2)İntibah naturfəlsəfəsi.
Nikolay Kuzalı. Filosof, teoloq, alim, kilsə-siyasi xadimi, Papa II Piyin yaxın məsləhətçisi və kardinal olmuş Nikolay Kuzalı (1401-1464) Cənubu Almaniyanın Kuza şəhərində, balıqçı ailəsində dünyaya gəlib. Avropanın müxtəlif universitetlərində təhsil almış, din xadimi kimi fəaliyyət göstərmiş, 1448-ci ildə kardinal seçilmişdir.
N.Kuzalının elmi-fəlsəfi əsərlərində varlıq və idrakın yeni təfsirini vermişdir. Bu təfsirə görə, Allah və Onun yaratdıqları arasında fərq yoxdur, yəni dünya vahiddir, Allah və ətraf dünya, Kainat eynidir. “Vahid” (Allah) və “sonsuz” (Onun yaratdıqları) öz aralarında minimum və maksimum -əksliklər kimi münasibətdədir. Allah və Onun yaratdıqları üst-üstə düşdüyü üçün minimum və maksimum də üst-üstə düşür. Buradan çıxış edən Kuzalı əksliklərin üst-üstə düşməsi qanununu formulə edib: əksliklər üst-üstə düşdüyü üçün forma və materiya da üst-üstə düşür. Deməli, mahiyyət (essensiya) və mövcudluq (ekzistensiya) ayrılmazdır və vahid varlıqdırlar. Yalnız aktual sonsuzluq hər şeyi əhatə edərək gerçək mövcuddur. Kainat sonsuzdur, nə başlanğıca, nə sona, nədə ki, mərkəzə malikdir. Kainat hissi dəyişkən, mütləq və kamil Allahdır –Allah ətraf dünyada yox, dünya, təbiət, bütün mövcudluq Allahdadır. Allah və dünyanın əlaqəsinin belə izahı Kuzalının fəlsəfi təlimini panteizm (yun. pan –hər şey, theos -Allah) kimi səciyyələndirir. Panteizmin əsas əlamətini vahid İlahi başlanğıcın şəxssizliyi və onun təbiətə maksimal yaxınlığıdır.
Kuzalı fəlsəfəsində sonsuzluq özündə əkslikləri birləşdirir və bu riyazi baxımdan sübut olunur (çevrə içərisinə çəkilmiş kvadratın bucaqlarını sonsuzluğa qədər artırsaq o, çevrəyə çevriləcək).
Kainatın, ətraf dünyanın sonsuzluğu idrakın sonsuzluğuna gətirir. Mütləq (tam) bilik əldə etmək olmaz, biliklərin artımı həqiqətə yox, yalnız alimliyə gətirir. Bunu Kuzalı özünəməxsus –“alim biliksizliyi” termini ilə adlandırmışdır.
C.Bruno. İtalyan filosofu Cordano Bruno (1548-1600) Kopernikin fəlsəfi ideyalarını inkişaf etdirmişdir. Ona görə, Günəş yalnız Yerə münasibətdə mərkəz olub Kainatın mərkəzi deyil. Kainat mərkəzə malik olmayıb sonsuzdur. Kainat qalaktikalardan –ulduzlar toplusundan ibarətdir. Ulduzlar Günəş kimi səma cisimləri olub planetar sistemə malikdirlər. Bütün səma cisimləri: planetlər, ulduzlar və s. əbədi hərəkətdədirlər. Allah Kainatla birgə mövcuddur. Kainat və Allah vahiddir. Deməli Bruno da panteist olmuşdur. Onun təlimi rəsmi Kilsəsinin prinsipləri ilə uzlaşmadığı üçün tonqalda yandırılmışdır. Bir məqama diqqət yetirmək lazımdır ki, Kuzalı da panteist olmuşdur. Lakin, bu iki filosofun panteizmi prinsipial fərqə malikdir. Əgər Kuzalıda bütün təbiət Allaha qovuşursa, Brunoda isə Allah təbiətlə qovuşur.
Dostları ilə paylaş: |