Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
21
MÖVZU 13.
Dişsiz çənələrin progenik və proqnatik münasibətlərində dişlərin düzülməsi.
Progeniya zamanı dişlərin düzülməsi: Dişlərin itirilməsi və çənədə gedən atrofiya prosesləri
nəticəsində aşağı çənənin alveol çıxıntısı yuxarı çənədəkindən öndə yerləşir. Çənələrin belə münasibəti
ikincili və ya qocalıq progeniyası adlanır. Lakin xəstədə həm də həqiqi progeniya olduqda çənədəki
atrofiya prosesləri bu münasibəti daha da ağırlaşdıra bilər.
Zəif ifadə olunmuş progeniya zamanı ön dişləri düz dişləm kimi və ya minimal qapanma ilə,
çeynəmə dişlərini ortoqnatik dişləmdə olduğu kimi düzmək olar. Çənələrin progeniya vəziyyəti güclü
ifadə olunduqda frontal dişləri progenik münasibətdə düzürlər, lakin bu zaman yuxarı dişlərin dodaq
və aşağı dişlərin dil səthləri arasında kontakt saxlanılır. Çeynəmə dişlərini isə aşağıdakı qaydada
düzürlər. Yuxarı sağ tərəfin çeynəmə dişlərini aşağı protezin sol tərəfində, yuxarı sol çeynəmə
dişlərini-aşağı sağ tərəfə düzürlər. Yuxarı diş qövsünü qısaldırlar: hər iki tərəfdə ikinci premolyarları
düzmürlər. Birinci premolyar təkcə yanaq qabarı ilə şüşəyə toxunaraq, damaq qabarı şüşəyə 0,5 mm
çatmır. Birinci molyar hər iki ön qabarı ilə toxunur, distal qabarlar şüşəyə 0,5 mm çatmır. İkinci
molyar təkcə ön yanaq qabarı ilə şüşəyə toxunur, yerdə qalan qabarlar şüşəyə 1,0-1,5 mm çatmır.
Proqnatiya zamanı dişlərin düzülməsi: Proqnatiyanın həqiqi və yalançı olmaqla iki forması ayırd
edilir. Həqiqi proqnatiyada yuxarı çənə həddindən çox inkişaf etmiş, alveol çıxıntısı önə çıxmış olur.
Belə hallarda tam çıxan protez hazırlayarkən frontal dişləri “nöqtə” üzərində, çeynəmə dişlərini süni
diş əti üzərində düzürlər. Protezin fiksasiyası məqsədilə, şərait olduqdada, alveol klammerlərindən
istifadə etmək olar.
Yalançı proqnatiya aşağı çənənin zəif inkişaf etməsi nəticəsində yaranır. Bu zaman dişlərin
düzülməsinin fərqli xüsusiyyəti ondan ibarətdir ki, aşağı çənədə hər iki birinci premolyar düzülmür.
Aşağı ön dişləri isə bir qədər önə meylli düzürlər.
|