b) Mücərrədləşdirmə. İdrakın ümumməntiqi metodlarından biri də mücərrədləşdirmədir. Mücərrədləşdirmə - öyrənilən predmetin mühüm əlamətlərinin fikrən qeyri-mühümlərdən ayıraraq əsas diqqətin onlara yönəldilməsidir. Mücərrədləşdirmə fikrin predmetin mahiyyət dərinliklərinə doğru hərəkəti, onun konkret tədqiqat üçün əhəmiyyət kəsb edən cəhətlərinin ayrılmasıdır. Məsələn, obyektin mövcud, konkret xassəsinin kimyəvi xassə olaraq tədqiq olunması müəyyən sərf-nəzər, mücərrədləşdirmə tələb edir. Doğrudan da, obyektin formasının dəyişməsi onun kimyəvi xassəsinə aid deyil. Ona görə də kimyaçı misi onun konkret mövcudluq formalarını mücərrədləşdirməklə tədqiq edir.
c) Ümumləşdirmə. Bir sıra obyektlərin xassə və yaxud münasibətlərini mücərrədləşdirərkən onların vahid bir sinifdə birləşdirilməsi, qruplaşdırılması üçün zəmin yaranır. Mövcud sinfə daxil olan obyektlərin hər birinin fərdi əlamətlərinə münasibətdə onları birləşdirən əlamət ümumi kimi çıxış edir. Ümumləşdirmə – idrakın elə bir üsuludur ki, onun nəticəsində obyektlərin ümumi xassə və əlamətləri müəyyənləşdirilir.