Əzələ daxilinə sulu və yağlı məhlullar, həmçinin suspenziyalar yeridilir. Dərman maddələri dəri altına nisbətən əzələ daxilindən daha tez sorulur.
Qıcıqlandırıcı dərman maddələrini əzələ daxilinə yeritmək olmaz.
Venaya dərman maddələri sulu məhlul şəklində yeridilir. Yağlı məhlulları, emulsiya və suspenziyaları qətiyyən venaya yeritmək olmaz! Bu zaman həyat üçün çox təhlükəli olan emboliya (qan damarlarının yağ damlaları, yaxud bərk hissəciklərlə tutulması) baş verə bilər. Venaya yeridilən dərman maddəsi elə ilk dəqiqələrdən təsir göstərməyə başlayır. Bu yolla yeridilən dərman maddəsi qanla sağ qulaqcığa, oradan ağciyərlərə, daha sonra isə sol qulaqcıq və mədəcik vasitəsilə arterial sistemə daxil olaraq tez bir zamanda bütün orqanlara paylanır.
Qanda dərman maddəsinin birdən-birə yüksək konsentrasiyasının yaranmasının (bu, dərman maddəsinin orqanizmə toksiki təsir göstərməsinə səbəb ola bilər) qarşısını almaq üçün onu venaya tədricən yeritmək lazımdır. Bəzən dərman maddəsinin qanda sabit konsentrasiyasını yaratmaq məqsədilə onu venaya damcı üsulu ilə yeridirlər.
Toxumalara güclü qıcıqlandırıcı təsir göstərən dərman maddələrini və bəzi hipertonik məhlulları venaya yeritmək olar.
Bəzi dərman maddələri qanda yüksək konsentrasiyada olduqda belə hematoensefalik sədd (haema - qan, encephalon - baş beyin) onların beyinə nüfuz etməsinə mane olur.
Hematoensefallik sədd(baryer) beyin kapillyarları ətrafında xüsusi hüceyrə təbəqəsinin əmələ gətirdiyi membrandır. Bu membran kənar maddələrin beyinə daxil olmasına mane olur. Ona görə də infeksion xəstəliklər zamanı (məsələn, meningitlərdə) bir sıra antibiotiklər, xüsusilə benzil penisillin və streptomisin beyin qişasından bilavasitə onurğa beyni mayesine yeridilir. Bu yol subaraxnoidal (Sub-altından, arachinoidea-beyinin hörümçək qişası) yeritmə yolu adlanır.
Bu və ya digər orqanda dərman maddəsinin yüksək konsentrasiyasını yaratmaq lazım gəldikdə onun məhlulu birbaşa orqana (məsələn, ürəyə), yaxud orqanı əhatə edən bədən boşluğuna (plevral boşluğa, qarın boşluğuna, oynaqlara və s.) yeridilir.
Qaz (məs., Azot 1-oksid), yaxud uçucu maye halında olan bəzi dərman maddələri (Narkoz efiri, Ftorotan və s.) və aerozollar yuxarı tənəffüs yolları vasitəsilə (nəfəs almaqla) ağciyərlərdən orqanizmə daxil edilir.
Dərman maddələrinin orqanizmə bu yolla yeridilməsi inhalyasiya (inhalatio — nəfəs almaq) adlanır.
Nadir hallarda dərman maddələri orqanizmə intranazal yolla (burunun selikli qişasından, intra - daxil, nasalis - burunun) yeridilir.
İnhalyasiya və intranazal yollar da parenteral yeritmə yollarına aiddir.