II.3. Semiotikanın sahələri
Aşağıda semiotik sahəyə daxil edilən tədqiqat istiqamətləri son dövrlərin nailiyyətləri hesab olunmalıdır:
Müasir tədqiqatlara əsaslanaraq semiotika sahələrini belə qruplaşdırmaq olar:
Zoosemiotika: bu semiotikanın aşağı səviyyisidir, burada kommunikativ davranış insan cəmiyyətindəki mədəni davranışdan aşağıda olanlardır. Heyvanlar arasındakı ünsiyyəti öyrənməklə biz insan ünsiyyətinin bioloji və təbii komponentlərini üzə çıxarda bilərik. Heyvan səviyyəsində də davranışlar içərisində “mədəni” və sosial davranış növlərini üzə çıxartmaq olar. Hansı heyvanların “ünsiyyət” davranışının insanlara ən yaxın olanını müəyyən etmək olar. Bu davranış üçün mühüm kodlar içərisində iy bilmə, toxunma və dad bilmə kodları mühüm rol oynayır. İy emosional mənada konnotativ dəyər kəsb edirsə, deməli, dəqiq referensial xarakterli qoxular var. Ç.Pirs bunları “İndices” adlandırırdı.14
Bunlara kimyəvi kvalifikatorlar kimi indikatorlar deyirlər. Qeyd edək ki, zoosemiotikanın inkişafında T.Sebeokun (1920-) xidmətləri böyükdür.
Korların ünsiyyəti, sosial vəziyyətlərin ifadəsində (öpüş, qucaqlaşma, şillə vurma, çiyninə toxunma) ünsiyyətə xidmət edən vasitələrdir. Dadbilmə yemək bişirmə sənətində çox vacib faktordur.
Paralinqvistik vasitələrə jestlər, mimikalar, bədən hərəkətləri və s. dillə və dilsiz ünsiyyətdə köməkçi vasitələr kimi çıxış edirlər. Bu zaman aydın dil strukturu olmayan vasitələri xüsusi fərqləndirməliyik:
a) səs növləri yaş, səhhət, əhval-ruhiyyədən asılı olaraq müxtəlif olur. Yaşlı adamın çox soyuq su içəndə səsi batır, o, güclə danışır;
b) səsin keyfiyyəti, tonun yüksəkliyi, artikulyasiya üzvlərinə nəzarət; səsin çıxması (gülmək, ağlamaq, hönkürmək, pıçıldamaq, bağırmaq, fəryad qoparmaq); tonun gücü və yüksəkliyi; səsin seqreqasiyası (dilin və dodaqların marçıldaması, partlayışlı, burunda danışmaq, fısıldamaq və nəfəs alanda çıxarılan səs, xorultu və s.), fit çalmaq və dəfdə işarə vermək də buraya aiddir.
Tibbi semiotika. Simptomla xəstəliyin əlaqəsi. Təzyiq artanda əhval-ruhiyyə aşağı düşür. Dəridə qaşınma və ya qızartı allergiyanın əlaməti ola bilər.
Kinetika və proksemika. Jestlərlə və gediş növü ilə nəyisə bildirmək, pantomim teatrında tez-tez rast gəldiyimiz oyun növləri buna misal ola bilər.
Musiqi kodları. Musiqi ilə ünsiyyət bura aiddir. Təbil çalınanda əsgərlər meydana toplaşır və ya həbsxanada yeməyə işarədir: müharibəyə səsləyən musiqi, gərginliyi götürən musiqi, şən musiqi və s.
Formalaşdırılan dillər. Cəbr, riyaziyyat, kimya və s. ümumi semiotikaya aiddir. Morze və Brayl əlifbaları, elektron kalkulyatorlar üçün formal dillər (pin kod və s.) bu qəbildəndir.
Yazılı dillər. Naməlum əlifbalar, gizli kodlar, kriptoqramlar və krossvordlar buraya aiddir.
Təbii dillər. Bu, fonologiyadan qrammatikaya və semantikaya qədər dilçiliyin sahəsidir.
Təbii dil insanın fikri fəaliyyətinin nəticəsi və vasitəsidir. Yalnız təbii dildə göndərilən informasiya insan tərəfindən başa düşülür. Bugünki təbii dillər cəmiyyətlərin tarixi inkişafının məhsuludur. İxtisas (məs.; kimya, riyaziyyat) və süni dillər (esperanto, ido və s.) müstəqil razılaşmaların konvensiyaları və ya sistemləridir. Ancaq onlar da təbii dilə söykənir.
Bu gün sözün yaranması ilə bağlı iki fikir mövcuddur: ya əşya ilə onu göstərən söz arasında kauzal əlaqə mövcuddur (bu o deməkdir ki, əşya sözün yaranması üçün səbəb rolunu oynayır), ya da söz əşyanın bildirilməsi üçün insan tərəfindən müəyyənləşmiş təmiz razılığa söykənir. Elə Platonun dövründə məsələ belə qoyulurdu. Bu yanaşmaların hər ikisində həqiqət qismən də olsa var. SSRİ dövründə kosmosa uçan peyk düzəldi, ona əşyanın yaranması nəticəsi olaraq rusca /sputnik/ adı verdilər.
Ancaq Azərbaycanda bunu /peyk/ adlandırırlar. Görünür şərq aləmində vaxtilə buna bənzər cihaz olub və ərəb dünyası onu /peyk/ adlandırıb. Başqa bir misal. Azərbaycanda alim /limonu/ və /portağalı/ calaq edib yeni meyvə növü əldə edəndən sonra onu /limpart/ adlandırmağı təklif edib Əslində bu sözün yaranma üsulu Azərbaycan dilində məlumdur. Sözlərin ilk hecaları götürülür və yeni söz yaradılır. Ancaq bu /limpart/ /Azneft/ kimi qısaltmalara bənzəyir. /Azərenerji/-nin də yaradıcısı yəqin ki, konkret bir adam olub, sonralar isə o söz geniş işlənməyə başlayıb.
Filosoflar birinci alternativi qəbul etmirlər, onların fikrincə əşya ilə söz arasında əlaqə kauzal deyil, ümumiyyətlə insan şüurundan asılı olmayan əlaqədir. Sözlər öncə obyektlərlə bağlanır. Dil işarəsi olan söz bilavasitə maddi ünsürlə deyil, şüur elementi ilə bağlıdır. Bu bağlılıq tarixən yaranır. Müəyyən mənada bu ikinci alternativə aiddir. O mənada konvensiallıqdan danışmaq olar ki, sözlər əks etdirdikləri, bildirdikləri obyektlərdən yaranmır, hətta heç onlara oxşar da deyil. Əks təqdirdə müxtəlif dillərdə müxtəlif sözlər eyni anlayışlar ifadə edə bilməzdi. Ancaq onlar müəyyən konstruksiyalar mənasında konvensial deyildir. Sözlər bir dəfə yaranır, öz nisbi həyatını qazanır, artıq onlar ayrı-ayrı insanların iradəsindən asılı olaraq deyil, cəmiyyətin inkişaf mübarizəsində formalaşır.
Azərbaycan xalqı XX əsrin axırlarında müstəqilliyi uğrunda mübarizəyə atılanda dildə də müəyyən dönüş yaranması ehtiyacı vardı. Bu zaman XIX əsrin axırlarına qədər malı-mülkü olan kişilərə müraciət forması olan /bəy/ sözündən geniş istifadə olunmağa başlanır. Sovet dönəmində cəmiyyət /yoldaş/ sözündən bezmişdi, tezliklə /bəy/ sözü leksikona daxil oldu və cəmiyyətdə sosial tarazlığı bildirən /xanım-bəy/ qarşılaşmasının tamhüquqlu tərəfi kimi qəbul edildi. Sonralar bunu çıxardıb əvəzində ərəb mənşəli /cənab/ sözünü qəbul etdirməyə çalışsalar da, bu uğur qazanmadı. Düzdür, bu gün rəsmi dairələrdə /cənab/ işlənir, amma dil baxımından o, /xanım-bəy/ qarşılaşmasının hüdudlarına sığmır.
Təbii dildə yüksək dərəcədə abstraksiya və müxtəlif tarixi inkişaf yolu keçmiş ifadələr var. Onların yanbayan işlənməsi dilin zənginliyi baxımından üstünlük kimi götürülə bilər. Eyni zamanda onlar insanın şüurlu və fiziki fəaliyyətinin bütün sahələrini ifadə etmək gücündədir. Ancaq bu yanbayan mövcudluq bəzən çətinliklərə, anlaşilmazlıqlara, hətta ziddiyyətlərə gətirib çıxardır.
Bəzən deyirlər ki, dil formaları ifadə etdikləri fikirlərdən qədimdir. Burada müəyyən həqiqət var. XX əsrin sonlarına qədər dil hər şeyi ifadə etməyə qadir idi. Ancaq kompyuter texnologiyası və internet şəbəkəsi yarananda dillərin çoxu bu yeniliyi adekvat ifadə etməkdə çətinlik çəkirdi. Bu gün /kompyuter/, /internet/, /mobil/, /mesaj/ v. s. kimi yeni sözlər dediklərimizə bariz nümunədir. Bəzən bizdə /kompüteri/ bilgisayar kimi vermək istəsək də, redaksiyalarda orfoqrafiya lüğətlərini göstərib deyirlər ki, dildə olmayan sözü necə işlədə bilərik. Odur ki, müasir lüğətlər ciddi şəkildə nəzərdən keçirilməli, yeni sözləri əks etdirməlidir.
Bəs sinonimlər? Bəs çoxmənalı sözlər? Hətta bəzən sözün tam məna sərhədi dəqiq olmadığından ünsiyyətdə çaş-başlıq yaranır. Tələbənin imtahandakı cavabını “yaxşı” qiymətləndirəndə bunun aşağı və yuxarı həddi bilinməlidir. Ancaq əksər hallarda yuvarlaq, ortaq məxrəc əsas götürülür. Bütün bunlar hamısı təbii dillərin məntiqi-idrak nəzəriyyəsi baxımından dərindən təhlil edilib öyrənilməsini zəruri edir.
Əlbəttə, müxtəlif dövrlərdə bu çətinlikləri aradan qaldırmağa cəhd göstəriblər. Məsələn, Q.V. Laybnis istəyirdi ki, dillə gerçəklik arasında izomorfluq olsun, yəni sözlərin mənası həmişə sabit qalsın və bununla da ideal dil yaransın. Belədə sinonimlikdən və omonimlikdən söhbət gedə bilməz. Dialektika özü dildə təmsil olunursa, o zaman ondan danışmaq olar. Düşüncənin müxtəlif formaları üçün dilin imkanı varsa, deməli, o dil zəngindir.
Peşə dilində biz izomorfluğu, qismən də olsa, görürük. Peşə dili deyəndə, konkret bir elm və ya sənət, peşə sahəsində işlənən adi dil başa düşülür. Əlbət ki, burada məntiqi və idraki terminlər olmalıdır. Məsələn, fiziklərdə /kütlə/ və /qüvvət/ sözlərini tez-tez işlədirlər. Bunlar adi dildə də işlənir. Ancaq fizikada çox dəqiq bilinir ki, bu sözlər nə deməkdir. İxtisas sahəsində sözün mənası çox konkret və birmənalı olmalıdır. Bu zaman əvvəllər işlənmiş söz sənaye və istehsalın yeni tələbinə uyğun olaraq yeni məna kəsb edir. Məsələn, alm. dilində /Wagen/ indi maşın mənasında işlənir. Ancaq onun ilkin mənası /vaqon/ olub. Yanbayan işlənən köhnə və yeni sözlər çoxmənalılığın yaranmasına səbəb olur. Elə /sahə/ sözü əvvəllər əkin sahəsini, indi isə fizikada elektromaqnit sahəsini, riyaziyyatda isə vektorlar sahəsini bildirir.
Əvvəllər atom bölünməz kimi götürülürdü. Onda o, elementar hissəcik idi. Ancaq XIX əsrin sonlarında məlum oldu ki, atom elektronlara, protonlara, neytronlara və s. bölünür. Deməli, sözün mənasında ciddi yenilik yarandı. Peşə sahəsində yeni məfhum köhnənin inkarı üzərində qurulur.
Yeni yaranan termin məntiqin çərçivəsinə sığmalı, bir də ona həqiqi elmi tələbat olmalıdır.
Adi dildən peşə dilinə keçid empirik yarımelmi istehsalın nəzəri cəhətdən düşünülmüş və sınaqdan keçirilmiş istehsala keçidi deməkdir. Təbii dillə ixtisas dilinin münasibətinin çözələnməsi birbaşa fəlsəfi məsələdir. Fəlsəfə mücərrəd elmdir. Bu əlaqələrə fəlsəfənin münasibətini bir misalla açaq.
Adi dildə /hərəkət/ sözü var. Fizikada da, başqa elm sahələrində də bu söz işlənir.
Fəlsəfə isə onu fəlsəfi mənada işlədir. Adi dildəki və ixtisas dilindəkiləri abstraktlaşdırır. Fizikada yalnız fiziki hərəkətdən söhbət gedirsə, fəlsəfədə fiziki, bioloji, tarixi və s. formalardan söhbət gedir. Eyni şeyi biz başqa terminlər haqqında da deyə bilərik. Fəlsəfə tarixi həm də fəlsəfi terminlərin yaranması tarixidir. Məs., /şey, zərurət, təsadüf, qanun/ və s.
Süni dil də müəyyən bir elm sahəsi üçün ideal dildir. Süni dildə əsas işarələr verilir və onlardan yeni mürəkkəb işarələr düzəltmək üçün qaydalar müəyyənləşir. Məsələn, məntiqdə tətbiq olunan dil. Əsas işarələrdən düzgün və yanlış ifadələr tətbiq olunur. Süni dil elmin müəyyən sahəsində ideal ifadə vasitələri yaratmaq üçündür. Q.V. Laybnis və B. Rassel (1872-1970) bunun tərəfdarı olmuşlar. Arqumentləri isə bunlardır:
a) təbii dildən fərqli olaraq bir sıra anlayışlara dəqiqlik vermək üçün simvollar götürülür və stenoqrafik qısalıqla müəyyən bir elm sahəsi böyük ifadə imkanı qazanır. Redundantlığı aradan qaldırır. Uzun cümlələr qısa və yığcam formalarda verilir. Şərhdə səhvləri istisna edir. Deməli, dəqiqlik və yığcamlıq əsas şərtdir;
b) süni dil alqoritmik əməliyyatla forumllar düzəltməyə imkan verir. Burada çoxmənalılıq da aradan qalxır.
Məsələn, /Bakı Azərbaycanın paytaxtıdır/ (eyniyyət) simv. x≡y simv.
/Bakı milyonçular şəhəridir/ (elementlər əlaqəsi). xєA
/Balina məməli heyvandır/ (mövcydluq əlaqəsi). simv. AB
Süni dil hərtərəfli ideal dil deyil. Süni dil konkret obyekt sahəsinə aiddir. O, bu sahədə yoxlanıla bilər. Emosiya-filan burada mümkün deyil. Süni dil bəzi sahələrə tətbiq olunur: riyaziyyat, fizika, kimya, məntiq və s. Təbii, peşə və süni dillər arasında keçilməz sədd yoxdur.
Təbii dillər hər bir süni dil üçün metadil rolunu oynayır. Onlar süni dilsiz mövcuddurlar, süni dillər isə təbii dillərsiz mövcud ola bilməz. Süni dillərin təhlilindən alınan nəticələri təbii dillərə şamil etmək düz deyil. Ancaq süni dillər avtomatikanın və kibernetikanın əcasını təşkil edir. Avtomatik tərcümə də buna misal ola bilər. Çünki maşın bir dilin işarələrini başqa dilə çevirməlidir-simvollara və onların əlaqəsinə. Riyazi dilçilik bir məsələni həll etməlidir: “təbii və süni dillərin qarşılıqlı əlaqəsi hansı məhdudiyyətləri aradan qaldırmalıdır sualına?” cavab verməlidir. Proqramlar, kibernetik maşınlar süni dillərin tətbiqinə gözəl nümunədir. Burada olanın təsviri yox, dəyişməsi nəzəriyyəsi lazımdır.
Həyat özü süni dillərin tətbiqini əsaslandıracaq.
Burada metadil haqqında da bir neçə soz demək lazımdır. Dillərdə (alman, ingilis, rus və s.) bir dildən söhbət gedirsə, məsələn, Azərbaycan dilindən, bu dilə obyekt dili deyilir. Obyekt dil haqqında hansı dildə danışılırsa ona metadil deyilir. Əgər alman dilində Azərbaycan dilinin sistem və struktur məsələləri araşdırılırsa, alman dili metadil, Azərbaycan dili isə obyekt dil kimi çıxış edir.
Vizual ünsiyyət. Siqnal etiketləri, qrafik sistemləri, oyun kartları, rebus, arxitektonik proyektlər, xoreoqrafik qeydlər, coğrafi və topoqrafik xəritələr buraya daxildir.
Obyektlər sistemi: arxitektura və obyektlər.
İntriqaların strukturu: oyunlar və folklor deyimləri, kriminal romanlara, KİV-lərə qədər.
Mədəni kodlar: etiketlər, hierarxiya göstəriciləri, mədəniyyətlərin tipologiyası, dünyagörüşünün ictimai təşkilinin modelləri, mədəni kodlar.
Estetik kodlar və xəbərlər. Estetik zövq və ləzzət, mədəniyyət və cəmiyyət arasındakı əlaqələr, işarələrin estetik istifadəsi bu qəbildəndir.
KİV. Çoxsaylı problemlərin həllinə kömək edilir. Bu semiotika kriminal roman, şlager, film, detektiv və s. sahələri əhatə edir.
Cəmiyyətdəki fərqlər və oxşarlıqlar, kommunikasiya kanalları sosial fərqləri nəzərə almaqla işləməsi; produksiyanı son dərəcə yaxşı hazırlayıb yaymaq və s. Müasir texnologiya xəbərin nəinki formasını, həm də məzmununu dəyişir.
Ritorika: Aristoteldən bəri ritorika semiotikanın obyekti olub. O, ümumi semiotikanın ikinci yerində gəlir16.
Burada məlumat verən yox, nəyəsə xidmət edən işarələr çözələnməlidir. Arxitekturada istifadə olunan obyekt həm də bu istifadənin işarəsidir.
Buraya semiotikanın fəlsəfi problemləri daxildir. Burada semiotik qanunlar operasiya modelləri kimi götürülür, yəni o, struktur məntiqlə dialektik məntiq arasındakı dialektik vəhdətdir.
Maraqlı problemlərdən biri də ünsiyyət dünyası ilə qeyri-semiotik vəziyyətlər dünyası arasındakı işarənin rolu ilə bağlıdır. Kommunikasiya ilə məşğuliyyət yəqin qeyri-semiotik vəziyyətlə bağlıdır. Semiotika təkcə işarələr nəzəriyyəsilə deyil, həm də işarələr praktikasının metodologiyasını nəzərdən keçirməlidir.17
II.4. Fəslin ədəbiyyatı və qeydlər
1. U.Eco Einführung in die Semiotik. Wilhelm Fink Verlag. München, 2002; Н.Б.Мечковская. Семиотика, язык, природа, культура. «Академия», 2004, s.6.
2. F.de Saussure. Grundfragen der allgemeinen Sprachwissenschaft. Berlin, 1967, s.19.
3. R.Jakobson. Ein Blick auf die Entwicklung der Semiotik. İn. “Roman Jakobson. Semiotik. Ausgewählte Texte. 1919-1982”. Hrsg. von Elmar Holenstein. Frankfurt am Main, 1992, s.108-139.
4. U. Eco. Göstərilən əsəri, s.17.
* Semiotika yunanca se`me`ion (işarə, əlamət) sözündən olub cəmiyyətdə,təbiətdə və insanın özündə informasiyanın yaranması, saxlanılması, ötürülməsi və işlədilməsi vasitələri olan işarələri və onların sistemlərini öyrənir. Bax: U.Eco.Göstərilən əsəri, s. 17-25.
5. Yenə orada.
6. G.Klaus. Semiotik und Erkenntnistheorie. Berlin, 1969. s.51.
7. P.J.King. 100 grosse Philosophen. Ihr Leben und ihr Werk. Bassermann,2009, s.10-41.
8. Г.Лейбниц. О словах. «Сочинения в 4-х томах». M., «Мысль», 1983, том.2, s.274-363. Q.V.Laybnis işarə edirdi: “Bütün insan düşüncəsi işarələrlə həyata keçirilir”. Laybinsə görə insan düşüncəsi işarələrlə (signa) mümkündür. Sözlər (signa) bütövlükdə ümumi işarədir, təxminən sözlər, hərflər, kimyəvi, astronomik fiqurlar, çin hieroqlifləri, musiqi notları, qızli yazılı, arifmetik, cəbr, qeydlər, qısası təfəkkürümüzdə şeylər üçün istifadə etdiyimiz hər şey. İnsan təfəkkürü bu işarələrin (signa) və ya xarakterlərin (charakteres) köməyilə fəaliyyət göstərir. Xarakterlər isə yazılı, çəkilmiş və ya həkk edilmiş işarələrdir. Bax: Klassiker der Srachpilosophie. Von Platon bis Noam Chomsky. Hrsg von T.Borsch, München, 1996, s. 153.
İnsanın dərki üçün işarə mühüm rol oynayır. Formal və ya təbii dil işarəsi olmasından asılı olmayaraq işarələr bir neçə funksiya daşıyır:
9. İşarələr ifadə və ya təmsil etdikləri nəyinsə əvəzinə işlənir;
10. Bu zaman onlar yaddaş üçün bildiriş işarələri kimi fəaliyyət göstərir;
11. İfadə edərkən söhbət ilk öncə adlardan getmir, işarə daha çox müxtəlifliyi sistem kimi göstərmək, bununla da ümumini bildirməyə xidmət edir;
12. Bununla işarələr abstrakt təfəkkürün mümkünlüyünə xidmət edir;
13. Bir yerə cəmləməklə nəhayət işarələr sistemləri yaradır və dili sərvət kimi təşkil edir. Bax: Klassiker... s. 152-160.
14. Y.G.Herder. Abhandlungen über den Ursprung der Sprache. Hrsg von H.D.İrmscher, Stuttgart, 1966. Dillə düşüncənin qarşılıqlı əlaqəsindən bəhs edən bu əsərdə Y.G.Herder yazırdı ki, əql dili, dil isə əqli inkişaf etdirmək üçündür. O, ana dilini dünyanı dərk etmək vasitəsi, fikir materiyası və düşüncənin forması və bütünlükdə xarici dilin transendental sintezi hesab edirdi. Dilin yaranmasına dair irəli sürdüyü fikirlərin içərisində o, əql və dilin əlaqəsini şərh edərək yazırdı: işarələrin tanınmasının semiotik cəhətindən danışarkən refleksiv, mahiyyətcə insana xas işarələri indeksikal heyvan işarələrindən fərqləndirirdi. Bax: Klassiker s. 226-228.
15. W. von Humboldt. Über die Venchiedenheit des menschlichen Sprachbaues und ihren Einfluss auf die geistige Entwicklung des Menschengeschlechts. Über die Sprache. Wiesbaden,2003.
V.fon Humboldt dildən bəhs edəndə onun ünsiyyət vasitəsi kimi instrument olması fikrilə razılaşmır. Platonun işlətdiyi orqanon terminindən istifadə edərək o yazır ki, ad konvensional (razılaşdırılmış) işarə deyil, o, olanı fərqləndirən orqanondur. Dil daxili orqanon olduğundan, insana ilkin və təbii verilib, o, insanın təbiətindəki instinktindən, daxili tələbatından yaranır, özü də başqaları ilə razılaşmada özünü və dünyanı səslərlə yaratmaq üçün meydana gəlir. “Deməli, dil dünya predmetlərinin xarici olumunu fərqləndirən orqanon deyil, həm də Mənin daxili varlığını, bildirən, Məndən ayrılmayan və Mənlə sonda identik olan orqandır”.
W.von Humboldt. Göstərilən əsəri, s.14.
16. Ch.W.Morris.Signs, Language and Behavior. N.-York, 1946, Bd.1.
17. Ch.W.Morris. Göstərilən əsəri, s. 58.
18. А.Ельмслев. Пролегомены к теории языка. // Зарубежная лингвистика. Вып. 1, М., 1999, s.231.
18. Pierce Ch.S.Collected Papers I-VIII. Harward University Press. 1931-1958.
19. S.Petrilli and A.Ponzio. Thomas Sebeok and the Signs of Life. Postmodern Encounters. Jeon Books Ltd., 2001.
20. U.Eco. Göstərilən əsəri, s. 17-29.
III. Semiotikanın tarixinə bir baxış
III.1. Qədim dövrlərdən pirsəqədərki semiotika
Söz və onun referenti, denotatı həmişə insanı düşündürüb. Əski çağlardan bu məsələyə iki yanaşma bir-birindən fərqlənib. Qədim yunanlarda bir tərəfdən söz əşyanın adına, onun təbiətinə uyğun hesab edilirdi. Bu nəzəriyyəni füsey (fhysis, yunanca “təbiət” sözündəndir) adlandırırdılar.1 Onu Herakl tərəfdarları, sonralar stoiklər, qismən də qnostiklər və pifarqorçular qızğın müdafiə edirdilər. Bunun əksinə olaraq tesey nəzəriyyəsi (thésis-yunanca “müddəa”, “fikir” sözündəndir) adların şərtliyini, şüurlu olaraq cəmiyyətdə razılaşma əsasında mövcudluğunu əsas hesab edirdi. Bu ideyanı Platon və Aristotel də müdafiə edirdilər.2
Füseyçilər təbii bağlılığı danışıq səslərinin ətraf aləmə yaradıcı təsirində və onların insanın fizioloji hisslərilə şərtlənməsində görürdülər. 6 əsrdən sonra Avqustin (354-430) stoikləri belə şərh edirdi: “adların təbiiliyi”, birincisi, səs təqlidilə (yəni dəmirin dıngıltısını, atın kişnəməsini və ya zəncirin cırıldamasını ifadə etmək üçün işlədilən sözlər) yaranan sözlərlə, ikincisi, şeylərin insana təsirindən yaranan təəssürat arasında oxşarlıqla sübut olunur.3
Şeylər sözlər kimi təəssürat yaradır. /Bal/ deyəndə insanda şirinlik dadı, /yun/ deyəndə yumşaqlıq təəssüratları yaranır. Təəssürat bəzən o qədər güclü olur ki (məsələn, iylənmiş ərzaqdan), adam iyrənməkdən özünü güclə saxlayır. Adların təbiəti haqqında Platon özünün məşhur “Kratil” dialoqunda geniş danışır. Üç nəfər - Kratil, Hermogen və Sokrat adların düzgünlüyü barədə mübahisə edirlər. Kratil əsl adların düzgünlüyünü, yəni adların təbiətən verildiyini bildirir. Hermogen heç bir təbiiliyi qəbul etmir, adların qanun və adət əsasında verilməsi ideyasını müdafiə edir. Sokrat (Platonun özü) isə hakim rolunda çıxış edir və iddia edir ki, adlar verilir, ancaq onları verən onomatotet (yunanca onomato-thétés birləşməsindən ibarət olub hərfi mənası onomo – “ad” və thétés-güman etmək, müəyyən etmək, həmçinin onomatōn sözü vardır ki, bu da “ad verən” demək idi) elə edir ki, adların əmələ gəldiyi səslər adlanan əşya və ya hərəkətin “təbiətinə” cavab versin.4
Sözün əmələ gəlməsilə bağlı “təbiətlə” “razılaşma” arasındakı əlaqəyə dair Platonun kompromisi ondadır ki, söz tarixən yaranarkən onun səs qabığı ilə adlandırdığı şey arasında daxili bağlılıq olur, ancaq sonralar o qədər düzəltmə sözlər mənaca müxtəlif olur ki, ilkin bağlılıq (motivasiya) itir, adla şey arasındakı əlaqə ənənəyə, razılaşmaya (təbiətinə yox) əsaslanır. Bu əsil semiotik açıqlamadır.
Semiotikanın pirsəqədərki inkişafının ayrı-ayrı mərhələləri bir neçə şəxsiyyətin, alimlərin adı ilə bağlıdır. Onlardan bəzisini burada qeyd etməyə dəyər:
1. İskəndəriyəli Filon Pisaniyada (b.e.ə. 25- e.s. 50-ci illər) mətnin 4 anlamı və onun müxtəlif şərhi haqqında fikirlərə rast gəlmək olur;
2. Dionisiy Areopagitr (V və ya VI əsrin əvvəli) dərketmədə insan dilinin gücsüzlüyü ilə bağlı yeni platonçuluq ideyaları irəli sürür;
3. Universaliyaların (ümumi anlayışların) təbiəti və ifadələri haqqında nominalistlərlə realistlərin dartışmaları olduqca ciddi maraq doğurur;
4. Yapon şairi, filosofu, missioneri və ilk avropalı ərəbşünası R.Yulliyin hazırladığı və qismən reallaşdırdığı məntiqi avtomatın iş prinsipləri göstərir ki, işarə və işarələr problemi antik dövrdən başlamış, orta əsrlərdə və renessans dövründə həmişə tədqiqatçıların diqqət mərkəzində olub.
Elm mərkəzinin şərqdə çiçəklənməsi təfəkkür və dil əlaqələrinin öyrənilməsinə təkan verdi. İbn Sina (980-1037), böyük filosof Bəhmənyar (- 1067), Nəsrəddin Tusi (1201-1274) və başqaları semiotika terminini işlətməsələr də işarələrdən geniş bəhs etmiş, onların xüsusiyyətlərini açıb göstərməyə çalışmışlar. Məsələn, İbn Sina işarələrin 3 tipini fərqləndirmişdir: əqli, təbii və süni (düzəldilmiş – F.V.) işarələr. Əqli işarələrin yaranmasına səbəb kimi o, ağlın fəaliyyətini göstərir. Yəni insan öz ağlının gücü ilə müşahidə elədiyi hadisəyə ad verir. Ocaqdan qalxan tüstüyə şərh vermək və ya meşədə gəzən ayının ayaq izlərini “ləpir” adlandırmaq insan zəkasının məhsuludur. Ancaq emosional və psixoloji vəziyyətdən doğan əlamətləri təbii işarələrə aid etmək olar. Sifətdəki qızartı xəstəliyin və ya utancaqlığın, sifətin ağarması isə qorxunun əlaməti kimi dəyərləndirilə bilər. Üçüncü növ işarəyə isə o yazını və ya hər hansı bir söyləmi misal göstərir. Hər ikisi insanın şüurlu şəkildə yaratdığı işarədir. Birinci dilin şifahi formasını yazıda əks etdirmək üçün insanlar tərəfindən yaradılmışdır, ikincisi isə fikrin sözlərlə ifadəsidir. Süni dillər (esperanto, ido və s.), müxtəlif əlifbalar (Morze, Brayl), riyazi formullar, formal məntiqin simvolları buraya aid edilə bilər.5
Doğrudan da, qara paltar yas, ağ isə toy mərasiminin simvoludur. Lakin elə xalqlar var ki, onlarda yasda və toyda başqa rəngli paltarlar geyinirlər. Burada işarənin anlam dəyəri əsas rol oynayır: “... kimsə qar üzərindəki insan izlərini başa düşürsə, o, insanın oradan keçib-keçməməsi haqqında fikrə malik olacaqdır”.6
İbn Sina işarələrin predmet və gerçəklik dəyəri (anlamı - F.V.) ilə mənası arasındakı əlaqəni açıb göstərməyə çalışırdı. İşarənin predmet və ya gerçəklik dəyəri onun mənasını başa düşməkdə mühüm rol oynayır.
Cəmiyyətin iştirakı ilə yaradılmış işarələr (söz, söz birləşməsi, söyləm, cümlə və s.) real gerçəkliyin dildə əks olunmasıdır.
Bununla yanaşı, İbn Sina söz-işarələrin 3 növünü göstərirdi: 1) razılaşdırılmış işarə; 2) mənalı işarə; 3) işarə-zərurət. Birinci halda bütün cəmiyyət üzvləri üçün dilin bu və ya digər sözü konvensiya (razılaşma) prinsipinə əsaslanır. Azərbaycanlıların hamısı bilir ki, /ev/ evdir, /dağ/ da dağdır. Ancaq Azərbaycan dilini bilməyənlər üçün bu sözlər adi səs ardıcıllığıdır və təbii ki, heç bir məna bildirmir.
N.Hüseyinli yazır ki, İbn Sina öz işarə nəzəriyyəsində G.Pirsi və G.Morrisi bir neçə əsr qabaqlayıb və hələ X-cu əsrdə işarələrin sintaktik (bir-birinə münasibətini), semantik (gerçəkliyə münasibətini) və praqmatik (işarənin onu işlədənə münasibətini) açıb göstərməyə müvəffəq olmuşdur.7
Azərbaycanın XIII əsrdə yaşayıb yaratmış görkəmli astronomu, filosofu, riyaziyyatçı və məntiqçisi N. Tusi də idrak nəzəriyyəsində və xüsusi elm sahəsi kimi götürdüyü məntiqdə İbn Sinanın işarələr haqqındakı fikirlərini inkişaf etdirmiş, işarə və referens, işarə və inferens əlaqələrini açıb göstərməyə nail olmuşdur. Əslində bu böyük alimin elmi görüşləri, o cümlədən işarə ilə bağlı çox dəyərli fikirləri sonradan qərb fəlsəfəsində geniş müzakirə mövzusuna çevrilsə də, ona istinad edilmir və onun adı heç çəkilmir.8
Qeyd edək ki, N.Tusinin Marağa rəsədxanasında çoxşaxəli elmi fəaliyyəti olmuşdur. Azərbaycan elmində N.Tusinin elmi yaradıcılığını geniş planda işıqlandıran A.Rzayev (1923-) və işarə nəzəriyyəsinə dair söylədiyi fikirləri müasir fəlsəfi baxımdan şərh edən N.Z. Hüseyinli olmuşdur. 9
Artıq J.Lok XVII əsrin sonlarında özünün məşhur “Essay...” əsərində intelektual dünyanın 3 böyük sahəsini xüsusi qeyd edirdi, onları öyrənən elmi “Işarələr haqqında təlim” adlandırırdı.10 Sözlər ən adsız işarələrdir. O yazırdı ki, fikirlərimizi bir-birimizə çatdırmaq və onları özümüzün işlətməsi üçün ideyalarımızı bildirən işarələr çox vacibdir. Onlardan insanlar üçün əhəmiyyətlisi və buna görə də ən geniş işlədilənləri üzvlənən səslərdir. İdrakın ən vacib instrumenti olan sözlərə J.Lok adını çəkdiyimiz kitabın üçüncüsünü həsr etmişdir.
Bu oçerklərlə yaradıcılığının lap başlanğıcında tanış olan Y.Lambert (1728-1777) özünün fenomenoloji düşüncənin inkişafında mühüm rol oynamış “Yeni Orqanon” əsərində J.Lokun ideyalarından bəhrələndiyini xüsusi qeyd edir, hərçənd ki, o, axırıncının sensualist fikirlərini kəskin tənqid edir. Y.Lambert hər biri iki hissədən ibarət olan iki cildli əsərinin 3-cü hissəsini semiotika və ya fikirlə şeylərin ifadəsi haqqında təlimə həsr edir.11
Y.Lambert semiotika bəhsində 9 fəsildə dildən danışır, yalnız bir fəsildə başqa işarə sistemlərini araşdırır. Beləliklə, məlum olur ki, dil nəinki özü-özlüyündə vacib və qeyri-adi ünsiyyət vasitəsidir, o həm də işarələrin digər növlərində özünü büruzə verir. Dilin strukturunu öyrənən elmi “Grammatica universalis” adlandıran Y.Lambert yazır ki, dildə ixtiyarilik, təbiilik və vaciblik bir-birilə çulğalaşır. Təbiiliklə vacibliyi dilin predmetinə çevirmək gərək, ancaq ixtiyariliyi imkan dairəsində qismən kənarlaşdırmaq, qismən də təbiilik və vacibliklə sıx əlaqədə götürmək lazımdır.
Y.Lambert “inikasın” semiotik mənasına toxunur. Qeyd edək ki, düz bir əsr sonra G.Pirs bunu “ikonlar” və ya “bərabərliklər” (likeness) adı altında işlədir. O, daxili strukturu “oxşarlıqlar əlaqəsinə” söykənən işarələr kimi nəzərdən keçirir. Ancaq metaforik işarələri şərh edərkən o sinesteziyanın təsirindən danışır. Y.Lambert həmçinin qeyri-sözlü ünsiyyət sırasında musiqidən, xoreoqrafiyadan, heraldikadan (gerblər haqqında elm - F.V.), ideoqrafik şəkilçilərdən və mərasimlərdən danışır.12
İşarənin fəlsəfi baxımdan öyrənilməsində Polşa filosofu J.Vronskinin (1778-1853) xidmətləri xüsusi qeyd edilməlidir. O, işarənin təbiətini 5 mövcudluq baxımından öyrənməyə çalışır: 1. Modallıq (xüsusi/ümumi işarələr); 2. Keyfiyyət (müəyyən/q-müəyyən işarələr); 3. Kəmiyyət (sadə/mürəkkəb işarələr); 4. Relasion (təbii/süni işarələr); 5. Bütövlük (vasitəli/vasitəsiz işarələr).13
Praqa filosofu B.Bolzano (1781-1841) özünün 4 cildlik əsərinin son iki cildində semiotikaya geniş yer ayırır. O, J.Lokun və Y.Lambertin fəaliyyətini yüksək qiymətləndirir və “Semiotika”-nı ayrıca fəsildə, “İşarə nəzəriyyəsini” isə mətnin əvvəlində bir bölmə kimi verir. Sonra da əsərin 637-ci paraqrafında onları “işarə nəzəriyyəsi və ya semiotika” başlığı altında birləşdirir.14
B.Bolzano işarəyə belə tərif verir. “Təsəvvür vasitəsilə predmet haqqında insanda onunla (predmetlə - F.V.) bağlı başqa təsəvvürü yeniləyərək öyrənmək istəyiriksə, o, bizim üçün işarədir”15. Bu alim semiotikaya bir sıra yeni anlayışlar gətirir, işarənin anlamı ilə mənasını fərqləndirir. O, işarəni işlədən və qəbul edən, başa düşülən və başa düşünülməyən baxımından da fərqləndirir, habelə o, işarələrin “düşünülən” və linqivistik izahını verir, onların ümumi və xüsusi, təbii və təsadüfi, ixtiyari və qeyri-ixtiyari, eşidilən və görünən, sadə və mürəkkəb, təkmənalı və çoxmənalı, ilkin və düzəltmə, aydın və q/aydın, özəl və keçmə, metonimik və metaforik, vasitəli və vasitəsiz növlərini fərqləndirir. O həmçinin işarə ilə əlaməti (İndizes), ünsiyyətdə başqalarına yönələnlə insanın özü ilə danışanda işlətdiyi işarələri də fərqləndirir.
E.Husserl də “İşarələrin məntiqinə dair” (1970) əsərində ən vacib işarə sistemi olan dilin düşüncəni necə təmin etməsi və eyni zamanda ona necə mane olması məsələsinə aydınlıq gətirmək istəyir. E.Husserl B.Bolzanoya söykənərək semiotikanı bütövlükdə onun anlamında başa düşmüşdür16.
Dostları ilə paylaş: |