Əyani şöbənin IV kurs tələbəsi Həbibova Lamiyə Rüfət qızının «xx əsrin 90-cı illərində abş-ın Yaxın Şərq siyasəti»


III Fəsil. Soyuq Müharibədən sonra “Yeni Yaxın şərq düzəni”



Yüklə 84,31 Kb.
səhifə6/10
tarix02.01.2022
ölçüsü84,31 Kb.
#44423
1   2   3   4   5   6   7   8   9   10
Lamiyə buraxılış işi

III Fəsil. Soyuq Müharibədən sonra “Yeni Yaxın şərq düzəni”

3.1 Körfəz böhranı və ABŞ qüvvələrinin regiona müdaxiləsi

İran-İraq müharibəsindən başlayaraq formalaşma dövrünü keçirən ABŞ-İraq münasibətləri Körfəz böhranınadək tərəfdaşlıq səviyyəsində təkamül mərhələsi keçirirdi. ABŞ İraqı bu coğrafiyada sabitliyə zəmin yarada biləcək dövlət kimi qəbul edirdisə, İraq da öz növbəsində ABŞ-ı regionda dominant qüvvəyə çevrilməkdə əsas tərəfdaş və müttəfiq kimi görürdü.

Körfəz müharibəsi ərəfəsində gərgin olan hərbi-siyasi vəziyyət ilk olaraq ABŞ xarici siyasəti üçün sınaq idi, çünki Soyuq Müharibənin başa çatmsı ilə başlayan yeni beynəlxalq münasibətlər sistemi ikiqütblü dünyanın müttəfiqlərinin maraqları ilə ABŞ-ı eyni məsuliyyət qarşısında qoyurdu.

İraqın Küveytə ilk müdaxiləsi başlayan andan etibarən ABŞ-ın etiraz etməsinin səbəbi təcavüzün dünya bazarlarında neftin qiymətinin qalxmasına, maliyyə bazarlarında dərin böhranla nəticələnməsi faktı idi. (18) Əslində, Körfəz böhranının özü də Soyuq Müharibənin regionda meydana gətirdiyi nəticələrdən biri idi. Hərbi-siyasi müdxilələr İraqın tam məğlubiyyəti ilə bitsə də, böhranın sonunda İraqa olan münasibətlərində müttəfiqlərin mövqelərində təzadlar meydana gəldi. 90-cı illərdə Yaxın Şərqdə neft üzərində nəzarət uğrundakı mübarizə, faktiki olaraq, status kvonun təkamülünü əsaslandırmışdır. Belə ki, ABŞ İraqa qarşı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin qeyd-şərtsiz olaraq həyata keçirilməsini tələb edirdisə, Avropa Birliyi, Fransa və Rusiya ABŞ-ı İraqın qatı düşməni kimi təbliğ edərək burada Vaşinqtonun mövqeyini zəiflətmək prinsipindən çıxış edir və regiondakı iqtisadi maraqlarının ödənməsinə çalışırdılar. De Frans Nacionale qəzetinin müasir ABŞ xarici siyasətinə münasibətdə fikirlərinə də nəzər salaq: «İstəsələr də, istəməsələr də Yaxın Şərq PAX AMERİKANA-nın fəaliyyət sahəsinə daxildir. Bundakı qlobal məqsəd isə Şərqdə neft üzərində nəzarəti gücləndirən status-kvonun təkamülünü təmin etməkdir». (17)

1980-1988-ci illər İran-İraq müharibəsindən sonra İraq iqtisadi baxımdan ağır zərərə məruz qaldı və altından qalxa bilməyəcəyi xarici borclar məsələsi ilə üzləşməli oldu. Bu vəziyyətdən xilas olmağa çalışan Səddam Hüseyn çarələr axtarmağa başladı və 1991-ci ilin ilk yarısından Yaxın Şərqdə xaosa səbəb ola biləcək iddialar ortaya atmağa başladı və bu iddialar Körfəz böhranının ilk filizləri oldu. Körfəz ölkələrinin Səddam Hüseynə qarşı 1981-1990-cı illər arasında neftin qiymətini aşağı salaraq İraqı iqtisadi zərərlə üzləşdirmələri, Küveytin Rümeyla bölgəsində İraqa məxsus neftdən faydalanması, İraqın Küveytə qarşı ərazi haqq iddia etməsi, İraqın 1980-1988-ci illər zamanı Küveyt tərəfindən edilən maliyyə borclarını silməyi tələb etməsi Körfəz böhranının başlamasına təsir edən amillər idi. İraq bu böhranı başlatmaqla dünya petrol rezervinin 20%-ni ələ keçirtmiş oldu. Ərəb ölkələri-Səddama qarşı olanlar, Səddamı dəstıkləyənlər və neytral qalanlar olaraq 3 yerə bölünürdülər. Misir və Suriya Səddama qarşı olan ölkələrin başında gəlməklə Səudiyyə Ərəbistanına qoşun göndərmişdilər. İordaniya, Yəmən və FAT isə Səddam Hüseyni dəstəkləyirdilər.

1990-cı il avqustun 1-dən 2-nə keçən gecə 150 min nəfərlik İraq ordusu Küveytə hücum etdi. Səhəri gün BMT TŞ-sı İraqın Küveytə təcavüzünü pisləyən və qoşunların təcili olaraq Küveytdən çıxarılmasını tələb edən 660 saylı qətnaməni qəbul etdi. Avqustun 3-də ABŞ dövlət katibi Ceyms Beyker Moskvada SSRİ xarici işlər naziri Eduard Şevardnadze ilə yaranmış vəziyyəti müzakirə etdilər və tərəflər Vnukovo hava limanında təcavüzü pisləyən birgə bəyanatla çıxış etdilər. İraqın bu qətnaməyə əməl etməməsi ilə əlaqədar olaraq avqustun 6-da ABŞ-ın təşəbbüsü ilə BMT TŞ-sı İraqa qarşı ticarət və maliyyə sanksiyasını əsaslandıran 661 saylı növbəti qətnamə qəbul etdi və bu qətnamə İraqın tam iqtisadi blokadasını və onun hərbi potensialının müəyyən edilməsini reallaşdıracaq qurumun-YUNSKOM-un yaradılmasını əsaslandırırdı. ABŞ prezidenti Corc Buş avqustun 7-də Amerika hərbi qüvvələrinin Ərəbistanın şimal əyalətlərində yerləşdirilməsinə dair əmr verdi. Artıq avqustun 8-də ABŞ qoşunlarının bu ölkənin ərazisində yerləşdirilməsi başlanmışdı. «1991-ci ilin yanvar ayı üçün müttəfiqlərin hərbi qüvvələrinin ümumi sayı 780-min təşkil edirdi ki, bunun da 540 mini ABŞ əsgəri idi». (41, 402) Beynəlxalq hüquq normalarına və həm də BMT Nizamnaməsinə zidd olaraq, ABŞ qoşunlarının Fars körfəzində yerləşdirilməsinə dair prezident Corc Buş tərəfindən 12724 və 12725 saylı icra əmrləri verilmişdi. Avqustun 25-də Təhlükəsizlik Şurası 665 saylı qətnamə ilə İraqa qarşı hərbi dəniz blokadası və Sentyabrın 25-də 670 saylı qətnamə ilə hava blokadası tətbiq etdi.

Rəsmi Vaşinqton Səddam rejimin devrilmə ilə nəticələnməsi düşüncəsində İraqın danışıqsız təslim olmasını təkid edirdi. Əgər İraq əsgərləri silahlarını ataraq sadə vətəndaşlar kimi Küveytdən İraqa qaçarsa, bu İraqda daxili gərginliyi artırar və Sddam rejiminin sonrakı taleyini şübhə altında qoyardı.

1991-ci il yanvarın 9-da 13 dövlətin iştirakı ilə keçirilən Cenevrə konfransında ABŞ dövlət katibi Ceyms Beyker ilə İraqın Xarici işlər naziri Tarik Əziz arasında danışıqların müsbət nəticə verməməsi faktiki olaraq İraqa qarşı hərbi əməliyyatlara başlamaq üçün yol açmış oldu. Yanvarın 17-də hərbi hava hücumuna başlanıldı. SSRİ-nin İraq ilə Küveyt ərazisindən qoşunlarını çıxarmaq üçün danışıqlar aparmasının uğursuzluqla nəticələnməsinə baxmayaraq, müttəfiqlərin iştirakı ilə gerçəkləşən “Səhrada tufan” əməliyyatı tam qələbə ilə bitmiş və qısa müddət ərzində Küveyt ərazisi İraq qoşunlarından təmizlənmişdir.

42 gün davam edən Körfəz müharibəsi zamanı Səddam Hüseyn Küveytin Bəsrənin tarixi əyaləti olduğu faktını, Küveytin qaçaqmalçılıqla İraq neftini çıxardığını irəli sürdüyü zaman, Turqut Özal da buna qarşılıq “işə tarix qatmayaq, ona qalsa, İraq da Osmanlının tarixi ərazisidir” cavabını vermiş və bütün savaş boyu Corc Buş adminstrasiyasını dəstəkləmiş, Ağ Sarayla mütəmadi telefon danışıqları ilə öz dəstəyini bildirmişdir, lakin buna baxmayaraq, amerikanın nail olmağa çalışdığı şimal cəbhəsini yaratmaq mümkün olmamışdır. Turqut Özal hər nə qədər bunu ürəkdən istəsə də, müdafiə naziri bu işə qol qoymamış və Türkiyənin gələcəkdə daha böyük problemlərlə üzləşəcəyini söyləyərək vəzifəsindən istefa etmişdir. Özal adminstrasiyası rəsmiləri də Türkiyənin öz daxili sərhədlərində asayişi təmin etməkdə çətinlik çəkdikləri bu dönəmdə İraq ərazisində yad milləti idarə etməyin daha çətin, hətta qeyri-mümkün olacağını bildirərək onu bu işdən döndərməyə çalışmışdılar. Hər nə qədər ABŞ-ın arzusunda olduğu Şimal cəbhəsini açmaq mümkün olmadısa da, Türkiyə Körfəz böhranından sonra PKK terrorunun qaynadığı sərhəd bölgələrdə kürd əhalinin yerləşməsi ilə daha böyük problemlə üzləşmiş oldu.

1991-ci il martın 6-da Vaşinqton-Yaxın Şərq İnstitutunun əməkdaşları tərəfindən «Körfəz böhranı və ABŞ-ın strategiyası» adlı məruzə şəklində kurs qəbul edilir. Məruzədə Vaşinqtonun Soyuq Müharibənin bitməsindən sonra yaranan yeni dünya düzənindəki mövqeyi əsaslandırılır və Yaxın Şərq regionunun ABŞ milli maraqlarındakı prioritet məsələ olduğu qeyd edilirdi. ABŞ-ın İraqa qarşı olan hərbi müdaxiləsi BMT TŞ-nın qəbul etdiyi qətnamələr çərçivəsində həyata keçirildiynə görə, Abş-ın nümayiş etdirmiş olduğu mövqe Vaşinqtonun dünyada hegemonluq siyasətinin deyil, tarazlaşdırma və uyğunlaşdırma siyasətinin təcəssümü idi. (16, 305).

İraqın müharibəni uduzmasının bir neçə səbəbi var idi. Əvvəlcə söyləyək ki, savaş başalamadan əvvəl İraq dünyanın ən böyük V quru ordusuna sahib idi, lakin 8 il davam edən İran-İraq müharibəsi İraqı yormuşdu, ordu klassik piyada təlimlərinə öyrəşmişdi və müttəfiqlər sayca İraqdan olduqca üstün idi. Silah nə qədər güclü olur olsun, tək növ silahdan istifadə daim təhlükəli olmuşdur. Səddamın da SSRİ-dən aldığı SCUT raketləri və başlığına taxmağı planlaşdırdığı kimyəvi və bioloji başlıqlara güvənməsi tezliklə ABŞ-ın hava müdafiə sistemi tərəfindən heçə endirilmişdi.

Küveyt, Səudiyyə Ərəbistanı, həmçinin FKƏDƏŞ üzvü olan digər dövlətlər İraqın Küveytə təcavüzünün səbəbkarlarının beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməsidə təkid etdikləri halda, Misir bunun əleyhinə çıxırdı. Digər tərəfdən İraq əsirləri arasında yüksək hərbi vəzifə daşıyan rəhbərlərin olmaması bu prosesin həyata keçirilməsi məsələsində qalib dövlətlər arasında fikir ayrılığı yaradırdı. Üstəlik hərbi əməliyyatlar bitdikdən sonra Avropa və Amerikanın Yaxın şərqdə toqquşan maraqları məsələnin həlli yolunu yenidən qəlizləşdirirdi.

Səddam reiminin tezliklə devrilməsində maraqlı olan ABŞ bunu asanlaşdıracaq üsulun Vaşinqtonun dəstəyi ilə yaradılacaq üsyançı qrupunun olduğuna inanırdı, lakin işlər heç də bu yöndə inkişaf etmədi. 1991-ci ilin martında Bəsrə və Nasiriyyədə şiələrin daha sonra isə kürlərin Bağdad hakimiyyətinə qarşı olan üsyanları Pentaqonun planlarından bağımsız şəkildə baş vermişdi. Lakin yenə də ABŞ şimaldakı kürdləri və cənubdakı şiələri silahlandıraraq Səddam rejimini devriməyə səsləyirdi.

ABŞ-ın xarici siyasətində başlıca yer tutan məsələlərdən biri bu dövr üçün İraq tərəfindən Küveytin müstəqilliyini və ərazi bütövlüyünü tanımasına nail olmaq idi. 1992-ci ildə də İraq Küveytin ərazi bütövlüyü və müstəqilliyini tanımaqdan imtina etmiş və onu İraqın 19-cu əyaləti kimi qəbul etdiyini bəyanetmişdi. Hələ 60-cı illərin əvvəllərində də Küveyt öz müstəqilliyini elan edərkən Bağdad Küveyti müstəqil bir dövlət kimi de-yure tanımaqdan imtina etmişdi.

İraq bu günə qədər ABŞ-ın ən uzunmüddətli ambarqo tətbiq etdiyi ölkə olmuşdur. Böhrandan sonra İraqda qida və dərman çatışmazlığı səbəbindən uşaq ölümü sayı xeyli artmışdır. Müharibə müddətində ABŞ İraqa 88500 ton bomba atmış və minlərlə sivilin ölümünə səbəb olmuşdur. Həmçinin I Körfəz Müharibəsi televiziyadan milyonlarla insanın canlı olaraq izlədiyi ilk müharibə olaraq da tarixə keçmişdir. CNN beynəlxalq müxbiri Peter Arnett bu savaşı Amerikanın mövqeyindən publikanın gözünə bir nağıl kimi köçürmüşdür. Müharibədə istifadə edilən propogandalardan biri İraqın Küveyt xəstəxanasında 312 yeni doğulmuş körpəni qətl etməsi xəbəri idi. Sonradan Nayirah əl-sabah adlı 15 yaşlı qızın dilindən danışılan bu uydurma hekayənin əslində, gerçək olmadığı, həmin qızın ABŞ səfirinin qızı olduğu və heç vaxt həmin xəstəxanada olmadığı müəyyən edilmişdir. Növbəti uydurma xəbər isə İraqın Küveytin neft quyularını bombalayaraq yaratdığı bataqlıqların minlərlə heyvanın ölümünə səbəb olması idi, lakin müəyyən müddət sonra görüntülərin Fransa sahillərində çəkildiyi ortaya çıxmışdır.

1992-1996-cı illər ərzində İraqın BMT müfəttişlərinə normal iş şəraiti yaratmaması, lazımi sənədləri təqdim etməməsi, 33-cü paraleldə uçuşların aparılması, tələb olunan hərbi və sənaye obyektlərinə müfəttişlərin buraxılmaması və s. istər ABŞ-ın İraqa qarşı reaksiyasında, istərsə də beynəlxalq aləmdə müzakirə obyektinə çevrilmişdi. Buna baxmayaraq, beynəlxalq aləmdəki natarazlıqdan stifadə edən Bağdad rəsmiləri Fransa və Çinə ABŞ-a təzyiq etmələri üçün müraciət etsələr də, qarşlığında bu dövlətlər heç bir ərəb dövləti üçün ABŞ ilə münasibətləri pozmayacaqlarını bildirmişdilər. Qeyd edək ki, istər Buş, istərsə də Klinton adminstrasiyasının Körfəz böhranına münasibətdə saxladıqları imicin başlıca məqsədi beynəlxalq aləmə Amerikanın jandarm rolu oynamadığını göstərmək idi. Bunun üçün İraqa ilk üç ay ərzində 1 milyard dollarlıq neft satmağa icazə verilmiş və BMT nümayəndələri arasında «Qarşılıqlı Anlaşma haqqında Memorandum»un imzalanmışdı. İraqın 1996-cı ildə BMT TŞ-nın Xüsusi Komissiyasının işini icra etməsinə müdaxiləsi zamanı isə BMT TŞ növbəti 1051 və 1060-cı qətanamələri tətbiq edərək, sanksiyaların müddətini 60 gün uzatdı. 1997-ci ildən İraq və BMT TŞ-nın Xüsusi Komissiyasının üzvləri ilə münasibətləri getdikcə pisləşməkdə idi. İraq hökuməti oktyabrın 29-da Amerika ekspertlərinin ölkədən çıxarılması haqda qərar da qəbul etmişdi. Belə olduqda BMT TŞ sanksiyaların müddətinin növbəti 60 gün də uzadılmasına nail olsa da, daimi üzvlərdən Fransa, Rusiya və Çin İraqa qarşə hərbi güc tətbiq etməkdən imtina etdikləri üçün İraq beynəlxalq aləmdə uğurlu manevrlər etmiş olurdu. Həmin il BMT TŞ ‘neft qarşılığında dərman və insani ehtiyac maddələri' proqramı çərçivəsində ABŞ-a ambarqo tətbiq edilmişdi. 986 saylı qətnaməyə əsasən, İraq təməl qida maddələrini ala bilmək üçün hır altı ayda bir 2 milyard dollarlıq neft satışı edə biləcəkdi. Buradan əldə etdiyi gəlirin 30%-ni isə müharibədə zərər çəkmişlərə təzminat olaraq ödəməli idi. 1998-ci ildə 2 milyard 5 milyard ilə əvəz edilmişdi.

Buş administrasiyası İraq məsələsini və Səddam rejiminin devrilməsini «Səhrada fırtına» əməliyyatı üzərindən gerçəkləşdirə bilməzdi. Buna səbəb belə bir addımın həyata keçirilməsi ABŞ-ın daxili və xarici siyasi vəziyyətini ağırlaşdırmış olacağı ehtimalı, «Səhrada fırtına» əməliyyatının Səddam rejiminin devrilməsini yönəlmədiyi, BMT TŞ-nın qətnamələrinin və beynəlxalq ictimaiyyətin İraqın təcavüzünün qarşısının alınmasına yönəlməsi idi.

1998-ci ildə başlayaraq, ABŞ-ın İraqa münasibətdə bəzi konkret addımlar atmışdır. ABŞ Fars körfəzində hərbi qüvvələrinin sayını 1997-ci ildə olduğundan iki dəfə çox artırmış, dəniz gəmilərində müvafiq yoxlamalar və nəzarətlər həyata keçirməklə Fars körfəzində təhlükəsizliyi təmin etmişdi.

İraq rejimi tərəfindən təzyiqlərə məruz qalan kürdlər, şiələr, sünnülər və digər xalqların təhlükəsizliyinin və iqtisadi rifahının təmin etməklə, İraq müxalifətinin dəstəklənməsi ilə ABŞ öz mənafeyini ödəmək məqsədi güdür. Bu məsələ ilə bağlı dövlət katibi Madlen Olbrayt bəyan etmişdir ki, “ABŞ Bağdad rejiminin təhlükə yaratdığı qonşu dövlətlərin təhlükəsizliyinin, ABŞ-ın həyati vacib maraqlarının, eləcə də İraq xalqının, həmçinin İraqın şimalında məskunlaşmış əhalinin maraqlarının müdafiəsi istiqamətində necə və nə vaxt qərar qəbul etmək hüququnu özündə saxlayır”. İraqda mövcud olan rejimə müxalif olan qüvvələrə münasibətdə Bill Klinton bəyan etmişdir ki, “Biz, öz ölkəsinin gələcəyi üçün narahat olan iraqlılara, hər hansı bir qruplaşmaya qoşulmayan iraqlılara, bitərəf müxalifətə və müxalifət qruplaşmalarına kömək və dəstək üzərində çalışırıq ki, İraqda demokratik prinsiplərə əməl olunması, plüralizm, insan haqları və qanunun aliliyi təmin edilsin”.

BMT TŞ və Amerikanın başlıca məqsədlərindən biri də İraq ərazisində kimyəvi silahlar aşkar etmək idi. Rəsmi Vaşinqton 80-ci illərdə İraqın 8 min litr sibir yazvasını istehsal etdiyini, 20 min litr isə botulinus toksininə malik olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı. İran ilə davam edən 1980-88-ci illər mühariəsi zamanı və 1988-ci ildə ölkənin şimalında kürd separatçılarına qarşı mübarizədə həmin silahlar tətbiq edilmişdir. Hətta Sudan ərazisində İraqın 400 «SKAD» və «SS-20» raketləri və xeyli nüvə başlıqlı kimyəvi və bioloji silahının saxlanldığı bilinməkdədir. Amerika ekspertlər qrupunun rəhbəri U.Ritter qeyd etmişdi ki, “əgər İraq bütün silahlarını və hərbi potensialını ləğv etmiş olsa belə, ABŞ Səddam Hüseyni hakimiyyətdən salana qədər öz oyunlarını davam etdirəcəkdi”.

1998-ci ildə Klinton admintrasiyasının qeyd-şərtsiz olaraq yerinə yetirilməsini tələb etdiyi şərtlər bunlar idi: YUNSKOM-la olan bütün problemlərin həll edilməsi, YUNSKOM müfəttişlərinə tam və qeyri-məhdud yoxlama aparmaq imkanı yaradılması, Kütləvi qırğın silahlarına münasibətdə BMT TŞ-nın bütün qətnamələrinə əməl edilməsi, Müfəttişlərin professional, yaxud müstəqil statusuna müdaxilə edilməməsi. Rusiya isə öz növbəsində İraqa qarşı tətbiq edilən hərbi qüvvəyə etirazını təkcə bəyanatla ifadə etməklə kifayətlənməyərək, Vaşinqton və Londondakı səfirlərini qeyri-müəyyən müddətə geri çağırmaqla, eləcə də quru və hərbi dəniz qüvvələrinin tam döyüş hazırlığına gətirilməsi haqqında verilmiş əmrlə də bildirdi. Bununla belə 1998-ci il dekabrın 16-da saat 22:00 da başlayan «Səhrada tülkü» əməliyyatı hərbi məqsədlərinə nail olsa da, siyasi məqsədlərinə tam nail ola bilmədi.

Sudan və Liviyadan başqa , Misir, Suriya, həmçinin Fars körfəzinin digər altı ərəb dövləti ilə İraqın münasibətlər bir qədər mürəkkəb idi və dövlətlər İraqı ekspansionist politikasına görə ittiham edirdilər. ABŞ-ın İraqa qarşı mövqeyi neft istehsal edən ölkələrin İraqa münasibətlərinə bu və ya digər dərəcədə təsir göstərmişdir. Bir tərəfdən onlara İraqın neft istehsalı həcminin kəskin azalması sərf edirdi və buna görə də İraq üzərindən sanksiyanın götürülməsində maraqlı deyildilər. Digər tərəfdən isə S.Hüseyn rejiminin devrilməsilə İraqın ərazisində bir neçə xırda dövlətlərin yaranacağından və nəticədə regionda siyasi, iqtisadi və hərbi sabitliyin pozulacağından ehtiyatlanırdılar.

1999-cu il mayn 24-də Madlen Olbraytla keçirilən Vaşinqton görüşündə İraq müxalifəti bəyan etdi ki, «Səddam gec ya tez hakimiyyətdən gedəcək. İraq müxalifətinin məqsədi Səddamdan sonrakı dövrün proqramını formalaşdırmaqdır. Vaşinqtonda səfərdə olan qruplaşma özünü sonrakı hökumət kimi görmür. Lakin özünü İraq xalqının rəyinin ifadəçisi hesab edir. Müxalifətin əsas vəzifəsi Səddam Hüseyn rejiminə qarşı mübarizə aparan müxtəlif xarakterli qüvvələrin birləşdirilməsinə səylər göstərməkdir»

1999-cu ilin ortalarında beynəlxalq ictimaiyyətlə, eləcə də ABŞ-la İraq münasibətlərinin normallaşdırılmasında atılan konkret addımlardan bəziləri İraqa qarşı sanksiyaların yumşaldılması və mütəlif inkarlara, təkidlərə rəğmən YX qazının ləğv edilməsinə dair BMT TŞ-nın icazə verməsi idi.

3.2 Misir ABŞ-ın Yaxın Şərq planının icraçısı kimi.

Misir daim ərəb dövlətləri içərisində geostrateji və iqtisadi potensial baxımından ABŞ xarici siyasətində güc mərkəzi kimi qəbul edilmişdir. Misir xarici siyasətinin tarixi olaraq qarşılaşdığı ən təməl problem bir neçə mədəni hövzənin kəsişməsində bu ölkənin xarici siyasətinin zənginliyini tutarlı şəildə əks etdirib-etdirməməsi problemidir. Əgr bu üçlü kimlik formasını yaradan-ərəb, afrikalı və Aralıq dənizi kimliyini tutarlı və koordinasiyalı şəkildə əks etdirməz və bu çevrədə bir siyasət müəyyənləşdirməzsə, Misir xarici siyasəti qısa müddətli uğurlu olsa belə, nəticə etibarilə uğursuzluğa məhkumdur. 1950-60-cı illərdə Misir bölgənin yönləndirici gücüdür və pan-ərəbizmi müdafiə edir. Xüsusilə, süveyş böhranından sonra Misirin regiondakı siyasi gcü daha da artır. Eyzenhauer deyirdi ki, Nasir kanalı ələ keçirsə, prestiji o qədər artacaq ki, Yaxın Şərqdə hələ uzun müddət xaos davam edəcək. 1958-61-ci illərdə Suriya ilə birlikdə yaradılan Ərəb Cümhuriyyətinin tərkibində yer alır. Bölgədəki hegemoniyasını tədricən itirməsi və ABŞ-la münasibətlərin yeni mərhələyə daxil olması 1967-ci ildə İsraillə savaşı rəsmən uduzduqdan sonra ardınca Ənvər Sədatın hakimiyyətə gəlməsi, xüsusilə də «açıq qapılar» siyasəti çərçivəsində iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin genişlənməsi, Misir və SSRİ arasında 1971-ci il mayın 27-də bağlanmış «Dostluq və əməkdaşlıq haqqında» müqavilənin 1976-cı ildə qüvvədən düşməsi ilə başlayır. 1979-cu il Kemp-Devid sövdələşməsindən sonra Misirin digər ərəb dövlətləri tərəfindən baykot edilməsi, ABŞ-ın Misirə hər il etdiyi 1 milyard dollar həcmindəki maliyyə yardımı və Soyuq Müharibənin başa çatması nəticəsində Yaxın Şərqdə qüvvələr nisbətinin dəyişməsi ilə 1990-cı illərin əvvəllərindən etibarən Amerika Misirin regionda aparıcı dövlətə çevrilməsində mühüm rol oynayır və öz növbəsində Misir ABŞ-ın Yaxın Şərq planının icraçısına çevrilir və onlar arasındakı münasibətlər özünün müasir mərhələsinə daxil olur. İran İnqilabından sonra bögədə yaranan güc boşluğundan məharətlə istifadə edən Misir 1984-cü ildə İslam Əməkdaşlıq Təşkilatına daxil olur. 1990-cı illərin əvvəlində yaşanan Küveyt böhranı nəticəsində Misirin Ərəb liderliyi iddiası güclənir və Qərbin agenti olaraq görülməyə başlayr, bunun nəticəsində də digər ərəb dövlətlərinin ona qarşı etimadı getdikcə azalır.

90-cı illərin əvvəllərində Misir ölkə iqtisadiyyatının dirçəldilməsi və ölkədaxili problemlərin həll edilməsi üçün maliyyə dəstəyinə böyük ehtiyac duyurdu. Ona görə də rəsmi Qahirə 70-80-ci illərdə ABŞ ilə bağlanmış müqaviləni əsas götürərək 1991-ci ildən etibarən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının proqramı çərçivəsində makroiqtisadiyyatı dirçəltməyə başlamışdılar. Bu planın həyata keçirilməsi məqsədilə 50 milyard dollar vəsait sərf edilmiş, dağılmış halda olan infrastrukturun müasir tələblərə uyğun təşkil olunmasına və əhali artımının 3 faizdən 2,1 faizə endirilməsinə nail olunmuşdu. Əgər 1987-1988-ci illərdə defısit 24,7 faiz təşkil edirdisə, 1996-cı ildə bu rəqəm 1,3 faiz təşkil etmişdir və inflyasiya həddi isə bu dövr ərzində 6,3 faiz göstərilmişdir. ABŞ-ın «Eksimbankının 1994-cü ildə Misirə ayırmış olduğu 800 milyon dollar həcmindəki kredit Misirə 18 milyard dollar həcmində xarici valyuta ehtiyatı yaratmağa yardım etmişdir. Körfəz böhranından sonra yaranan maliyyə və iqtisadi çətinliklərə baxmayaraq, Misir regionda Səudiyyə Ərəbistanından sonra əsaslı dəyişikliklərə və naliyyətlərə sahib olan ikinci dövlət olmuşdur. Ən əsas naliyyətlər isə turizm, tikinti və kənd təsərrüfatı sahəsində əldə olunmuşdu. 1994-1995-ci illərdə ticarət defisiti 7,4%-dən artaraq 7,85 milyard dollar həcmində olmuş, qeyri neft sahəsində xüsusilə pambıq, tikiş malları, kartof və düyü ixracı əvvəlki illərə nisbətdə 0,5% artmışdır. Xaricdə yaşayan 2,5 milyon misirlinin 631 milyon dollar həcmində Misirə pul köçürmələrinin artırmaları nəticəsində 1994-1995-ci ildə ödəmə balansı aktiv saldo göstəricilərinə malik olmuşdur.

«Əl Qamaa əl-İslamiyyə» radikal islamçı təşkilatı və «Müsəlman qardaşları» cəmiyyəti 1990-cı illərin əvvəllərindən başlayaraq ciddi şəkildə ölkə sosiumuna təsir etməyə başlayaraq mövcud siyasi rejimi devirmək istəyirdilər. Bu məsələ Misirlə yanaşı, onu regionda güc mərkəzinə çevirmək istəyən ABŞ-ın da maraqlarına zidd idi. Həmçinin ölkədaxili bütün siyasi proseslərin ciddi nəzarət altına alınması müxalif qüvvələr tərəfindən etirazla qarşılanırdı, lakin Misir iqtisadi inkişafa nail olmaq üçün sosial həyata totalitarizmi tətbiq etməyi düzgün hesab edirdi, əks halda o, regionda gedən proseslərdən kənarlaşdırıla bilər və Yaxın Şərq sülh prosesindəki missiyasını itirə bilərdi. 1995-ci ildə ABŞ-ın beynəlxalq terrorizmə qarşı qəbul etdiyi qanun çərçivəsində Misirin Vaşinqtondan müvafiq dəstək alması olduqca normal hadisə idi. 1997-ci ildə Misir rəsmiləri açıq şəkildə bəyan etdilər ki, fundamenetalistlərə qarşı mübarizə aparmaq və ölkənin müasir inkişaf səviyyəsinə çatdırılması üçün, ABŞ təcrübəsindən və Amerika mütəxəssislərinin köməyindən yararlanmaq məqsədəuyğundur. ABŞ-ın dəstəyi ilə «Müsəlman Qardaşları» təşkilatına qarşı tətbiq edilən ciddi repressiyalar isə nəticədə təşkilatın gizli fəaliyyətinə səbəb olmuşdur ki, bu da sosium içərisində siyasi qayğıların meydana gəlməsinə şərait yaratmışdır.

Körfəz böhranında başda ABŞ olmaqla Qərbin və region dövlətlərinin Misirə antiiraq koalisiyasının formalaşdırılmasına görə etdiyi maliyyə bonusları hər iki tərəf üçün uğurla nəticələnmişdir. Vaşinqton İraqı Küveytdən çıxmağa məcbur edə bilmiş, Misir isə ABŞ və beynəlxalq maliyyə qurumlarından ehtiyac duyduğu maliyyəyə sahib olmuşdu. Lakin baxmayaraq ki Misir İsrail ilə sülh müqaviləsi imzalayan ilk dövlət idi və 80-ci illərin sonundan iqtisadiyyat dirçəlmə müşahidə edilirdi, İordaniya bu sahədə ondan daha çox irəliyə gedə bilmişdir. Bütün bunların ötəsində, Misir dörd milyard dollar həcmində olan borcunun Paris Klubu tərəfindən silinməsini tələb edir və yaranmış vəziyyətdə ABŞ-n vasitəçiliyini inkar etmir. Bundan əlavə, Misir Avropa Birliyinin Assosiativ üzvü olmasına dair razılaşma əldə etməyə çalışır və bunun üçün də ABŞ-ın dəstəyinə ehtiyac duyduğunu açıq şəkildə bəyan edir.

3.3 Neft ölkəsi Səudiyyə Ərəbistanı və Rəsmi Vaşinqton.

Yaxın Şərq ölkələrindən olan Səudiyyə Ərəbistanı, dünyada demokratik ölkələr sırasında 160-cı yeri tutmaqdadır və ölkənin konstitusiyası olaraq Quran-i Kərim qəbul edilməkdədir. Dini mərkəzlər olan Məkkə və Mədinə şəhərlərinin bu ərazidə yerləşməsi, neft zəngini bir ölkə olması Səudiyyə Ərəbistanını dini-teokratik və iqtisadi-siyasi hegemoniya ilə təmin etməkdədir.

İkinci Dünya Müharibəsində uzun müddət tərəfsiz qalsa da, Səudiyyə Ərəbistanı 1945-ci ildən Almaniyaya simvolik olaraq müharibə elan etmiş və İngiltərəni dəstkləmişdir. 1945-ci ildə isə ABŞ-la birgə imzalanan müqavilə ilə yardım almışdır. 1964-1975-ci illərdə Kral Feysəlin hakimiyyəti dövründə, xüsusilə 1973-cü il müharibəsindən sonra Səudiyyə Ərəbistanının prestiji yüksəlir. Ərəb və müsəlman ölkələrinə maliyyə yardımları etməsi, İsrailə dəstək verən ölkələrə qarşı tətbiq edilən neft ambarqosu siyasətini dəstəkləməsi artıq getdikcə bölgədə öz statusunu möhkəmlətməsinin göstəricisidir.

XX əsrin ikinci yarısından etibarən ABŞ xarici siyasətinin başlıca məqsədlərindən biri də Yaxın Şəqdə möhkəmlənmək idi. Bu məqsədə nail olmaq üçün isə Vaşinqtonun siyasi gündəliyindəki əsas məsələ regionun həm mühafizəkar, həm də respublika quruluşlu dövlətləri ilə sıx iqtisadi, siyasi və hərbi əlaqələrin qurulması olmuşdur. Bu mənada Səudiyyə Ərəbistanı Yaxın Şərqin ən nüfuzlu dövlətlərindən biri idi. Opek-in qurucu üzvlərindən olan Səudiyyə Ərəbistanı 1960-cı ildən bu yana bu neft şirkətinin tərkibində yer almaqdadır. Ölkə nefti 1932-ci ildən etibarən ABŞ ilə ortaq yaradılan ARAMCO şirkəti ilə istismar edilməkdədir. ARAMCO-da Səudiyyə ailəsinin payı 1973-cü ildə 25%, 1974-cü ildə 60%, 1980-ci ildən isə 100% təşkil edir.

Soyuq Müharibənin bitməsi ilə Beynəlxalq aləmdə baş verən radikal dəyişikliklər Səudiyyə Ərəbistanı krallığını ABŞ-Qərbi Avropa-Asiya-Sakit Okean regionu geosiyasi üçbucağında öz yerini müəyyən etmək məcburiyyəti qarşısında qoymuşdur. Səudiyyə Ərəbistanla bağlı araşdırmalar aparan yerli və xarici tədqiqatçılar qeyd edirlər ki, bura kifayət qədər qapalı ölkədir və mövcud rejimin daxili və xarici siyasəti haqda məlumat toplamaq çətin və təhlükəlidir. Avstraliya Milli Universitetinin Ərəb və İslam Tədqiqatları Mərkəzinin müəllimi Deyril Çampion qeyd edir ki, “Səudiyyə Ərəbistanı qapalı bir ölkə olduğundan hər hansı bir informasiya almaq bir qayda olaraq araşdırmaçı üçün çətinlik yaradır. Bu araşdırma ilə bağlı görüşdüyüm köhnə və yeni diplomatlar, jurnalistlər, hətta akademiklər belə məndən bunun gizli keçirilməsini xahiş etdilər”.

1990-1991-ci illər Küveyt böhranı da açıq şəkildə göstərdi ki, Səudiyyə Ərəbistan Vaşinqtona istiqamətlənmiş ənənəvi siyasətini saxlamaqla, beynəlxalq dünya siyasətində və iqtisadiyyatında digər «güc mərkəzləri»nə yaxınlaşmağa çalışacaqdır. Səudiyyə Ərəbistanı bir dövlət kimi dünya dövlətləri arasında özünə yer almasından başlanan ilk gündən etibarən ABŞ faktiki olaraq Yaxın Şərqdə müdafiə etdiyi maraqlarını məhz bu ölkə ilə münasibətlərinin müsbət yöndə inkişaf etdirilməsi ilə reallaşdırmışdır. Bunu Səudiyyə Ərəbistanının İngiltərə ilə apardığı mübarizədə, eləcə də Səudiyyə neftinin kəşfiyyatında, hasilatında və ixracında aydın şəkildə müşahidə etmək mümkündür. Səudiyyə Ərəbistan regionun ən iri neft hasil və ixrac edən, eləcə də enerji ehtiyatlarına malik dövləti kimi ABŞ-ın yaxın maraq dairəsinə daxildir. Belə ki, “XX əsrin 90-cı illəri ərzində ABŞ neft idxalının 25-32%-ni Səudiyyə Ərəbistanı nefti təşkil etmişdir, 90-cı illərin ortalarında bu rəqəm hətta 40%-ə qədər təşkil etmişdir ki, bu da ilk növbədə regiondakı qeyri-sabit vəziyyətlə əlaqədar olmuşdur". Xüsusilə də, ARAMKO neft şirkəti və tərkibindəki AŞ-ın 4 ən iri neft şirkətləri bu iki dövlət arasında tənzimləyici funksiyası oynayır. 60-dan çox neft yatağını kəşf edən ARAMKO 300 milyard barrel həcmində neft, 180 trilyon kub metr isə qaz ehtiyatına malikdir. 1990-cı ildə bu şirkətdə 2600 amerikalı, 1700 nəfər işə ingilis mütəxəssisi çalışmaqda idi. Bu şirkətin 90% işçisi, yəni 32 min nəfəri Səudiyyə Ərəbistanı kralının qohumudur. 90-cı illərin əvvəllərində ABŞ-ın «TEKSAKO» şirkəti ilə yaradılan «Star Enterprayz» şirkəti bu gün ABŞ-ın 20 ştatında fəaliyyət göstərməkdədir və bu, ARAMKO şirkətinin fəaliyyətinin heç də lokal xarakter daşımadığını sübut edir.

1990-cı ildə İraqın Küveyti işğal etməsi iləmeydana gələn rezonansın məntiqi nəticəsi kimi, müttəfiqlər tərəfindən Küveytin azad olunmasında, müharibədən sonra İraqın tərksilah edilməsində və ziyanların ödənilməsində, İraqa qarşı tətbiq olunan embarqoların həyata keçirilməsində, BMT TŞ-nın qətnamələrinin İraq tərəfindən yerinə yetirilməsi kimi beynəlxalq və regional əhəmiyyətli bütün məsələlərdə Səudiyyə Ərəbistanı daim faktiki şəkildə ABŞ-ı dəstəkləmişdir. 1990-cı il avqustun 4-də İraq Küveytin işğalını başa çatdırdıqdan sonra Səudiyyə Ərəbistanı Vaşinqtonla hərbi yardım haqda danışıqları intensivləşdirməyə başladı və avqustun 7-də Amerika “Səhra qalxanı» əməliyyatı adı altında Səudiyyə Ərəbistanına 23 min nəfərdən ibarət briqada və FB-111 təyyarə eskadrilyasının ilk birləşmələrini göndərdi. Bundan sonra Səudiyyə Ərəbistanı ABŞ, İngiltərə və Fransa ilə birlikdə 1991-ci il yanvarın 17-də Küvcytdəki İraq qoşunlarına qarşı həyata keçirilmiş 1200 hava hücumunda birgə iştirak etdi. Ardınca Yanvarın 29-da İraq qoşunları Səudiyyə Ərəbistanının sərhəddini keçərək Vaqfa və Xafci şəhərlərini işğal edən zaman ABŞ Səudiyyə Ərəbistanına yardımını əsirgəməmişdi və nəticədə ertəsi gün Səudiyyə Ərəbistanı, Qatar və ABŞ-ın hərbi birləşmələri İraq qoşunlarını Vaqfa şəhərindən, 31-də isə Xafci şəhərindən çıxarmağa müvəffəq oldular. 1991-ci il fevralın 26- da isə artıq Amerika, İngiltərə və Səudiyyə Ərəbistanın birləşmiş qoşunları İraqı qəti şəkildə məğlub edərək «Mədinə», və «Hamurappi» kimi Respublika qvardiyasının 60 minlik əsgərini əsir götürmüşdü.

FKƏDƏŞ-in 10 minlik Birləşmiş Silahlı Qüvvələri 90-cı illər ərzində Səudiyyə Ərəbistanında öz fəaliyyətlərini davam edirmişdir bə bu silahlı qüvvələrin maliyyələşdirilməsində ABŞ-ın payı 20% təşkil etmişdir.

Körfəz böhranının bitməsindən dərhal sonra Amerika Səudiyyə Ərəbistanı ilə 1993-cü ildə regionda sülh və təhlükəsizliyin təmin edilməsin dair qarşılıqlı yardım haqqında hərbi müqavilə imzalamağa nail olmuşdu. Bundan başqa, Amerika Səudiyyə Ərəbistanı orudusuna 5 il silah-sursat yardımı edəcəyini qeyd etmişdi. Bu müqavilədən irəli gələn müddəalara əsasən də Səudiyyə Ərəbistanı ABŞ-dan 5 milyard dollar həcmində 4 DRLO E-3A «AVAKS» tipli təyyarə almışdır. Bu tipli 5 təyyarə daha əvvəl də alınmışdı ki, bu texnika da ABŞ mütəxəssislərinin birbaşa iştirakı ilə istismar olunmaqdadır.

Lakin XX əsrin 90-cı illərində Səudiyyə Ərəbistanında siyasi həyatda islam fundamentalist mövqe sahiblərinin ABŞ-a qarşı aqressiv reaksiyaları, 1995-ci ildə Səudiyyə Ərəbistanı ilə yaradılan beynəlxalq təşkilatlara qarşı təşkil edilən terror aksiyaları və 1996-cı ildə 19 Amerika əsgərinin ölümü ilə nəticələnən Kobarda hadisəsi Amerika ilə vəziyyətin kifayər qədər gərginləşməsinə səbəb olmuşdu. Hətta Rəsmi Vaşinqton Səudiyyə Ərəbistanını “Həməs” terror təşkilatını hər il 5 milyon dollar həcmində maliyyələşdirdiyini iddia edir, lakin xeyriyyə təşkilatlarından toplanan maliyyələr nəğd şəkildə ödənildiyindən onun mənbəyini müəyyənləşdirmək çətinləşir. Lakin bütün bunlara baxmayaraq, ABŞ regionda ikili standartlar çərçivəsində siyasət yeritməyə davam edir.




Nəticə

ABŞ-ın xarici siyasəti vektorunda Yaxın Şərqin yeri və bu coğrafiyaya münasibətdə rəsmi Vaşinqton siyasətinin mahiyyətinə əsas verən bir sıra faktorlar mövcuddur. ABŞ-ın Yaxın Şərq regionu uğrunda gedən mübarizənin prioritet xəttini və 1990-1999-cu illər ərzində burada baş-verən bütün hərbi-siyasi proseslər zamanı mərkəz rolunda çıxış etməsinin başlıca səbəbi Yaxın Şərqin karbohidrogen və enerji daşıyıcıları baxımından zəngin olması faktı təşkil etməkdədir. 1991-ci ildən etibarən, dünya tarixində bipolyar sistemin dağılmasından və təkqütblü dünya nəzəriyyəsini orataya çıxmasından sonra Yaxın Şərqdə baş verən proseslər qədər beynəlxalq münasibətlərə ikinci bir regionun təsir etdiyini görmək mümkün deyil. ABŞ-ın Yaxın Şərq siyasəti iki tendensiya üzərindən əsaslandırıla bilər:



  1. XX əsrin 90-cı illərində ABŞ-ın Yaxın Şərqə münasibətdə yeritmiş olduğu siyasət bu dövlətin iqtisadi maraqlarını təmin etmək məqsədilə regionda ümumi təhlükəsizlik və hərbi-siyasi sabitlik məsələlərinin həllinə yönəldilmişdir;

  2. Qloballaşmanın tələbləri çərçivəsində Yaxın Şərqin dünya təsərrüfat sisteminə keyfiyyətcə yeni əsaslarla inteqrasiyası Birləşmiş Ştatların Transatlantika və Avrasiya siyasəti daxildir;

İraq qoşunlarının Küveyt sərhəddini keçməsindən dərhal sonra, BMT TŞ-nın qəbul etdiyi 660 saylı və 661 saylı qətnamələr, xüsusi YUNSKOM komissiyanın yaradılması və Körfəz böhranının həlli ilə bağlı beynəlxalq münasibətlərdə ABŞ-ın təhlükəsizlik məsələləri ilə bağlı gördüyü “Səhrada Tufan” və “Səhrada Tülkü” əməliyyatları regionda birinci tendensiyanın qorunmasına xidmət edir.

1993-cü ilin noyabrında Kopenhagendə Yaxın Şərqin regional iqtisadi inkişafının təmin edilməsi məqsədi ilə yaradılan İşçi Qrupun bütün təşkilati və maliyyələşdirmə məsələlərində ABŞ-ın iştirakı, qəbul olunmuş fəaliyyət planında aparıcı rol oynaması da öz maraqlarına uyğun olaraq sabitlik və təhlükəsizliyin qorunmasına xidmət edir. ABŞ-ın regionda mövcud olan problemlərin, xüsusilə də Fələstin-İsrail münaqişəsinin nizama salınması istiqamətində, Körfəz böhranının həllində həyata keçirdiyi siyasi tədbirlər, rəsmi Vaşinqtonun və ya Buş adminstrasiyasının super-dövlət missiyasında regionda rəqibsiz hegemoniyanı ələ keçirmək iddiasında olduğunun göstəricisidir.

Qloballaşmanın Şimali Afrika və Yaxın Şərqi də əhatə etməsinə çalışan Klinton administrasiyasının qlobal miqyaslı layihələrin həyata keçirilməsində maraqlı olması isə ikinci tendensiyanın reallaşdırılması məqsədi daşıyır.

Qeyd olunacaq digər məsələlərdən biri də ərəb dövlətlərindəki daxili siyasi-iqtisadi vəziyyət, dövlətdaxili münasibətlər sistemi və bu faktorların nəticəsində Vaşinqtonun ikili xarici siyasət yeritməsidir. ABŞ-ın Səudiyyə Ərəbistanı ilə olan münasibətlərini Misir ilə eyniləşdirmək mümkün olmadığı kimi, onun Mərakeş və Tunis ilə münasibətlərini də eyniləşdirmək qeyri mümkündür.

90-cı illərin ortalarında Yaxın Şərqdə terrorçuların fəaliyyəti geniş vüsət almışdı və Körfəz böhranının mövcudluğu şəraitində regionda sülhyaratma prosesi arxa plana keçmişdi. Regionun ABŞ-ın patronajlığı altında iqtisadi birliyə nail olması, dünya təsərrüfat sisteminə vahid tarifli birlik kimi inteqrasiyası, sabitlik və təhlükəsizliyin təmin edilməsi sözügedən dövrdə məlum irəliləyişlərə nail olmağa imkan yaratdı. Lakin bütün bu proseslərdə ABŞ-ın mövqeyi həlledici, müəyyənedici və təyinedici olmuşdur ki, bu da, nəticə etibarilə, bütün iştirakçı tərəflərin kollektiv təhlükəsizlik maraqlarına deyil, əsasən ABŞ və onun müttəfiqlərinin mənafeyinə xidmət edib.

ABŞ-ın Yaxın Şərqdə ümumi təhlükəsizlik və regional sabitlik istiqamətində atdığı addımlar mövcud beynəlxalq qanunçuluğun tələbləri çərçivəsindən kənara çıxmaqla regional hegemonluq və jandarm rolundan uzaq olmamış ki, bu da müasir beynəlxalq münasibətləri tənzimləyən beynəlxalq qanunvericiliklə bir araya sığmır.

XX əsrin 90-cı illərində ABŞ-ın ərəb-İsrail münaqişəsindəki vasitəçilik missiyası uğursuzluqla nəticələnsə də, soyuq müharibədən sonra bu münaqişənin həll olunması istiqamətində yeni addımlar atılmaqla münaqişənin həlli keyfiyyətcə yeni mərhələyə daxil olmuşdur.

İstifadə olunmuş ədəbiyyat



  1. Azərbaycan dilində

  1. A.N.ABBASBƏYLİ, DÜNYA SİYASƏTİ (XX əsrin ikinci yarısı - XXI əsrin əvvəlləri), BAKI-2011, 584 s., ISBN: 978-9952-460- 19-3.

  2. İsmayılov. R, Axundova. N, Bağırova. A, Çağdaş Asiya və Afrika ölkələrinin müasir tarixi. Bakı, 2005.

  3. SƏMAYƏ MUSTAFAYEVA, ŞƏHLA QURBANOVA, ZƏRİFƏ CAVADOVA, ABŞ-ın XARİCİ SİYASƏTİ (1945-2010-cu illər), BAKI – 2 0 1 1, 301 s.

  1. Türk dilində

  1. Daryl Champion. Suudi Arabistan Krallığı:İstikrar içindeki istikrarsızlık unsurları. / Avrasya dosyası dergisi. İlkbahar 2000, Cilt 6, Sayı 1., s. 98-113

  2. Halil İbrahim YILMAZ, ORTADOĞU’NUN JEO-EKONOMİK ÖNEMİ VE ABD’NİN ORTADOĞU POLİTİKASININ EKONOMİK NEDENLERİ, Tesam Akademi Dergisi - Turkish Journal of TESAM Academy Ocak - January 2016. 3 (1). 99 - 128 ISSN: 2148 – 2462.

  3. Hüseyin Öztürk, Orta Doğunun Nakıs Ahengi, Orta Doğu Makaleleri-I, 2019, ss-161, İSBN-9786050316391.

  4. Mehmet Özkan, Mısır Dış Politikası: dünü, bu günü, sorunları, SETA, 2014, 5-28.

  5. Meliha Benli Altunişık, Ortadoğu ve ABD yeni bir döneme girilirken, Ortadoğu Etütleri, 2009, I cilt, ss-69-81

  6. Muhittin ATAMAN, Değerler ve Çıkarlar: ABD’nin Ortadoğu Politikasını Belirleyen Temel Unsurlar ve Ilkeler, Ortadoğu Yıllığı 2006, ss-406-431.

  7. Prof. Dr. Tayyar ARI, GEÇMİŞTEN GÜNÜMÜZE ORTA DOĞU. IRAK, İRAN, ABD, PETROL, FİLİSTİN SORUNU VE ARAP BAHARI (Orta Doğu Cilt 2), Akademi Yayıncılık; 2017, ISBN: 978-9752533301, 615 s.

  8. Prof. Dr. Tayyar ARI, Uluslararası İlişkiler Teorileri. Çatışma, Hegemonya, İşbirliği, Aktüel, 2008, ISBN: 978-975-253-380-6, 560 s.

  9. Prof. Dr. Tayyar ARI, Basra Körfezi ve Orta Doğu’da Güç Dengesi (1978-1996),  ALFA Basım, Yayım, Dağıtım, 1996, ISBN-975-8052-41-1.

  10. Prof. Dr. Tayyar ARI, 2000’Li YILLARDA BASRA KÖRFEZİ'NDE GÜÇ DENGESİ, Alfa Basım, Yayım, Dağıtım, 1999, ISBN-975-8052-41-1.

  11. Prof. Dr. Tayyar ARI, ULUSLARARASI İLİŞKİLER VE DIŞ POLİTİKA, Alfa Basım, Yayım, Dağıtım, 2017, ISBN: 978 -975-253-335-6.

  12. Selvi, A. (2009). Soğuk Savaş Sonrası Dönemde Orta Asya ve Ortadoğu Petrollerinin Uluslararası Politikadaki Yeri ve Önemi. TC Atılım Üniversitesi, Sosyal Bilimler Enstitüsü Uluslararası İlişkiler Anabilim Dalı Yüksek Lisans Tezi, Ankara.

  13. Sümer, Gültekin, “Amerikan Dış Politikasının Kökenleri ve Amerikan Dış Politik Kültürü”, Uluslararası İlişkiler, Cilt 5, Sayı 19 (Güz 2008), s. 119-144.



  1. İngilis dilində

  1. Anthony. H. Cordesman. The Gulf and the West. Strategic relation and military realities. 2nd edition. London: Serpent's tail, 1999, 588 s.

  2. Avi Shlaim, War and Peace in the Middle East: A Concise History, Revised and Updated, Penguin Group, New York, 1995, 160 p, ISBN-10: 9780140245646.

  3. Atallah S. Al Sarhan, United States Foreign Policy and the Middle East, Open Journal of Political Science, 2017, 7, 454-472, ISSN Online: 2164-0513.

  4. Charlies Düvel. US policy on global choises. Durham, Duke Universİty Press, 1995.

  5. Yüklə 84,31 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin