F. engels. AİLƏNİN, XÜsusi MÜLKİYYƏTİn və DÖVLƏTİn məNŞƏYİ1



Yüklə 0,92 Mb.
səhifə11/12
tarix01.01.2017
ölçüsü0,92 Mb.
#3892
1   ...   4   5   6   7   8   9   10   11   12

Beləliklə, dövlət heç də cəmiyyətə kənardan qəbul etdirilmiş bir qüvvə deyildir. Həmçinin dövlət heç də Hegelin iddia etdiyi «mə'nəvi ideyanın gerçəkliyi», «əqlin surəti və gerçəkliyi»45 deyildir. Dövlət müəyyən inkişaf pilləsində cəmiyyətin məhsuludur; dövlət bunun e'tiraf edilməsidir ki, həmin cəmiyyət öz-özü ilə elə həlledilməz ziddiyyət içərisində dolaşıb qalmış, elə barışmaz əksliklərə parçalanmışdır ki, bunlardan xilas olmaqda acizdir. Bu əksliklərin, bir-birinə zidd iqtisadi mənafeyi olan siniflərin bir-birini və cəmiyyəti səmərəsiz mübarizədə didişdirib yeməməsi üçün, görünür, cəmiyyətdən yüksəkdə duran bir qüvvə, toqquşmanı mö'tədilləşdirən, onu «qayda» çərçivəsində saxlayan bir qüvvə zəruri oldu. Cəmiyyətdən törəmiş olan, lakin özünü onun üzərində yüksəldən, özünü getdikcə daha artıq dərəcədə ondan ayıran bu qüvvə məhz dövlətdir.

Köhnə qəbilə təşkilatına nisbətən dövlət, əvvələn, dövlət təbəələrinin ərazi bölgüləri üzrə təqsimi ilə fərqlənir. Qan əlaqələri üzündən meydana gəlib davam edən köhnə qəbilə birləşmələri, gördüyümüz kimi, ən çox ona görə daha kifayət olmadı ki, bunların müqəddəm şərti, qəbilə üzvlərinin müəyyən ərazi ilə bağlılığı çoxdan aradan qalxmışdı. Ərazi qalmışdı, lakin adamlar mütəhərrik olmuşdular. Buna görə də başlanğıc nöqtəsi olaraq ərazi bölgüsü qəbul edildi və vətəndaşlara, qəbilə və tayfadan asılı olmadan məskunlaşdıqları yerlərdə öz ictimai hüquq və vəzifələrini həyata keçirmək imkanı verildi. Vətəndaşların yaşadıqları yerə görə bu cür təşkili bütün dövlətlərdə ümumən qəbul edilmişdir. Buna görə də o bizə təbii görünür; lakin biz bu cür təşkilin Afina və Romada qəbilələr üzrə olan köhnə təşkilatın yerində bərqərar ola bildiyi vaxta qədər nə kimi inadlı və uzun mübarizə aparılması lazım gəldiyini gördük.

İkinci fərqləndirici cəhət–özünü bir silahlı qüvvə kimi təşkil edən əhaliyə artıq bilavasitə mütabiq gəlməyən kütləvi hakimiyyətin tə'sis edilməsidir. Bu xüsusi kütləvi hakimiyyət ona görə lazımdır ki, cəmiyyət siniflərə parçalandığı zamandan bəri əhalinin öz-özünə fəaliyyət göstərən silahlı təşkilatı mümkün olmadı. Qullar da əhalinin tərkibinə daxildilər; 365000 qula nisbətdə 90000 Afina vətəndaşı yalnız imtiyazlı sinif təşkil edir. Afina demokratiyasının xalq qoşunu qullara qarşı yönəldilmiş aristokratik kütləvi hakimiyyət idi və onları itaətdə saxlayırdı; lakin vətəndaşları da itaətdə saxlamaq üçün, yuxarıda söylənildiyi kimi, jandarmeriya zəruri oldu. Bu kütləvi hakimiyyət hər bir dövlətdə vardır. O, təkcə silahlı adamlardan deyil, habelə maddi əlavələrdən, həbsxanalardan və hər cür məcburetmə idarələrindən ibarətdir, həm də bunlar cəmiyyətin qəbilə quruluşuna bəlli deyildi. O, hələ inkişaf etməmiş sinfi əkslikləri olan cəmiyyətlərdə və uzaq vilayətlərdə, bə'zən Amerika Birləşmiş Ştatlarının müxtəlif yerlərində müşahidə olunduğu kimi, çox cüzi, demək olar, nəzərə çarpmayan bir dərəcədə ola bilər. Dövlət daxilində sinfi ziddiyyətlər kəskinləşdikcə və bir-birinə qonşu olan dövlətlər daha böyük, onların əhalisi daha çox «lduqca, kütləvi hakimiyyət güclənir. Heç olmazsa indiki Avropaya bir nəzər salın: burada sinfi mübarizə və fəthlər rəqabəti kütləvi hakimiyyəti elə bir yüksəkliyə qaldırmışdır ki, o, bütün cəmiyyəti və hətta dövləti də udmaq təhlükəsi doğurur.

Bu kütləvi hakimiyyəti saxlamaq üçün vətəndaşların tə'diyəsi–vergilər lazımdır. Qəbilə cəmiyyətində vergilər qətiyyən mə'lum deyildi. Lakin biz indi buna çox yaxşı bələdik. Sivilizasiyanın inkişaf etməsi ilə hətta vergilər də kifayət etmir; dövlət gələcək üçün veksellər verir, borca girir, dövlət borcları alır. Qoca Avropa bu barədə çox şey söyləyə bilər.

Kütləvi hakimiyyətə və vergi almaq hüququna malik olan mə'murlar, cəmiyyət orqanları olmaq e'tibarı ilə, cəmiyyətin fövqündə dururlar. Qəbilə cəmiyyəti orqanlarına olan azad, könüllü hörmət onlara, hətta belə bir hörmət qazana bilsələr də, daha kifayət deyildir; cəmiyyətdən ayrılmaqda olan hakimiyyətin bu təmsilçiləri müstəsna qanunlar vasitəsi ilə özlərinə hörmət qazanmalıdırlar; həmin qanunlar sayəsində onlar xüsusi bir müqəddəslik və toxunulmazlıq əldə edirlər. Sivilizasiyalı dövlətin ən miskin bir iolis xidmətcisi qəbilə cəmiyyətinin birlikdə götürülən bütün orqanlarından daha çox «nüfuza» malikdir; lakin sivilizasiya dövrünün ən qüdrətli bir monarxı və ən böyük bir dövlət xadimi yaxud sərkərdəsi ən kiçik bir qəbilə ağsaqqalının dəyənəksiz qazandığı və şübhə doğurmayan hörmətə həsəd apara bilərdi. Bu ağsaqqal cəmiyyət daxilində durur, halbuki əvvəlkilər cəmiyyətdən kənarda və onun üzərində durmağa cəhd etmək məcburiyyətindədirlər.

Dövlət siniflərin əksliyini cilovda saxlamaq tələbatından meydana gəldiyinə görə, o eyni zamanda, həmin siniflərin toqquşmalarından meydana gəldiyinə görə, o ümumi bir qayda olaraq ən qüdrətli, iqtisadi cəhətdən hökmran sinfin dövləti olur; bu sinif isə dövlətin köməyi ilə həmçinin siyasi cəhətdən hökmran sinif olur və, beləliklə, məzlum sinfi əzmək və istismar etmək üçün yeni vasitələr əldə edir. Məsələn, antik dövlət, hər şeydən əvvəl, qulları əzmək üçün quldarların dövləti idi, feodal dövləti təhkimli və asılı kəndliləri əzmək üçün zadəganların orqanı idi, müasir nümayəndəli dövlət isə muzdlu əməyi kapitalın istismar etməsi alətidir. Lakin bir istisna olaraq belə dövrlərə də təsadüf edilir: mübarizə edən siniflərin qüvvələri arasında elə bir müvazinət yaranır ki, dövlət hakimiyyəti bir müddət hər iki sinfə münasibətdə bunların arasında sanki bir vasitəçi kimi, müəyyən bir müstəqillik əldə edir. XVII və XVIII əsrlərdə zadəganlarla burjuaziyanı bir-birinə qarşı müvazinətdə saxlayan mütləq monarxiya bu qəbildəndir; Fransada Birinci və xüsusən İkinci imperiyanın bonapartizmi bu qəbildəndir; o, proletariatı burjuaziyanın və burjuaziyanı proletariatın üzərinə qaldırırdı. Bu sahədə hakimlə məhkumların eyni dərəcədə gülünc vəziyyətdə olduqlarını göstərən ən yeni nailiyyət Bismark millətinin yeni Almaniya imperiyasıdır: burada bir-birinə qarşı duran kapitalistlərlə fəhlələr arasında müvazinət saxlanır və onlar zəifləmiş Prussiya əyalət yunkerlərinin xeyrinə olaraq eyni dərəcədə aldadılırdılar.

Bundan əlavə, tarixdə mə'lum olan dövlətlərin çoxunda vətəndaşlara verilən hüquqlar onların əmlak vəziyyəti ilə ölçülür və bununla da açıqca bildirilir ki, dövlət varlı sinfin onu yoxsul sinifdən müdafiə etmək təşkilatıdır. Əmlak kateqoriyalarına bölgünün mövcud olduğu Afina və Romada artıq belə idi. Orta əsrlərdəki feodal dövlətində də belə idi, orada siyasi nüfuz dərəcəsi torpaq sahibliyinin həcmi ilə müəyyən olunurdu. Bu öz ifadəsini müasir nümayəndəli dövlətlərdəki seçki senzində də tapır. Lakin əmlak vəziyyətindəki fərqlərin bu siyasi e'tirafı heç də mühüm deyildir. Əksinə, bu, dövlətin inkişafının aşağı pillədə olduğunu göstərir. Dövlətin yüksək formasında, bizim müasir ictimai şəraitdə getdikcə daha çox dərəcədə labüd bir zərurət olan və proletariatla burjuaziya arasındakı axırıncı qəti mübarizənin sona çatdırıla biləcəyi yeganə dövlət forması olan demokrat respublikada,–bu demokratik respublikada sərvət fərqləri haqqında rəsmən heç bir şey mə'lum deyildir. Burada sərvət öz hakimiyyətindən dolayı yolla, lakin daha sərrast istifadə edir: bir tərəfdən, mə'murları bilavasitə pulla ələ almaq formasında,–bunun klassik nümunəsi Amerikadır,–digər tərəfdən, hökumətlə birja arasında ittifaq formasında istifadə edir; həm də dövlət borcları nə qədər çox artırsa və səhmdar cəmiyyətləri bir tək nəqliyyatı deyil, həmçinin istehsalın özünü də öz əlinə nə qədər çox toplayırsa və həmin birjanı nə qədər artıq dərəcədə özü üçün bir mərkəzə çevirirsə, bu ittifaq da bir o qədər asanlıqla həyata keçirilir. Amerikadan başqa, bunun parlaq nümunəsi ən yeni Fransa respublikasıdır və hətta ədəb-ərkanlı İsveçrə də bu sahədə öz payını vermişdir. Lakin hökumətlə birjanın bu qardaşlıq ittifaqı üçün qətiyyən demokratik respublika tələb olunmadığını İngiltərədən başqa, yeni Almaniya imperiyası da sübut edir; burada ümumi seçki hüququnun kimi: Bismarkımı, yoxsa Bleyxryederi daha çox yüksəyə qaldırdığını söyləmək mümkün deyildir. Nəhayət, varlı sinif ümumi seçki hüququnun köməyi ilə bilavasitə hökmranlıq edir. Nə vaxta qədər ki, məzlum sinif–deməli, bu halda proletariat–özünü azad etmək üçün hələ yetişməmişdir, onun əksəriyyəti mövcud ictimai qaydanı yeganə mümkün olan bir qayda hesab edəcək və siyasi cəhətdən kapitalistlər sinfinin quyruğunda gedəcək, onun ifrat sol qanadını təşkil edəcəkdir. Lakin o öz-özünü azad etmək üçün yetişdikcə, öz partiyasını yaradar, kapitalistlərin nümayəndələrini deyil, öz nümayəndələrini seçər. Ümumi seçki hüququ fəhlə sinfinin yetkinliyinin göstəricisidir. İndiki dövlətdə bu hüquq bundan artıq bir şey verə bilməz və heç vaxt verməyəcəkdir; lakin bunun özü də kifayətdir. Ümumi seçki hüququnun termometri fəhlələrin qaynama nöqtəsinə çatdığını göstərəcəyi gün, onlar da, kapitalistlər kimi, nə etmək lazım gəldiyini biləcəklər.

Deməli, dövlət əzəldən mövcud deyildir. Dövlətsiz keçinmiş olan, dövlət haqqında və dövlət hakimiyyəti haqqında heç təsəvvürləri də olmayan cəmiyyətlər olmuşdur. Cəmiyyətin siniflərə parçalanması ilə zəruri surətdə bağlı olan müəyyən iqtisadi inkişaf pilləsində dözlət həmin parçalanma nəticəsində bir zərurət olmuşdur. İndi biz sür'ətli addımlarla istehsalın inkişafında elə bir pilləyə yaxınlaşmaqdayıq ki, bu pillədə həmin siniflərin mövcud olması nəinki daha bir zərurət deyildir, hətta istehsal üçün bilavasitə maneə olur. Siniflər keçmişdə labüd olaraq meydana gəldiyi kimi, labüd olaraq yox olacaqdır. Siniflərin yox olması ilə dövlət də labüd olaraq yox olacaqdır. istehsalçıların azad və bərabər birliyi əsasında istehsalı yeni qayda ilə təşkil edəcək cəmiyyət bütün dövlət maşınını o zaman həqiqətən layiq olduğu yerə: cəhrə və tunc balta ilə yanaşı qədim şeylər muzeyinə göndərəcəkdir.

Beləliklə, deyilənlərə görə, sivilizasiya ictimai inkişafın elə bir pilləsidir ki, burada əmək bölgüsü, bunun nəticəsi olaraq, ayrı-ayrı şəxslər arasında mübadilə və bu proseslərin hər ikisini birləşdirən əmtəə istehsalı tam tərəqqiyə çatır və bütün əvvəlki cəmiyyətdə çevriliş yaradır.

İctimai inkişafın bütün əvvəlki pillələrində istehsal mahiyyətcə kollektiv istehsal idi, eyni ilə istehlak da daha böyük və ya daha kiçik kommunist icmaları daxilində məhsulların bilavasitə bölüşdürülməsindən ibarət idi. İstehsalın bu kollektiv xarakteri ən məhdud çərçivədə həyata keçirilirdi, lakin bu, istehsalçıların öz istehsal prosesi və istehsal məhsulu üzərində hökmranlığına səbəb olurdu. Onlar məhsulun başına nə gəldiyini bilirlər: onlar bunu istehlak edirlər, məhsul onların əlindən çıxmır və istehsal bu əsas üzərində davam etdikcə, o istehsalçıları ötüb keçə bilməz, sivilizasiya dövründə daim və labüd surətdə olduğu kimi, onlara yabançı olan əsrarəngiz qüvvələr doğura bilməz.

Lakin bu istehsal prosesinə yavaş-yavaş əmək bölgüsü nüfuz edir. Əmək bölgüsü istehsalın və mənimsəmənin kollektiv xarakterini pozur, ayrı-ayrı şəxslər tərəfindən mənimsəməni üstün bir qayda edir və bununla birlikdə onların arasında mübadilə doğurur–bunun necə baş verdiyini biz yuxarıda tədqiq etdik. Tədriclə əmtəə istehsalı hakim forma olur.

Əmtəə istehsalı şəraitində, artıq öz istehlakı üçün deyil, mübadilə üçün olan istehsal şəraitində məhsullar zəruri olaraq əldənələ keçir. İstehsalçı mübadilə zamanı öz məhsulunu verir; o daha həmin məhsulun başına nə gələcəyini bilmir. İstehsalçılar arasında vasitəçi rolunda pul, pulla birlikdə isə tacir meydana gəldikdə, mübadilə prosesi daha çox dolaşıq olur, məhsulların son taleyi daha çox qeyri-müəyyən olur. Tacirlər çoxdur və onlardan heç biri digərinin nə etdiyini bilmir. İndi əmtəələr nəinki əldənələ, hətta bir bazardan digər bazara keçir; istehsalçılar bütün öz həyat şəraitinin istehsalı üzərində hakimiyyəti itirmişlər, lakin bu hakimiyyət tacirlərin də əlinə keçməmişdir. Məhsullar və istehsal təsadüfün hökmranlığı altına keçir.

Lakin təsadüf qarşılıqlı asılılığın yalnız bir qütbüdür, onun digər qütbü isə zərurət adlanır. Sanki eyni ilə təsadüfün hökm sürdüyü təbiətdə biz artıq çoxdan hər bir ayrıca sahədə həmin təsadüf çərçivəsi daxilində özünə yol açan daxili zərurət və qanunauyğunluq olduğunu müəyyən etmişik. Lakin təbiət üçün qüvvədə olan şey cəmiyyət üçün də qüvvədədir. Müəyyən bir ictimai fəaliyyət, tam bir sıra ictimai proseslər insanların şüurlu nəzarəti altından nəqədər çox qaçırsa, onların hakimiyyəti altından çıxırsa, bu fəaliyyət nə qədər çox xalis təsadüfün ixtiyarına verilmiş bir şey kimi görünürsə, bir o qədər artıq dərəcədə bu təsadüfə xas olan daxili qanunlar həmin təsadüf çərçivəsi daxilində təbii zərurət kimi özünə yol açır. Bu cür qanunlar əmtəə istehsalı və əmtəə mübadiləsi təsadüfləri üzərində də hökm sürür: ayrıca bir istehsalçıya və mübadilə iştirakçısına bunlar yad, əvvəlcə hətta namə'lum qüvvələr kimi qarşı durur, bu qüvvələrin təbiəti hələ diqqətlə öyrənilməli və dərk edilməlidir. Əmtəə istehsalının bu iqtisadi qanunları həmin istehsal formasının müxtəlif inkişaf pillələrində öz şəklini dəyişir, lakin ümumiyyətlə və bütövlükdə bütün sivilizasiya dövrü onların hökmranlığı altında davam edir. Məhsul hələ indi də istehsalçılar üzərində hökmranlıq edir, hələ indi də bütün ictimai istehsal birlikdə düşünülmüş plan üzrə tənzim olunmur, kortəbii bir qüvvə ilə, son mərhələdə–vaxtaşırı ticarət böhranları fırtınalarında təzahür edən kor-koranə qanunlarla tənzim olunur.

Biz gördük ki, istehsalın nisbətən erkən inkişaf pilləsində insanın iş qüvvəsi istehsalçının yaşaması üçün lazım olduğuidan xeyli artıq məhsul verməyə qabil olur və bu inkişaf pilləsi, əsasən, elə o pillədir ki, burada ayrı-ayrı şəxslər arasında əmək bölgüsü və mübadilə meydana çıxır. Həm də indi az bir vaxt tələb olunurdu ki, belə bir böyük «həqiqət» kəşf edilsin: insan da əmtəə ola bilər, insan qula çevrildikdə, insanın qüvvəsini (1884-cü il nəşrində «insanın qüvvəsini» sözləri əvəzində «insanın iş qüvvəsini» çap edilmişdir. Red,) mubadilə və is tehlak etmək olar. İnsanlar mübadilə etməyə başlar-başlamaz, özləri də mübadilə predmeti oldular. Mübadilə edən dönüb mübadilə olunan oldu–insanlar istəsələr də, istəməsələr də belə oldu.

Sivilizasiyada özünün ən yüksək inkişafına çatmış olan köləliyin meydana gəlməsi ilə cəmiyyətin istismar edən siniflə istismar olunan sinfə birinci böyük.bölgüsu baş verdi. Bu bölgü bütün sivilizasiya dövrü ərzində davam etmişdir. Köləlik antik dünyaya xas olan ilk istismar formasıdır; bunun ardınca; orta əsrlərdə təhkimçilik, yeni dövrdə muzdlu əmək gəlir. Sivilizasiyanın üç böyük dövrü üçün xarakterik olan üç böyük əsarət forması bunlardır; açıq köləlik, yaxın zamanlardan bəri isə üstüörtülü köləlik həmişə onu müşayiət edir.

Əmtəə istehsalının sivilizasiya başlanan pilləsi iqtisadi cəhətdən bununla səciyyələnir: 1) metal pulun, bununla da birlikdə pul kapitalının, faiz və sələmçiliyin tətbiq edilməsi; 2) istehsalçılar arasında vasitəçi sinif olaraq tacirlərin meydana gəlməsi; 3) torpaq üzərində xüsusi mülkiyyətin və hipotekin meydana gəlməsi və 4) istehsalın hakim forması olaraq qul əməyinin meydana gəlməsi. Sivilizasiyaya yeni ailə forması–monoqamiya, kişinin qadın üzərində hökmranlığı və cəmiyyətin təsərrüfat vahidi olmaq e'tibarı ilə ayrıca ailə uyğun gəlir və bu yeni ailə forması onunla birlikdə öz hökmranlığını qəti bərqərar edir. Sivilizasiyalı cəmiyyətdə əlaqələndirici qüvvə xidmətini dövlət görür, bu da bütün tipik dövrlərdə yalnız hakim sinfin dövlətidir və bütün hallarda əslində məzlum, istismar olunan sinfi əzmək maşını olaraq qalır. Sivilizasiya üçün bir də aşağıdakı cəhət səciyyəvidir: bir tərəfdən, bütün ictimai əmək bölgüsünün əsası olmaq e'tibarı ilə şəhərlə kənd arasındakı əksliyin möhkəmlənməsi; digər tərəfdən, vəsiyyət tətbiq edilməsi; bunun vasitəsi ilə mülkiyyətni öz ölümündən sonrakı vaxt üçün də öz mülkiyyəti haqqında sərəncam verə bilir. Qədim qəbilə quruluşuna açıqca zidd olan bu tə'sisat Afinada lap Solona qədər mə'lum deyildi; Romada bu artıq əvvəlki mərhələdə tətbiq edilmişdi, lakin məhz nə zaman tətbiq edildiyi bizə mə'lum deyildir (Lassalın «Qazanılan hüquqlar sistemi» ikinci hissədə başlıca olaraq belə bir müddəa ətrafında dolaşır ki, Roma vəsiyyəti də Romanın özü qədər qədimdir, Roma tarixində heç vaxt «vəsiyyətsiz dövr olmamışdır», vəsiyyət daha çox Romadan əvvəlki dövrdə ölülər ayinindən meydana gəlmişdir. E'tiqadlı köhnə hegelçi olan Lassal Roma hüquq normalarını romalıların ictimai münasibətlərindən deyil, iradə haqqındakı «spekulyativ anlayışdan» hasil edir və bu zaman tarixə tamamilə zidd olan yuxarıdakı müddəaya gəlib çıxır. Müəllifin eyni spekulyativ anlayış əsasında romalılarda vərəsəlik zamanı əmlakın baştasına verilməsi xalis ikinci dərəcəli bir iş olması nəticəsinə gəlib çıxdığı bir kitabda bu, təəccüblü deyildir. Lassal nəinki Roma hüquqçularının, xüsusən daha əvvəlki dövrdə olan hüquqçuların xülyalarına inanır, hətta bu xülyalardan daha irəlilərə gedir.); germanlarda bunu keşişlər tətbiq etmişdilər ki, ədəb-ərkanlı german öz əmlakını maneəsiz kilsəyə vəsiyyət edə bilsin.

Bu dayaqlara əsaslanan sivilizasiya elə işlər görmüşdür ki, qədim qəbilə cəmiy.yəti hətta ən uzaq dərəcədə də buna gəlib çatmamışdı. Lakin sivilizasiya adamların ən alçaq arzu və ehtiraslarını hərəkətə gətirməklə və bu hissləri onların bütün qalan təmayülləri zərərinə inkişaf etdirməklə həmin işləri görmüşdür. Alçaq bir tamahkarlıq sivilizasiyanın birinci günündən bu günədək onun hərəkətverici qüvvəsi olmuşdur; sərvət, bir daha sərvət və üç qat sərvət, həm də cəmiyyətin sərvəti deyil, bu ayrıca bir zavallı fərdin sərvəti sivilizasiyanın yeganə, müəyyənedici məqsədi olmuşdur. Həm də bu cəmiyyətin dərinliklərində elm getdikcə daha çox inkişaf etmişsə və incəsənətin ən yüksək çiçəklənməsi dövrləri təkrar olunmuşsa, buna səbəb yalnız odur ki, bunsuz sərvət yığımı sahəsində bizim zəmanəmizdəki bütün nailiyyətlər mümkün olmazdı.

Sivilizasiyanın əsasını bir sinfin digər sinif tərəfindən istismarı təşkil etdiyinə görə, onun bütün inkişafı daimi bir ziddiyyət içərisində davam edir. İstehsalda irəliyə doğru hər bir addım eyni zamanda məzlum sinfin, yə'ni böyük əksəriyyətin vəziyyətində geriyə doğru bir addım deməkdir. Bə'ziləri üçün hər cür ne'mət labüd olaraq başqaları üçün bir bəladır, bir sinfin hər hansı yeni azadlığı digəri üçün yeni bir zülmdür. Bunun ən parlaq nümunəsi maşınlar tətbiq edilməsidir, bunun nəticələri də indi hamıya mə'lumdur. Həm də gördüyümüz kimi, barbarlarda hüquqları vəzifələrdən güclə fərqləndirmək olurdusa, sivilizasiya bir sinfə demək olar bütün hüquqları verməklə və digər sinif üzərinə demək olar bütün vəzifələri yıxmaqla, bunların arasındakı fərqi və əksliyi ən axmaq bir adama da izah edir.

Lakin bu olmamalıdır. Hakim sinif üçün yaxşı olan bir şey hakim sinfin özünü eyniləşdirdiyi bütün cəmiyyət üçün də bir ne'mət olmalıdır. Buna görə də sivilizasiya nə qədər irəliləyirsə, o özünün törətdiyi mənfi hadisələri labud olaraq məhəbbət pərdəsi ilə bir o qədər artıq pərdələməli, bunlara bəzəkdüzək verməli və ya yalandan inkar etməlidir,–bir sözlə, ümumən qəbul olunmuş elə bir riyakarlıq işlətməlidir ki, bu da nə cəmiyyətin daha əvvəlki formalarında, nə də sivilizasiyanın hətta ilk pillələrində olmuşdur, həm də bu riyakarlıq, nəhayət, belə bir müddəada öz yüksək nöqtəsinə çatır: istismarçı sinif məzlum sinfi yalnız və ancaq həmin istismar olunan sinfin xeyrinə istismar edir, əgər istismar olunan sinif bunu başa düşmüşsə və hətta buna qarşı üsyan etməyə başlayırsa bu, xeyirxahlara–istismarçılara qarşı ən alçaq bir nankorluqdur (Əvvəlcə mən sivilizasiya haqqında Morqanın tənqidi və mənim öz tənqidimlə yanaşı, Şarl Furyenin əsərlərinin muxtəlif yerlərində sivilizasiya haqqında təsaduf edilən parlaq tənqidi də vermək istəyirdim. Təəssuf ki, mənim bununla məşğul olmağa vaxtım yoxdur. Ancaq bunu qeyd edim: artıq Furyedə monoqamiya və torpaq mulkiyyəti sivilizasiyanın başlıca fərqləndiricn əlamətləridir və Furye sivilizasiyanı varlıların yoxsullara qarşı müharibəsi adlandırır. Eyni ilə biz onun əsərlərində artıq bunu da dərindən başa düşdüyunü görürük ki, mükəmməl olmayan, ziddiyyətlərlə didişdirilən bütün cəmiyyətlərdə ayrıca ailələr (les famillesincoherentes) təsərrüfat vahidləridir.).

İndi isə nəticədə sivilizasiya haqqında Morqanın mülahizəsi:

«Sivilizasiyanın gəlməsi ilə, sərvət o qədər çox artdı, onun formaları o qədər müxtəlif oldu, onun tətbiqi o qədər genişləndi, mülkiyyətçilərin xeyrinə onun idarə edilməsi elə məharət qazandı ki, bu sərvət xalqa qarşı duran yenilməz bir qüvvə oldu. İnsan ağlı öz yaratdığının qarşısında çaşmış və təşviş içərisində qalmışdır. Lakin hər halda elə bir zaman gəlib çatacaq ki, insan zəkası sərvət üzərində hökmranlıq üçün möhkəmlənəcəkdir, həm dövlətin müdafiə etdiyi mülkiyyətə dövlətin münasibətini, həm də mülkiyyətçilərin hüquq dairəsini müəyyən edəcəkdir. Cəmiyyətin mənafeyi ayrı-ayrı şəxslərin mənafeyindən şubhəsiz yüksəkdir və bunların arasında ədalətli və ahəngdar münasibətlər yaratmaq lazımdır. Tərəqqi keçmişin qanunu olduğu kimi, gələcəyin də qanunu olaraq qalarsa, sadəcə sərvət ardınca qaçmaq bəşəriyyətin son məqsədi deyildir. Sivilizasiyanın gəlməsindən bəri keçən müddət bəşəriyyətin yaşadığı vaxtın cüzi bir hissəsidir, onun hələ yaşayacağı vaxtın cüzi bir hissəsidir. Yeganə son məqsədi sərvət olan bir tarixi sahənin başa çatması bizə cəmiyyətin məhv olması təhlükəsini doğurur, çünki belə bir sahənin özündə onun məhv olması ünsurləri vardır. İdarəçilikdə demokratiya, cəmiyyət daxilində qardaşlıq, hüquq bərabərliyi, ümumi təhsil cəmiyyətdə təcrübə, zəka və elmin daim can atdığı sonrakı, daha yüksək pilləyə nur saçacaqdır. Bu cəmiyyət qədim qəbilələrin azadlıq, bərabərlik və qardaşlığının bərpası–lakin yüksək formada bərpası–olacaqdır» (Morqan, «Qədim cəmiyyət», səh.552) (Həmçinin bax: «Marks və Engelsin arxivi», IX cild, səh. 56–57. Red.).

1884-cü il martın axırlarında–mayın 26-da yazılmışdır.

1884-cü ildə Sürixdə ayrıca kitab şəklində çap edilmişdir.

İmza: Fridrix Engels





1 «Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi»–marksizmin əsas əsərlərindən biridir. Bu əsərdə bəşəriyyətin ilkin inkişaf mərhələlərində onun tarixinin elmi təhlili verilmiş, ibtidai icma quruluşunun dağılması və xüsusi mülkiyyətə əsaslanan sinifli cəmiyyətin yaranması prosesi aşkara çıxarılmış, bu cəmiyyətin ümumi səciyyəvi əlamətləri göstərilmiş, müxtəlif ictimai-iqtisadi formasiyalarda ailə münasibətlərinin inkişaf xüsusiyyətləri aydınlaşdırılmış, dövlətin mənşəyi və mahiyyəti aşkara çıxarılmış və sinifsiz kommunizm cəmiyyətinin qəti qələbəsi ilə dövlətin ölüb getməsinin tarixən labüdlüyü sübut edilmişdir.

«Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi» kitabı Engels tərəfindən iki ay ərzində–1884-cü il martın axırlarından mayın axırlarına qədər olan müddətdə yazılmışdır. Engels Marksın əlyazmalarını araşdırarkən mütərəqqi Amerika alimi L.H.Morqanın «Qədim cəmiyyət» kitabının müfəssəl konspektini tapmışdı, Marks tərəfindən 1880–1881-ci illərdə tərtib edilən bu konspektdə onun çoxlu tənqidi qeydləri və öz müddəaları, habelə başqa mənbələrdən götürülən əlavələri var idi. Engels bu konspektlə tanış olub yəqin etdi ki, Morqanın kitabı Marks və Engelsin özü tərəfindən hazırlanmış olan tarixin materialistcəsinə anlaşılması müddəasını və ibtidai cəmiyyət haqqında onların baxışlarını təsdiq edir, buna görə də Engels Marksın qeydlərindən, habelə Morqanın kitabında olan bə'zi nəticələrdən və fakt materialından geniş istifadə edərək xüsusi bir əsər yazmağı lazım bilmişdi. Engels buna Marksın «vəsiyyətinin müəyyən dərəcədə yerinə yetirilməsi» kimi baxırdı. Kitab üzərində işləyərkən Engels Yunanıstan və Roma, qədim İrlandiya tarixinə, qədim germanların tarixinə və i.a. dair öz tədqiqlərində əldə etmiş olduğu çoxlu əlavə materialdan da istifadə etdi. (Engelsin bu əsərlərinə bax: «Marka»,«Qədim germanların tarixinə dair» və «Frank dövrü», bu əsərlər K.Marksın və F.Engelsin Əsərlərinin 2-ci nəşrinin 19-cu cildində çap edilmişdir).

İbtidai cəmiyyət tarixinə dair yeni material toplanması ilə əlaqədar olaraq, 1890-cı ildə Engels öz kitabının yeni, dördüncü nəşrini hazırlamağa başladı. Bu nəşr üzərində işlərkən o həmin məsələyə dair bütün ən yeni ədəbiyyatı, xüsusilə rus alimi M.M.Kovalevskinin əsərlərini tədqiq etmiş, ilk mətndə çoxlu dəyişiklik və düzəliş aparmış, habelə xeyli əlavələr, xüsusən də ailə haqqındakı fəslə xeyli əlavə etmişdi.

Engelsin kitabının təshih edilib təkmilləşdirilmiş dördüncü nəşri 1891-ci ilin axırlarında Ştutqartda çıxmış və sonralar daha dəyişdirilməmişdir.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin