaşdıqca, göründüyü qədər gənc olmadığını fərq etdim. Yaşı otuzu
keçmiş olmalıydı.
- Açın ağzınızı zəhmət olmasa.
Projektordan süzülən tutqun işıq, Şeylanın üzünə düşərək, sifətindəki şıltaq və istehzalı ifadəni yumşaldır, dodaqları
ətrafındakı xırda qırışıqları daha artıq nəzərə çarpdırırdı.
Şeyla gecikmişdi. Qabaq üst və alt dişləri bərbad vəziyyətdə idi. Dişəti qızarıb, yer-yer şişmişdi. Ağız qoxusunun bu
qədər şiddətli olacağını bilsəydim, bayaqdan boğazımda sallanan maskanı taxardım. İndi taxsam, başa düşüb inciyə
bilər.
Güzgünü qabın içinə atıb kresloya oturdum. İki-üç saniyə Şeylanın dolğun dodaqlarında, xırda amma ifadəli döşlərində,
şabalıdı gözlərində gəzişdi baxışlarım. Gözlərinin gözəl olduğunu etiraf etməliyəm.
- Kompleks müalicə tələb olunur Şeyla xanım.
- Nə olub axı mənə? – həyəcanla soruşdu.
- Daha nə olacaq? Dişəti əməlli-başlı iltihablanıb. Bəs özünüz hiss eləmirsiniz ki, dişinizlə damağınız arasında boşluqlar,
ciblər əmələ gəlib? Bu ciblər də mikrob yuvasıdır da. Nə üçün vaxtında getməmisiniz həkimə?
60
- Ginekoloqum icazə vermirdi. Deyirdi doğuşdan sonra gedərsən.
- Bu nə savadlı ginekoloqdur belə?
Şeylanın gözlərində qəzəb qığılcımlarını görüb, sözlərimə peşman oldum. Deməli ilk “quşu” buraxmışdım. Amma
Şeylanın növbəti sözləri qəzəbin mənə yönəlmədiyini bildirirdi.
- Eybi yox. Onunla danışaram.
İndi isə ginekoloqun taleyindən narahat olmuşdum. Belələri, gözlərini qırpmadan adamın karyerasına xətt çəkmək
iqtidarındadırlar. Bircə bu çatışmırdı ki, mənə görə kiməsə ziyan dəysin.
- Onu da başa düşmək olar. Uşağın təhlükəsizliyini fikirləşib. Belə baxanda, düz eləyib doğuşdan sonraya saxlayıb.
İntəhası, gərək kalsiumlu qidalar qəbul etməyinizi məsləhət görəydi. Nə isə.
Şeyla bir saniyə belə düşünmədən:
- Xeyr! Heç onu da eləməmişdi – hirslə başını buladı. - Müalicə çox ağrılı olacaq?
Çiyinlərimi çəkdim.
- Mütləq iynə vurulmalıdır. Vitaminlər filan. Antibiotik müalicəsi də olacaq. Diş ciblərinə gel doldurmalıyıq. Siz narahat
olmayın, dərinlik kritik həddə çatmayıb. Amma bəzi dişlərdə xırdaca laxlama var. Uşaq süd yeyir?
Sanki “uşaq əmizdirmək hara, mən hara” demək istərcəsinə sərsəm-sərsəm baxdı mənə. Bilmək olmurdu - uşağın süd
yeməməyindən təəssüf edir, yoxsa mənim “tərbiyəsiz” sualımdan məyus olub. Başını yırğaladı:
- Yoox, yemir.
“Döşlərindən məlum olur” düşündüm.
- Bu o qədər vacibdir? – udqunub soruşdu.
- Nə vacibdir? – başa düşmədim.
- Uşağın süd yeməyi.
- Demək istəyirəm ki, müalicəmizdə əngəlimiz olmayacaq. Bir tərəfdən yeməməyi uşaq baxımından pisdir – gülümsədim.
- Amma müalicə vaxtı özümüzü məhdudlaşdırmayacağıq.
Ayağa qalxıb siyirtməyə yaxınlaşdım.
- İndi damağınıza üç yerdən iynə vuracam. Çox ağrıtmayacaq. İynə nazikdir.
Siyirtmədən şprisi və ampulu çıxartmaq üçün qurdalanmağa başlayandan, yanına yaxınlaşıb ağzını açmağı xahiş edənə
qədər, bircə kəlmə danışmadı. Həyəcanlı olduğu, iynədən qorxduğu açıq-aşkar görünürdü. İynəni batıracağım nöqtələrə
ledokain püskürdüb şprisi ağzına yaxınlaşdıranda gözlərini yumub, başını kreslonun arxasına dirədi. Kirpikləri titrəyir,
üzündəki sinirlər hamar yanaqlarını qırışdırırdı. Nə qədər vərdiş etsəm də, ağız qoxusunu gözəl qadınlara yaraşdıra
bilmirəm. Ağzından pis iy gələn qadın, ictimai yerdə gəyirən, ya da qaz buraxan qadından fərqsizdir. “Nə səfeh fikirdir”
düşündüm. “Sanki kişinin ictimai yerdə gəyirməsi, ya da qaz buraxması normal haldır.”
- Şeyla xanım, özünüzü bu qədər gərməyin.
İynəni sonuncu dəfə batırıb, şprisi tumboçkanın üstünə qoydum:
- Çox ağrıtdı?
Şeyla gözlərini açdı. Əli ilə yanağını ovxalamağa başladı.
- Yox, əliniz çox yüngüldü. Amma ağrıdı ağrımadı, iynə görəndə panikaya düşürəm. Əgər bundan sonrakı iynələrin də
belə ağrısız olacağına söz verirsinizsə, onda problem olmayacaq.
Gülən gözlərini qıyıb projektora baxdı.
- Hə, bağışlayın – deyib, projektoru söndürdüm. – Narahat olmayın, ağrıtmaz. Amma sizə yazacağım otları mütləq alıb,
vaxtı-vaxtında qarqara eləməlisiniz. Yaxşı?
- Əlbəttə.
- Hər gün klinikaya gələ biləcəksiniz? İynələri gecikdirmək olmaz.
Əlini yanağından çəkməyən Şeyla, bir az düşünüb dedi:
- Əlbəttə, problem deyil. Sabah da gəlməliyəm?
- Gəlməlisiniz, bəli.
- Saat üçdə olar?
Masaya yaxınlaşdım, açıq bloknotumda sabahkı qrafikimə baxıb dedim:
- Olar. Üçdə gəlsəniz, on-on beş dəqiqəyə proseduranı bitirərik.
- Müalicə neçə gün çəkəcək?
61
- Düşünürəm ki, on gün bizə gen-bol bəsdi.
Şeyla ayağa qalxmaq üçün həmlə etdi. Çətinlik çəkdiyini görüb ona əlimi uzatdım. İşvəli gözlərindən yardım təklifimə
razılıq oxunurdu. Nazlana-nazlana əlimi tutub ayağa qalxdı.
- Sağ olun.
- Buyurun.
- Sizə bir söz deyim?
“Mənə nə deyəcəyini bilirəm. Tərifləyəcək.”
- Bu kabinetdə özümü o qədər yüngül, təhlükəsiz hiss edirəm ki, elə bil stomatoloq yanına yox, gözəllik salonuna
gəlmişəm. Birinci dəfədir stomatoloqun yanından qaçıb getmək üçün tələsmirəm.
- Bizi bir tapan sevinir, bir də itirən. Vərdiş eləmişik.
Güldü və gözlənilmədən kabinetdəki ikinci kresloya oturdu. Ayağını ayağı üstünə aşırdaraq çantasını açdı, dodaq
boyasını çıxartdı.
- Yox, elə deyil. Siz fərqlisiniz. Düz sözümdür.
Dodaqlarını boyadıqdan sonra, onları bir-birinə sürtüb boyanı yaydı. Rahat hərəkətləri məni əsəbiləşdirsə də, bir tərəfdən
bu rahatlığı ilə məndə rəğbət oyadırdı.
- Bir söz soruşsam inciməzsiniz?
- Buyurun – dedim.
- Siz mənim kim olduğumu bilirsiniz?
- Nə mənada?
Məni bic-bic süzüb:
- Yaxşı daa, - dedi. – Sizə deməyiblər ki, kim gəlir yanınıza? Ola bilməz axı.
Əllərimi yanlara aralayaraq:
- Düzdür, Azər vəzifəli bir şəxsin qızı gələcək demişdi. Amma bunun nə əhəmiyyəti var? Bütün xəstələr mənim üçün
birdir.
Şeyla təəccüblə soruşdu:
- Doğrudan?
Mən də təəccüblə:
- Əlbəttə, - dedim. – Bunda inandırıcı olmayan nə var?
- Yəni siz demək istəyirsiniz ki, Səyavuş Orucun qızının adi bir xəstədən fərqi yoxdur?
Çox provokativ, hətta alçaq sual idi.
- Əlbəttə yoxdur. Niyə də olmalıdır? Başqalarına qarşı laqeyd, sizə qarşı daha məsuliyyətli olmalıyam?
Hərəkətsiz oturub, diqqətlə mənə qulaq asan Şeylanın cavabı belə oldu:
- Buna inanmaq istəyərdim.
Elə bil quluncumun altına şiş soxdular. Qəzəbimdən dişlərimi sıxdım.
- Necə?!
Həddini aşdığını başa düşüb gülümsədi:
- Yox, yox. Bunu söz gəlişi dedim. Yoxsa əlbəttə ki, sizə inanıram. Hərəkətlərinizdən, danışığınızdan hiss olunur ki,
yaltaqlıq sizə yaddır.
- Haqlısınız, yaltaq adamlardan zəhləm gedir.
Bu cümləni elə tez-tələsik dedim ki, özüm də mat qaldım.
Cavabımın sürətindən və itiliyindən diksinən Şeyla, iri açılmış gözlərini preparat və alətlərin olduğu şüşəli dolaba çevirdi.
Sonra təzədən mənə baxdı.
- Hətta deyərdim yaltaqlara nifrət edirsiniz. Özü də tək onlara yox.
- ...
- Yaltaq vəzifə sahiblərinə nifrətiniz daha böyükdür.
Etiraf edim ki, Şeylanı görəndə, geri zəkalı adam təəssüratı oyatmamışdı məndə. Amma son sözlərindən sonra, həm də
kifayət qədər ağıllı olduğunu düşündüm. Qəribədir. Adətən belə adamlar, bu dərəcədə dərin olmurlar. Olmamalıdırlar.
62
- Hardan bilirsiniz?
- Bunu bilməyə nə var? Mənə qarşı soyuq, laqeyd olduğunuzu hiss etdim.
Başımı sağa-sola bulayıb:
- Doğrudan belə düşünürsünüz? – təəssüflə soruşdum.
- Xeyr! Məni düz başa düşün. Həkim kimi çox diqqətlisiniz, məsuliyyətlisiniz. Amma bir insan kimi...
- Anlamadım.
- Siz allah bəsdirin. Axı siz, görünmək istədiyinizdən daha ağıllısınız.
- Sağ olun - qərarsız dedim. – Bunu kompliment kimi qəbul etməliyəm?
Doğrusu, artıq narahat olmağa başlayırdım. İynədən sonra nə üçün çıxıb getmədiyini, nə deyə mənim simpatiya və
antipatiyalarımı müzakirəyə açdığını başa düşmürdüm. Vətəndaş mövqeyimin, siyasi baxışlarımın, kimi sevib, kimə nifrət
etməyimin işimə nə dəxli var?
- Kompliment deyil, faktdır. Sizin kimi adamla söhbət etmək çoxdankı arzumdur. Bilirsiniz niyə? Çünki hamı üzümə gülür,
yaltaqlanır. Siz isə kim olduğumu bilə-bilə...
Susdu. Acı-acı gülümsədi.
- Kim olduğumu bilə-bilə mənimlə adi bir pasient kimi rəftar etdiniz. Bəlkə də adi pasientinizlə daha mehriban, daha
səmimisiniz. Mənimlə isə məsafəli olmağa çalışırdınız.
Ayağa qalxdı.
- Hə, yadımdan çıxmamış, kartınızı ala bilərəm?
- Əlbəttə - cins şalvarımın arxa cibindəki portmonenin içindən bir kart çıxarıb ona uzatdım.
Kartı alıb üstündə yazılanları diqqətlə oxudu, sonra çantasına atdı. Qadınlar həmişə belə edir, əllərinə nə keçdi atırlar
çantalarının içinə, sonra da tapmaq üçün iki saat qurdalanırlar. Kişilərə səliqəsiz deməyə üzləri də var hələ.
- Yaxşı, vaxtınızı almayım. Sabah görüşəcəyik onsuzda. Saat üçdə burda olacam.
Şeyla gedəndən sonra, otaqda ağzının qoxusu yox, zərif ətrinin şleyfi qaldı. “Gözəl ətirdir” düşündüm. “Hətta gözəl
qadındır. Amma murdar rejimi təmsil edir. Deməli özü də murdardır.”
Qapının ağzında onu gözləyən son model S-Class-a minərkən, çönüb klinikanın binasına baxdı. Deyəsən pəncərəmi
müəyyən etmək istəyirdi. Jalüzü azca aralamışdım deyə, məni görmürdü. Dodağında təbəssüm, gözləri oynaya-oynaya
mindi maşına. Pəncərələrin birindən ona baxdığıma zərrə qədər şübhə etmirdi. Məni yandıran da bu idi məhz – onu
güddüyümü bilməsi.
Mercedes gözdən itənə qədər maşının dalınca baxdım.
Etiraf edim ki, sabah onu bir daha görmək üçün səbirsizlənirəm.
|