26. Nitqin formaları. Yazılı nitqin tələbləri
27. Nitqin formaları. Şifahi nitqin tələbləri
28. Nitqi dinləmə və diskussiya mədəniyyəti
Adamlar gündəlik nitq praktikasında başqaları ilə dialoqa, fikir mübadiləsinə, diskussiyaya girirlər. Fikir mübadiləsi müxtəlif məqsədlərə (müəyyən bir informasiya, hadisə barədə məlumatlanmaq, müsahibini nəyəsə inandırmaq, sövq etmək, nədənsə çəkindirmək, deyilənlərə münasibət bildirmək və s.) xidmət edir. “Dialoq” termini yunanca “dialoqos” sözündən götürülmüş, iki və daha çox şəxsin qarşılıqlı söhbəti, fikir mübadiləsi mənasını ehtiva edir. Geniş mənada dialoq müxtəlif əqidələrə, mədəniyyətlərə, siyasi görüşlərə, düşüncələrə mənsub insanların bir araya gələrək, mədəni ölçülər səviyyəsində bir-biri ilə danışması, müəyyən məsələlərin müzakirə edilməsi yoludur. Dialoq, əsasən, iki şəraitdə aparılır:
a) ailədə, küçədə, bazarda, iş yerində, nəqliyyatda, məişət məclislərində, çayxanalarda və s.;
b) ictimai yerlərdə, elmi konfranslarda, simpoziumlarda, iclaslarda, tədris auditoriyalarında, radio və televiziya verilişlərində və s. Hər bir şəraitdə adamların normal fikir mübadiləsi, bir-birini anlaması üçün müəyyən qaydalara, şərtlərə, etik normalara əməl olunmalıdır. Bunlardan ən başlıcası ünsiyyətin səmimiliyidir. Bu o deməkdir ki, birinci şəxs danışarkən digəri (və ya digərləri) onu axıra qədər dinləməli, müsahibinə fikrini açıqlamağa imkan verməli, sonra söhbətə qoşulmalıdır. Müsahibi mətləbdən uzaqlaşdığı, lüzumsuz məsələlərdən danışdığı, təfərrüata yol verdiyi zaman dinləyən tərəf “İcazə verin”, “Üzr istəyirəm”, “Sizin bu fikrinizə kiçicik bir düzəliş vermək istəyirəm”, “İcazə verin fikrinizə bir qədər aydınlıq gətirim” və s. kimi replikalarla onun danışığına müdaxilə edə bilər. Diskussiyada iştirak edənlər öz mövqeyini dəyişmək istəmədikdə belə deyilməlidir: “Mən sənin fikirlərini qiymətləndirirəm. Lakin öz fikirlərimə daha çox əminəm”. Danışan həmkarının fikirləri ilə razı olmaya bilər, lakin bununla belə ortaq məxrəcə gəlmək üçün yolların axtarılmasından imtina etməməlidir. Fikirlər qarşılıqlı anlama şəraitində, etik normalar çərçivəsində müzakirə edilməli, problemin həlli yolu tapılmalıdır.
Dostları ilə paylaş: |