Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
30
MÖVZU 18.
Funksional ölçülərin təsnifatı və fərdi qaşığın hazırlanma texnikası
Kənarları qapayan klapan protezin yaxşı fiksasiyası üçün əsas şərtdir. Klapanın yaranması üçün
protez yatağı toxumaları və sərhədlərinin ölçüsü alınır. Ölçü protez yatağı toxumalarını kompressiya
(sıxılma) halında və onsuz əks etdirməlidir. Bu kimi mürəkkəb məsələlər funksional ölçünün köməyilə
həll olunur.
Ölçünün anatomik və funksional ölçülərə bölünməsi şərtidir. Anatomik ölçü standart qaşıqla
alınır və protez yatağı toxumalarının statik vəziyyətini əks etdirir. Anatomik ölçü E.İ.Qavrilova görə
də alına bilər - bu dişsiz çənələrin ilk (istiqamətləndirici) ölçüsüdür. Belə ölçü protezin gələcək
yatağının toxuma relyefini, eləcə də kənar toxumaları əks etdirir. Ölçü bütün ölçü kütlələri ilə alına
bilər. Ölçüdən model tökülür, sonra sərt fərdi qaşıq hazırlanır.
Tam lövhəli protez ağız boşluğuna yerləşdirilərək çeynəmə təzyiqini qəbul edir. Təzyiq selikli
qişaya ötürülür, selikli qişa sıxılır və təzyiqi sümüyə ötürülür.
Protez hazırlanarkən çalışmaq lazımdır ki, o, selikli qişaya eyni bərabərdə təzyiq etsin. Bu, o
zaman əldə edilir ki, protez bazisi əvvəlcə yumşaq, sonra sərt selikli qişaya təzyiq edir. Selikli qişanın
qeyri-bərabər hərəkiliyi və ölçü materiallarının tərbiqi ilə əlaqədar ortoped qarşısında bir sıra məsələlər
durur: protez yatağı toxumalarının deformasiya dərəcəsi, bu və ya digər situasiyada hansı ölçü
materialının tətbiqi.
Selikli qişanın dəqiq relyefini əvvəlcə gips model, sonra isə protez üzərində almaq mümkün
deyil. Universal ölçü materialı yoxdur və hər materialın tətbiqinə ayrıca göstərişlər var.
Protez yatağı toxumalarının arzuolunmaz reaksiyasının qarşısını funksional ölçülərlə almaq olar.
Funksional ölçü alma metodu H.Şrott (1864) tərəfindən təklif olunmuşdur. Şrott anatomik ölçü alıb,
model tökür, modelə görə metal ştamp və kontrştamp hazırlayırdı, onların üzərində yuxarı və aşağı
çənələrin metal fərdi qaşıqlarını ştamplayırdı. Qaşıqlar yaylarda birləşdirilirdi. Sonra qaşıq qızdırılmış
quttaperça ilə doldurulur, model üzərinə oturdulub sıxılır, quttaperçanın artıqları kəsilirdi. Qaşıq
xəstənin ağız boşluğuna daxil edilib, çənələr düzgün münasibətə gətirilir, xəstəyə danışmaq, oxumaq,
ağzı açıb-qapamaq və s. təklif olunurdu. Bu zaman qaşığa toxunan yay və toxumaların təzyiqi ölçünün
kənarlarını formalaşdırırdı. Qaşıq ağız boşluğunda 30-40 dəq, bəzən 1 sutka qalırdı.
Şrott metodu mürəkkəb olduğu üçün geniş yayılmadı. T.Momme (1897) bu metodu modifikasıya
etdi. O, əvvəl anatomik ölçüdən protez hazırlamağı, sonra isə protezin kənarlarını kəsib, əvəzinə
yumşalmış nəm quttaperça qatı çəkməyi təklif edirdi. Xəstəyə funksional yolla kənarların əmələ
gəlməsi üçün belə protezdən 1-2 gün istifadə etmək təklif olunurdu. Sonra protezlər küvetə gipslənir
və quttaperça vulkanlaşdırılmış bazis kauçuku ilə əvəz olunurdu.
Sonralar A.Kantaroviç (1924) dişsiz çənələrdə fiziki-bioloji fiksasiya metodunu işləyib hazırladı.
Metodun məğzi ağız boşluğunun hərəkətli toxumalarının protezə toxunması şəraitində protez
sərhəddinin funksional vəziyyətdə qurulması və funksional yüklənmə momentində protez altında aşağı
təzyiqli sahələrinin yaradılmasından ibarətdir. Bu yalnız kompression ölçü alındıqda mümkündür.
A.Kantoroviç metodunun 100-dən çox variantı var. Bütün müəlliflər qeyd edir ki, fərdi qaşıq
hazırlamaq üçün yaxşı anatomik ölçü tələb olunur.
Herbst sınağına uyğun fərdi qaşığın kənarları formalaşdırılır. (əslində metod ilk dəfə Fonet və
Tuller tərəfindən 1936-cı ildə təklif olunmuşdur, Herbst 1957-ci ildə bir sovet jirnalında məlumat
vermişdir).
Aşağı çənədə 5 nümunədən istifadə olunur:
1. Udqunma və ağzın geniş açılması. Qaşıq udqunmada atılırsa, kənarı selikli qişa qabarından
çənə-dilaltı xəttə qədər qısaldılır. Ağzın açılması zamanı qaşıq yerini dəyişərsə, kənarları qabardan
gələcək I molyarın yerinə qədər qısaldılır. Qaşığın ön tərəfi qalxırsa, köpəkdən köpəyə qədər
vestibulyar kənar qısaldılır.
2. Dilin dodaqları yalamaqla yanlara hərəkəti. Qaşıq qalxarsa, çənə-dilaltı xətt üzrə kənarlar
qısaldılır.
|