Qeyri-verbal ünsiyyət (bədən hərəkətlərinin dili ): gündəlik həyatda qeyri-verbal ünsiyyətdən çox istifadə olunur. Məs: Təcili yardım maşınının sirena səsi, telefon zəngi və s. söz işlətmədən informasiya verir. Bundan başqa jestlər, hərəkətlər və paltarın tipi ünsiyyət məlumatı verir. Polis forması göstərir ki, bu insan hüquq-mühafizə orqanının nümayəndəsidir. Avtomobilin tipi, evin həcmi insan haqqında ünsiyyət məlumatı verir. Bütün bunlar qeyri-verbal ünsiyyətdir.
Bizim həqiqi hisslərimiz, mimika, göz, duruş, jest və bədən hərəkətlərimizdə özünü göstərir.
Mimika: geniş yayılmış qeyri-verbal ünsiyyət vasitələrindən biri sifətin ifadəsidir. Bir çox insanlar, danışan insanın gözünə, üzünə, ağzına baxır. Qara eynək geymiş müsahibiniz ilə danışanda, özünüzü narahat hiss edəcəksiniz. İnsanın gözünə baxanda rahat söhbət etmək olar. İnsanın mimikasına baxanda onun kədər və ya sevinc hissi keçirdiyini, utandığını və ya əsəbləşdiyini bilmək olar. Lakin, qeyd etmək lazımdır ki, mimika heç də həmişə tam informasiya vermir. Bir sıra ölkələrin mədəniyyətində, jest və mimika müxtəlif cür qəbul olunur.
Məsələn, Asiya və Afrikanın bir sıra ölkələrində, danışan zaman insanın gözünə birbaşa baxmaq nəzakətsizlik sayılır. Qərb ölkələrində isə əksinə danışanda gözə baxmaq lazımdır. İnsan, şəraitdən asılı olaraq, mimikasını dəyişə bilər. Məs: kazinoda, qumar oynayan insanın mimikası bir-neçə dəfə dəyişə bilər. Bəzən, xoşa gəlmək üçün, insanın üzündə təbəssüm olur. İnsanın gülüşü, yalnız sevinc deyil, əsəbiliyini, utancaqlığını da ifadə edə bilər.
Göz: auditoriya ilə göz təması quran insanın çıxışını diqqətlə dinləyirlər. Çıxış edən insan tavana və ya döşəməyə gözünü tez-tez zilləyirsə bu əsəbiliyin və inamsızlığın əlamətidir. Dinləyicilərdə elə təsəvvür yaranır ki, danışan insan narahatdır və ya yalan söyləyir.
Jestlər, hissləri və münasibətləri ifadə edir. Məs: İnsan saçları ilə oynayırsa, dodağını və dırnaqlarını dişləyirsə, narahatlıq keçirdiyini biruzə verir. Siqareti ardıcıl çəkən insan gərgin olduğunu göstərir. Ən geniş yayılmış bədən hərəkəti əlləri çarpazlamaqdır.