Fəsil 1.ORTA MƏKTƏB RİYAZİYYATININ ÖYRƏDİLMƏSİNDƏ MÜASİR METOD VƏ VASİTƏLƏRDƏN İSTİFADƏNİN NƏZƏRİ MƏSƏLƏLƏRİ
Tənliklər və bərabərsizliklərin həllində tətbiqi proqramlardan istifadənin imkanları
Orta məktəbdə dəyişəni olan bərabərliyə tənlik kimi tərif veririk. Lakin nəzərə alaq ki, Kolmoqorov tərifi kimi riyaziyyatın tədrisi metodikası tarixinə düşən tərif daha elmi və müasirdir. Tənliyin həlli ilə bağlı şagirdlərə tənliyin kökü, mümkün qiymətlər oblastı, kənar kök, təyin oblastı, tənliyin nəticəsi, tənliyin ekvivalentliyi və s. anlayışlar öyrədilir. VII sinifdən şagirdlərə xətti tənliklər sisteminin həlli yolları öyrədilir. Tənliklər sisteminin həllində əvəz etmə, toplama və qrafik üsuldan istifadə edilir. Qrafik üsulla həll etmək dedikdə, tənlikləri ydən asılı vəziyyətə salırıq. Daha sonra x-ə qiymət verib y-i tapıb qrafik üzərində göstəririk.
İkidəyişənli xətti tənliklər sistemini əvəzetmə üsulu ilə həll edərkən ardıcıllıqlar gözlənilməlidir. Əvvəlcə dəyişənlərin biri digəri ilə ifadə edilir, əvəz edilmiş dəyişənin ifadəsi ikinci tənlikdə yerinə yazılır, alınmış birdəyişənli xətti tənlik həll edilib dəyişənin qiyməti tapılır, tapılan dəyişənin qiyməti dəyişənin birinin digəri ilə ifadə edildiyi tənlikdə yerinə yazılır və ikinci dəyişənin qiyməti tapılır və sonda cavab cüt şəklində yazılır. İkidəyişənli xətti tənliklər sistemini toplama üsulu ilə həll edərkən müəyyən ardıcıllıq gözlənilməlidir. Bunlar aşağıdakılardır: əgər tənlikdə eyni dəyişənin əmsalları əks ədədlərdirsə onda tənliklər tərəf-tərəfə toplanır, tənlikdə dəyişənin əmsalları əks ədədlər iştirak etmirsə, onda tənliklər sıfırdan fərqli elə ədədə vurulur ki, dəyişənlərdən birinin əmsalı əks ədədlər olsun. Alınmış tənliklər tərəf – tərəfə toplanılır. Alınmış birdəyişənli xətti tənlik həll edilir və dəyişənin qiyməti tapılır. Tapılan dəyişənin qiyməti tənliklər sistemində verilmiş tənliklərdən birinin yerinə yazılır və ikinci dəyişənin qiyməti tapılır. Və sonda cavablar cüt şəklində göstərilir [12, s. 80].
Şagirdlərə ilk öncə doğru və ya doğru olmayan bərabərlik haqda məlumat verilir. Çünki xətti tənliklər sistemini həll edərkən ya doğru bərabərlik, yaxud da doğru olmayan bərabərlik alınır. 3 = 3 doğru bərabərlik, 3 = 5 isə doğru olmayan bərabərlikdir. Doğru olmayan bərabərlik ≠ işarə olunur. Yəni 3 ≠ 5. Bundan sonra tənliklərin ala biləcəyi qiymətlər şagirdlər üçün araşdırılır. Xətti tənliklər sisteminin həllin olmaması, sonsuz sayda olması və ya yeganə həllin olması qaydası izah edilir.
Məlumdur ki, orta məktəb riyaziyyatının bəzi mövzularının öyrədilməsində nəzəri materiallardan və əyanilikdən istifadə etmək mütləq lazım gəlir. Təcrübə göstərir ki, şagirdlər isə nəzəri materialın öyrənilməsinə o qədər də həvəs göstərmirlər. Bundan başqa hansı praktik işlərin nəticələrində konkretlik varsa, həmin çalışmaların həllinə daha çox diqqət yetirilir. Lakin izahat və məntiqi mühakimə tələb edən çalışmaların həllində isə şagirdlərin çoxu tez yorulur və həvəsdən düşürlər. Belə mövzulardan biri də tənliklər sisteminin və loqarifmik bərabərsizliklərin öyrədilməsi zamanı müşahidə edilir. Ona görə də belə xarakterli mövzuların öyrədilməsi prosesində yeni vasitələrdən və metodlardan istifadə olunmalıdır. İndi ən rahat və istifadəsi asan olan tədris vasitələrindən biri də kompüterlər və onlarda olan tətbiqi proqram vasitələridir. Riyaziyyat müəllimlərinin əksəriyyəti tətbiqi proqramlarla işləməyi bacarırlar. Bu mövzuların da tədrisi prosesində tətbiqi proqramdan elektron resurs kimi istifadə etməyi məsləhət bilirik. Ona görə də mövzuya aid nəzəri və praktik materialın sistemləşdirilməsi və təqdim olunması yollarından birini məqalədə nəzərdə tuturuq. Əvvəlcə elektron resurslardan istifadə edərkən bir sıra fundamental metodik problemlərini şərh edək və istifadədə nəzərdə saxlayaq:
elektron tədris resurslarının konkret fənnin tədrisindəki rol və yerinin əsaslandırılması;
elektron tədris resurslarının məzmununu seçərkən hansı prinsipləri əsas götürməyin tədqiqatı;
elektron tədris resursları vasitəsilə təqdim olunan təlim prosesinin strukturlaşma problemlərinin öyrənilməsi;
elektron tədris resurslarınin təlim prosesində həcminin müəyyən edilməsi və optimal formada ondan istifadənin təyin edilməsi;
onların işlənmə prosesi və hazır proqram məhsulunun ekspertizası zamanı qiymətləndirmə texnologiyasınin hazırlanması.
Bütün bu məsələləri əsas götürməklə elektron resursları hazırlamaq lazımdır: Mövzunun tədrisi zamanı dərsin mərhələlərini müəyyən etməklə əvvəlcə problemin qoyuluşuna diqəti cəlb etmək lazımdır. Belə ki, tənliklər sistemini həll edərkən Graph tətbiqi proqramından istifadə etmək şagirdlərdə maraq yaradır. Onlar əyani şəkildə həm də çox qısa zamanda həlli tapa bilirlər. analitik həllə müqayisə aparılır, həllin üst-üstə düşməsi onlarda maraq və özünə inam yaradır.