Homo religiosus: mömin insan. Bu yanaşmada insan ilk növbədə “Allahın oxşarı və surətində” başa düşülür. Belə yanaşma Əhdi-ətiqdə əksini tapmış “Sonra Allah dedi: “Öz surətimizə və bənzərimizə görə insanı yaradaq”... Allah insanı Öz surətində yaratdı” kəlamlarından qaynaqlanır. Xristian təsəvvürlərinə görə insan xeyir və şər arasında seçim etməyə qadir olan azad vücuddur. İnsanın məqsədi və özünügerçəkləşdirməsi xeyirə, yəni Allaha doğru hərəkətdir. Deməli, insanın mahiyyəti inamda təzahür edir. İnamsızlıq və şər insanı öz mahiyyətindən uzaqlaşdıran yoldur.
Yuxarıda təsvir edilmiş insanın mahiyyət müəyyənlikləri ilə bərabər, digər populyar yanaşmalar da mövcuddur: “simvolik heyvan” (Ernst Kassirer), “arzulayan insan” (Ernst Blox), “ünsiyyət quran insan” (Norbert Viner), “darıxan insan” (Martin Haydegger) və s.
İnsan mahiyyətinin uğurlu və uğursuz təsvirlərindən asılı olmayaraq, onun tam təyinini vermək mümkünsüzdür. İnsanın mahiyyəti və təbiəti o qədər dərin və çoxtərəflidir ki, onun prinsipial qeyri-müəyyənliyi və təyinolunmazlığı haqqında danışmaq olar. Bu mənada böyük rus yazıçısı F.M.Dostoyevskinin insanın mahiyyəti haqqında fikiri məqbul görsənir: “İnsan –sirrdir”.
Dostları ilə paylaş: |