Suallar xüsusi nəzakət və razılıqla qəbul edilməlidir. Bu, natiqin, müəllimin, suala cavab verən digər şəxsin mimikasında əks olunmalıdır. Verilən suala dərhal münasibət bildirilməlidir: “Sual yerində verilmişdir”. “Yaxşı sualdır”. “Mən bu sualı gözləyirdim”.“Düşünülmüş sualdır” və s. Sual bəsit və məsələyə dəxli olmayanda və ya düzgün qurulmadıqda: “Bu nə sualdır?”; “Belə də sual olar?”;“Sual verəndə yaxşı-yaxşı fikirləşmək lazımdır”;“Mane olmayın, imkan verin işləyək”;“Səni heç cür başa sala bilmərəm” kimi ifadələr işlətmək məsləhət deyildir. Bunun əvəzində “Gərək bu sualı belə qoyaydın”; “Bəlkə, soruşmaq istəyirsən?...”;“Bu sualı başqa şəkildə də vermək olar” və s. kimi ifadələrlə natiq qüsurlu və ya düzgün qoyulmayan suallaramüəyyən düzəlişlər aparmalı, sonra onlara cavab verməlidir. Fikrin istənilən səviyyədə çatıb-çatmadığını müəyyənləşdirmək məqsədilə belə suallar verilə bilər. “Fikrimizi izah edə bildimmi?”; “Mənimlə razısanmı?”; “Bu barədə siz nə deyə bilərsiniz?”; “Deyəsən, fikrimi sizə çatdıra bilmədim?” və s.
Ünsiyyət prosesində dinləyici hər hansı bir səbəbdən (başa düşmədiyini soruşmaq, nəyisə əlavə etmək, məsələyə münasibət bildirmək və s.) söhbətə qoşulmalı, müsahibinin danışığını kəsməli olur. Belə müdaxilə münasib məqamlarda, həm də müəyyən nəzakət dairəsində edilməli, “Bağışlayın”, “Üzr istəyirəm” və s. kimi ifadələrlə söhbətə müdaxilə edən üzrxahlığını bildirməlidir İctimai yerlərdə, geniş auditoriyalarda natiqə, çıxış edən digərlərinə ünvanlanan suallar diqqətlə dinlənilməli, sualın müqabilində “Sizi başa düşdüm”, “Sualınız mənə aydındır”, “Aydındır”, “Çalışaram, məsələyə aydınlıq gətirəm”, “Sualınıza görə təşəkkür edirəm”, “Bu çox yaxşı və gərəkli sualdır”, “Çox yerində verilən bir sualdır” və s. kimi nəzakətli ifadələr işlədilməlidir.
Cavabdan sonra qarşı tərəfin razı qalıb-qalmaması soruşulsa daha yaxşı olar. Bu məqsədlə belə ifadələr işlədilə bilər: “Razı qaldınızmı?”, “Cavabım sizi qane etdimi?”, “Deyilənlərə etirazınız yoxdur ki?”, “Sizi razı sala bildimmi?”, “Deyilənlərlə razısınızmı?”, “Razılaşmırınızsa nə üçün?”, “Bunu nə ilə izah edə bilərsiniz?” və s.
Cavab verilərkən bəzən etik normalardan uzaqlaşma halları da olur. Tək-tək olsa da kobud sözlər və ifadələr işlədilir: “Səni başa salmaq çətindir”, “Vaxtımı alırsan”, “Ürəyimi çəkirsən”, “Sən belə şeyləri başa düşməzsən” və s. Verilən sualın əvəzində “Zəhləmi tökmə”, “Başımı ağrıtma”, “Açıl başımdan”, “Mane olma”, “Vaxtımı alma” və s. kimi ifadələri işlədən adamlara, xüsusən müəllim və valideynlərə heç bir halda bəraət qazandırmaq olmaz. Cavab vermək bacarığı insanın əsas keyfiyyətlərindən biridir. Cavab verən təkcə bilik və məlumatını deyil, eyni zamanda, öz mədəni səviyyəsini də nümayiş etdirir. Danışan söhbət boyu dinləyicilərin istək və arzularını gözlərindən oxumalı, cavabları səmimiyyətlə qəbul etməli, bu zaman ifrat tərifə və ya məzəmmətə yol verməməlidir. Natiq suallara aydın, lakonik və müvafiq emosional çalarda cavab verməyi bacarmalıdır.İstər böyüklər, istərsə də kiçiklər cavablarda nəzakətli sözlər, ifadələr eşitdikdə, müəyyən ölçüdə nəvaziş hiss etdikdə razı qalır, məmnunluq duyurlar.