Frank dövləti



Yüklə 28,65 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü28,65 Kb.
#39633
1   2   3   4   5
Frank dövləti

Karl Martel («Çəkic», 715-741) öz hakimiyyətinə krallığın daxilində daxili iğtişaşları yatırmaqla başladı. Neystriyada ona qarşı üsyan etmiş feodalları darmadağın edən, daha sonra ərəblərlə sazişə girərək Akvitaniya və Provans hersoqlarını məğlub edən Karl alman Reynətrafı tayfaları olan – saks, friz, alaman, bavarları tabe etməyə başladı. 732-ci ildə həlledici Platye döyüşündə Karl Martel ərəblərə ağır zərbə endirdi – ərəblər VIII əsrin əvvəllərində İspaniyanı işğal edərək 720-ci ildə Cənubi Qalliyaya hücum etmişdilər və Frank krallığı üçün birbaşa təhlükə yaradırdılar. Ərəblərlə mübarizədə frankların təzəcə yaradılmış atlı (süvari) qoşunu böyük rol oynamışdır. Platye döyüşü ərəblərin Avropadakı sonrakı hərəkətini dayandırdı və indi əlində Cənubi Qalliyanın kiçik bir hissəsi – Septimaniya qalırdı.

Frank krallığında feodal münasibətlərinin inkişafı torpqa mülkiyyəti formalarının da dəyişməsini tələb edirdi. Müflisləşmiş azad kəndlilərin böyük bir hissəsi orduda xidmət etmək üçün zəruri maddi vəsaitə malik olmadıqları üçün hərbi qüvvələrin köklü təşkili haqqında məsələ qalxdı. Karl Martellin benefisi islahatının sosial kökləri də buradan irəli gəlmişdir. Bu islahatın mahiyyəti ondan ibarət olmuşdur ki, Merovinqlərin dövründə torpağın tam və şərtsiz mülkiyyətə verilməsi (allod) yayılmışdısa, bu islahatdan sonra torpağın şərti mülkiyyət formasına verilməsi (benefisi – beneficium, hərfdən «nəcib iş») başlanır. Benefisi müəyyən xidmət, adətən süvari hərbi xidmtə müqabilində ömürlük istifadəyə verilirdi. Benefisini alan şəxs vəfat edəndə benefisi ilkin mülkiyyətçiyə və ya onun varisinə verilirdi. Əgər benefisi mülkiyyətçisinin varisi və ya benefisarinin özü əvvəlki qaydada torpaqdan istifadə etmək istəsəydi, bağışlanmanı yenidən bərpa etmək lazım idi. Əgər tələb olunan xidmət yerinə yetirilmirdisə və ya təsərrüfat ziyana işləyərdisə, benefisi geri alınırdı. Zaman keçdikcə benefisi ömürlük mülkdən irsi mülkə çevrilir və IX-X əsrlər ərzində feod(len) səciyyəsi alır – yəni hərbi xidmət müqabilində irsi keçən şərti torpaq mülkiyyəti.

Karl Martell benefisilərin böyük sayda paylanmasını həyata keçirdi. Bu payların əsas əondu əvvəlcə üsyankar maqnatların əlindən alınmış torpaqlar idi, bu torpaqlar tükənəndə isə o, kilsə torpaqlarının qismən dünyəviləşdirilməsini etdi.

Bu islahatı keçirərkən Karl Martell ilk növbədə siyasi məqsədlər güdürdü. Kral torpaqları fondunu tükəndirən allod paylarını fenefisilərlə əvəz etməklə o, iri feodalları mərkəzdən asılı vəziyyətə salmaq istəyirdi; benefisi sisteminin köməyilə Karl Martell hərbi qüdrəti olan süvari qoşunu yaratmaq istəyirdi. Bu zaman süvarilər artıq müharibələrdə həlledici rol oynayırdı.

Benefisi islahatı bir sıra sosial dəyişikliklərlə nəticələndi: əvvəla, o yaranmaqda olan xırda və orta feodal təbəqəsinin mövqeyini möhkəmləndirdi: bu feodallar hərbi təşkilatın əsasını təşkil edərək gələcək cəngavərliyin özülünü qoydular. Frank ordusunun əvvəllər piyada dəstələrini təşkil edən kəndlilər isə, əvvəlki hərbi əhəmiyyətlərini itirərək cəmiyyətdəki bərabərhüquqlu vəziyyətlərindən məhrum oldular. İkinicisi, benefisinin geniş yayılması feodal torpaq mülkiyətini və kəndlilərin asılılığını möhkəmlətdi. Üçüncüsü, benefisi torpaq payını verənlə onu alan arasında şəxsi sadiqlik və qəyyumluq münasibətləri (vassallıq) yaratdı. Beləliklə, islahat frank cəmiyyətində feodal münasibətlərinin sonrakı inkişafını doğurdu. Kralın nümunəsində digər iri torpaq sahibkarları da bu praktikanı həyata keçirdilər və torpaq mülkiyyətinin iyerarxik quruluşu yarandı. Lakin feodalların hərbi qüdrətini artırmaqla və iyerarxiya münasibətləri yaratmaqla benefisi islahatı frank krallığının sonrakı siyasi parçalanmasını sürətləndirdi.

Hərçənd Ki, ilk vaxtlar Karl Martellin islahatı mərkəzi hakimiyyəti xeyli gücləndirdi. Belə ki, islahat nəticəsində qüvvətlənən benefisiarilər bir müddət Karolinq sülaləsinin dayağı oldular. Bu təbəqə güclü mərkəzi hakimiyyətdə maraqlı idi: kəndlilərin tabe olunmasında, onların müqavimətinin qırılmasında və iri feodalların özbaşınalıqlarına son qoyulmasında onlara kömək lazım idi.

Karl Martellin oğlu mayordom Gödək Pipin (741-768) atasının dövründə kilsə torpaqlarının müsadirəsilə əlaqədar kəskinləşmiş kilsə-kral münasibətlərini nizamlamağa cəhd göstərdi. Benefisi kimi paylanmış bütün kilsə torpaqları kilsənin mülkiyyəi elan olundu və benefisiarilər kilsəyə xərac verməli idi. Bu cür torpaq payları precariya verbo regis (kral əmri ilə verilmiş prekari) adlanırdı. Bu halda benefisiari yenə də kralın xeyrinə hərbi xidtə göstərirdi və kralın icazəsi olmadan kilsə həmin torpağı geri ala bilməzdi.

Lanqobardların təzyiqinə məruz qalan Roma papası frank krallığına böyük ümid bağlayırdı. Ona görə də 751-ci ildə frank əyanlarının Sassondakı yığıncağında Pipin rəsmi sürətdə frankların kralı elan olundu. Mervinqlərin son nümayəndəsi III Xilderik monastıra salındı. Öz növbəsində papa II Stefanın çağırışı ilə Pipin silah gücünə lanqobard kralını məcbur etdi ki, Roma əyalətinin lanqobardlar tərəfindən tutulmuş şəhərləri və Ravenna düzündəki torpaqları papaya versin. Bu torpaqlarda 756-cı ildə Roma papasının xüsusi mülkü – Patrimoniy Santa Peters (Müqəddəs Pyotrun atalığı) yarandı. Bunula da Roma papalarının ümumdünya xristian monarxiyası yartmaq iddiasının əsası qoyuldu. Elə bu illərdə papa dəftərxanasında Roma papalarının dünyəvi hakimiyyət hüququnu süqut etmək üçün «Konstantin bəxşişi» adlı saxta sənəd hazırlandı.

Gödək Pipinin oğlu Karlın dövründə (768-814) Karolinq dövləti ən yüksək səviyyəsini yaşamışdır. Öz sələflərinin işğalçı siyaəstini davam etdirən Karl 774-cü ildə İtaliyaya yürüş etdi, sonuncu lanqobard kralı Deziderini devirdi və Lanqobard krallığını Frank dövlətinə birləşdirdi.

Böyük Karl İspaniyada ərəblərə qarşı da müdafiə xəttini hücum tatikası ilə əvəz etdi. Buraya I yürüşü o, 778-ci ildə etdi, lakin yalnız Saraqosa qədər gedib çıxa bildi və geri qayıtmalı oldu. Bu yürüşün hadisələri öz əksini «Roland haqqında Nəğmə»da tapıb. Eposun qəhrəmanı Karlın sərkərdələrindən biri olan Rolanddır.

I yürüşdəki məğlubiyyətinə baxmayaraq Karl Pireneydən cənuba qədər təkrar yürüş etmək niyyətində idi. 801-ci ildə o, Barselonanı ələ keçirdi və İspaniyanın şimal-şərqində ispan markası – sərhəd bölgəsi yaratdı. Ən uzun sürən müharibəni isə Karl Saksoniyada 772-802-ci illər ərzində aparmışdır. Saksoniya Ems və Aşağı Reyn çayları arasında yerləşirdi. Saksonlar franklara uzun müddətli müqavimət göstərmişlər. Amma bacarıqlı siyasəti nəticəsində sakons əyanları – edelinqlər onun tərəfinə keçdilər. Bundan sonra azad saksonların – frilinqlərin mübarizəsi həm franklara, həm sakson əyanlarına qarşı çevrildi.

782-ci ildə Vezerdə saksonlar üzərində qələbə çalan Karl 4500 sakson əsirini edam etməyi əmr etdi. Elə həmin ildə o, «Saksoniya məsələləri haqqında kapitulyari» verdi, bu sənədə görə, kilsəyə və krala qarşı çıxan hər bir kəsə ölüm cəzası nəzərdə tutuludrdu. Tezliklə sakson müqavimətinin başında duran edelinq Vidukind xristianlığı qəbul etdi və silahı yerə qoydu. İndi saksonların mübarizəsi kiçik bir ərazidə – Şimali-Şərqi Saksoniyada cəmləndi. Onların müqavimətini qırmaq üçün Karl saksonlarla düşmənçilik edən slavyan tayfaları – abodrilərlə müvəqqəti ittifaqa girdi. Müharibədən sonra Karl kütləvi şəkildə saksonları frank krallığının daxili vilayətlərinə, frankları isə Saksoniyaya köçürdü.

Karlın işğalları cənub-şərqə də yönəlmişdi. 788-ci ildə o, Bavariyanı qəti olaraq birləşdirdi və buradakı hersoq hakimiyyətini ləğv etdi. Genişlənməkdə olan frank krallığının cənub-şərq sahillərində Karl avar xaqanlığı ilə toqquşdu. 788-ci ildə frank-avar müharibələri başlandı. Bu müharibələr 803-cü ilə qədər davam etdi. Nəticədə avar dövləti parçalandı və Pannoniya slavyanların əlinə keçdi.

Frank dövləti böyük bir ərazini əhatə edirdi. O, Ebro çayıın orta axarından və Barselonadan tutmuş şərqdə Elba çayı və Vyana meşələrinə, şimalda Yutlandiyadan cənubda Orta İtaliyayadək yayılırdı. Bu ərazi müxtəlif inkişaf səviyyəsi olan tayfalarla məskunlaşmışdı. Karl və onun əshabələri belə hesab edirdilər ki, Qərbi Roma imperiyası bərpa edilmişdir və frank kralı imperator titulu qazanmağa can atırdı.

Bu zaman papa III Lev onunla düşmənçilik edən Roma əyanlarından qaçaraq frank kralının sarayında gizlənmişdi. Bundan istifadə edən Karl papanı müdaifə etmək şüarı ilə Romaya yürüş etdi. Karlın təzyiqi altında, Papa 800-cü ildə onun başına imperator tacı qoydu (Romada, Müqəddəs Pyotr məbədində). Beləliklə, qərbdə yeni imperiya meydana gəldi və bu, Karl ilə Bizans arasında münaqişə yaratdı, çünki imperatorlardan hər biri məhz özünü Roma imperiyasının xələfi sayırdı.

Bir neçə onillik üçün frank imperiyası Qərbi Avropanın ən qüdrətli dövləti oldu. İmperatorun iqamətgahı isə Aaxen idi. İmperiyanın yeni hüdudları sərhəd vilayətləri – markalarla möhkəmləndirilirdi. Şimal-Qərbdə Breton, Cənubda İspan markası yaradıldı, İtaliyada isə Frank imperiyası Bizans mülklərindən Spoleto və Benevent kimi yarımasılı hersoqlarla ayrılmışdı. Baltikadan Adriatikayadək yayılmış slavyan tayfaları ilə (obodri, lyutiç, sorb, çex, morav, sloven, xorvat) sərhədlərdə isə davamlı olaraq müharibələr gedirdi. Burada da sərhəd zonaları yaradılmışdı: Şlezviqdə Danimarkası, Baltikyanı slavyanlara qarşı Sakson hüdudu, Elbadan Dunayadək Sorb hüdudu, Dunayın orta axarından Pannoniya və ya Şərq markası (gələcək Avstriyanın özəyi). Şimali İtaliyanı Bizansdan Friul markası ayırırdı.

IX əsrin əvvəllərinə doğru Karolinq imperiyasının nüfuzu beynəlxalq aləmdə yüksək idi: Şotlandiya və Avstriya kralları Karlın himayəsini axtarırdılar. 812-ci ildə isə Bizans imperatoru Karlın imperator titulunu tanıdı.


Yüklə 28,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin