Onlar maşına oturduqdan sonra İvan nişançının uzatdığı orden və medalları qocanın sənədləri ilə birlikdə salafan kisəyə bükdü.Onun bu hərəkətini anlamayan nişançıya dedi:
– Bunlar bizim qanla yoğrulmuş tariximizdir. Həm də bir ailə başçısının gələcək nəslinə yadigarıdır. Bunları tapdaq altda qoymaq olmaz...
İvan sözünün dalısını gətirməyib ürəyində fikirləşdi: Neyniyəcək bunları? Muzeyə-zada qoymayacaq ha! Ən yaxşısı hamısını qocanın ailəsinə göndərməkdir... Geriyə dönəndən sonra bu çətin bir iş deyil...Conra qocanın sənədlərinə baxmağa başladı. Rusca yazılmış, hardasa ya Sibirdə, ya da Qazaxıstanda verilmiş reabilitasiya arayışını oxuduqda qanı yenə qaraldı. “Görünür, biçarə əsir də düşübmüş, yəqin əsirlikdən qaçıb, vuruşub, orden– medal alıb, fəxrlə evinə dönüb. Burdasa onu sürgün ediblər... Uzun əzablardan sonra günahsızlığı sübut olunub, yaşamaq üçün öz yurduna buraxılıb...” – deyə öz-özünə pıçıldadı... Salafan kisənin ağzını bağlayıb yol çantasına atdı... Ürəyi sıxılıb başı ağrıdığı üçün alnını, gicgahını bir az ovuşdurub, gördüyü ürəkağrıdan səhnələri unutmağa çalışdı. Bunun üçün ona beş-on dəqiqə mürgüləmək lazım idi.
– Uşaqlar, yorulmuşam, dincəlmək istəyirəm, maksimum on dəqiqə. Diqqətli olun... – deyib başını arxaya söykədi, gözlərini yumdu.
Mərcanlı, Maraylan, Şükürbəyli kəndlərini arxada qoyan BTR Fuğanlı yoxuşunu çıxanda sürücü irəlini göstərib dedi:
– Yolda hadisə baş verib, cənab podpolkovnik.
İvan yarıyumulu gözlərini açıb qarşıya baxdı. Yoxuşun başında üzü enişə böyrü üstə aşmış bir yük maşını çırthaçırtla yanırdı. Üstü çadırlı ikinci maşınsa salamat halda arxada dayanmışdı. Ölən və yaralananlar vardı. Hadisə yerinə on – on beş metr qalmış İvan maşını saxladıb aşağı endi.
Yaralıların zarıltı və qışqırığından qulaq tutulurdu. Sağ qalan əsgərlər sarılarını udmuşdular.
“Başqalarının qanını tökən bu millət öz qanı çıxanda yaman qorxur, barmağı qanayanda belə, haray-həşir salır” – deyə fikirləşən İvan nədənsə Puşkinin “Tı rab, tı trus, tı armenin!”* misrasını xatırladı... Ona yaxınlaşan erməni zabitinə özünü təqdim eləyib, nə baş verdiyini soruşdu.
– Bir Azərbaycan əsgəri kamikadzelik eləyib, üç-dörd qranatla özünü maşının altına atıbdır. Biz iki maşında əlli metr intervalla ön xəttə əsgər aparırdıq. Əclaf türk on nəfəri öldürdü, iyirmi nəfəri yaraladı,-deyə zabit yağlı bir söyüş söydü.
– Nə danışırsan? Bəyəm burda Azərbaycan əsgəri qalıb? Bəlkə, arxada təxribat aparmaq üçün xüsusi qüvvə saxlayıblar?
– İnanmıram. Güman edirəm, o əsgər ya azıb, ya da yatıb qalıbdır. Yəqin ki, özününkülərə çata bilməyəcəyini görüb, kişi kimi ölməyi üstün tutubdur, – deyə zabit etiraf elədi.
“Arxayınçılığa yol vermək olmaz. Ehtiyatlı olanları Allah saxlar”-deyə qədim rus məsəlini xatırlayan İvan xalaxətrin qalmasın soruşdu:
___________
* Sən qulsan, sən qorxaqsan, sən ermənisən!
– Sizə kömək gərəkdirmi?
– Ratsiya ilə xəbər vermişik, xüsusi sanitar dəstəsi gələcək. Varsa, bir az bint, yod verin.
– Yaxşı, gəlin götürün.
BTR-ə minən İvan kiçik aptekdəki dərman və sarğı materiallarını zabitə uzatdı. Sonra “İrəli!” – deyə sürücüyə göstəriş verdi, yollarına davam etdilər.
– Ehtiyatlı olun, yolun kənarlarına diqqətlə baxın, – deyə İvan sürücü ilə nişançıya xəbərdarlıq etdi...
Amma bilmirdi ki, qarşıda onu heç ağlına belə gətirmədiyi sürpriz gözləyir...
Perikmiş quşlar yuvasına qayıdır
Bu, Polad Pərvizinin Bakıya üçüncü səfəri idi. Birinci dəfə keçən il, 92-nin payızında, şəkillərdə baxıb xəyalında yaşatdığı, görməsə də özünə doğma hesab etdiyi bu şəhərə Moskvadan gəlmişdi. Daha doğrusu, iki təbrizli Moskvada bizneslə bağlı işlərini bitirdikdən sonra Polad demişdi:
– Gəlsənə, gedax Bakını görax, Azərbaycan musiqisi dinliyax, əməlli-başlı bir yemax yeyax. Görax, Bakıda azadlığa çıxdıqdan sonra nə qayırırlar...
– Yaxçı fikirdir. Gedax Vətənin iyisini orada alax. İndi də ruslardan, yainki farslardan icazə-zad almaq lazım deyil, ha!.. – deyə dostu razılaşmışdı.
Onlar Amerikada yaşayırdılar. Polad Pərvizi orada təhsilini başa vurduqdan sonra kürən bir amerikalı qızla evlənib Nyu– Yorkda qalmışdı, iki qız, bir oğlan atası idi. Qızları universitet tələbəsi idilər, oğlu isə hələ litseydə oxuyurdu. Ondan gənc olan dostu Yolçu Şahsevənlininsə yaşı qırxı keçməsinə baxmayaraq evlənməmişdi. Təbrizdə qalmış sevgilisi ilə qovuşa bilmədiyindən evlənməyin daşını biryolluq atmışdı. Bir çox həmvətənləri kimi onlar da İrana qayıda bilmirdilər.
Gənclik macəraları, gənclik ehtirasları ötüb keçdikcə Polad Pərvizinin “sarı qarğıdalım mənim” – deyə oxşadığı arvadı ilə araları soyuyurdu. Yaşlaşdıqca o daha çox – azərbaycanlı, arvadı isə amerikalı olurdu, zövqləri, mənəvi tələbatları, həyata baxışları getdikcə daha çox fərqlənirdi. Qaragilə azərbaycanlı qızını kürən amerikalı qadın heç cür əvəz edə bilmirdi. O istəyirdi həftədə bir dəfə evdə yaxşı plov dəmlənsin, dolma bişsin... Arvadınınsa düyü yeməklərindən xoşu gəlmirdi. Polad muğamatı, xalq mahnılarını sevirdi. Gənc yaşlarından ordan-burdan Azərbaycan musiqisi yazılmış qrammofon vallarını, maqnitofon kasetlərini toplamışdı, yaxşı kolleksiyası vardı. Birgə yaşadıqları bu neçə illərdə arvadı onun xalqının musiqisini dinləməyə öyrəşə bilməmişdi. İstirahət saatlarında Polad qarşısında tünd türk qəhvəsi, fransız konyakı, şotland viskisi, damağında “Qara kapitan” siqareti yaylı kürsüyə yayxanıb məst halda muğama qulaq asanda arvadı sivişib çölə çıxırdı... Bir sözlə, maraq dairələri müxtəlifləşir, aralarındakı uçurum getdikcə dərinləşirdi.
Birinci səfər zamanı üç günlüyə gəldiyi Bakıda Polad on gün qaldı. Arada Şamaxıya, Qubaya, Qarabağa getdi... Ayrıla bilmirdi burdan... Uzun müddət Qərb həyat tərzi ilə yaşamış Polad Pərvizi elə bil Azərbaycanı indi kəşf eləmişdi... Xalqının nə qədər ürəyiaçıq, gözütox, qonaqpərvər, yaraşıqlı olduğunu indi görürdü... Onun zəngin təbiətli torpağının yetirdiyi bar-neməti daddıqca, yaraşıqlı qız-oğlanını gördükcə milləti ilə, vətəni ilə daha çox fəxr edirdi. O tayla bu tay arasında fərq görməyən Polad vahid Azərbaycan, vahid bir xalq tanıyırdı, özünü onun oğlu sanırdı. Yenicə azadlığa çıxmış vətənində yaxşı-pis nə vardısa hamısını qəbul eləyirdi... Hamısı onunku idi... Dünyanı gəzmiş, həmişə yad danışıq eşitmiş Polad Pərvizi Azərbaycanda qürurla gəzirdi. Bu qüruru ona dövlət idarələri üstündə dalğalanan milli bayraq, hər yerdə eşitdiyi doğma dil verirdi. O, çox sevdiyi ana dilinin də hakim dil olması, Azərbaycan adlı dövlətin olması ilə fəxr edirdi... Onun bu duyğularını yalnız qəriblikdə yaşayanlar, öz xalqının dövləti, bayrağı həsrəti ilə qovrulub dodağı dörd yerdən çatlayanlar başa düşə bilərdilər. Polad vətəni gəzdikcə onun başdan-ayağa dəyişilməyə, çatışmazlıqların düzəldilməyə ehtiyacı olduğunu görürdü... Mağazalardan, çayxanalardan, benzindoldurma məntəqələrindən tutmuş restoranlara, yollara, iri hotellərədək xidmət personları ilə birlikdə hamısını içdən çölə qədər yenidən qurmaq, insanların düşüncə tərzini dəyişdirmək gərək idi. Onun düşdüyü “Azərbaycan” hoteli zahirən nə qədər həşəmətli idisə, içərisində vəziyyət bir o qədər dəhşətli idi. İşığı, suyu tez-tez kəsilirdi, otaqlarda tarakanlar gəzişirdi. Bir sözlə, iş adamlarını, sərmayəçiləri dəvət eləmək, biznes toplantılarını keçirmək üçün ölkədə səviyyəli hotellər yox idi.
Azərbaycanda yaşayıb bizneslə məşğul olmağı qət eləyən Polad Pərvizi işə Avropa standartlarına uyğun hotel şəbəkəsi yaratmaqdan başlamağa qərar vermişdi. Və bu sahədə çox məşhur bir Amerika şirkətindən Bakıda danışıqlar aparmaq üçün vəkalətnamə də almışdı. Lakin ölkədə sabitlik olmadığından, bilmirdi kimlə danışığa girsin, kimə söykənsin. Bu yay iyun hadisələri zamanı əlini Azərbaycanın müstəqilliyindən üzmüşdü. Payızın ortalarında, noyabrda durum dəyişdi. Ermənilərin hücumu dayandırıldı. Prezident seçkilərindən sonra Heydər Əliyev hakimiyyəti tam ələ aldı, ölkədə sabit durum yavaş-yavaş bərqərar olmağa başladı. Polad Pərvizi üçüncü dəfə Bakıya gəldi. Artıq mənzil kirayələmiş Polad Bakını gəzib dolaşmaqdan yorulmur, əksinə zövq alırdı. Bununla o, ölkədə sərmayə imkanlarını, uğur qazanmaq üçün necə hərəkət etməyi öyrənirdi. Axırda bu qənaətə gəldi ki, “On iki imama yalvarınca, tək Allaha yalvarsın”. Yəni məşhur atalar məsəlində deyildiyi kimi ölkənin yiyəsi ilə əlaqə yaratmağa çalışsın. Yoxsa aşağıdan rüşvətxor məmurlar baryerini aşıb keçmək mümkün deyildi. Bu, çox vaxt və vəsait aparacaqdı.
Noyabrın çiskinli bir şənbəsi o, kofe dəmləyib sevimli yerində – televizorun qarşısındakı kresloya sərələndi. Kiçik jurnal stolunun üstündən qoz, fındıq, badam ləpələri və kişmişdən ibarət ləbləbisi, əla konyakı, yaxşı siqareti əskik olmurdu. Bu şəraitdə özünü əla hiss eləyir, başına yaxşı fikirlər gəlirdi. O, yerli televiziya verilişlərinə çox baxır, musiqi dinləməkdən başqa ölkədə baş verən olaylardan xəbər tuturdu. Bakıda, neft qoxuyan “təzə ölkədə” Amerikadan, Avropadan gəlmiş biznes axtaranlardan onun fərqi bunda idi ki, öz xalqı arasında idi, dil baryeri yoxuydu, cəmiyyətin nəylə nəfəs almasını gözəl bilirdi...
Həmin axşam televiziyada adamın ürəyini dağlayan bir veriliş gedirdi. Aparıcı ermənilərin əsir götürdüyü insanların valideynlərini danışdırırdı. Kimisi övladını, kimisi uşaqlarının atasını axtarırdı... Aparıcı, artıq beş aydan çoxdur həmkarı, gənc jurnalist Aysu Elbəyi qızının ermənilər tərəfindən Qarabağda girov götürülməsini, indiyədək ondan heç bir xəbər olmamasını bəyan edib, atası – professor Elbəyi Qaramanlıdan müsahibə almağa başladı.Sifətində nə qədər əzab çəkdiyi açıq-aydın görünən professor şəxsi yollarla qızının Hadrutda olduğunu öyrəndiyini, erməni tərəfinin susmasını, Qırmızı Xaç Cəmiyyəti Bakı nümayəndəliyinin axtarışı davam etdirdiyini söylədi. Axırda əsir və girovluqdan xilas olanlardan qızı barəsində məlumatları varsa, ona çatdırmağı xahiş etdi.
Veriliş Poladın əhvalını pozdu, sifətdən tanış gələn professorun dərdi, kədəri ona da sirayət etdi. Amma professoru harada gördüyünü xatırlaya bilmədi. Buna bənzər şeylər olurdu. Bəzən Nyu– Yorkdan, Parisdən, Romadan fərqli olaraq Bakı küçələrində gəzdiyi zaman ona tanış simalar rast gəlirdi, bəzən onları saxlayıb söhbətə tuturdu. Sonra başa düşürdü ki, axtardığı adam deyil. Bunların hamısı camaatın ona doğmalığından irəli gəlir... Küçədə ona tanış gəlmiş lopabığ oğlanı, dümağ saqqallı qocanı əvvəllər heç vaxt görməmişdi.Sadəcə onlardan biri təbrizli filankəsə, digəri ərdəbilli bəhmənkəsə oxşayırdı... Amma professoru hardasa görmüşdü, özü də cavanlığında... Yaddaşını qurdalamağa başladı... Elbəyi... 15-20 il əvvəl onu harda görə bilərdi? Bu tərəflərə, heç Moskvaya da gəlməmişdi. Bəlkə başqa ölkədə görüşmüşdülər... “Hə, tapdım!.. Biz onunla 77-də Nəcəfdə, Bağdadda görüşmüşük. Yanında uzun oğlan da vardı, adı da Kənan idi”,– deyə sevinən Polad bu şərəfə bir qurtum konyak içdi. “Özüdür ki, var. Sifətinin nuru itməsə də biçarə çox qocalmışdır. Bala dağı adamın on ilini dala atır. Görəsən mən necəyəm?”
Polad qalxıb bədənnüma güzgüdə özünə yaxşı-yaxşı baxdı. Yox, yaşından çox cavan görünürdü. “Onunla görüşməliyəm, ötən günləri yad etməliyəm. Ən mühümü də çox təsirləndiyimi deyib təskinlik verməliyəm, qızını azad etmək üçün hər cür yardıma hazır olduğumu bildirməliyəm”.
Bu hisslərin təsiri altında o, telefonun dəstəyini götürdü, diasporun nümayəndəsi kimi bir vaxt ondan intervyü götürmüş jurnalist oğlana zəng çaldı. Birinci zəngdən onu tapdığından xoşhal olaraq, indicə verilişi aparmış qızdan Elbəyinin telefonunu öyrənməyi xahiş etdi...
* * *
İntervyüdan sonra eşidən-bilən, ürəyi yanan tanış-biliş, qohum-əqraba Elbəyiyə telefon açıb təskinlik verirdilər. Elbəyi mənən sarsılmışdı. Son hadisələr – torpaqların tutulması, el-obasının yurd – yuvasından didərgin düşməsi, ürəkdən sevib hörmət elədiyi gənclik dostu Oruc müəllimin faciəli surətdə həlak olması və s. və s. onun dərdinin üstə dərd gətirirdi. Birdən Elbəyiyə elə gəlirdi ki, içi özü qarışıq onun elatının, əlli ildir dövrə vurduğu orbitin sonudur... Yainki o, quruyub kökündən qopmuş yelqovan koludur, külək qabağına qatıb hara gəldi aparır... Telefon zəngləri, dost-tanışla görüşlər, olub keçənləri yadına salması onu bu qorxunc fikirlərdən, bəzən gözünün qabağına gətirdiyi sonluqdan – ağzını açıb qurban gözləyən sonsuz, dibsiz uçurumdan uzaqlaşdırırdı...
Heç gözləmədiyi halda o da – Elnarə də zəng elədi, sağlamlıq durumunu soruşdu, ürəyini artıq yükə salmamağı, vaxtaşırı kardioqramma çıxarıb, özünü həkimə göstərməyi məsləhət gördü. Amma “gələrsən, özüm baxaram” demədi. Görünür əlaqələrinin yenidən qızışmasından, köhnə yaraların təzədən qanamasından ehtiyatlanırdı. Artıq o, ikinci dəfə ailə qurmuşdu... “Ailəli qadının keçmiş sevgilisi ilə görüşməsi bizim milli adətlərimizdə başqa cür adlanır”... Bu sözü Elnarə neçə il öncə ata-anasının xatirinə ərə getdikdən sonra ona zəng edən Elbəyiyə demişdi... Elbəyi onun səsini eşitməkdən də məhrum olmuşdu... Və bir də neçə ildən sonra rayon xəstəxanasında həkim-xəstə kimi görüşmüşdülər...
“Ah, Elnarə, Elnarə!.. Bu əzablı günlərimdə də yadımdan çıxmırsan... Özüm-özümlə qalan kimi xəyalın qarşımda peyda olur... Sən əsl məhəbbət ağacının bənzərsiz dadlı meyvəsini mənə dadızdırıb qeyb oldun. O dad bütün görünən cismimdədir, görünməyən ruhumdadır. Ruhum səndən sonra başqa dadları duymur, tanımır... Bilmirəm, mənə əsl məhəbbətin nə olduğunu tanıtdığın üçün sənə alqış eləyim, yoxsa sən dura-dura mənə sənsizlik əzabını verdiyin üçün qarğış töküm?...” – deyə, Allah bilir neçənci dəfə hündürdən ah çəkdi. Öz səsi onu xəyaldan ayırıb reallığa qaytardı.
“Yox, ya mənim başım xarab olur, ya da ömrümün sonu yaxınlaşır ki, olub keçənlər gözlərim önündə tez-tez canlanır... Yoxsa ciyərparasının öldü-qaldısından xəbəri olmayan kəs də əski sevgisi, xəyal, yaddaş qəbiristanlığında basdırılmış bir sevgi haqqında düşünərmi!? Yaddaş qəbiristanlığı... Bəyəm bizim ötüb keçmiş saatlarımızın, günlərimizin, illərimizin yaratdığı deyilmi bu yaddaş!?.. Bu real varlıqdan, yaşadığımız bu günlərin sevincindən, qəmindən sabaha, birisigünə nə qalır? Yaddaş... Bəyəm bütün ömrümüz, tariximiz yaddaşdan, xatirədən ibarət deyilmi!?”
Yaxşı ki, telefon zəng çalıb onu büsbütün bu düşüncələrdən ayırdı. Elbəyi dəstəyi qaldırdı:
– Bəli!..
– Mənə professor lazımdır.
– Buyurun, özüdür.
– Salam, köhnə dost. Bilirəm ki, məni tanımadın.
– Doğru buyurursunuz...
– Bu təbiidir. Mən də səni televiziya ekranında görəndə əvvəl-əvvəl tanımadım. Gör nə qədər keçib 70-ci illərdən... Yadındadırmı, 77-də Nəcəfdə, İmam Əli məscidində görüşdux, Bağdadda Dəclənin qırağındakı Əbu Nüvvas restoranında balıq yedux...
– Oho, ağayi Polad Pərvizi... O xatirələri, söhbətləri unutmaqmı olar? Sən hara, bura hara?
– Gəldıx vətənimizə, yığışdıx bayrağımızın altına. Mən sənlə görüşmax istəyirəm. Vaxtın varmı?
– O nə sözdür. Bütün vaxtım da, ev-eşiyim də sənə qurbandır. Bu saat gəlim, səni gətirim bizə.
– Gəlməyinə gəl. Amma elə bizdə oturax. Mən təkəm, mane olan bir kimsənə yoxdur. Elə ikimiz dərdlaşax, dünəndən, bu gündən danışax. İnşallah, o qədər sizə gəlib bezdirəcəyəm ki!.. – deyən Polad telefon və ünvanını söylədi.
Elbəyi tez geyindi, indicə yazdığı telefon nömrəsini Qönçəyə uzadıb tapşırdı:
– Vacib zəng olsa, burayla calaşdır.
Evin tininə çıxan Elbəyi bir taksi saxlatdırıb şəhərin mərkəzinə sürdürdü. Yol boyu Polad Pərvizinin sifətini, onunla görüşlərini təfərrüatı ilə yadına salmağa çalışdı...
Elbəyi tələbə yoldaşı Kənanla Bağdadda sovet səfirinin iqtisadi məsələlər üzrə müşavirinin ofisində tərcüməçi işləyirdi. Qurban bayramında onlar bir qrup iş yoldaşları ilə İraqın tarixi və müqəddəs yerlərinə – qədim Babil şəhərinin qalıqlarına, şiələrin müqəddəs ziyarətgahı Kərbəlaya, Nəcəfə getmişdilər. Şiəlik haqqında məlumat verən Elbəyi Şah İsmayıl Xətainin onu İranın məzhəbi elan etməsindən danışmış, o dövrdə Azərbaycan türkcəsinin dövlət dili kimi möhkəmlənməsini, xilafətdən sonra XX əsrin 20-ci illərinədək İran şahlarının hamısının Azərbaycan türkü olmasını, Şah İsmayılın İraqı özünə tabe etdirməsini məxsusi vurğulamışdı. Ruslardan biri istehza ilə demişdi:
– Belə çıxır ki, balaca Azərbaycan o boyda İran dövlətini idarə etmişdir, hə?!.
Elbəyi bir az sərt səslə ona başa salmışdı ki, Sovetlər Birliyi kimi İran da dövlətin, məmləkətin adıdır və orada bir çox xalqlar yaşayır. Onlardan da ən böyüyü Azərbaycan türkləri və farslardır. Arazın o tayındakı azərilərin sayı bu taydakılardan 3-4 dəfə çoxdur.
Sonra onlar yaxınlıqdakı qəhvəxanada oturduqda Kənan əlini onun kürəyinə vurub demişdi:
– Əhsən!.. Yaman elədin. Hərifi yaxşı oturtdun yerində. Gərək deyərdin ki, Karl Marks 14 il müharibə aparıb, İranı möhkəmlətmiş Şah İsmayılı basılmaz fateh adlandırmışdır.
Kənan sözünü bitirər-bitirməz bayaqdan onlara göz qoyan ortaboylu, gursaçlı, qarabuğdayı bir gənc yaxınlaşıb soruşmuşdu:
– Üzr istəyirəm, qardaş, siz azərbaycanlısınız?
– Danışığınızdan görünür ki, siz də azərbaycanlısınız, eləmi? – deyə Elbəyi sualı sualla cavablandırmışdı.
– Özü də lap xalisindən. Day niyə durmuşux, gəlin tanış olax. Mən Polad Pərviziyəm, Amerikada yaşayıram. Tura gəlmişik. Siz ruslara bələdçilıx eliyursuz, mən amerikalılara, – deyə o, qonşu stoldakıları göstərib əlavə eləmişdi: – Suyunuz şirin gəldığı üçün bayaqdan sizə göz qoyurdum, danışığızı eşidib yaxınlaşdım.
Qısa söhbətdən sonra onlar Bağdadda görüşməyi qərara almışdılar. Ertəsi gün görüşə gələn Kənanla Elbəyi özləri ilə mahnı və oyun havaları yazılmış kasetlər, albom və kitablar götürmüşdülər. Polad bu hədiyyələri tutya kimi qəbul eləmişdi. Üç azərbaycanlı kövrəlmiş halda ikiyə bölünmüş millətin dərdindən danışmışdılar...
Elbəyi deyilən ünvanı asanlıqla tapdı. Zəngi basan kimi bayaqdan onu gözləyirmiş kimi qapı açıldı. Elbəyi Poladı o saat tanıdı. Onlar qucaqlaşdılar. Polad həyəcandan gözləri yaşarmış halda dedi:
– Görürsən ki, bayrağımız ucaldı, Ulu Tanrı bizə qismət elədi azad məmləkətimizdə görüşdux, arzumuza çatdıx.
– Maşallah, çox az dəyişibsən.
– Elə sən də dəyişməyibsən. Göz dəyməsin, sifətin haphamar, yanaqların qıpqırmızı, bircə saçların ağarıb.
– Mən son bir neçə ayda düşdüm, yaxşı gəlirdim...
– Adamın başına iş gələndə gərək özünü itirməsin, çalışsın, əlləşib vuruşsun. Bu gündən qardaşın kimi mən də qoşuldum sənə. Bu yolda nə lazımdır eliyərux, heç nə əsirgəmərux. Lazım olan pulu mən taparam.
Poladın bu sözləri Elbəyiyə qanad versə də bərk kövrəltdi, hıçqırtısını boğsa da, çiyni bir neçə dəfə atılıb düşdü... Özünü tez ələ ala bildi. Onun bu halı Polada da sirayət elədi. O da göz yaşını udub, heç nə olmamış kimi soruşdu:
– Sənə qara qəhvə hazırlayım, yoxsa çay süzüm?
– Əvvəl qəhvədən başlayaq.
– Bəs ruhi içkilərdən nə vuracağıq? Brendi, yoxsa viski?
– Adlarını de görüm...
– Brendi Napaleon, viski Şivasi.
– Viski içək. Mənə az süz, suyun yarıbayarı elə. Ürəyim yaman zəifləyib.
Polad qədəhlərə viski süzdü. Bayaqdan dəmə qoyduğu qəhvədanı gətirdi, üzü qaymaqlanmış qəhvəni fincanlara süzdükdə otağı hilli qəhvə qoxusu bürüdü.
– Görüşümüz şərəfinə! – deyə Polad qədəhini qaldırdı.
Elbəyi də cavab sözü söylədi:
– Sağ ol, çox məmnunam. Şadam ki, uzun illərdən sonra sənlə doğma yurdumuzda görüşdük.
Hər ikisi sözləşiblərmiş kimi bir neçə qurtum içib qədəhlərini yerə qoydular.
– Deyəsən, daha sən də fransızsayağı içirsən, dost...
Elbəyi gülümsədi:
– Hə, ürək işemiyasından sonra mən də keçmişəm fransızsayağı içməyə...
Bağdadda orta əsrlərin kefqom şairi Əbu Nüvvasın adını daşıyan restoranda oturarkən Kənanla Elbəyi qədəhi başlarına çəkib birnəfəsə, Poladsa qurtum-qurtum içirdi. O vaxt Elbəyi zarafatla demişdi ki, onlar “russayağı”, Poladsa “fransızsayağı” içirlər.
– Yaxşı, qız girov düşəndən sonra harda saxlanır? Azad eləmax üçün nə qayırırsınız? – deyə Polad soruşdu.
Elbəyi başlarına gələn qəzavü-qədəri təfsilatı ilə danışdı, əlində olan məlumatları söyləyib dedi:
– Kürəkənim İvan adlı rus zabiti, onun ailəsi, ev ünvanı və s. haqqında məlumat toplamaq üçün Moskvaya getmişdi. Orda onun köhnə tanışları var. Amma əliboş qayıtdı. Deyiblər ki, Hadrutda İvan adlı zabit yoxdur. Görünür, o, əsl adı ilə işləmir.
– Anladım, zabit haqqında məlumat sizə nə verəcax?
– İstəyirik ki, həmin zabitin ailəsini tapaq, əvvəlcə xoşaxoşluqla əlaqə yaradaq, xahiş eləyək ki, ona məktub yazsınlar, qızı buraxmaqçün şərtlərini desinlər. Əgər razı olmasalar, onları bir balaca hədələmək istəyirik. Qoy ailəsi ona xəbər göndərsin ki, əgər qızın başına bir şey gəlsə hayıfını onun ailəsindən çıxacaqlar. Kürəkənim orada çox qala bilmədiyi üçün axtarışı həvalə eləyib vasitəçilərə, haqq-hesabı da onlar deyəcək. Onlar belə işlərdə pərgardılar. İndi Allahdan imdad gözləyirik.
Bir az fikrə gedən Polad dilləndi:
– Qərarınız pis deyil. Amma o zabitin arvadını, yainki anasını, başqa qohumunu tapa bilsəniz, gərək onu məsələdən elə adam agah eləsin ki, hürkməsin, qaçıb böyüklərinə xəbər verməsin.
– Doğru buyurursan. Mən də bunu tapşırmışam ki, kimi tapsalar, bişirsinlər, beh verib pulla tamahlandırsınlar.
– Düz eləyirsiniz. Pulun qabağında hər adam duruş gətirə bilmir... Bu iş üçün nə qədər pul lazım olacax?
– Düzü bilmirəm. Hələ ortada dəqiq rəqəm yoxdur. Müəyyən məbləğ toplamışam, evdəki çəkidə yüngül, qiymətdə ağır şeyləri dəyər-dəyməzinə satıram.
Polad paltar dolabına sarı getdi, əlində gətirdiyi konverti stolun üstünə qoydu:
– Burda on min dollardır. Hələlik bunu götür, gərəy olacax məbləğ bilinəndən sonra üstünü düzəldərux .
Poladın bu alicənablığı və səxavəti Elbəyini yenə kövrəltdi:
– Çox sağ ol, qardaş!.. Sənin bu hərəkətin məni göylərə qaldırdı. Amma götürməyəcəm. Qoy, hələ öz gücümüzlə əlimizdən gələni eləyək. Yetməsə sənə ağız açaram.
– Qardaş, o qız bizim millətin qızıdır, mənim də balamdır. O nadürüstlərə, insan alverçilərinə mən yaxçı bələdəm. Bu işə çox pul lazım olacax.
Pərvizi nə illah elədi, Elbəyi inadından dönmədi. Axırı söz verdikdən sonra ki, pulu çatmasa, dostunun yanına gələcək, Polad əl çəkdi.
– Görünür, o urus zabiti mühüm vəzifə sahibidir ki, qızı ermənilərdən alıb götürüb yanına?
– Kürəkənim özü zabitdir, keçmiş KQB məktəbini keçibdir, Əfqanıstanda hərbidə işləyibdir. Deyir ki, o zabitə azərbaycanca, rusca yaxşı bilən tərcüməçi gərəkdir. Əsir və girovların içində belələri yox dərəcəsindədir. Güman edirik ki, o, Aysudan tərcüməçi kimi istifadə eləyir.
– Doğru buyurursuz, ağlabatandır, – deyən Polad ürəyində fikirləşdi: “Kaş, belənçik olaydı...”
Sonra onlar ölkədəki vəziyyətə keçdilər. Dostunu dinləyən Polad nikbinliklə dedi:
– Siz bu qarmaqarışığın içindəsiz, faciələrə məruz qalanlarsız. Ona görə qırağa çəkilib baş verən olaylara kənardan baxa bilmirsiz. Bu kişi hər şeyi yoluna qoyacax. Buraya göz dikmiş Rusiyayla, İranla yalnız o bacara bilər.
– Atalar belə yerdə deyib: ilan ildız görməsə, canı çıxmaz, – deyə Elbəyi gülümsədi.
– Ay bərəkallah. İndi mən deyənə gəlirsən. Kişi hakimiyyəti təzə-təzə ələ alır. Qoy ordunun, polisin cilovunu yığsın, öz adamlarını yerbəyer eləsin, dalısına baxarsan. Səninlə mərc qoşaram ki, bu kişi Surətlə, onun kimiləri ilə çox uzağa getməyəcax. Onun dayaxlarını bircə-bircə dağıdandan sonra özünü də vurub atacax eşiyə.
– Bu kişinin siyasətinin gələcəyini necə görürsən?
– Mən onun çıxışlarını diqqətlə dinləyib təhlil etmişəm. O, ruslarla danışanda, deyirsən, bəs bir-iki günə onların qoşununu çəkib gətirəcax bura. İranlılarla bir araya gələndə, elə bilirsən, bu gün-sabah aradakı sərhədi götürəcax . Amerikalılarla danışıq aparanda adama elə gəlir ki, Azərbaycan Qərbə üz tutubdur. Bir sözlə, kişi hamısını neytrallaşdırır, hamısına ümid verir. Bu da ona dəlalət eləyir ki, dövlət başçısı kimi o, ölkəsini düşdüyü böhrandan, qurdların ağzından xilas eləmax üçün mütəvazi siyasət yeridir.
Daha sonra onlar məişət məsələlərinə keçdilər.
– Arvad-uşağı necə, buraya gətirəcəksənmi? – deyə birbaşa soruşmaq istəməyən Elbəyi onun gəlişinin qısamı, yoxsa uzunmu müddətə olmasını bilmək istədi.
– Bilirsən, dostum, başqa millətlə evlənənlər ya gərək arvadının ümmətinə qarışsın, ya da arvadı özününkünə qatsın. Hər ikisinin bərabər şəkildə bir– birinin millətini bütün adət-ənənələri, incəsənəti və s. ilə sevərək qəbul eləməsi çox nadir hallarda baş verir. Mən amerikalıya evlənəndən, birinci uşağım doğulandan sonra “İki vətənim var” dedim. Onun dilini, tarixini, ədəbiyyatını, musiqisini öyrənib sevdim, ailəsinin, ölkəsinin ab-havasını götürdüm. Bu gərək qarşılıqlı ola. Amma olmadı. Yaşlaşdıqca o qərbləşdi, mənsə şərqləşdim. Hərə öz cihətinə, öz qütbünə çəkildi, sonu ayrılıqla bitdi.