Nəhayət, sonuncu məsələ Aysunun saxlandığı yeri dəqiqləşdirmək idi. Doğrudur, Toğrul hələ ermənilərin son hücumlarından əvvəl, qarşıdakı dörd rayonun işğalından öncə Aysunu aparmış rus zabitinin Balyatlı Həmdalının Hadrutdakı evində yaşadığını öyrənmişdi, evin çertyojunu çəkmişdi. Amma o vaxtdan dörd ay keçmişdi. Görəsən, Aysu hələ də oradamı saxlanılırdı?! Bunu da dəqiqləşdirdikdən sonra Toğrulun əməliyyat planı tam hazır olurdu və komandanlıq qarşısında açıqlaya bilərdi. Ümumi və xüsusi kəşfiyyat tapşırığını da alıb, əməliyyatı həyata keçirmək olardı.
Toğrul ayağa qalxıb otaqdan çıxmaq istəyirdi ki, telefon zəng çaldı. Qayınatası idi. Şərtləşdikləri kimi onun verdiyi qısa məlumat Toğrulu silkələdi: Aysudan xəbər var!!!
Toğrul üst-başını tələsik sahmana salıb generalın qəbul otağına cumdu. Onu həyəcanlı görən Dəmirov şaşırdı:
– Kapitan, nə baş vermişdir?
– Yoldaş general, indicə evdən zəng vurdular ki, nişanlımdan xəbər gəlib. Demək sağ-salamatdır!..
– Allaha şükür, – deyə ürəkdən sevinən general ayağa qalxıb onun əlini sıxdı, təfsilatlı məlumat almaq istədikdə Toğrul dedi:
– Təəssüf edirəm, mən özüm hələ heç nə bilmirəm. Qayınatam, şərtləşdiyimiz kimi, telefonla ancaq ondan xəbər gəldiyini deyibdir. İcazənizlə, indi şəhərə getmək istəyirəm. Həm də bir neçə dosye ilə bağlı bir-iki yerə baş vurmalıyam.
– Buyuracaqsan. O hansı dosyelərdir?
– Siz adlarını verdiklərinizdir. Məni ən çox şübhələndirən özünü ləzgi kimi qələmə verən mayordur. Mənə elə gəlir ki, o, ləzgi deyildir. Dilimizi pis bildiyi, pozuq danışdığı üçün belə deyir. Lazım bilsələr, onun doğulduğu rayona da gedəcəm.
– Allah amanında. Day özün gedirsənsə, bunları da apar, – deyə general ona ağzıbağlı iki zərf uzatdı. – Birini bizim nazirliyə, digərini sizin nazirlikdə general Abasquliyevə verərsən. Onsuz da gec-tez biləcəksən, son kəşfiyyat əməliyyatına görə səni mükafata təqdim eləmişəm.
Sevincindən Toğrulun gözləri yaşardı:
– Sizə minnətdaram, yoldaş general. Mənim çətin vaxtlarımda göstərdiyiniz böyük qayğını ömrüm boyu unutmaram.
– Yaxşı, yaxşı. Belə sözlər artıqdır. Qaranlığa qalma. Ehtiyatla get, sürəti çox artırma!..
– Oldu, yoldaş general! – deyə Toğrul ayaqlarını cütləyib hərbi təzim elədi, geriyə dönüb otaqdan çıxdı. On dəqiqədən sonra o artıq Bakı yolunda idi.
Məktub yetişdi
Beş aya yaxın idi Elbəyigildə belə sevinc yaşanmamışdı.
Sifarişlə göndərilmiş məktubu alan Qönçə xanım zərfin üstündə tanış olmayan xətti görüb bir şey anlamadı. Məktub Elbəyiyə ünvanlandığı üçün açmağa cürət eləmədi. Elbəyi öz adına gələn məktublara, yazdığı məqalələrə icazəsiz baxmağı xoşlamırdı. Odur ki, oturub nahara gələcək ərini gözlədi.
Səhər növbəsində dərsini qurtarmış Elbəyi evə girən kimi arvadı başının üstünü kəsdirdi:
– Sənə Moskvadan sifarişlə məktub gəlibdir.
– Necə? Məktub gəlib? Hanı? Kimdən? Nə yazıblar? – deyə Elbəyi həyəcanla sualları bir-birinin ardınca düzdü.
– Hardan bilim nə yazıblar? Birdən-ikiyə sənin məktubunu açmışam? Kabinetinə qoymuşam. Tez aç görüm, ürəyim çırpınır. Bəlkə...
Elbəyi onun sözünün ardına qulaq asmayıb paltosunu soyunmadan iş otağına keçdi. Zərfi götürüb üstünə baxdı. Məktub Moskvadan Şafiqulina familiyalı şəxs tərəfindən göndərilmişdi, geriyə ünvansa “Baş poçtamt, tələb olunanadək” göstərilmişdi. Elbəyinin tatar tanışları arasında bu familiyada adam yox idi. “Bəlkə Toğrulun dediyi adamlardandır?” – deyə çiyinlərini çəkən Elbəyi tələsik zərfi açdı. Məktubu açan kimi qızının xəttini gördükdə, sevincindən kəkələdi, otağın qapısından boylanaraq ona göz qoyan Qönçəyə güclə:
– Su gətir! – deyə bildi.
Qorxusundan mətbəxə yüyürən Qönçə xanım valerian damızdırılmış su ilə özünü ərinə yetirdi. Elbəyi suyu başına çəkdi, bir neçə dəfə dərindən nəfəs alıb özünə gəldi. Arvadı mətbəxə gedib gələnədək gözü ilə su kimi içdiyi məktubu bir də oxudu.
– İlahi, sənə çox şükür!.. Qızım sağ-salamatdır!.. – deyərək telefona sarı cumdu, Toğrula zəng vurmağa başladı.
Məsələdən hali olan Qönçə xanımın dizləri əsdi, məktubu götürüb kresloya çökdü.
Elbəyi bir-iki cəhddən sonra kürəkəninə zəng eləyə bildi. Geriyə dönüb kresloya çökmüş arvadını sevincdən hıçqıran gördükdə ona yaxınlaşdı, başını qucaqlayıb sakitləşdirdi:
– Bəsdir, dur ayağa, əl-üzünə su vur. Üç-dörd saata Toğrul burdadır. Yaxşı bir plov bişir. Siyahını ver, gedim bazarlıq eləyim.
Toğrul adətinə xilaf çıxaraq birinci evlərinə yox, qayınatasıgilə gəldi. Elbəyi onun belə edəcəyini bildiyi üçün Toğrulun anası Bənövşə xanımı da məsələdən hali eləyib evlərinə çağırtdırmışdı.
Hamıyla tələsik görüşüb öpüşən Toğrul heç soruşmamış Elbəyi az qala yüz dəfə oxuduqları məktubu tutya kimi ehtiyatla ona uzatdı. Divanda oturan Toğrul Aysunun yazdıqlarını ilk öncə birnəfəsə oxudu, sonra ikinci, üçüncü dəfə hərf-hərf, düşünə-düşünə oxumağa başladı...Handan-hana başını qaldırdı.
– Professor, siz bu məktubda qəribəlik hiss etmədiniz ki?
– Yox. Aysu öz əli ilə yazıb. Mən onun xəttini min yazının içindən seçərəm.
– Onu demirəm. Məktubu Aysu özü yazıb. O, burada bizə müəyyən informasiya ötürüb. Diqqətlə qulaq asın, izah eləyə-eləyə ucadan oxuyuram. “Əziz anam, atam Toğrul!” Sual olunur: Nəyə görə “atam” sözündən sonra vergül qoymayıb? Tələsibmi? Yadından çıxıbmı? Yoxsa, durğu işarələrini qoymağımı bilmir? Yox!.. Məktubu yazan Aysudur, başı da yaxşı işləyir. Fikirləşirəm ki, ona öz tərcümeyi – halını yazdırıblar, ya da sorğu-sual aparıblar və onda mənim haqqımda heç nə deməyibdir. Məktubu rusca yazmağından bilinir ki, ruslarla işləyir və onun yazdıqlarını kontrol eləyiblər. Keçirəm sonrakı cümləyə.
– Ay oğul, yol gəlibsən, çay içə-içə danış, – deyə anası qayınanasının süzdüyü çayı onun qabağına itələdi.
– Yaxşı, ana, – deyib çaydan bir qurtum içən Toğrul aram-aram ikinci cümləni oxumağa başladı.
– “Mən sağ və salamatam, siz düşündüyünüz qədər vəziyyətim pis deyil, yaşayıram...”
Sonra sol əlini alnına söykədi, sağla stəkanı götürüb çayını axıradək içdi, ani fasilədən sonra qızğınlıqla dedi:
– Baxın, son iki sözün arasında üç-dörd hərflik məsafə buraxılıb. Sual olunur niyə? Axı, Aysu səliqəlidir, digər sözlərin arasında məsafə-zad buraxılmayıb. Deməli, orda nəsə yazmaq istəyib. Bu boş yeri doldurmaq üçün iki sual vermək mümkündür: Necə və harda? Necə yaşadığını o özü deyibdir: “vəziyyətim pis deyil.” Deməli, o, harda yaşamağını göstərmək istəyib, amma qorxub, ya da qoymayıblar yazmağa, yerini boş saxlayıbdır. Bu kiçik yerə, gəlin görək, hansı söz yerləşə bilər.
-Əsir və girovları ya ümumi binalarda, ya həbsxanada, ya da evlərdə saxlayırlar, – deyə professor dilləndi.
– Tamamilə doğrudur, Elbəyi müəllim, o sözü tapdınız. Gəlin, Aysunun xətti ilə o boş yerə “evdə” sözünü yazaq. Beləliklə, Aysu demək istəyir ki, evdə yaşayır. Növbəti cümləni oxuyuram.
– “Hər gün üzüaşağı bağlara, arxadakı dağlara baxıb sizi düşünür, qovuşacağımız günü intizarla gözləyirəm.”
– İcazənlə, bu cümləni mən izah eləyim, – deyə Elbəyi özünü saxlaya bilmədi.
– Buyurun, professor.
– Aysu demək istəyir ki, Hadrutdadır, yaşadığı ev də dikdirdədir, oradan üzüaşağı baxanda Qozludərə görünür. Arxada isə dağlardır.
– Düz deyirsiniz, professor. Balyatdı Həmdalının evi qəsəbənin qırağında, təpənin üstündədir. Keçmiş raykom binasından yuxarı təpəliyə qalxdıqda Qozludərənin əsrarəngiz mənzərəsi açılır. Əhsən, Aysu!.. Üç cümlədə hər şeyi deyə bilibdir, – deyə Toğrul sevincindən əlini-əlinə sürtdü, sonuncu cümləni oxudu:
– “Qovuşacağımız günü intizarla gözləyirəm.”
– Bax, mən bunu başa düşə bilmədim, – deyə Elbəyi dilləndi.
– Mən də sizin kimi... Bilmirəm, bu çağırışdır, yoxsa onu buraxmağa söz veriblər... – deyən Toğrul sustaldı.
– Ay oğul, elə deyirsən hamısını birnəfəsə açasan? Gəl yemək yeyək, sonra toxqarına düşünərik, – deyə professor onun qolundan tutub yemək stoluna sarı apardı.
– Professor, mədə boş olanda baş daha yaxşı işləyir, beynə yaxşı fikirlər gəlir; amma azlıq çoxluğa tabedir , – deyə o, boşqabı qabağına çəkdi.
Toğrul neçə müddətdi belə iştahla yeməmişdi. Yeməyin ləzzətli olması öz yerində, anasının, qayınata və qayınanasının üzünün gülməsi yediklərini canına sığdırırdı. Bu bir əlcə məktub neçə müddətdi gecəsi-gündüzü olmayan, dərd əlindən günbəgün üzülən dörd nəfərin üstünə sanki dirilik suyu səpmişdi. İki ana bir-birini qucaqlayır, gah ağlayır, gah gülürdülər... Hamısının ürəyində daşıdığı dərd yükü xeylaq yüngülləşdi...
Toğrul göz-göz eləyib Elbəyi müəllimə dedi:
– Professor, bu qərara gəldim ki, Aysu axırıncı sözləriylə mənə yol göstərir, məni çağırır. Anamgil bilməsin, Aysunun dalınca getmək üçün artıq bütün işlər hazırdır.
Toğrulu doğma balası qədər istəyən Elbəyi həyəcanlandı:
– Oğul, oraya gedib çıxmaq çox risklidir. Belə işlər üçün xüsusi hazırlanmış komandoslar gərəkdir. Bəlkə bir az dözüb gözləyəsən? Ortaya daha münasib variantlar çıxacaq?
– Yox, ata!.. Hərbi vəziyyətlə bağlı əl-qolumuz bağlanmışdı. Allaha şükür, düşmənin hücumunu dayandıra bildik. Dediyin o xüsusi dəstəmiz hazırdır.Daha dözə bilmirəm, mənən əzab çəkirəm... Aysu girov götürülsün, mənsə sakitcə burda plov yeyib gözləyim, görək nə vaxt Allahdan buyruq, ağzıma quyruq olacaq... Allah – taala deyib: səndən hərəkət, məndən bərəkət... Aysunun xilası üçün mümkün olmayanı da eləməliyəm. Ölüm-qalımın mənimçün çox fərqi yoxdur. Bu töhməti üstümdən götürməliyəm... Yoxsa onun üzünə baxa bilmərəm... Onun uğrunda həyatımı verərəmsə, bu, kişi ölümü olar...
Elbəyi bu sözlərdən qürurlansa da Toğrulun hissə qapılıb özünü gərəksiz ölümün ağuşuna atmaq fikrinə kəskin etiraz elədi. Qayınatasının narahatçılığını görən Toğrul gülümsəyərək, onu sakitləşdirmək üçün arxayın-arxayın dedi:
– Professor, biz ölməyə getmirik. Bütün əməliyyatı ən kiçik detallarınacan işləmişik. Bizdə elə oğlanlar var ki, komandosları, legionerləri, dəniz piyadalarını çaya susuz aparıb susuz da gətirərlər. Təki onların inamını qazanıb qabaqlarına düşəsən... Bizə həm də düşmənin arxasında kəşfiyyat aparmaq gərəkdir. Mənim dediklərim hərbi sirdir. Bu sirrin heç yerə çıxmayacağına qəti əmin olduğumçün sizə dedim. – Sonra o bir az duruxub əlavə etdi: – Siz narahat olmayın, havayı yerə həyatımla risk etmərəm. Tək mən yox, hamımız başa düşürük, canımızı gələcək döyüşlər üçün qoruyub saxlamalıyıq. Yoxsa düşmən tapdağından kim azad edəcək bu torpaqları?!.. Ona görə də bu can təkcə mənim deyil... Həyatım tək özümə məxsus deyil ha, istədiyim kimi xərcləyim... Mən sizinəm!.. Bu torpağınam!.. Bilirəm, ayağıma daş dəyəndə siz də anamla bərabər bunu ürəyinizə dəyən zərbə sanırsınız... Divin canı şüşədə olan kimi mənim də canım Aysudadır... Mən onsuz yaşamımı ağlıma sığışdıra bilmirəm.
Daha Elbəyinin etirazına əl yeri qalmadı. O, kürəkəninin boynunu qucaqladı, sonra başını aşağı əyib yaşarmış gözlərini sildi:
– Allah işini avand eləsin, oğul. Kimsəyə pisliyimiz dəyməyibdir...
* * *
Ertəsi gün səhər saat 11-də Toğrul general Abasquliyevin kabinetindəydi. Onun rəsmi təzimini yarıda kəsən general əlini sıxıb oturmağa yer göstərdi. Toğrul Aysudan məktub alması, onun sətiraltı işarələri haqqında generala məlumat verdi.
– Əhsən, çox dərrakəli qızdır. Allah qoysa, xilas eləyəndən sonra bizə çox şey danışacaq, – deyə general heyranlığını gizlətmədi, sonra nüfuzedici baxışlarını düz Toğrulun gözünə zilləyərək sözünə davam elədi: – Sənin orduya ezamının effekti gözlədiyimdən çox oldu. “Araz” əməliyyatın, o taydakılarla əlaqə qurmağın əladır. Bizi İran sərhədçilərinin ermənilərlə əlaqələri çox maraqlandırır. Amma ehtiyatlı olmaq gərəkdir. İranın kəşfiyyat orqanları ilə zarafat eləmək olmaz. Göndərdiyin hesabatları oxuyuram, yaxşı dəstə düzəldibsən. Tapşırmışam, sənə yaxşı karateçi idmançılar göndərəcəklər. Hə, indi keçək əsas məsələyə, əməliyyat haqqında mənə məlumat ver.
Toğrul gətirdiyi xüsusi xəritəni stolun üstünə sərdi, keçib gedəcəkləri marşrutu, yaşayış məntəqələrini göstərdi.
– Çayı hardan keçirsiniz?– deyə general soruşdu.
– Bir az geriyə, Daşburun tərəfə qayıdırıq. Çünki ermənilərlə aramızdakı təmas xətti zonasını İran sərhədçiləri müşahidəyə götürüblər. Biz çayı keçdikdən sonra, danışdığımız kimi, İran Culfasına yük aparan maşın bizi götürür, Arazboyu istədiyimiz yerdə düşürür. Çayı təzədən öz tərəfimizdə Mərcanlı və Maraylan kəndləri arasından keçəcəyik. Dəstəmizdə o yerlərin hər daşını tanıyan bir nəfər vardır.
– Ordan Hadruta neçə kilometrdir?
– Maksimum iyirmi beş. Baxınız, bu çölləmə yolla Quycaq və Balyat kəndlərinin kövşənlərindən keçib gedəcəyik.
– Dəstədə neçə nəfər olacaq?
– Doqquz. Hamısı etibarlı, cəsarətli, qeyrətli oğlanlardır. Əksəriyyəti o yerlərdəndir. Gedəndə birini Mərcanlıda, ikisini Balyatda qoymağı planlaşdırıram, onlar həm müşahidə aparacaq, həm də biz geri dönərkən təhlükəsizliyi təmin eləyəcəklər. Üçü də o kəndlərdəndir. Hadruta altı nəfərlə gedəcəyəm. İki nəfər qəsəbəni, onun küçələrini, giriş-çıxış yollarını beş barmağı kimi tanıyır. Kəşfiyyatçıların hamısı sağlam bədənlidir, əlbəyaxa döyüş üsullarını yaxşı öyrənmişlər. Ən mühümü, ürəklərində düşmənə qarşı qəzəb, yurda böyük sevgi vardır, əməliyyatın uğuruna inanırlar.
– Ehtiyatlı, səbirli və soyuqqanlı olmaq uğurun əsas şərtlərindəndir... Texniki və digər təchizatlarınız necədir?
– Gecəgörmə, rabitə, uzaqdan şəkilçəkmə aparatlarının, ərzaq, silah, çayı keçmək üçün gərəkəcək ləvazimatların hamısı varımızdır.
– Bəs mina ehtimalı olan yerləri nəzərə alıbsınızmı?
– Bəli, yoldaş general. Dəstəmizdə minaaxtaranlarla işləmiş bir əsgərimiz var.
– Çox yaxşı. Xüsusi tapşırıqlarını alıb əməliyyata başlaya bilərsən. Çatışmazlıq olsa birbaşa mənə müraciət elə. Hə, az qala unutmuşdum... Bu müharibəni istəməyən, yaxud ona loyal münasibət bəsləyən ermənilər haqqında məlumat bankı yaratmaq təşəbbüsün də təqdirəlayiqdir. Onlar hər iki xalqa gərək olacaq. Bu sahədə də işini davam elə.
– Yoldaş general, bu zabitlərin dosyelərini hərtərəfli yoxlamaq gərəkdir. Onların hərəkətləri bizdə şübhə doğurur, lazım gəlsə mən özüm də bu işə qoşula bilərəm,– deyə Toğrul çantasından çıxardığı siyahını və məlumatları Abasquliyevə uzatdı.
Siyahını oxuyan general başını qaldırıb gülümsədi:
– Əhsən, yaxşı işləyirsiniz... – deyib, onun verdiyi sənədləri diqqətlə nəzərdən keçirdi, bir az fikirləşib dilləndi: – Sənin bu yoxlama əməliyyatına qoşulmağına ehtiyac yoxdur. Onsuz da işin çoxdur, bu da olacaq əlavə yük. Hamısını yoxlayıb, ayrılıqda sənə məlumat verərlər. İndi sənə yaxşı yol arzulayaq. Əməliyyatın tarixini təyin edibsinizmi?
– Xeyr, hələ eləməmişik. Bircə problemimiz qalıb: sərhəddən o taya keçmək, Mərcanlıyadək olan məsafəni qət etmək... Biz hazır vəziyyətdə gözləyəcəyik. O taydan işarə alan kimi çayı keçəcəyik. Çünki onların yük maşını həftənin müəyyən günləri səfərə çıxır...
– Başqa sözün yoxdur ki?
– Az qala unutmuşdum, general Dəmirov sizə məktub göndərib, – deyə Toğrul ayağa durdu, ağzıbağlı zərfi ona verdi.
Zərfi açıb məktubu oxuyan generalın çöhrəsi işıqlandı, ayağa qalxıb, getməyə hazırlaşan Toğrulun əlini sıxdı:
– Təbrik edirəm! Əməliyyatdan sonra səni növbəti rütbə gözləyir.
Generalın yanından məmnun çıxan Toğrul: “Nə yaxşı belə insanlar varmış... Yoxsa adam bu dünyada dəli olar!..”– deyə fikirləşərək dərindən nəfəs aldı. Müəyyən idarələrdə xırda-para işlərini qurtardıqdan sonra nazirlikdən çıxıb maşınına oturdu. “Deməli, hər şeyi elədim, təkcə qaldı Xocalı qızını tapıb görüşmək... Görək, onu azad etmiş erməni kimdir” deyə fikirləşən Toğrul qazı basdı, ünvanı götürdüyü Xocalı köçkünlərinin sığındığı Qızılqum istirahət evinə yollandı...
Xocalı soyqırımından il yarımdan çox keçməsinə baxmayaraq, ata-anasını itirmiş, qohumlarının himayəsində yaşayan on beş yaşlı Gülyanaq hələ də özünə gəlməmişdi. Toğrulun xahişi ilə necə qurtulmasını xatırlayan qızcığaz o günləri bir də yaşamışdı...
Həmin o dəhşətli gecə Gülyanaqgil də evdən çıxıb qaçarkən anasını qəfil güllə yerə sərir. Atası ilə qardaşı səngərlərdə olan qız anasını qoyub, camaatın arxasınca gedə bilmir. Onları yaxalayan erməni əsgərləri yaralı qadının bədəninə bir-iki güllə də vurub, qızı qışqırda-qışqırda aparırlar. Ertəsi gün girov və əsirləri saf-çürük eləmək üçün bir yerə yığırlar. Bu zaman Gülyanaq qıraqda dayanıb ona diqqətlə baxan atasının keçmiş dostu Xaçik kirvəni görür. Onun əlisilahlı olması qızı vahimələndirir, özünü əsirlərin içinə verib gizlənmək istəyir. Lakin Xaçikin gözündən yayına bilmir, o, mühafizəçilərə yaxınlaşıb Gülyanağı göstərir, qulağı eşidə-eşidə ermənicə deyir:
– Ara, bu köpək qızının atası mənə çox pislik eləyib. Onu verin mənə, hayıfımı alım, ürəyim soyusun.
Qızcığazı təzədən bağırda-bağırda zorla həmyerlilərindən ayırırlar. Onun qolundan tutan Xaçik kişi qızın göz yaşlarına baxmayaraq “köpək qızı” deyə-deyə dartıb aparır. Evinə gətirdikdən sonra qızın başını sığallayır, ürək-dirək verərək söyləyir:
– Qızım, mən də Qarabağlıyam, sənin atanla möhkəm dost olmuşam, çörək kəsmişəm. Atan mənə çox yaxşılıqlar eləyib. İndi səni qurtarmaq istəyirəm. Bir az burda qalarsan, ara sakitləşən kimi ötürərəm gedərsən Ağdama, özünüzünkülərin yanına.
Daha sonra o, Gülyanağın əl-üzünü yudurtdurur, qabağına çay-çörək qoyur, ata-anasını, qardaşını soruşur. Gülyanaq anasının öldürüldüyünü, atası ilə qardaşının talelərindən xəbəri olmadığını söyləyir. Əslində onların da Xaçik kimi əlində silah, intəhası cəbhənin bu tərəfində şəhərin müdafiəçiləri sırasında olduğunu gizlədir. Ertəsi gün səhər Xaçik evdən çıxanda Gülyanağa bir Kalaşnikov avtomatı verir, necə atmağı öyrədərək deyir:
– Mən indi getməliyəm, axşamacan gəlməyəcəm. Çöldən darvazanı bağlayacam. Buna baxmayaraq sən də evin qapısını içəridən bağla. İşdir, birdən kimsə sənə tamah salıb evə gəlsə, qorxma, tut gülləyə. Vurma ha, qorxuz...
Ara sakitləşəndən sonra bir gecə Xaçik isti geyindirdiyi Gülyanağı götürür, çölləmə dərə-təpə ilə aparır, sonra işıq gələn yeri göstərib deyir:
– Qızım, bax, ora Ağdamdır. Burdan o yana gedə bilmərəm. Qorxma tərpən, sən özününkülərə çatana qədər gözləyəcəm. Beş yüz addımlıqda sizinkilərdir, ya Qatır Məmmədin, ya da Allahverdinin dəstəsinin postu olmalıdır. Məndən aralanıb bir az getdikdən sonra qışqırıb onları köməyə çağırarsan. Yoxsa çaşıb səni vurarlar. Atan gəlsə salam söylə, deginən Xaçik də babaları kimi dostluğa sadiq qalıbdır. Allah mərdimazara lənət eləsin. Bu haylar evimizi yıxdılar...
Gülyanağı gözləyirlərmiş kimi Ağdamın yerli müdafiəçiləri səhərin alatoranında qızcığazın harayını eşidən təki köməyə gəliblər.
Həmin günlər Ağdam xocalıların dirilərinin pənah yeri, ölülərinin son mənzili idi. Yerli müdafiə dəstələrinin üzvləri meşələrə, dərə-təpələrə səpələnərək altı yüzdən çox meyit yığıb basdıra bilmişdilər. Onların çoxu qadın, uşaq, qoca idiE Yüzlərlə xocalınınsa öldü-qaldısından indiyədək xəbər yoxdur. Təzə yaranmış Azərbaycan dövlətinin o vaxtkı əfəl rəhbərliyi bu soyqırımından çox-çox qabaq mühasirəyə alınmış, yaxşı silahlanmamış yerli müdafiəçilərin ümidinə qalmış Xocalının harayını eşidib kömək etməyi bacarmadı. Bu bir yana, qırğından üç gün sonra dövlətin rəsmi orqanı orada vur-tut bir neçə nəfərin ölüb yaralanması haqqında məlumat yaydı. Toğrulun hörmət etdiyi, tanımaza-bilməzə hərdən məlumat ötürdüyü “AssA-İradə” müstəqil xəbər agentliyi isə erməni-rus hərbçilərinin bu etnik təmizləmə vəhşiliyi haqqında elə səhərisi gün dünya mətbuatına xəbərlər yaymağa başlamışdı. Agentlik dünyanın müxtəlif ölkələrindən yüzdən çox jurnalisti qəbul eləyərək, öz tərcüməçi və müxbirləri ilə Ağdama aparmışdı. O zaman Ağdama getmiş Toğrul başı bədənindən ayrılmış, əl-qolu kəsilmiş, kəllə dərisi soyulub götürülmüş cəsədlərə baxan qarabuğdayı, ölkəsini bilmədiyi əcnəbi jurnalistin qəzəbdən əlindəki fotoaparatı yerə çırparaq hönkürməsini həmişə xatırlayırdı. Kamerası ilə həmişə ön cəbhədə, səngərlərdə dolaşan Çingiz Mustafayevin bu qırğından çəkdiyi lenti agentlik abunəçilərinə ötürmüşdü. Əgər o rəhmətliyin öz həyatı bahasına çəkdiyi kadrlar olmasaydı, ermənilərin bu vəhşiliyinə, etnik təmizləmə siyasətinə dünyanı çətin inandırmaq olardı. Toğrul Çingizin ağlaya-ağlaya lentə aldığı o kadrlara hər baxanda ürəyi soğan kimi soyulur, göz yaşlarını saxlaya bilmirdi.
Gülyanağın gözlərindəki qorxu qarışıq dərin kədəri, al yanaqlarının rəngdən-rəngə düşməsini sezən Toğrul söhbətdən sonra onu yola salan qızın qohumuna dedi:
– Onun həkim-psixoloqa, bəlkə də psixiatra ehtiyacı var. Sənə məşhur psixiatr professor Nadir Vedan oğlunan telefonunu verərəm, mənim adımdan yanına gedərsən. Nə lazımsa eləyəcək.
Telefon nömrəsini alan kişi əlini yelləyərək ümidsizcəsinə cavab verdi:
– Eh, ay müəllim, bəyəm o təkdir? Balasını itirmiş nə qədər ananın, valideynlərini itirmiş nə qədər uşağın, elə bizim hamımızın həkimə ehtiyacımız var.
Toğrul bu görüşün təsirindən xeyli ayrıla bilmədi. Xaçik Dəmirçiyanın mərdliyi qəlbini riqqətə gətirmiş, onda xoş, xeyirxah duyğular oyatmışdı.
“Qarabağ ermənilərinin içində sağlam düşünənlər də var. Onlar azlıqda olduqları üçün susurlar, dinənləri isə susdururlar. Zaman gələr biz də öz sözümüzü deyərik, nəyə qadir olduğumuzu göstərərik. Amma o zamana qədər duruş gətirmək, o günlərə gedib çıxmaq gərəkdir. İnşallah, gedəcəyik.” – deyə o geri qayıdarkən düşünürdü.
Toğrulun nikbinliyinin əsas səbəbi artıq dövlət orqanlarının işləməsi, ölkədə baş verən hadisələrə nəzarət edə bilməsi idi. Dövlətçilik əleyhinə olan sacayağının bir qılçı sındırılmışdı... Azərbaycanı parçalamaq istəyən üçlükdən biri zərərsizləşdirilmişdi. İkicə ilin içində polkovnik ulduzlarını çiyninə taxmış Əlikram Hümbətov “nokauta” salınmış, bircə günün içində taxtdan düşürülmüşdü. Onun tabeliyindəki naxələflərlə Astaradan Salyana qədər ərazini nəzarət altına alması, “Talış-Muğan Respublikası” yaradaraq özünü prezident elan etməsi çoxları kimi Toğrulu da bərk qıcıqlandırıb rahatsız edirdi. Nəhayət, lənkəranlıların hücum çəkib satqınları tərksilah etməsi cənub bölgəsi əhalisini Toğrulun gözündə xeyli qaldırmışdı. Kütlələrin bu hücumunda öndə gedənlərdən üçü naxələflərin atdığı güllələrdən həlak olmuşdu... Vətənin birliyi uğrunda canlarını əsirgəməmişlərdən birini – müsavatçı olanı Toğrul tanıyırdı... O cəbhədə yox, arxada, erməni gülləsinin yox, satqın gülləsinin qurbanı olmuşdu...
“Vətən xainləri erməni faşistlərindən betərdir...” – deyə Toğrul qəzəblə pıçıldadı.
Duman, salamat qal...
Hərbi hissəyə qayıtmış Toğrul son hazırlıq işlərini görüb qurtardı. Arazı keçmək üçün indi o taydan dəqiq gün və saat haqqında xəbər gözləyirdi. Əməliyyatın müddətini o taylı qardaşlara xəbər verəndə Toğrul göstərmişdi ki, bu iş iki gün, üç gecə çəkəcəkdir. Birinci və üçüncü gecə danışılan yerdə maşın hazır olmalı idi.
Çərşənbə günü vasitəçi xoş xəbər gətirdi: cümə axşamı gecə saat on iki tamamda deyilən yerdə maşın hazır olacaqdı. Culfaya yük aparan sürücü cümə günü istirahət edəcək, şənbə günü isə yükünü vurub gecə saat on ikidə onları qoyduğu yerdən götürəcəkdir.
General Dəmirovun qəbulunda Toğrul rəsmi qaydada ona səfər haqqında raport verdi. Əməliyyatın bəzi məqamları aydınlaşdırıldı. General ermənilərin son hücumda tutduqları Quşçular yüksəkliyi ilə maraqlandı:
– Quşçulardan baxanda Horadiz dəmiryol qovşağınadək hər yer əl içi kimi görünür. Bilmək istəyirəm, düşmən o yüksəklikdən indi necə istifadə edir? Orada bir şey quraşdırıblarmı?
– Sizi başa düşdüm, yoldaş general.
– Əməliyyata nə üçün getdiyinizi, əsas məqsədin nə olduğunu sən, mən, bir də Bakıda general Abasquliyev bilir. Kəşfiyyatçılara gəldikdə, məqamı çatmamış açıqlamağa ehtiyac yoxdur.
– Oldu, yoldaş general! Uşaqlar çox sirrsaxlayan, dərrakəli, fərasətli, dözümlü döyüşçülərdir.
– Yaxşı yol. Bazar günü tezdən sizi gözləyirik,– deyən general Toğrulun bərk həyəcan keçirdiyini sezib gülümsədi. – Günorta isə sizi qara qoç ətindən kababa qonaq edəcəm, gəlinimizə özüm kabab çəkəcəm.
Generalın yanından inamla çıxan Toğrul otağında bir az uzanıb köməkçisini gözlədi. Yol çantasını çoxdan qablaşdırmışdı. Ürəyində və beynində hər şeyi yerbəyer eləmişdi.
Toğrul Əfqanıstanda olarkən hərbi kəşfiyyatçılar üçün məşğələlərdə xüsusi dərs keçmişdi.Tərcüməçi kimi dəfələrlə onu kəşfiyyata götürmüşdülər. Hətta bir dəfə az qala ilişmişdi də...
...Kəşfiyyat dəstəsinin komandiri onu yaxınlıqdakı qəsəbəyə göndərmişdi. Toğrul qəsəbənin mərkəzində ərzaq dükanında xırda alış-veriş eləməli, çayxanada yüngülcə yeyib içmək əsnasında ətrafı müşahidə etməli, adamların söhbətinə qulaq asmalı idi. Sonrasa Kabula gedən böyük yola çıxıb avtobus gözləməliydi. Burada girəvələyib, ayaqyolu bəhanəsiylə yoldan kənara çıxmalı, dalda yerdə çöməlib beş-on dəqiqə gözləməli, kimsənin onu izləmədiyini yəqin etdikdən sonra özünü təpəliyə verib, onu gözləyən dəstəyə qovuşmalı idi.