Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


MÖVZU №6. XI-XVIII əsrlərdə Azərbaycanda fəlsəfi dünyagörüşü



Yüklə 0,99 Mb.
səhifə73/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   69   70   71   72   73   74   75   76   ...   187
fəlsəfə mühazirələr.doc 2

MÖVZU №6. XI-XVIII əsrlərdə Azərbaycanda fəlsəfi dünyagörüşü.


  1. Ə.Bəhmənyar, E.Miyanəçi, Ş.Sührəvərdi, S.Urməvi

  2. Nəsirəddin Tusi, Nizami Gəncəvi

  3. Sufilik və hürufilik

Ə.Bəhmənyar, E.Miyanəçi, Ş.Sührəvərdi, S.Urməvi, Nəsirəddin Tusi, Nizami Gəncəvi. Ərəbdilli müsəlman fəlsəfəsinin inkişafında Azərbaycan alimləri də yaxında iştirak etmişdir. Onların içərisində Əbülhəsən Bəhmənyar (993-1066) özünəməxsus yer tutur. Məşhur İbn Sinanın şagirdi olan Bəhmənyar Aristotelin şərhçiləri içərisində güclüsüdür. Şərq peripatetizminin ən böyük nümayəndəsi olan Bəhmənyar «Təhsil», «Gözəllik», «Səadət», «Musiqi kitabı», «Metafizikanın mövzusu», «Mövcudatının mərtəbələri» və s. əsərlərini yazmışdır.

Bəhmənyara görə, hər şeyin səbəbi və nəticəsi var, bədən əqlin sayəsində mövcud olur. Mövcudat zəruri və mümkün olandır. Hərəkət zamana görə deyil, zaman hərəkətə görə müəyyən olunur. Bəh­mən­yarın varlıq təlimi hərtərəfli işlənmiş təlimdir. Bəhmənyarın məntiqə dair yazdığı əsərləri indi də öz əhəmiyyətini saxlamaqdadır. O, idrakı hissi və məntiqi olaraq iki hissəyə bölmüşdür. İdrakın mənbəyi də ikidir: hissi təcrübə və əqli təfəkkür. Bəhmənyar materiya, forma, cisim, zaman, hərəkət və s. kimi fəlsəfi kateqoriyaları qarşılıqlı əlaqədə götürüb tədqiq etmişdir. Cisim üç ölçülü (uzunluğu, hündürlüyü və eni olan) substansiya kimi müəyyən olunur. Materiya və formadan yaranması səbəbinə görə cisim mürəkkəb substansiya adlanır. Materiya və formanın qarşılıqlı əlaqəsi, onların bir– birindən ayrılmaması Bəhmənyar tərəfindən əsaslandırılmışdır. Peripatetik filosof, Aristotelin və İbn Sinanın mövqelərindən çıxış edən Bəhmənyar hərəkəti potensialdan aktuala keçid kimi səciyyələndirmişdir. Filosofa görə, cisim, onun hərəkəti və zaman bir–birindən ayrılmazdır. Biri digərini şərtləndirir.

İdrak nəzəriyyəsində idrak prosesində hissi və rasional momentlərin mövcudluğu qəbul olunur.

Ümumiyyətlə, Bəhmənyarın təlimi sonrakı alimlər nəslinin yetişməsində mühüm rol oynamışdır.

Orta əsr Azərbaycan, eləcə də müsəlman Şərqində məşhur filosoflardan biri Eynəlqüzat Abdulla Miyanəcidir (1099-1131). 28– 29 yaşlarında azad fikirlilik üstündə müsəlman qanunçuları– fəqihlər tərəfindən təqib edilmişdir. Ayrı-ayrı yerlərdə onu kafir elan edib, ölümünə fitva verirlər. Nə tanınmış ailədən çıxması, nə böyük mənsəb – Həmadanın baş qazisi vəzifəsini tutması onu ittihamdan xilas edə bilməmişdir. Eynəlqüzat 1128-ci ildə həbs edilib Bağdad zindanına göndərilmişdir. Orada «Ölkələrin alimlərinə vətəndən ayrı salınmış qəribin şikayəti» əsərini yazmışdır. 1131-ci ildə onu Həmadana qaytararaq, 33 yaşında, dərs dediyi mədrəsədə edam edirlər. Filosof yazdığı «Həqiqətlərin məğzi», «Müqəddimələr» və «Qəribin şikayəti» kitablarında sufizmin müxtəlif aspektlərini işıqlandırmış, ona bitkin fəlsəfi məzmun vermişdir.

Monoteizm, dualizm, panteizm və s. dünyagörüşü ifadə edən təlimlər varlığa baxışa, onun cisimləri arasındakı münasibətə görə müəyyənləşir. Kreatsionizmə (Allahın dünyanı heçdən xəlq etməsi haqqında nəzəriyyə) əsaslanan ideoloqlar, o cümlədən ortodoksal və müxalifətçi sxolastlar, mötədil sufilər monoteistdirlər. Vacib varlıq ilə mümkün varlığın yanaşı mövcudluğunu iqrar edən Şərq peripatetikləri dualistdirlər. Allah ilə insanın substansional vəhdətinə inanan ifrat sufi mütəfəkkirləri panteizmə meyl edənlərdir. Allah ilə bütün mövcud şeylərin eyniliyi prinsiplərini işləyib hazırlamış Eynəlqüzat Miyanəci panteistdir. Miyanəciyə görə, allah çoxsaylı atributlara malik olan substansiyadır. Atributlar təkcə substansiyadan deyil, həm də bir-birindən ayrılmazdır. Substansiya özlüyündə mövcud olandır.

Miyanəci emanasiya nəzəriyyəsini tənqid etmişdir. Vahid substansiyanı qəbul edən filosof ardıcıl monizm mövqeyində durmuşdur. Hissi, əqli və intuitiv idrak formalarını müdafiə etmişdir. Miyanəcinin idrak təliminə görə, konkret hissi şeylərin xarici tərəfləri duyğular və hisslərlə, onların mahiyyəti əqllə, şeylər dünyasının bütövlüyü isə (bunu filosof allahla eyniləşdirir) intuisiya ilə dərk edilir. Varlığı ümumi hissələrə (buraya bütün mövcud olanlar daxildir) bölən Miyanəci digər hissələrə bölgünü də qəbul edir. Bunlar zəruri, mümkün olan, substansiya və atributları və s.-dir.

Ümumiyyətlə, həm varlıq, həm də idrak təlimində maraqlı fikirlər söyləyən Eynəlqüzat Miyanəci Yaxın və Orta Şərq ölkələrində azad fikirlilik və panteizmin yayılmasına böyük təsir göstərmişdir.

Orta əsrlərdə Azərbaycanda işraqilik fəlsəfəsinin yaradıcısı hesab olunan Şihabəddin Yəhya Sührəvərdi (1154-1191) də Miyanəci kimi azadfikirlilikdə və dinsizlikdə günahlandırılaraq edam edilmişdir. O, Şərqdə «öldürülmüş filosof» (Əl-Fəyləsuf əl-Məqtul») kimi tanınmışdır. Fitri istedadı, orijinal fəlsəfi fikirləri ilə çoxlarının peyğəmbər adlandırdığı, şair– filosof Şihabəddin Sührəvərdi orta əsrlərdə peripatetizmin ən görkəmli nümayəndəsi olmuşdur. Z.Məmmədov filosofun 52 əsərindən on üçünün peripatetizm, on beşinin sufizm, səkkizinin işraqilik, on altısının isə müxtəlif mövzular üzrə qruplaşdığını qeyd etmişdir. Onun «Filosofların görüşləri», «Baxışlar», «Müqavimətlər», «İşıq heykəlləri», «İşraq hikməti» və s. əsərləri geniş yayılmışdır. O, fəlsəfi kateqoriyaların yeni təsnifatını işləyib həzırlamışdır. Filosof mühüm fəlsəfi məsələlərə – varlıq və onun növləri, substansiya və aksidensiya (hər şeyin təsadüfi, keçici, müvəqqəti əhəmiyyətsiz xassəsi), materiya və forma, cisim və onun hərəkəti, səbəb və nəticə və s. öz münasibətini bildirmişdir.

İşraqilik fəlsəfəsinə görə, işıq və onun kölgəsindən ibarət olan bütün mövcudluğun zirvəsi mütləq işıq – işıqlar işığıdır (Nur əl-Ənvər). Bu vahid işıqdan digər işıqlar və onların kölgələri (cisimlər) yaranır. İşraqiliyə görə, insan ruhu abstrakt işıqdan əmələ gələn işıqdır. İnsanın bütün fəaliyyəti onda olan abstrakt işığın sayəsində baş verir. «Filosofların görüşləri» traktatında ilk nəticədən mövcudatın meydana çıxması prosesi belə şərh edilir: «Yaradıcıya və öz ağıllığına nisbətdə, öz imkanına və öz ağıllılığına nisbətdə, öz mahiyyətinə və öz ağıllığına nisbətdə onun üç cəhəti vardır. Öz yaradıcısına və öz ağıllığına nisbətə görə (bu, ən şərəfli cəhətdir) ondan başqa bir əql vücuda gəlir. Öz imkanına və öz ağıllılığına nisbətə görə (bu, ən aşağı cəhətdir) ondan göy sferası, öz mahiyyətini anlamasına görə göy sferasının nəfsi vücuda gəlir. Eləcə də ikinci (əqldən) üçüncü əql, ikinci göy sferası və göy sferasının nəfsi, üçüncü (əqldən) dördüncü əql, üçüncü göy sferası və göy sferasının nəfsi, dördüncü (əqldən) beşinci əql, dördüncü göy sferası və göy sferasının nəfsi, beşinci (əqldən) altıncı əql, beşinci göy sferası və göy sferasının nəfsi, altıncı (əqldən) yeddinci əql, altıncı göy sferası və göy sferasının nəfsi, yeddinci (əqldən) səkkizinci əql, yeddinci göy sferası və göy sferasının nəfsi, səkkizinci (əqldən) doqquzuncu əql, səkkinzinci göy sferası və göy sferasının nəfsi, doqquzuncu (əqldən) onun­cu əql, doqquzuncu göy sferası və göy sferasının nəfsi, onuncu (əqldən) ünsürlər aləmi və insani nəfslər (vücuda gəlir»).

Sührəvərdi göstərirdi ki, İlk materiya elə bir substansiyadır ki, o, gah od formasına, gah da hava formasına, gah su formasına, gah da torpaq formasına girir. Materiyanın təzahürləri, o cümlədən – cism, say, fiqurlar, rəng, isti, soyuq və s. aksidensiyalarla fərqlənir. Sührəvərdi bir sıra fəlsəfi kateqoriyalara da öz münasibətini bildirmişdir. Onun maraqlı ictimi– siyasi fikirləri də olmuşdur.

Orta əsrlərin, eləcə də bütün dövrlərin dünya mədəniyyəti tari­xində mühüm yer tutan böyük dühalardan biri – Azərbaycan xalqı­nın şərəfli oğlu, şairi və filosofu Nizami Gəncəvidir (1141-1209). Bu böyük şair Avestanı, antik fəlsəfəni, eləcə də zəmanəsinin bütün elm­­lərini dərindən mənimsəmiş, əsasən məsnəvi formasında yazdığı «Xəmsə» adlı əsərləri ilə məşhurlaşmışdır. O, əbədi dəyərləri - ədaləti, xeyirxahlığı, mərhəməti, zəhməti, sevgini tərənnüm etmişdir. Həm sevgi, həm də qəhrəmanlıq dastanlarında Nizami özünün fəlsəfi fi­kir­lərini verə bilmişdir. Dünyanın, insanın mənşəyi, kainatın qurulu­şu və s. haqqında Nizami fikirləri indi də əhəmiyyətini saxlamaq­dadır. Özü xeyirxahlıq mücəssəməsi olan Nizami bəzən tarixdə işğalçı, riyakar, zalım və hiyləgər kimi tanıdığımız hökmdarları belə az qala ideal şah kimi təsvir edir. Bəzən real tarixi hadisələri mifoloji şəkildə qələmə alan şair təsvir etdiyi hökmdarları yunan miflərinin qəhrəmanları səviyyəsinə yüksəltməyə cəhd etmişdir. Bir sözlə, tarix obrazlara öz dünyasının gözü ilə baxan şair «İskəndərnamə» əsə­rində də bu prinsipə sadiq qalmışdır. Onun qəhrəmanları tərbiyə olunur, səhvlərini başa düşür və insanlara xidmət etməyə cəhd edirlər. Çox vaxt hökmdarlar müdrik mütəfəkkir səviyyəsinə yüksəldilərək dünyanı, bəşəriyyəti xilas etmək haqqında düşünürlər. Nizami ma­teriya, forma, dörd ünsür (od, su, hava, torpaq), maddi materiyanın itməməsi haqqında maraqlı fikirlərin müəllifidir. Materiya ilkin forma– Allahın məhsuludur, o, özü– özünün səbəbi deyildir. Səbə­­bi qeyri–maddi formadır, allahdır. Dünya, kainat, ulduzlar və s. haqqında maraqlı fikirlər söyləyən Nizami ideal cəmiyyət arzusunu da ifadə edə bilmişdir. Həmin cəmiyyətdə nə əzab verən, nə də əzab çə­kən yoxdur. İnsanlar xoşbəxtdir və əmin–amanlıq içərisində yaşayır.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin