Mirzə Məhəmməd Tağı oğlu Mirzə Fətəli Axundov (1812-1878) görkəmli ədib, alim və filosof kimi Azərbaycan mədəniyyəti tarixinə daxil olmuşdur. Zaqafqaziyadakı dövlət idarələrində çalışan M.F.Axundov polkovnik rütbəsinə qədər yüksəlmişdir. Ərəb, fars, fransız dillərini mükəmməl bilmişdir. Azərbaycan dramaturgiyasının banisi olan M.F.Axundov Səbuhi təxəllüsü ilə şerlər, «Puşkinin ölümünə Şərq poemasını» yazmışdır. Bəşəriyyətin elm, fəlsəfə və mədəniyyət tarixini tam halında nəzərdən keçirən M.F.Axundov Qədim Şərq, Yunanıstan və müsəlman Şərqinə aid mərhələləri fərqləndirmiş, onların arasındakı bağlılığı, varislik əlaqələrini görmüşdür. Böyük alim yazırdı ki, ərəblər elmlərin rüşeymləri ilə ilk dəfə Aristotel, Hippokrat, Qalen, Platon və başqalarının əsərləri vasitəsilə tanış olmuşdur. Qədim yunanlar da öz növbəsində qədim misirlilərdən, hindlilərdən, iranlılardan və finikiyalılardan çox şey əxz etmişlər. M.F.Axundov «Həkimi-ingilis Yuma cavab», «Yek kəlmənin tənqidi» məktubları, «Babilik əqidələri», «Mollayi Ruminin və onun təsnifinin babında» və s. əsərlərində fəlsəfənin bu və ya digər məsələləri haqqında özünün orijinal fikirlərini söyləmişdir.
Ümumiyyətlə, M.F.Axundovun fəlsəfi dünyagörüşünün formalaşmasına qədim və orta əsr Şərq fəlsəfəsi ilə yanaşı, Qərbi Avropa filosoflarının da xüsusilə Spinoza, Holbax və Feyerbaxın, XVII əsr fransız maarifçiləri və XIX əsr rus inqilabçı-demokratlarının təsiri böyük olmuşdur. Sxolastika və mistikanın hökm sürdüyü Şərq mühitindən çıxmasına baxmayaraq, M.F.Axundov bir materialist kimi formalaşa bilmişdir. Böyük alim varlığın xüsusi qanunauyğunluqlar əsasında inkişaf etdiyini söyləyərək dünyanın Allah tərəfindən, heçdən yaranması fikrini qəbul etməmişdir. Varlıq təkdir, yaradan da, yaranan da odur, o, özü– özünün səbəbidir. «Bu kainat bir vahid, qadir və kamil vücuddur, əvvəli də budur, axırı da budur. Nə ondan qabaq başlanğıc olmuşdur, nə də ondan nəhayət olacaqdır. Zaman onun tələblərindən, məkan isə keyfiyyətlərindən sayılır». Sırf ateist mövqelərindən çıxış edən M.F.Axundov dinin axirət və ruhun ölməzliyi haqqındakı ehkamlarını qəbul etmirdi. M.F.Axundov Azərbaycan fəlsəfəsinin peripatetiklik, işraqilik, panteizm ənənələrinə əsaslanaraq onlardakı dini-mistik cəhətləri atır, materialist prinsipləri isə qəbul edirdi. O, kainatın maddiliyini və yaradılmazlığını, maddənin və cismin məkan və zaman daxilində mövcudluğunu təsdiq edirdi. «Aldanmış kəvakib» əsərində ədalətli şah ideyasını təbliğ edən M.F.Axundov sonralar fəal mübarizə yolu ideyasını müdafiə etmişdir. Ümumiyyətlə, M.F.Axundov Azərbaycan ictimai-siyasi, bədii fəlsəfi fikrində mühüm yer tutan görkəmli alimdir.
Dostları ilə paylaş: |