Süni ipək. Süni ipək üç növdə buraxılır, bunlar viskoz, misli ammonyak və asetat ipəklərdən ibarətdir.
Viskoz ipəyi süni ipəklər içərisində ən çox yayılmışdır. Viskoz ipəyi olduqca mürəkkəb üsulla ağac sellülozasından istehsal edilir. Bu sellülozadan viskoz ipəyi almaq üçün onu merserizə əməliyyatından keçirib doğramaq, karbon-sulfid içərisində saxlamaq və natrium hidroksiddə əritmək lazımdır. Nəticədə əmələ gələn özlü maddə təmizləndikdən sonra xüsusi qurğularda (filyerlərdə) xırda deşiklərdən süzülüb kükürd turşusu olan çökdürücü vannaya tökülür. Bu vannada maye şırımları bərkiyib nazik liflərə çevrilir. Bu liflər bir yerə yığışdıqda viskoz ipəyi əmələ gəlir və həmin ipək sonrakı emala verilir, yəni ağardılır, boyanır və i. a.
Adi viskoz ipəyi möhkəmlik cəhətcə natural ipəyə nisbətən təxminən iki dəfə zəifdir. Islanan zaman bunun möhkəmliyi, demək olar 60% aşağı düşür, lakin quruyanda möhkəmliyi bərpa olur. Viskoz ipəyi turşu və qələvilərin təsirinə olduqca həssasdır.