Fakultə: Aqronomluq. Kafedra: Aqrokimya. İxtisas: Aqronomluq. Kurs


Nəticə.________________________________________________________23



Yüklə 82,07 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü82,07 Kb.
#38516
1   2   3   4   5
kursi işi Qəribova Səbinə

5. Nəticə.________________________________________________________23

6. Ədəbiyyat siyahısı.______________________________________________24

1.Giriş.

Aqrokimya, aqronomik kimya—topaq və bitkilərdə gedən kimyəvi və biokimyəvi proseslər, kənd təsərrüfatı bitkilərinin mineral qidalanması, eləcə də onların məhsuldarlığını artırmaq üçün gübrə və digər kimyəvi meliorasiya vasitələrinin tətbiqi haqqında elmdir. Aqrokimya elminin vəzifəsi bitkiçilikdə maddələr dövranını öyrənmək və torpaqda, bitkidə gedən kimyəvi, fizioloji və biokimyəvi proseslərə təsir göstərib, məhsulu artıran və ya onun tərkibini dəyişdirə bilən tədbirləri aşkara çıxarmaqdır. Aqrokimya elmi kənd təsərrüfatının kimyalaşdırılmasının elmi əsasını təşkil edir. Ən çox iqtisadi səmərə ilə daha yüksək və keyfiyyətli məhsul alınmasını təmin etməkdən ötrü harada, nə vaxt, necə, nə qədər gübrə və başqa kimyəvi maddə işlətmək lazım olduğunu göstərir. Ayrı-ayrı bitki növləri və hətta sortları, qidalanma xüsusiyyətlərinə görə bir-birindən fərqləndiyindən Aqrokimya bu xüsusiyyətləri öyrənir və kənd təsərrüfatı bitkilərinin qida maddələrinə tələbatını müəyyən edir.Bitkinin qidalanması, torpaq və gübrə kimyası, bunların bir-birinə qarşılıqlı təsiri, torpaq-iqlim şəraitindən və bitkinin xüsusiyyətindən asılı olaraq gübrə tətbiqi, növbəli əkində gübrələmə sistemi, aqrokimyəvi tədqiqat üsulları və bitkilərin kimyəvi maddələrlə mühafizəsi Aqrokimya elminin əsas bölmələridir. Aqrokimya qarşısında duran başlıca məsələləri həll etməkdən ötrü bitki, torpaq və gübrənin kimyəvi analiz metodları tətbiq olunur. Bununla yanaşı, laboratoriya, vegetasiya və tarla təcrübələrindən geniş istifadə edilir. Torpaq analizlərində bitkiyə lazım olan makro və mikro elementlərin, mənimsənilən qida maddələrinin, humusun ehtiyatı, eləcə də torpağın xassələri aşkara çıxarılır. Bitkini analiz etməklə onun tərkibindəki qida maddələri müəyyən edilir, vegetasiya dövründə bunların bitkiyə necə daxil olduğu, maddələr mübadiləsi və məhsulun keyfiyyəti öyrənilir. Gübrənin analizi onun kimyəvi tərkibini aydınlaşdırmağa imkan verir. Bitkiyə hansı qida elementinin və nə şəkildə lazım olduğu vegetasiya təcrübələri nəticəsində müəyyənləşdirilir. Vegetasiya təcrübələrinin nəticələrini yoxlamaq üçün daha geniş tarla təcrübələri aparılır. Aqrokimyanın müasir problemləri bitkilərin köklə qidalanması sahəsində nəzəri və təcrübi işlərdən, gübrələrdən istifadə əmsalının yüksəldilməsindən, bitkilərin torpaqda olan qida maddələrindən istifadə dərəcəsini yüksəltmək üsullarının işlənib hazırlanmasından, yeni, daha səmərəli gübrələrin yaradılmasından ibarətdir. Boy maddələrinin, herbisidlərin, defoliant və desikantların tədqiqi və tətbiqi getdikcə genişlənir. Aqrokimya xidmətinin əsas vəzifəsi mineral gübrə və digər kimyəvi vasitələrin torpaq-iqlim zonalarında düzgün bölüşdürülməsi və səmərəli istifadəsi üçün elmi surətdə əsaslandırılmış məsləhət və aqrokimyəvi təlimat vermək, torpaq və gübrə nümunələrini analiz etmək, torpaqların aqrokimyəvi kartoqramını düzəltmək, fermerlərin mineral gübrələrə tələbatını müəyyənləşdirməkdir.

2.Bakı şəhərinin təbii iqlim şəraiti.

a) Coğrafi mövqeyi və relyefi.

Bakı şəhəri, Azərbaycan Respublikasının paytaxtı olmaqla, ölkənin sənaye, elm və mədəniyyət mərkəzidir. Səhər inzibati cəhətdən Səbail, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı və Binəqədi rayonlarının ərazisini özündə birləşdirir. Ümumi sahəsi 214,6 min ha olmaqla respublika ərazisinin 2,5%-ni təşkil edir. Abşeron yarımadasının əsas hissəsini, eləcə də Bakı arxipelaqlarını və qismən Qobustanın cənub-şərq hissəsini əhatə edir. Şəhərin cənub-şərq hüdudları Xəzər sahili boyunca Şirvan düzündə Bəndövan qəsəbəsinədək uzanır. Şəhər ərazisinin digər hissəsi şimal-qərbdə və cənub-qərbdə Abşeron və cənubda Salyan rayonları ilə həmsərhəddir. Şəhərin şimal, şimal-şərq və şərq hüdudları Xəzərin sularına qovuşur.

Relyefi şimal-qərbdə, qərbdə və cənubda dalğavarı akkumulyativ dəniz sahili düzənlikdir. Dəniz sahili düzənlikdə təpəcikli qumlu sahələrin olması səciyyəvidir. Fərziyyəyə görə “Bakı” söz, dilimizə Tat dilindən keçib. “Bakı” sözü Tat dilindən tərcümədə “Təpədən, təpəyə, təpəlik” deməkdir. Abşeron yarımadasında ətraf kəndlərə görə nisbətdə Bakı yüksəkdə (təpə üzərində) yerləşdiyindən Tatlar oraya “Ku” deyiblər. Yəni təpə. Beləliklə həmin əraziyə gedib-gələn Tatlar öz dillərində danışarkən buranı “Bəku” adlandırıblar.

Bakı ərazisinin əksər hissəsinin relyefi dağlıq və maili dalğavari təpəli düzənlikdən ibarətdir.Az bir hissəsinin səthi dənizsahili düzənlikdir.Bölgənin ən alçaq nöqtəsi dəniz səviyyəsindən 28 m-dən aşağıda,ən yüksək nöqtəsi şimal-qərbdə yerləşən Dübrar dağının (2205 m) zirvəsidir. Torpaq əmələgətirən süxurlar yaşca üçüncü, dördüncü dövr və Xəzər dənizinin qədim çöküntülərindən təşkil olunmuşdur. Bilavasitə torpaqəmələgəlmə prosesində əsasən aşağı yuranın tünd qara rəngli gilli şistləri, orta yuranın boz-qonur gilli və ya qumlu-çınqıllı və eləcə də mergelli boz və qırmızı-yaşıl gillərin iştirakı müşahidə olunur.

b) İqlimi.

Bölgədə bitki və torpaq örtüyünün formalaşmasında ərazinin iqlim şəraitinin uyğun şəkildə zonallıq üzrə dəyişməsi də həlledici rol oynayır. İqlimi əsasən yayı quraq keçən mülayim isti yarımsəhra və quru subtropik iqlim tipidir. Şimal-qərbdə yerləşən dağlıq hissənin iqlimi isə yayı quraq keçən mülayim isti iqlimi ilə səciyyələnir.Həmin məntəqələrdə qış fəslinin orta temperaturu 0,00-4,60-ə, yayın orta aylıq temperaturu 20,7-25,3° arasında ədyişir. İl ərzində düzənlik hissədə 144-218 mm və dağlıq hissədə isə 430 mm arasında düşən yağıntının miqdarı fəsillər üzrə qeyri-bərabər paylanmışdır. Yağıntıların maksimum miqdarı yaz və payız aylarında, ilin nisbətən mülayim isti və soyuq dövrlərində müşahidə olunur. İllik mümkün səthi buxarlanmanın miqdarı 839-1119 mm-ə çatır. Bu isə illik düşən yağıntının miqdarından 2,6-5,8 dəfə çoxdur. Qışda torpaq səthində orta aylıq temperatur düzənlik hissədə 5°, yayda isə bu göstərici 29,7°-ə yüksəlir. Payızda temperatur 17,0°-ə bərabərdir. İlin isti dövründə (aprel-oktyabr) torpaq səthinin orta temperaturu 24,8°-dək yüksəlir. İlin soyuq dövründə (noyabr-mart) torpaq səthinin temperaturu isə kifayət qədər (8,3°) yüksək olması ilə səciyyələnir.

Bakı dünyanın ən küləkli şəhərlərindən biridir. Məhz bu xüsusiyyətinə görə keçmiş zamanlarda Bakı, Badu-Kubə yəni Küləklər şəhəri kimi adlandırılmışdır. Bakıda havanın hərəkəti xəzri, gilavar, musson xarakterli küləklər və brizlərlə əlaqədardır. Bu küləklərdən ən güclüsü olan xəzri Bakı iqlimini daha çox dəyişir, o biri küləklərin təsirini xeyli azaldır və bəzən, hətta istiqamətini də dəyişir. Bakıda hakim küləklərin (şimal, şimal-qərb və cənub) tez-tez təkrarlanması şəhər atmosferini yığılan zəhərli maddələrdən təmizləyir və oksigen şəraitini yaxşılaşdırır. Bu məsələnin bir tərəfidir. Şəhər yarımsəhra zonasında yerləşdiyindən yay aylarında ətraf ərazilərin torpaq örtüyü tamamilə çılpaq olur və qəflətən başlayan xəzri şəhəri toz “duman”ına bürüyür. Bu da çox milyonlu Azərbaycan paytaxtı üçün həlli çətin olan problemlərdən biridir.

Azərbaycanın bir çox rayonlarına nisbətən tozanaq Bakıda tez-tez müşahidə edilir. Hadisənin yaranmasına səbəb güclü küləklər və Abşeron yarımadası səthində havaya qaldırıla bilən toz, qum və başqa hissəciklərin olmasıdır. Bakı meteoroloji stansiyasında aparılmış müşahidələrə görə şəhərdə bir ildə orta hesabla 7 dəfə tozanaq olur. Tozanaq hadisəsi, ümumiyyətlə, tullantıları ən çox yayan təbiət hadisəsi hesab olunur. Başqa bir yerdə toplanmış tullantıları bəzən ekoloji cəhətdən daha təmiz ərazilərə daşıyaraq, həmin ərazini çirkləndirir. Nəqliyyat tullantıları da, həmçinin bu yolla daha çox yayılır. Tozanaqlar transsərhəd daşınmaların əsas səbəbkarı hesab olunur.

c) Bitki örtüyü.

Bakı torpaqları məhsuldarlığına görə öz spesifikası ilə fərqlənir. Bir çox tarixi mənbələrin yazdığına görə, Abşeron torpağı və onun qoynunda yerləşmiş Bakı uzun illər ərzində həqiqətən "yaşıllıqdan məhrum olan, torpağında heç nə bitməyən bir məkan" kimi tanınıb.

Ötən əsrin əvvəllərində Bakının yaşıllaşdırılmasında şəhərin o zamankı komendantı Xovenin böyük xidmətləri olub. Məşhur "Malakan bağı" da məhz Xovenin təşəbbüsü və vəsaiti ilə salınıb. Məlumatlara görə bu komendant bütün gəmi sahiblərinə və kapitanlara göstəriş veribmiş ki, hər bir gəmi geriyə - Bakıya qayıdarkən müəyyən miqdarda torpaq gətirsin. O zaman bu əmri pozanları yüksək məbləğdə cərimə gözləyirmiş. Bakının yaşıllaşdırılması ilə bağlı materiallar içərisində digər maraqlı bir fakt da var. Məlumata görə şəhərin ilk bağbanı milliyyətcə yunan olan Drakopulo adlı şəxs olub. Ümumiyyətlə Abşeronun yaşıllaşdırılmasında Drakopulonun əvəzsiz xidmətləri olduğu bildirilir. Daha sonralar hakimiyyətə gəldiyi illərdə Ümummillim liderimiz Heydər Əliyev Bakı şəhərinin yaşıllaşdırılmasına xüsusi diqqət yetirirdi və bu zəhmət öz bəhrəsini verdi.

Hal-hazırda Bakıda 1800 növədək ağac, kol və ot bitkiləri təbii və mədəni şəraitdə bitir. Abşeron yarımadasının Xəzər sahili ərazilərinin torpağı duzlu, qələvi olduğundan həmin ərazilərdə təbii halda yayılmış bitkilərdə şoranlığa davamlı növlər olub, özünün tarixi bitki örtüyünü əks etdirir. Yarımsəhra landşaft tipinə aid olmasına rəğmən burada bir çox ağac və kol növlərinə də rast gəlinir. Bakıda qaya dovşanalması (Cotoneaster saxatilis),Şamaxı tıs-tısı (Acantholimon schamachensis),İran ilankölgəsi (Ferula persica) kimi dünyanın heç bir yerində deyil, yalnız Azərbaycanda olan bitkilərə də rast gəlmək mümkündür. Bakı cuzqunu (Calligonum bakuense),Bakı gəvəni (Astragalus bakuensis),tükcüklü şiyav (Stipa pellita), alovlu gəvən (Astragalus igniarius) kimi bitkilərə isə dünyada və Azərbaycanda yalnız Abşeronda rast gəlinir. Abşeronun yarımsəhra şoranlı torpağında yaraşığı ilə göz oxşayan Trüfel (Terfezia leonis) təbii halda yetişir. Bitki örtüyündə zonallıqdan asılı olaraq növ tərkibinin əsaslı şəkildə dəyişməsi ərazidə torpaqların tip və növlərin dəyişməsinə də səbəb olmuşdur.

Bakının iqliminə ən gözəl uyan ağaclardan biri zeytun ağacıdır. Zeytun Ağacı kifayət qədər iridir, şarşəkilli dağınıq çətirə malikdir. Budaqları yuxarı qalxmış vəziyyətdədir. Meyvələri tam yetişdikdə parlaq qara rəngli olur. Mayın axırı iyunun əvvəlində çiçəkləyir. Xüsusiyyəti: universal sortdur, tez yetişəndir, şaxtaya davamlıdır, yaşlı ağacın barlı illərdə məhsuldarlığı 56-60 kq olur.

Bakı torpaqlarında bol məhsul verən daha bir bitki zəfəran dünyada ən bahalı ədviyyat sayılır. Müxtəlif ölkələrə məxsus zəfəranın 1 kiloqramının qiyməti 300 manatdan 1000 manat arasında dəyişir. Qiymətlərin belə yüksək olmasının bir səbəbi onun hazırlanma prosesinin çətin və xərc aparan olmasıdırsa, digər səbəbi zəfəranın orqanizmə saysız-hesabsız faydaları ilə bağlıdır.

d) Hidroqrafiyası

Təbiət sularının hərəkət və paylanma qanunlarını, əhatə olunduğu mühitlə qarşılıqlı əlaqəsini, onun keyfiyyət və kəmiyyət dəyişməsini hidrologiya elmi öyrənir. Hidrologiya sözünün mənası su haqqında elm deməkdir. Hidrologiya su obyektlərini-okeanları, dənizləri, çayları, gölləri, buzlaqları, bataqlıqları və yeraltı suları öyrənir. Hidrosferdəki sular iki qrupa bölünür: okean(dəniz) suları və quru suları.

Quru sularına çay, göl, bataqlıq və buzlaqların suları aiddir. Okean və dənizlərdə mövcud olan proseslər çay, göl, buzlaq və bataqlıqlardakından çox fərqləndiyindən ümumi hidrologiya iki hissəyə bölünür: okeanologiya və qurunun hidrologiyası. Quru sularının hidrologiyası isə öz növbəsində:

1)Çay hidrologiyasına (patomologiya);

2)Gölşünaslıq və ya göllərin hidrologiyasına (limnologiya);

3)Bataqlıqşünaslıq və ya bataqlıların hidrologiyasına (telmatologiya);

4)Buzlaqların hidrologiyasına (qlyatsiologiya);

5)Yeraltı suların hidrologiyasına (hidrogeologiya); bölünür.

Quru sularının öyrənilməsində tətbiq olunan metodlara görə hidrologiya bir neçə hissəyə bölünür:

1)Ümumi hidrologiya;

2)Hidrometriya;

3)Hidroqrafiya;

4)Mühəndis hidrologiyası;

Ümumi hidrologiya-hidroloji hadisələrin əsas qanunlarını və fiziki mahiyyətini öyrənir.

Hidrometriya-su obyektlərində, suyun hərəkət və vəziyyətini səciyyələndirən kəmiyyətləri təyin edən üsul və vasitələri öyrənən elmdir. Beləliklə, hidrometriya suyun sürətini, səviyyəsini, dərinliyini və s. ölçmə üsullarından bəhs edir.

Hidroqrafiya-müəyyən ərazilərdəki su obyektlərinin təsvirini verir və onların həmin ərazinin fiziki-coğrafi şəraiti ilə qarşılıqlı əlaqəsini və yayılması qanunauyğunluqlarını öyrənir. Ümumilikdə su sərfinin dəyişməsini göstərən qrafikə Hidroqraf deyilir. Hidroqrafı orta gündəlik su sərflərinin qiymətlərinə görə qururlar. Hidroqrafı tərtib etdikdə şaquli oxda su sərfinin qiyməti, üfüqi oxda isə günlər göstərilir.

Mühəndis hidrologiyası-çayların hidravliki rejimini, su balansını, çay axımının təyini üsullarını, yatağın formalaşma prosesini və s. yəni su təsərrüfatı məsələləri üçün lazım olan hidroloji hesablamalar və proqnoz üsullarını öyrənir.

Hidrologiyada müxtəlif tədqiqat üsullarından istifadə olunur. Bunların ən geniş yayılmışları ekspedisiya, stasionar və laboratoriya üsullarıdır.

Ekspedisiya üsulunda geniş ərazilərin suları və ya hidroloji obyektlər kompleks şəkildə, xüsusi hazırlanmış proqramlar əsasında öyrənilir.

Stasionar müşahidələr üsulu, su obyektlərinin hidroloji rejim ünsürlərinin zamana görə dinamikasını öyrənmək üçün çox əlverişlidir.

Laboratoriya üsulu suyun fiziki və kimyəvi xassələrini öyrənməyə, hidrodinamiki prosesləri modelləşdirməyə imkan verir. Laboratoriya modellərində müxtəlif hidroloji hadisələri tədqiq etmək mümkündür. Məsələn, çay yataqlarının modellərində axınların, su sərfinin, dib gətirmələrinin tərkibinin məcra proseslərinə təsiri öyrənilir.

Bakı-Abşeron Ərazisi ən az axım zonasına daxildir. Burada il ərzində axım 1 l/san km²-dən azdır. Qobustanın şimalında çay şəbəkəsinin sıxlığı 0,20 km/km²-ə çatırsa, onun cənub şərqində və Abşeronda bu rəqəm sıfıra enir. Buradan Sumqayıtçay, Pirsaatçayları keçir. Dövrü olaraq quruyan Ceyrankeçməz çayı Qobustan ərazisində formalaşır. Birinci hər iki çay ilin isti yarısında (xüsusilə iyul və avqust aylarında) quruyur. Ceyrankeçməz çayı isə yağış və qar sularından qidalandığından burada su ancaq ilin soyuq yarısında olur. Şıdırğı yağış zamanı Ceyrankeçməz çayından güclü su-palçıq axınlı sel keçir. Bu sellər təsərrüfata ziyan vurmaqla bəzən insan tələfatı ilə də nəticələnir.

Sular öz kimyəvi tərkibinə görə natrium-sulfatlıdır. Bəzi quru dərələrin suyu (xüsusilə ilin yay aylarında) çox acı olub istifadəyə tam yararsızdır. Suyu acı olduğundan dərələrin birini Acı dərə adlandırmışlar. Bakı-Abşeronda üzə çıxan şirin qrunt suları ancaq onun şimal, şimal-qərb hissəsindədir. Ərazidə suların codluğu çox yüksəkdir.

Abşeron yarımadasının gölləri yarımadada iqlim şəraitinin formalaşmasına və bütövlükdə ölkə əhalisinin sıx məskunlaşdığı bu ərazidə ekoloji şəraitə ciddi təsir göstərir. Ümumi sahəsi 3325 hektara yaxın 800-ə qədər göldən, 200-ü nisbətən iri göllərdir. Onların tərkibinə hər il 40 milyon kubmetrdən çox çirkab və yaxud lay suları axıdılır. Göllərin ekoloji vəziyyətini gərginləşdirən əsas amillər neftlə çirklənmə, istehsal, sənaye mənşəli tullantı suları, kommunikasiya sistemləri ilə təchiz olunmadan inşa edilən çoxsaylı yeni yaşayış evlərindən və ictimai binalardan axıdılan məişət və təsərrüfat sularından ibarətdir. Nəticədə həmin su hövzələri zərərli maddələrlə çirklənərək gərgin ekoloji ərazilərə çevrilmişdir. Böyükşor, Bülbülə, Qırmızıgöl, Xocasən və Çuxurdərə gölləri daha çox çirklənməyə məruz qalmışdır. Bu göllərdə zərərli maddələrin miqdarı normadan 8-12 dəfə artıqdır. Bu göllər artıq böyüməkdə olan Bakı şəhərinin ərazisinin genişlənməsinə mane olur.

Böyükşor Abşeron yarımadasının mərkəzində, Binəqədi, Sabunçu və Nərimanov rayonları ərazisində yerləşən böyük göldür. Hazırda Böyük-şor gölü, bütün ətraf ərazilərdən yeraltı su axınının yönəlmiş olduğu qapalı bir hövzədir. Suyunun minerallaşmasına görə Böyük-şor gölü şor sulu göllər qrupuna aiddir

Ərazisi 7,2 km2, suyunun həcmi isə 8,3 mln m3 olan Qırmızı göl Qaradağ ərazisində, Lökbatan qəsəbəsinin cənubunda yerləşir.1976-cı ilə kimi bu göldən neft mədənlərindən çıxan lay sularının qəbuledici anbarı kimi istifadə olunmuşdur. Qırmızı göl şor sulu göllər qrupuna aiddir. Ərazidə radiasiya fonu norma daxilindədir. Gölün uzun müddət antropogen təsirlərə məruz qalması, neft və neft məhsulları ilə, fenollarla həddindən artıq çirklənməsi və digər neqativ təsirlər nəticəsində onun geoloji quruluşu, torpaq süxurları, dibinin relyefi və digər parametrləri deqradasiyaya məruz qalmış, dib çöküntülərində çoxlu miqdarda neft məhsulları yığılmışdır.

Göl suyunun minerallaşmasına görə Yasamal-1 gölü şortəhər sulu göllər qrupuna aiddir. Suyun spesifik çirkləndiricilərindən ancaq fenollar və misin miqdarı normanı bir qədər aşır, bu da onların uzun illər ərzində gölün dibində toplanması və yenidən suyun üst qatlarına qalxması ilə əlaqədardır (təkrar çirklənmə prosesləri).Yasamal-1 gölünün müasir ekoloji vəziyyəti qənaətbəxşdir.

Suyunun minerallaşmasına görə Masazır gölü şor sulu göllər qrupuna aiddir. Suyun ion tərkibində xloridlər və sulfatlar üstünlük təşkil edir.

Kürdəxanı gölü şortəhər sulu göllər qrupuna aiddir. Tədqiq olunan gölün oksigen rejimi pozulub.

Bülbülə gölü də Böyük şor gölü kimi yüksək dərəcədə antropogen təsirə məruz qalır. Suyunun minerallaşmasına görə Bülbülə gölü şortəhər sulu göllər qrupuna aiddir. Çoxillik müşahidələr göstərir ki, Bülbülə gölü Böyük-şor gölü ilə müqayisədə çirklənməyə nisbətən aşağı dərəcədə məruz qalır.

Xocahəsən gölü-Suyun minerallaşmasına görə şortəhər sulu göllər qrupuna aiddir. Göl suyunun tərkibində xloridlərin miqdarı normadan dəfələrlə, sulfatlar isə bir necə dəfə yüksəkdir, bu da gölün dəniz suları ilə əlaqəli yeraltı sularla qidalanması ilə əlaqədardır.

Abşeron yarımadasındakı mühüm obyektlərdən biri də Ceyranbatan su anbarıdır ki, əsas problemlərdən biri də Ceyranbatan su anbarı ilə bağlıdır.. Ceyranbatan su anbarının Bakı və Sumqayıt şəhərlərinin su ilə təchizatında xüsusi əhə­miyyəti var­dır. Ceyranbatan su anbarı əsasən Samur çayının suyu hesabına Samur -Abşeron kanalı vasitəsilə doldurulur.

e) Torpaq örtüyü.

Bölgənin və eləcə də Bakı şəhərinin torpaq örtüyünün tərkibində boz və boz-qonur torpaqların tip və yanmtipləri geniş yayılmışdır. Əsasən yovşanlı-efemerli və şoran bitkili yarımsəhra şəraitində əmələ gələn bu torpaqlar yaşca nisbətən cavan olub, genetik qatlann zəif ifadə olunması ilə səciyyələnir. Çürüntü qatı çox yuxadır və humusun miqdarı 1-1,5%-dən artıq olmur. Ümumi torpaq ehtiyatlarının 330,1 min ha-ı və ya 55,3%-dən çox hissəsini təşkil edən boz və boz-qonur torpaqlar düzən ərazilərdə qədim dəniz çöküntüləri, alçaq dağlıq və dağətəyi düzənlik sahələrdə isə ant-barrem gilləri üzərində əmələ gəlmişdir. Qranulometrik tərkibcə əsasən gilli və ağır gilli torpaqlardır. Mühiti qələvidir. Torpağın dərin qatlarına endikcə asan həll olunan duzların və gipsin miqdarı artır. Boz və boz-qonur torpaqların özünəməxsus xüsusiyyətlərindən biri də onların müxtəlif dərəcədə şorakətli və şoranlı olmasıdır. Odur ki, bu torpaqlarda kənd təsərrüfatı bitkiləri becərilərkən əsaslı meliorativ tədbirlər həyata keçirilməlidir.

Ümumiyyətlə, bölgə daxilində bu torpaqlar aqroistehsalat baxımından yüksək mənimsənilən ərazilərdən sayılır. Suvarma şəraitində dənli, bostan-tərəvəz, üzüm və s. kənd təsərrüfatı bitkiləri yetişdirilir. Eləcə də heyvandarlığın təbii yem bazası olmaqla, qış otlaq sahələri kimi geniş istifadə edilir.

Bölgədə arealına, keyfiyyət göstəricilərinə və habelə təsərrüfat əhəmiyyətinə görə ikinci geniş yayılmış torpaqlar dağ-şabalıdı və şabalıdı torpaqların tip və yarımtipləridir. Boz və boz-qonur torpaqların şimal-qərbində və qərbində dağətəyi düzənliyin və alçaq dağlıq zonanın-quru bozqırlarında yovşanlı, şoranlı bitkilər altında, zəif rütubətlənmə şəraitində inkişaf etmiş torpaqlar ümumi torpaq fondunun 106,7 min hektarını və ya 17,9%-ni təşkil edir. Arid şəraitdə əmələ gələn bu torpaqlarda şorlaşma və şorakətləşmə hallarının baş verməsi geniş yayılmışdır. Xüsusilə, şabalıdı torpaqların əmələ gəlməsində və inkişafında antropogen amillərin, qədimdən suvarmanın aparılması mühüm rol oynayır. Bu torpaqlarda genetik qatlar aydın seçilməklə yarımtiplərindən asılı olaraq humusun miqdarı 1,5- 4,5% arasında dəyişir. Qranulometrik tərkibinə görə əksərən gilli və ağır gillicəlidir. Udulmuş əsaslardan tam doymuş bu torpaqların mühiti zəif qələvidir (pH 7,5-8,5). Bölgənin relyef, iqlim şəraiti və eləcə də şabalıdı torpaqların fiziki və kimyəvi xassələri onlarda gələcəkdə də kənd təsərrüfatı bitkilərinin becərilməsinin xeyli əlverişli olduğunu göstərir.

Bölgənin kənd təsərrüfatında qismən istifadə olunan çimli dağ çəmən, tipik qəhvəyi dağ-meşə, karbonatlı və bozqırlaşmış qəhvəyi dağ-meşə, dağ-qara və dağ boz-qəhvəyi torpaqlar torpaq örtüyünün 7,4%-ni və ya 44,1 min hektanm əhatə edir. Əsasən biçənək, kəndyam örüş və otlaq sahələri kimi, az miqdarda isə dənli bitkiləri altında istifadə edilir. Meşə və meşə-kolluqlann qəhvəyi torpaqlan ərazidə ekoloji durumun dayanaqlı olmasında, xüsusilə torpaq qoruyucu, su tənzimləyici və iqlim mülayimləşdirici əhəmiyyət daşıyır. Başlıca olaraq dənizsahili düzənlik və qismən dağətəyi düzənlikdə lokal şəraitdə yayılnuş subasar allüvial-çəmən torpaqlar, şoranlar, takır və qumlar habelə çılpaq qayalıqlar və səthə çıxmış gilli süxurlar torpaq örtüyünün tərkibində 115,6 min ha və ya 19,4% təşkil edir. Bu torpaqlardan yalnız subasar-allüvial çəmən torpaqların az bir hissəsi əkinəyararlı olduğundan bostan və tərəvəz, qismən isə meyvə bağları altında istifadə olunur.

Beləliklə,burdan aydın olur ki,Abşeron bölgəsinin ümumi torpaq fondunun 175,7 min hektarı və ya 46,0%-i hal-hazırda yararlı torpaq sahələri kimi kənd təsərrüfatı dövriyyəsinə daxildir. İstifadə olunan ümumi əkin-dinc torpaqların sahəsi 23,4 min və ya 13,0%-dir. Çoxillik əkmələr isə 5,2 min ha və ya 3,0%-ə yaxındır. Kənd təsərrüfatına yararlı torpaq ehtiyatlarmin əsas kütləsi örüş və otlaq torpaqlarının payına düşür. Bu torpaqlar əsas torpaq fondunun təqribən144,0 min hektarını və ya 82,0%-ni əhatə edir.Kənd təsərrüfatına yararlı həyətyanı torpaqları torpaq ehtiyatının 2,4 min hektarın və ya birinci 4%-i,biçənək torpaqları isə 0,7 min hektarını və ya 0,4%-ni tutur.Meşə fondu torpaqları bölgənin ümumi torpaq fondunun 3%-ni və ya ikinci, 6000 hektarını əhatə edir.

3. Pomidor və Günəbaxan bitkilərin bioloji xüsusiyyətləri.

3.1.Pomidor bitkisinin bioloji xüsusiyyətləri

Fəsilə: Quşüzümü (Solanaceae L.)

Cins: Lucopersicum

Növ: Eskulentum Mill

Pomidor (Lucopersicum eskulentum Mill) quşüzümü fəsiləsinə daxil olub, Lucopersicum cinsinə aiddir, mədəni halda becərilən növü Eskulentum Mill (adi pomidor) adlanır və birillik bitkidir. Pomidor tropik mənşəli bitki olub, vətəni cənubi və mərkəzi Amerika ölkələridir. Burada pomidor çoxillik həmişə yaşıl bitki kimi özünü göstərir. Pomidor subtropik bölgələrdə birillik, tropik bölgələrdə ikiillik və ya çoxillik yetişdirilən bitkidir. İstixana şəraitində 2 -3 il məhsul verərək özünü çoxillik kimi göstərə bilir.

Pomidor bitkisinin morfoloji (quruluşu) xüsusiyyətləri-Pomidorun gövdəsi determinant (alçaq boylu-50 sm-ə qədər, gövdənin nəhayəti çiçək salxımı ilə qurtarır) və indeterminat (nəhayətsiz böyüyür, boyu 150 sm-dən böyük) böyüyən olur. İstixanalarda, nəhayətsiz böyüyən sortlardan istifadə edilir və onlara forma verilərək şpalerə qaldırılır.

Pomidorun gövdəsi yerə yatan (stambsız kol, gövdə əsasından şaxələnir və yerə yatır) və dikinə (gövdə əsasından bötöv böyüməklə kol stamblı olur və şaxələnmir) böyüyən olur.

Pomidor meyvəsi botaniki baxımdan giləmeyvədir. Mayalanma və meyvə əmələgətirmə vaxtı sort, iqlim və böyümə şərtlərinə əsasən 45-70 gündür. Meyvənin iriliyi sortdan asılı olub, 2-3 qramdan 800-1000 qrama qədər olur. Meyvələri müxtəlif formalarda və rənglərdə olub, əsasən, qırmızı rəngli meyvələr üstünlük təşkil edir. Bir meyvədə 60-400 toxum olur. Toxumu orta irilikdə olub, 1 qramda 300-350 ədəd toxum olur.Mil kök sisteminə malikdir və qüvvəli yan köklər(saçaqlar) əməli gətirir. Köklərin əsas kütləsi torpağın üst 20-30 sm-lik qatında yerləşir.

Pomidor bitkisinin yarpağı tək lələkvarı olub, şaxələnəndir, səthi sığallı və qırışıqlıdır, dilimlərin forması sortdan asılı olaraq müxtəlifdir (ovalvarı, lansetvarı), dilimlərin kənarı isə dişlidir. Pomidor bitkisinin çiçək qrupu sadə, azşaxəli və mürəkkəb olub, əksər halda çiçəklərində 5 kasa yarpağı, 6 ləçək, 5 erkəkcik toz kisəsi, 1 ədəd 2 yuvalı dişicik olur.

Pomidor bitkisinin özünəməxsus bioloji xüsusiyyətləri vardır:

1.Pomidor bitkisindən becərildiyi dövr ərzində bir ildə iki dəfə yetişmiş toxum almaq olur. Bu xüsusiyyət həm də onun dövrü məhsul verməsi ilə əlaqədardır. Belə ki, birinci dövrdə bitki böyüyür, çoxlu yarpaq, budaq və çiçək əmələ gətirir. Meyvələr kütləvi surətdə iriləşib yetişdikdə bitkinin böyüməsi zəifləyir, yarpaqlar quruyur və pomidorun şaxı birinci dövr üzrə öz inkişafını başa çatdırır. Ikinci dövrdə kolun aşağı hissəsində, kök boğazına yaxın hissədə zoğlar əmələ gəlir, onlar kolu bərpa edir və normal hava şəraitində inkişaf edərək ikinci dövr üzrə məhsul verə bilirlər.

2.Pomidorun tumurcuqları və zoğları tezyetişəndir. Gövdə üzərində oyanan tumurcuq 15-20 günə qədər yarpaqlı zoğ verir və onun üzərində çiçək açılır.Pomidorun çiçək qrupunda həm erkəkcik və həm də dişicik olduğuna görə özü-özünə tozlanır və çiçək açılanda artıq mayalanmış olur.

3.Pomidorun meyvələri süd, qonur, sarıköynək və tam yetişkənlik kimi yetişmə fazaları keçirir. Sortlardan asılı olaraq tam yetişmiş meyvələrin rəngi müxtəlif olur (qırmızı, sarı, qara). Yeni formalaşmış meyvələrin rəngi yaşıl olur.

4.Qırmızı rəngli pomidorlarda meyvələrin böyüməyə başladığı dövrdə zəhərli alkoloid olan salonin formalaşdıqdan sonra onlar ağ, sarı, açıq və tünd qırmızı olur. Qırmızı rəngli pomidorlarda meyvə normal böyüklüyə çatana qədər yaşıl rəngə çalır, bu zaman xlorofil parçalanmağa başlayır və likopenə çevrilərək meyvə rəngini alır. Pomidor bitkisini çilik, calaq və basma ilə artırmaq olur ki, bu da onun güclü çoxalma qabiliyyəti ilə əlaqədardır.

Pomidor bitkisinin torpaq-iqlim şəraitinə münasibəti. Pomidor bitkisi öz inkişafı dövründə həyat amillərindən hesab olunan işıq, istilik, su, hava və qida maddələri normal təmin olunmalıdır.

Pomidorun istiyə təlabatı. Pomidor isti iqlim bitkisidir. Ancaq yüksək istilik bitkidə solma və qovrulmaya, həmçinin tozcuqların steril (mayalanma qabiliyyətini itirməsi) hala keçərək mayalanmamasına səbəb olur. İstixana şəraitində pomidor bitkisinin normal böyüməsi və inkişafı üçün havanın optimal temperaturu 22±7 0C hesab olunur. Pomidorun normal böyüməsi və inkişafı üçün istixanada istilik gündüz buludlu havada 22 0C, günəşli havada 24-26 0C, gecələr isə 16-20 0C səviyyəsində saxlanılmalıdır.

Pomidorun suya təlabatı. Pomidor nisbətən quraqlığa davamlı bitkilər qrupuna aiddir. Ancaq pomidor bitkisindən yüksək məhsul götürmək üçün tez-tez suvarma tələb olunur.

Pomidorun işığa tələbatı. Pomidor yüksək işıqlanma intensivliyi tələb edən bitkidir. İşıq rejiminin dəyişməsi bitkinin böyümə və inkişafına kəskin təsir edir. Belə ki, işıq az olduqda bitki qeyri –normal böyüyür, gövdə nazikləşir, meyvə əmələ gəlmə azalır və bitki xəstəlik və zərərvericilərə qarşı davamsız olur.


Pomidorun torpağa və qida maddələrinə təlabatı-Pomidor torpaq münbitliyinə orta dərəcədə tələbkardır. Yüksək məhsul götürmək üçün qida maddələri ilə zəngin olan, məsaməli, yüngül, tez isinən torpaqlar daha məqsədə uyğundur. Pomidor bitkisi üçün torpaq mühitinin optimal reaksiyası - pH 5,5-7,0 hesab olunur. Pomidor torpaqdan ən çox kalium, sonra isə azot mənimsəyir. Pomidor fosforu kaliumla müqayisədə 5 dəfə, azotla müqayisədə isə 2 dəfə az mənimsəyir. Pomidor bitkisi fosfora ən çox çiçəkləməyə qədər və meyvənin böyümə dövründə təlabat göstərir. Azot çatışmadıqda pomidor bitkisinin gövdəsi və yarpaqları zəif inkişaf edir və məhsuldarlıq azalır. Azot artıqlığı isə pomidorun meyvələrinin yetişməsini ləngidir, bitkinin xəstəliklərə, aşağı temperatura qarşı davamlılığını azaldır, meyvədə quru maddənin və şəkərin toplanmasını zəiflədir. Fosfor pomidor bitkisinin meyvələrinin tez yetişməsinə, kök sisteminin böyüməsinə və çiçəkləmənin erkən baş verməsinə müsbət təsir göstərir. Kalium pomidorun meyvələrinin dolmasını və yetişməsini sürətləndirir, onların əmtəəlik xüsusiyyətini yaxşılaşdırır. İlk inkişaf dövründə pomidor bitkisi qida maddələrinə az tələbat göstərir. Lakin intensiv böyümə və meyvə əmələ gəlmə dövründə pomidorun qida maddələrinə tələbi kəskin artır.

3.2. Günəbaxan bitkisinin bioloji xüsusiyyətləri.

Günəbaxan (Helianthus annus L.) astra (Asteraceae) (mürəkkəbçiçəklilər Compositae) fəsiləsinin, heliantus cinsinin birillik bitkisidir. Onu 2 sərbəst növə: mədəni günəbaxan – Helianthus cultus; və yabanı günəbaxan – Helianthus ruderalis növlərinə bölürlər. Mədəni günəbaxan 2 yarımnövə ayrılır: səpin günəbaxanı -H. a. sativus, bəzək günəbaxanı H. a. ornamentales.Günəbaxanın güclü şaxələnən mil kökü vardır. Mil kök, rüşeym kökcüyündən 2 dəfə sürətlə inkişaf edərək torpağın 2- 4 metr dərinliyinə, ətrafa isə 100-120 sm işləyir. Gövdələrinin hündürlüyü 0,7-2,5 metr, hətta 3- 4 metrə çatan dik duran, üzəri tüklü içərisi özəklə doludur.

Yarpaqları uzun saplaqlı iri, oval, ürək formalı, iti nəhayətli və kənarları mişar kimidir. Gövdənin aşağı hissəsində 3-5 cüt yarpaqlar qarşı-qarşıya, sonrakılar isə növbə ilə düzülürlər. Bir bitkidə 15-35 yarpaq olur.

Çiçəyi səbətdir. Yağlıq formalarda onun diametri 10-20 sm, çırtlama formalarda isə 40 sm-dir. İkicinsli, çarpaz tozlanan bitkidir. Bir səbətdə 600-1200 çiçək olur. 5 erkəkcik və 1 dişicikdən ibarətdir. Dişicik tez yetişir. Meyvəsi toxum hesab edilir və tum adlanır. Tumu uzunsov, pazşəkilli, 4 üzlü, sivri nəhayətli, ikiləpəlidir. 1000 ədədinin kütləsi 35-75 qram, hətta 120 qrama çatan formaları da vardır.

Тoxumları nəmli torpaqda 4-6°C temperaturda cücərti verməyə başlayır. Çərtmiş toxumu bu vəziyyətdə -10°C temperatura dözür. Тorpaq səthinə çıxmış cavan cücərtilər mənfi 8°C temperaturda belə məhv olmur. Ona görə də günəbaxan ilk inkişaf dövründə aşağı temperatura dözümlüdür və erkən yazda səpilməyə imkan verir.

Günəbaxan işığa tələbkar bitkidir. Kölgəyə düşdükdə və tutqun havada boyatma və inkişafı ləngiyir.

Çiçəkləmə fazası cücərtilər fazasından 50-60 gün keçmiş başlayaraq, 20-25 gün davam edir (ayrıca götürülmüş bir səbətcik 8-10 günə tam çiçəkləyir). Səbətciyin maksimum böyüməsi çiçək töküləndən sonra 8-10 gün müddətində başa çatır. Səbətciyin böyüməsi tam saralana kimi davam edir. Sort və hibriddən, yetişmə şəraitindən asılı olaraq, səbətciyin yetişməsi cücərtilər torpaq səthinə çıxan gündən 70-120 gün sonra baş verir(toxumların yetişməsi mayalanma müddətindən sonra 32-42 gün ərzində davam edir). Səbətciklər yığıldıqdan sonra toxumun fizioloji yetişmə dövrü başlayır. Bu dövr də hava şəraiti və əkilmiş sortdan asılı olaraq, 10 gündən 50 günə qədər çəkir. Torpaqda toxumların sükut dövrü, anbarda saxlanan toxumlara nisbətən daha çox olur. Nəmliyə tələbatı müxtəlifdir. Günəbaxan nəmliyi torpağın dərin qatlarından belə ala bilir. Bitkinin gövdə və yarpaqlarının yaxşı tükcüklü olması və eyni zamanda ağızcıqlarının transpirasiyaya uyğunluğu günəbaxan üçün istiliyə və quraqlığa davamlılıq yaratmışdır (xüsusən bitkinin çiçəkləmə fazasına kimi olan dövrü üçün). Günəbaxan cücərtilərin alınmasından çiçəklənmə dövrünə qədər suya az tələbkardır. Çiçəkləmə və dən dolma dövründə günəbaxanın nəmliyə tələbatı çoxalır. Bu dövrdə nəmliyə tələbat vegetasiya ərzində ümumi tələbatın 75%-nı təşkil edir. Günəbaxanın ən çox (60%-ə qədər) nəmlik tələb edən dövrü: - səbətciyin əmələ gəlməsindən çiçəkləmənin sonuna qədər olan dövrdür. Bu bitkinin suya qarşı böhran dövrüdür. Həmin dövrə qədər və bundan sonrakı fazalarda suya tələbat müvafiq olaraq, 22,4 və 17,6% təşkil edir. Həmin dövrdə nəmliyin çatışmaması, səbətciyin mərkəzində boş dənlilik yaradır. Vegetasiya müddətində bir bitki 200 kq su sərf edir. Тranspirasiya əmsalı 470-570-dir.

Günəbaxan üçün əlverişli torpaqlar qara torpaqlardır (qumsal və gillicə). Şabalıdı və bataqlaşmış şəraitdə əhənginin miqdarı çox olan torpaqlar günəbaxan üçün az əlverişlidir. Qranulometrik tərkibi yüngül olan münbit torpaqlarda günəbaxan yaxşı məhsul verir. Bataqlıq, qumlu və turş torpaqlardan başqa qalan torpaqlarda yüksək aqrotexnika tətbiq etməklə günəbaxandan istənilən məhsul götürmək mümkündür. Qranulometrik tərkibi ağır olan və güclü şorlaşmış torpaqlarda günəbaxan becərmək mümkün deyil. Torpağın reaksiyası pH 6,0 - 6,8-ə bərabər olmalıdır.

Günəbaxan başqa bitkilərə nisbətən torpaqdakı qida maddələrini intensiv dərəcədə istifadə etmək qabiliyyətinə malikdir. Günəbaxan bəzi bitkilərə nisbətən bir ton dən üçün 2,0-2,5 dəfə artıq qida maddələri tələb edir. Günəbaxan azot elementini əsasən səbət əmələ gəldikdən çiçəkləmənin sonuna qədər, fosforu çıxışlar alındıqdan çiçəklənməyə qədər, kaliumu isə səbətlərin əmələ gəlməsindən dənin yetişməsinə qədər tələb edir. Toxum tam yetişdikdə demək olar ki, azot və fosforun əsas hissəsi dəndə toplanır. Kalium elementinin 10%-i dəndə, qalan 90%-i isə bitkinin vegetativ orqanlarında toplanır.

Günəbaxanı yüksək məhsulu təmin edən intensiv texnologiya ilə becərdikdə, bu bitkinin elmi əsaslandırılması, növbəli əkinlərdə yerləşdirməyə xüsusi fikir verilməlidir. Bundan başqa, yüksək məhsul üçün ayrıca götürülmüş bir təsərrüfatda yetişmə müddətinə görə xəstəliklərə davamlı müxtəlif sort və hibridlərin istifadə edilməsinə xüsusi fikir verilməlidir; məkanın nəmlik təminatına uyğun nəzərdə tutulmuş bitki sıxlığına nail olunmalıdır.

Gübrələmə. Yüksək məhsul əldə etmək üçün mühüm aqrotexniki tədbirlərdən biri də üzvi və mineral gübrənin tətbiqidir. Gübrələmə texnologiyasında bir hal nəzərə alınmalıdır ki, günəbaxan vegetasiya ərzində torpaqdan xeyli miqdar qida maddəsi tələb edir. Günəbaxan bitkisi 1 ton əsas və əlavə məhsulla torpaqdan 70 kq azot, 27 kq fosfor və 170 kq kalium elementi aparır. Bir sentner günəbaxan toxumunda 6 kq azot, 2,6 kq fosfor və 18,6 kq kalium toplanmışdır ki, bu miqdar qida elementləri həmin çəkidə olan payızlıq buğdanın 2-3 sentnerinə bəs edə bilər. Bunu nəzərə alaraq hektara 15-20 ton peyin, 2-3 sentner superfosfat verilməlidir.

Müxtəlif qida maddələri, bitkinin müxtəlif inkişaf fazasında az və çox istifadə edilir. Səbət əmələ gəlmə fazasından çiçəkləmənin axırına qədər azota tələbat ən çoxdur; azot toxumlarda yağın miqdarını bir qədər azaldır, lakin toxum məhsulunu artırır. Fosfor cücərtilər əmələ gələndən çiçəkləməyə qədər daha çox istifadə edilir. Günəbaxan bitkisi fosfor qidası ilə yaxşı təmin olunduqda dənlərdə yağ faizi artır. Kalium isə səbətin formalaşmasından yetişmə dövrünə qədər daha çox istifadə olunur.

Günəbaxanın gübrələmə sistemi belədir: payızda əsas şum altına və səpinqabağı torpaqbecərmə ilə yazda, səpinlə birlikdə cərgəyə və bir də vegetasiya dövründə yemləmə kimi verilən gübrə.

Əsas gübrələmə dondurma şumuna verilən gübrələrdir ki, başqa gübrə vermə texnologiyasından səmərəlidir. Səpinlə birgə toxumla verilən dənəvər superfosfat da yaxşı effektə malikdir.

Payızda şum aparılarkən üzvi gübrələri T-150, K-701 traktorları-na qoşulan PRT-10, mineral gübrələrə isə MTZ-80-82 traktorlarına qoşulan 1RMQ- 4, RTT- 4,2, RUM-5, RUM-8 aqreqatları ilə verirlər.

Torpağa verilən peyin onu qidalı maddələrlə zənginləşdirir, torpağın fiziki keyfiyyətini yaxşılaşdırır və mikrobioloji prosesləri gücləndirir.

Gübrələrdən istifadə edilməsi bitkilərin kök sisteminin və yerüstü orqanlarının güclü inkişaf etməsinə şərait yaradır.

Azot gübrəsi bitkinin boyunu sürətləndirir, iri yarpaqlar, gövdə və səbətlərin formalaşmasını təmin edir. Lakin, yüksək azot norması toxumlarda zülalın toplanmasını artırır, yağlılığı aşağı salır, və bitkiyə qida elementləri bərabər daxil olmur.

Səpin zamanı cərgənin yan tərəflərinə 5-10 kq azot, 10-15 kq fosfor verdikdə bitkilər ilk inkişaf fazalarında qida elementləri ilə yaxşı təmin olunmuş hesab edilir. Yemləmə gübrələri üçüncü cüt yarpaqlar dövründə (1-ci yemləmə), ikinci isə səbət əmələgəlmə fazasında verilsə, daha yaxşıdır. Belə olduqda hər hektardan 2,9-3,9 sentner məhsul artımı ilə təmin olunur. Birinci kultivasiyada yemləmə gübrəsi kimi hektara 30 kq azot və 30 kq fosfor cərgələrdən 12-14 sm aralı, 10-12 sm dərinliyə verilməlidir. Qalan gübrə normaları ikinci və üçüncü yemləmələrdə verilir. Məhsuldarlığı artırmaq üçün əsas şum altına hektara 1- 2 kq normada manqan sulfat mikrogübrəsi verilir. Eyni zamanda bakterial gübrə fosforobakterinin verilməsi də müsbət nəticə verir. Gübrələrin tətbiqi təkcə mineral elementlərlə bitkilərin qidalanmasını yox, həm də torpaq nəmliyindən məhsuldar istifadə olunmasını təmin edir və günəbaxanın ağ və qonur çürümə xəstəliyinə qarşı davamlılığını artırır.

4. Pomidor və Günəbaxan bitkilərində gübrələrin tətbiqi ilə bağlı energetik səmərəliliyin hesablanması.
Kənd təsərrüfatında tətbiq edilən gübrələmə tədbirləri iqtisadi cəhət­dən səmərəli, energetik baxımdan isə məqsədəuyğun olmalıdır. Res­pub­li­ka­mı­zın boz-qəhvəyi torpaq zonasında məhsul artımında gübrələrin xüsusi çəkisi 40-45 % təşkil edir. Nisbətən az məhsuldar sarı-podzol və boz-meşə torpaqlar yayılmış zonasında bu göstərici 50-55 %, müqayisə üçün Orta Asi­yanın suvarılan torpaqlarında isə 50-60% olmuşdur. Gübrələrin tətbi­qi­nin daha mütərəqqi, az enerji sərfi tələb edən üsul və texnologiyalarla iş­lə­nil­məsi üçün onların aq­ronomik, iqtisadi və energetik səmərəliliyi nəzərə alınmaqla kompleks qiy­mətləndirilməsi vacibdir.
Kənd təsərrüfatının intensivləşdirilməsi, bitkilərin məhsuldarlığının yük­səl­dilməsi bərpa edilməyən enerji sərfinin, o cümlədən gübrələrdən isti­fadənin çoxalması hesabına artması ilə müşahidə ediləcəkdir. Ona görə də, gələcəkdə az enerji sərfi tələb edən istehsal texnologiyalarının hazırlanıb kənd təsərrüfatı məhsulu istehsalında tətbiq edilməsi vacibdir. Mütərəqqi tex­nologiyalarda gübrələrin tətbiqinin energetik səmərəliliyinin əsaslarının he­sablanması yüksək ixtisaslı mütəxəssislər tələb edir.
1) Kənd təsərrüfatı məhsullarında toplanmış enerji meqacoul ilə (mC) qiymətləndirilərək əsas məhsul və, əlavə məhsulda daxil olmaqla ümumi məh­sulda nəzərə alınır. Mineral gübrələrin tətbiqi nəticəsində əsas kənd tə­sər­rüfatı məhsulunda toplanmış enerjinin miqdarının hesablanması üçün qeyd olunan düsturdan istifadə edilir

Burada:


- əsas (təsərrüfat baxımından qiymətli hissə) məhsulda toplanmış enerji;

– gübrə hesabına kənd təsərrüfatı bitkisinin əsas məhsulunda artım, s/ha;

- kənd təsərrüfatı məhsul vahidinin quru maddəyə çevrilməsi üçün əmsal;

L – 1kq əsas məhsulun quru maddəsində toplanmış ümumi enerji, mC;

100 – sentneri kq-a çevirmək üçün əmsal.

Mineral gübrələrlə (1 kq təsir edici maddəyə görə) texnoloji proseslərin yerinə yetirilməsi üçün enerji sərfinin məcmusu aşağıda qeyd olunan enerji miqdarı (mC) ilə qiymətləndirilir:

Azotlu (aN) – 86,6; fosforlu (aP) – 12,6; kaliumlu (aK) – 8,3; peyin ( nəmliyi 80%) – 0,42,Kompleks (nitroammofoska) 51,5;Torflu-peyinli kompostlar (nəmliyi 60%) - ,70; Əhəngli gübrələr - 3,80; Yerli mineral gübrələr - 2,90.

Sənaye istehsalı olan mineral və yerli gübrələrin istehsalı

üçün enerji sərfi



Gübrələrin növü

Enerji sərfi MC/kq təsir edici maddəyə görə

Sənaye istehsalı olan mineral gübrələr

Azotlu

86,8

Fosforlu

12,6

Kaliumlu

8,3

Kompleks (nitroammofoska)

51,5

Yerli gübrələr

Peyin (nəmliyi 80%)

0,42

Torflu-peyinli kompostlar (nəmliyi 60%)

1,70

Əhəngli gübrələr

3,80

Yerli mineral gübrələr

2,90

Ən az energetik səmərəlilik azotlu gübrələrdə müşahidə edilir, belə ki, fosforlu və kaliumlu gübrələrlə müqayisədə azotlu gübrələrin istehsalı üçün daha çox enerji sərfi tələb olunur.


2) Mineral gübrələrin tətbiqinə sərf olunan enerji aşağıda qeyd olunan düsturla hesablanır
A0 = (HN ∙ aN) + (HP∙ aP ) + ( HK∙aK ) mC
Burada :

HN, HP, HK – müvafiq olaraq azot, fosfor və kaliumlu gübrələrin faktiki verilən norması, kq/ha, təsir edici maddəyə görə;

aN, aP, aK - azot, fosfor, kaliumlu gübrələrin 1kq təsir edici maddəsinə görə enerji məsarifi.

3) Mineral gübrələrin tətbiqinin (ɳ) energetik səmərəliliyinin (enerjivermə və ya bioenergetik FƏƏ) təyini üçün bu düsturdan istifadə edilir.

ɳ = .

Burada:


ɳ - energetik səmərəlilik (enerjivermə) və ya bioenergetik FƏƏ, vahid.

– mineral gübrə hesabına əsas məhsul artımından alınmış ener­ji­nin miqdarı, mC;

- gübrələrin istifadısinə enerji sərfi, mC.
Gübrələrin tətbiqinin aqronomik, iqtisadi və energetik səmərəliliyinin he­sablanması mütərəqqi texnologiyalarla kənd təsərrüfatı bitkilərinin becə­ril­məsində gübrələmə sisteminin obyektiv və kompleks halda qiymət­lən­di­ril­məsinə imkan verir.

4.1. Pomidor bitkisinə gübrələrin tətbiqinin energetik səmərəliliyinin hesablanması.


1. Pomidor bitkisinin 1 il ərzində 1ha sahədə məhsuldarlığı – 160 s.

2. Mineral gübrələrin norması -N90P60K60.

3. Ümumi məhsuldarlığın 40% - i gübrə hesabınadır.

4. Gübrə hesabına məhsulun artımı – cəmi 64 s/ha.

5. Gübrəsiz məhsulun artımı – 96 s/ha

6. 1kq quru maddədə ümumi enerjinin miqdarı (L) mC ‐ 14.36 mC

7. Məhsulu quru maddəyə çevirmək üçün əmsal (Ri) – 0.10
160 s məhsul – 100%

X s məhsul – 40%.

X = 160×40% / 100% = 64 s gübrəli məhsul.

160s – 64s = 96s gübrəsiz məhsul.




Yüklə 82,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin