Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
29
MÖVZU 17.
Dişsiz çənələrin anatomo-topoqrafik xüsusiyyətləri.
Dişlər tam itirildikdən sonra üz skeletində və onu örtən yumşaq toxumalarda gedən atrofiya
prosesləri üz-çənə sistemində funksional dəyişikliklərlə müşahidə olunur. Əng və çənə sümüklərinin
cismi və şaxələri nazikləşir, çənə bucağı daha da kütləşir. Dişsiz insanların burun-dodaq şırımları
dərinləşir, burunun ucu, ağız bucaqları və hətta xarici göz bucaqları aşağı sallanır. Sifətin aşağı üçdə
bir hissəsinin hündürlüyü xeyli azalır. Əzələlər süstləşir, üz qocalıq görkəmi alır. Yuxarı çənənin
alveol çıxıntısındakı atrofik proseslər vestibulyar tərəfdə, aşağı çənədə isə oral tərəfdə üstünlük təşkil
etdiyindən, “qocalıq progeniyası” adlanan vəziyyət meydana çıxır.
Dişlər tam itirilərkən çeynəmə əzələlərində də morfoloji dəyişikliklər baş verir. Çeynəmə
yükünün azalması ilə əlaqədar əzələlər süstləşir, atrofiyalaşır və xüsusi həcmi azalır. Dəyişikliklər
gicgah-çənə oynağında da gedir: oynaq başı arxaya və yuxarıya doğru yerini dəyişir, oynaq çuxuru
daha da yastılaşır. Diş-çənə sistemində baş verən morfoloji dəyişikliklər çeynəmə və nitq
funksiyalarının da pozulmasına səbəb olur. Vaxtında aparılan ortopedik müalicə nəticəsində diş-çənə
sistemində dişlər tam itirildikdən sonra baş verə biləcək dəyişikliklərin qarşısını almaq olar.
|