Təxəyyül haqqında anlayış
Təxəyyülün növləri
Təxəyyül surətlərinin yaradılması prosesi
Təxəyyül insanın qavrayışı və hafizəsi ilə bağlı təsəvvürlərin yenidən işlənməsi, yeni qaydada birləşdirilməsi əsasında yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesə deyilir. Təxəyyül ali psixi funksiyalaradan biri kimi diqqəti cəlb edir. İnsan təlim və əmək fəaliyyətində təkcə öz yaddaşına əsaslanmır. O, öz fəaliyyətinə yaradıcı şəkildə yanaşır, yaddaşında olan təsəvvürləri dəyişdirir, yeni qaydada birləşdirir, yeni surətlər yaradır və fəaliyyət göstərir. Yeninin yaradılması ilk əvvəl ideal şəkildə, fikirdə həyata keçirilir və sonra maddi, əməli şəkildə reallaşdırılır. İnsanın öz təsəvvürlərinin ideal şəkildə fikirdə birləşdirilməsi, dəyişdirilməsi və bu əsasda yeni surətlərin yaradılması prosesi təxəyyül prosesidir.
Təxəyyül bir sıra özünəməxsus xüsusiyyətləri ilə digər psixi proseslərdən fərqlənir. Bildiyimiz kimi duyğu, qavrayış, hafizə, hətta təfəkkür kimi psixi proseslərin elementləri heyvanlarda da bu və ya başqa şəkildə özünü göstərir. Təxəyyül isə bir psixi proses kimi ancaq insana məxsusdur.
Təxəyyülün köməyi ilə insan nəyi isə yaradır, özünün fəaliyyətini planlaşdırır və onu idarə edir. Demək olar ki, bəşəriyyətin yaratdığı maddi və mənəvi dəyərlər insan təxəyyülünün məhsuludur. Təxəyyül insanı hal-hazırdakı vəziyyətdən kənara çıxarır, ona keçmişi daha əyani şəkildə görməyə kömək edir, onu gələcəyə aparır. İnsan öz təxəyyül fəaliyyətinin vasitəsilə ayrı-ayrı orqanlarının fəaliyyətinə təsir edə bilir. Bunu autotreninq təcrübələrində aydın şəkildə görmək mümkündür.
Təxəyyülün iki növü mövcuddur: passiv və fəal təxəyyül. Passiv təxəyyül prosesində surətlərin yaradılması ətraf mühiti dəyişdirməyə yönəlmiş yaradıcı fəaliyyət kimi özünü göstərmir. İnsan reallıqdan uzaq olan surətlər yaradır. Bu halda insan fantastik təsəvvürlər aləminə qapılır, özünün çətin vəziflərini həyata keçirmək naminə, sanki, təxəyyülünün yaratdığı surətlərin arxasında gizlənir. Bu cür təxəyyül növü passiv təxəyyül adlanır. Passiv təxəyyül özü də iki növə, niyyətli və niyyətsiz təxəyyül növlərinə ayrılır. Yuxarıdakı misalda verdiyimiz təxəyyül prosesi niyyətli passiv təxəyyül prosesidir. Niyyətli şəkildə gedən təxəyyül prosesində həyatda təcəssümü mümkün olmayan surətlər yaradılarsa , buna xülya deyilir
Təxəyyülün növləri Fəal təxəyyül həmişə niyyətli xarakterə malik olub, bərpaedici və yaradıcı təxəyyül növlərinə ayrılır.Bərpaedici təxəyyül təsvirə, sxemə əsasən surətlərin yaradılması prosesidir. Mövcud olmuş, yaxud mövcud olan, lakin bizim tərəfimizdən heç zaman bilavasitə qavranılmamış obyektlərin təsvirə əsasən surətlərinin yaradılmasına bərpaedici təxəyyül deyilir. Məsələn, bədii əsərlərdə təbiət təsvirlərinə aid parçaları oxuyarkən gözümüzün qarşısında yəni təxəyyülümüzdə bizimheç vaxt olamdığımız bir yerin, ərazinin obrazı yaranır.
Yaradıcı təxəyyül fəaliyyətin orijinal və dəyərli məhsullarında reallaşdırılan yeni surətlərin müstəqil yaradılmasını nəzərdə tutur. Yaradıcı təxəyyül, bərpaedici təxəyyüldən fərqli olaraq, insanı sözün əsl mənasında yaradıcı şəxsiyyət kimi xarakterizə edir . Yradıcı təxəyyül surətlərində insanın şəxsiyyəti, varlığa münasibəti, həyatı dərk və izahetmə bacarığı, sənətkarlığı və s. Bütün aydınlığı ilə əks olunur. Yeni orjinal surətlərin yaradılması prosesi, bərpaedici təxəyyülə nisbətən, mürəkkəb və ziddiyyətlidir. Onlar gərgin yaradıcı əməyin məhsuludur. Bu baxımdan uşaqların yaradıcı fəaliyyəti diqqəti xüsusilə cəlb edir.
Təxəyyül surətlərinin yaradılması prosesi mühüm fikri proseslər olan təhlil-tərkib fəaliyyəti ilə bağlıdır. Təhlil və tərkib ( analiz və sintez) təkcə təfəkkür fəaliyyətinin əsasını deyil, həm də təxəyyül surətlərinin yaradılması əsasını təşkil edir. Bu cəhət yaradıcılığın bütün sahələrində həm elmi, texniki, həm də ədəbi yaradıclıq sahəsində çox aydın şəkildə özünü göstərir.
Yazıçı bu və ya digər surəti yaratmaq üçün müşahidələr aparır, həyatda rastlaşdığı insanları, onların hərəkətlərini təhlildən keçirir, daha sonra müxtəlif adamlarda müşahidə etdiyi xüsusiyyətləri, əlamətləri birləşdirir. Təxəyyül surətlərini yaradarkən digər sintezləşdirmə tərzlərindən də istifadə edilir. Belə tərzlərdən biri aqqlyutinasiya adlanır.
Aqqlyutinasiya elə sintezləşdirmə tərzidir ki, bu zaman real həyatda biri-biri ilə birləşməyən müxtəlif keyfiyyətləri, xassələri, hissələri birləşdirilərək yeni bir surətin yaradılması prosesi baş verir.Məsələn, su pərisi surətinin yaradılması prosesi real həyatda birləşməsi mümkün olmayan qadının başı və balığın gövdəsi kimi hissələrin birləşdirilməsi əsasında baş verir. Çoxəlli ilahələrin, yeddibaşlı əjdahaların obrazlarının yaradılması da sintezləşdirmənin aqqlyutinasiya deyilən tərzinin köməyi ilə edilmişdir. Təxəyyül prosesində özünü göstərən sintezləşdirmə tərzlərindən biri də hiperbolizasiyadır. Hiperbolizasiya təxəyyül obrazlarının yaradılmasında mübaliğədən istifadə etmək deməkdir.