Qolubağlı girovları rayon icra hakimiyyətinin binası qarşısında maşından düşürdülər, həyətdəki bağçada qollarını açıb sıraya düzdülər. Bir vaxtlar rayon rəhbərlərinin dincəlmə və söhbət yeri olan kiçik fəvvarənin ətrafındakı oturacaqlarda rütbələri bilinməyən bir neçə erməni hərbçisi şellənirdi. Bağçanın, binanın giriş-çıxışında əliavtomatlı əsgərlər durmuşdular. İki nəfər binanın üstündə dalğalanan Azərbaycan bayrağını endirməklə məşğul idi.
Hərbçilərdən biri qalxaraq əsirlərə yaxınlaşdı, onları başdan-ayağa süzüb, İlqarın tanımadığı kişidən azəri türkcəsincə soruşdu:
– Kimsən? Adın nədir?
Kişi özünü dik tutub halını pozmadan dedi:
– Adım Yusifdir, həkim-cərraham, özüm də Beyləqan sakiniyəm.
– Bura niyə gəlmisən?
– Əslim buradandır. Çoxlu yaralı olduğunu eşidib, öz maşınımla gəldim köməyə.
Girovun səsində qorxu-zad olmaması, məğrur dayanması deyəsən, erməni hərbçisinin xoşuna gəlmədi; onun çənəsindən tutub bərk silkələdi, qəzəblə donquldandı:
– Baxarıq, görək necə cərrahsan.
O, həkimi buraxıb ortada dayanmış İlqara yaxınlaşdı, istehza ilə dedi:
– Şəhərin merisən, ha? Bu gün səni işdən çıxardıq. Artıq sənin merliyin də, Azərbaycanın bu yerlərdə hakimiyyəti də qurtardı. Bayrağınız həmişəlik endirildi. İndi sən ancaq öz həyatını saxlamaq haqqında düşünməlisən. Dediklərimi eləməsən, işin bitdi.
Zabit elə indicə Azərbaycan bayrağını endirmiş, erməni bayrağını onun yerinə asmağa hazırlaşan əsgəri yaxına çağırdı. Onun əlindəki ortasında aypara, səkkizguşəli ulduz olan üçrəngli bayrağı alıb İlqarın ayağı altına atdı:
– Bu bayrağa tüpürüb tapdala! – deyə qışqırdı, sonra erməni bayrağını ona uzatdı: – Bunusa öpüb gözlərinin üstə qoy.
İlqar onun uzatdığı erməni bayrağını alıb yerə tulladı, diz çöküb Azərbaycan bayrağını müqəddəs tutya kimi ikiəlli yerdən qaldırdı, öpüb gözləri üstə qoydu. O, bunu tövrünü pozmadan elə təmkinlə, sakit tərzdə elədi ki, sanki günlərlə məşq eləyib buna hazırlaşmışdı. Əlində Azərbaycan bayrağı ayağa qalxan İlqar tələsik başını yana qovzayıb, onu öldürənə qədər bir neçə anlığa doğulduğu şəhərə, Xan çinara baxdı... Onlarla yalnız baxışları ilə vidalaşdı, sözsüz, kəlamsız...
Belə bir səhnə ilə qarşılaşacaqlarını gözləməyən ermənilər ölməz bir sənət əsərinin təsirli səhnəsinə tamaşa edirlərmiş kimi donub qaldılar. Sonra... Sonra döş qəfəsindən aldığı zərbədən İlqar ikiqat oldu. Kürəyindən vurulan ikinci zərbədən yerə yıxıldı... “Yox, ayaq üstə ölməliyəm!” – deyə düşünən İlqar Tanrıdan güc istədi... Ayağa qalxıb bayaqdan müstəntiqlik eləyən hərbçinin ona tuşlanmış tapançasının qara lüləsinə baxdı. Başını dik tutdu. O, ölümü qəbul etməyə hazır idi...
– Dayan! Onun başına istənilən vaxt güllə çaxmaq olar. Əlimizə bir vəzifəli şəxs keçib, sən də onu tezcənə öldürmək istəyirsən. Bizə jivoy tovar gərəkdir, – deyə hovuzun qırağında oturmuş ermənilərdən digəri irəli yeridi, İlqarın hərəkətindən bərk qəzəblənmiş, qana susamış həmkarının tapançasını yana döndərib əlavə etdi: – Onu bax, belə tərbiyə eləmək gərəkdir, – deyib döş qəfəsinin altından – “günəş düyünü” adlandırılan nöqtədən qəfil zərbə endirdi.
Ağrıdan səsi çıxmayan İlqar qollu-budaqlı ağac kimi yerə yıxıldı. Buna bəndmiş kimi əsgərlər düşdülər onun üstünə. Üzeyir dözə bilməyərək özünü İlqarın üstünə gərdi, bununla zərbələrin yarısını üzərinə götürdü.
– Bəsdirin, belə zorakılığın axırı yoxdur. Biz humanist bir xalq olmağımızı göstərməliyik. Neyləmişiksə, gec-tez hayıfını çıxacaqlar, – deyə zabitlərdən üçüncüsü köməksiz insanları döyməkdən ləzzət alan əsgərləri saxladı.
– Vax, bu nə danışır, ara? Aramcan, sən niyə qorxursan? Arvad– uşağın, ev-eşiyin burdan çox uzaqda, Beyrutdadır. Onların əli sizə çata bilməz, – deyə İlqarı birinci vurmuş zabit irişdi.
– Söhbət millətdən, gələcək nəsildən gedir.
– Biz onların hamısını qırıb çatsaq, sağ qalanları aparıb Xəzərə töksək, hayıf almağa bir kəs qalmasa, necə?
Bu sözlərə hamısı güldü. Başını bulayan Aram dillənmədi, demək istədiklərini uddu. O istərdi desin ki, dövran o dövran deyil. İndi orta əsr vəhşiliklərini eləməklə erməni xalqı dünyanın qınağına məruz qalacaq. Arxada o boyda Türkiyə durur. Beş-altı milyonluq erməni xalqı özündən on dəfələrlə çox sayda olan bütün türk millətini qırıb qurtara bilməz. Bu boş xülyanı başlardan çıxarmaq gərəkdir... Amma susdu. Bu sözlərin məqamı deyildi. Bu fanatiklər üçün çöl-biyabanda adam öldürmək tum çırtlamaq kimi bir şey idi...
Ağız-burunları qızıl qana boyanmış, zərbələrə ah-ufsuz kişi kimi dözən həmyerlilərinə kömək eləmək iqtidarında olmayan Yusif həkim hiddətindən az qalırdı bayılsın... Əsgərlər əl saxladıqdan sonra özünü yarıhuşsuz İlqarla Üzeyirin üstünə atdı, əsgərlərdən biri ona əl qaldırmaq istədikdə üzünü zabitlərə tutub qışqırdı:
– Mən həkiməm, borcumu yerinə yetirirəm, onlar ölə bilərlər!..
Onun sözləri öz təsirini göstərdi. Zabitlərdən biri itə dönmüş əsgərlərə çımxırıb, zəncirlərini çəkdi, sonra üzünü həkimə tutdu:
– Ölməzlər, türkün canı bərk olur. Bax, özünü yaxşı aparmasan səni də bu hala salarlar.
Yusif həkim hovuzun kənarındakı gülləri sulamaq üçün qoyulmuş vedrəni doldurdu, cib dəsmalını isladıb İlqarla Üzeyirin üz-gözünün qanını sildi, aldıqları zərbələrin yerlərini yoxladı.
– Qorxmayın, xatalı şey yoxdur, – deyib onlara toxtaqlıq verdi. Qabdakı sudan bir neçə qurtum içən İlqar güclə gülümsəyib dedi:
– Doxtur, biz qorxu duyğusunu çoxdan bu torpağa gömmüşük.
Onları sərbəst nəfəs almağa belə qoymadılar. Bir azdan əsgərlər üçünün də qollarını arxadan bağlayıb, başlarına kisə keçirdilər, yük maşınına mindirdilər. Çox keçməmiş maşın yola düşdü. Bilmirdilər onları hara və nə üçün aparırlar. İnsanın gözlərini bağlayıb bir neçə dəfə fırlatdıqdan sonra o, səmti itirir. Belə hala düşəndə çaşmamaq üçün gərək çox güclü yaddaşa və hafizəyə malik olasan, qulağın vasitəsilə “görməyi” bacarasan...
Maşın bir neçə dəfə şəhərin içində ora-bura döndükdən sonra İlqar daha harda olduqlarını bilə bilmədi. Ermənilər yol boyu ələ keçirdikləri qənimətləri maşına yükləyirdilər. İlqar kürəyini sıxan yükü əllədikdə onun xalça-palaz olduğunu duydu. Maşını növbəti dəfə saxlayanda qulağına dəyən şırıltıdan anladı ki, şəhərdən çıxmışlar, üç yol ayrıcında kəhrizin suyundan düzəldilmiş şəlalənin yanındadırlar. Getdikləri səmti araşdıranda İlqar müəyyən edə bildi ki, onları ata yurdu Balyata tərəf, Hadruta aparırlar...
* * *
Famil müəllimin oğlu qara xəbəri eşidən kimi valideynlərinin arxasınca gəlmişdi. O, ata-anasını çöl-biyabanda axtarmalı olmuşdu. Oğul valideynlərini kövşəndə, Alaöküz dərəsinin gədiklərində üç-üç, beş-beş köç salmış, bezdən, kəlağayıdan özlərinə gölgəlik düzəldərək isti avqust günəşindən qorunan həmkəndlilərinin arasında tapdı... Adamlar hələ ümidlərini kəsməmişdilər, üçüncü gecə də ilan-çəyənin arasında gecələməyi qərara almışdılar. Amma toran qovuşanda Balyat, Qaracallı, Süleymanlı kəndlərindən ərşə qalxan alov və tüstünü gördükdə son ümidləri də qırıldı... Çarəsiz insanlar üzüaşağı Araz qırağına, Bakı yoluna tərəf üz tutdular...
Sirikli Səmərqənd isə Bakıdan Cəbrayıla gəlirdi. O, döyüşlərdə həlak olmuş oğlunun qəbrinin üstünü götürtmək üçün Xırdalanda qara mərmərdən düzəltdirdiyi başdaşını, sinədaşını gətirirdi. Onun xəbəri yoxudu ki, Sirik də, Cəbrayıl da düşmən əlinə keçmişdir. Oğlunu uğrunda qurban verdiyi torpağın özü qurban getmişdir. Səmərqənd arvad-uşağını Mahmudluda tapdı. Ana qara mərmərə həkk olunmuş oğlunun şəklini gördükdə nalə çəkdi... Ürəkləri dolmuş qadınlar onun səsinə səs verib insanın iliyinə işləyən kədər, ələm dolu ağı dedilər... Min illərlə burada məskən salmış insanlar yeni minilliyin astanasında yurd-yuvalarını tərk edirdilər... İki yüz ilə yaxın idi Azərbaycan türklərini, bəşəri sivilizasiya başlayandan məskunlaşdıqları torpaqlardan çıxarırdılar... İrəvandan, Göyçədən, Zəngəzurdan başlamış bu zorla qovma, köçürmə indi Qarabağda baş verirdi...
Köç... Adi yerdəyişmə belə insana ayrılıq, hicran, göz yaşı gətirir həmişə... Bu köç adi köç deyildi... Dədə-baba köçü, dağ-aran, yaylaq-qışlaq köçü deyildi... İnsanlar əbədi yaşayış yerlərini daha yaxşı güzəran üçün dəyişmirdilər... Bu, beş minillik tarixdən qoparılma idi. XX yüzilliyin 30-cu, sonra 48-50-ci, lap sonra 88-ci illərində alçaldılıb zülm edilmiş, var-dövlətləri əllərindən alınmış insanları susuz Qazaxıstan çöllərinə, yaxşı halda Azərbaycanın Mil və Muğan düzlərinə zor gücü ilə sürmüşdülər...
Cəbrayıl və Füzuli şəhərlərini, bu iki rayonun əksər ərazilərini rus tanklarının köməyi ilə işğal etmiş erməni qoşunları İran sərhədinə bir neçə kilometr qalmış hücumu dayandırdılar. Erməni komandanlığı kiminsə icazəsini gözləyirdi...
Horadiz dəmiryol qovşağından günbatana doğru uzanan Araz çayı ilə paralel qıvrılan dəmir və asfalt yollar hələlik Zəngilan və Qubadlı bölgələrini ölkə ilə birləşdirən yeganə imkanlar idi. Arazboyu zolaqdakı kəndlərə sığınmış cəbrayıllılar hələ ümidlərini kəsməmişdilər. Zənn edirdilər ki, yüksəklikləri tutmuş ermənilər aşağı kəndləri atəş altda saxlamaqla kifayətlənəcəklər, cürət eləyib İran sərhədinə yaxınlaşmayacaqlar...
* * *
Ermənistanla həmsərhəd olan Qubadlı isə hələ döyüşürdü. Düşmən onu tutmaq üçün çox ucuz bir fənd işlədirdi: Ermənistan səmtindən yox, Laçın dəhlizindən keçirdikləri qüvvələrlə Qarabağ tərəfdən hücum edirdi. Artıq üç ilə yaxın idi Dağbəyi İsmayılov qələmi yerə qoyub silah götürmüşdü. O, işlədiyi redaksiyadan müddətsiz məzuniyyət alıb doğulduğu Qubadlıya getmişdi. Əli silah tutan qohumlarını, dost-tanışlarını bir araya gətirib könüllü dəstə düzəltmişdi. Belə könüllü dəstələrin sayəsində ermənilərin həmlələri uğurla dəf edilmişdi. Qonşu Cəbrayıl və Füzuli rayonlarının əksər hissəsi işğal edildikdən sonra isə Qubadlının vəziyyəti ağırlaşmışdı.
Avqustun çıxmasına beş gün qalmışdı. Dağbəyi özündən çox gənc olan dəstə üzvləriylə gecə kəşfiyyata getmişdi. Öyrənmək istəyirdilər ki, düşmən öz qüvvələrini cəm edib hücuma başlayacaq, yoxsa adda-budda həmlələrlə kifayətlənib dayanacaq...
Dağbəyi bu yerlərin hər daşına, qayasına bələd idi. On yeddi yaşınadək kənddə yaşamışdı, bu dağlarda at oynatmış, ov ovlamışdı. O, köç vaxtı dağda doğulduğu üçün adını da Dağbəyi qoymuşdular.
Təpənin zirvəsindən Dağbəyi zəif ay işığında aşağıları nəzərdən keçirməyə başladı. Birdən sol tərəfdə gözünə işıq dəydi. Əvvəl elə bildi ki, maşındı. Amma işığın hərəkət eləmədiyini görüb, onun çökəkdəki çayxanadan gəldiyini yəqinləşdirdi. Xatırladı ki, yol Qubadlıya sarı burulanda çökəkdəki kiçik çayın üstə çayxana vardı. Orada manqalın üstdən kabab əskik olmazdı. Onu işlədən Qubadlıdan idi, hər tərəfdən müştərilər gəlirdi. Silahlı toqquşmalar başlayandan çayxana suyu sovrulmuş dəyirmana bənzəyirdi.
“Gecənin bu vaxtında nə qayırırlar orda? Ermənilər qorxularından bu həndəvərdə dolanmırlar. Bizimkilər... bəlkə maşınları xarab olub?”, deyə fikirləşən Dağbəyi aşağı düşməyi qərara aldı. Cavanlar onu tək buraxmaq istəmədilər. Dağbəyi onlara əmr etdi:
– Yox, tək gedəcəyəm. Bu yerləri mənim qədər tanımırsınız. Gözləyin...
Üzü enişə olduğu üçün o, çox çəkmədən bulağın qənşərinə çatdı. Burnunu qızardılan ət qoxusu qıcıqlandırdı. “Deməli, nəsə bişirirlər”... Burdan o yana sürünə-sürünə getməliydi. Yolun sağ tərəfinə keçdikdə quruyub qaldı. Düz beş tank dayanmışdı burda. Çayxana tərəfdən səslər gəlsə də, tankların yanında kimsə görünmürdü. Çayxanadakıları görmək üçün bir az da yaxına süründü... Və gördü ki, burada dayanmış iki BTR kiçik faraları ilə aşağıdakı çayxananı işıqlandırır, ermənilər iyirmidən çox rus tankçısı üçün kabab bişirir, hədyan-hədyan danışıb gülüşürlər.
“Deməli, sabah-birisigün Qubadlıya hücum olacaq, tanklar qabaqda, ermənilər arxada...”, deyə fikirləşən Dağbəyi istədi onları versin avtomatın ağzına. Amma fikrindən daşındı. Əvvələn, tankçılar çox idilər, onu vura bilərdilər... İkincisi, o, buraya kəşfiyyata gəlmişdi. Bu vacib xəbəri rayondakılara çatdırmalı idi...
Bütün bunları çək-çevir eləyib geri süründü... Gördüyü acı mənzərə Dağbəyiyə güllə kimi dəymişdi. Otuz il sovet gerçəkliyini tərif eləmiş, rus xalqına bəlağətlə “böyük qardaş” demişdi... “Bu da bizim axırıncı qismətimiz. Top lülələri “iri addımlarla irəliləyən” xalqın sinəsini nişan almışdı. Niyə, nə üçün, hansı qəbahətinə görə?” Bir istədi qayıtsın, rastına çıxan yağıları qanına bulayıb ürəyini soyutsun... Nanəciblərin sözü ilə özünü qınadı: “müsəlmanın sonrakı ağlı...”.
“Sonrakı ağlı” əmələ çevirmədiyinin ağrısını bir də böyük oğlu şəhid olduqdan sonra çəkəcəkdi... Həmin gecə rus tankçıları ilə döyüşə girməməyinə görə... Ölüb orda qalsaydı Biləcəridən qaytarılmış böyük oğlunu öz əlləri ilə komissarlığa gətirib cəbhəyə yola salmazdı... Oğlu orduya çağrılarkən onu tanıyan zabit “Atan cəbhədə vuruşur... Get evinizə, ailəyə hayan ol... O qayıdandan sonra sən gedərsən” demişdi...
Avqustun 27-də Qubadlının da taleyi Cəbrayıl və Füzuli rayonlarınınkı kimi oldu. Buraya ayağı dəyən düşmən yüz illərdən bəri əlləşdiyi fitnə-fəsadını həyata keçirdi...
Dualar Tanrıya Çatırmı?..
Artıq sentyabrın ortaları idi. Yayın çıxmasına az qalmışdı. Aysu üç aydan çox idi əsirlik həyatı yaşayırdı. O, gündən-günə şam kimi əriyir, saralıb solurdu. Erməni qoşunlarının irəliləməsi haqda hər yeni xəbər sanki bir ovuc duza çevrilib onun yaralarına basılırdı. Bu yaralar onun bütün varlığına, heysiyyatına vurulmuşdu. Arıqlamışdı, tez-tez öyüyürdü, iştahadan kəsilmişdi, qatıq və turş meyvədən başqa heç nə yemirdi.
Həmin bədnam gecədən sonra İvanla üz-üzə gəlməyə qorxurdu... Qorxurdu ki, özünü saxlaya bilməyib dişinin dibindən çıxanı deyər, özü də hirslənər, onu da acığa salar... Bunun axırının pis qurtara biləcəyini dərk edib özünü saxlayırdı... Onsuz da əli boşa çıxmış İvan acığa düşüb onu ermənilərə verə bilərdi. Buna görə də atasından eşitdiyi müqəddəslərin “səbir aparar” məşhur kəlamını tez-tez yadına salıb, hikkəsini göz yaşları ilə içindən çıxarmağa çalışırdı... O, dağ döşündə əlçatmaz bir bakirə çəmənlik idi, yad ayaqlar vəhşicəsinə soxulub tapdaladılar... Təmizlik bağında bitmiş bir gül idi, şirin meyvə idi, bağbandan xəlvət girib dərmək istədilər... “Yaşatmaq üçün yaşamaq gərəkdir” – deyə öz-özünə pıçıldayır, başını qatmaq üçün yeganə həmdəmi olan kitablara cumurdu... Bir də səhər və axşam evdəcə özünü idmanla “hələk” eləyib sakitlik tapırdı. Çalışırdı ki, İvana olan qəzəbini yumşaltsın, uşaqlıq eləyib faydasız hərəkətlərə yol verməsin. Artıq hiss elədiyi körpəsini dünyaya gətirmək üçün İvanla mülayim münasibət qaçılmaz idi.
İvanınsa işi başından aşırdı, 15 avqustda hücum başlayandan gecə gəlib obaşdan gedirdi. Bütün cəbhə boyu – qərb və şərq istiqamətlərində döyüş aparılırdı. Gündüz görüb topladığı məlumatları gecə yazaraq, şifrələyib göndərməyə güclə vaxtı çatırdı. Bir aydan çox idi Aysu onunla üz-üzə gəlməkdən qaçırdı, onun evə qayıtmasını bilən kimi otağına çəkilib qapını bağlayırdı. Onsuz da İvanın indiki halında qadına sərf ediləsi vaxtı yox idi. Daha doğrusu, belə gərgin vaxtlarda o, qadın haqqında düşünməzdi, məişət məsələlərini büsbütün unudardı. Bu onun həyat vərdişi idi, özünü belə öyrətmişdi.
Həmin gün İvana səhər yeməyi verən Aksananın Aysunun vəziyyəti haqqında həyəcanla “Qıza nəsə olub. Belə getsə, yazıq əldən gedər, Allah yanında günahkar biz olarıq” deməsi İvana təsir elədi. O, Aksanaya göstəriş verdi ki, həkim çağırsın, nəticəsini ona desin, gözü həkimin üstündə olsun, burnunu ora-bura soxmağa qoymasın.
Razılıq almasına sevinən Aksana “Oldu, yoldaş polkovnik” – deyə zarafatla, şən əda ilə təzim elədi. Onun sağ əlində çay stəkanı olduğu üçün sol əlini gicgahına qaldırması İvanın dodağını qaçırtdı, polkovnik sözündən lap xoşallandı:
– Ax Aksana, Aksana!.. Sən yaxşı insansan. Həmişə şənliyini saxlamağı bacarırsan, – deyib lütfkarlıq göstərdi, sağ əli ilə onu qucaqladı.
İvan polkovnik rütbəsini səbirsizliklə gözləyirdi. Çalışırdı ki, növbəti ulduzu alana qədər xətaya, səhvə yol verməsin.
İvan mənzilinə kənar şəxslərin buraxılmasını qadağan etmişdi. Keşik çəkən əsgərlərin də ikinci mərtəbəyə qalxmağa ixtiyarları yox idi. Tək-tük hallarda ağır yük olanda onu pilləkənlə yuxarı qaldırıb qapının ağzında Aksanaya verərək geri dönərdilər. İvana da, Aksanaya da həkim lazım olanda evə çağırmazdılar, özləri poliklinikaya gedərdilər. İndi Aysunu erməni həkimlərinin içinə aparmaq məqsədəuyğun deyildi.
Aysu həmişəkitək səhər saat 8 radələrində yerindən qalxdı, pəncərədən boylanıb həyətə baxdı. İvanın maşını görsənmirdi, deməli getmişdi. Otağın içində yüngülcə səhər gimnastikası elədi, əl-üzünü yuyub onu səbirsizliklə gözləyən Aksananın yanına gəldi, “sabahın xeyir” deyib yanağından öpdü. Qızın bu hərəkətindən gözləri yaşarmış Aksana da onu ehtirasla qucaqladı, süzdüyü çayı, zoğal mürəbbəsini onun qarşısına qoydu:
– Təzə bişirmişəm, bax gör necədir?
Mürəbbədən dadan Aysu özünü zorlayıb gülümsədi:
– Əladır, yaxşı bişiribsiniz. Zoğal da dadlı zoğaldır. Biz Bakıda həmişə mürəbbəni belə kiçik zoğaldan bişiririk. Atam calaq olunmuş iri zoğalları xoşlamır.
Aysu stəkanı boşaltdıqdan sonra birini də istədi.
– Sən yeməkdən tamam kəsilibsən. Belə olmaz. Yüz fikir bir borcu ödəməz.
– Neyləyim, iştaham çəkmir. İçimdə bir yanğı var.
– İndi Saşanı doktoru gətirməyə göndərəcəyəm. Qoy baxsın görək, dərdin nədir. Hərçənd mən bir şeydən şübhələnirəm... Yaxşısı budur həkim baxsın.
– O nə həkimidir?
– Can həkimidir. Çoxdan tanıyıram, yaxşı insandır. Adı Asyadır.
– Aksana xanım, nə əcəb İvan Saşanı özü ilə aparmayıbdır? – deyə Aysu söhbəti dəyişdi.
– İndi buralar ruslarla doludur. Saşanın onun yanınca getməsinə ehtiyac yoxdur.
Həkim bir saatdan sonra gəldi. O, gülərüz, xoşxasiyyət bir qadın idi. İçəri girən kimi “Axçi, gör nə vaxtdan bir-birimizi görmürük”-deyib Aksana ilə öpüşdü.
Aysu ilə də mehriban görüşdü. Bakıdan olduğunu bildikdə gözləri yaşardı. Asya ali tibb təhsilini Bakıda almışdı, gəncliyi orda keçmişdi. Azərbaycanca çox səlis danışırdı.
Onun sadaladığı tələbə yoldaşlarından Aysu ancaq atasının dostu, məşhur psixiatr Nadir Vedanoğlunu tanıdı.
– Ax, gözəl günlər, gözəl insanlar... Hamısı keçmişdə qaldı... İndi Bakıdakı qohumlarımızla əlaqəmiz büsbütün kəsilmişdir, Allah mərdimazarın cəzasını verəcək, – deyə o ah çəkdi, dəsmalını çıxarıb dolmuş gözlərini sildi.
– Sizin orda qohumlarınız kimlərdi ki?
Aysunun bu sualına həkim qürurla cavab verdi:
– Bütün Yeqanovlar. Belə familiya eşidibsənmi?
– Eşitmişəm.
– Mənim familiyam Məlikyeqanovadır. Bütün Yeqanovlar bir soydan, bir kökdəndirlər.
– Asyacan, sizin qohumlarınız indi də Bakıda yaşayır? – deyə Aksana söhbətə qarışdı.
– Bəli, hamısı özünə görə vəzifə sahibidir.
– Asyacan, and olsun Allaha, heç nə anlamıram. Onlar ermənidirlər?
– Yox, hamısı azərbaycanlıdır, musulmandır.
– Bəs sən?
– Mən xristianam, erməniyəm.
– Belə başa düşdüm ki, sizin Yeqanovlar bir familiyadan, bir kökdən törəmədilər, eləmi?
– Tamamilə doğrudur.
– Bəs onda niyə belə oldu? Kim kimdən ayrıldı?
– Atamın nənəsi yüz on il yaşadı, 50-ci illərin sonlarında bu dünyadan köçünü sürdü. O deyərdi ki, atası ona nəql eləyirmiş ki, ruslar Qarabağı tutanadək bizim tayfamız Alban kilsəsində ibadət eləyirmiş. Özümüzün də ayrı dili varmış. Çarın fərmanı ilə Alban kilsəsi erməni kilsəsinə qatıldıqdan sonra Yeqanovlar iki yerə bölünmüşlər. Bir qismi erməni kilsəsinə tabe olmaq istəməmiş, çarın fərmanına etiraz olaraq musulmana çönmüşdür. Bizim əslimiz Tağ kəndindəndir, yarısı musulman, yarısı xaçpərəst olan o məhşur kənddən.
– O kənd çox qədim bir türk tayfasının adını daşıyır.
Aysunun dediyi bu sözlərdən təəccüblənən həkim çiyinlərini çəkdi:
– Birinci dəfədir eşidirəm. Nə bilim, bu tərəf deyir ki, biz qədim ermənilərik. O tərəf deyir, yox, siz qafqazlısınız, qədim albanlardansınız. Vaxt gələr, ortaya bir kişi çıxar, sübut eləyər biz kimik... – dedi, sonra özü öz dediklərindən qorxmuş kimi söhbəti dəyişərək soruşdu:
– Yaxşı, xəstə kimdir? Kimə baxacam?
– Bu gənc qıza, – deyə Aksana Aysunu göstərdi.
Həkim Aysunun nəbzini tutdu, gözlərinə, dilinə, dırnaqlarına baxaraq mehribanlıqla soruşdu:
– Qızım, səni narahat eləyən nədir?
– Əvvəllər məndə olmayan hallar keçirirəm. Yuxumu qarışdırıram, sinirlərim həmişə gərili olur, hirslənəndə, xoşuma gələn şey olmayanda öyüyürəm, bədənimi qaşınma tutur. İçimdə bir yanğı var. İştaham kəsilib, amma duzlu xiyar, turş şey istəyirəm. Mənə elə gəlir ki, arıqlayıram.
– Aydındır. Qurşağa qədər tamam soyun.
– Elə burdamı? – deyə sifəti allanan Aysu aynabəndin qapısına, sonra Aksanaya baxdı.
– Bizim qız çox utancaqdır. Bəlkə keçəsiniz yataq otağına... – deyə Aksana onun dadına çatdı.
– Mənim üçün fərqi yoxdur. Musulmanlar demişkən, ağa deyir sür dərəyə, sür.
Qabağa düşən Aysu həkimi otağına apardı, qapını arxalarınca örtdü. Aysunu soyundurub müayinə eləyən həkim heyranlığını gizlədə bilmədi:
– Mən ömrümdə bədənin başdan-ayağa belə gözəl harmoniyasını görməmişdim, – deyərək fonendoskopla onun ürək döyüntülərini, ciyərinin xışıltısını dinlədi.
– Ürəyin, ciyərin sapsağlamdır. Amma çox əsəbisən, bunun da səbəbi məlumdur. İndi uzan, qarın nahiyənə baxım... Axırıncı dəfə menstruasiyan nə vaxt olub?
– Təxminən üç ay yarım qabaq.
Bu müayinəni də eləyən həkim gülümsədi:
– Qızım, sən hamiləsən. Zənnimcə, uşağın üç aylıqdır. Lap düzünü desək, on dörd həftəlikdir. Ginekoloq olmasam da belə şeylərdən başım çıxır. Rayon həkimləri universal olurlar.
Bu sözlər hansısa bir enerjiyə çevrilib Aysunun bədəninə xoş bir əhval-ruhiyyə yaydı. O, birinci dəfə yəqinliklə özünü ana hiss etdi və bundan qürur duydu.
– Uşağı saxlamaqmı istəyirsən?
Həkimin sözləri Aysunu üşütdü, körpəsini əlindən alırlarmış kimi tələsik dilləndi:
– Əlbəttə, o nə sözdü...
– Belə hallarda gərək uşağın atası ilə məsləhətləşilsin, hamiləliyin gedişinə nəzarət üçün mən də gələ bilərəm, ginekoloq da.
Aysu istədi desin ki, uşağın atası burda yoxdur. Amma barmağını dişləyib sözünü dəyişdi:
– Vallah, bu qısa vaxtda sizə qanım qaynadı, yenə özümüzünküsünüz. Lazım gələndə elə sizə zəhmət verərəm, – deyib çantasından, içərisində qadın tualeti üçün gərəkli şeylər olan qutunu çıxardıb ona uzatdı: – Kasıbın olanından...
Şaşıran həkim sevincək oldu:
– Oy, neyniyirsən, ilin-günün bu vaxtında belə gözəl hədiyyə!.. Çox sağ ol, qızım.
– Yox, mən sizə sağ ol deməliyəm.
Kövrələn həkimin gözləri yaşardı:
– Ötən günlərimin iyisini səndən aldım. Nə vaxt istəsən, hüzurundayam, əlimdən gələni eləməyə hazıram. Baxtın gətirib ki, elə bura düşübsən. Dözmək, səbir eləmək lazımdır, başqa əlac yoxdur.
– Asya xanım, sizdən bir xahişim var.
– Buyur, qızım.
– Mənim hamiləliyim haqqında məlumatı ancaq özümə deyin. Və istəyirəm sizlə elə otaqda xudafizləşim. Nədənsə halım dəyişdi...
– Belə şeylər olacaq. Bir az uzan, keçib gedər. Xudafiz, görüşənə qədər.
Aynabənddə divana yayxanaraq həkimi səbirsizliklə gözləyən Aksana tələsik soruşdu:
– Hə, bizim qızın diaqnozu nə oldu? Ciddi bir şey varmı?
– Bir yox, iki ciddi şey var. Əvvələn, qızın əsəbləri çox pozulub. Lazım olan dərmanları göndərəcəyəm. İkincisi, qız hamilədir. Hər şeyi özünə demişəm. Ona çox əsəbiləşmək olmaz. İndi halı yenə xarablaşdı... Hə, Aksanacan, evi sata bilmədin? – deyə Asya söhbəti dəyişdi.
– Yox, qonşularım almırlar. Mənə yüzcə dollar verirlər. Deyirəm, bu heç divan-kreslonun qiyməti deyil. Gülüb məni dolayırlar ki, götür apar, bizə gərək deyil.
– Onlar İrandan gəlmə ermənilərdir, alveri yaxşı bacarırlar. Digər tərəfdən, heç kimin sabaha ümidi yoxdur. Çıxıb getməyə qoysalar, burda bir nəfər də qalmaz... Xahiş eləyirəm, söhbətimiz elə burdaca qalsın.
– Axçi, məni tanımırsan? Birinci dəfədir səninlə oturub dururuq? Nə qədər gizli kef məclislərində olmuşuq?
Hər ikisi ürəkdən güldü. Aksana onu darvazaya qədər ötürüb geri döndü. Aysu otağından çıxmamışdı. Onunla laqqırtı vurmaq istəsə də narahat eləmədi. “Biçarə qız, dərdi az idi, biri də əlavə olundu.Bura düşəndə nazlı çiçək kimi idi, indisə...” – deyə ona acıdı. Özünə bir stəkan çay süzüb yenidən divana yayxandı, Aysunun özünün otaqdan çıxmasını gözləməyə başladı, istər-istəməz onunla İvanın əlaqəsini çözələdi: “Yəni uşaq İvandandır? Onun belə qabiliyyəti var? Bir ildir ora-burasına keçirəm, heç tükü də tərpənmir... Görünür, bəxtim belədir, mənə gələndə bulaqlar quruyur. Neyləmək olar, hər kəsin öz taleyi var...”
Dostları ilə paylaş: |