F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix15.04.2023
ölçüsü0,63 Mb.
#98271
1   2   3   4   5   6
Dilçilik fəaliyyəti. Ə.Dəmirçizadənin “Müasir Azərbaycan 
dilinin fonetikası” kitabı bu nailiyyətlərin önündə gedən, 
dilçiliyimizin qızıl fonduna daxil olan əsərlərdəndir. İlk 
variantını 1947-ci ildə yazdığı bu əsəri müəllif eksperiment 
əsasında genişləndirərək ayrıca kitab halında çap etdirmiş və 
sonralar daha da təkmilləşdirərək dərsliyə çevirmişdir. Bu 
əsərdə məntiqi mühakimə çox güclüdür. Mövzular məntiqi 
olaraq bir-birindən doğur. Ona görə də əsərin bölmələri böyük 
bir zəncirin həlqəciklərini xatırladır, bu zəncirin həlqəcikləri 
kimi bir-biri ilə möhkəm bağlıdır. Bəzən professorun ifadə 
tərzinin çətinliyindən danışılır. Bunlar ifadə tərzində çətinlik 
deyil, mühakimə və təfəkkür zənginliyidir. Bu xüsusiyyət onun 
əsərlərinin çoxunda özünü göstərir. Onun 1969-cu ildə çap 
etdirdiyi “Azərbaycan dili orfoepiyasının əsasları” kitabından 
orfoepik normalar haqqında kifayət qədər məlumat almaq 
mümkündür. Ümumiyyətlə, tələffüz və xüsusən orfoepik 
tələffüz, ədəbi tələffüzün mənbələri və pozulma səbəbləri, 
tələffüz üslubları, lüğəvi, qrammatik və qrafik şəraitdə tələffüz 
və s. haqqında professorun qeydləri yeni və orijinaldır. Vahid 
tələffüz qaydalarına əməl etməyin zəruriliyi hələ hamıya eyni 
dərəcədə aydın olmadığından bu əsər yalnız dar ixtisas sahibləri 
üçün deyil, hər bir mədəni şəxs üçün faydalıdır. Ədəbi və 
mədəni tələffüz vərdişlərinin yayılma və inkişafında, düzgün 
tələffüz normalarının təlim və tədrisində bu əsərin mühüm rolu 
vardır. Ə.Dəmirçizadə yaradıcılığı boyu Azərbaycan dili lüğət 
tərkibinin sağlam bir yolla inkişafı, zənginləşməsi yolunda 
imkan və bacarığını əsirgəməmişdir. Onun bu sahədə qayğısı 
təkcə elmi-nəzəri məqalə və kitabları ilə məhdudlaşmır. O, geniş 
auditoriyalarda da, yığcam fərdi söhbətlər zamanı da yersiz 
işlədilən əcnəbi sözə etirazını bildirmədən keçməzdi. Biz 
“həştad” dedikcə o bizi “səksən” ə öyrətmişdir. O, milli dilə 
münasibətdə bizim cəmiyyətin, bizim quruluşun verdiyi 



imkanlardan səmərəli istifadəni təbliğ edərdi. Ə.Dəmirçizadə 
həm tarixi leksikologiya, həm də müasir dilimizin lüğət 
tərkibinin tədqiqi məsələləri ilə məşğul olmuşdur. “Dilin lüğət 
tərkibi haqqında...” (1952), “Müasir Azərbaycan dilinin əsas 
lüğət tərkibi və qrammatik quruluşu” (1965), “Azərbaycan 
dilinin üslubiyyatı” (1962) adlı kitablarının müəyyən 
bölmələrini Azərbaycan dili lüğət tərkibinin tədqiqinə həsr 
etmişdir. O, bu əsərlərində söz və məna, sözün lüğəvi və 
qrammatik mənası, lüğət tərkibi, lüğət tərkibinin əsas və əlavə 
hissələri, onların hər birinin ümumi zəruri və xüsusi xarakter 
əlamətləri barədə fikirlərini diqqətlə ümumiləşdirməyə 
çalışmışdır. Lüğət tərkibinin inkişaf və zənginləşmə qaydalarını 
öyrənmək üçün bu əsərlərdən kifayət qədər məlumat almaq 
mümkündür. O, dilin qrammatik quruluşu-morfologiya və 
xüsusən sintaksislə bağlı problemlərin ilkin tədqiqi sahəsində 
böyük iş görmüşdür. Digər sahələrdə olduğu kimi, burada da 
fikir və mülahizələri orijinaldır. Dilimizin sintaktik quruluşunun 
tədqiqinə aid yazılarında onun orijinal dəst-xətti daha aydın 
görünür. O, qrammatik quruluşun ümumi məsələləri ilə ayrıca 
məşğul olmuş, dilin qrammatik quruluşunun təşəkkülü, morfem 
– morfologiya, sözün tərkibi və quruluşu kimi məsələləri ətraflı 
şərh etmiş, dilin milli orijinallığının qorunub saxlanmasında 
qrammatik quruluşun böyük rolunu xüsusi nəzərdən keçirərək 
onu 
dilin 
əsəb 
sistemi 
kimi 
qiymətləndirmişdir. 
Ə.Dəmirçizadənin sifət haqqında qeyd və mülahizələri öz 
orijinallığı ilə diqqəti cəlb edir. Onun bu barədə fikri prinsip 
etibarilə dilçiliyimizdə sifət haqqında yazılmış bütün əsərlərdən, 
demək olar ki, fərqlənir. Leksik-qrammatik mənanı və morfoloji 
əlaməti birinci, sintaktik vəzifəni ikinci plana çəkməklə, o, 
sifətə, bir nitq hissəsi kimi, daha sabit mövqedən yanaşmışdır. 
İndi onun mövqeyi çoxları tərəfindən təqdir edilməkdədir. Bu 
hal sifət dərəcələrinin bölgüsünə münasibətdə də özünü göstərir. 



Onun müasir Azərbaycan dili sintaktik quruluşunun müxtəlif 
sahələrinə dair əsərlərini bir yerə yığsaq, böyük bir kitab alınar: 
“Müasir Azərbaycan dilində sadə cümlələr” (1950), “Qovuşuq 
cümlələr” (1947), “Azərbaycan dilində uzlaşma” (1950), 
“Mübtədanın sualları haqqında” (1955), “Mürəkkəb cümlələr” 
(1-ci məqalə 1947, 2-ci məqalə 1948) və s. məqalələrinin hər biri 
kiçik bir monoqrafiyanı andırır. “Müasir Azərbaycan dili (cümlə 
üzvləri)” (1947) kitabını da bura əlavə etsək, ümumi mənzərə 
tamamlanmış olur. Bu əsərlərdə sintaksisin, demək olar ki, 
bütün əsas məsələləri əhatə edilmişdir. O, cümlənin məqsəd və 
intonasiyaya görə növlərini ilk dəfə geniş şəkildə işləyərək, 
prinsip kimi məqsədlə avazlanmanı birgə götürməyi məsləhət 
görmüşdür. “Qovuşuq cümlələr” adı altında həmcins üzvlü 
cümlələri tədqiq etmişdir. Ə.Dəmirçizadə ilk dəfə tabesiz və 
tabeli mürəkkəb cümlələrin oxşar və fərqli cəhətlərini nəzərdən 
keçirərək, budaq cümlələri çevrilmiş və müstəqil cümlələr adı 
altında iki növə ayırmışdır. Burada bəzi budaq cümlələr (nəticə 
b. c. və s.) haqqında məlumat tamamilə yenidir, bəzi budaq 
cümlələr isə ilk dəfə dərinləşdirilmiş və genişləndirilmişdir. 
Professor bu vəfasız dünyaya göz yummazdan bir neçə gün 
əvvəl 40 ildən artıq bir müddətdə üzərində yaradıcılıq işi 
apardığı monumental “Azərbaycan ədəbi dili tarixi” (1979) 
kitabını ortaya qoydu. Bu kitab ədəbi dilimizin həqiqi tarixini 
üzə çıxarmaq sahəsində ən qiymətli bir kitab olub, bütün türk 
xalqları, bütün türkologiya üçün bir nümunə sayıla bilər. 
Professor bu kitabda dilimizin tarixini xalqımızın tarixi ilə 
vəhdətdə öyrənmiş və öz dərin biliyi, zəngin təcrübəsi ilə hər iki 
sahəni obyektiv şəkildə işıqlandıra bilmişdir. Onun dilimizin 
tarixi ilə bağlı fikirləri daim yeni faktlarla özünü doğrultmaqda 
və yalançı müddəaları təkzib etməkdədir. 
Bu alimin yaradıcılıq irsi haqda çox danışmağa ehtiyac 
yoxdur. Bu gün onun “əsl fədakar” təyinatı ilə ifadə olunan 


10 
tərcümeyi-halını, elmi-metodoloji, poetik-estetik mizan-düzənli 
mühazirələrini xatırlayanlar da kifayət qədərdir. Və yəqin ki, 
onların arasında, o dövrün belə bir deyimini də yad edənlər var: 
“Lalın dilini anası, dilin dilini Dəmirçizadə bilər”... 
Sovetlər dönəmində görkəmli dilçilərimizin köklü-köməcli 
tədqiq-təhqiqatları sayəsində Azərbaycan dilçiliyinin elmin 
digər sahələrinə nisbətən daha mükəmməl inkişaf səviyyəsinə 
yetməsi faktı az-çox milli-vətəndaş duyğusu olan hər kəsə 
bəllidir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin