Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu
təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların
altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün
zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur.
Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq
vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən
gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Bu qaydada
hesablanmış torpaq vergisinin məbləği məhdudlaşdırılmayan gəlirdən
çıxılmalara aid edilir.
Bələdiyyələr hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi
hesablayır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara
çatdırılır.
Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya
istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün
ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə
mütənasib surətdə hesablanır.
Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr
tarixlərindən gec olmayaraq ödənilir. Torpaq vergisi torpağın əvvəlki
sahibi tərəfindən ödənilmədiyi halda, vergi yuxarıda müəyyən edilmiş
ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.
Müəssisələrin torpaq vergisi dövlət büdcəsinə, fiziki şəxslərin
torpaq vergisi ilə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.