Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı



Yüklə 1,52 Mb.
səhifə15/34
tarix01.04.2017
ölçüsü1,52 Mb.
#13039
1   ...   11   12   13   14   15   16   17   18   ...   34
Hamı xorla “Amin”, Aysu isə dodaqlarının altında “Allah cəzanızı versin” dedi. Sonra ortaya kofe, çay gəldi.
– Muzıka, rəqs eləmək istəyirəm! – deyə qızlardan biri yarıermənicə, yarırusca qışqırdı, köynəyinin yaxasını açıb bədənini silkələməyə başladı, çaşdımı, yoxsa qəsdənmi sağa yox, sola çönüb İvanın boynunu qucaqladı. Ona əhəmiyyət verməyən İvan vəziyyətdən çıxa bildi:
– Gözəl fikirdir. Musiqi qadınlara kişilərdən daha çox lazımdır. Gözəl qadınlar kişiləri musiqisiz də cuşa gətirirlər. Cənab mayor, eşitmişəm ki, sizin də bənzərsiz hərəmxananız var.
– Ba, İvancan, sən indiyəcən onu görməyibsən? Bilmirsən ki, biz ön xətdəki döyüşçülərimizin qadına olan tələbatını da ödəyirik? Artıq bütün postlar qızlarla təmin olunub.
– Onda bəlkə məclisimizin bədii hissəsini orda tamamlayaq?!
– Etiraz eləmirəm. Oranın şefi Jannadır. Qoy düşsün qabağa.
Yarısərxoş dəstə qazmanın arxa qapısından çıxıb xəndəklə yuxarı dırmaşdı. Aysuya çox uzaq gələn, əslində qırx addımdan sonra başqa bir qazmanın qarşısında dayandılar. Buradakı keşikçi əsgər təzim elədi. Janna qabağa çıxdı, qapını açıb onları içəri dəvət elədi.
Aysu heç vaxt görmədiyi ürəkağrıdan bir səhnə ilə qarşılaşdı... 20-30 kvadrat metrlik birinci otağın küncündəki stolun arxasında yarıçılpaq dörd qız oturmuşdu. Dəstəni görən kimi onlar oynadıqları domino daşlarını mizin üstünə qoyub büzüşdülər. Onlardan birinin iniltiylə alçaqdan azəri türkcəsincə “Allah, yenə gəldilər” dediyi bu üç kəlmə Aysunun köksünə ox kimi sancıldı. Hələ onları görməmişdən, bu sözləri eşitməmişdən o başa düşmüşdü ki, “qarem” adlandırılan bu otağın sakinləri girov götürülmüş Qarabağ qızlarıdır...
Janna ev sahibi kimi irəli yeridi, kiçik pəncərələrdəki pərdəni əvəz edən qırmızı örtüyü yana çəkdi. Otaq əməlli-başlı işıqlandı. Fikri-zikri qızlarda olan Aysu onların sifətlərindəki ifadələri oxumağa çalışdı... Əslində içəri girənlərin hamısının diqqəti onlara yönəlmişdi. Janna qonaqları divar boyu düzülmüş divan və kreslolara dəvət elədi. Halsızlaşan Aysu İvanın onu divana dəvət eləməsini görməməzliyə vuraraq özünü bəri başdakı kresloya saldı. İvanla Öksüzyan isə divanda yanaşı oturdular. Emma əlindəki maqnitofonu stolun üstünə qoyub düyməni basdı. Otağı oynaq bir ərəb melodiyası bürüdü.
– Cənab mayor, bura blindaj deyil, əməlli-başlı yataq otağı, zalı olan bardeldir ki! Siz bu dağlara fransız mədəniyyəti gətirmişsiniz. Əhsən!... – deyə İvan əlini Öksüzyanın kürəyinə vurdu.
– Bəs necə bilmişdin! Biz döyüşdüyümüz kimi də dincəlməliyik. Gördüyün kimi, Azərbaycan kəndləri bizi hər şeylə təmin eləyir, – deyə Öksüzyan əli ilə otaqdakı köhnə, ucuz mebelləri, döşəmə və divarlardakı xalça və palazları, ürkək baxışlarla onlara baxan qızları göstərib sözünə davam elədi: – Fransadan, Yunanıstandan, Livandan köməyə gəlmiş zabitlərimiz, döyüşdə fərqlənmişlər tez-tez bu otağın qonağı olurlar. Amma qızları da texnika kimi təzələmək lazım gəlir, tez sıradan çıxırlar: biri xəstələnir, birinin başı xarab olur, biri qadın kimi keyfiyyətini itirir. Belələrini ötürürük postlara, orada işə yarayırlar.
– Bəs, bu “canlı texnikaya” həkimlər baxmırmı?
– Baxırlar, yoxlayırlar. Janna da tibb işçisidir, Paris bardellərində öyrəndiklərini burda tətbiq eləyir. O bu kənd qızlarını xam, minilməmiş, cilov-yəhər görməmiş atlar kimi öyrədir. Onlar içməyi, çəkməyi, kişilərə necə qulluq eləməyi bilmirlər, Janna onları savadlandırır, – deyə Öksüzyan tam ciddiliklə İvana məlumat verdi, sonra qızlara şərab süzüb siqaret verən Jannanı səslədi:
– Onları ortaya çək, görək.
– Bunları dəmləşdirməsəm, bir şey çıxmayacaq. Onlar hala gələnəcən özümüz başlayaq, – deyə Janna göbəyini oynada-oynada livanlı sarıbəniz erməni zabitini ortaya çəkdi. Emma isə özünü mayorun qucağına yıxdı, boynunu qucaqlayıb ermənicə nəsə dedi. Öksüzyan onun üzündən öpüb qarazırtı Ərəbistan ermənisini göstərdi. Emma qalxıb onun yanına getdi. Bir az pıçıldaşdıqdan sonra onlar da ortaya düşdülər. Getdikcə qızışıb ekstaza gələn Janna əsgər köynəyini çıxarıb tulladı, kavalerinin boynuna sarılıb tanqoya keçdilər. Aysununsa diqqəti əsir qızlarda idi. Şərabı içib, siqareti sümürən qızlardan üçünün sifətindəki üzüntünü, gözlərindəki qorxunu laqeydlik əvəz elədi, baxışları kütləşdi.Dördüncüsünün badəsi dolu qaldı. Töyşüyə-töyşüyə onlara yaxınlaşan Janna çəmkirdi:
– Bəsdir kayf aldığınız. İndi qonaqlara kayf verin. Durun soyunun, oynayın!..
Qızların ləng hərəkət elədiyini görüb, yanbızlarını burcuda-burcuda onlardan birini özü soyundurmağa başladı. Sonra onu ortaya çəkdi, dimdik duran döşlərinin arasından kişi ehtirası ilə öpərək oturanlara dedi:
– Bir baxın, nadir ekzemplyar! Lap Afrika qızlarınınkı kimidir. Mən bunun bədəninə baxanda özüm kişi olmaq istəyirəm...
Ərəb melodiyaları altında göbək ata-ata oynayan qızlar onlara içirdilmiş şərabın, çəkdirilmiş nəşənin təsirindən ekstaza gələrək düşdükləri vəziyyəti, deyəsən, unutmuşdular.Onlar yaxşı rəqqasə olmasalar da gözəllikləri, hər şeyi normada olan bədənləri kişiləri riqqətə gətirirdi. Bəlkə elə buna görəydi ki, onların yanbızlarında, döşlərində, boyun-boğazlarında göyərib qaralmış vəhşi öpüş, çimdik yerləri qalmışdı. Ərəbistandan gəlmiş erməni zabitləri Janna ilə Emmanı unudub onlarla oynamağa başladılar.
– İvan Nikolayeviç, eşitmişəm haralara baş vurursan. Bizimkilərdən də hansını istəyirsənsə seçə bilərsən, – deyə Öksüzyan qımışdı, sonra Aysuya işarə ilə dedi: – Amma zənn edirəm ki, ən nadir ekzemplyar elə sənin yanında oturub. Ondan bezib yorulanda, bizə ötürərsən.
Onun sözlərini qulaqardına vuran İvan dördüncü qızı göstərib soruşdu:
– Bəs o niyə oynamır?
– O hələ dərs keçir. On beşin içindədir. Mənə gətirəndə bakirə idi. İlahə gözəlliyinə malikdir. Amma təcrübəsizdir, hələ öyrəşməyib, elə ləzzət eləmir. Janna onu yavaş-yavaş öyrədir. Qoy bir onu durquzum, yaxşı bax, – deyə Öksüzyan Jannanı çağırdı, təzə qızı yanına gətirməyi əmr elədi. Küncdəki stola yaxınlaşan Janna tək oturmuş qızın, balaca uşaqmış kimi, əlindən tutub gətirdi. Aysu yalnız indi gördü ki, xırda addımlarla yeriyən qızın ayağını qandallayıblar.
– Aç bunun ayaqlarını, – deyə Jannaya çımxıran Öksüzyan qıza mehribanlıq göstərib, onu özü ilə İvanın arasında oturtdu. Sonra başını aşağı dikərək nəsə pıçıldayan qızın sarafanının arxasındakı düymələri açmağa başladı, onun çılpaq kürəyindəki zolaq-zolaq qamçı yerlərini görüb bu dəfə qışqırdı: – Bu nə hərəkətdir? Bəyəm bilmirsən, biz dünyanın qədim xalqı olsaq da əsirlər üzərində orta əsr cəza tədbirlərini istisna hallarda tətbiq eləyirik? Sən gör gül kimi bədəni nə hala salıbsan!
Qızın ayaqlarındakı qandalın qıfılını açan Janna başını qaldırıb izahat verdi:
– Cənab mayor, məcbur olmuşam. İki dəfə qaçmağa cəhd eləyib. Təlimləri yerinə yetirmir, yemir, içmir, çəkmir, üzümə ağ olur. Hətta bir dəfə düz gözümə tüpürübdür.
Tülkü pəncəsinə keçmiş göyərçin kimi tir-tir titrəyən qızsa dodaqları altında aramsız surətdə nəsə pıçıldamaqda davam edirdi. Əsəblərini güclə cilovlayan Aysu başını sağa əyib diqqətlə qulaq verdi, onun pıçıltılarını eşitdi... “Ölmək istəyirəm, İlahi!.. Nə sən öldürürsən, nə özüm ölə bilirəm... Öldür məni, canımı xilas elə, ay Allah!..”
Öksüzyan uçunma tutmuş qızdan əl çəkdi, Jannanı yenə danladı:
– Jannacan, bu qızlar da bizim ordunun əmlakıdır. Onları tutub gətirmək Yerevandan bura tank gətirmək kimi bir şeydir. Biz ordumuzun bütün əmlakının qədrini bilməliyik. Sən belə çətin qızlarla səbirlə, təmkinlə təlim keçməlisən, onları zabit və əsgərlərimizin xidmətində durmağa hazırlamalısan. Bu qızın qardaşını bizimkilər güllələyiblər, balasından yapışıb onu buraxmayan anasının kəlləsini dağıdıb öldürüblər. Qız bərk stress keçirib.
Janna çiyinlərini çəkdi:
– Zənn edirəm ki, bundan da Gülya kimi bir şey çıxmayacaq.
– Hansı Gülya?
– Keçənilki qızı deyirəm. Ata-anasının gözü qabağında zorlayıb gətirmişdilər. Nə qədər əlləşdik başını düzəldə bilmədik, ağlını itirdi, göndərdik postlardakı əsgərlərin ixtiyarına. İndi orada zəncirləyib saxlayırlar.
– Hər halda çalış, psixiatrdan aldığın dərmanlarla əvvəlcə onu sakitləşdir, sonra keç başqa üsullara... – deyən Öksüzyan üzünü İvana çevirib gileyləndi: – Bu türklər çox geri qalıblar. Namus üstündə canlarını bada verirlər.
Bayaqdan bəri özünü güclə saxlayan, əsəbləri tarıma çəkilmiş,bütün qəzəbi boğazında düyünlənmiş Aysunun sinəsindən öskürək qarışıq bir hönkürtü qopdu. O, indicə hönkürüb qışqıracağından qorxaraq qəfildən ayağa durub iti addımlarla bayıra çıxdı.
– Son vaxtlar tez-tez ürəyi bulanır... – deyə Öksüzyana ötəri məlumat verən İvan özünü bayıra saldı. Aysu qapının ağzından azacıq kənara çəkilərək ağır-ağır dərindən nəfəs alır, hıçqırığını boğaraq özünə gəlməyə çalışırdı. İvan heç nə deməyib onun yanında dayandı. Beş dəqiqədən sonra özünü ələ ala bilmiş Aysu qəti şəkildə bildirdi ki, o, içəri girməyəcək, bu müdhiş tamaşaya baxmayacaq.
– Anladım. Sən burada dayan. Heç yerə tərpənmə. Artıq hərəkət eləsən, lazım olmayan yerə çıxmağa cəhd göstərsən atəş açacaqlar. Mənə imkan ver, içəri keçib onlarla xudafizləşim.
– Arxayın olun, ağlım başımdadır. Amma xahiş edirəm, buradan tez gedək, – deyə göz yaşları sellənən Aysu yalvardı.
İvan qızlara sarmaşıb rəqs eləyən zabitlərlə ərəbcə sağollaşdı, Öksüzyanın əlini sıxıb belə gözəl səhər yeməyi üçün təşəkkür elədi, növbəti hücumun vaxtı haqqında onun sualına isə belə cavab verdi:
– Yaxınlaşır. Siz nə qərar qəbul eləsəniz biz yanınızdayıq.
– Çox sağ ol, əzizim. Burada gördüklərininsə çox təfərrüatına varma. Bizə, güman edirəm, qalan elə bu olacaq. Kim bilir, sabah nə baş verəcək...
* * *
Onlar gəldikləri yolla geri qayıdırdılar. Gözlərini yumaraq başını arxaya qovzamış, sol əlini alnına qoymuş Aysunun ürəyi bayaqkı müdhiş səhnələrin təsirindən ağrıyıb sızıldayırdı. Yol boyu nə təbiət gözəlliyi, nə də İvanın söhbətləri, yerli-yersiz zarafatları onu gördüyü dəhşətlərdən ayıra bilmirdi. Tək bircə dəfə o, gözlərini açıb soruşdu:
– İvan Nikolayeviç, bu səhnələri mənə göstərməkdə məqsədiniz nə idi? Mənim əzablarımı artırmaqmı istəyirdiniz?
Onun qəfil sualı, deyəsən, İvanı çaşdırdı. Bir az kəkələsə də əlüstü cavab verdi:
– Allah eləməsin, əzab niyə? Sadəcə, sizi bir az təbiətə çıxarmaq, bir jurnalist kimi müharibənin gerçəkliklərini göstərmək istəyirdim.
İvanın arqumentləri əsaslı olsa da Aysunu inandıra bilmədi... O bu “qayğının” arxasında nəsə başqa bir şeyin gizləndiyini anlayırdı. Amma başı kütləşdiyindən o şeyin nə olduğunu tapa bilmirdi... Daha danışmadılar, evə çatanadək susdular.
Gün qızmamış evə çatdılar. Aysu üzr istəyib birbaşa otağına tərəf getdi, yolüstü hamamda əl-üzünə su vurub otağına girdi, qapını arxadan bağlayıb özünü çarpayının üstünə saldı. Çox istərdi ağlayıb ürəyini boşaltsın ki, bəlkə başağrısı kəsə... Qəribə idi, sanki göz yaşı da qurumuşdu... Görünür, içində oynayan qəzəb, düşmənə nifrət, intiqam hissləri gözdən yaş çıxarmırdı... Başağrısını yalnız yuxuyla kəsə bilərdi... O, kiçik dolabın üstündəki valerian həbindən iki dənəsini ağzına atıb susuz-zadsız uddu... Gözlərini yumub yüzə qədər saymağa başladı...
Aysu gün çönənədək yatdı. Saat 5-6 radələrində gözünü açdı. Başındakı ağrı kəssə də ürəyindən sanki daş asılmışdı. Səhərki səhnələri unuda bilmirdi... Hər gün bir addım məhv olmağa doğru sürüklənən o qızların əzablı sifətləri yenidən gözləri önündə canlandı... Öz-özü ilə danışmağa başladı... Dodaqları tərpənmədən, səssiz, səmirsiz... İndi, Allah bilir, neçə köçkün, qaçqın ata-ana, bacı-qardaş, xala-bibi, sevən oğlan öldü-qaldısından xəbərləri olmadıqları bu qızlardan ötəri göz yaşı axıdır... Yaxşı ki, onlar bilmirlər burda bu binəvaların başına nə oyunlar açırlar... Yoxsa dərddən bağırları çatlar, bir faciə zəncirvari reaksiya ilə çoxalıb neçə ailənin faciəsinə çevrilər... Bu qızlarsa artıq həyatda yox kimidirlər... Ayaq üstə gəzən, oynayan ölüdürlər. Çox keçməz ki, onlar da atılmış gilizlər kimi, bayaq geri dönərkən yolun qırağında gördüyü vurulub, yaxud sınıb sıradan çıxmış, gərəksiz metal parçasına dönmüş döyüş texnikası kimi tullanacaqlar... Bəs o özü? Onu nə gözləyir? Bilmirdi... Bilmirdi ki, İvanın onun nazı ilə oynamağa hövsələsi nə vaxta qədər çatacaq... O, dediklərində nə qədər səmimidir?.. Bəlkə kişi marağına nail olduqdan sonra onu qoxulanmış, solmuş bir gül kimi başqalarına ötürəcəkdir? Bəlkə qəflətən İvanı geri çağırdılar, yaxud başqa yerə dəyişdilər... Bəs onda Aysunun vəziyyəti necə olacaq? İvan onu özü ilə aparacaqmı? Yoxsa digər əşyalar kimi onu da yerinə təyin olunmuş zabitə təhvil verəcəkdir?.. Yox, bundansa, belə yaşamaqdansa ölüm min dəfə yaxşıdır... Bayaq ölmək istəyib, ölə bilməyən ayağı qandallı qızcığazdan fərqli olaraq onun ölə bilmək imkanları geniş idi... Ölümlə olum arasındakı bircə addımı istədiyi vaxt ata bilərdi... Bəs bətnində bəslədiyi körpəciyi? Aysu onun varlığına tam yəqin idi: vaxtı keçməsinə baxmayaraq aybaşı olmamışdı... Bir-iki aydan sonra onun hamiləliyi bəlli olduqda daha hansı problemlərlə üzləşəcəkdi?.. Çətin, çox çətin suallar durmuşdu onun qarşısında... Bu cəhənnəmdən xilas olmağın, İvanın dediyi kimi, ən salamat yolu İrəvan-Moskva-Bakı marşrutu idi... İvanın ətəyindən bərk yapışmaq, onun daxili aləminə girmək, axtarıb zəif damarını tapmaq gərəkdir... Nəyi axtaracaq axı? İvanın ondan istədikləri açıq-aydın məlum idi: birincisi, intim yaxınlıq... Yox, nəbadə!.. İkincisi, gələcəkdə Rusiya kəşfiyyatı, yaxud bəzi siyasi dairələri ilə əlaqə saxlamaq, müəyyən tapşırıqları yerinə yetirmək... Bu məsələdə onunla oynamaq, ümid vermək gərəkdir. Bununla da o, vaxt uda bilər...
– Aysu, qalx, yatdığın bəsdir. Axşam yeməyi səni gözləyir,-deyə Aksana qapını döydü.
– Gəlirəm, – deyə Aysu qalxıb geyindi.
Aksana stolun üstünə yenə ənənəvi qəlyanaltılarını düzmüşdü, jarko və kotlet bişirmiş, kartof qızartmışdı. Onun xahişi ilə Aysu səhərki səfərləri haqda danışdı... Əsir qızların başına gətirilən müsibətlərdən söz açdıqda gözləri doldu. Aksana “Bilirəm... Ah, biçarələr...” – deyə heyfsiləndi. Onlar yeməyə təzəcə başlamışdılar ki, İvan gəldi.
– Aha, mənsiz şam etmək istəyirdiniz, eləmi?
Onun yarızarafat, yarıciddi sözlərinə Aksana əlüstü cavab verdi:
– Sənə ümid olsaq, tezliklə yazva tutarıq. Evə gah axşamüstü, gah gecəyarısı, gah da səhərə yaxın gəlirsən. Bəzən heç gəlmirsən.
– Düz sözə nə deyəsən... Xanum özünü necə hiss eləyir? Bayaqkı xoşagəlməz səhnələrdən sonra özünə gəlibmi? – deyə İvan üzünü Aysuya tutdu.
– Yaxşıyam. Amma hər bir hadisə ürəkdə öz izini qoyur.
– Onda gəlin, içək o izlərin sağlığına, – deyə İvan özünə araq, qadınlara çaxır süzüb sözünə davam elədi: – Əgər istəyirsinizsə ürəyinizdəki izlər silinib getsin, şərab için. Yox, əgər o izləri ürəyinizdə əbədi həkk eləmək istəyirsinizsə, yenə də şərab için. Bu şərab çox dərdlərin dərmanıdır. İnsan sevinəndə də, dərdlənəndə də bunu içir. İçki stressi götürür, kimini ağladır, kimini güldürür... Adamın qəlbində nə varsa üzə çıxardır.
Aysunun atasının mini-barında həmişə cürbəcür içkilər olurdu, şotland viskilərindən, italyan çaxırlarından tutmuş çinlilərin düyü arağınadək... Atası içkiyə çox meylli deyildi. Bardakı şüşələrin ağzı onun dostları gələndə açılırdı. Ancaq xəstələnib eləyəndə, qanı qaralanda tək-tənha yüz qram tut, ya da zoğal arağı içirdi. İçəndən sonra daha mehriban, gülərüz olurdu. Həmişə qanazlığından şikayətlənən anasına güclə yüz qram “Kaqor” çaxırı içirdərdi... Aysuya da hərdən “Kaqor” süzərdi, bu şərabın radiasiyadan qorunmaq üçün yaxşı vasitə olduğunu deyərdi... İndi birdən Aysunun könlündən heç vaxt yaşamadığı bir duyğu keçdi: sərxoş olmaq... Gərilmiş sinirlərini yumşaltmaq, əzablarını qısa müddətə də olsa unutmaq, beyninə dinclik vermək üçün xumarlı olmaq...
Bu hisslərin təsiri altında o da Aksana kimi badəsini axıradək içdi. Canına isti bir cərəyan yayılsa da, öz fikrindən diksinən kimi oldu: “Başıma at təpib, nədir?!” – deyə özünü danladı.
Aysunun badəsini axıracan içməsini dediyi sağlığa yozan İvan ruhlanaraq boşalmış badələri doldurdu, ikinci sağlığı deməyə başladı:
– Əziz dostlar! Mən əksər kolleqalarımdan fərqli olaraq dünya, həyat haqqında tez-tez fikirləşirəm. Görünür, bu duyğular mənə atamdan keçmişdir. Bildiyiniz kimi, insan həyatı hiss olunmadan axıb gedir, kimi üçün sürətlə, kimi üçün yavaş-yavaş... Biz yeyib-içirik, gəzirik, rəqs eləyirik, sevişirik, ağlayıb-gülürük, küsüşürük, dalaşırıq, bir sözlə, yaşayırıq... Hamısı ötüb gedir, bu günümüz sabah keçmiş olur. Bəs fırlanıb gedən zamandan, yaşadıqlarımızdan bizə nə qalır? Xatirələr!.. Ancaq və ancaq xatirələr!.. Deməli, bizim həyatımız, bütün insanların həyatı xatirələrdən ibarətdir. Gəlin, içək xatirələrimizin sağlığına!.. Qoy o xatirələr zəngin olsun, yaxşı, xoş, maraqlı səhnələrlə dolsun!.. Ağır günümüzdə, qocalıb heydən düşəndə fikirləşməyə bir şey olsun!..
İvanın sözləri Aysunu mütəəssir elədi. Onun qulağı İvanda olsa da yarıyumulu gözləri uzaqlara dikildi... Ata-analı, Toğrullu xoşbəxt günləri kinolenti kimi gözləri önündən keçdi... Adətən, xoşbəxtliyi dəqiqələrlə, saatlarla, günlərlə ölçürlər... Ona indi çatırdı ki, nə qədər xoşbəxt aylar, illər yaşamışdır. O, əsir düşənə qədər yaşadığı bütün ömrünü xoşbəxt sanırdı... Deməli, onun öz xoşbəxtliyini qiymətləndirməsi üçün əsir düşməyi gərəkmiş...
Bu düşüncələr içində üzülən Aysu yaman kövrəldi... Özü də hiss eləmədən bir cüt göz yaşı yanaqları aşağı yuvarlandı...
– Aysu, yatma, biz çoxdan içmişik, – deyə Aksana onu dümsükləyib özünün boş badəsini göstərdi.
Xatirələrdən ayrılmağa məcbur olan Aysu onu sakit buraxmaları üçün badəsini götürüb başına çəkdi, yenidən öz aləminə tələsdi...
Bayaqdan oğrun-oğrun ona göz qoyan İvanın sifətindən qalibanə bir təbəssüm keçdi.
– İndi sizə “Şərq gecələri” kokteyli hazırlayacağam.
– Əla! – deyən Aksana guya bərk sevindiyi üçün İvanı qucaqlayıb ehtiraslı öpüşlərə qərq elədi.
Öz aləminə qapılmış Aysu onların març-murçunu eşitmirdi...
Aksananı özündən kənarlaşdıran İvan badələri yan-yana düzdü, onlara bərabər ölçüdə araq, çaxır və şirin kompot süzüb qarışdırdı.
Aysu göylərdə uçurdu, İvanın kimyagərliyini görmürdü...
İvan işini bitirdikdən sonra təzə sağlıq dedi:
– Gəlin, bu badələri qaldıraq dostluğun şərəfinə...
– Hansı dostluğun? İndi bir-birini qıran sovet xalqları dostluğununmu?
– Aksana, sən sus, qoy fikrimi tamamlayım. Mən təbii və əbədi, müqəddəs dostluq duyğularından danışıram. Bizim hamımızın dostu olub və var. Mənimkilər əsasən Moskvadadır. Aysununkular Bakıdadır. Dost dostdur, istər qız olsun, istər oğlan. İçək ürəyimizdə, xatirəmizdə yaşayan dostlarımızın sağlığına.
Bu sağlıq da Aysunun ürəyincə oldu. Bir anda yaxın rəfiqələrini xatırladı. Amma onun bir ürək dostu vardı... Toğrul!.. O, Aysu üçün həm dost, həm sevgili, həm də qardaş idi... Toğrulu xatırlayan Aysu riqqətə gəldi, gözləri yaşardı. Mexaniki olaraq o da İvan kimi dolu badəni axıracan içdi... Amma İvanın əksinə olaraq çeçəməyə başladı. İndiyədək içdiyi şərablardan fərqli olaraq bu dəfəki şirin olsa da boğazını yandırdı, bədəninə daha çox istilik gətirdi.
– Siz mənə nə içirtdiniz? – deyə Aysu ona kompot uzadan Aksanadan soruşdu.
– Qorxulu şey yoxdur. İvan üç içkini bir-birinə qarışdırıb kokteyl hazırladı. Sən çaşıb onu birdəfəyə içdiyin üçün çeçədin. Sən İvana baxma, onun canı dəmirdəndi. Kokteyli qurtum-qurtum içəndə adama ləzzət verir, – deyə o, kompotu uşaq kimi Aysuya içirtdi. Böhran ötüb keçmişdi. Aysu özünü quş kimi hiss edirdi. Başındakı ağırlıq, bədənindəki əzginlik yox olmuşdu.
– Oynamaq istəyirəm, – deyə qızışmış Aksana ayağa qalxdı, İvanın əlindən tutub qaldırdı.
– Musiqisiz? Qoy maqnitofonu yandırım.
Onlar ikisi də maqnitofona sarı getdilər, kasetlərdən birini seçib səsləndirdilər, otağı bürüyən vals təranələri altında yaxşıca oynadılar. İkinci hava çalındıqda, İvan onların oynamasına baxarkən, üz-gözündə təbəssüm oynayan Aysuya yaxınlaşıb, onu rəqsə dəvət elədi, daha doğrusu, əllərindən tutub güclə ortaya çəkdi. İvan indi müşahidə elədi ki, Aysu dərd-qəmini unudub güləndə gözəlliyi birə-beş artır. Lakin onun sifətindən dərd-qəm çəkilsə də özünü unutmamışdı... Yad kişi əli belinə dəyən kimi kənara sıçradı:
– Yox, İvan Nikolayeviç, mən vals-zad oynamağı bacarmıram.
– Onda bu saat sənə Azərbaycan musiqisi təşkil eləyərəm.
İvan ev sahibindən qalma nə vardısa hamısını bitdə-bitdə çək-çevir eləmişdi. O, kasetlərin arasından üzərində “Azərbaycan oyun havaları” yazılmış bir kaset seçib səsləndirdi. “Vağzalı”nın ürəktitrədən təranələri aynabəndə yayıldı. Aysunun qolları öz-özünə qalxdı, ayaqlarını hansısa bir qüvvə hərəkətə gətirdi... O, kəklik kimi süzməyə başladı... Onun həsrət dolu məğrur baxışları, sifətindəki acı təbəssüm qarışıq həyat sevgisi ifadəsi, musiqi ilə həmahəng əl-qolunu incə süzdürməsi lap Durna nənəsitək narın addımlarla səkməsi İvanı heyran etmişdi. Ağzı açıla qalmış İvan yerindən tərpənməyə qorxurdu, elə bil ki, o artıq bir hərəkət eləsəydi, bu sehrli mənzərə yox olacaqdı...
Aysusa oynayırdı... Oynaya-oynaya qəlbinin səsiylə növbəti esseni pıçıldayıb yazırdı...

Partdamaya düşmüş sonayam mən...

Ey uzaqda durub, mənə “Bəxtəvərə bax, gör necə oynayır” deyən cahil!..
Yaxına gəl, qəlbinin gözlərini aç, diqqətlə bax!..
Görəcəksən ki, mən başı yenicə kəsilmiş, hələ bədəndən üzülməmiş bir sonayam... partdamaya düşmüşəm... Ağrının şiddətindən çırpınaraq qanım axa-axa çabalayır, atılıb düşürəm...
Sənsə kənardan baxıb, əl-qol atdığımı görübən, rəqs etdiyimi güman edirsən... “Sağ əlin başıma... Gör necə oynayır!” deyib mənə bəxtəvərlik verirsən...

“Vağzalı” bitdikdən sonra “İnnabı” başladı. İvan kimi eyni heyranlıqla Aysunun rəqsinə baxan Aksana özünü saxlaya bilməyib ortaya girdi, qızı oturmağa qoymadı. Onunla oynamağa başlayan Aysu qeyri-ixtiyari çılğınlıqla dedi:


– Aksana! Sən də başı kəsik yaralı quşmusan? Bizim havaları oynamağı harada öyrənibsən?
“Tərəkəmə” başladıqda Aksana İvanı ortaya çəkdi. Əl-qolunu necə gəldi atan İvan əyilib qalxaraq “Essa” deyə qışqırırdı. Bir azdan o, “Tərəkəmə” havası ilə “Çastuşka” oynamağa keçdikdə Aysunu dəli bir gülmək tutdu... Aysunun səndirlədiyini görən Aksana onun qolundan tutub divanda oturtdu:
– Bir az dincini al, – dedi.
Bərk susamış Aysu “içmək istəyirəm” deyib badəsini götürdü, iki qurtum içib Aksanaya üz tutdu:
– Aksana xanım, acılığı var, üstünə bir az kompot süz...
Yarımçıq qədəhi kompotla dolduran Aksana dodağının altında öz-özünə mızıldadı: “Bu dozaya mən güclə dözürəm, sən necə dözəsən? Axır ki, İvan səni kefləndirdi. Görək, axırı nə olacaq...”
Qədəhi başına çəkən Aysu axırda yenə dodağını büzərək:
– Yenə acılıq var. Ürəyim yanır, mənə su ver, Aksana xanım, – deyə xahiş elədi, onun əlüstü verdiyi suyu birnəfəsə içdi. Çaxırla qarışdırılmış tut arağı getdikcə təsirini göstərirdi. Aysuya elə gəlirdi ki, əl-ayağı sözünə baxmır. Odur ki, Aksananın qulağına pıçıldadı: “Nə otura, nə də qalxa bilirəm. Mənə kömək elə gedim otağıma.”
– Hə, bu dəqiqə, – deyən Aksana onun qoluna girib otağına apardı, soyunmasına kömək edib yatağına uzandırdı. Sonra stolun üstündə olan qrafindəki suyu təzələdi. Bilirdi ki, gecə qızın yanğısı başlayacaq, su içmək istəyəcəkdir... Aysusa başını yastığa qoyan kimi onu yuxu apardı.
İvanla Aksana çox oturmadılar, hərəsi bir qədəh çaxır içib öz otağına çəkildi. İvan üst paltarını çıxarıb hamama girdi. Günün altda qızmış çənin ilıq suyu ilə yaxşıca yuyundu, nikah gecəsi gəlinin yanına gedirmiş kimi ətirləndi...
Möhkəm uyumuş Aysu yuxuda bayaqkından fərqli olaraq ürəkdən “Vağzalı” sındırırdı... Həvəslə, ehtirasla, bütün varlığıyla oynayırdı. Lakin bu dəfə o, ağ gəlinlik paltarındaydı... Sonra qızlar onu bəy otağına gətirdilər... Aysu gəlinlik paltarını soyunub fatanı çıxardı, saçlarını darayıb Toğrulun da, onun da çox xoşladığı fransız ətri “Klimat”la ətirləndi, yatağına girib Toğrulu gözlədi. O isə gəlib çıxmaq bilmirdi. Görünür, əhatəsindəkilərdən aralana bilmirdi. Aysu yerin içində qıvrılırdı, az qalırdı qapıya çıxıb “Toğrul!” – deyə onu çağırsın. O, heç zaman Toğrulu qucaqlamaq həsrəti ilə belə yanmamışdı... Aha, deyəsən, qapı açıldı. Aysu istəyini gizlədərək özünü yuxuluğa vurdu, səssizcə yatağına girib onu qucaqlayan Toğrulun nəvazişinə cavab vermədi. Toğrulsa onu oyadıb hərəkətə gətirmək üçün ayaqlarından tutmuş sinəsinə qədər isti öpüşlərə qərq eləyirdi... Hələ doğulmamış körpə uşaqları kimi sinəsinə qısılaraq, əlini onun qasığına qoyub dodaqlarından öpmək istəyəndə Aysu daha özünü saxlaya bilmədi... “Toğrul, mənim əzizim, canım, ciyərim!” – deyə inildəyib əllərini istəklisinin belində çarpazlamaq istədi... Lakin zəhləsi getdiyi kəskin qoxu onu ayıltdı...

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin