son illərini Hələbdə yaşamış, orada həbs olunmuş, "kafir", "dinsiz" elan edilərək,
Misir Sultanının əmri və ruhanilərin fitvası ilə diri-diri dərisi soyulmuşdur.
Nəsiminin görüşlərində insana məhəbbət, insan şəxsiyətinin azadlığı mövzusu
başlıca yer tutur. Şair insanı alçaldan, azadlığını buxovlayan feodal dini-əsarət
əleyhinə alovlu e'tiraz səsini qaldırdı. Nəsimi insanı bir yaradıçı varlıq kimi
ucaldır, hətta "məndə sığar iki cahan, mən bu cahana sığmazam" deyərək insanın
qüdrətini tərənnüm edirdi, lakin insanı ilahiləşdirən
mütəfəkir onu göylərə
qaldırmır, konkret insan obrazını nəzərdə tuturdu. Şairin lirik "məni" elə bir
aləmdir ki, bütün kainatın sirləri burada gizlənmişdir. O əzəli və əbədidir,
dünyada müxtəlif şəkillərdə təzahür edir. İnsan zəkasının, varlığın sirlərini açmağa
qadir olduğuna dərin inam bəsləyən Nəsimi ideyalarında insanın özünü, beləliklə
də həqiqəti dərk etməyə çağırırdı. Həyat və kainatın sirlərini dərk etməyə sə'y
göstərən mütəfəkkir ardıcıl panteizm mövqeyində durur,
özündən əvvəlki
panteistlər kimi ruhun cəmadət (cansız aləm), nəbadət və heyvanatdan keçərək,
insana doğru inkişafını qəbul edirdi. Nəsiminin fikrincə maddə məhv olmur. Əbədi
yaşayır, insan öldükdən sonra bitki şəklində yenidən həyata qayıdır. Beləliklə o,
həyatı əzəli və əbədi adlandırır. Lakin başqa panteistlərdən fərqli olaraq,
Nəsimi bu
fikirləri hürufilik baxımından izah edir. Nəsimi həyat gözəlliklərini təsdiq edən,
ondan bəhrələnməyə çağıran nikbin ruhlu mütəfəkkirdir. Nəsimi sufilərə tənqidi
yanaşmış özünü dərk edən, həyatın
zövqünü bu dünyada görən, insan qüdrətinə
inanan, onu həyatın yaradıçısı sayan, insan gözəlliyini təqdir edən hünərli, iradəli
bir şəxsiyyət olan "arif" obrazını onlara qarşı qoymuşdur. Nəsimi yaradıcılığında
onu kafirlikdə, dinsizlikdə təqsirləndirən ideya düşmənləri ilə mübarizəsi
əhəmiyyətli yer tutur. O, insanlar arasında dini e'tiqadlarına görə ayrı-seçkilik,
düşmənçilik salan "əyri nəzər" din
xadimlərini qətiyyətlə izləyir, bütün
xalqları bir e'tiqada, dostluğa səsləyirdi. Böyük Nəsiminin rübailərində hürufiliyin
müddəaları, həyat və kainat haqqında düşüncələri yığcam və məntiqi bir dildə ifadə
olunmuşdur. Nəsiminin əsərləri hələ sağlığında Azərbaycanda, Yaxın Şərqdə,
İraqda,
Kiçik Asiyada və Suriyada, eləcə də Orta Asiyada uyqurlar içərisində
şöhrət tapmışdır.
Dostları ilə paylaş: