Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
18
Plastmas süni dişlər ən çox istifadə olunan dişlər olub, ucuzluğu, sadəliyi ilə seçilir. Lakin
onların tez yeyilməsi nəticəsində dişləmin alçalması gicgah-çənə oynağında artoz və artritlərin
yaranması ilə nəticələnir, Koster sindromu yaranır.
Süni dişlər seçilərək, gips modeldə onların düzülməsinə hazırlanır. Bunun üçün sərhədləri protez
sərhəddindən enli olan mum bazis düzəldilir. Elə etmək lazımdır ki, mum bazis protez yatağını
pozmadan modelə yapışsın. Mum bazis məftil qövslə möhkəmləndirilir, əridilmiş mumla qalınlığı 3-4
mm olan mum yastıq bazisə bərkidilir. Diqqət etmək lazımdır ki, yastığın kənarı alveol darağının ortası
səviyyəsində yerləşsin. Mum bazisə hissəvi çıxan protezləmədə klammerlər qoyulub, dişlərin
düzülməsinə başlanır.
Dişlərin düzülməsinə ön dişlərdən başlanır. Alveol çıxıntı yaxşı ifadə olunmuşdursa, dişlər bir
qədər yonulub alveol çıxıntıya elə oturdulur ki, təbii diş təəssüratı yaradılsın. Belə düzülüş nöqtəvi
adlanır. Dişətinə yuxarı çənənin I premolyarları kip oturdula bilər. Bu düzülüş estetik tələblərə cavab
verir. Alveol çıxıntının atrofiyası və ya qüsuru zamanı ön dişlər süni diş ətinə qoyulur. Süni dişə
əvvəlcə lazımi en verilib dişətinə oturdulur, sonda dişləmin hündürlüyünün pozulmaması üçün
antoqanistlərlə yoxlanır. Süni diş böyük olduqda şlifmotorda karborund daşlarla, almaz dairələrlə və
burğac maşınında müxtəlif başlıqlarla yonulur. Şlifmotorla işləyərkən diş, baş və göstərici barmaqlarla
(iki əllə) tutulur ki, işlənən səth yaxşı görünsün. Diş texniki qızdırılmış şpatellə mum yastıq
yumşaldılır, ona növbə ilə mərkəzi və yan kəsicilər, köpək dişləri bərkidilir.
Süni çeynəmə dişlərinin çeynəmə səthi antoqonistlərə uyğun yonulub süni dişətinə yerləşdirilir.
Çeynəmə dişlərinin qabarları antoqonistlərdəki dərinliklərlə uyğun gəlməlidir.
Çini dişlər daha ehtiyatla düzülməlidir. Onlar sıxılmadan yavaş-yavaş yonulmalıdır. Hər
yonulmuş diş alveol çıxıntının mərkəzi boyunca mum yastığına yapışdırılır.
Dişlərin düzülməsindən və antoqonistlərlə yoxlanılmasından sonra dişlərin arasından mumun
artıqları götürülür, dişlər boyun nahiyəsində təmizlənir, mum bazis və süni dişəti modelləşdirilir.
Modelləşdirilmiş bazis dişlər və klammerlərlə birlikdə model üzərindən asan çıxarılmalıdır. Bu
vəziyyətdə mum kompozisiya okklüdatorla birgə həkimə yoxlanmağa verilir. Yoxlamadan sonra diş
texniki qaynar mumla mum kompozisiyanı modelə yapışdırır. Qeyri-bərabər qalınlıq zamanı mum
bazis qızdırılmış şpatellə bütün süni dişlər boyunca kəsilir, mum damaq lövhəciyi məftillə birlikdə
çıxarılır və yenisi ilə əvəz olunur, sonra dişlərin vestibulyar səthi mumdan təmizlənir və bazis son dəfə
modelləşdirilir. Aşağı çənədə mum bazis lövhəciyi dəyişdirilmir, məftil çıxarılır və son
modelləşdirilmə aparılır. Aşağı çənə protezi möhkəmlik üçün üst çənədən 1 mm qalın olmalı və 2,0-
2,5 mm olmalıdır.
Ortoqnatik, progenik, proqnatik və qarışıq okklüzion münasibətlər nəzərə alınaraq dişlərin
düzülməsində bir qədər fərqlər olur.
|