Ə.Xunəci. Əfzələddin Məhəmməd ibn Namavər Xunəci (1193-1248) Azərbatcan mədəniyyəti tarixinin görkəmli şəxsiyyətlərindəndir. Böyük filosof, məntiqçi, təbib, hüquqşünas kimi şöhrət tapmış Ə.Xunəci Cənubi Azərbaycanın Xalxal vilayətinin Xunəc qəsəbəsində anadan olmuşdur. O ilk təhsilini vətənində alsa da elmi biliklərə yiyələnmək məqsədilə Yaxın Şərq ölkələrinə səyahətlər etmiş, bir müddət Misirdə yaşamışdır. Ə.Xunəci Misirdə vəfat etmiş, Qahirədə dəfn edilmişdir.
Ə.Xunəcinin fəlsəfi təlimində əsas yeri idrak nəzəriyyəsi və məntiq məsələləri tutur. O idrakın hissi və əqli mərhələlərini qəbul etmiş, onları vəhdətdə götürmüşdür. Filosofun təlimində “təsəvvürlər” və “təsdiqlər” haqqında mühakimələr onun idrak nəzəriyyəsi ilə məntiqi arasında ortalıq yaradır. Təsəvvürlər və təsdiqlər nəzəri və zəruri qisimlərə bölünür. “Fikirlərin qaranlıq yerində sirlərin açılması” kitabında deyilir: Təsəvvürlərdən və təsdiqlərdən “hər biri ya nəzəridir ki, onun təhsilində fikir yürütməyə ehtiyac vardır..., ya da zəruridir ki, buna ehtiyac duyulmur”. Zəruri, yaxud aşkar bilik sübut tələb etmir. Belə ki, o bilavasitə hissi məlumatlardan və aşkar müddəalardan ibarətdir. Məsələn, “isti”, “ağ”, “tam hissədən böyükdür” və s. Nəzəri və yaxud kəsbi bilik sübut tələb edir. Çünki o, vasitəli məlumatlardan ibarətdir. Məsələn, “ruhun gerçəkliyi”, “dünyanın yaranması” və s. haqqında müddəalar.
Göründüyü kimi, burada “təsəvvür” həm təsəvvür, həm də anlayış yerində işlədilir. Zəruri, yaxud aşkar biliyi ifadə edən təsəvvür sözün əsl mənasında təsəvvür, nəzəri, yaxud kəsbi biliyi ifadə edən təsəvvür sırf anlayışdır.
Orta əsr Azərbaycan filosofları içərisində Siracəddin Urməvi (1198-1288) özünəməxsus fikirləri ilə seçilir. Onun məntiqə, fəlsəfəyə və s. dair əsərləri məşhurdur. «Məntiqə və fəlsəfəyə dair Nurların doğuşları», «Hikmət incəlikləri», «Haqqın bəyanı», «Metodlar», «Ziddiyyətin misallarına dair traktatlar», «Təhsil», «Suallar» və s. əsərlər bu qəbildəndir. Onun kitabları içərisində ən çox yayılanı «Nurların doğuşları» əsəri olmuşdur. Urməvi «varlığı» onun əksi olan «yoxluq» anlayışı ilə qarşılıqlı götürmüşdür. O, bu anlayışları müxtəlif aspektdə nəzərdən keçirdikdən sonra üç cisimdə quruplaşdırmışdır: 1) vacib varlıq– qeyri– mümkün yoxluq; 2) vacib yoxluq – qeyri-mümkün varlıq və 3) mümkün varlıq– mümkün yoxluq. Peripatetik sələfləri kimi Siracəddin Urməvi göstərirdi ki, vacib varlıq sözü də iki qisimdir. «Biri özü– özlüyündə vacib varlıq, digəri isə başqasının sayəsində vacib varlıqdır. Özü– özlüyündə vacib varlıq odur ki, onun mahiyyəti (substratı) yoxluğu qəbul etmir, bəlkə onun varlığı elə onun öz mahiyyətindədir. Başqasının sayəsində vacib varlıq odur ki, onun mahiyyəti yox ola bilər, onun varlığı başqasındadır».
Urməvi mövcudatda səbəbiyyətin obyektivliyini qəbul edir. Mövcud olan hər şey bir səbəbin nəticəsidir. Həmin səbəb də digər bir səbəblə nəticələnir. Bu, sonsuz davam edir. Filosofa görə, hərəkət on kateqoriyadan dördünə – kəmiyyət, keyfiyyət, məkan və vəziyyətə görə baş verir. Astronomiya sahəsində maraqlı fikirlər söyləyən Urməvi dövrünün elmi nailiyyətlərinə yiyələndiyini sübut etmişdir. Onun insan orqanizmi haqqında da maraqlı fikirləri diqqəti cəlb edir.
İdrak nəzəriyyəsi, məntiq, etika və sosial-siyasi görüşləri də öz dövrünə görə mütərəqqi əhəmiyyət daşımışdır.
Orta əsrlərdə Azərbaycanın ən nəhəng alim və mütəfəkkirlərindən biri də Nəsirəddin Tusi (1201– 1274) hesab olunur. Böyük ensiklopedik biliyə malik olan Nəsirəddin Məhəmməd Tusi «Əxlaqi-nasiri», «Kosmoqrafiyaya dair traktat», «Elxani astronomik cədvəl», «Cəbr və müqabil», «Evklidin «Göy hadisələri» kitabının ifadəsi», «Mövcudatın bölgüsü və onun cisimləri», «İqtibasın əsası», «Tibb qanunu kitabında birinci hissəyə haşiyələr» və s. əsərlərin müəllifidir. O, Marağa rəsədxanasını yaradaraq dövrünün ən görkəmli adamlarını ətrafına toplamışdır.
Varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq Tusinin fəlsəfi sistemində bir-biri ilə üzvi surətdə bağlıdır. Azərbaycan filosofu Fərabi, İbn Sina və Bəhmənyarın mövqeyindən çıxış edərək, mövcudatın zəruri və mümkün olmaqla iki qismə bölündüyünü yazmışdır. O, mümkün varlığın şərhi üzərində ətraflı dayanaraq, mümkün varlığı materiya, forma, cism, əql və nəfəsdən ibarət substansiyaya, habelə kəmiyyət, keyfiyyət, məkan, zaman və Filosofun fikrincə, cisimlər materiya və formadan təşəkkül tapmışdır. Od, hava, su və torpaq bəsit, onlardan əmələ gəlmiş minerallar, bitkilər və heyvanlar mürəkkəb cisimlərdir.
Maddi aləmin məhvolmazlığı, əzəliliyi və əbədiliyi ideyası Tusini düşündürmüş, öz peripatetik sələfləri kimi bu məsələyə müsbət yanaşmışdır. Onun varlıq təlimində təbiətşünaslıq məsələlərinin şərhi mühüm yer tutmuşdur. Tusinin təlimində duyğular və əqlin rolu eyni dərəcədə mühüm sayılmışdır. Əməli, fəlsəfənin qayəsini əxlaq, evqurma və şəhərsalma kimi müəyyənləşdirən etik və ictimai siyasi məsələlərə də diqqət yetirmişdir. O, əxlaq elmi (etika) haqqında yazırdı: «Bu elm insani nəfsin elə xüsusiyyətlər qazana biləcəyindən danışır ki, onun idarəsi ilə edilən bütün davranış və rəftar gözəl, tərifəlayiq olsun». Mütəfəkkirə görə, etikanın mövzusu insanın iradəsindən asılı yaxşı və tərifəlayiq, qəbahətli və pislənən işlərin hamısının əlaqədar olduğu nəfsdir. İnsani nəfs, yaxud düşüncəli nəfs idrak vasitəsidir, «ağlın dərk etdiyi nə varsa, hamısı onun sayəsində olur», «bədəndə nə kimi dəyişiklik və fəaliyyət baş verirsə, hamısı onun qüvvə və təsiri nəticəsində əmələ gəlir».
Nəsirəddin Tusi dövlət, siyasət, insanlar arasındakı münasibətlər haqqında da maraqlı fikirlər söyləmişdir.
Dostları ilə paylaş: |