Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı



Yüklə 1,52 Mb.
səhifə34/34
tarix01.04.2017
ölçüsü1,52 Mb.
#13039
1   ...   26   27   28   29   30   31   32   33   34
Toğrul bu kəndə uşaq vaxtı atası ilə bir neçə dəfə gəlmişdi. Kənd onun yaddaşında ilk dəfə gördüyü kimi həkk olunmuşdu. O zaman xoruzları banlayan, toyuqları qaqqıldaşan, itləri hürən, anasını istəyən quzuları, buzovları mələşən, evlərindən gülüş, musiqi sədaları, bəzən qara-qışqırıq, qarğış, söyüş eşidilən kənd indi öldürücü bir sükuta qərq olmuşdu. Bu səssizlik içində o vaxt beyninə həkk olunmuş səsləri sanki indi də eşidirdi. Bir-birinə qarışmış həmin səslər, demə həyat simfoniyası imiş. Bunu indi burada anlayırdı. Bəstəkarı kəndin özü olan o simfoniyanı yalnız Yer üzündə dağıdılıb viran qoyulmuş obalarda, şəhərlərdə... göy üzündəsə – Ayda, Marsda, Ülkər bürcündə, bir sözlə, ölü səssizlikdə “dinlədikdə” adama çatırmış.
Kəndin raket, top mərmilərindən dağılıb yanmış, taxtapuşu sökülüb daşınmış evlərinə, kəsilib aparılmış qoz, tut, ərik ağaclarının yerində qəbir daşlarını xatırladan kötüklərə baxan Toğrul qəzəb və təəssüflə pıçıldadı:
– İnsan oğlu, ey Adəmin törəmələri! O tək Tanrı sizi Yer üzünün əşrəfi kimi tikib qurmaq, yaşayıb yaşatmaq üçün yaratmışdır. Habil – Qabil zamanından indiyədək min illərdir vuruşa-vuruşa, bir-birinizi qıra-qıra yaşayıbsınız. Bir-birinizin qanını içdiyiniz, yurdunu xaraba qoyduğunuz bəs deyilmi?..
Toğrulun şairanə çılğınlığı hərdənbir özünü göstərirdi. Bu dəfə özünü məzəmmətlədi. Heç yeri deyildi. Ölüm-dirim tapşırığına getdikləri bir vaxtda, sevgilisini necə xilas etmək barədə fikirləşməli olduğu halda fəlsəfi düşüncələr nəyə lazımdır? İntiqam haqqında düşünmək gərəkdir. Düşmənlə qarşılaşanda ölməmək üçün öldürməliydi. Çevik tərpənib birinci öldürən sağ qalır, uğur qazanır. Silahı qaldıranda kimin ürəyi buz kimi soyuqdursa, əlləri əsmirsə, sərrast atəşlə düşməni vurur. Kimin əli əsib tərəddüd edirsə, vurulur. Budur müharibənin qanunu. 89-cu ildən bəri hakim yüksəkliklər, vurmaq imkanı azərbaycanlıların əlində olanda Xankəndini, Hadrutu, ermənilər yaşayan neçə-neçə digər şəhər və kəndləri topa tutmadılar. Əlləri əsdi. “Günahsız uşaqlar, qadınlar, qocalar var orda” dedilər. Ermənilərinsə əlləri əsmədi... yeddi rayonu, neçə-neçə şəhəri, kəndi dağıdanda, uşaqlı, qadınlı, qocalı dinc sakinləri gülləbaran edəndə, əsir, girov götürəndə. Yox, biz düz eləmişik. Gec-tez onlar tarix qarşısında cavab verəcəklər. İndi dünyanın əksər xalqları öz-özünü içindən təmizləyir. Okeanlar, dənizlər öz sularını çirkabdan durulaşdırdığı kimi... Erməni xalqı da öz– özünü müalicə etməlidir...
– Yoldaş kapitan, icazənizlə növbəni qəbul edərdim.
Toğrul dönüb köməkçisi Mustafanı başdan-ayağa süzdü:
– Gizir, gözünün acısını ala bildinmi?
– Belə təmiz havalı, sakit yerdə dörd saatın yuxusu şəhərdəkinin səkkiz saatına bərabərdir.
– Saat on birə işləyir. Axşam saat yeddidə tərpənirik. Burdan birbaşa Hadruta doqquz kilometrə yaxındır, dolanbac yolla, otura-dura getməyi nəzərə alsaq bizə üç-dörd saat vaxt gərək olacaq. Yaxşı, gedim mən də bir az çimir eləyim.
Toğrul kürək-kürəyə verib taxta döşəmədə yatmış döyüşçülərin yanından keçib otağın başındakı çarpayıya yönəldi. Köməkçisi ona əməlli-başlı yataq hazırlamışdı: dəmir çarpayının üstünə hardansa tapdığı taxtaları döşəmiş, yastıq yerinə içərisinə Aysu üçün isti paltarlar yığılmış çantanı qoymuşdu. Döyüşçülərin nəfəsi kiçik otağı isindirmişdi. Kürkünü çıxarmadan uzanan Toğrulun gözünü yummağı ilə yuxuya getməyi bir oldu. Və yalnız günortadan xeyli keçmiş uşaqların hənirtisinə oyandı.
– Nahar hazırdır, yoldaş kapitan, – deyə gizir məlumat verdi.
– Müşahidələrin nəticəsi necədir?
– Kənddə ölü sükunətdir, ins-cins görünmür. Amma aşağıdakı bağlarda gözümə bir-iki uzunqulaq dəydi. İndiyə qədər yoldan üçcə maşın keçib: bir minik maşını UAZ Hadrut tərəfdən Cəbrayıla, içərisi dolu iki yük maşını isə Cəbrayıl tərəfdən Hadrut istiqamətində hərəkət eləyib.
– Uşaqlar indiyədək acdılar?
– Yox, yüngül qəlyanaltı eləyiblər. Nahar üçün sizi gözləyirik.
– Mən hazır, başlayaq, – deyə Toğrul ayağa qalxdı, kəşfiyyatçılarla birgə nahar etdi.
Toğrul həmişə dəstəsindəki döyüşçülərin yeməyinə, onların həftədə bir dəfə hamamlanmasına xüsusi diqqət yetirirdi. Bəzi hərbi hissələrdə əsgərlərin payının kəsilməsini, onların çirk-pas içində saxlanmasını gördükdə əsəbiləşirdi, imkanı çatdıqca günahkarları ifşa edirdi.
“Hər şey komandirdən asılıdır. Əsgərlərinə canı yanan komandirlər çöl şəraitində hamam düzəltmək üçün yeri qazdırıb, iki-üç çəlləyi su ilə doldurtdurub qızdırtdırırlar. Bir çox komandirlərinsə əsgərlərini bit-birə basır, veclərinə də almırlar... Əsgərin qarnı tox, əhval-ruhiyyəsi yüksək olmasa, uğurlu döyüşlərdən danışmaq əbəsdir”, deyərdi.
“Əsgərlərdən qabaq zabitlər haqqında düşünmək gərəkdir. Zabit hər şeydən qabaq ailə başçısıdır, onları təmin eləməlidir,” – deyə ona etiraz edənlər də olurdu. Düz də eləyirdilər. Zabitlərin bəzilərinin gözü əsgərlərin yanına gələn valideynlərin cibində olurdu... Bu problemlərə baxmayaraq Toğrul inanırdı Azərbaycan ordusunun gələcəyinə... Ona dodaq büzənlərə Türkiyə ordusunu misal gətirirdi: “Avropanın ən güclü ordusunun əsgər və zabitləri bizim kimi türkdürlər”.
O inanırdı ki, gələcək ordunun əsgərləri yaxşı yeyib geyinəcək, zabitləri yüksək maaş və imtiyazlar alacaqlar. Zabit olmaq, Türkiyədəki kimi hörmətli, şərəfli bir iş sayılacaqdır.
Nahardan sonra Toğrul xəritəni açdı, döyüşçüləri başına yığıb, ağır-ağır sözə başladı:
– Uşaqlar, təhlükəsizlik naminə əməliyyatın gizli saxladığımız sirrini indi sizə açmaq istəyirəm. Bizim gedəcəyimiz o binada mənim həyat yoldaşım girov saxlanır. Onu azad etməliyik.
Döyüşçülər diksindilər, deməyə söz tapmadılar. Onlar komandirlərinə ürəkdən acıdılar. Neçə aydır tanıdıqları kapitanın dözümlülüyünə, bu boyda dərd-kədərlə özünü həmişə təmkinli, soyuqqanlı saxlamasına, hərbi hissədə ən hörmətli zabit kimi nüfuz qazana bilməsinə heyran oldular. Toğrul gözlərində bir daha böyüdü.
– Biz hamımız namusumuzu xilas etmək üçün son damla qanımızadək vuruşmağa hazırıq! – deyə başını yuxarı qaldıran gizir dilləndi.
– Hazırıq!.. – deyə gözlərindən od yağan döyüşçülər də əmrsiz-zadsız bir nəfər kimi ayağa qalxdılar.
Riqqətə gəlmiş Toğrul “sağ olun!” deyib əliylə onlara oturmaq işarəsi verdi, dəqiqliklə gedəcəkləri marşrutu bir daha nəzərdən keçirdilər. O, hər kəsin vəzifəsini xatırladıb söhbəti yekunlaşdırdı:
– Artıq şeyləri burda samanlıqda gizlətmək olar. Silahınızı, təcili yardım dərmanlarınızı yoxlayın...
Axşam saat yeddidə dəstə sıralanıb kənddən çıxdı, dağın ortası ilə onun zirvəsinə uzanan cığırla asta-asta irəliləməyə başladı. Tezliklə kənd arxada qaldı. Aşağıda, dərənin dibində qaynayan, dadlı suyu ilə tanınan “Boğaz” çeşməsinin tuşuna çatdıqda qabaqda bələdçilik edən Qoşqar qeyri-ixtiyari olaraq ayaq saxladı... Getdikləri cığır boyu hər daş, hər qaya, hər gədik onun üçün doğma idi, hamısının öz adı vardı. Hər biri uşaqlıq xatirələri ilə bağlıydı... “Boğaz”a sarı baxdıqda qəhər onu boğdu.
– Niyə dayandın? Nə oldu sənə? – deyə Toğrul həyəcanla soruşdu.
Udqunub dərindən nəfəs alan Qoşqar yavaşca dedi:
– Heç , keçib gedər, yoldaş kapitan.
– Qəhərimizi düşmənə qarşı qəzəbə çevirməliyik!
Toğrul orta məktəb partasından təzəcə ayrılmış gənc döyüşçünü anlayırdı. O, özü nə qədər səy eləsə də kövrək duyğulardan uzaqlaşa bilmirdi... Elə indi yol gedə-gedə xəyalən Aysunun yanına uçmuşdu, onu azad etdikdən sonra yaşayacaqları xoşbəxt anları təsəvvüründə canlandırırdı...
Yarım saatdan sonra dəstə Balyat dağlarının “Yolaşan” deyilən zirvəsinə çatıb dayandı. Döyüşçülər nəfəslərini dərmək üçün sal daşların üstündə oturdular. Qarşıda daha iki zirvə ucalırdı: Günəşli və Quşçular. Döyüşçülərdən ikisi burada dəstədən ayrılıb Quşçular yüksəkliyinə sarı getməli, ermənilərin atəş mövqeyi haqqında məlumat toplamalı, gecəgörmə cihazları vasitəsilə hansı raket və topların yerləşdirilməsini müəyyənləşdirməli idilər. Quşçulardan baxanda üzüaşağı az qala Haramı çöllərinə qədər böyük bir ərazini müşahidə etmək, atəş altında saxlamaq mümkün idi. Azərbaycan ordusunun gələcək əməliyyatları üçün Quşçular yüksəkliyinin böyük önəmi vardı.
Bu tapşırığı Qoşqarla Süleymanlı kəndindən olan döyüşçü Erkin yerinə yetirməli idilər. Beş-altı saatdan sonra onlar geri qayıtmalı, dəstənin arxasınca gedib, Günəşli kəndinin qurtaracağında yola yaxın yerdə pusquda durub Toğrulgili gözləməliydilər. İşdir, əgər ermənilər onların izinə düşüb arxalarınca gəlsələr, Qoşqarla Erkin düşmənə pusqu qurub başını qatmalı, yorulmuş silahdaşlarına kömək etməliydilər. Hər ikisi bu yerləri beş barmaqları kimi tanıyırdılar.
– Başqa sözünüz varmı? – deyə Toğrul onlardan soruşdu.
– Var, – deyə Erkin yarızarafat, yarıciddi dilləndi. – Adar-madar bir dayım var, adı Təyyar həkimdir. Tapşırıb ki, öldürdüyün yağı düşmənin qulağını kəsib gətirməlisən.
– Çalış özününkü salamat qalsın, erməni qulağını biz çoxdan kəsmişik – Andranikin qulağını.
Zarafatcıllığı ilə seçilən Erkinə Toğrulun cavabı döyüşçüləri güldürdü. Sonra ciddiləşən Toğrul əlavə etdi:
– Hər zarafatda bir həqiqət var, deyiblər... İndi bizim əsas vəzifəmiz kəşfiyyatdır. Çalışmalıyıq ki, hər şey sakit keçsin, heç yerdə iz qoymayaq. Xüsusilə, girovu azad edənə qədər və sonra elə eləməliyik ki, ermənilər baş vermiş hadisədən tez duyuq düşməsinlər.
Qoşqarla Erkin sola, əsas dəstə isə sağa doğru yollandı. Hadruta gedənlərin ikisi Ermənistandan qovulan qaçqınlardan, ikisi Hadrutun qənşərindəki Qaradağlı və Gorazıllı kəndlərindən idi, dördü də ermənicə yaxşı bilirdi.
Ermənistandan olanlar təmiz Yerevan ləhcəsində danışırdılar. Lazım gələndə özlərini “hay” ermənisi kimi qələmə verəcəkdilər. Qabaqda gedən yerli əsgərlər Qarabağ ermənilərinin ləhcəsində danışırdılar, Hadrutu, onun ətrafını çox yaxşı tanıyırdılar, işğala qədər bu yerlər onların oylaqları olmuşdu.
Günəşlini arxada qoyan kəşfiyyatçılar üzüaşağı getdikləri üçün sürəti artırdılar. Tezliklə tut, armud, gilas, heyva, əzgil ağaclarından ibarət qalın bağın içindən keçən yeganə cığıra düşdülər. Qozluçaya yaxınlaşanda dayandılar. Toğrul fosforlu əqrəbləri olan saatına baxdı. İki saatdan çox idi yol gəlmişdilər.
– Yoldaş kapitan, qabaqda üstündən maşın keçə bilən böyük körpü var,– deyə öndə gedən Akif dilləndi.
– Onda biriniz gedin, onun qorunub-qorunmaması xəbərini gətirin.
– Mən özüm gedərəm. Qozluçayın cikinə-bikinə bələdəm.
– Get, amma ehtiyatlı ol!– deyə Toğrul razılıq verdi.
On beş dəqiqə keçməmiş bələdçi geri qayıtdı, Toğrula məlumat verdi:
– Körpünün üstə post və şlaqbaum qoyulub. Şlaqbaumun yanındakı balaca budkadan işıq gəlirdi.
– Bəs hardan adlaya bilərik? Çay dərin olmasa da suya girə bilmərik. Hava soyuqdur.
– Aşağıda suyun bir az yayıldığı yer var, orada keçid olmalıdır.
Kəşfiyyatçılar üzüaşağı bir kilometrə yaxın getdilər, Akifin dediyi yerə çatdılar. Çayın bu tayından o tayına iki addımdan bir düzülmüş iri ağ daşlar ay işığında ağarırdı. Akif qabağa düşüb daşların üstü ilə atlana-atlana o taya keçdi, ətrafı nəzərdən keçirib dəstəyə işarə verdi. Döyüşçülər kiçik fasilə ilə bir-bir sağ-salamat çayı keçdilər.
– Afərin, uşaqlar, lap kəndirbaz imişsiniz ki!..– deyə Toğrul döyüşçüləri ruhlandırdı.
Onlar çayın o biri üzü ilə Qaradağlı kəndinə sarı dikləndilər. Bu dəfə qabağa Qaradağlı balası düşmüşdü. Üzüyuxarı xeyli qalxdıqdan sonra sola buruldular. Cənub-şərq istiqamətindən Hadrutun başına fırlanıb qəsəbəyə şimaldan girəcəkdilər. Bu tərəfdən çölləmə Aysu saxlanan evə getmək nisbətən az təhlükəli idi. Burada evlər seyrək idi, çoxunda yaşayan yox idi. Qəsəbəyə yaxınlaşdıqca daha ciddi ehtiyat tədbirləri gördülər, kənardan müşahidə oluna biləcək yerlərdən bir-bir, bəzən sürünə-sürünə keçirdilər. Bu minvalla hərəkət eləyən kəşyfiyyatçılar Həmdalının evinin yaxınlığındakı kolluğa doluşdular. Toğrul yenə saatına baxdı, 11 idi, gecəyarısına bir saat qalırdı. Əvvəlcədən düşünüb daşındıqları kimi evə hücumdan qabaq bir az dincəlməli, müşahidə aparmalı idilər.
Zahirən özünü soyuqqanlı, təmkinli aparan Toğrul içini yeyirdi. Dəqiqələr heç vaxt indiki kimi ağır-ağır ötüb keçməmişdi. Bir azdan Aysu ilə görüşəcəyini təsəvvürünə gətirdikdə, həyəcanından nəbzi kəllə-çarxa vururdu...
Amma ev zülmətə qərq olmuşdu, darvazanın yanındakı kiçik keşikçi otağından başqa heç yerdən işıq gəlmirdi. Doğrudur, bir neçəsini çıxmaq şərtilə, orda-burda qaralan evlərin çoxunda heç bir işartı gözə dəymirdi. Buna təəccüblənmirdi. Hadrutda çoxdan elektrik enerjisinə həsrət qalmışdılar, neft, benzin də defisit idi. Lakin bir sıra rəhbər işçilər kimi rus zabitinin rezidensiyasında da dizel mühərriki olmamış olmazdı. “Görünür, yatıblar, solyarkaya qənaət edirlər”, deyə fikirləşən Toğrul özünü sakitləşdirdi.
– Nəfəsinizi dərdiniz? Başlaya bilərikmi?-deyə Toğrul asta səslə döyüşçülərdən soruşdu, “hə” cavabını alıb göstərişini verdi: – İkiniz sakitcə qarovulxanaya yaxınlaşın. Aşıq, sən pəncərəni döyüb hay ləhcəsində deyərsən ki, rus zabitinə təcili məktub var. Keşikçi qapını açan kimi Pəhləvan, sən öz işini görürsən, onu tərksilah eləyib, ağzını bağlayırsan. Sonra bizə işarə verirsiniz. Siz ikinizsə burda, kolluqda qalırsınız, – Toğrul üzünü digər iki döyüşçüyə tutdu: – Əsas işiniz bizim hərəkətlərimizi izləməkdir, döyüş başlasa, kənardan kömək-zad gəlib eləsə, bizi qorumaqdır. Erməni ilə qarşılaşıb eləsəniz, Qaracanın vəzifəsi ermənicə danışıb baş qatmaq, Gərayınkı isə məlumdur...
Aşıqla Pəhləvan ağacların altıyla hasara, onun dibiylə darvazaya yaxınlaşdılar. Aşıq– döyüşçünün ləqəbi idi. Aşıq Ələsgər nəslindən olduğu, yaxşı saz çaldığı üçün onu belə çağırırdılar. Pəhləvanınsa adı da, özü də pəhləvan idi.
Aşıq pəncərəni döydükdə hisli lampa işığında oturduğu yerdəcə mürgüləyən keşikçi gözünü açdı, silahından yapışıb pəncərəyə yaxınlaşdı:
– Kimdir? Nə istəyirsən?
– Ara, qorxma, bizik. Rus zabitinə vacib məktub var.
– Ha!.. Hardansan? Yerevandan gəlmisən?
– Ha.
– Keç içəri,– deyən keşikçi qapını açdı. Qapı aralanan kimi marıqda dayanmış Pəhləvan Aşıqdan qabaq özünü içəri salıb işini gördü, keşikçinin silahını alıb, əlüstü yapışqanlı lentlə ağzını bağladı. Aşıq amiranə səslə dedi:
– Ara, qorxma, özünü sakit, ağıllı aparsan hər şey yaxşı olacaq. Sən burda təksənmi? Bəs növbə yoldaşın hardadır?
Pəhləvan keşikçinin ağzındakı lenti yarıya qədər açdı:
– Başınıza dönüm, məni öldürməyin, nə desəniz eləyəcəm. İndi təkəm, növbə yoldaşım kəndə gedib, sabah səhər doqquzda gələcək.
Aşığın işarəsi ilə Pəhləvan keşikçinin ağzını yenidən bağladı. Aşıq bayıra çıxıb Toğrulgilə gəlmək işarəsi verdi. Bir dəqiqə keçməmiş Toğrulla köməkçisi gizir Mustafa özlərini içəri saldılar. Aşıq indicə aldığı ilkin məlumatı komandirinə verdi: keşikçi təkdir...
Toğrulun sevincinin həddi-hüdudu yoxudu. Hər şey əla gedirdi. O, Pəhləvana keşikçinin ağzını açmağı işarə eləyib üzünü Aşığa tutdu:
– Soruş gör, evdə neçə nəfər var və onlar kimlərdir...
Sifəti meyit rənginə dönmüş keşikçi ağlamsınaraq yalvardı:
– A kirvə, mən türkcə bilirəm, nə soruşsan deyəcəm, sizə kömək edəcəm. Mən hay-zad deyiləm, Qarabağ ermənisiyəm. Hazırda evdə heç kəs yoxdur.
Bu xəbər Toğrulu diksindirib sarsıtdı, qulaqlarına inanmayıb bir də soruşdu:
– Necə? Evdə heç kim yoxdur? Bəs rus zabiti İvan? Onun girov saxladığı qız?..
– Mən onların heç birini görməmişəm...
Toğrula elə gəldi ki, keşikçi özünü gicliyə qoyub danışmaq istəmir, vaxt uzadır. Odur ki, onu “danışdırmaq” üçün Pəhləvana göz elədi. Pəhləvan iki barmağı ilə keşikçinin xirtdəyindən tutub bir balaca sıxdıqdan sonra gözləri yaşarmış keşikçi yalvarıcı səslə dedi:
– Məzhəb haqqı düz deyirəm. Mən burda iki gündür keşik çəkirəm. Sən dediyin İvan uborşitsası, keşikçisi və bir də əsir cavan qızla məndən bir gün əvvəl gediblər. İndi təzə şefi gözləyirik.
Toğrul ayaq üstə dayana bilməyib aşağı çökdü. Ona elə gəldi ki, ürəyi bu dəqiqə dayanacaq... Heç ağlına gəlmədiyi, gözləmədiyi bu xəbər onu varından yox elədi... Heç vaxt belə sarsılmamışdı, ürəyi belə ağrımamışdı... “Aysu, mənim biçarəm!..” deyə içindən gələn hayqırtı ağzından boğuq pıçıltıyla çıxdı, daha göz yaşlarını saxlaya bilmədi... Başını qolları arasına alıb ağladı... Onun çiyinlərinin qalxıb enməsinə baxan döyüşçülər də kövrəldilər... Bu iki sevgilinin düşdüyü vəziyyətdən təsirlənmiş kəşfiyyatçılar onunla bərabər qızın ardınca hara gərəkirsə, ora getməyə hazır idilər.
– Onlar hara getdilər?– deyə Aşıq keşikçidən soruşdu.
– Məzhəb haqqı bilmirəm. Deyirlər ki, Ağdam tərəfə üz tutublar.
– İvan niyə burdan gedib, bilmirsən?
– Mən əsgər adamam, hardan bilim... Amma bunu eşitmişəm ki, o türk qızı məndən əvvəl burda keşik çəkən məşhur bir hay əsgərini bıçaqlayıb öldürübdür, ha...
– Necə, necə?– deyə Toğrul diksinərək dikəldi...
* * *
Toğrulgildən üç gün öncə səhərin alaqaranlığında Hadrutdan çıxan balaca köç Qozludərə ilə üzüaşağı enməyə başlamışdı. Bu köç on metr intervalla arxadan gələn yük maşınından, ortada gedən UAZ-dan, qabaqda onları müşayiət eləyən BTR-dən ibarət idi. Saşanın sürdüyü ortadakı maşında Aksana ilə Aysu oturmuşdular. İvan qabaqdakı BTR-də idi.
Uzun dərə boyu qıvrılan yolda son təpəni də aşdıqdan sonra füsunkar Qozluçay vadisi, Balyat dağ silsiləsi görünməz olacaqdı. Aysu da, Aksana da eyni vaxtda dönüb geriyə baxmışdılar. Hər ikisinin gözləri yaşarmışdı!
– Əlvida, Hadrut!.. Ömrümün xoş günlərini səndə yaşadım, – deyə Aksana pıçıldamışdı. – Allah mərdimazara lənət eləsin!
Aysu isə xəfif bir səslə ata yurdu ilə belə vidalaşmışdı:

– Bəlkə bu yerlərə bir də gəlmədim,


Duman, salamat qal, dağ, salamat qal!..

Köç Şuşaya gedən Molla Nəsrəddin yoluna çıxmaq üçün axırıncı təpənin – Qaraköpəyin yanından qərbə dönməliydi...



1-ci kitabın sonu
Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin