Kliniki mənzərə Endometriozun əlamətləri uzun müddət özünü büruzə verməyə bilər. Ancaq tədricən ocaqların yerləşməsindən asılı olaraqxəstəliyin simptomları meydana çıxmağa başlayır.
Adenomiozun (uşaqlıq cisminin endometriozu) əsas əlaməti ağrılı menstruasiyalardır. Eyni zamanda aybaşı qanaxması həddindən artıq çox olur və uzun müddət davam edir. Ən xarakter əlamət – aybaşı qanamasından əvvəl və sonra olan yaxmavari qəhvəyi axıntılardır. Əgər adenomioz ocaqları böyükdürsə aybaşıarası qanaxmalar – metrorragiyalar ola bilər.
Daimi qanaxmalar xroniki dəmirdefisitli anemiyanın əmələ gəlməsinə gətirib çıxarır ki, bu da dəri və selikli qişaların avazıması, zəiflik, təngnəfəslik, saçların tökülməsi, distrofik dəyişikliklərlə özünü büruzə verir.
Ağrı tədricən, bir neçə ilə inkişaf edir. Ağrı aybaşının ilk günü güclənir, aybaşı qurtaranda isə tamamilə itir. Ağrı qasıq nahiyəsinə, düz bağırsağa və ya uşaqlıq yoluna irradiasiya edir.
Uşaqlıq boynunun endometriozu aybaşı əvvəli və ya cinsi əlaqə zamanı yaxmavari qanlı ifrazat ilə müşayiət olunur. Servikal kanalın zədələnməsi zamanı qarnın aşağısında küt ağrılar ola bilər.
Uşaqlıq yolunun və aralığın endometriozu zamanı əsas şikayət uşaqlıq yolunda və aralıqda aybaşı əvvəli və ilk günlərində yaranan və güclənən, cinsi əlaqə zamanı olan ağrılardır. Bu ağrılar uşaqlıq yolunda lokalizə olunur və çox güclü ola bilir.
Aralığın və düz bağırsağın endometriozla zədələnməsi defekasiya zamanı ağrılarla müşaiyət olunur.
Retroservikal endometrioz sinir kələflərinin və düz bağırsağın sıxılması ılə xarakterizə olunur. Pasientlər kiçik çanaqda aybaşı zamanı güclənən və belə, buda yayılan ağrılardan şikayət edirlər. Çox vaxt qəbizlik, nəcisdə selik və qan rast gəlinir.
Yumurtalıqların endometriozu aybaşı əvvəli qarnın aşağısında küt ağrılarla özünü göstərir.Bu ağrı fiziki gərginlik və ya cinsi əlaqə zamanı güclənir. Sonsuzluğun yaranması ehtimalı çoxdur.
Sonsuzluq genital endometriozun əsas xarakterik xüsusiyyətlərindən biridir. O yumurtalıqlarda follikulların sayının azalması, kiçik çanaqda orqanlar arasında bitişmələrin olması, uşaqlığın selikli qişasının strukturunun və funksiyasının təkrarlanan qanaxmalar nəticəsində pozulması, hormonal pozğunluq nəticəsində meydana çıxır. Qadın sonsuzluğu haqda bu məqaləmizdə oxuya bilərsiniz.