İvanın məntiqlə, sübut-dəlillə əsaslandırdığı arqumentlərinə cavab tapmaqda aciz qalan komendant əllərini yana açaraq dilləndi:
– Nə deyim, siz bilən məsləhətdir.
Həkim Aysunun dizini bintlə sarıdı, sifətindəki zərbə yerinə məlhəm sürtdü, ona məlhəmlə yanaşı sakitləşdirici dərmanlar da verib gündə 3 dəfə qəbul eləməyi tapşırdı.
Qonaqları yola salan İvan geri döndü, Saşanı çağırıb darvazanın ağzında keşik çəkən əsgərləri yedirib içirməyi, aşağıda gəlib gedənlərə ayırdığı otağı dincəlmək üçün onların ixtiyarına verməyi tapşırdı.
– Hər ehtimala qarşı vəziyyət sakitləşənəcən bizim keşiyimizi özümüzünkülər çəkməlidir, – dedi.
İvan ermənilərə etibar eləmirdi. Erməni əsgərinin girov türk qızı tərəfindən öldürülməsi xəbərinin qəsəbəyə ildırım sürəti ilə yayılacağına şübhəsi yox idi. Qorxurdu ki, qisasçılar Aysuya xətər yetirsinlər.
Ehtiyat tədbirlərini gördükdən sonra hiss etdi ki, ürəyi yanır. Dolabdan götürdüyü yarımçıq çaxır şüşəsini kompot içirmiş kimi başına çəkdi. Boş şüşəni yerə qoyub otağına keçdi, özünü kresloya yıxdı.
Divanda oturduğu yerdəcə gözlərini yummuş Aysu yatmamışdı, oyaq idi. Özündə güc tapıb otağına gedə bilmirdi... İndicə orada, düşmən olsa da, bir insanı qanına qəltan eləmişdi. “Yəqin məni sorğu-suala çəkəcəklər, hadisənin necə baş verməsi haqqında yazılı izahat tələb edəcəklər. Ortada əşyayi-dəlil yoxdur. İvan iki daşın arasında bıçaq məsələsini mənə elə-belə demədi. Gərək nə danışacağımı indidən fikirləşəm” – deyə düşündü, istər-istəməz səhərki hadisəni gözləri önündən keçirdi...
* * *
Bu səhər Aysu yenə başına gələnləri yazmaqla məşğul idi. Nahara az qalmış Aksana ona baş çəkdi, hal-əhval tutdu, ürək-dirək verdi və könlünü almaq istədi:
– Ayka, dur gəl bəri! Sənə təzə şey danışacam.
– Bu saat,-deyən Aysu çarpayıdan qalxıb geyindi, onunla birlikdə yemək stolunun arxasında oturdu. Qıza çay süzən Aksana birnəfəsə dedi:
– Dünən evimə baş çəkməyə getmişdim. Yolüstü Asyayla görüşdüm. Gördüm yemək bağlaması hazırlayır. Soruşdum ki, kimə göndərirsən bu yeməkləri?! O, heç nə gizlətməyib dedi: “Aksanacan, Balyat kəndində yaşlı lal bir qadını aparmayıb tək qoyub gediblər. Mənim Benik adlı qohumum var, yanıma gəlmişdi, o qadın haqqında mənə söyləyəndə yazığım gəldi, biçarəyə yemək göndərmək qərarına gəldim. Xahiş edirəm, bunu orda-burda danışma. Bizimkilərdən bəzilərinin qulağına çatsa ki, türkə canıyananlıq eləmişəm, dərsimi verərlər”... Əlqərəz, onu arxayın elədim ki, qorxma, heç kimə demərəm.
– Çox kədərli əhvalatdır. Amma inanmıram ki, onu köməksiz qoyub getsinlər...-deyə Aysu duruxa-duruxa dilləndi.
– Bəlkə də doğru danışmırlar. Əslində fərqi yoxdur, özü qalıb, yoxsa atıb gediblər. Məsələ bundadır ki, qabaqdan qış gəlir, yazıq qarı tək-tənha neyniyəcək, necə yaşayacaq?.. Əgər özü qalıbsa, bu bilə-bilə ölümə getməkdir. Axı niyə özümüzü yoruruq?.. Mən indi yenə Asyagilə gedirəm. Bir daha onun haqqında soruşaram. Bizə isti-soyuğu olmasa da, insan taleyidir. Kim bilir, bizim başımıza nələr gələcək, sabah bizi nə gözləyir, – Aksana ayağa qalxdı. – Mağazalara da baş vuracağam. Soyuqlar düşür, qabaqdan qış gəlir. Səninsə əynin-başın yalındır, bir-iki yay paltarlarından başqa heç nəyin yoxdur. Mənim cavan vaxtımdan qalma bir-iki yun jaketim, yubkam var, əynimə olmur, sənə verə bilərəm. Amma sənə palto da gərəkdir. Bir-iki saata qayıdıram, – deyib otaqdan çıxdı.
Aysu dığırlana-dığırlana üzüaşağı qəsəbəyə enən, yuxarıdan – aynabənddən lap yumru görünən Aksananın dalısınca gözdən itincəyədək baxdı... Üzünü görmədiyi o lal qarı fikrindən çıxmırdı. Qəti əmin idi ki, o özü camaatla getməyibdir. Kənddə qohum-əqrabasız adam olmur. Görünür, ya kimsəyə yük olmaq istəməyib, ya da doğma yurdundan ayrıla bilməyib...
Aysu gündəliyini götürüb indicə eşitdiklərini qeyd elədi. Ancaq bir neçə sual cavabsız qalırdı. O, adəti üzrə hər hansı bir xəbəri yazanda ən azı beş-altı suala cavab verməliydi: Kim? Harda? Nə zaman? Nə etdi? Necə? Niyə? Odur ki, qeydlərini tamamlamayıb Aksananı gözlədi...
Amma Aksana ona təfsilatlı məlumat gətirə bilməyəcəkdi. Bunun üçün gərək Beniklə görüşüb sual-cavaba tutaydı onu.
Aysu bilmirdi... Və bilə də bilməzdi ki, bu gün elə hadisə baş verəcəkdi, lal qadın-zad nədir, öz dərdi də yadından çıxacaq...
Hadisə belə olmuşdu...
Aksananı yola saldıqdan sonra Aysu kresloda oturub televiziyanın kanallarını qurdaladı, heç bir şəhərdə qərar tuta bilməyib Bakıya “döndü”. Ekranda tanış simaları, bir vaxt gəzdiyi küçələri gördükdə kövrəldi. “Girovlar, siz hardasınız?” verilişinə baxarkən diksindi, sanki qanı damarlarında dondu, halsızlaşıb kresloya çökdü. Bu anlar Allaha yalvarırdı ki, bayılmasın, sevgili atasına doyunca baxsın, axıra qədər onu dinləsin... Aman Allah, atası necə sınıxmışdı, bu bir neçə ayda nə qədər qocalmışdı...
Verilişdən sonra özü haqqında eşitdikləri, atasını ekranda görərkən keçirdiyi kədər və sevinc dolu dərin həyəcan varlığını sardı... Onun xilası üçün çalışırdılar... “Yox, qoy İvan gəlsin, daha ondan gizlənməyəcəyəm. Xahiş edəcəyəm, tələb edəcəyəm, lazım gəlsə hay-küy qaldıracağam, aclıq elan edəcəyəm ki, valideynlərimə sağ olmağım haqda məlumat versin... Ya telefonla, ya da mənim öz xəttimlə yazdığım kiçik məktubu Bakıya göndərsin. Ən yaxşısı məktubdur, bir şərtlə tez çatsın, qoysunlar istədiyimi yazım... Əgər istədiyimi yazmağa imkan olmasa, eyhamla fikrimi çatdıra bilərəm... Doğrudan ha, niyə indiyə qədər bu mənim ağlıma gəlməyib?” – deyə sevinən qızın bədənini xoş bir duyğu sardı, istər-istəməz yadına düşən bir bayatını pıçıldadı:
Qızılgül olmayaydı,
Saralıb solmayaydı,
Ölüm Allah əmridir,
Ayrılıq olmayaydı...
Sonra qələmi götürüb, can sirdaşı olan qalın dəftərini açdı, növbəti essesini yazdı...
Səni heç bir şəhərə dəyişəmmərəm, Bakım mənim!
Doğma Bakım, mənim gənclik, arzular şəhərim... Sənsiz yaşaya bilmərəm. Mənə Moskvada, Nyu– Yorkda, Parisdə, Londonda, hətta İstanbulda mənsəb, var-dövlət, cah-cəlallı villalar versələr də səni qoyub gedə bilmərəm...
Bakım mənim, sənin doğma küçələrini, parklarını, tanış insanları, jurnalist həmkarlarımı hər gün görüb eşidirəm... Amma nə sən, nə də onlar məni görmürlər... Danışmırlar mənimlə... Bəzən özümü unudub acığımdan qışqırıram: mən burdayam!
Heç kim eşitmir məni, səsimə səs verən yoxdur... Sanki, mən artıq ruha çevrilmişəm. Ruhlar kimi hamını, hər şeyi görürəm, mənisə görmürlər...
O, ruhlar haqqında az-çox oxumuşdu, savadlı-savadsız insanların fikirlərini eşitmişdi.Çeşidli, təzadlı fikirlər söylənirdi gedər-gəlməz dünyanın sakinləri haqqında... Bir çoxları Bu Dünyanı yalançı, O Dünyanı əsl əbədi həyat hesab edir, real həyatı yuxu, yuxunu ölümdən sonrakı həyat tərzi sanırlar... Aysu bu fikirlərin heç birisini tam qəbul edə bilmirdi. O, real, görüb duyduğu, dadını, qoxusunu bildiyi, səsini eşitdiyi bu həyatı sevirdi... Ondan doymaq bilmirdi... Uca Yaradanın verdiklərindən kam almaq istəyirdi. Söz– sözə gələndə O Dünya, ruhlar haqqında düşünməyin hələ tez olduğunu deyib, belə müzakirələrdən qaçardı. Bəzən qorxurdu belə düşüncələrdən. O, realist idi. İndi özünün televizor vasitəsilə hamını görüb eşitməsini, onusa heç kimin görüb eşitməməsi reallığı ilə üzləşməsi, öz dünyası ilə əlaqə saxlamaq imkansızlığı ruhları yadına salmışdı... Bu vəziyyətinin ruhlar haqqında deyilənlərə necə də çox oxşamasından heyrətlənirdi...
Qapının döyülməsi onu fikirdən ayırdı.
“Bu kim ola? Aksana indicə getdi. İvansa evə belə tez qayıtmır” – deyə təəccüblənən Aysu ayağa qalxdı, qapını açdıqda əlində ərzaq dolu səbət tutmuş darvazadakı keşikçilərdən birini gördü. Adətən, onlara göndərilən bu şeyləri Aksana aşağıda, tək-tük hallarda yuxarıda qəbul eləyirdi. Görünür, Aksananın evdə olmadığını bilən erməni əsgəri yükü yuxarı qaldırmışdı.
Aysu səbəti qoymaq üçün qapının ağzını göstərdi. Əsgərsə “Sizə ağır olar” deyərək özünü içəri soxub yükü mətbəxə qoydu. Aysu etiraz etməyə heç macal tapmadı. Həm də ona ağır yük qaldırmaq olmazdı.
Aynabəndi gözdən keçirən erməni əsgəri Aysudan xahiş elədi ki, ona bir stəkan çay versin. Erməni əsgərinin sırtıqlığından əsəbiləşən Aysu “çay yoxdur, su verə bilərəm” deyərək stolun üstündəki qrafindən süzüb doldurduğu stəkanı ona uzatdı... Əsgər suyu başına çəkib stəkanı geri qaytardı və qəfil hərəkətlə qızın stəkanı almaq üçün uzadılmış əlindən tutdu. Bu hərəkəti gözləməyən Aysu bir anlığa çaş qaldı, var gücüylə əlini geri çəkmək istədi. İncə, şümşad biləklərindən tutmuş əsgər nəinki onu buraxdı, əksinə özünə tərəf çəkib yarıtürk, yarırusca dedi:
– Axçi, dərdindən ölürəm, hər səni görəndən sonra sancılanıram, yata bilmirəm. Gəl mənimlə ol, cavanam, güclüyəm, sənə kef verərəm. Nə tapmısan o yaşlı podpolkovnikdə?
– Əlimi buraxıb rədd ol, şandığa.
– Axçi, bircə dəfə...
– Köpəkoğlu, əgər xoşaxoşluqla sürüşüb getsən, heç kimə deməyəcəyəm. Yox, əgər... – deyə içində sonsuz qəzəb qaynayan qız dartındı.
Əsgər onun sözünü kəsib irişdi:
– Deməzsən ki, aldatdım? Yox, keçal suya getməz.
Əsgərin barmaqları qandala dönüb qızın biləyini sıxırdı. Aysu belə hallarda əlini azad eləmək üçün öyrəndiyi fəndlərdən birini işlətdi. Ardınca qurşaqdan aşağı ona bir təpik ilişdirdi. Əsgər ufuldayıb onu buraxdı. Lakin özünü tez ələ ala bildi, bayıra qaçmaq istəyən qızı arxadan qucaqlayıb geriyə çəkdi. Aysu dirsəyi ilə ikinci zərbəni endirərək sivişib onun qolları arasından çıxdı. Hirslənmiş əsgər oğlanla döyüşürmüş kimi qızın sifətinə dalbadal iki yumruq atdı. Zərbənin biri Aysunu gözünün altından, ikincisi çənəsindən tutdu, gözündə sanki od parladı. O, bir neçə anlığa müvazinətini itirib dizi üstə düşdü, bir azdan özünü toparlayıb qalxdı, döyüş vəziyyəti alıb, qəfildən rəqibinin sifətinə bir-iki yumruq, qarnına isə ayağı ilə zərbələr endirdi. Bu zərbələri gözləməyən əsgər səndələyərək kürsüdən tutub dayanmaq istəsə də bacarmadı, kürsü qarışıq yerə aşdı.
– Mənimlə bacara bilməyəcəksən, murdar donuz! Çıx get, axırı lap pis olar!-deyə Aysu növbəti zərbəni endirmək üçün hazır dayanmış halda yıxıldığı yerdən qalxmağa cəhd eləyən əsgərin üstünə qışqırdı:– Mənim xalqımın bir məsəli var: Aslanın erkəyi-dişisi olmaz!..
Qız gerçəkdən dişi aslana dönmüşdü...
– Bəsdi, gedirəm, – deyə əsgər təslim olduğunu deyib ayağa durdu, yavaş-yavaş qapıya sarı getdi. Lakin bayır tərəfdən qapının girəcəyinə söykədiyi avtomatını götürüb sərt hərəkətlə geriyə döndü:
– Axçi, verməsən, səni öldürəcəyəm. Onsuz da məni cəzalandıracaq, burdan başqa yerə göndərəcəklər. Gəl, sən razı ol.
– Rədd ol, alçaq, heyvan!..
Qızın tərsliyini görən əsgər cəld avtomatın naqafil atəş qoruyucusunu yuxarı qaldırıb ona tuşladı:
– Mən zarafat eləmirəm. Türkü öldürməyimə görə mənə heç nə eləməyəcəklər. Gündə sənin kimi neçəsi öldürülür. Şəxsən mən özüm on türkü o dünyaya göndərmişəm. Belə getsə, on birinci sən olacaqsan.
Avtomatı görən Aysunu soyuq tər basdı. Bətnində gəzdirdiyi körpəsi gəldi durdu gözünün qabağında... Çıxış yolu tapmaq üçün beynini sürətlə işlətməyə başladı... Nəhayət qəti qərar qəbul eləyib dedi:
– Yaxşı, razıyam, olsun... Neyləməli... Amma burda yox, mənim öz otağımda...
– Mne vse ravno, gedək, – desə də əsgər avtomatı aşağı salmadı, Aysunu qabağına qatıb otağına apardı. Qızın qapını açıb otağına girdiyini gördükdən sonra arxayınlaşdı, silahını aşağı endirdi.
Aysu çarpayının baş tərəfində oturdu. Qrafindəki suyla dəsmalını isladıb üz-gözünü sildi, sonra bayaqkı zərbədən ağrıyan gözünün üstünə tutdu, bir az sakitləşib özünə gəldi, sifətinə zorla mülayimlik verib dedi:
– Niyə durubsan? Yoxsa avtomatla uzanacaqsan?
– Ha, bu dəqiqə, – deyə aylarla arxasınca gizlin baxdığı bir gözəlin çarpayıda oturub, onu çağırmasından bərk həyəcanlanmış əsgər avtomatını yarıaçıq qapının ağzında divara söykədi, uzunboğaz çəkmələrini çıxardı. Onun ayaqlarının iyisindən qızın başı gicəlləndi. Nə etmək olar, dözməliydi. Bu işi qurtaranadək... Üzünü əsgərə tutub amiranə səslə dedi:
– Bir xahişim var, üzünü o yana çevir və soyun. Mən yerimə girib üstümü örtməyincə, mənə sarı baxma.
– Vax!.. Nə yaman utancaq qızsan. Mən Yerevanın mərkəzində yaşayan təmiz hay ailəsindənəm. Sənin xətrinə dəymərəm... – deyə əsgər çarpayının aşağı başında oturub soyunmağa başladı.
O, qollarını irəli uzadıb gimnastyorkasını başından çıxaranda “Bundan yaxşı məqam ələ düşməyəcək” – deyə qız səssizcə dodaqları altında pıçıldadı... Astaca yastığın altından qəməsini götürüb, qınından çıxarmağı ilə erməni əsgərinin zolaqlı maykası görünən kürəyinin sol tərəfindən, düz ürəyinin üstündən var gücü ilə vurmağı bir oldu... O, qəmə ətə yeriyəndən sonra tiyəni axıracan soxdu, qan fışqırıb yatağını bulamasın deyə yaralı əsgəri yerə itələdi. Başını və qollarını gimnastyorkadan çıxarmağa macal tapmadığı üçün əl-qol ata bilməyən əsgər qəfil zərbədən vəhşi heyvan kimi bağırıb çul kimi üzüquylu döşəməyə düşdü. Çox keçməmiş bağırtısı xırıltıya çevrildi, bir az çabalayan bədəni hərəkətsizləşdi...
Aysu pəzəvəng əsgərin belə tez öləcəyini düşünmürdü. Görünür, qəmə düz ürəyinin ortasına dəyib parçalamışdı. Çünki ağzından da qan gəlməyə başlamışdı.
Ürəyi soyumayan Aysu onu ölümlə hədələyərək təcavüz etmək istəyənin meyidinə tüpürüb bərkdən dedi:
– On birinci özün oldun, çaqqal kimi gəbərdin. Səni öldürməsəydim, hələ neçə nəfər günahsız insanın qanını axıdacaqdın...
Sonra qəməsini çəkib çıxardı, üzərindəki qanı təmizləmək üçün bir neçə dəfə silib qınına qoydu, köynəyinin altında gizlətdi.
On nəfərin intiqamını aldığı üçün təskinlik duysa da ürəyi bərk vururdu. Balaca dolabın gözündəki flakondan 3 valerianka həbi götürüb atdı, sonra qrafindəki soyuq suyu başına çəkdi. Bu ona özünü toparlamağa imkan verdi. Birdən gözü əsgərin qapının ağzında divara söykədiyi Kalaşnikov avtomatına sataşdı, onu götürüb aynabəndə, oradan evin çöl qapısına çıxdı. “Qarovulxanada yenə erməni əsgəri varsa, verəcəyəm güllənin ağzına. Ya birini öldür, ya ikisini, fərqi yoxdur, bir cəza verəcəklər” – deyə əlində silah özünü güclü hiss edən Aysu sanki qana susamışdı, yenə öldürmək istəyirdi... Qarovulxanada heç kəsi görməsə də hər ehtimala qarşı iki kərə iki dildə qışqırdı:
– Ey, tam est kto-nibud? Orda kimsə varmı?
Fəqət heç kim cavab vermədi, orada bir kəs yox idi.
“Bəlkə elə bu avtomatı da götürüb qaçım? Qarovulxanada adam yoxdur, darvazadan maneəsiz çıxıb gedə bilərəm. Ancaq hara və necə gedim? Hanı sənin qaçış planın, marşrutun? Yox, bu mümkün deyil. Bəlkə avtomatı götürüb qəsəbəyə enim, qabağıma gələni güllə ilə biçim? Birdən ölənlərin içində uşaqlar, Asya kimi günahsızlar oldu? Yox, uşaq və qadınlara atəş açmağa əlim gəlməz... Bir yerdə daldalanıb gözlərəm, erməni hərbçiləri ötüb keçəndə atəş açaram. Beş-altı nəfəri öldürüb, intiqamımı alandan sonra avtomatı qarnıma dirəyib tətiyi çəkərəm, özümü də vuraram... Şərəfli ölümlə qurtararam canımı bu əzablardan”...
Bu düşüncələrə qərq olmuş Aysu birdən diksindi: “Bəs köksüm altda bəslədiyim körpəm? Onun taleyi necə olsun? Axı mən avtomatı qarnıma dirəyib atəş açanda körpəmə də güllə atmış oluram, övlad qatili kimi gedirəm bu dünyadan!.. Yox, yox!.. Ağlını başına yığ, qız!.. Sən axı həmişə məntiqlə, ağılla hərəkət eləyibsən!.. Toğrula məhəbbətindən bəhrələnmiş barı yetişdirməyə, bu dünyaya gətirməyə söz veribsən, axı!.. Soyuq ağılla, səbirlə, obyektiv və subyektiv amilləri nəzərə almaqla hərəkət eləməlisən, dözümlü olmalısan...”
Bu zaman motor səsi onu xəyaldan ayırdı. Cəld geriyə döndü, birnəfəsə yuxarı qalxıb pilləkənin başında dayandı. Gözünü qaldırıb baxdıqda darvazaya yaxınlaşan BTR-i gördü. O, İvanın həyətə BTR-lə girdiyini görmədiyi üçün bərk şübhələndi: BTR-in darvazanın beş-altı metrliyində dayanması, içərisindən heç kimin düşməməsi onun şübhəsini artırdı: “Bəlkə ermənilərdir, nəsə qurğu qurublar? Bəs Saşa hanı? Axı o, günortaya qədər buradaydı? Darvazada qarovul yoxdur. Həyətə kənar adamlar girə bilərlər... Bəlkə indicə öldürdüyü əsgər Aysunu qaçırmaq üçün kimlərləsə əlaqəyə giribmiş və indi onu aparmağa gəlmişlər?.. Yoxsa erməni dığası bu cürət yiyəsi ola bilməzdi...”
Aysu hər ehtimala qarşı pilləkənin üstündə qırmızı kərpicdən tikilmiş, divarının hündürlüyü bir metrə yaxın olan eyvanda çöməlib, avtomatın lüləsini giriş darvazasına yönəltdi.
Aynabəndin qapısının birbaşa açıldığı bu eyvan, bir növ, müşahidə məntəqəsi rolunu oynayırdı. Buradan bütün həyət, ətrafdakı evlər, küçələr görünürdü. Aysu qərara aldı ki, həyətə tanımadığı adamlar girərsə, havaya güllə atıb dayanmalarını, ev sahibi İvanın gəlməsini gözləmələrini tələb edəcək.
Amma Aysu yanılırdı, gələn İvan özü idi. Doğrudur, o, BTR-lə evə çox az hallarda, onda da gecələr gələrdi. Adətən, döyüş bölgələrindən qayıdanda qəsəbənin girəcəyindəki hərbi bazada saxladığı UAZ-ına minərdi. Burda hərbi texnikaya xidmət göstərən emalatxana ustaları, muzdla işləyən ruslar da vardı. İvanın UAZ-nın təmiri hələ qurtarmadığından evə BTR-lə gəlmişdi...
* * *
İvanın otağının qapısının cırıltısı səksəkə içində olan Aysunu xəyaldan ayırdı. Bir qədər xatircəmləşmiş İvan, bütün vücudunu sarsıtmış həyəcanı söndürə biləcək bir iksirə – tut arağına sarı cumdu. Mətbəxə keçərək turşu götürüb stolun üstünə qoydu. Araq şüşəsini başına çəkdi. Yalnız bundan sonra Aysuyla görüşə getdi.
Gözlərini məchul bir nöqtəyə zilləmiş Aysunu isə bu anlar yalnız bir qayğı ilgiləndirirdi: görəsən, onun keçirdiyi bu sarsıntılar körpəsinə təsir etdimi?.. Yox, özünü tez ələ almalıdır, dava-dərmanı çox qəbul eləməməlidir... İvanın gəlişi onu ağır yük altından çıxardı, ona ürək-dirək verdi, erməniləri yaxşı oturtdu yerində. Bu hadisəyədək o, adam öldürməyin belə asan olduğunu, məsələnin belə yüngüllüklə yekunlaşacağını ağlına sığışdıra bilməzdi... İvanı heç bugünkü kimi səmimi görməmişdi. “Madam ki, ürəyi belə yumşalıb, məktub məsələsini açmalıyam”, – deyə pıçıldayan Aysu ehtiyatla dedi:
– İcazənizlə, sizə yemək hazırlayım.
– Yox, yox, nə danışırsınız? Sizə durmaq olmaz. Ürəyim yandı, yeməksiz araq vurdum, mədəm qıcıqlandı, məni iştaha gətirdi. Boyat borşdan xoşum gəlir, narahat olma, özüm... Bəs bu Aksana harda qaldı, görəsən kimi əngi altına salıb?..
– O dedi ki, evinə baş çəkəcək, sonra dükan-bazara dəyəcək. İndi gəlib çıxar.
Bu zaman bənizi ağarmış Aksana içəri girdi.
– Bu da sənin Aksanan, adını çək, qulağın bur, – deyə İvan donquldandı.
Özünü suçlu sayan Aksana dili topuq vura-vura üzrxahlıq eləmək istədikdə, İvan onun sözünü kəsdi:
– Olan oldu, torba doldu. Bu bizə bir dərs olmalıdır. Sayıqlığı heç vaxt itirmək olmaz. İndi yaralıya qulluq göstər.
Kövrəlmiş Aksana Aysunu qucaqlayıb oxşadı:
– Körpəciyim mənim... Saşa ucundan-qulağından danışdı mənə... Allahın köməyiylə özünə gələndən sonra söyləyərsən hamısını. Bir şey istəyirsənmi?
– İstəyirəm.. Amma bu tək səndən asılı deyil...
İvan qulağını şəklədi. Aysunun yanında oturan Aksana İvana baxa-baxa inamsız halda dedi:
– Məndən asılı olanı eləməyə həmişə hazıram. Ürəyiniz nə istəyirsə bişirim, qəsəbəni ələk-vələk eləyim, axtardığınız şeyi tapıb gətirim.
Aysu başını bulayıb ah çəkdi.
– Aksana ilə mən də şərikəm. Mümkün olan şeyi eləməyə hazırıq, – deyə İvan, nəhayət dilləndi.
Aysu baxışlarını qaldırmadan həzin, kövrək səslə dedi:
– Başa düşürəm, digər əsir və girovlarla müqayisədə mən şahzadə kimi yaşayırım. Buna görə minnətdaram... Amma bir duyğu gecə-gündüz məni rahat buraxmır. Ata-anamın mənə görə çəkdikləri əzabı hər dəfə xəyalıma gətirəndə ürəyim ağrıyır, özümə yer tapa bilmirəm... Çox istərdim ki, onlara sağ olmağım haqqında xəbər göndərməyə kömək edəsiniz. Sizin ikinizin də övladı var... Az qala beş aydır qızının öldü-qaldısından xəbər tutmayan ata-ananın ağrılarını bir neçə dəqiqəliyə yaşayın... Onların necə əzab çəkdiklərini təsəvvürünüzə gətirin...
Doluxsunmuş Aksana sol əliylə Aysunu qucaqladı, deməyə söz tapmayıb gözünü İvana zillədi. Ürəkyaxan bu sözlər İvanı təsirləndirsə də özünü mazata mindirdi, onların boynuna minnət qoymaq üçün dedi:
– Etirazım yoxdur. Bu mümkün olan işdir. Amma bəzi çətin nyüansları var. Elə etmək gərəkdir ki, məktub ünvanına yetişsin, kənar əllərə düşməsin.
Ən kiçik məsələlərdə belə məxfiliyi saxlamağa çalışan İvan ona dikilmiş iki cüt gözün yalvarış dolu baxışlarının ağırlığına bu dəfə həqiqətən tab gətirə bilmədi:
– Doğrudur, mən bunu etməməliyəm. Ancaq Aysunun xətrinə bu işə gedirəm... Sevgi, insanlıq naminə təlimatları hərdən pozmaq olar...
“Buna nə olub belə? İnsanlıqdan, xeyirxahlıqdan dəm vurur” – deyə fikirləşən Aysu təəccübləndi. Amma indi bu barədə düşünməyin yeri deyildi.
– Siz məktubu necə göndərəcəksiniz? Onu bir az geniş yaza bilərəmmi?
Aysunun sözlərini cavablayan İvan ciddi və amiranə səslə dedi:
– Necə və kimlə göndərməyi özüm bilərəm. Məktub bir neçə cümlədən ibarət olmalı, rusca yazılmalı, orada yer, məkan, buradakı adamların adı-zadı göstərilməməlidir.
Öz vəzifəsini sözsüz anlayan Aksana əlüstü qələm – kağız, zərf gətirib Aysuya verdi. Qələmi alan Aysu çox fikirləşmədən əlləri titrəyə-titrəyə yazmağa başladı.
“Əziz anam, atam Toğrul!
Mən sağ və salamatam, siz düşündüyünüz qədər vəziyyətim pis deyil, evdə yaşayıram. Hər gün üzüaşağı bağlara, arxadakı dağlara baxıb sizi düşünür, qovuşacağımız günü intizarla gözləyirəm. İnşallah, görüşərik. Hamınızı bağrıma basıram.
Aysu, 30 oktyabr 1993-cü il.”
O, sonra zərfi götürüb ünvanı yazmaq istədikdə İvan qoymadı:
– Ünvanı zərfin üstündə göstərməyin, elə məktubun altında yazın. Birdən məktub yolda, Zvartnost aeroportunda ələ keçər. Ermənilər zərfin üstündə Bakı ünvanı görsələr məktubun işi bitdi. Ünvanı bizim adam Moskvadan yazıb göndərəcək. İndi məktubu mənə verin.
İvan məktubu sözbəsöz oxudu, sonra qımışaraq dedi:
– Bəri başdan “evdə” sözünü pozaq. Məncə bunsuz ötüşmək olar. Çünki məktub valideynlərinizdən savayı başqa əllərə də düşə bilər. Və onu oxuyanlar istər-istəməz düşünəcəklər: Hansı evdə? Kimin evində? Niyə evdə? – deyən İvan qələmlə “evdə” sözünü pozdu – Bəs bu Toğrul kimdir? Onun haqqında heç nə deməyibsiniz, tərcümeyi – halınızda da göstərməyibsiniz...
Aysu bu sualı gözlədiyi üçün cavabını hazırlamışdı. Odur ki, heç düşünmədən tam ciddiliklə dedi:
– O mənim atamın ədəbi təxəllüsüdür. Görürsünüzmü, bu iki sözün arasında vergül qoymamışam.
– Aydındır. Bu təbiət təsviri nəyə gərək?
– Mən yaradıcı adamam. Bu kəlmələri oxuyan atam hiss edəcək ki, onu aldatmıram, gerçəkdən əhvalım pis deyil. Amma quru cümlələrlə yazsam ki, sağ-salamatam, inanmayacaqlar. Elə biləcəklər ki, onlara təskinlik verirəm, həbsxanadamı, xüsusi düşərgədəmi dörd divar arasında çürüyürəm.
Aysunun əlüstü gətirdiyi dəlillər qarşısında İvan deməyə söz tapmadı. Başqa vaxt olsaydı, onda şübhə doğuran bu ifadə və sözləri pozardı. Amma səhərki qətl hadisəsi ilə bağlı qızın gərginlik keçirdiyi bir vaxtda xətrinə dəymək istəmədi. Odur ki, məktubu Aysuya qaytarıb dedi:
– Yaxşı, tez üzünü köçürün!
İvan bayaqdan bəri söhbət eləyə-eləyə sabah Rusiyaya qayıdacaq muzdluları bir-bir gözünün önünə gətirirdi. Kimə ürək qızdırsın? Onların arasında etibar ediləsi, İvandan yaxşılıq görmüş adamlar vardı. Fikirləşirdi ki, seçdiyi adamla bacısına içərisində məktub da olan kiçik bağlama göndərər. Bacısına yazdığı məktubda xahiş edər ki, ağzı bağlı zərfi açsın, içərisindəki ünvanı götürüb üstünə yazsın və nə yolla olursa-olsun təcili Bakıya göndərsin...
O bu düşüncələr içərisində otağına keçdi, iri çamadanı açıb bacısı üçün hədiyyə seçməyə başladı. Əlinə keçən qiymətli əntiq şeyləri, xoşuna gələn suvenirləri, yaxınlarına hədiyyə üçün bahalı paltarları bu çamadana qoyurdu... Bacısına nəsə hədiyyə etmək həmişə ona zövq verirdi. Bacı da qardaşının hədiyyələrinə çox sevinir, onları qoruyub əzizləyirdi. İvan çoxdan onun ad gününə ortasında medalyonu olan qızıl zəncir və bir dəst paltar hazırlamışdı... O bütün bunlara pul verməmişdi, qənimət idi... Yeznəsi üçünsə dolabın gözündən vur-tut bir neçə dəfə geydiyi dəri gödəkçəni götürdü. Sonra bacısına tələsik məktub yazdı, Aysunun otağından Aksananı çağırdı:
– Məktubu açıq zərfdə mənə gətir.
Aksana onun göstərişini əlüstü yerinə yetirib işinə davam elədi.
İvan Aysunun yazdıqlarını bir daha gözdən keçirdi, məktubları və qızıl zənciri bir zərfin içərisinə qoyub ağzını bağladı, çatılası ünvanı üstünə yazıb bacısı üçün göndərdiyi paltarın cibinə qoydu. Sonra onu dəri gödəkçə ilə salafan kisəyə bükdü, iplə bərk-bərk sarıdı. Bacısının ünvanını və telefon nömrəsini ayrıca kağıza yazıb cibinə qoydu, geyinib otaqdan çıxdı. Divanda oturduğu halda təzədən mürgüləyən Aysunun yanından keçdikdə ayaq saxladı, ona zəndlə baxdı. Zərbədən qızın gözünün altının şişi böyümüşdü, sifətində dərin iztirab həkk olunmuşdu.
Dostları ilə paylaş: |