Mötədil (mülayim) inflyasiya dövründə qiymətlər il ərzində 10%-dan çox artmır, pulun alıcılıq qabiliyyəti demək olar ki, dəyişmir. Qərb ölkələrində buna heç bir narahatlıq doğurmayan normal hal kimi baxırlar.
Qiymətlərin qalxması il ərzində iki və daha çox rə-qəmli ədədlərlə ifadə olunduqda buna "çaparaq" inflyasiya deyilir. Bu zaman müqavilələr qiymətlərdəki dəyişkənliklə əlaqələndirilir, pul kütləsi sürətlə əmtəələrdə maddiləşdirilir. Inflyasiya iqtisadiyyat üçün təhlükə törətdiyinə görə onun əleyhinə tədbirlər görülməsi tələb olunur.
Hiperinflyasiya zamanı qiymətlər çox sürətlə artır, onunla əmək haqqı arasında çox böyük fərq əmələ gəlir, iri müəssisələr nəinki mənfəət əldə edir, əksinə zərərlə işləyirlər, iqtisadiyyat iflic vəziyyətinə düşür, adamlar əllərində olan pulu əmtəələrdə maddiləşdirməyə çalışır, təsərrüfat əlaqələri pozulur, barter sövdələşmələrinə üstünlük verilir, bizneslə məşğul olmaq fayda vermir. Odur ki, istehsal ixtisar olunur, xarici əlaqələr azalır, firmadaxili təsərrüfatçılığın ünsürləri arasında uyğunsuzluqlar əmələ gəlir.
Tarazlaşdırılan inflyasiyada müxtəlif əmtəə qrupları-nın qiymətləri nisbətən sabit qalır, tarazlaşdırılmayan inflyasiyada isə, əksinə, dəyişir.
Tarazlaşdırılan inflyasiya bizneslə məşğul olmaq üçün qorxulu deyildir. Bu zaman yalnız qiymətləri vaxtaşırı artırmaq lazım gəlir. Mənfəətin itirilməsi təhlükəsi isə qiymətlərin artırılmasının axırıncı pilləsində dayanan sahibkarlar üçün qalmış olur. Bu, birinci növbədə intensiv xarici kooperasiya əlaqələrinə əsaslanan və mürəkkəb məhsullar istehsal edənlərə aiddir.
Tarazlaşdırılmayan inflyasiya o deməkdir ki, xam-mal və materialların qiymətləri son istehlak məhsullarının qiymətlərinə nisbətən daha sürətlə artır. Bu, bizneslə məşğul olmaq üçün təhlükə törədir. Kapitalın tətbiq olunduğu sahələrin seçilməsində çətinlik yaradır, belə bir şəraitdə sənaye inkişaf etmir, yalnız az sayda möhtəkirlik – vasitəçilik əməliyyatları mümkün olur.
Gözlənilən və gözlənilməyən inflyasiyalar da bir-birindən fərqlənir. Gözlənilən inflyasiya dedikdə qabaqca-dan proqnozlaşdırılan inflyasiya nəzərdə tutulur. Gözlənil-məyən inflyasiya isə adından göründüyü kimi, qabaqcadan onun olub-olmaması haqqında proqnoz verilmir.
Tarazlaşdırılan və gözlənilən inflyasiyalar iqtisadiy-yata ziyan vurmur. Çünki onları qabaqcadan proqnozlaş-dırmaq mümkün olduğuna görə müəyyən tədbirlər görülə bilər və görülür. Tarazlaşdırılmayan və gözlənilməyən infl-yasiyalar isə olduqca təhlükəlidir və iqtisadiyyata böyük ziyan vururlar.