5
Onun mənfur səsi, sanki dərin bir quyunun dibindən gəlmişdi:
- Спящая красавица! Ha-ha-ha.
Başımı qollarımın üstündən qaldırıb, dik atıldım. Qollarım keyimişdi, özümsə iki maşın daş boşaltmış adam kimi hiss
edirdim özümü. Elədir, yanılmamışam – klinikada, öz kabinetimdəyəm. Nə qorxu hissi keçirirəm, nə heyrət. Əlixanın
yanından çıxıb evə getməyim yaxşı yadımdadır. Hətta yolüstü aptekə dəyib, onun yazdığı dərmanları da almışdım.
Onları axşam, yeməkdən sonra qəbul edəcəkdim. Soyuducuda, tavanın içində iki kotlet varıydı. Kotletləri qızdırıb
yeyəndən sonra, divana uzanıb xəbərlərə baxmışdım. Belə çıxır ki, divanda yuxuya getmişəm.
İndi də Asiadentdə, öz kabinetimdəyəm. Qarşımda da Şeyla dayanıb. Onu gördüyüm anda dizlərim titrəmirsə, deməli
Əlixanın məsləhətləri təsirli olub. “Keçmişimə səyahətlərim real deyil. Qorxmamalıyam. Gördüklərim sadəcə yuxudur,
hallüsinasiyadır. Həyəcanlanmaq qəti qadağandır!” öz-özümə dedim.
- Toğrul hardadır? – bunu nə üçün Şeyladan soruşuram?
- İndicə koridorda gördüm, salamlaşdıq. Deyəsən kefi yoxdu. Mənə baxmağından heç xoşum gəlmədi. Nə isə. Saatdan
xəbərin var?
Saata baxdım. Altıya işləyirdi.
- Bəs mən səhərdən sənin zəngini gözləyirəm, ay vicdansız!
- Yadımdan çıxmışdı – mızıldandım.
- Yaxşı, bəs zənglərimə niyə cavab vermirsən?
Telefonu əlimə götürdüm. Şeyladan beş zəng, Sevildən isə bir mesaj gəlmişdi. “Bu da sənin oğluna münasibətin. İclasa
getmək belə çətin işdir? Utanım sənin yerinə. Səndən ata olmaz”. Bu sözlər ürəyimə dağ çəksə də, yaşadıqlarımın
reallıq olmadığını yada salıb, cavab yazmadım.
Başımı qaldıranda, kresloda yerini rahatlayan Şeyla ilə göz-gözə gəldim. Telefonu barmaqlarımın arasında oynada-
oynada, özümdən arxayın tərzdə soruşdum:
- Sənin Gənclikdə villan var? Millionerlər prospektində?
Çiynini dartıb bir az təəccüb, bir az da istehza ilə:
- Vaaar – dedi. – Nə olub ki?
- Biz nə vaxtsa orda olmuşuq?
- Yox. Dəvət eləmişdim, amma sən gəlmədin. Yadında deyil?
Sualını eşitməzlikdən gəlib, soruşdum:
- Bəs səni öldürməyə cəhd etmişəm?
Əvvəl qımışdı:
- Xi-xi – sonra birdən ciddiləşdi, - Nə gic-gic danışırsan?
- Aydındır. Bizim hələ neçə proseduramız qalıb? – telefonu masanın üstünə qoyub soruşdum.
Çantasından siqaret çıxardıb:
- O nə sualdır? – dedi. - Bilmirsən ki, hələ iki iynəm var? – siqareti yandırdı.
153
- Eləmi?! Yaxşı, keç otur iynəni vurum.
- Çəkim qurtarım da.
- Siqaret çəkməyin elə mənim kabinetimə qalıb?
Külqabını onun qabağına qoydum, sonra da durub nəfəsliyi açdım.
- Nə deyinirsən ee!? Nə olub sənə bu gün?
- Heç nə. Nə olmalıdır bəyəm? – elə səmimi təəccüblə soruşdum ki, özüm özümə mat qaldım.
- Nə bilim. Elə bil başqa adam olmusan. Dünən neynədiniz Toğrulla?
- Necə yəni neylədik?
- Dünən suşi yemək təklifimə yox deyib, Toğrulla görüşməyə getdin. Ona görə soruşuram. Deyəsən yaxşı vurmusunuz,
hiss olunur. Mən də deyirəm buna nə olub – siqaretdən dərin qullab alıb nazik xətlə tüstünü ağzının kənarından üflədi.
- Heç nə olmayıb. Yorğunam.
- Gecə harda qalmısan?
İtirəcəyim heç nə yoxdursa, kobud danışa, keçmişin bütün acığını ondan çıxa bilərəm.
- Sənə nə var? Tez elə qurtar siqareti, iynəni vurum.
Kinayə ilə gülümsəyib siqareti söndürdü. Gözlərini süzüb dedi:
- Deyəsən məni acılamaqla məndən ayrılmaq istəyirsən, hə? Amma mən bilirəm ki, bu sözlər ürəkdən gəlmir.
- Sən nə alçaq adamsan – yerimə oturub sakitcə dedim. – Hə də. Kişiyə hədə-qorxu gəlib, onunla yatağa girən qadından
başqa nə gözləmək olar? Sən qəhbədən də pissən. Bunu bilirsən?
Sifəti daşlaşmış, ağzı aralı qalmışdı. Deməli sözlərim hədəfə dəyib. Aha, rəngi də qaçdı. Hətta qorxdum ki, özündən
gedər.
- Sözlərinə fikir ver! Bu nə danışıqdır?
- Yoxsa neynəyərsən?! İşdən atdırarsan məni? Hə? Niyə susursan? Bilirsən nəyə heyfsilənirəm? Gərək sənin başını
doğrudan da əzəydim.
- Murad! Səbrim tükənir ha! Bəsdir!
- Soxum sənin səbrinə də, atana da, anana da. Hamınızın var-yoxunu sikim! Başqa sözün?
Gözlərini qıyıb, titrək səslə, ilan kimi fısıldadı:
- Kimə arxayınsan belə?! Hə?! Kimə?!
- Aha! Deməli sənə boyun əymirəmsə, qabağında diz çökmürəmsə, mütləq kiməsə arxayınam? Ola bilməz ki, elə
özümdən arxayın olum? Səndən sadəcə olaraq qorxmayım? Şeyla xanım, sizdən qorxmamaq olar? İcazə verirsiniz? –
dəli kimi gülməyə başladım.
Başını bulaya-bulaya bir siqaret də yandırdı. Təmkinli görünməyə çalışaraq:
- Çox yox, iki gün əvvəl məni vəhşi kimi qayıran adam, bu gün niyə belə danışsın? – yüngülcə öskürüb, külü çırpdı. –
Sən belə qudurmusan ki, valideynlərimi söyürsən? Bu dəqiqə zəng vursam, ikicə saniyəyə səni məhv edərlər. Bunu ki,
yaxşı bilirsən.
Ayağa sıçrayıb əllərimi masanın üstünə dirədim, üzümü ona yaxınlaşdırdım.
- Zəng vur! Tez ol, qəhbə! Zəng vur!
- Sakit ol! Nə olub ee sənə? Yenə müxalifətçi dostların başını xarab eləyib? Onlara arxayınsansa, bil ki, mən jurnalist zad
hərləmirəm ha! – külü qəzəblə çırpıb, şəstlə üzümə baxdı.
- Bilirəm hərləmirsən. Amma vaxt gələcək hərləyəcəksiniz! Çox az qalıb. Özü də ki, jurnalist dostlarıma niyə
arxalanıram? – barmağımla tavana işarə edib, - Bu millət bir gün sizi ordan devirib ağzınıza pox qoyacaq – dedim. –
Bax, mən bu millətə arxayınam. Gülməlidir, hə? Gül, gül. Görərik axırda kim güləcək.
Şeyla xısın-xısın gülməyini dayandırıb, qollarını döşündə çarpaz birləşdirdi. Dimdik gözlərimə baxıb:
- Bu millət Qənirə Millini devirəcək?! Sən doğrudan buna inanırsan? – soruşdu.
- O qədər diktator devrilib, Qənirə onlardan artıqdır? Başa düşmədim? – dedim və əlavə elədim, - Qənirə heç diktator da
deyil axı. Ona diktator demək, onu Stalinlə, Hitlerlə, Mussolini ilə bir tutmaqdır. Bu isə haqsızlıqdır. Qənirə sovet
dövründən qalma cılız, iyrənc, üfunətli bir çuşkadır. Normal ölkələrdə, onun kimisinin heç üzünə tüpürməzlər. Gucci-dən,
Armani-dən geyinməklə deyil e! Gərək adam olasan. Zövqün olsun. Mədəniyyətin olsun. Nədir? Nə bərəldmisən
gözlərini? İyirmi birinci əsrdə ölkəni bu cür geriçi, feodal üsullarla idarə eləmək, ən azı zövqsüzlükdür.
Hikkəsindən pörtmüş Şeyla, baxışlarını məndən qaçırdıb pəncərədən bayıra baxdı. Alçaq səslə dedi:
154
- Sizə elə hürmək qalacaq. Tarix hələ ki, bizim tərəfimizdədir – siqaretdən axırıncı qullabı alıb, kötüyü hikkə ilə
külqabında əzdi.
- Bahoo! Gör papanın ceyran qızı nə sözlər bilir! – masadan aralanıb kabinetdə var-gəl etməyə başladım. – Tarix sizin
tərəfinizdədir, hə? Sən də, sənin atan da, debil Qənirə də tarix hissini itirmisiniz deyəsən. Amma yaddan çıxarırsınız ki,
hətta tarix hissini itirmiş hakimiyyətlərə qarşı da, tarix çox amansız, qəddar olur. Fransada oxumaqla deyil ey, madmazel
Şeyla. Nə döyürsən gözlərini? Dediklərim çatmır sənə, hə? Bodriyardan bir-iki cümlə əzbərləmisən, Debüssiyə qulaq
asıb şərab içirsən, elə bilirsən ağıllısan? Tək sən yox, siz hamınız gicdıllağsınız. Xəbəriniz yoxdur ki, tarix sizə qarşıdır,
tarixi inkişaf sizi inkar edir. Ola bilsin siz bundan sonra hələ 50 il də hakimiyyətdə qalasınız, amma nəticə indidən
məlumdur. Qənirə deyəndə ki, “Avropa dəyərləri bizə yaddır. Bizim öz dəyərlərimiz var” nəyi nəzərdə tutur, hə?! Öz
siyasi, maliyyə maraqlarını, tayfasının xoşbəxtliyini. Düz demirəm? Bəs sən Şeyla? Sənin heç Avropa dəyərlərindən
xəbərin varmı? Russodan, Monteskyedən, Peyndən, Ceffersondan, ensiklopedistlərin ideallarından, bu ideallar uğrunda
həlak olan insanlardan xəbərin var? Oxumusan? Oxumamısansa neçə illər Avropada nə işlə məşğul olmusan?
Səhərdən axşama qədər vurdurmusan, hə? Azadlıq, ədalət, bərabərlik, həmrəylik kimi Avropanın, dünyanın universal
dəyərlərindən xəbərin yoxdursa, niyə yaşayırsan?
Nəhayət! Nəhayət ki, bu qancığın gözlərinin dolduğunu, dodaqlarının titrədiyini görmək mənə qismət oldu. Deməli ondan,
atasından, Qənirə Millinin repressiya maşınından doğrudan da qorxmadığımı, axır ki, başa düşdü. Əlbəttə qorxmuram,
çünki yuxudayam. Qorxmuram, çünki indi burada qarşımda oturub gəlinciyi əlindən alınmış körpə qızlar kimi gözlərini
döyən bu şıltaq qancıq, sadəcə olaraq mənim hallüsinasiyamdır. Olsun, bundan utanmıram. Mən heç olmasa
yuxularımda etiraz edirəm, hallüsinasiyamın üzünə öz sözümü deyirəm. Bunu bacarmayanlar da var.
- Bilirəm, Sənan doldurub sənin beynini. Seçkilər yaxınlaşır, yenə xəyallara qapılmısınız. Elə bilirsiniz nəyəsə nail
olacaqsınız – başını endirib alçaq səslə dedi, - Bayaqdan məni təhqir edirsən. Nə tez çıxıb yadından, hə? İki gün əvvəl
tamam başqa adam idin axı.
- Başqa adam zad deyildim! Nəinki iki gün əvvəl, ağlım kəsəni sizin rejimə, sənin kimilərə nifrət etmişəm. Özü də
inanırsan inan, inanmırsan cəhənnəmə ki, inan – iki gün əvvəl səninlə sevişməyim heç yadımda deyil. Bildin?!
- Özünü dəliliyə vurma! Bir həftədən çoxdur hər gün demək olar ki, görüşüb sevişirik – qəzəblə qışqırdı. – Buna sözün
nədir? Axı sənin nəyin çatışmır, hə? İşin var, pis qazanmırsan. Razılıq versən, naz eləməsən sənə öz klinikanı açmağa
kömək eləyərəm. Bircə dəfə mənə “hə” desən bəsdir. Amma sən neynirsən? Qürurlu adam rolunu oynayırsan. Bəsdir
ucuz qəhrəmanlıqlar elədin. Baş qoşma o uğursuzlara, axmaqlara. Görmürsən ki, ac-yalavac adamlardır, əllərindən bir
şey gəlmir? Gəlsəydi, çoxdan hakimiyyətdə olardılar.
- Olacaqlar, az qalıb.
- Nə danışırsan?! Doğrudan?! Ha ha ha. Tutaq ki, sən deyəndir. Bu gün ki, güc bizdədir, hakimiyyət bizdədir. Buna nə
deyirsən?
- Mən öz sözümü dedim. Sənə də qulaq asmaq istəmirəm. Keç iynəni vurum, rədd ol get. Başımı ağrıtma!
- Yox! Heç yana gedən deyiləm. Sənə bu gün nəsə olub. Dünən belə deyildin. Yenə başlamısan boş-boş xəyallar
qurmağa – ayağa qalxıb pəncərənin yanına, mənə yaxınlaşdı. - Heç kəs sənin qəhrəmanlığına görə sənə çox sağ ol
deyən deyil. Deyirsən ki, bu millətə arxalanıram. Hansı millətə? Bu qaragüruha?! - əli ilə küçəni göstərdi. – Qənirə hələ
yaxşıdır - bu əclaflar bundan da pisinə layiqdirlər. Hansı müxalifətdən danışırsan? Kimdir müxalifət? Görməmiş çuşkalar!
Əllərində imkan olsa, Qənirədən də betər soyarlar ölkəni. Elə bilirsən bunlar iqtidara gəlsə hər şey düzələcək? Bundan
da pis olacaq! Yüz dəfə indikindən pis olacaq!
Acıqla güldüm:
- Yəni deyirsən sizdən daha pis olmaq mümkündür?
- Əlbəttə mümkündür.
- Xahiş edirəm danışma! Danışdıqca daha da poxa batırsan. Gör nə gündəsən! İyirmi birinci əsrdə ərəb dəyərləri ilə
yaşayırsan. Fransada oxumusan, amma beynin orta əsr feodalının beynidir. Sənin üçün qanun şah deyil, şah qanundur,
hə? Utanmırsan? Bu qədər cılız olmağa utanmırsan? Azərbaycan kimi zəngin dövləti Qənirənin şəxsi xammal
koloniyasına çevirmisiniz, hələ də danışmağa diliniz var?
Bormaşına söykənib, düz qarşımda dayanmışdı. Hiss edirəm ki, mənə toxunmaq istəyir, amma kobud reaksiyamdan
ehtiyatlandığı üçün cəsarət etmir.
- Səninlə mübahisə etmək istəmirəm, dəfələrlə bu barədə danışmışıq – dedi. - Azərbaycanlılar hansı münasibətə
layiqdirlərsə, o münasibəti də görürlər. Hələ rejim onlara az edir. Məndən olsaydı doqquz milyonun yeddi milyonunu qaz
kameralarında boğardım. Bunlara demokratiya, liberalizm yaraşır? Sən nə danışırsan e? Elə bilirsən Niyazi Salayev öz
şəxsi mənafeyini güdmür?
- Sənə dedim ki, sus! İyrənirəm, başa düşmürsən? – üzümü turşudub üstünə çəmkirdim.
- Bayaqdan məni təhqir edirsən, mən də çalışıram fikir verməyim, eşitməyim. Sənə pislik eləmək istəsəm, bilirsən ki,
mənim üçün bir dəqiqəlik işdir. Amma eləmirəm. Bilirsən niyə?
Cavab vermədiyimi görüb, “niyə”sini özü dedi:
- Çünki səni çox istəyirəm.
- Xalqından bu qədər iyrənən adamın kimisə çox istəməsi qəribədir. Bu da təzə çıxıb deyəsən. Sən hara, sevgi hara?
155
- Malı mala qatma. Özünü bu xalqa niyə tay tutursan?
- Niyə də tutmayım? – tərs-tərs baxıb soruşdum. – Bu xalqdan nəyim artıqdır?
- Çünki, bunlar üçün müqəddəs heç nə yoxdur, başa düş! Deyəcəksən ki, bu xalqı Milli hakimiyyəti bu günə qoyub? Elə
şey yoxdur. Bu xalq tapdalandıqca, əzildikcə şükür eləyir, “Allah ömrümüzdən kəssin, Qənirənin ömrünə calasın” deyir.
Öz qorxaqlığını pərdələməkdən ötrü, qorxaqlığına fəlsəfi əsaslar fikirləşib tapır. Sən bu xalqdan hələ nəsə umursan?
Sənin kimi savadlı gəncin, peşəkar həkimin bunların arasında nə işi var? Hədər olub gedirsən axı!
- Bəs nə üçün bu sözləri, xalq haqqındakı fikirlərinizi efirdən açıq-açıq demirsiniz? Özünüz bu dəyərlərə bir osturaq
qədər qiymət vermədiyiniz halda muğamdan, milli-mənəvi irsdən, mentalitetdən ağız dolusu danışırsınız. Götünüz
çatırsa, səmimi olun da.
- Daha nə qədər səmimi olaq?
Bu qız öz həyasızlığı ilə hər dəfə məni heyrətləndirməyi bacarır.
- Yəni siz çox səmimisiniz?
- Qənirə özü dəfələrlə deməyib ki, Azərbaycan xalqının mentaliteti, dövləti idarə etmədə bizə çox kömək eləyir? Bunlar
debildirsə, başa düşmürlərsə biz neynəyək?
- Neynəyək? Yaxşı sualdır. Amma nəsə eləmək üçün artıq çox gecdir. Rədd olub getməkdən başqa yolunuz qalmayıb –
özümdən arxayın halda, sözlərin üstünə basa-basa dedim.
- Bunu yaddan çıxar, heç kəs öz xoşuyla hakimiyyəti qoyub gedən deyil. Siz gərək bu rejimlə yaşamağa öyrəşəsiniz.
- Bəs öyrəşmək istməyənlər neynəsin? – istehza ilə soruşdum.
Çiyinlərini dartıb:
- Nə bilim – dedi. - Ölkədən çıxıb getsinlər.
- Anlamadım! Siz bizi öz vətənimizdən qovursunuz? Həyasızlığın da bir həddi olmalıdır ya yox?
- İstəmirsinizsə qalın. Boş, mənasız mübarizənizi aparın. Dostların onsuzda səhərdən-axşamacan qəzetlərdə yazmırmı?
Nə xeyri var? Kim oxuyur onların yazdıqlarını?
- Heç kim oxumasa da, Qənirə özü yaxşı oxuyur. Elə olmasaydı bu ölkədə jurnalistlər qətlə yetirilməz, həbsə atılmazdı.
O yazıları heç kim oxumursa, azad mətbuata niyə təzyiq edirsiniz?
- Heç kəs təzyiq eləmir. Tənqid eləmək istəyirlər buyursunlar tənqid eləsinlər, onlara kim bir söz deyir? Amma Sənan
kimi dostların hər gün prezidenti, hökuməti təhqir edəndə, əlbəttə bir gün onlara da payını verən tapılacaq.
- Hə, bildim, sizə “konstruktiv” tənqid lazımdır. Düzdür? Konstruktiv tənqid! - əlimi yuxarı qaldırıb, artistik əda ilə dedim. –
Tənqidin nə vaxt mənası olur? Nəyinsə düzələcəyinə ümidin olanda. Bu iqtidarı islah etmək mümkün deyilsə, hansı
tənqiddən söhbət gedə bilər?
- Deməli təhqir etmək lazımdır?
- Xeyr. Sizi nə tənqid, nə də təhqir etmək lazım deyil. Heç kəs də etmir. Biz sizi inkar edirik! Başa düşürsən? İNKAR!
Sizdən nəsə gözləmirik, sizdən heç nə ummuruq, islahatlara gedəcəyinizə, düzələcəyinizə inanmırıq. Ona görə də
tənqidin mənası yoxdur.
- İnkar – kinayə ilə gülümsəyib təkrarladı. – Guya inkarla nəsə düzəlir? İt hürər, karvan keçər. İnkar etsəniz də,
etməsəniz də Qənirə Milli prezidentdir.
- Düz deyirsən. Dostəliyeva Qənirə yox, məhz Qənirə MİLLİ prezidentir. Ona görə də milli, mənəvi və dini olan hər şey
inkar edilmədən, bu yalançı dəyərlərlə söykənən Qənirəni, onun iyrənc iqtidarını rədd eləmək mümkün olmayacaq. Ona
görə də biz inkara bu xalqın dəyər bildiyi şeyləri inkar etməklə başlamışıq. O dəyərlər ki, sizə güc verir, sizi oğraşlıqlara
ruhlandırır.
Güldü:
- Bu dəyərləri inkar edib əvəzində nə təklif edirsiniz? Avropa dəyərlərini?
- Niyə də yox? Sərf eləmir?
- Bu qaragüruha, qaraçılara Avropa dəyərlərini təklif edəcəksiniz? Sən bir küçəyə çıx bax gör azərbaycanlılar nəyə
oxşayır! Onların sifətindəki debil ifadəyə bax! Sən bir bunların qızıl dişlərinə, qarınlarına, bığlarına, qoyundan da
mənasız, ifadəsiz gözlərinə bax. Bunlar hər baxımdan - antropolojik, genetik olaraq - idbar millətdir. Qapqara, eybəcər,
murdar! Bu neandertallara Avropa dəyərlərini başa salacaqsınız? Necə?! Bu xalqın neçə faizi sifətdən normal, mədəni
insana oxşayır? Neçə faizi adam arasına çıxarılasıdır? Fransada mən bunlardan qaçırdım ki, fransızlar yanımda görüb
eyni millətdən olduğumuzu bilməsinlə. Nə ağızlarının danışığını bilirlər, nə geyinməyi bacarırlar, nə sevişməyi bacarırlar,
nə tualetdən istifadə etməyi bacarırlar. Bunların toylarına, yaslarına, bayramlarına bax! Bu ibtidai qəbilə Avropa
dəyərlərini başa düşəndir? Mağara adamına sivilizasiya öyrədəcəksiniz?
Hiss edirəm ki, gözlərim hədəqəsindən çıxmağa hazırdır, özüm də hiddətdən qızarmışam. Bircə bunu deyə bildim:
- Sənin içində nə boyda nifrət varmış!
156
- Nədir? Yalan deyirəm? Problem Qənirədə deyil, bu xalq özü Avropanı istəmir! Bu xalqa belə yaşamaq xoşdur! Siz isə
zorla bu şarikovlara, it olmadıqları, insan olduqları fikrini yeritmək istəyirsiniz. Alınmayacaq. Vallah alınmayacaq.
Dostlarının milli-mənəvi dəyərlərə hücumlarına kim cavab verir, kim sizi lənətləyir? Elə bu vəhşilər deyilmi orda-burda
sizə cavab yazan, hücum edən, vətən xaini adlandıran? Bu xalq sizi inkar edir, siz isə bizi inkar etmək istəyirsiniz. Niyə?
Bu sözləri hansı niyyətlə dediyini çox yaxşı bilsəm də, dediklərində həqiqət payının olduğunu etiraf etməliyəm. Ona necə
deyim ki, bu milləti mən də yaxşı tanıyıram? Elə tanıdığım üçün də şüarım “xalq üçün xalqsız”dır. Şeyla bir çox şeyi düz
deyir, sadəcə olaraq haqqında danışdığı iyrənclikləri doğuran səbəblər barədə düşünmək istəmir. Ya da düşünmək ona
sərf etmir. Vəziyyətin dəyişməsində, mentallığın təftişində maraqlı olmayan rejim, Şeylanın dili ilə hər kəsə məlum olan
faktları - səbəb-nəticə əlaqəsinə toxunmadan - konstatasiya edir. Məni də həmişə bu sual düşündürüb – görəsən
Azərbaycan xalqından daha ikiüzlü, riyakar, qorxaq, yaltaq xalq varmı dünyada?
Şeyla üzümə baxır, məndən cavab gözləyir. Xeyr! Onu sevindirəcək, ürəyinə yağ kimi yayılacaq sözləri eşitməyəcək
məndən. Dediklərində razılaşdığım məqamların olduğunu əsla bilməyəcək.
- Olsun – inadla dedim. – Milli cütlüyü öz avtoritar rejimlərini xalqa zorla qəbul etdirə biliblər ya yox? Deməli bizə nə
lazımdır? Avropa dəyərlərini də bax beləcə zorla qəbul etdirməyə siyasi iradəsi olan hakimiyyət. Razıyam xalq bilmir,
görmür, başa düşmür. Kölədir, yaltaqdır, mütidir. Bu da sizin hakimiyyətinizin zibilləridir. Ona görə də bunların həqiqətə
qarşı bağlanmış gözlərini açacaq bir lider lazımdır.
- Sən qəbul etmək istəmirsən ki, bu qaraçı, eybəcər, mədəniyyətsiz azərbaycanlılara Avropa lazım deyil. Bu dəyərləri
zorla qəbul elətdirmək mümkün olmayacaq. Müqavimət göstərəcəklər. Mümkün olsaydı bizim hakimiyyət bunu edərdi.
Nədir? Niyə gülürsən? İnanmırsan ki, edərdi?
- İnanmalıyam?
- Sənə yüz faiz deyirəm ki, Qənirə Milli özü avropapərəstdir. Geyimindən, özünü aparmağından, maneralarından hiss
olunmur bəyəm? O da utanır. Azərbaycanlılar kimi ibtidai xalqa başçılıq etdiyi üçün utanır. Düz deyirsən, iyrənir bu
xalqdan.
- Səmimi sözlərinə görə çox sağ ol – dedim və keçib kresloma oturdum.
Şeylaya daha sözüm yoxdur. Mən elə bilirdim bu həyatda hər şeyə hazıram, məni təəccübləndirmək mümkün deyil. Sən
demə rejim bu xalqa mən düşündüyümdən də artıq nifrət edirmiş.
- Dəyməz – dedi. - Yaxşı olardı ki, sən də bu boş xəyallardan əl çəkib, bizim yanımızda olasan. Sənin yerin bura deyil,
yüksək cəmiyyətdir.
- Yəni elita?
- Niyə də yox? İroniyanı başa düşə bilmirəm. Elita sözündə pis nə var ki? Bəli, biz elitayıq. Bəli, biz bunlardan fərqliyik -
geyimimizlə, etiketimizlə, həyat tərzimizlə. Biz bunlara oxşamırıq, biz bunlardan çox ucada dayanmışıq. Sənin də yerin
bizim yanımızdır, bu qaragüruhun yox. Avropa dəyərlərini isə yaddan çıxar. Sən bu dəyərləri öz həyatında, yaxınlarının
arasında yaşa. Onları xalqa sırımağa çalışma, xeyri yoxdur. Azərbaycanlılar o dəyərlərə heç layiq də deyillər.
Şeylanın səsi, yenə quyunun dibindən eşidilməyə başlamışdı.
6
Sevil nə üçün əlimi belə möhkəm sıxıb? Lap sümüyüm ağrıyır. Deyəsən gözlərimi açdığımı, ona baxdığımı da görmür.
Fikri haralardasa uzaqlarda dolaşır, gözləri yol çəkir. Üz-gözümü büzüşdürüb:
- Nə olub? – soruşdum.
Səksənib yaşlı gözlərini üzümə çevirdi. Elə bil yüz ildir onu görməmişəm deyə, çox darıxmışam. Ona yenidən qovuşmaq,
onunla bir yerdə olmaq necə də gözəldir. Sevil, mən və Özgür. Özgür demişkən, o hardadır görəsən? Yatıb? Bura da...
bura da evimizə oxşamır. Sevil də ağlayır. Hardayam mən? Bir daha soruşdum:
- Nə olub Sevil? Haradır bura?
Həvəssiz, yorğun tərzdə nəsə mızıldandı. Heç nə başa düşmədim. Elə bu məqamda qapı açıldı. Özündən əmin, rahat
addımlarla otağa daxil olan bəstəboy, çənəsi saqallı kişinin əynindəki ağ xələtdən, həkim olduğunu anladım.
- Vəziyyət necədir Sevil xanım?
- Özünə gəlib doktor. Bu dəqiqə ayıldı.
Yenə xəstəxana? Görəsən bu dəfə nə olub?
Ağ xələtli kişi yanıma yaxınlaşıb, çarpayının kənarına oturdu.
- Salam Murad. Adım Salmandır. Sizin həkiminizəm.
- Sa... salam. Yenə nəsə olub?
Doktor əlindən gəldiyi qədər nəzakətlə:
- Elə də qorxulu bir şey yoxdur, narahat olmayın – dedi.
157
Xeyr, bu, eşitmək istədiyim cavab olmadı.
- Necə narahat olmayım? Sevil, nə olub mənə? Heç olmasa sən danış.
Amma Sevil danışmaq istəmir, susur. Həyəcanlandığımı görən Salman isə, bu dəfə daha səxavətli oldu.
- Siz, Zigmund Freud adına 3 saylı ruhi dispanserdəsiniz. Bura necə düşdüyünüz yadınızdadır?
- X... xeyr. Yadımda deyil. Nə olub ki, mənə? Ruhi xəstəxanada nə işim var? Əlixan hanı?
Salman sual oxunan gözlərini Sevilə çevirdi. O da çiyinlərini dartıb titrək səslə:
- Əlixan psixiatrdır – dedi. - Dünən Murad onun qəbulunda olmuşdu.
- Eləmi? – doktor sayğı ifadə edən gözlərlə mənə baxdı. – Psixiatra getməyə özünüz qərar verdiniz?
Sevilə baxdım. Bilmədim bu suala o cavab verəcək, yoxsa özüm danışım? Görəndə ki, onda danışmağa hal qalmayıb,
mən cavab verdim.
- Hə, özüm getdim. Daha doğrusu yoldaşımın təkidi ilə.
- Buna nə səbəb oldu?
- Bir neçə gün qəribə yuxular görürdüm. Narahat olmağa başlamışdım.
Çənəsindəki cod saqqalı qurdalayaraq diqqətlə məni dinləyən Salman:
- Necə yuxular? – maraqlandı.
- Çox real yuxular. Elə bil yuxu deyildi. Keçmişimə qayıdırdım. Keçmiş həyatımda yaşamağa başlayırdım. Sonra təzədən
reallıqda, bu gündə oyanırdım.
- Aydındır. Əlixan bəy nə diaqnoz qoydu?
- Narkolepsiya. Dedi ki, yuxu sistemim pozulub. Dərmanlar yazdı, mən də onları aldım.
Bu sözlərimdən sonra, doktor nə üçünsə üzünü Sevilə çevirdi. Sanki ondan təsdiq gözləyirdi. Sevil isə gözucu mənə
baxır, elə bil iyirmi illik fasilədən sonra birinci dəfə gördüyü adamın nə qədər dəyişib dəyişmədiyini müəyyən etməyə
çalışırdı. Palatada sükut yarandığını görüb soruşdum:
- Yaxşı, mənə nə olub axı? Mən bilən xəstəliyim o qədər də ağır deyildi.
Sevil burnunu çəkib, gözlərinin yaşını sildi. Təmkinlə, xırıltılı səslə dedi:
- Bu gün Özgürün məktəbinə gedib dava salmısan, söyüş söymüsən.
Çarpayıya dirsəklənib başımı yastıqdan qaldırdım. Eşitdiklərim ağlasığmaz idi.
- Mən?! Məktəbə getmişəm? Necə? Ola bilməz.
Sevil təəssüf ifadə edən baxışlarını üzümdə gəzişdirib başını yırğaladı:
- Getmisən. Direktorun kabinetində qışqırmısan ki, Qənirə qancıqdır, nə bilim fahişədir, oğlum sizin qulunuz olmayacaq,
tüpürüm sizin rejiminizə, prezidentinizə. – Sevil susub çiyinlərini dartdı. - Amma indi Qənirə adlı prezident yoxdur, başa
düşürsən? Direktor məcbur olub polis, təcili yardım çağırıb məktəbə. Onlar da səni birbaşa bura gətiriblər. Mənə də
Özgürün müəlliməsi zəng edib xəbər verdi.
Bayaqdan diqqətlə Sevilə qulaq asan Salman:
- Murad bəy, deyirsiniz ki, belə şey olmayıb? Bəs siz bu günkü günü hara qədər xatırlayırsınız? Hansı hadisədən sonra
yaddaşınız qırılıb?
- Yadımdadır ki, dünən həkimin yanından çıxıb dərmanları aldım, evə gəldim. Evdə yuxuya getdiyim, təzədən keçmiş
həyatıma qayıtdığım da yadımdadır. Yuxuda işlədiyim klinikanı görmüşdüm – üzümü Sevilə çevirib dedim. – Yadındadır
da? Dünən axşam sənə danışmışdım. Sonra yuxudan oyandım. Bir az sonra da Sevil uşaqla bir yerdə evə gəldilər. Gecə
yatanda yuxu görməmişəm, dəqiq yadımdadır. Səhər Sevil oğlumla birlikdə evdən çıxdılar. Onları yola salıb kofe içdim,
televizora baxdım. Bir-iki saat sonra da şəhərə, gəzməyə çıxdım.
Birdən susdum. Alt dodağımı dişləyib hərarətlə düşünməyə başladım, sonrasını yada salmağa çalışdım. Keçirdiyim
həyəcan Salmanın diqqətindən yayınmadı. Susqunluğumu fürsət bilib soruşdu:
- Sonrasını xatırlamırsınız?
Gizlətməyin, yalan danışmağın mənası yoxdur. Etiraf etməliyəm ki, xatırlamıram.
- Xeyr, sonrası yadımda deyil.
- Sonrası elə Sevil xanımın danışdığı kimidir. Saat on bir radələrində getmisiniz oğlunuzun oxuduğu məktəbə, orada
dava salmısınız. Direktoru hədələmisiniz, Qənirə Millinin ünvanına təhqirlər demisiniz. Bilirsinizmi, əgər keçmiş quruluş
olsaydı siz indi burada yox, polis idarəsində, hardasa zirzəmidə olardınız. Amma Qənirə Milli çoxdan devrildiyinə görə,
sizi bura gətiriblər. Hər halda onları da başa düşmək çətin deyil.
Xəcalətimdən üzümü əllərimlə örtüb, pərişan halda dilləndim:
158
- Siz nə danışırsınız?! Mən belə bir hərəkətə yol vermişəm?! Hallüsinasiyalar gördüyümü bilirdim, bunun üçün müalicə
olunmağa da başlamışdım. Amma real həyatda...
- Gördüyünüz kimi etmisiniz – Salmanın sakit, qətiyyətli səsi eşidildi. - İndiki zamanda ola-ola, elə bilmisiniz ki, keçmiş
davam edir. Xahiş edirəm bu hərəkətinizi, sizə qoyulan narkolepsiya diaqnozu ilə əlaqələndirməyin. Sizin məktəbə
getməyiniz hallüsinasiya deyil. Bu hərəkətə ayıq başla yol vermisiniz.
- Başa düşürəm – çarəsizliklə dedim. – Bəs indi nə olacaq? Burda qalmalı olacam?
- Təəssüf ki, bir müddət qalmalısınız. Üzr istəyirəm, amma bu psixoloji vəziyyətdə cəmiyyət üçün təhlükə mənbəyisiniz.
Ona görə də, vəziyyətiniz aydınlaşana qədər, sizi burada saxlamağa məcburuq. Nə badə fikirləşəsiniz ki, sizi ruhi xəstə
kimi qəbul edirik. Qətiyyən! Eşitdiyimə görə uzun müddət komada qalmısınız. Postkomatoz dövrdə bir sıra problemlər
yarana bilər, onları da nəzərə alırıq. Siz özünüz də həkimsiniz. Yəqin ki, məni başa düşürsünüz.
Doktorla söhbətimə səssizcə qulaq asan Sevilin göz yaşları artıq quruyub. O, həkimin üzünə diqqət və ümidlə baxır,
arada da başını əyərək onun sözlərini təsdiqləyir. Sevillə tək qalmağa, söhbət eləməyə şiddətli ehtiyacım var. Salman,
sanki fikrimdən keçənləri duyub ayağa qalxdı.
- Nə isə. Xanımınızla rahat söhbət edin. Hə, onu da deyim ki, bura həbsxana deyil, sadəcə xəstəxanadır. İstədiyiniz vaxt
qalxıb dəhlizə, həyətə çıxa bilərsiniz. Amma xəstəxana ərazisini tərk etmək qadağandır. Belə bir cəhd olsa, sizə qarşı
ölçü götürməli olacağıq. Bağışlayın, amma bunları deməyə məcburam.
- Problem deyil – dedim. – Başa düşürəm.
Salman ikimizə də gülümsəyib palatadan çıxandan sonra, Sevilin əlini tutdum:
- Danış görüm nə olub!
- Nə danışım? Dünəndən bu günə qədər hər şey yadındadır. Bircə bu səhər məktəbə gedib qırğın salmağından başqa.
- Səhər özümü necə aparırdım? Nəsə şübhəli bir hərəkətim olmuşdu?
- Yox, həmişə necə, bu gün də elə. Hətta Özgürlə zarafatlaşmağa da vaxt tapmışdın.
- Özgür neynəyir bəs? Xəbəri var?
Sevil yenə doluxsundu. Gözlərini tavana qaldırdı. Əsəbiləşdim.
- Xahiş edirəm, yenə ağlama da! Sənin də bu xasiyyətin olmaya!
- Əlbəttə xəbəri var – udqunaraq dedi. – Məktəbdə hamı səndən danışır. Uşaqlar da ona deyirlər ki, atan dəlidir, başı
xarabdır. Anam gedib götürüb onu məktəbdən. Bayaq zəng eləmişdi. Deyir uşaq dayanmadan ağlayır.
Başımı yastığa atıb, gözlərimi yumdum. Mənim kimi ata olmaz olsun. Oğluma, yoldaşıma bu günə qədər dərddən başqa
heç nə verməmişəm. Heç nə! Gör nə günə qalmışam ki, artıq öz hərəkətlərimə də cavabdeh deyiləm. Sevil isə hələ də
yanımdadır, hələ də mənimlədir. Utanıram.
İlk dəfədir ki, ürək ağrısı ilə müşayiət olunan xəcalət hissi keçirirəm.
159
Dəlixana qeydləri - 3
(Seks)
Axırıncı dəfə yanıma gələndə, Sevil yazdıqlarımla maraqlandı. Yarım saat əvvəl sakitləşdirici iynə vurmuşdular deyə,
özümü sakit aparırdım; dava eləmək, söyüş söymək həvəsim yox idi. Odur ki, qeydlərimi oxumasına icazə verdim.
Oxuyub qurtarandan sonra “əladır!” dedi. Hətta bir az da ağladı. Bilmirəm doğrudan xoşuna gəlmişdi, yoxsa mənə ürək-
dirək vermək üçün yalandan demişdi. Nə Sevilin, nə də başqasının tərifinə ehtiyacım yoxdur. Laqeyd qaldığımı görüb,
gündəliklərimi çap edəcəyini dedi. Güldüm. Kimə lazımdır mənim gündəliklərim? Bunları tanımıram bəyəm? Üç-beş
gicdıllağ oxuyub ağız büzəcək, yazdıqlarıma banal deyəcək. Guya “ağır” yazsam qiymətləndirəcəklər. Guya öz
intellektimi, zəkamı, potensialımı sonuna qədər nümayiş etdirsəm; transendental gerçəklikdən, metafizikadan yazsam
başa düşəcək, hələ bir çox sağ ol da deyəcəklər.
Nə isə. Mən qatiləm! Özümə bəraət qazandırmaq fikrim yoxdur. Bircə onu deyə bilərəm ki, qatil olandan sonra, adam
öldürməyin bir o qədər də pis iş olmadığını başa düşmüşəm. Baxır öldürülən adamın kimliyinə. Elə adamlar var ki, insan
cəmiyyətində yaşamağa layiq deyillər. Yox, mənə əxlaqdan danışmayın! “Öldürmək hüququ heç kəsə verilməyib”miş.
Bunu siz deyirsiniz. Böyük dövlətlər müharibələr başladıb, bir bombayla minlərlə adamı öldürəndə yaxşıdır, mən bir
mənasız adamı o dünyalıq eləyəndə pis? Cinayətimi əsaslandırmasaydım, öldürməzdim. Əsaslandıranda da başa
düşmürlər, beyinləri səbəblərimi dərk edəcək həcmdə deyil. Nə üçün öldürdüyümü soruşdular, mən də cinayətimin fəlsəfi
motivlərini sadalamağa başladım. Hakim-prokuror-müstəntiq, nə bilim elə mənim keçmiş arvadım da dəli olduğuma
qənaət gətirib, məni bura saldılar.
Əvvəl zorla boynuma qoydular ki, yaddaşımı itirmişəm. Siz bir əclaflığa baxın! Adama deyəsən ki, başın işləmir,
yaddaşın itib. Belə şey olar? Mən adam kimi yaşayırdım, heç kəslə işim yox idi. İşləyirdim, pul qazanırdım. Boşandığım
arvadım, oğlum, dostlarım, sevgilim varıydı. Dostlarımla birlikdə rejimə qarşı mübarizə aparırdıq (indinin özündə də xalqa
divan tutan şərəfsiz Milli rejiminə qarşı). Məni yandıran odur ki, bu işdə arvadım da, dostlarım da, sevgilim Rəna da
rejimlə əlbir olub, mənə qarşı hazırlanmış təxribatda iştirak ediblər.
İndi Sevildən başqa yanıma heç kim gəlib-getmir. Gəlməsinlər! Toğrul da, Sənan da, Rəna da gəlməsinlər, unutsunlar
məni. Mənə yaddaşını itirmisən deyənlərin özləri çoxdan yaddaşlarını itiriblər, xəbərləri yoxdur. Bütün xalq itirib
yaddaşını. Ölkədə Şimali Koreyadakı kimi vəhşi bir rejim quran Milli hökuməti kölələşdirib bunları, beyinlərini yuyub.
Guya mübarizə aparırlar. Olmaz olsun belə mübarizə! Əsl mübarizə aparanları bax belə dəlixanalara salırlar. Qarşıma
rejimin əsgərlərindən biri çıxmışdı. Adı Şeyla. Bu qancıq, çox oğraş bir adamın qızıydı. Belələrini yaşatmaq olmaz. Mən
də təmizliyə ondan başladım. İndi də növbəti yalanlarını işə saldılar. Guya Şeyla rejimin adamı deyilmiş, müxalifətə
işləyirmiş. Binamuslar! Siz kimə gəlirsiniz? Mən sizin dabbaqxanada gönünüzə bələdəm. Adama yaddaşını itirmisən
demək, bütün keçmişini silmək, yalandan ona demək ki, ölkədə inqilab olub insafdandırmı?
Amneziya. Bunların mənə qoyduqları diaqnoza bir bax! Guya ağıllıdırlar, özlərini dahi sayırlar, elə bilirlər bütün sualların
cavabını tapıblar. Yapışıblar qismətdən, buraxmırlar. Mətanət, dözümlülük, bu günlə yaşamaq. Tfu! Əmindirlər ki,
keçmişə və gələcəyə nə qədər ekskurs etsələr də, alın yazısını dəyişdirə bilməzlər, ona görə də əsas məsələ “bu gün”də
yaşamaqdır. Mənə yaddaşsız deyənlərin özləridir yaddaşsız. Bunlar hamısı amneziyanın ağır növünə tutulublar. Bunların
amneziyası, oğraşlıq mərasiminə döndərdikləri həyatlarına qarşı qoruyucu qalxandır. Hamısı “bu gün”ə aludə olublar.
Zəlil xalqım, amorf bir atmosferdə cari həyatdakı hadisələrin itib-batdığı irreal, sürreal keçmişdə ilişib qalıb. Bizim
yaramaz əcdadlarımız da uzaq keçmişdə seçim qarşısında qalmışdılar: ya “tarixin vahiməsi” ərazisində yaşamaq, ya da
tarixi yaddaşı itirib amneziyalı bu günü qəbul etmək. Əclaf əcdadlar ikincini seçiblər. Tarixin vahiməsi onlar üçün daha
qorxunc olub. Halbuki keçmiş iz buraxmadan itib-getmir, bizim yaşadığımız bu gün, onun davamıdır, məhsuludur.
Sadəcə olaraq keçmiş şüuraltı qata girib, orda gizlənib. Özünü müəyyən etnik qrupun, ənənənin, tarixin davamçısı hiss
etmək o deməkdir ki, bizim hər birimizdə “mentallıq nəbzi” vurur. O, bizim üçün sirli, müəmmalı olsa da, bizim içimizdədir.
Sosial hafizənin fəaliyyəti mütləq sosial amneziya ilə, hafizəsizliklə müşayiət olunur. Tibb elmi güclü ruhi sarsıntı, ya da
ağır travmalar nəticəsində yaranan fərdi amneziyanın təbiətini tam müəyyən edib. Unutqanlıq, bəzi faktların, hadisələrin
yaddaşdan silinməsi təbii, normal haldır. Ancaq təbiət və cəmiyyət normalarından kənara çıxan unutqanlıq növləri, insanı
həm fizioloji, həm də sosial mənada xəstə edir. Fərdi unutqanlığı cəmiyyətə, bəşəriyyətə şamil etsək, sosial amneziyanın
mənzərəsi ortaya çıxar, necə ki, bizim bu bədbəxt ölkəmizdə çıxıb. Bunlar belə şeyləri hardan bilsinlər? Onlara başa
salan yoxdur ki, sosial amneziya hansı mərhələdə xəstəliyə çevrilir? Bu xəstəliyin cəmiyyət üçün nə qədər təhlükəli
olduğunu bilirlərmi? Sosial amneziya mürəkkəb fenomendir. Tarix sübut edir ki, toplanmış bilikdən, təcrübədən heç kəs
nəticə çıxarmır, bu təcrübə elə antikvar səviyyəsində qalır. Yoxsa mənasızlığı min dəfə, on min dəfə sübuta yetirilən
müharibə fenomenini necə izah etmək olar?
Deyəsən çox uzatdım. İndi on gündür qaranlıq, ürəksıxıcı palatada qalıram. Bura transfer edilməyimə səbəb, uğursuz
qaçış cəhdim oldu. Xəstəxana ərazisini tərk etməyim, rəhbərlik tərəfindən qanunsuz davranış kimi qiymətləndirildi, mənə
qarşı “sərt ölçülər” götürüldü. Həmin günün axşamı, binanın sağ tərəfində, ikinci mərtəbədə, koridorun sonunda qıfıllı
dəmir qapısı olan korpusa köçürüldüm. Çarpayı, tumboçka, əl-üz yuyan kimi interyer elementləri əvvəlki palatadakı ilə
eyni olsa da, təzə palatamın fərqli cəhəti, divarlarının yumşaq olmasıdır. Yəni başını istədiyin qədər divara vur – ölən
deyilsən. Üç metr hündürlüyü olan tavandan isə, melanxolik bir lampoçka sallanıb. Ona baxdıqca canavar kimi ulamaq
istəyirəm. Baxmamaq da olmur, çünki günün əksəriyyətini uzanaraq keçirirəm. İki qələm və qalın bloknotdan savayı heç
nəyim yoxdur. Heç olmasa oxumağa kitablarım olsaydı darıxmazdım.
160
***
Beş dəqiqə əvvəl cavan, qəşəng qız gəldi, iynəmi vurdu. Gülümsədim ona. O isə ciddiliyini saxladı, mənə üz vermədi.
Mən də ona “balaca qancıq” dedim. Təəssüflə üzümə baxdı və getdi.
Utanmadımmı? Utanmaqdan keçib artıq. Ürəyimin qaranlıq tərəflərini tanımaq; ən alçaq, ən iyrənc instinktlərimi
doydurmaq üçün çırpınıram indi. İçimdə insanlığa aid nə varsa darmadağın edən, məni cəhənnəm uçurumlarının
kənarlarında gəzişdirən, qanlı-paslı dişləri ilə işıqlı “MƏN”imi gəmirən, ağlımı kütləşdirən, məni hissiyyatsız heyvana
döndərən, adam kimi yaşamağıma, sevinməyimə, gülməyimə mane olan tənəzzül cinlərini azadlığa buraxmışam. İnsanı
insan edən sevgi, inam, kədər, sevinc, qüssə, ümid kimi hisslərin hamısından yoxsunam.
Hərdən Sevil gəlir yanıma. Tək gəlir, oğlumu gətirmir. Çox güman ki, Rasim icazə vermir. Ya da icazə verir, amma Sevil
istəmir ki, Özgür dəli atasını görsün. Xətrimə dəyirmi? Heç özüm də bilmirəm. Əlbəttə, yanıma gəlib getməyini çox
qiymətləndirirəm. Özüm də kobud davranıram onunla - acılayıram, söyürəm. O da hər dəfə ağlayıb gedir dəlixanadan.
Sevildə də az yoxdur. Mənə qarşı təşkil olunan oyunda baş rol ifaçılarından biri də özüdür. Elə bilirdilər “koma”, “inqilab”,
“dostlarımın ölümü” kimi nağıllarla başımı aldada biləcəklər. Siz öləsiniz! Bunu onlara, xüsusən də Sevilə heç vaxt
bağışlamayacağam. Qatiləmsə, həbsxanaya düşməyə razıyam. Daha dəlixanaya niyə?
Hə, Sevili heç vaxt bağışlamayacağam. Amma onsuz da qala bilmirəm. Bunun adı məhəbbətdir? Yoxsa vərdiş? Biz
kişilər beləyik də. Qadınlar da bax belə. Atom nüvəsinin bölünməsi, planetlərin, yeni həyat formalarının yaranması – bu
mürəkkəb proseslərin hamısı adi məntiqlə izah oluna bilər. Kişi-qadın münasibətləri isə əsla!
Qadın və kişi – iki antoqonistik qütb. Həm bir-birinin əleyhinə olan, həm də bir-birini tamamlayan başlanğıclar. Kişi və
qadın – ağ və qara, boş və dolu, torpaq və səma – onların münasibətləri elə fərqli, elə ziddiyyətlidir ki, bir-birilərinə olan
möhtaclıqları qədər ağlasığmaz hadisə təsəvvür etmək mümkün deyil. Onların ittifaqı bineyi-qədimdən, yer üzündə ilk
insanın yaranmasından bəri, təbiət tərəfindən dəqiq tənzimlənsə də, heç bir məntiqi izaha yatmır, qanunauyğunluğu da
yoxdur. Necə deyərlər qadınlar Veneradan, kişilər isə Marsdan gəlib. Bir-birlərini başa düşmürlər. Daha doğrusu hər
ikisinin məntiqi, tamam fərqli beyin impulsları ilə formalaşır. Qadının beyni var demək nə qədər düzgündür? Axı qadın
Adəmin qabırğasından yaranıb. Qabırğada isə heç nə, hətta ilik də olmur.
İki gün əvvəl yanıma gələndə onu qucaqlayıb öpdüm. Altıma salmaq, həftələrin acığını çıxmaq, vücudumda yığılıb
qalmış, varlığımı sarsıdan enerjidən qurtulmaq istədim. O isə “yox” dedi. Mən də söydüm onu. Rasimi də söydüm. Yenə
yalanlarını satmağa başladı mənə - Rasim adlı adamın artıq həyatında olmadığını, komaya düşdüyümü, inqilabı,
dostlarımın ölümünü... “Hardadılar bəs? Ölməyiblərsə, sağdırlarsa niyə yanına gəlmirlər?” soruşdu. “Rejim çoxdan
dəyişib, Qənirə Milli artıq yoxdur” dedi.
Neçə vaxtdır eşitdiyim köhnə nağıllar.
O danışır, danışdıqca da məni təhrik edirdi. Artıq onu uşağımın anası, keçmiş arvadım olaraq yox, vagina və döşlərdən
ibarət soyuq, qranit heykəl kimi təsəvvür edirdim. Hər şeyi yerindədir, lakin əldə etmək, yaxın durmaq mümkün deyil.
Yəqin qadın üçün dəli ilə yatağa girmək çətindir (elə kişi üçün də). Mən özümü dəli hesab etməsəm də, onlar belə
düşünürlər, ona görə də məni bura salıblar. Doğrudan e! Dəlililərin qadınla yatmaq haqqı yoxdur bəyəm? Niyə ruhi
xəstəxanalarda dəlilər üçün bu şəraiti yaratmırlar? Qadınsız qalmaq çətindir axı.
Eh, lap yeniyetməliyim yadıma düşdü. İlk seks təcrübəm. Yox, daha doğrusu seks haqqında əldə etdiyim ilk informasiya.
Altı yaşım olardı. Atam televizorda hansısa filmə baxırdı. Ekranda erotik bir səhnə gördüm və bu səhnə körpə beynimə
həkk olundu. Gecə yerimə girəndə gördüklərimi təkrarlamağa çalışdım. Uzandım üzüaşağı döşəyin üstünə, başladım
döşəyə kərkinməyə. Özümü xəyali bir qızın üstündə təsəvvür edirdim. Qəribə həzz hissi keçirirdim. Gördüyüm işin
qadağan olunmuş meyvə olduğunu altıncı hissimlə duyurdum.
On iki yaşımda isə, varlığından o ana qədər xəbərsiz olduğum masturbasiyanı kəşf etdim. “Kəfləmə atmaq”, “onanizm”
kimi sözlərdən anlayışım da yox idi. Bir gün hamamda yuyunanda, yeniyetmə beynimdə qəribə bir qığılcım çaxdı,
şəhvətim oyandı. Sinfimizdəki bəzi qızların üzləri, bədənləri canlandı gözümün qabağında. Bütün oğlanlar kimi, mən də
onlara əl atır, heç özüm də nə etdiyimi bilmədən döşlərini, götlərini çimdikləyirdim. Adətən çimdiklənən qızlar cır səslə
qışqırsalar da, oğlanların diqqətini cəlb etdikləri üçün həm də xoşbəxt olurdular. Mən də o il ilk dəfə qızın götünə əl atıb
sıxmışdım. Bu hərəkətim çox xoşuma gəlmişdi. Qız paralel sinifdən idi, indi adı da yadımda deyil. Hər səhər qarderoba
yığışanda, onu küncə qısnayıb əlləyirdim. Bütün oğlanlar belə edirdi - tərli ovuclarımız qızların dalları, qabaqları,
döşlərində gəzişirdi. Bizə qoşulmayan oğlanlara isə “çurban” deyirdik.
Hamamda şüurumda canlanan obraz da elə həmin qızın obrazı olmuşdu. Alətim qranit kimi sərtləşmişdi. Sonra
şəkillərdə, televizorda, videoda gördüyüm lüt bədənlər gəldi gözümün qabağına. Şeyimi sıxıb irəli-geri hərəkət etdirməyə
başladım. Təxminən on beş-iyirmi saniyə sonra qanla dolmuş, hətta gərginlikdən göyərmiş penisimdən ağ, qatı maye
fışqırmışdı. Bu cür emosional partlayışı mən bir daha ömrümdə heç vaxt yaşamadım. Sərt orqazmdan bədənim titrədirdi.
Süstləşib boş vannaya sərilmişdim. Dərindən nəfəs alıb verirdim. O vaxt sperma sözündən də xəbərsiz idim. Əlimə
yapışıb qalmış mayeni burnuma yaxınlaşdırıb iylədim. Ondan dəniz qoxusu gəlirdi.
Qarşı cinslə ilk “ciddi” təmasım on dörd yaşımda baş verdi. Müsəlman, şərq ölkəsinin dəliqanlısı kimi, qısa zamanda
anladım ki, aborigen qızlardan ümidimi büsbütün üzməliyəm – bizim qızlar sadəcə olaraq vermirlər. Odur ki, bütün
oğlanların etdiyi kimi “şikarımı” rus, gürcü, yəhudi qızları arasında seçməyə başladım. Yeri gəlmişkən, artıq
böyümüşdüm deyə dəhlizdə, qarderobda qız əlləmək ənənəsinə də son qoymuşdum. İndi daha ürkək, cəsarətsiz və
utancaq görünürdüm. Qızlar əvvəl dəyişdiyimə inanmır, mənə şübhə ilə yanaşırdılar. Sonra doğrudan da dəyişdiyimə
əmin olub, mənimlə... məzələnməyə başladılar. Sən demə yaraşıqlı, boylu-buxunlu, tərbiyəli oğlan olmaq, özünü qızlara
bəyəndirmək üçün kifayət eləmir - qızlar daha çox lotuluq edən, özlərini məhəllə “ceyili” kimi aparan oğlanlara üstünlük
161
verirlər. Atamdan gördüyüm tərbiyə mənə “lotu olmaq” şansı tanımadığına görə, mənim tipimdə oğlanlardan xoşlanan bir
qızla tanış olmaqdan başqa əlacım qalmırdı. Nəhayət bir gün Nərgizlə tanış oldum.
Nərgizin anası yəhudi, atası azərbaycanlı idi. Köhnə Əhmədli qəsəbəsindən şəhərin mərkəzinə köçən ailə, qızlarını
bizim məktəbə yazdırmışdı. Yağışlı bir gündə müəllimə ilə birlikdə sinfə girən bu utancaq qızı görən kimi, gözüm onu
tutmuşdu. Deyəsən mən də onun xoşuna gəlmişdim, çünki müəllimə “boş yerlərdən birinə otura bilərsən” deyəndə,
Nərgiz gəlib məhz mənim yanımdakı yerə əyləşmişdi.
Artıq iki-üç gün sonra görüşməyə başlamışdıq. Onu evinə qədər yola salır, həyəcandan dilim topuq vura-vura ürkək
sevgi etiraflarımla qızı güldürürdüm. Bir gün cəsarətlənib onu öpdüm. Sonra xəlvətdə döşlərini əllədim. Bir gün də boş
siniflərin birinə girib, bir-birimizə cinsi orqanlarımızı göstərmişdik. Bu hadisədən sonra, Nərgiz bir daha mənə yaxın
durmadı. Bilmirəm ona nə olmuşdu. Ömründə birinci dəfə oğlan aləti görmüşdü deyə şok keçirmişdi, yoxsa mənə məlum
olmayan başqa bir səbəb varıydı? Uzun sözün qısası, o gündən sonra Nərgiz məndən qaçmağa, üzümə baxmamağa
başladı. Yerimdə başqası olsaydı yəqin sarsılar, özünə daha çox qapanardı. Məndə isə əksinə oldu – daha da
cəsarətləndim, özümə inamım artdı. Nərgiz bir neçə gün məndən aralı gəzdikdən sonra, özüm onu beynimdən və
ürəyimdən silib həmişəlik unutdum.
Əsl “kişi” kimi formalaşmağım isə pioner düşərgəsində baş verdi. Diskotekada çalınan sovet estradası və Modern
Talking-in dəbdə olan mahnılarının fonunda Sveta ilə mənim məhəbbət hekayəmiz cücərməyə başlayırdı. Onunla tərli
rəqslərimizi edib, limonadlarımızı içib ağac və kol diblərində öpüşdüyümüz günlərdə Perestroyka tüğyan edir, Sovet
imperiyası isə can verirdi. Sumqayıt şəhərindən olan Svetanı görən kimi gözaltı eləmişdim. Azərbaycanlı qızlar dəstələrlə
kənarda gəzir, azərbaycanlı oğlanların digər millətlərdən olan qızlarla oynaşmasına paxıllıqla, yana-yana tamaşa
edirdilər. Bu qızların arasında gözəlləri də varıydı, istəsəydilər özlərinə oğlan da tapardılar. Amma bəkarətlərini qoruyub
saxlamaqdan savayı bu həyatda heç bir ciddi vəzifəsi, məsuliyyəti olmayan qızlarımıza da elə yanmaq, gecələr ədyal
altında barmaqları ilə klitorlarını oynatmaq qalırdı. Yəqin şüarları da beləydi: “Nəsillərə qalan sərvət – gülləkeçirməz
bəkarət”.
Sveta ilə münasibətlərimiz hələlik öpüşməkdən o yana keçmirdi. Yəni mən də bəkarətimi hələ itirməmişdim. Düzünü
desəm, yatağa girmək mənim üçün son hədəf də deyildi. Seksi nə qədər çox arzulasam da, cinsi əlaqənin xarakterindən,
onun emosional yükündən xəbərsiz olduğuma görə, hövsələsizlik etmirdim. Mənim üçün prosesin özü maraqlıydı - Sveta
ilə bir yerdə olmaqdan, onunla söhbət etməkdən, əllərini tutmaqdan, onu öpməkdən həzz alırdım.
Düşərgə mövsümü bitəndən sonra, şəhərdə görüşməyə başladıq. Bir dəfə Rus dram teatrına tamaşaya, bir dəfə də
Nizami kinoteatrına, Xon Gil Don filminə baxmağa getmişdik. Arada bir Svetanın Cek adlı, nəhəng senbernar itini
dağüstü parkda gəzdirməyə də çıxardırdıq. Fürsət tapdıqca öpüşür, bir-birimizin qulağına kinolardan eşitdiyimiz sevgi
sözlərini pıçıldayırdıq. Sonda gözlədiyim oldu – Sveta məni evlərinə qonaq çağırdı. Sevincimdən nəfəsim kəsilsə də,
“bəs valideynlərin?” sualını verdiyimi, əvəzində isə qeyri-müəyyən, anlaşılmayan mırıldanmayla “evdə təkəm” mənasında
bir cavab eşitdiyimi xatırlayıram.
Montindəki evlərinə gün ortadan sonra gəlmişdik. Senbernar gözlərini üstümüzdən çəkmir, hər addımda bizi güdürdü.
Əvvəl çox narahat olmuş, it bizi görür deyə özümü ifrat korrekt aparmışdım. Sonra isə itin lal şahidliyindən heç bir ziyan
gəlməyəcəyini başa düşüb sakitləşmişdim. Sveta əynini dəyişib, yemək hazırlamaq üçün mətbəxə getmişdi.
Soyuducudan çıxardıb tələm-tələsik qızdırdığı, boşqablara çəkdiyi xörək, o gün ömrümdə ilk dəfə yediyim lobya şorbası
idi. Yeməkdən sonra musiqiyə qulaq asmaq üçün qonaq otağına keçmişdik. Sveta rus estradasından seçmələr kasetini
maqnitofona taxdıqdan sonra, xatirə dəftəri ilə aramın necə olduğunu soruşmuşdu. Qızların tutduğu xatirə dəftərlərindən
zəhləm getsə də, bunu Svetaya deyə bilməzdim. Xətrinə dəyməkdən, planımı axıra çatdırmamaqdan qorxurdum. Ona
görə də dəftəri əvvəldən sona qədər (zülmlə) oxumuş, hətta oradakı gic-gici yazılara, şəkillərə ciddi şərhlər də
vermişdim. Xatirə dəftərinə göstərdiyim “dərin” marağa və verdiyim yüksək qiymətə, Sveta ayaqlarını aralayaraq
təşəkkür etmişdi. Senbernarı otaqdan qovub, o günə qədər qoruduğumuz bəkarətlərimizi bir-birimizə hədiyyə etmişdik.
O gün mən Sveta üçün həm də eksperiment dovşanı idim. Porno filmlərdə gördüyü oral seksi mənim penisimdə
sınaqdan keçirmişdi. Əlbəttə, birinci dəfədən yaxşı alınmamışdı, hətta ögüyüb qanımı da qaraltmışdı. Amma pərt
olmasın deyə bir söz deməmişdim. Hətta utandığını görüb ona təsəlli vermişdim: “Yavaş-yavaş öyrənəcəksən, narahat
olma” (həqiqətən də qısa müddət ərzində gözləntilərimi doğruldub, minyetin ustasına çevrilmişdi).
Münasibətlərimiz günü-gündən möhkəmlənirdi. Görüşmədiyimiz, ən azı zəngləşmədiyimiz gün olmurdu. Bəxtimdən,
Svetagildə heç vaxt adam olmurdu. Bir gün mənə dedi ki, valideynləri boşanıb, atası da indi Voronejdə yaşayır. Bu
qədər. Onlar haqqında çox danışmağı sevmirdi, mən də heç nə soruşmurdum. Amma bir axşam nəhayət ki, anasını görə
bildim. Svetagildə musiqiyə qulaq asdığımız vaxt qapı açıldı, anası içəri girdi. Məni görsə də bir söz demədi. Yataq
otağına keçib ordan nəsə götürdü, qızına bir-iki tapşırıq verib elə gəldiyi kimi tez-tələsik çıxıb getdi. O gedən kimi biz də
senbernarı dəhlizə qovub, divana sərilmişdik.
Sevişəndə vəhşiləşirdi Sveta. Həzzdən kürəyimi cırmaqlayır, qulaqlarımı dişləyirdi. Kürəyimdəki nazik, qırmızı xətləri bir
gün atam da gördü. Heç nə demədi, sadəcə gülümsündü. Əlbəttə, axı mən qız deyildim, özümü hazır hiss edən kimi,
istədiyim qadınla cinsi əlaqəyə girə bilərdim. Odur ki, oğlunun erkən cinsi əlaqə təcrübəsi atam üçün təqdir olunası
hadisə idi. Bəlkə də kişi mənimlə fəxr edirdi.
Bir gün, sinfimizdəki Mirzə adlı oğlan mənə hamiləlik haqqında danışdı. Dedi ki, sekslə məşğul olan qızlar uşaq doğa
bilərlər. Artıq o dövrdə apteklərdə prezervativ satılırdı. Amma mən gedib almağa utanırdım. Həm də bilmirdim, mənim on
162
dörd yaşlı alətimin ölçüsündə prezervativ olur ya yox? Qorxularımı Sveta ilə də bölüşmüşdüm. Gülüb demişdi ki, narahat
olma, hamilə qalan deyiləm, amma sən hər ehtimala qarşı içimə qurtarma.
Təxminən bir il olardı ki, görüşürdük. Mənimlə yaşıd, tanış oğlanlardan heç birinin, məndəki kimi uzunmüddətli seksual
partnyorunun olmadığını yaxşı bilirdim. Ona görə də, hamı mənə paxıllıq edirdi. Svetadan atamın da xəbəri varıydı artıq.
15 yaşlı oğlunun normal, müntəzəm cinsi həyatının olması atamı çox sevindirirdi.
Hər şeyin bir sonu var deyirlər. Tale, belə “son”lardan birini mənim üçün də hazırlayıbmış. Bir gün, Sveta anası ilə
Rostova, qohumlarıgilə getməli oldu. Bu xəbəri eşidəndə elə bildim müvəqqəti ayrılırıq, Sveta mütləq qayıdacaq. Hətta
oradan mənə yazdığı məktublar, tez-tez etdiyi zənglər, sevgi etirafları qayıdacağına dair inamımı daha da artırırdı. Mən
ona çox inanırdım. Dörd gözlə yolunu gözləyir, məktub dalınca məktub yazırdım.
Qayıtdığı gün ömrümün ən xoşbəxt günüydü. Montində, saatlı binanın altında görüşməyi qərarlaşdırdıq. Onu uzaqdan
gördüyümdə, sevincimdən ürəyim tez-tez döyünməyə başlamışdı. Yaxınlaşanda isə, sifətindəki sınıxmış ifadədən başa
düşdüm ki, nəsə ciddi hadisə baş verib. Çox məyus görünürdü, hər an ağlamağa hazır idi.
- Nə olub?
Soruşmaz olaydım. Rostovda bir rus oğlanla mənə xəyanət etdiyini birnəfəsə etiraf etdi.
- Belə rus oğlanları Bakıda olmur, - demişdi. - Burdakılar da elə Azərbaycanlı kimidirlər. Rostovda isə... mən əsl rusla
tanış oldum. Birinci dəfə rus oğlanla sevişirdim. Tamam başqa hissdir. Deyəsən onu sevirəm.
- Onun məndən üstünlüyü nədir ki?
- Söhbət üstünlükdən getmir. Nə bilim, məndən asılı deyil. Vurulmuşam ona. Həm də ki... sünnətsiz kişilər daha
hissiyyatlı, daha temperamentli olurlar. Sevişəndə, məndən necə həzz aldığını görürdüm. Mənə elə gəlir ki, sən onun
qədər seksdən ləzzət almırsan.
Əla! İndi məni sünnət etdirdiyinə görə gedim atamı bıçaqlayım? Yoxsa o ət parçasını təzədən yerinə tikdirim?
Hiddətimdən pörtmüşdüm, onu boğmaq istəyirdim.
Bircə bunu deyə bildim: “Rədd ol!”
Dedim və üzümü çevirib getdim. Arxamdan bir neçə dəfə məni səslədi. Dönüb baxmadım. Ona nifrət edirdim. Sünnətsiz
rus oğlana da nifrət edirdim. Özüm də sünnətli və rus deyildim deyə, taleyimi söyürdüm. Atamı da söyürdüm. Svetanı o
qədər sevirdim ki, ölməyə hazır idim. İndi fikirləşirəm ki, o həssas yeniyetməlik dövrümü intiharla da başa vura bilərdim.
Üç aya yaxa davam edən depressiyadan özümə, başqalarına ziyan vurmadan çıxa bilmişəmsə, böyük şeydir.
Onu sonralar bir-iki dəfə görsəm də danışdırmadım. Sonra birdən yoxa çıxdı – eşitdim ki, həmişəlik Rostova köçüb.
Yalnız dörd il sonra, artıq hər şey çoxdan unudulduğu bir vaxtda, ondan məktub gəldi. Əri, körpə qızı və özünün olduğu
bir foto əlavə edilmişdi məktuba. Nə üçünsə çox sevinmişdim. Hətta cavab məktubu yazıb, gənc ailəni təbrik etmişdim.
Sonralar çox qız gəlib keçsə də ömrümdən, Sevilə qədər heç birini ürəyimə yaxın buraxmadım. Sevgi, məhəbbət
söhbətləri artıq mənasını itirmişdi mənim üçün. Çox erkən yaşlarda sarsıntı keçirmişdim deyə, qadın cinsi ilə
münasibətlərimi daha rasional zəmində qurmağa çalışırdım. Svetadan sonra və Sevilə qədər ən uzunmüddətli
yaxınlığım, Nailə adlı qızla olmuş, altı ay davam edən yaxınlığımız dava-qırğın, qarğış, göz yaşı və abortla
nəticələnmişdi. Abortun pulunu da atamdan almışdım.
Atam artıq mənimlə fəxr etmirdi.
163
Dəlixana qeydləri - 4
(Peşman deyiləm)
Mən o villaya niyə getdim? “Yox” demək, dəvəti ilə razılaşmamaq olmazdımı? Halbuki getməsəydim, indi həyatım tamam
başqa məcrada axacaqdı, sevdiklərimin yanında olacaqdım. Elədir, həyatımı alt-üst edən fəlakətlər silsiləsi bu qancıqla
başladı. Onun ölüsünə də nifrət edirəm.
O gecə Toğrulla iki nəfərə yeddi yüz qram viski içmişdik. Evə necə gəlib çıxdığımı, divanda necə yatıb qaldığımı
xatırlamıram. Səhər doqquzda Şeyla zəng vuranda başım qazan kimiydi, gözlərim yanırdı. Onun nə dediyini, məndən nə
istədiyini əvvəl başa düşməmişdim.
“Nə istəyirsən e?”
“Dünən səninlə danışmışdıq axı, yadından çıxıb?”.
Yox, oğraş qızı, çıxmayıb. Yadımdadır.
“Həə, yadımdadı”
“Onda gəlirəm”
Mən də qancığı başımdan eləmək üçün “hə, yaxşı” deyib, təzədən kəlləmi yastığa atmışdım.
Yarım saat sonra ifritə yenə zəng elədi. Bayılda, parkın qabağında məni gözləyirmiş.
“Sənin var yoxunu sikim qəhbə” - deyinə-deyinə birtəhər əynimi geyinib, üzümə su vurdum, saçlarımı daradım.
Parkın əsas girişində qara Volkswagen Tiguan dayanmışdı. Pəncərəyə yaxınlaşıb sükan arxasında Şeylanı gördüm. Üzü
gülür, olduqca xoşbəxt görünürdü. Maşına minib, heç salam da vermədim. Mrtım yernən sürünürdü. O isə kefini
pozmadı, elə hey gülürdü, nəsə danışırdı. Gəlib Gəncliyə çıxdıq. Ordan da maşını millionerlər məhəlləsinə sürdü. Ara
küçələrin birində nəhəng villanın qabağında dayandığımızda, hər şeyi başa düşdüm. Bəs necə? Əlbəttə villada
yaşamalıdır. Pultla darvazanı açıb, maşını həyətə saldı. Darvaza, biz həyətə girən kimi, öz-özünə bağlandı.
Evə keçdik. Nəhəng qonaq otağında, beş metr hündürlüyü olan tavandan sallanmış çil-çıraq, hər-halda mənim evimdən
bahalıydı. Bura nə üçün gəldiyimi hələ də bilmirdim - maraq xətrinəmi, qorxudanmı? Özümlə dürüst olmalıydım -
Şeyladan qorxurdummu? Ola bilər. Çünki məni hədələmişdi. Mən isə Şeyla kimi geniş imkanları, əlaqələri olan
qadınların çılğına dönəndə nələrə qadir olduğunu yaxşı bilirəm.
Barı açıb nə içmək istədiyimi soruşdu. Heç nə istəmədiyimi dedim. Yenə də hər ikimizə viski süzüb, stəkanlara buz atdı.
Mətbəxdən yaqut saplı, iri bıçaq gətirib ananas soymağa başladı. Əziyyət çəkir, gözucu mənə baxırdı. Başa düşdüm ki,
ona kömək etməliyəm. Həvəssiz, ölə-ölə masaya yaxınlaşıb bıçağı əlindən aldım, ananası doğradım, sonra dilimlədim.
Stəkanlarımızı toqquşdurduq. “Görüşümüzün şərəfinə” deyib, nazlana-nazlana bir qurtum içdi, stəkanı kənara qoydu,
məni dodağımdan öpdü. O ehtirasla öpüşür, mənsə ona nifrət edirdim.
Hər şey ani başladı. Adi vaxt bəlkə də məni qıcıqlandırmayacaq, hiddətimə səbəb olmayacaq sözlərinə sərt reaksiya
göstərdim. Hansı sözünün, ya da hərəkətinin məni hövsələdən çıxartdığı indi heç yadımda da deyil. Söyüşlərimi,
təhqirlərimi əvvəl sindirməyə çalışan, təmkinini qoruyan Şeyla, atasını söyməyə başladığımda dözə bilmədi, partladı.
Yadımdadır ki, divanda oturmuşdum, o da ayaq üstə dayanmış, qışqırırdı. Artıq üçüncü viskini içmişdi, sərxoş olmuşdu.
Həddini aşıb Sevili söyməyə başlayanda, ayağa sıçrayıb bir şillə vurmuşdum ona. Gözləmədiyi zərbədən əvvəl şok
keçirmiş, sonra isə daha da qızışmışdı. Sevillə öz arasında heç bir fərqin olmadığını deyəndə onu ikinci dəfə
vurmuşdum. Sonda məni də qəhbə adlandırıb, kişi olmadığımı demişdi.
O anda, beynimin qurdu tərpəndi. Yaqut saplı bıçağı stolun üstündən götürüb boynunun sağ tərəfinə, arteriyasına
sancdım. Al qan, boz rəngli metlax döşəməyə fışqırmağa başladı. Boynunu tutub yerə yıxıldı. Gözləri iri açılmışdı, havanı
balıq kimi udurdu. Dəhşətlə, nifrətlə, həm də mərhəmət diləyərək baxırdı mənə. Üstünə əyilib, iti bıçağı bir daha
boğazına batırdım, qırtlağını kəsdim. Dərin, çəhrayı yaradan qan daha şiddətli axdı. Xırıldayır, nəfəs almağa çalışırdı. Bu
dəfə bıçağı sapına qədər ürək nahiyəsinə soxdum. Çıxardıb bir də soxdum. Artıq çırpınmırdı, zəif xırıltısı eşidilirdi. Sonra
xırıltı da kəsildi. Açıq qalmış gözləri tavana baxırdı.
Dünyadan nakam getmiş bütün ölülərdə olduğu kimi, onun da gözlərində sual donub qalmışdı: Nəyə görə?
***
Bir gün də belə ötüb keçdi qaranlıq palatamdan. Küçədə üz-üzə gəldiyim yüzlərlə, minlərlə tanımadığım adamın boz
simaları dərhal unudulduğu kimi, bu gün də belə unudulacaq. Bihudə yaşanmış ömrümün minlərlə günü ömür adlanan
dibsiz bataqlığa gömüldüyü kimi, bu gün də belə gömüləcək. Heç kəsə güzəştə getməyən, imtiyaz tanımayan zamanın
amansız vücuduna palçıq kimi bulaşan bir mənasız gün daha gəldi keçdi üstümdən. İndi mən nə etməliyəm? Özüm-
özümü qısdırdığım həyatın rütubətli, küflənmiş, hörümçək basmış küncündən dünyaya qorxa-qorxa baxmaqdansa;
taleyin mənə hazırladığı növbəti sürprizi həyəcanla gözləməkdənsə; zəifliyimlə, apatiyamla qidalanan qorxularımın günü-
164
gündən böyüdüyünü görməkdənsə; arzularıma çatmaq bir yana, ümumiyyətlə heç nə arzu etmədiyimi dərk etməkdənsə;
yaşamaq şövqümün göz görə-görə əridiyini bilməkdənsə ölmək yaxşı deyilmi?
Yox, deyil! Ölmək istəmirəm. Sanki hələ də nəyəsə ümid edirəm. Şüurumla yox, mənə tabe olmayan hansısa instinktimlə
nəyinsə dəyişəcəyini umuram. Axı mən insanam.
Yuxum gəlmir. Üç gecədir yata bilmirəm. Gözlərimi yuman kimi Sevilin səsini eşidirəm. Üzünü görmürəm, yalnız səsini
eşidirəm. Mənə nəsə deyir, öyüd-nəsihət verir, “qatil deyilsən” pıçıldayır, “mən səni sevirəm, sənə aidəm” deyə əsassız
vədlər verir. Onun məchuldan gələn səsini eşitməkdən qorxuram. Hər dəfə də vəhşi kimi anqırıram. Onlar da hər dəfə
iynələrin sayını artırırlar. Yalandan da deyirlər ki, iynələr allergiyanın qarşısını almaqdan ötrü lazımdır. Hansı
allergiyanın? Mənim Azərbaycan adlanan dəlixanaya allergiyam var. Məni bundanmı sağaldırlar?
Hardadır sevdiklərim? Sevil, Rəna, Sənan, Toğrul? Niyə tərk ediblər, unudublar məni? Bilirəm, Toğrul indi Zümrüdün
yanındadır, qabağında diz çöküb, bağışlanmaq üçün yalvarır. Hansı günahına, qəbahətinə görə? Bilinmir. Rəqqasə də
doladıqca dolayır onu, əzdikcə əzir. Sənanın da müxalifətçilikdən başı ayılmır ki, dostunu yad eləsin. Elə hey yazır, guya
yazmaqla nəsə dəyişəcək. Sevil də Rasimin yanında, ya da qoynundadır. Özgürü də göndərib nənəsinin yanına. Bu da
bunun analığı. Rəna da əlini üzüb məndən. Gözəl qadındır, dəlini neynəyir? Ona kişimi qəhətdir?
Ağlım kəsəni elə bilmişəm müdrikəm, filosofam, həqiqəti hamıdan yaxşı bilirəm. Bu nə özünə vurğunluqdur? Nə filosofu,
nə müdriki? Axır ki, başa düşdüm - mən gicdıllağam! Olmasaydım indi dəlixana palatasında yox, ailəmin yanında, işimin
başında olardım. İnadla işlədiyim o qədər səhvim, günahım var ki, özümə etiraf etməyə qorxuram. Əgər şeytan varsa, o,
həmişə mənimlə çiyin-çiyinə olub. Bu da sonu. Heç kəsin xatirində bir iz buraxmadan, özümdən sonra heç bir əsər
qoymadan bu rütubətli, alaqaranlıq palatada çürüyüb gedəcəyəm.
|