FƏSİL 11. K. MARKSIN İQTİSADİ TƏLİMİ
§1. K.MARKS ALTERNATİV İQTİSADİ TƏLİMİNİN
YARADICISIDIR
XIX əsrin birinci yarısı K.Marksın iqtisadi ideyalarının və iqtisadi görüşlərinin təşəkkül tapıb qərarlaşması dövrünün ilk mərhələsidir. Heç də təsadüfi deyildir ki, K.Marksın və onun dostu və silahdaşı F.Engelsin Siyasi İqtisad elmində irəli sürmüş olduqları alternativ iqtisadi ideyalar onlara dünya şöhrəti gətirmişdir.
K.Marks öz əsərlərində siyasi iqtisadın tarixini araşdırmış və burjua siyasi iqtisadının əsas kateqoriyalarının təhlilini vermişdir. Yaradıcılığının bu mərhələsində K.Marks xüsusilə dəyər, istehsal xərcləri, torpaq rentası, kapital, əmək, rəqabət anlayışlarına daha çox diqqət yetirməklə bu kateqoriyalaraı öyrənib tədqiq etmişdir. Qeyd etdiyimiz problemlər, xüsusilə K.Marksın 1844-cü il iqtisadi-fəlsəfi əlyazmalarında öz əksini tapmışdır.
K.Marksın fikrincə cəmiyyətin aparıcı qüvvəsi proletariatdır və proletariat xüsusi mülkiyyəti ləğv edə bilər. Bunun üçün proletariatı yeni ideyalarla, iqtisadi və fəlsəfi ideyalarla silahlandırmaq lazımdır. K.Marks göstərirdi ki, proletariat üçün yeni bir iqtisadi elmi sistemin yaradılması zəruridir.
"İqtisadi - fəlsəfi əlyazmalarında" K.Marks istehsal xərclərinin tərkib ünsürlərini, əmək haqqını, kapitala görə əldə edilən mənfəəti və torpaq rentasını təhlil edir. Lakin bu dövrdə o, A.Smitin, D.Rikardonun və J.B.Seyin əsərlərinin və eləcə də onların iqtisadi fikirlərinin təsiri altında idi. K.Marks əmək və kapital kateqoriyalarına özgəninkiləşdirilmə kimi baxmaqla qeyd edirdi ki, özgəninkiləşdirməyə şüur dairəsində deyil, iqtisadi akt kimi baxmaq lazımdır. Odur ki, kapitalı əməkdən ayırmaq olmaz.
Qeyd edək ki, K.Marksın kapitala və əməyə belə yanaşması öz əsərlərindən fərqli olaraq yeni metodoloji prinsip idi. Məlumdur ki, K.Marksın sələfləri heç bir izahat vermədən xüsusi mülkiyyətdən çıxış edirdilər. K.Marks əksinə olaraq, sərvət və kasıbçılıq arasında ziddiyyət görürdü. O göstərirdi ki, fəhlələr nə qədər çox sərvət istehsal etsələr də, bir o qədər kasıbçılığa yuvarlanırlar.
Belə bir metodoloji prinsip K.Marks üçün sonralar onun "Kapital" əsərində çxış nöqtəsi olur və K.Marks göstərilən metodoloji prinsipə əsaslanaraq konkretlilikdən abstraktlığa doğru hərəkət edir. Beləliklə, K.Marks kapitalist istehsalı prosesinin və kapital yığımının ümumi qanununun tərkib hissələrinin elmi təhlilini verir.
Yoxsulluq və sərvət arasında olan əksliklərdə K.Marks özgəninkiləşdirmənin müxtəlif növlərini görürdü. O göstərirdi ki, əməyin məhsulu kapitalizm cəmiyyətində özgələşdirilir, istehsal özgələşdirilir, əmək özgələşdirilir, əmək məcburi əməyə çevrilir, fəhlənin əməyi özününki deyil, o, kapitalistə mənsubdur, əmək prosesində fəhlə özünə deyil, başqasına tabedir.
Əməyin və xüsusi mülkiyyətin özgəninkiləşdirilməsinin köməyilə K.Marks bütün iqtisadi kateqoriyaları inkişaf etdirir. Lakin bu məsələlərin həllini o, iki prinsiplə əlaqələndirir:
birincisi, xüsusi mülkiyyətin ümumi mahiyyətinin müəyyən edilməsi - çünki xüsusi mülkiyyət əməyin özgəninkiləşdirilməsinin nəticəsidir;
ikincisi, əməyin özgəninkiləşdirilməsinin mənşəyi. Xüsusi mülkiyyətin mənşəyini tədqiq etmək üçün K.Marks əməyin və kapitalın dialektik əlaqəsini təhlil edir. O belə bir nəticəyə gəlir ki, əməyin özgəninkiləşdirilməsi üçün azad, sərbəst və yaradıcı əməyin olması zəruri şərtdir. K.Marks iqtisadi sisteminin sonrakı inkişafı və təkmilləşdirilməsi onun 1844-cü ildə Parisdə F.Engels ilə olan tanışlığı və sonrakı dostluğu olmuşdur. K.Marks və F.Engels 1845-ci ildə birgə yazdıqları "Müqəddəs ailə və ya tənqidi tarixdən" əsərini çap etdirirlər. Əsər gənc Hegelçilərin əleyhinə yönəlmişdir. Göstərilən əsərdə K.Marks və F.Engels belə bir nəticəyə gəlirlər ki, proletariat özünü iqtisadi cəhətdən azad etməklə cəmiyyətində azad olunması üçün maddi ilkin şərtlər yaradacaqlar.
"Müqəddəs ailə" əsərinin beşinci fəslində K.Marks P.J.Prudonun iqtisadiyat haqqında fikirləri inqilabiləşdirir. Lakin K.Marks onun bə:zi fikirləri ilə razılaşmırdı. Burjua iqtisadçıları xüsusi mülkiyyəti insanpərvərliyin və insan zəkasının nəticəsi kimi izah edirdilər. Prudon isə göstərirdi ki, xüsusi mülkiyyət qeyri-insani münasibətlər nəticəsində yaranmışdır. Buna baxmayaraq Prudon xüsusi mülkiyyətin bəzi formalarına bəraət qazandırırdı. Məhz bu səbəbdəndir ki, K.Makrs burjua siyasi iqtisadının məhdudluğunu aradan qaldırmağa çalışırdı.
XIX əsrin birinci yarısında K.Marks burjua siyasi iqtisadını tənqid edərək Prudondan irəli getmiş və siyasi iqtisadı fəhlə sinfinin mənafeyi baxımından inkişaf etdirmişdir. K.Marks xüsusi mülkiyyətin tənqidini özgəninkiləşdirilməsi ilə əlaqədə verərək yoxsullar və sərvətlilər arasında olan əkslikləri xüsusi mülkiyyətin inkişafı nəticəsi kimi təhlil etmişdir. O qeyd edirdi ki, əgər varlılar sinfi özgəninləşdirmə şəraitində özlərini yüksək təbəqə nümayəndələri kimi hiss edirlərsə, yoxsullar belə bir şəraitdə özlərini məhv olmuş kimi görürlər. Odur ki, burjua siyasi iqtisadı bu vəziyyəti konservativ hal kimi izah edirlər, bu konservativ antaqonizm və mənafeləri saxlamağa çalışırlar. Lakin bu münasibətlərin dağılması və məhv olmasının tərəfdarıdır.
Beləliklə, K.Marks proletariatın tarixi rolunu əsaslandırmışdır. Proletariatın tarixi rolu dedikdə, xüsusi mülkiyyətin ləğvini nəzərdə tuturdu. Qeyd edək ki, XIX əsrin birinci yarısında K.Marks və F.Engels öz əsərlərində, xüsusilə fəlsəfi baxımdan yazdıqları əsərlərində göstərdiyimiz əsrə uyğun olaraq fəlsəfənin və "həqiqi sosializmin" alman həqiqətilə əlaqəsini açıqlayırdılar və bu fəlsəfənin xırda burjua xarakteri daşımasını tənqid edirdilər. K.Marks və F.Engels tam mənası ilə A.Feyerbaxın ideoloji baxımlarını aradan qaldıraraq tarixi materialistcəsinə anlamaq nəzəriyyəsini irəli sürürdülər.
K.Marks və F.Engels tarixi inkişafa nəsillərin ardıcıl olaraq dəyişməsi mərhələsi kimi baxırlar. Belə ki, bu proses zamanı insanlarla təbiət arasında maddi istehsalla əlaqədar olaraq münasibətlər yaranır ki, bu münasibətlər də məhsuldar qüvvələri ehtiva edirlər. İnsanlarla təbiət arasında və insanların öz aralarında yaranıb təzahür edən münasibətlər nəticəsində yeni nəsillərdə şəkildəyişmə baş verir. Bu konsepsiya onu göstərir ki, tarixi inkişaf obyektiv qanunauyğunluq prosesi daxilində hərəkət edir. A.Feyerbaxın fikirlərindən fərqli olaraq K.Marks və F.Engelsin tarixi inkişaf prosesinə dialektik materializm nöqteyi-nəzərindən yanaşması o demək idi ki, kommunizm fatalizm, yəni abstrakt təxəyyüllərdən deyil, tarixin konkret inkişafından irəli gəlir. P.Feyerbax isə insanın mahiyyətinə antropoloji baxımdan yanaşırdı.
XIX əsrin əvvəllərində K.Marks və F.Engels birgə yazdıqları "Alman ideologiyası" əsərində göstərirdilər ki, tarix ümumdünya tarixinə çevrilməlidir. Çünki tarixin ümumdünya tarixinə çevrilməsi, fərdin real olaraq azad olması o deməkdir ki, kommunizm cəmiyyətində kollektiv quruluşa əsaslanan, istehsal edənlərin özləri-özlərinə nəzarət edəcək münasibətlər hökm sürəcək. K.Marksın iqtisadi sisteminin və baxışlarının sonrakı formalaşması 1847-ci ildə nəşr etdirdiyi "Fəlsəfə yoxsulluğu" əsəri ilə əlaqədardır. Bu əsərdə Marksın XIX əsrin birinci yarısında apardığı iqtisadi təhlillər və tarixi materialistcəsinə anlamaq ideyaları öz əksini tapmışdır. Eyni zamanda K.Marks bu kitabıda Prudonun xırda burjua və metafizik konsepsiyalarının tənqidini vermişdir. K.Marks bir tərəfdən Prudoun dəyər nəzəriyyəsini, digər tərəfdən isə onun metodunu ("iqtisadi ziddiyyətlər") tənqid edirdi.
K.Marksın iqtisadi görüşlərinin və iqtisadi sisteminin sonrakı formalaşmasında onun mülkiyyət məsələləri barədə Prudonun fikirlərini tənqid etməsi olmuşdur. Əgər "Müqəddəs ailə" əsərində K.Marksın baxışları Prudonun fikirlərindən az fərqlənirdisə "Fəlsəfə yoxsulluğu" əsərində (bu əsəri K.Marks Prudonun "Yoxsulluq fəlsəfəsi" kitabının əleyhinə yazmışdı) isə o tamamilə Prudona əks olan elmi fikirlər irəli sürürdü. Beləliklə, K.Marks Prudona qarşı əks mövqe tutur. O göstərirdi ki, iqtisadi münasibətlər sistemində mülkiyyətdən başlamaq olmaz. Mülkiyyət anlayışı tarixi kateqoriya olsa da onu istehsal münasibətlərindən ayırmaq olmaz. Çünki bütün iqtisadi formasiyalarda mülkiyyət müxtəlif formalarda inkişaf etmişdir. K.Marks daha sonra göstərirdi ki, burjua mülkiyyətinin mahiyyətini müəyyən etmək o deməkdir ki, mülkiyyətin tarixi inkişafı təhlil edilir. Bu fikir isə, K.Marksın təbirincə desək, burjua istehsalına bəraət vermək deməkdir.
O qeyd edirdi ki, iri maşınlı sənaye proletariatı birləşdirirsə, rəqabət onların arasında olan birliyi zəiflədir. Odur ki, proletariat fəhlə sinfi daxilində rəqabətə son qoymalıdır və kapitalistlərə qarşı mübarizədə onlar birləşməlidirlər.
Göstərdiyimiz dövrdə, fəhlə sinfinin mənafeyi baxımından K.Marksın "Ticarət azadlığı haqqında"kı nitqini klassik misal göstərə bilərik. 9 yanvar 1848-ci ildə Brüsseldə demokratik assosiasiya qarşısında etdiyi nitqində K.Marks göstərdi ki, ticarət azadlığı kapital üçün fəhlə sinfinin şirəsinin və qanının sorulması vasitəsidir və bu vasitə kapitalın artması və proletariatın yoxsullaşması üçün geniş üfüqlər yaradır.
K.Marks qeyd edirdi: Proteksionizmdən fərqli olaraq azad ticarət sistemi obyektiv olaraq kapitalizmin inkişafına təkan verir, sürətləndirir. Lakin ticarət azadlığı proletariat ilə burjuaziya arasında ziddiyyətləri daha da kəskinləşdirir. Ticarət azadlığı sosial inqilabın partlamasına, onun baş verməsinə şərait yaradır. Məhz bu səbəbdəndir ki, ticarət azadlığını K.Marks alqışlayırdı. Onun bu çıxışları "Yeni Reyn qəzeti"ndə çap olunur və bunların əsasında K.Marksın "Muzdlu əmək və kapital" əsəri yaranır. Göstərdiyimiz əsərlə yanaşı 1847-ci ildə o, "Əmək haqqı" kitabçasını yazır. Bu hər iki əsərdə K.Marks muzdlu əməklə kapital arasındakı münasibətləri təhlil etməklə yanaşı, əmək haqqı nədir və onu necə müəyyən etmək olan sualının izahını da verir.
K.Marks yazırdı ki, kapital və muzdlu əmək qarşılıqlı olaraq bir-birini müəyyən edir, qarşılıqlı olaraq bir-birini yaradır və qarşılıqlı olaraq bir-birini tamamlayır. Fəhlələr və kapitalistlər arasında olan mənafe ümumiliyini tənqid edərək K.Marks göstərdi ki, fəhlələrin vəziyyəti istehsal təyinatlı kapitaldan asılıdır, bu kapitalın artması burjuaziyanın fəhlələr üzərində olan ağalığını artırır. Bu nöqteyi-nəzərdən o, nominal və real əmək haqqını təhlil edirdi və göstərirdi ki, əmək haqqı kapitalizmlə nisbi olaraq artır. Bu proses isə özlüyündə muzdlu əməklə kapital arasında olan ziddiyyətləri aradan qaldırmır. Bu ziddiyyətin aradan qaldırılması üsulu kimi proletar inqilabının baş verməsi zəruriliyi irəli sürülürdü.
F.Engels göstərirdi ki, proletariat inqilab etdikdən sonra aşağıdakı iqtisadi tədbirlər sistemini həyata keçirəcəkdir:
Xüsusi mülkiyyətin məhdudlaşdırılması və onun tədricən sahibkarlardan məhrum edilməsi, əhalinin əksəriyyətinə qarşı çıxış edənlərin varidatının və əmlakının zəbt olunması. Milli mənafelər naminə əməyin təşkili, sənaye ordusunun təşkili, kredit və ticarət-pul sisteminin mərkəzləşdirilməsi, xüsusi bankların bağlanması, milli fabriklərin artırılması, uşaqların dövlət hesabına saxlanması və tərbiyəsi, torpaqdan səmərəli istifadə və s. K.Marks, F.Engelsin yuxarıda qeyd etdiyimiz bütün fikirlərilə razılaşırdı. Belə ki, 29 noyabr-8 dekabr 1847-ci ildə keçirilən Kommunistlər İttifaqının II konqresində proletar partiyası proqramının yazılması K.Marksa və F.Engelsə tapşırılır. Beləliklə, "Kommunist partiyasının manifesti" yaradılır və onun ilk şüarı olan "Bütün ölkələrin proletarları birləşin" şüarı bütün Avropaya yayılmağa başlayır.
1848-1849-cu illərdən başlayaraq proletar sinfi ilk dəfə olaraq elmi cəhətdən əsaslandırılmış proqram sənədi əldə edir. Bu yuxarıda göstərdiyimiz kimi K.Marks və F.Engelsin birgə yazdıqları "Kommunist partiyasının manifesti" əsəri idi. Tarixi materializmi ictimai həyata tətbiq etməklə, K.Marks və F.Engels "Manifest" əsərində belə bir nəticəyə gəlirlər ki, bu günə kimi mövcud olan cəmiyyətlərin mübarizəsi siniflərin mübarizə tarixi olmuşdur. Onlar göstərirdilər ki, maddi istehsal şəraitində baş verən dəyişikliklər burjuaziyanı və proletariatı yaratmışdır ki, bunlar da bir-birinə qarşı dayanan antaqonist ziddiyyət təşkil edən siniflərdir.
İri sənaye dünya bazarı yaratmışdır və onlar bir-birinə qarşılıqlı olaraq təsir göstərirlər. Sənayenin feodal forması sıxışdırılır, oyuna uyğun olan orta əsr sinifləri ikinci plana keçirilir. Bu möhtəşəm iqtisadi mübarizədə burjuaziya uğur qazanır. Burjuaziya özünə uyğun olan dövlət hakimiyyətini ələ keçirir. Beləliklə, kapitalizm cəmiyyətində dövlət maşını burjuaziyanın mənafeyinə uyğun idarəçilik metodlarından istifadə edir. "Kommunist partiyasının manifesti" əsərində bir də apardıqları tədqiqatlarda K.Marks və F.Engels belə bir nəticəyə gəlirlər ki, 100 ilə qədər hökmranlıq edən burjuaziya çox güclü və inkişaf etmiş məhsuldar qüvvələr, məhdud xarakter daşıyan burjua xüsusi mülkiyyəti ilə bir araya sığmır. Burjua mülkiyyət münasibətləri ilə toqquşan məhsuldar qüvvələr öz ifadəsini böhranlarda tapır. Mövcud böhrandan çıxmaq üçün burjuaziya bir tərəfdən maddi məhsuldar qüvvələrin bir hissəsini məhv edir, digər tərəfdən isə yeni bazarlar zəbt edir, köhnə bazarların isə istismarını daha da dərinləşdirir. K.Marks və F.Engels yazırdılar ki, bundan sonra məhsuldar qüvvələrlə istehsal münasibətləri arasında olan ziddiyyəti aradan qaldırmaq üçün burjua mülkiyyətini ləğv etmək lazımdır. Burjuaziyanın özü bu ziddiyyətləri həll etmək məqsədilə müəyyən şərtlər və şərait yaradır. Digər tərəfdən burjuaziya ilə maşınlaşdırılmış istehsal arasındakı rəqabət fəhlə sinfinin bütün kateqoriyalardan ibarət olan üzvlərinin əmək haqqını minimum səviyyəyə endirir. Öz ümumi mənafelərini müdafiə etmək məqsədilə fəhlə sinfi həmkarlar ittifaqları yaradaraq açıq şəkildə mübarizə aparırlar. K.Marks və F.Engels "Manifest"də yazırdılar ki, hər cür sinfi mübarizə siyaisi mübarizədən başqa bir şey deyildir.
"Manifest"də göstərilir ki, burjua istehsal üsulu şəraitində fəhlə əməyinə görə əmək haqqı alır. Bu əmək haqqı da həyat üçün zəruri olan vəsaitlərin minimumuna bərabərdir. Kommunizmdə isə yığım istehsalın genişlənməsinə, həyat səviyyəsinin daim yaxşılaşmasına xidmət edəcəkdir. K.Marks və F.Engels bu əsərdə yazırdılar ki, burjua cəmiyyətində keçmiş bu gün üzərində hökm edərsə, kommunizm cəmiyyətində isə bu gün keçmiş üzərində hökm edəcəkdir. K.Marks və F.Engels inandırıcı surətdə öz əleyhdarlarına sübut edirdilər ki, kommunizm cəmiyyəti əməyin yaradıcı məhsuldar qüvvəsini məhv etmir, təhsil sistemini aradan qaldırmır, ailə münasibətlərini məhdudlaşdırmır. Əksinə, bütün bunlar kommunizm cəmiyyətində yaradıcı xarakter daşıyacaqlar və hər cürə çatışmazlıqlardan azad olacaqlar.
Beləliklə, qalib gələn proletar inqilabı nəticəsində burjua cəmiyyətinin yerinə sinfi antaqonizmdən və istismardan və xüsusi mülkiyyətdən azad olan assosiasiya gələcəkdir ki, bu assosiasiyada hər bir fərdin sərbəst inkişafı bütün cəmiyyət üzvlərinin sərbəst və azad inkişafına xidmət edəcəkdir.
Dostları ilə paylaş: |