1. İ.Kant. Klassik alman fəlsəfəsinin banisi İmmanuil Kant (1724-1804) hesab olunur. İ.Kantın fəlsəfi yaradıcılığı iki böyük dövrə bölünür:
Tənqidəqədərki dövr (XVIII əsrin 70-ci illərinə qədər)
Tənqidi dövr (XVIII əsrin 70-ci illərin əvvəllərindən 1804-cü ilə qədər)
Tənqidəqədərki dövrdə Kant əsasən təbiətşünaslıq problemləri ilə məşğul olmuşdur. Bu sahədə Kantın yeniliyi ondadır ki, o, mövcud problemlərin həllinə çalışarkən ilk dəfə olaraq inkişaf amilinə xüsusi diqqət yetirmişdir. O, bu sahədə apardığı tədqiqatlarda dövrü üçün inqilabi hesab olunan bir sıra nəticələr çıxarmışdır:
1.Günəş sistemi kosmosda yüklü materiya hissəciklərinin böyük buludunun fırlanması nəticəsində yaranmışdır, bu isə həmən buludu təşkil edən hissəciklərin hərəkəti və qarşılıqlı təsiri (cəzbetmə, itələmə, toqquşma) sayəsində baş verir;
2.Təbiət zamanca tarixə (başlanğıc və son) malikdir, əbədi və dəyişilməz deyil;
3.Təbiət daimi dəyişmə və inkişafdadır;
4.Hərəkət və sükut nisbidir;
5.Yer üzərində bütün canlılar, o cümlədən insan –təbii bioloji təkamüllə yaranıb;
6.Mexaniki qanunlar materiyanın özünə xas olmayıb, xarici səbəbə malikdir;
7.Bu xarici səbəb (ilkbaşlanğıc) Allahdır.
Kant hipotezlərinin ideoloji yönümlüyünə baxmayaraq, müasirləri bu hipotezləri (xüsusilə, Günəş sisteminin yaranması və bioloji təkamül haqqında) əhəmiyyətinə görə Kopernikin kəşflərinə (Yerin Günəş ətrafında fırlanması) bərabər hesab etmişlər.
Kantın yaradıcılığının tənqidi dövründə fəlsəfi tədqiqatlarının əsas məsələsi idrak problemləri olmuşdur. (Bu dövrün adı, onun üç fundamental əsərinin adı ilə bağlıdır: “Xalis zəkanın tənqidi”, “Praktik zəkanın tənqidi”, “Mühakimə yürütmə qabiliyyətinin tənqidi”). O, ilk olaraq sualı verir: dünya dərkediləndirmi? Əgər hə, onda biz nə qədər bilməyi bacararıq? Suallara cavab vermək üçün idrakın imkanlarını, onun sərhədlərini müəyyənləşdirmək zəruridir. Dərketmənin əsas silahı zəkadır, deməli, ilk əvvəl bizim zəkamızın imkan və qabiliyyətini aydınlaşdırmaq lazımdır. Onların hərtərəfli tədqiqini Kant tənqid adlandırır, fəlsəfənin vəzifəsini isə ətraf dünyanın deyil, zəkanın tənqidi, daha doğrusu, onun quruluşu, səciyyəsi və qanunlarının öyrənilməsində görürdü.
Kant hesab edirdi ki, dünyanın necə olmasını bilmək mümkün deyil, çünki, bizə onun özü deyil, yalnız şüurumuzda inikası məlum olur. Məhz bu baxımdan şüur fəlsəfi tədqiqatın mərkəzinə gətirilir. Özlüyündə mövcud olanı, Kant noumen və yaxud, “özündə şey” adlandırır, onlar dərkolunmazdır. Bizə gerçək görünənləri isə fenomen və yaxud “bizim üçün şey” adlandırır. Əsas məsələ ondadır ki, birinci ikinciyə nə qədər uyğun gəlir, və yaxud, fenomenlər bizə noumenlər haqqında nə qədər səhih informasiya verə bilər. Kant iddia edir ki, hər iki sahə bir-birindən sərt şəkildə ayrılır, bizim gördüklərimiz, heç də gerçək olan deyil. Beləliklə, Kant biliyi idrak fəaliyyətinin nəticəsi kimi dəyərləndirir və biliyi səciyyələndirən üç anlayış irəli sürür:
Dostları ilə paylaş: |