Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
6
Çənədə dişlər qaldıqda bazis ön və yan şöbələrdə müxtəlif cür yerləşdirilə bilər. Ön dişlər mum
lövhəciyin qalınlığı qədər (1,8 mm) bazislə örtülür, dərin dişləmdə bu sahə dişləmin hündürləşməsinin
qarşısının alınması və antaqonist dişlərin dişarası məməciklərinə artıq təzyiqin düşməməsi üçün
tamamilə bazisdən azad olunur.
Yan dişlər bazislə diş tacının 2/3-si qədər örtülür ki, bu da bazisin qonşu toxumalara oturmasının
və təbii dişlər nahiyəsində boyunətrafı dişəti kənarının aralanmasının qarşısını alır, dişlərə düşən
təzyiqin bərabər paylanmasına və protezin stabilizasiyasına kömək edir. Sərt damaqda torus olarsa,
onun zədələnməsinin və protezin balanslaşmasının qarşısının alınması üçün bazisin bu törəmənin
selikli qişası ilə kontaktına yol vermək olmaz. Bunun üçün bazisin daxili səthində torusun yerləşdiyi
yerdə dərinliyi 0,5 mm olan izolyasiya (kamera) yaradılır.
Yuxarı çənədə bazisin qalınlığı adətən mum lövhəciyin qalınlığı qədər olur, təbii dişlər
nahiyəsində gələcəkdə ediləcək korreksiya nəzərə alınıb, bir qədər qalınlaşdırılır. Bazisin kənarları
lazımi qalınlıqda və dairəvi olmalıdır.
Aşağı çənədə bazisin vestibulyar sərhədləri dişsiz alveol hissələrində keçid büküşündən 0,5-1
mm yuxarıdan keçir. Təbii dişlər nahiyəsində bazis diş tacının 2/3-ni örtür. Bununla protez bazisinin
sahəsi artırılır, hər bir dişlə əhatə olunaraq yaxşı fiksasiya olunur. Oral tərəfdən dil yüyəni nəzərə
alınaraq, bazis keçid büküşündən bir qədər yuxarı keçir. Diş cərgəsinin hüdudlanmayan qüsurlarında
distal sərhəd selikli qişa qabarları nahiyəsindən keçərək, onların hərəkiliyindən asılı olaraq, onları tam
və ya hissəvi örtür. Bəzi hallarda premolyarların oral tərəfində simmetrik yerləşmiş dairəvi formalı
protezə mane olan çıxıntılar nəzərə çarpır. Ölçüsündən asılı olaraq onlar ya cərrahi yolla çıxarılır, ya
da izolyasiya edilir.
Tam çıxan protez bazisinin sərhədləri vestibulyar tərəfdən keçid büküşündən keçərək, yuxarı
dodaq yüyəni, yanaq-alveol dartıları nəzərə alınır. Bazisin kənarları hərəkətli selikli qişanı əzməməli,
funksional yüklənmə zamanı protezin ağızdan çıxmaması üçün mümkün qədər ondan aralı olmalıdır.
Distal şöbələrdə bazis qanadvari-çənə büküşlərini örtmədən yuxarı çənə qabarlarına qədər çatır.
Bazisin arxa kənarının yeri üçün oriyentir burun çıxıntısından yanlara yerləşən damaq (kor)
dəliyidir. Dəlik “A” xətti zonasının yaxınlığında yerləşir. Yumşaq damağın formasından, vəzi-selikli
qişa zonasının enindən asılı olaraq bazisin distal kənarı uzadıla bilər.
|