Əziz ata!
Bu yaxınlarda məndən soruşdun ki, niyə hər yerdə səndən qorxmağımdan
danışıram. Həmişə olduğu kimi, yenə də cavab verə bilmədim. Bir tərəfdən
ona görə ki, səndən qorxuram, digər tərəfdənsə, bu qorxunun səbəblərini izah
etmək üçün bir cox xırdalıqlara getmək lazımdır və mən də sözlə bunun
hamısını ifadə edə bilməzdim. İndi sənə yazılı cavab vermək istəsəm də, yenə
ürəyimdən keçənlərin hamısını deyə bilməyəcəyəm, çünki yazanda da səndən
qorxmağım, hələ də bu qorxudan əzab çəkməyim buna imkan verməyəcək,
çünki demək istədiklərim yaddaşımın, zəkamın tutumundan çoxdur.
Sənə bu məsələ həmişə adi görünüb. Ən azı mənə, ya da heç bir fərq
qoymadan başqalarına bu barədə danışanda... Sən təxminən belə düşünübsən:
bütün ömrün boyu işləyib, özünü uşaqlarına, ən çox da mənə qurban
vermisən, mən isə sənin sayəndə "kef içində" yaşamışam, azad şəkildə
istədiyim sahəni oxuyub-öyrənmişəm, yemək-içmək sarıdan korluq
çəkməmişəm, ümumiyyətlə, heç bir çətinlik görməmişəm. Bütün bunların
əvəzində isə heç vaxt "sağ ol" gözləməmisən, çünki uşaqların "sağ ol"unun
nə demək olduğunu yaxşı bilibsən, hətta adi bir nəvaziş, mehribanlıq belə
ummayıbsan. Bütün bunların əvəzində mən həmişə səndən gen gəzmişəm,
otağıma, kitablarımın, səfeh dostlarımın yanına, gurultulu ideyalarımın
ardınca qaçmışam. Heç vaxt səninlə açıq danışmamışam, heç vaxt sinaqoqa
sənin yanına getməmişəm, Fransensbadda müalicə olunanda səni
yoluxmamışam, heç vaxt özümü sənin ailənin üzvü hesab eləməmişəm,
alverindən, eləcə də başqa işlərindən xəbərim olmayıb, fabrikin işlərini sənin
üstünə atmışam, sonra da başımı götürüb getmişəm, Ottlonun1 tərsliyinə
dəstək vermişəm, sənin üçün heç nə eləməsəm də (hətta bircə dəfə teatra bilet
almasam da), dostlarım üçün hər şey eləmişəm. Əgər məni mühakimə eləmək
istəsən görərsən ki, mənə ədəbsizliyimi və ya hər hansı bir pis hərəkətimi
(bəlkə də axırıncı dəfə evlənmək istəyim istisna olunmaqla) irad tutmursan...
İradın yalnız soyuqluğuma, yadlaşmağıma, nankorluğumadır... Və elə tərzdə
də irad tutursan ki, guya bunun günahı yalnız məndədir, guya sükanı başqa
səmtə döndərsəydim, hər şey də başqa cür olardı, sənin burda zərrə qədər də
günahın yox imiş, mənə qarşı həmişə yaxşı olubsan...
Sənin düşüncələrinin yalnız bircə tərəfilə razılaşıram ki, - çünki mən özüm də
elə fikirləşirəm - bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın
yoxdur. Ancaq, eyni zamanda, mən də günahkar deyiləm. O vaxt səni buna
inandıra bilsəydim, bəlkə də hər şey başqa cür olardı. Yox, yeni bir həyata
başlaya bilməzdik, çünki bunun üçün ikimizin də yaşı keçmişdi, ancaq yenə
də, bir növ, sülh şəraitində yaşaya bilərdik, sənin o əbədi iradların qurtarmasa
da, bir az yumşalardı...
Qəribədir ki, bəzən mənim nə demək istədiyimi əvvəlcədən duyursan.
Məsələn, bu yaxınlarda mənə dedin: "Başqa atalar kimi üzdə göstərməsəm
də, səni həmişə çox istəmişəm və bunu də ona görə belə eləmişəm ki, özümü
yalandan başqa cür göstərə bilmirəm." Ümumiyyətlə götürəndə, mənə
münasibətin heç vaxt pis olmayıb, ata, ancaq başqaları haqqında dediklərinlə
razılaşmıram. Düz deyirsən, sən özünü başqa cür göstərə bilmirsən, amma
yalnız buna görə "başqa atalar özlərini üzdə başqa cür aparırlar" deməyin ya
xalis inadkarlıqdır, ya da - məncə, bu daha düzdür - bizim aramızdakı soyuq
münasibətin bürüncəkli ifadəsidir və belə münasibəti, günahsız da olsan, sən
yaratmısan. Əgər sən də belə düşünürsənsə, deməli, ikimiz də eyni fikirdəyik.
Əlbəttə, bununla heç də demək istəmirəm ki, mən bu gün necəyəmsə, təkcə
sənin təsirinlə olmuşam. Onda çox şişirtmiş olardım (hərçənd mən belə
şişirtməyə bir az meyilliyəm). Lap elə də ola bilərdi ki, sənin təsirindən
kənarda sərbəst böyüyər, ancaq sən istəyən kimi olmazdım. Yəqin ki, yenə də
çəlimsiz, qorxaq, qətiyyətsiz, sakit olardım və nə Robert Kafkaya2, nə də
Karl Hermana3 oxşayardım, hər halda indiki kimi deyil, tamam başqa adam
olardım, onda da bir-birimizi çox yaxşı başa düşərdik. Sən mənim ya dostum,
ya şefim, ya əmim, ya babam, ya da lap elə (hətta tərəddüd etsəm də)
qayınatam olsaydın, özümü xoşbəxt sanardım. Ancaq bir ata kimi mənim
üçün çox ağır oldun və ən çox da ona görə ki, qardaşlarım balaca ikən
öldülər, bacılarım isə dünyaya gec gəldilər, deməli, bu ağırlığı tək çəkməli
oldum, halbuki belə ağırlıq üçün çox zəif idim.
Sən ikimizi də müqayisə et: qısa desək, damarlarımdan Kafka qanı axsa da,
mən Kafkalara xas olan həyat eşqilə, əməllərlə, fatehlik arzusu ilə deyil,
Lövilər4 nəslinə məxsus, adamı gizli-gizli, qorxa-qorxa əks tərəfə çəkən,
bəzən də tamamilə sönüb gedən bir həvəslə yaşamışam. Sən isə, əksinə, əsl
Kafka kimi güclü, sağlam, iştahalı, qalın səsli, danışmağa qabil olan,
özündənrazı, qətiyyətli, dözümlü, zamanın nəbzini tutan, insanları tanıya
bilən, müəyyən mənada səxavətli adamsan və əlbəttə, coşqun, bəzən də
tündməcaz olduğun üçün, bütün bu üstünlüklərin tərkib hissəsi kimi
səhvlərdən, zəif cəhətlərdən də xali deyilsən. Ancaq ümumi dünyagörüşü
baxımından Filipp əmi, Ludviq əmi, Haynrix əmi1 ilə müqayisədə, bəlkə də
xalis Kafka deyilsən. Qəribədir ki, bunun niyə belə olduğunu mən də başa
düşmürəm. Axı onlar çox şən, gümrah, sərbəst, qayğısız idilər və sənin kimi
də ciddi deyildilər (Yeri gəlmişkən, bu xasiyyətlərinin çoxu mənə də keçib,
lakin sənin təbiətindəki ziddiyyətlər məndə olmadığından həmin mirasdan
yaxşı istifadə edə bilməmişəm.) Ancaq yəqin ki, bu baxımdan sənin də
günlərin bir-birinə bənzəməyib, uşaqların - ən çox da mən - ümidlərini
doğrultmadığı və bu səbəbdən də öz evində sıxıldığın günlərə qədər (ancaq
evə qonaq gələndə, başqa cür olurdun) sən də gülərüz olubsan və ola bilsin
nəvələrin, kürəkənin, bəlkə, Valli istisna olunmaqla, öz övladlarından ala
bilmədiyin hərarəti sənə veriblər. Hər halda biz başqa-başqa adamlar idik və
bizim belə başqa-başqa adamlar olmağımız hər ikimiz üçün o qədər təhlükəli
idi ki, kimsə yavaş-yavaş böyüməkdə olan mənlə artıq böyüyüb başa çatmış
sənin münasibətlərinin gələcəyi barədə danışmalı olsaydı, deyərdi ki, məni
didik-didik eləyəcəksən, bircə sağ tikəm də qalmayacaq. Ancaq belə olmadı,
necə deyərlər, sən saydığını say, gör fələk nə sayır, bundan da betər oldu.
Bununla belə, səndən bir xahişim var: unutma ki, səni heç vaxt heç nədə
günahlandırmıram. Mənə eləməli olduğun qədər təsir edibsən, ancaq elə
bilmə ki, acıqla bu təsirdən kənara çıxmamışam.
Mən qorxaq uşaq idim, həm də bütün başqa uşaqlar kimi inadkar... Düzdür,
anam məni bir az ərköyün böyüdürdü, ancaq inanmıram ki, elə çətin uşaq
olmuşam. İnanmıram ki, bircə xoş sözlə, adicə bir nəvazişlə, üzümə xoş
baxmaqla mənə istədiyini elətdirmək mümkünsüz olaydı. Sən, əslində,
mərhəmətli, yumşaq adamsan (indi deyəcəyim bunu heç də inkar etmir, çünki
burda mən yalnız sənin uşağa təsirindən danışıram), ancaq bütün uşaqların
hamısında o qədər səbr, cəsarət olmur ki, oturub həmin mərhəməti gözləsin.
Sən uşaqla yalnız öz təbiətinə uyğun rəftar edə bilərsən: zorla, çığır - bağırla,
hövsələsiz... Və həmin vaxt bu üsul sənə yaxşı görünürdü, çünki məni güclü,
qorxmaz bir oğlan kimi tərbiyə etmək istəyirdin.
Əlbəttə, mənim lap uşaqlıq çağlarımda istifadə etdiyin tərbiyə üsullarını
olduğu kimi təsvir edə bilmərəm, ancaq sonrakı illərdə gördüklərimə, eləcə
də Felikslə2 rəftarına əsaslanıb onları təsəvvürümə gətirirəm. Bu anda ilk
nəzərə çarpan sənin o vaxt indikinə nisbətən daha gənc, qıvraq, coşqun,
qayğısız olmağındır və onda bütün varlığınla öz alverinə bağlanmışdın, səni
gündə bir dəfə güclə görə bilirdim, ona görə də mənə təsirin daha çox olurdu,
çünki həmin təsir adətə çevrilmirdi.
Ancaq o ilk illərdən bircə hadisəni xatırlayıram. Bəlkə sənin də yadında
qalmış olar... Bir gecə tez-tez ulamağa başladım ki, su istəyirəm. Ancaq
susadığıma görə yox, həm sizi əsəbiləşdirmək, həm də kiminləsə danışmaq
üçün belə eləyirdim. Bir-iki dəfə bərk hədələsən də, xeyri olmadı və onda
gəlib məni yorğan-döşəkdən zorla qaldırdın, eyvana çıxarıb qapını bağladın,
bir neçə dəqiqə gecə köynəyində bayırda saxladın. İndi demək istəmirəm ki,
onda düz eləmədin... Bəlkə doğrudan da həmin gecə məni başqa yolla
sakitləşdirmək olmazdı... Mən bununla yalnız sənin tərbiyə üsullarını və
həmin üsulların mənə necə təsir etdiyini səciyyələndirmək istəyirəm. Əlbəttə,
həmin hadisədən sonra mən sözəbaxan oldum, ancaq bununla belə, içimdə
elə bil nəsə qırıldı. Mən bu mənasız su istəmək həvəsimin təbiiliyi ilə zorla
bayıra atılmağın qeyri - adi dəhşətini heç cür uyuşdura bilmirdim. Sonralar
illər uzunu belə bir dəhşətli fikir mənə əzab verməyə başladı ki, o nəhəng
kişi, yəni atam heç bir səbəb olmadan, gecənin birində gəlib məni yorğan-
döşəkdən qaldıraraq eyvana ata bilər və belə çıxırdı ki, mən onun üçün heç
nəyəm!
O vaxt bu, yüngül bir başlanğıc idi, ancaq bütün varlığıma hakim kəsilən
"heç nə" olmağım haqqındakı hiss (hərçənd başqa bir baxımdan həm də nəcib
və cox səmərəli hiss idi) ən çox sənin təsirinlə yaranmışdı. Onda mənə bir az
ruh, bir az mehribanlıq, getmək istədiyim yolun bir az açıq olması lazım idi,
ancaq bunun əvəzində sən o yolu bağladın və məlum məsələdir, bunu xoş
niyyətlə elədin ki, mən başqa yol seçim. Lakin mən buna yaramırdım.
Məsələn, yaxşı əsgəri salam verəndə, yaxşı yeriyəndə məni daha da
ruhlandırırdın, amma məndən yaxşı əsgər çıxmadı. Məni yaxşı yeməyə, hələ
üstündən pivə içməyə də ruhlandırırdın, ya da mənasını başa düşmədiyim
mahnıları təkrarlamağa, sənin sevimli ibarələrini dilim dolaşa-dolaşa
yamsılamağa... Ancaq bunların heç biri mənim gələcəyim üçün deyildi...
Maraqlıdır ki, indinin özündə də sənə nəsə toxunanda, mən sənin iradənə
qarşı çıxanda (məsələn, evlənmək fikrinə düşəndə), ya da kimsə mənim
xətrimə dəyəndə (məsələn, Pepa1 məni söyəndə) mənə ürək-dirək verirsən.
Mənə kim olduğumu xatırladırsan, daha yaxşı rəftara layiq olduğumu yadıma
salırsan və Pepanı əməlli-başlı məzəmmət edirsən. Bu yaşımda məni
ruhlandırmağın daha mənası olmadığını bir kənara qoyaq: əgər söhbət ilk
növbədə məndən getmirsə, bu ruhladırmağın mənə nə xeyiri?!
Ruhlanmaq mənə o vaxt daha çox lazım idi. Özü də hər yerdə! Onda məni
sənin bütün vücudun əzirdi. Məsələn, yadımdadır ki, o vaxt çimməyə
gedəndə tez-tez bir kabinədə soyunub-geyinməli olurduq. Mən arıq, çəlimsiz,
balaca, sən isə güclü, ucaboy, iddialı... Elə kabinədəcə özümə yazığım gəlirdi
və yalnız səndən deyil, bütün dünyadan utanırdım, çünki sən hər şeydə
mənim üçün yeganə ölçü vahidi idin. Sonra kabinədən çıxırdıq, əlindən
yapışırdım... Skeletə oxşayırdım, nə edəcəyimi bilmədən ayaqyalın taxta
lövhənin üstündə dayanırdım, sudan qorxurdum, mənə üzməyi öyrətmək
üçün göstərdiyin hərəkətləri təkrar eləyə bilmirdim, xoş niyyətlə həmin
hərəkətləri təzədən dönə-dönə göstərəndə də çox utanırdım, bütün ümidlərimi
itirirdim və həmin anlarda həyatımda baş verən pis hadisələr haqqındakı
bütün xatirələr bir-birinə qarışırdı. Bəzən məndən tez soyunub çıxırdın,
kabinədə tək qalırdım, adamların qarşısında rüsvay olmadığım dəqiqələrin
ömrünü bir az uzadırdım və həmin anlar da mənim üçün xoş olurdu, sonra
qayıdıb məni aparırdın. Sağ ol ki, onda mənim nə çəkdiyimi, deyəsən, hiss
eləmirdin və mən də atamın boy-buxunu ilə fəxr edirdim. Yeri gəlmişkən,
aramızdakı həmin fərq bu gün də qalır...
Buna uyğun olaraq, sonra sənin mənəvi böyüklüyün gəlirdi. Sən öz gücünlə
özünü elə bir səviyyəyə qaldırmışdın ki, onun sayəsində öz dediklərinə
sonsuz dərəcədə inanırdın. Gəncliyimdə bunu uşaqlığımda olduğundan çox
hiss edirdim. Öz kreslonda oturub bütün dünyanı idarə edirdin. Sənin
dediklərin düz, başqalarınınkı isə səfeh, iftira, ağılasığmaz, anormal idi.
Sənin özünə inamın o qədər böyük idi ki, məntiqə ehtiyacın qalmırdı, ancaq
bununla belə, həmişə haqlı çıxırdın. Hətta elə də ola bilərdi ki, sən hansı
məsələ barədəsə fikir söyləməyəydin və həmin məsələ haqqında deyilən hər
hansı fikir də istisnasız səhv olmalı idi. Məsələn, sən çexləri söyə bilərdin,
sonra da almanları, sonra da yəhudiləri və özü də hər hansı xüsusiyyətinə
görə deyil, bütövlükdə söyürdün və belə çıxırdı ki, yaxşı bircə sənsən.
Beləliklə, mənim üçün hüquqları idraka deyil, yalnız şəxsi mənəmliyinə
söykənən zülmkarlar kimi tapmacaya dönürdün. Ən azı, mənə elə gəlirdi...
Ancaq mənə münasibətdə heyrətamiz dərəcədə haqlı olurdun,
söhbətlərimizdə buna söz ola bilməzdi, çünki az-az söhbət edirdik, ancaq
həqiqətdə də belə idi. Əslində, burda da anlaşılmaz bir şey yox idi: axı
mənim bütün fikir və düşüncələrim sənin o dözülməz təsirin altında olurdu.
Ən cox da sənin kimi fikirləşməyəndə... İlk baxışda səndən asılı olmayan
fikirlərim elə əvvəlindən sənin hər şeyi inkar edən mühakimənin təsiri altına
düşürdü; həmin fikirləri ifadə etmək, axıra çatdırmaq olmurdu. Mən indi
hansısa böyük bir fikirdən deyil, uşaqlıq çağlarının adi istəklərindən
danışıram. Axı adam hansı arzusununsa yerinə yetirildiyinə sevinməli, evə
gəlib onu deməli idi... Ancaq cavabı istehzalı təbəssüm, başını bulamaq, əlini
stola döymək olurdu: "Burda təzə heç nə görmürəm" və ya "Öz işindir", ya
da "Mənlik deyil", "İşə bax bir!", "Bir qara qəpiyə də dəyməz"... Əlbəttə,
qayğılarının başından aşıb-daşdığı bir vaxtda səndən tələb etmək olmazdı ki,
balaca bir uşağın bütün arzu və istəklərinə valeh olasan. Yox, söhbət bundan
getmir. Söhbət, əslində, ondan gedir ki, sən əks təbiətli bir adam olduğun
üçün uşağı həmişə, özü də əməlli - başlı peşman etməli idin və bu əkslik də
hər arzu - istəklə gücləndi, axırda da adətə çevrildi, hətta hər ikimiz eyni
fikirdə olanda da özünü büruzə verməyə başladı, son nəticədə də bu
məyusluq adi bir uşaq məyusluğu kimi qalmadı, sənin hər şeydən uca olan
"mən"inə rəğmən, qəlbimi sındırdı. Sən nəyinsə əksinə çıxanda və ya hətta
əksinə çıxacağın ehtimal olunanda, bütün cəsarətim, qətiyyətim, inamım,
nədənsə sevinmək ümidim yoxa çıxırdı; bu ehtimal da həmişə vardı, çünki
sən mənim, demək olar ki, bütün hərəkətlərimə qarşı çıxırdın.
Bu həm mənim fikirlərimə, həm də insanlar haqqında dediklərimə aid idi.
Kifayət idi ki, kiminləsə bir az maraqlanam - bu, təbiətimə uyğun olaraq
nadir hallarda baş verirdi - o dəqiqə mənim hisslərimə, fikirlərimə,
münasibətimə hörmət etmədən başlayırdın onu söyməyə, qara yaxmağa,
alçaltmağa. Məsələn, yəhudi aktyor Lövi kimi saf, məsum insanlar da bunun
altını çəkirdilər. Onu heç tanımadan dəhşətli bir şəkildə həşəratla müqayisə
edirdin, mənə cox əziz adamlardan söz düşəndə, o dəqiqə itlərdən, birələrdən
misal çəkirdin. Aktyor ona görə yadımda qalıb ki, onun haqqında dediklərini
özüm üçün yazıb saxlamışam: "Atam (heç tanımadığı) dostum haqqında ona
görə belə danışdı ki, o mənim dostumdur. Nə vaxt mənə irad tutsa ki, onu
uşaqlıqdan sevməmişəm, nankoram, onda bu sözləri üzünə vuracağam". Bir
şeyi heç vaxt başa düşə bilmədim: necə olurdu ki, sən o sözlərinlə,
mühakimələrinlə məni nə qədər alçaltdığını, sındırdığını hiss etmirdin?! Ola
bilsin, mən də tez-tez sənin xətrinə dəyən sözlər işlətmişəm, ancaq bunu hiss
edib əzab çəkmişəm. Neyləyim, özümü saxlaya, həmin sözü deməyə
bilmirdim, ancaq deyə-deyə də peşman olurdum. Sən isə heç nəyə fikir
vermədən o sözləri deyirdin, heç kimə yazığın gəlmirdi: nə deyəndə, nə də
sonra... Sənin qabağında dayanmaq olmurdu...
Sənin tərbiyə üsulun bax belə idi. Mənə elə gəlir, sənin yaxşı tərbiyə etmək
qabiliyyətin var; yəqin ki, özün təbiətdə olan adamlara xeyiri dəyərdi.
Dediklərinin ağıllı olduğuna inanıb eləyər, heç bir dərdi - səri də olmazdı.
Ancaq mən uşaq olanda, dediklərinin hamısını ayə kimi qəbul edirdim, heç
birini unutmurdum, onlardan dünyanın işlərini, xüsusən də səni mühakimə
etmək üçün əsas vasitə kimi istifadə edirdim və bu da heç vaxt sənin xeyrinə
olmurdu. Uşaqlığımda səninlə ən çox yemək vaxtı bir yerdə olurdum və
səndən aldığım dərslərin çoxu da stolda özümü necə aparmağım barədə
olurdu. Stola gələnlərin hamısı yeyilməli idi, onların keyfiyyəti barədə
danışmaq olmazdı. Ancaq çox vaxt yeməklər xoşuna gəlmirdi, onları "yem"
adlandırırdın, "Heyvan ( yəni, aşpaz ) bunu zibilə döndərib" deyirdin. İştahan
yaxşı olduğu üçün tez-tez, isti-isti, iri loxmalarla yeyirdin, deməli, uşaq da
tələsməli olurdu, üzüntülü bir sakitlik çökürdü və bu sükutu da sənin iradların
pozurdu: "Əvvəlcə ye, sonra danışarsan", "Tez! Tez! Tez!", "Görürsən, mən
çoxdan yeyib qurtarmışam". Sümüyü dişə salmaq olmazdı - ancaq sən
salırdın. Sirkəni içmək olmazdı - ancaq sən içirdin. Əsas məsələ o idi ki,
çörək düzgün doğransın. Ancaq sən çörəyi ağzından şorba daman bıçaqla
doğraya bilərdin. Gərək elə yeyəydin ki, qırıntılar döşəməyə düşməyəydi,
ancaq ən çox da özün tökürdün. Stola oturanda yalnız yeməklə məşğul olmaq
lazımdır, ancaq sən dırnağını ya təmizləyir, ya da kəsirdin, qələm ucu
yonurdun, diş dibi təmizləyənlə qulaqlarını eşirdin... Xahiş edirəm, məni
düzgün başa düş, ata, bəlkə də bunların hamısı adi xırdalıqlar idi, ancaq mənə
ona görə belə təsir edirdilər ki, sən - böyüklər böyüyü hesab elədiyim bir
insan - mənim boynuma qoyduğun ayələrə özün əməl etmirdin. Ona görə də
mən dünyanı üç yerə bölmüşdüm. Bunlardan biri həmin dünya idi ki, mən
orda qul kimi yaşayırdım, ordakı qanunlar yalnız mənim üçün kəşf
olunmuşdu və buna baxmayaraq, onların heç birinə uyğun gəlmirdim.
Məndən çox-çox uzaqlarda olan ikinci dünyada sən yaşayırdın və həmin
dünya da hökumət qurmaqla, qanunlar hazırlamaqla məşğul idi və bu
qanunlara əməl etməyənlərə də bərk əsəbiləşirdin. Nəhayət, üçüncü dünya
gəlirdi ki, orda da başqaları əmrlərdən, qanunlardan uzaqlarda xoşbəxt həyat
sürürdülər. Mən isə rüsvay olmuşdum, sənin əmrlərini yerinə yetirirdim və bu
da ona görə rüsvayçılıq idi ki, həmin əmrlər təkcə mənə aid olurdu. Ya da
inadkarlıq edirdim, ancaq bunun özü də rüsvayçılıq idi, çünki sənin gücün,
sənin iştahan, sənin çevikliyin məndə yox idi ki, inadkarlıq edəm, o əmrləri
yerinə yetirməyəm. Ən böyük rüsvayçılıq bir də o idi ki, bütün bunlara
baxmayaraq, onları məndən elə tələb edirdin ki, sanki belə də olmalıdır.
Beləliklə, uşaqda düşüncə deyil, hisslər inkişaf edirdi.
Mənim o vaxt nələr çəkdiyimi indi Feliksin çəkdikləri ilə müqayisə etsəm,
daha aydın olar. Onunla da belə rəftar edirsən, ona qarşı hətta daha dəhşətli
tərbiyə üsulundan istifadə edirsən, yemək zamanı səncə, nəyisə düzgün
eləməyəndə, o vaxt mənə dediyin kimi "Donuzun biri donuz!"la
kifayətlənmirsən, üstəlik də əlavə edirsən: "Əsl Hermansan" və ya "Lap atana
oxşayırsan!". Bunlar bəlkə də - burda "bəlkə"dən başqa heç nə demək olmaz
- Feliksə o qədər də təsir eləmir, çünki sən onun üçün doğrudan da yaxşı
babasan, ancaq mənim vaxtımda olduğu kimi, hər şey demək deyilsən.
Bundan əlavə, o, sakit uşaqdır, bir az da kişiləşmişdir, onu hay-küylə
çaşdırmaq olar, ancaq bu, çox çəkməz. Digər tərəfdən də, sənin yanında
nisbətən az olur, başqa təsirlər də görür, sən onun üçün daha çox sevimli bir
əyləncə vasitəsisən, hansı əyləncə növü xoşuna gəlir, onu da seçir. Ancaq
mənim üçün əyləncə vasitəsi deyildin, heç nə də seçə bilməzdim, hamısını
götürməli idim. Özü də heç nə demədən, etiraz eləmədən, çünki səninlə
onsuz da nə barədəsə sakit danışmaq mümkün deyildi, ən çox da sən nə iləsə
razılaşmayanda və ya özün istəməyəndə... Sənin hökmranlıq temperamentin
buna yol verməz! Son illər bunu ürək nevrozu ilə izah edirsən. Bilmirəm, nə
vaxtsa başqa cür olubsan ya yox, ancaq ürək nevrozu sənə öz hökmranlığını
daha da sərtləşdirmək üçün bir vasitə olub, çünki bu hökmranlıq başqasının
son etiraz hissini də boğmalıdır. Əlbəttə, bu, irad deyil, sadəcə, faktın özüdür.
Ottla barədə "Onunla danışmaq heç mümkün deyil, o dəqiqə qayıdıb adamın
üzünü cırmaqlayır"- deyirsən, ancaq, əslində, o heç vaxt cırmaqlaya bilməz;
sən əməllə insanı qarışdırırsan; sənin üzünü cırmaqlayan əməldir və adamı
dinləmədən həmin əməl barədə qərar çıxarırsan; bundan sonra deyilənlər də
səni inandırmaq əvəzinə, daha da qızışdırır. Hələ üstəlik də deyirsən: "Nə
istəyirsən elə, müstəqil adamsan... Daha böyümüsən, sənə məsləhət verəsi
deyiləm!" Və bütün bunların hamısını hirsindən boğula-boğula, xırıltılı səslə,
hökmlə deyirdin. Bu gün həmin sözləri eşidəndə, məni uşaqlıq çağlarında
olduğu kimi əsməcə tutmur, çünki hər ikimizin də köməksiz olduğumuzu
başa düşdüyüm üçün özümü uşaqlıq çağlarında olduğu qədər günahkar hiss
eləmirəm.
Bizim bir-birimizlə sakit danışmağımız artıq mümkün deyildi və bu da axırda
öz təbii nəticəsini verdi: mən danışmağı yadırğadım. Əlbəttə, bu o demək
deyildi ki, mən yaxşı natiq ola bilərdim, ancaq hər halda, bütün başqa
insanlar kimi, fikrimi rəvan şəkildə ifadə etməyi bacarardım. Ancaq
danışmağı sən mənə çox tez qadağan elədin. "Cavab qaytarma!"- deyə
barmağını silkələyə-silkələyə hədələməyini o vaxtdan bəri unuda bilmirəm.
Səninlə üzbəüz dayananda - söhbət öz mənafeyindən gedəndə çox gözəl natiq
olursan - dilim topuq çalırdı, kəkələyirdim və sən hətta bunun özünü də mənə
çox görürdün, axırda susmalı olurdum, bəlkə də əvvəllər inadkarlıq edirdim,
ancaq sonralar sənin yanında nə fikirləşə, nə də danışa bilirdim.Yeganə
tərbiyə verənim olduğun üçün bütün həyatım boyu bunlardan azad ola
bilmədim. Əgər belə fikirləşirsənsə, mən heç vaxt sənə tabe olmamışam - çox
böyük səhv edirsən. "Həmişə əksinə getmək" - sənə qarşı münasibətdə,
fikirləşdiyin və inandığın kimi, heç vaxt mənim həyat prinsipim olmayıb.
Əksinə, dediklərinə az əməl etsəydim, bəlkə də məndən daha çox razı
qalardın. Ancaq sənin bütün tərbiyə üsulların öz işini gördü, işlətdiyin
fəndlərin hamısı alındı: Bu gün necəyəmsə (əlbəttə, həyatın bəzi
qanunauyğunluqlarını və onların mənə təsirini çıxmaq şərtilə), sənin verdiyin
tərbiyənin və mənim itaətkarlığımın nəticəsində olmuşam. Bu nəticə ona görə
xoşuna gəlmir, onu verdiyin tərbiyənin nəticəsi ona görə hesab eləmirsən ki,
sənin xislətinlə mənim tutulduğum xəmrə bir-birinə heç vaxt yaxın olmayıb.
Sən deyirdin: "Cavab qaytarma!" və bununla mənim içimdə yarana biləcək
müqavimət hisslərini boğmaq istəyirdin, ancaq bu, artıq idi, çünki mən çox
itaətkar idim, cınqırımı da çəkmirdim, sivişib aradan çıxırdım və yalnız
səndən uzaqlaşandan, sənin hökmünün birbaşa təsirindən azad olandan sonra
qımıldana bilirdim. Ancaq yenə gəlib qarşımda dayanırdın və yenə elə
bilirdin "əksinə gedirəm", halbuki bütün bunların hamısı sənin çox güclü,
mənimsə çox zəif olmağımın təbii nəticəsi idi.
Sənin son dərəcə təsirli, ən azı məndən heç vaxt əsirgəmədiyin natiqlik
məharətində tərbiyə üçün işlətdiyin üsullar bundan ibarət idi: söymək,
hədələmək, rişxənd etmək, acı-acı gülmək və bir də lap qəribə olsa da, özünə
acımaq... Məni birbaşa pis sözlərlə söydüyün yadıma gəlmir. Əslində,
söymək heç lazım da deyildi. Sənin başqa üsulların çox idi və mən uşaq
olarkən evdə, ən çox da mağazada başqalarına yağdırdığın söyüşlərdən
keyləşirdim, onları özümə aid etməməyə əsasım qalmırdı, çünki söydüyün
həmin adamlar məndən pis adamlar deyildi, çünki həmin adamlarla
müqayisədə məndən daha çox narazı idin. Burda yenə sənin o müəmmalı
günahsızlığın və əlçatmazlığın öz işini görürdü: heç vecinə deyildi ki,
başqalarını qınayırsan, onlara söyməyi yasaq eləyirsən, ancaq özün söyüş
söyürsən.
Sonra həmin söyüşləri hədə-qorxu ilə daha da gücləndirirdin və bu, artıq,
mənə aid olurdu. Məsələn, sən kiməsə deyəndə ki, "Sağ tikəni qulağın boyda
eləyərəm!" - məni dəhşət bürüyürdü, halbuki bunu etməyəcəyini bilirdim
( uşaq olanda isə bilmirdim), ancaq bu, sənin gücün haqqındakı
təsəvvürlərimə uyğun gəlirdi və elə bilirdim ki, bunu etməyə qadirsən. Məni
bir də onda dəhşət bürüyürdü ki, kimisə tutmaq üçün qışqıra-qışqıra stolun
başına fırlanırdın, əslində onu tutmaq istəmirdin, özünü elə göstərirdin və
axırda da guya anam onu xilas edirdi. Yenə də uşağa elə gəlirdi ki, onun
mərhəməti sayəsində salamat qaldı və bu həyatı layiq olmadığı bir hədiyyə
kimi yaşamağa davam edirdi. Buraya eyni zamanda sənin sözünə
baxmayanda gəldiyin hədə-qorxu da aiddir. Sənin xoşuna gəlməyən bir işə
başlayanda, məni hədələməyə başlayırdın ki, alınmayacaq və sənin fikirlərinə
çox böyük ehtiramla yanaşdığım üçün həmin iş lap sonralar da alınmırdı.
Beləliklə də özüm öz işimə inamımı itirirdim, tərəddüd edirdim, ümidsizliyə
qapılırdım. Mən yaşa dolduqca, heç nəyə yaramadığımı sübut edən dəlillərin
sayı çoxalırdı. Tədricən müəyyən mənada haqlı olmağa başlayırdın. Yenə də
məhz sənin təsirin altında belə olduğunu deməyə çəkinirəm. Sən yalnız
olanları gücləndirirdin. Ancaq çox gücləndirirdin, çünki mənimlə müqayisədə
son dərəcə güclü idin və gücündən də yaxşıca istifadə edirdin.
Tərbiyə üçün daha çox istehzaya inanırdın, çünki mənim üzərimdəki
hökmranlığına ən çox bu uyğun gəlirdi. Adətən, məzəmmətə belə başlayırdın:
"Bunu belə eləyə bilməzdin? Yəqin, sənin üçün çox çətindir, eləmi? Əlbəttə,
buna vaxtın çatmaz.." və sair və ilaxır... Hər sual da qəzəb dolu gülüşlə,
qəzəb yağan sifətlə müşayiət olunurdu. Nəsə bir pis iş gördüyünü heç özün
başa düşməmiş, müəyyən mənada cəzalanmış olurdun. Adamı ən çox
yandıran üçüncü şəxs kimi töhmətləndirilməyi olurdu. Belə çıxırdı ki, mən
heç birbaşa danlanmağa da layiq deyildim. Yəni özüm yanında otura-otura,
guya anamla danışırdın: "Cənab oğlumuzdan belə şeylər gözləmə!" (Bu da
sonralar öz təsirini göstərdi: məsələn, anam yanımızda olanda sənə birbaşa
müraciət etməyə cəsarətim çatmadı və bu da məndə adətə çevrildi. Axı,
yanında oturmuş anasından sənin haqqında nəyisə soruşmaq uşaq üçün çox
da qorxulu deyildi. Məsələn, o, belə soruşurdu: "Atanın kefi necədir?" və
bununla da özünü hər hansı bir xoşagəlməz hadisədən sığortalayırdı ).
Əlbəttə, elə hallar olurdu ki, sənin ən dəhşətli istehzana da şərik çıxırdım, ən
çox da həmin istehza başqasına, məsələn, uzun illər yola getmədiyim Elliyə
aid olanda... Az qala hər dəfə yemək zamanı ona deyəndə ki: " Bu gombul qız
gərək stoldan on metr uzaqda otura!" və ardınca da onun oturuşundan necə
iyrəndiyini göstərmək üçün üzündə heç bir mehribançılıq, zarafatcıllıq ifadəsi
olmaya-olmaya, əksinə, qəzəblə onun oturuşunu öz kreslonda yamsılayanda
mənim üçün bayram olurdu, ağrı-acılarımı bir az unudurdum. Bu və ya buna
bənzər hadisələr çox tez-tez olurdu və, əslində, sən bununla heç nəyə nail
olmurdun. Mənə elə gəlir, bunun səbəbi sənin hirsinin, qəzəbinin baş verən
hadisəyə uyğun gəlməməsi idi. Hiss olunurdu ki, stoldan bir az aralı oturmaq
kimi xırda bir "səhv" bu dərəcədə qəzəblənməyə səbəb ola bilməz, əslində,
bundan əvvəl böyüyə-böyüyə yığılıb qalıbmış və təsadüfən bu hadisə olan
kimi, partlayıb üzə çıxıb. Dəqiq bilinirdi ki, onsuz da hər hansı bir bəhanə
tapılacaq, ona görə də heç kəs özünü yığışdırmırdı, ardı-arası kəsilməyən
hədə-qorxulara qulaq asa-asa keyləşirdi. Tədricən hamı inandı ki, döymək
məsələsi olmayacaq. Beləliklə, hamımız deyingən, hər şeyə başdansovdu
yanaşan, sözə baxmayan uşaqlar olduq, aradan çıxmağa, öz aləmimizə
çəkilməyə tələsdik. Sən də əzab çəkməyə başladın, biz də... Dişlərini bir-
birinə sıxaraq uşaqlarda bəlkə də cəhənnəm haqqında ilk təsəvvürləri yaradan
xırıltılı bir gülüşlə (bu yaxınlarda Konstantinopoldan gəlmiş bir məktubla
bağlı dediyin kimi) deyəndə ki, "Əcəb dəstə düzəltmisiniz!" - öz tərəfindən
tamamilə haqlı idin. Sənin tez-tez camaatın yanında bəxtindən
şikayətlənməyinlə öz uşaqlarına münasibətin bir-birinə uyğun gəlmirdi.
Boynuma alıram ki, uşaq olanda (daha doğrusu, bir az böyüyəndə) sənə
yazığım gəlmirdi və başa düşmürdüm ki, bunu kimdənsə necə uma bilərsən.
Axı sən hər cəhətdən nəhəng idin! Məgər bizim mərhəmətimizə və ya
köməyimizə sənin ehtiyacın vardı?! Əslində, sən onlara bizə nifrət etdiyin
qədər nifrət etməli idin. Buna görə də mən o şikayətlərin heç birinə
inanmırdım və onların arxasında nə gizləndiyini tapmağa çalışırdım. Yalnız
sonralar başa düşdüm ki, sən doğrudan da uşaqların sarıdan dərd çəkirsən,
ancaq o vaxtlar, bəlkə də bu şikayətlərin başqa bir şəraitdə uşaqlarda cox
səmimi, mərhəmət dolu hisslər yarada biləcəyi bir zamanda, mənə yenə də
çox çılpaq bir tərbiyə, alçaltma vasitəsi kimi görünürdü. Düzdür, o qədər də
güclü deyildilər, ancaq fəsadsız da ötüşmürdülər. Məsələn, uşaqlar çox ciddi
qəbul etməli olduqları bir şeyə ciddi yanaşmamağa adət edirdilər.
Xoşbəxtlikdən bəzi hallarda, xüsusən, sən sakitcə iztirab çəkəndə,
məhəbbətin, mərhəmətin bütün gücünü toplayaraq qarşısına çıxan bənd-
bərəni aşıb səni tapdığı anlarda, müstəsnalar da olurdu. Düzdür, belə anlar az
olurdu, ancaq gözəl olurdu. Məsələn, o vaxtlar isti yay günlərində günorta
yeməyindən sonra gəlib sənin mağazada yorğun-arğın piştaxtaya dirsəklənib
mürgülədiyini görəndə... Ya da bazar günləri qan-tər içində bizim yanımıza
kəndə gələndə... Ya da anam ağır xəstə olduğu günlərin birində titrəyə-titrəyə,
ağlaya-ağlaya kitab şkafına söykənib dayananda... Ya da mən axırıncı dəfə
xəstələnəndə sakit addımlarla Ottlanın otağına gəlməyin, qapının kandarında
dayanmağın, başını uzadaraq yatdığım çarpayıya tərəf boylanmağın, salam
verməyin... Onda mən yorğanı başıma çəkib sevincdən ağladım və elə bunları
yaza-yaza, indi də ağlayıram...
Sənin son dərəcə gözəl, çox nadir, sakit, mehriban, xeyirxah bir təbəssümün
var, onu görən özünü xoşbəxt hiss edə bilər. Uşaqlığımda o təbəssümü mənə
göstərdiyin yadıma gəlmir, ancaq, yəqin ki, göstərmiş olarsan. Niyə də
göstərməyəydin, axı onda günahsız bir uşaq idim, mənə böyük ümidlər
bəsləyirdin. Yeri gəlmişkən, belə xoş təəssüratların da çox xeyiri olmadı,
əksinə, özümü daha çox günahkar hiss etməyə başladım, dünya mənə daha da
müəmmalı göründü. Ancaq faktlardan, həmişə davam eləyən şeylərdən
danışsam yaxşıdır. Bir tərəfdən özümü təsdiq etmək, qismən də qisas almaq
üçün tezliklə səndə gördüyüm xırda-para gülünc hərəkətləri müşahidə
etməyə, onları üst-üstə gəlməyə, şişirtməyə başladım. Məsələn, vəzifəcə o
qədər də böyük olmayan adamların səni qamaşdırması... Onlardan saatlarla
danışmağın... Tutaq ki, hansısa müşavirdən ya da ona bənzər adamlardan...
(Bir yandan da, ürəyimi ağrıdırdı ki, sən, yəni, mənim atam, öz qiymətini
qaldırmaq üçün belə mənasız söhbətlər edir, bununla öyünür). Ya da
görürdüm ki, ədəbsiz sözlərdən, onları ucadan deməkdən xoşun gəlir, sonra
da elə gülürsən ki, guya lap gözündən vurmusan, ancaq o cür danışmaq
əslində bayağı bir ədəbsizlik idi (həm də sənin necə güclü olmağın
haqqındakı təsəvvürlərimi korlayırdı, məni utandırırdı). Əlbəttə, bu cür
müşahidələrin sayı çox idi və mən də buna sevinirdim, çünki qeybətə,
zarafata bəhanəm olurdu. Bəzən bunu başa düşərək əsəbiləşirdin, kinlilik,
hörmətsizlik hesab eləyirdin, ancaq inan ki, bunların hamısı özümü qoruyub
saxlamaq üçün tapmış olduğum yararsız vasitələr, zarafatlar idi. Elə zarafatlar
ki, onları allahların, şahların haqqında da danışırlar... Elə zarafatlar ki, kiməsə
olan dərin hörmətini azaltmır, əksinə, həmin hörmətin tərkib hissəsinə
çevrilir. Yeri gəlmişkən, sən də mənim qarşımda eyni vəziyyətə düşəndə,
özünü bir növ müdafiə etməyə çalışırdın. Adətin üzrə başlayırdın ki, mənim
kefim həmişə kök olub, mənimlə həmişə yaxşı rəftar olunub... Bunlar düzdür,
ancaq inanmıram ki, o vaxtkı vəziyyətlərdə mənə çox kömək etmiş olsunlar.
Düzdür, anam mənə qarşı hədsiz dərəcədə mehriban idi, ancaq mənə elə
gəlirdi ki, bu mehribanlıq səninlə pis münasibətdə olduğuma görədir. O, özü
də bilmədən sürəkçi rolunu oynayırdı. Bəzən elə inanılmaz vəziyyətlər
alınırdı ki, sənin tərbiyə üsullarının yaratdığı tərslik, dönüklük, hətta nifrət,
bəlkə də, mənə özümü toplamağa kömək edərdi, ancaq anam öz
mehribanlığı, ağıllı danışığı (mənim qarmaqarışıq uşaq aləmimdə o, ağıl
mücəssəməsi idi), tərəfkeşliyi ilə onları yumşaldırdı və mən yenə də sənin
təsir dairənə qayıtmalı olurdum, ancaq ola bilsin, bu dairədən uzaqlaşardım,
mənə də yaxşı olardı, sənə də... Bəzən də barışmırdıq və onda anam səndən
gizli məni müdafiə edirdi, gizlincə nəsə ötürürdü, nəyəsə icazə verirdi, axırda
yenə də sənin qarşında yalançı kimi, günahkar kimi qalırdım, yenə tir-tir
əsməyə başlayırdım və belə çıxırdı ki, heç nəyə yaramadığımdan haqqım
çatan şeyləri də əldə eləməkçün dolayı yollardan istifadə etməliyəm. Əlbəttə,
sonralar özümə görə haqqım çatmadığı şeyləri bu yollarla əldə etməyə adət
elədim və beləliklə də özümü daha çox günahkar hiss etməyə başladım.
Bu da həqiqətdir ki, məni heç vaxt əməlli-başlı döyməmisən. Ancaq
qışqırmağın, qıpqırmızı pörtməyin, çiyinbağılarını tələsik çıxarıb stulun
başına keçirməyin döyməkdən də betər olurdu. Elə bil, kimsə asılmalı idi.
Əgər doğrudan da asılırdısa, deməli, ölürdü və hər şey də qurtarıb gedirdi.
Ancaq kimisə asmağa onun gözünün qabağında hazırlaşırsan və o da bunları
görür, qarmaq gözləri önündə oynayır, sonra da əfv xəbəri gəlirsə, o, ömrü
boyu əzab çəkməli olur. Belə hallar tez-tez olurdu və açıqca hiss etdirirdin ki,
mən döyülməyə layiqəm, ancaq sənin mərhəmətin sayəsində döyülmürəm,
deməli, bir böyük günah da burdan üstünə gəlirdi.
Çoxdan bəri boynuma minnət qoyursan ki, (tək də olanda, başqalarının
yanında da və heç vecinə deyildi ki, uşaqlarının neylədiyini hamı bilir), sənin
əməyin sayəsində mən ehtiyac nə olduğunu bilməmişəm, sakit, isti yerdə,
kef-damaq içində yaşamışam. Yadıma o vaxtdan beynimdə dərin izlər
buraxmış cümlələrin düşür: "Yeddi yaşımda əl arabası ilə kəndbəkənd
gəzirdim", "Hamımız balaca bir daxmada yatırdıq", "Yeməyə kartof tapanda
sevinirdik", "Isti paltarım olmadığından baldırlarım illərlə yara tökürdü",
"Lap uşaq olanda, Pizekdə məni bir dükançıya şəyird verdilər", "Evdən mənə
heç nə vermirdilər, hətta əsgərlikdə olanda, özüm evə pul göndərirdim".
"Bütün bunlara baxmayaraq, atam mənim üçün həmişə ata idi! Bu gün belə
şeyləri bilən var?! Indiki uşaqlar bunu bilir?! Axı heç biri bu çətinlikləri
görməyib! Bu gün hansı uşaq belə şeyləri başa düşər?" Bəlkə də başqa bir
şəraitdə bu sözlər çox gözəl tərbiyə vasitəsi ola bilərdi, uşaqları atalarının
gördüyü çətinliklərə, ehtiyaca dözməyə öyrəşdirərdi, onları həvəsləndirərdi,
möhkəmləndirərdi. Ancaq sən bunu heç vaxt istəmirdin, sənin sayəndə
vəziyyət artıq dəyişmişdi, sənin kimi fərqlənməyə şərait qalmamışdı.
Bu imkanı qazanmaq üçün zor işlətmək, çevriliş etmək, evdən qaçmaq lazım
idi (ancaq bu şərtlə ki, buna qətiyyətin, gücün çataydı və ana da öz bildiyi
yollarla buna qarşı tədbirlər tökməyəydi). Ancaq sən bunların heç birini
istəmirdin, hamısını nankorluq, iftira, özbaşınalıq, satqınlıq, axmaqlıq hesab
eləyirdin. Misal çəkməklə, öz keçmişindən danışmaqla, utandırmaqla bizi
həm buna sövq edir, həm də hamısına ciddi qadağalar qoyurdun. Yoxsa bəzi
xırda təfərrüatlar nəzərə alınmazsa, Ottlanın Tsürau sərgüzəştləri ürəyincə
olardı. Axı o sənin doğma kəndinə getmək, işləmək, sənin bir vaxtlar
gördüyün çətinlikləri görmək istəyirdi. İstəyirdi ki, işləməkdən sənin kimi
ləzzət alsın, sənin kimi atasından asılı olmasın. Məgər bunlar çox pis arzu
idi? Məgər sənin çəkdiyin misallara, verdiyin öyüd-nəsihətlərə uyğun
gəlmirdi? Yaxşı, tutaq ki, Ottlanın bu niyyəti sonda baş tutmadı, bəlkə də
hamıya gülünc göründü, hay-küylü oldu, valideynləri ilə hesablaşmadı.
Məgər bu, təkcə onun səhvi idi? Məgər evdəki münasibətlərin, hər şeydən
öncə də sənin ona yadlaşmağının burda günahı yox idi? Məgər mağazada
işləyərkən o, sənə Tsüraudakından az yadlaşmışdı (necə ki, sonralar özünü
buna inandırmağa çalışırdın)? Məgər sənin gücün çatmazdı ki, (bu şərtlə ki,
özünü buna məcbur edə biləydin), onu həvəsləndirəydin, məsləhət verəydin,
gözün üstündə olaydı, səbrsizlik göstərməyəydin, bu sərgüzəştin də sonu
yaxşı qurtaraydı?
Adətən belə işlərdən sonra acı bir zarafatla deyərdin ki, biz lap əntiqə
yaşayırıq. Ancaq bunu müəyyən mənada zarafat hesab etmək olmazdı. Sənin
zor gücünə qazandıqlarını biz evdə əlindən alırdıq, ancaq bayırda da bizə
mübarizə aparmaq lazım gəlirdi. Sənə asan başa gələn bu mübarizəni biz yaşa
dolandan sonra uşaqlığın gücü ilə aparmalı olduq. Demirəm ki, buna görə
vəziyyətimiz səninkindən ağırdır, ola bilsin ki, eynidir (əlbəttə, çıxış
nöqtəsini müqayisə etmək olmaz), ancaq bizim bir çatışmayan cəhətimiz var
ki, sənin kimi öz çətinliklərimizlə öyünə bilmirik, heç kəsi onlarla
alçaltmırıq. Onu da danmıram ki, mən, bəlkə də, sənin o böyük, uğurlu
işlərinin bəhrəsindən dada bilərdim, qiymətləndirərdim, onları davam
etdirməklə səni sevindirərdim, ancaq bizim bir-birimizə yadlaşmağımız buna
mane oldu. Düzdür, verdiklərindən daddım - ancaq alçala-alçala, qorxa-
qorxa, çəkinə-çəkinə, özümü günahkar hiss eləyə-eləyə... Buna görə də sənə
öz işimlə - əməlimlə yox, dilənçi yazıqlığı ilə minnətdarlıq eləyə bildim...
Sənin bu cür tərbiyənin bir zahiri nəticəsi də o oldu ki, səni ötəri də olsa
xatırladan hər şeydən qaçmağa başladım. Ən əvvəl də mağazadan...
Özlüyündə mənim lap uşaqlıq çağlarımda, adicə bir mağaza olduğu vaxtlarda
ora çox xoşuma gəlməliydi: get-gəli çox idi, işıqlı olurdu, adam çox şey
görür, çox şey eşidirdi, hətta bəzi işlərdə köməyim də dəyərdi, özümü göstərə
bilərdim və hər şeydən əvvəl də, sənin əvəzsiz tacirlik istedadına, malı necə
satdığına, insanlarla rəftarına, zarafatlarına, yorulmazlığına, çətin anlarda
çıxış yolu tapmaq bacarığına və sairəyə heyran qalardım. Sənin nəyisə
bükməyin, qutuları açmağın özü bir tamaşa idi və bütün bunların hamısı
uşaqlar üçün çox gözəl məktəb ola bilərdi. Ancaq tədricən məni hər cəhətdən
qorxutduğun, həm mağazanı, həm də özünü mənim üzümə bağladığın üçün
orda da özümü rahat hiss eləyə bilmədim. İlk günlər mənə doğma görünən
şeylər sonradan mənə əzab verməyə, utandırmağa başladı, ən çox da sənin öz
işçilərinlə rəftarın... Bilmirəm, bəlkə də mağazaların çoxunda belə idi
(məsələn, o vaxtlar Assicurazioni Generali1 buna çox oxşayırdı və orda işdən
çıxmağımın səbəbini direktora belə izah elədim ki, - tam həqiqət olmasa da,
hər halda yalan da deyildi - birbaşa mənə yönəlməsə də, söyüşə dözə
bilmirəm. Uşaqlıqdan belə şeylərə çox həssas idim), ancaq uşaq olanda
onların mənə dəxli yox idi. Mən yalnız onu görür və eşidirdim ki, sən
mağazada qışqırırsan, söyürsən, əsəbiləşirsən. O vaxt elə fikirləşirdim ki,
dünyada heç kəs belə eləməz. Özü də söhbət yalnız söyməkdən getmir, həm
də zülmkar idin. Məsələn, ayrı-ayrı yığılmalı malları bir yerdə görəndə,
hamısını vurub rəfdən tökürdün, onda sənə haqq qazandıran yeganə şey
hirsindən ağlını itirməyin olurdu və fəhlələr onları təzədən yığmalı olurdular.
Bir də ciyərləri xəstə olan fəhlə haqqında dediyin sözlər: "Bu xəstə köpək nə
vaxt gəbərəcək?!". Öz işçilərinə "muzdlu düşmənlər" deyirdin. Əslində, elə
idilər, ancaq, deyəsən, onlar belə olmamışdan əvvəl sən özün "muzdur
saxlayan düşmən" idin. Bu mənim üçün çox yaxşı bir dərs oldu ki, sən də
haqsız ola bilərmişsən! Mənə qalsaydı, bunu belə tez başa düşməzdim, çünki
özümü həmişə günahkar saydığım üçün sənə haqq qazandırmışdım. Ancaq
orda, sonralar bir az itiləşmiş uşaq ağlıma görə, bizim üçün işləyə-işləyə
sənin ucbatından həmişə qorxu içində yaşamalı olan yad adamlar da vardı.
Əlbəttə, mən bunu o vaxt bir az şişirdirdim və ona görə belə eləyirdim ki, heç
nəyi hesaba almadan, sənin o adamlara da dəhşətli dərəcədə təsir etdiyini
düşünürdüm. Əgər belə olsaydı, heç biri yaşaya bilməzdi. Onlar yaşa dolmuş
adamlardı, əsəbləri möhkəm idi və heç bir çətinlik çəkmədən həmin
söyüşlərə fikir vermirdilər, son nəticədə də onlardan çox sənin özünə ziyan
dəyirdi. Bu da mağazanı mənim gözümdən salırdı, onu görən kimi sənə
münasibətim yadıma düşürdü. Sahibkarlıq marağın, hökmranlıq həvəsin bir
yana, sən bir tacir kimi də öyrətdiyin adamlardan o qədər yüksəkdə
dayanırdın ki, onların gördüyü işlərdən heç vaxt razı qala bilməzdin və buna
uyğun olaraq məndən də həmişə narazı idin. Buna görə də mən istər-istəməz
işçilərin tərəfinə keçməli olurdum. Bir də ona görə keçirdim ki, çox qorxaq
olduğumdan, hər hansı bir yad adamın bu cür söyülməsinin mümkünlüyünü
dərk eləyə bilmirdim və elə çox qorxaq olduğuma görə də, zənnimcə, dəhşətli
dərəcədə hiddətlənmiş işçiləri, heç olmasa özümü sığortalamaq xatirinə,
səninlə, ailəmizlə barışdırmağa çalışırdım. Bunun üçün onlarla adi qaydada
davranmaq, nəzakətli olmaq, təvazökarlıq etmək kifayət deyildi, gərək
alçalaydım, nəinki birinci salam verəydim, hətta kiminsə məni birinci
salamlamasına imkan verməyəydim. Ancaq mən o qədər də vacib olmayan
bir adam kimi aşağıda onların ayaqları altından öpsəydim də bu sənin bir
sahibkar kimi yuxarıda başlarına açdığın oyunların əvəzini verə bilməzdi.
Buradakı adamlara münasibətim mağazanın hüdudlarını aşdı, hətta
gələcəyimə də təsir etməyə başladı (buna oxşar münasibətlər Ottloda da
yaranmışdı, ancaq məndəki kimi köklü, qorxulu deyildi: məsələn, kasıblarla
oturub-durmağı xoşlayırdı, qulluqçu qızlarla deyib-gülməsi səni
əsəbiləşdiridi və sair və ilaxır...). Son nəticədə, demək olar ki, mağazadan
qorxmağa başladım. Ancaq bunsuz da, gimnaziyaya girməmişdən əvvəl,
mağazanın mənlik olmadığını hiss eləmişdim və orda oxumağım məni bir az
da ondan uzaqlaşdırdı. Mənə elə gəlirdi ki, belə işlərə gücüm çatmaz və
üstəlik , öz dediyin kimi, sənin də gücünü əlindən alırdım. Alver işindən,
sənin sənətindən xoşum gəlmədiyini görüb, dərdini bir az yüngülləşdimək
üçün yana-yana (bu gün də yadıma düşəndə, riqqətə gəlirəm, utanıram)
deyirdin ki, guya mən alver üçün yaranmamışam, guya mənim beynimdə
daha böyük ideyalar yatır və sair və ilaxır... Əlbəttə, özünü məcbur eləyib
dediyin bu sözləri anam eşidəndə sevinirdi və bir az şöhrətpərəst
olduğumdan, mən özüm də buna inanmağa başlayırdım. Əgər məni
mağazadan uzaqlaşdıran (əslində, mən indi ona ürəkdən nifrət edirəm)
doğrudan da "böyük ideyalar" olsaydı və ya onlar üstünlük təşkil eləsəydi, bu
özünü başqa cür göstərərdi, məni əvvəlcə gimnaziyanı, sonra da hüquq
fakültəsini sakitcə başa vurmağa, axırda da gəlib bir məmur masasının
arxasında lövbər salmağa qoymazdı.
Səndən qaçmaq istəsəydim, bütün ailədən, hətta anamdan da qaçmış olardım.
Düzdür, ona həmişə bel bağlamaq olardı - amma yalnız səninlə bağlı olan
məsələlərdə... Səni lap çox sevirdi, sənə çox sədaqətli idi, elə bil bununla
uşaqların mübarizəsində sənə uzun müddət mənəvi təsir göstərə bilərdi. Yeri
gəlmişkən, mənim bu instinktiv uşaq duyumum sonralar düz çıxdı, çünki illər
keçdikcə anam sənə daha çox bağlandı və bağlana-bağlana da özünə aid olan
məsələlərdə yavaş-yavaş, az-az, səni incitmədən öz müstəqilliyini qoruyub
saxladı, illər keçdikcə onu artırdı, ancaq bu müstəqillik ağıldan çox hisslərdə
oldu, sənin uşaqlar haqqında dediyin sözləri, çıxardığın qərarları kor-koranə
qəbul etməyə başladı. Ən çox da Ottlonun məsələsində, onun ağır
günlərində... Ancaq onu da unutmaq olmaz ki, ailədə anamın vəziyyəti çox
üzüntülü, dözülməz idi. Mağazada da işləyirdi, evdə də, ailədə kimsə
xəstələnəndə ikiqat əziyyətə qatlaşırdı, bütün bunların hamısının mükafatı isə
səninlə bizim aramızda qalaraq əzab çəkmək olurdu. Anama həmişə
məhəbbətlə, diqqətlə yanaşmısan, ancaq bu məsələdə ona bizdən az yazığın
gəlib. Ağına - bozuna baxmadan bütün ağrı-acılarımızı onun üstünə
tökmüşük - sən bir tərəfdən, biz də bir tərəfdən. Qəribə idi ki, heç birimiz ona
pislik eləmək istəmirdik, yalnız sənin bizimlə, bizim də səninlə apardığımız
mübarizə haqqında düşünürdük, acığımızı da onun üstünə tökürdük. Sənin
yanında günahı olmaya - olmaya, yalnız bizə görə ona əzab verməyin heç
vaxt uşaqların tərbiyəsinə yaxşı təsir göstərə bilməzdi. Bu hətta bizim ona
münasibətlərimizə də haqq qazandırırdı, halbuki belə münasibətə heç nə ilə
haqq qazandırmaq olmazdı. Həm sənə görə, həm də bizim ucbatımızdan çox
əzablara qatlaşmalı olurdu. Ancaq bununla belə, sən də bəzən haqlı idin,
çünki, o, bizi ərköyün böyüdürdü, baxmayaraq ki, bu "ərköyünlük", bəzən,
sənin tərbiyə üsuluna qarşı sakit, qeyri - ixtiyari bir narazılıqdan başqa heç nə
olmurdu. Əlbəttə, anam bizi çox sevməsəydi və bu sevginin səadətindən güc
almasaydı, bunların heç birinə dözə bilməzdi.
Bacılarım yalnız bəzi məsələlərdə mənimlə həmrəy olurdular. Sənə
münasibətdə Valli bizlərdən ən xoşbəxti idi. Anama oxşadığı üçün heç bir
əziyyət çəkmədən sənə öyrəşə bildi. Anamı xatırlatdığına görə də, onda
"kafkalıq" əlamətlərinin az olduğuna baxmayaraq, qıza qarşı mehriban idin.
Bəlkə də ən çox xoşuna gələn elə bu idi: kimdəsə "kafkalıq" əlaməti yox idi,
ondan bu xüsusiyyətləri tələb edə bilməzdim. Sən də bizim kimi elə
düşünmürdün ki, burda nəsə itib gedir, onu zorla geri qaytarmaq lazımdır.
Yeri gəlmişkən, qadınlarda "kafkalıq əlamətləri" görməyi xoşlamırdın. Biz
maneçilik törətməsəydik, bəlkə də Valli sənə qarşı daha mehriban olardı.
Elli sənin təsir dairəndən tamamilə qopa bilən adamlara yeganə misal ola
bilər. Uşaq vaxtı belə şeyi ondan heç gözləməzdim. Axı çox yöndəmsiz,
sısqa, qorxunc, qaraqabaq, təqsirini başa düşən, fağır, kinli, tənbəl, yazıq
görkəmli, simic bir uşaq idi, onunla oturub-durmazdım, danışmazdım, çünki
mənə özümü xatırladırdı: mənim kimi aldığı tərbiyənin qulu idi. Ən çox da
simicliyinə görə zəhləm gedirdi, çünki özüm ondan da simic idim. Bu
simiclik bədbəxtliyin birinci nişanəsidir. O qədər ümidsiz idim ki, yalnız
əlimdəkini, ağzımdakını, ya da ağzıma aparmaq istədiyimi özümünkü hesab
edirdim və o da mənim kimi olduğu üçün, məhz, bunları əlimdən alırdı.
Ancaq çox gənc yaşlarımda - bu, vacib şərt oldu -evdən çıxıb gedəndən sonra
hər şey dəyişdi: ərə getdi, uşaqları oldu, həyatsevər, qayğısız, cəsarətli,
səxavətli, gözütox, qəlbi ümidlərlə dolu bir qıza çevrildi. Heç inanılası deyil
ki, sən bu dəyişikliyi hiss etmədin, onu layiqincə qiymətləndirə bilmədin,
çünki ona qarşı çoxdan bəslədiyin kin - küdurət, əslində, olduğu kimi
qalmışdı, gözlərini bağlamışdı. Və həmin kin - küdurət indi ona görə
mənasını itirib ki, Elli daha bizdə qalmır, bundan əlavə, Feliksə olan
məhəbbətin, Karla rəğbətin onu arxa plana keçirib. Yalnız Qerti1 hərdən
özünü ondan qorumalı olur.
Otllo barədə yazmağa ürək eləmirəm, bilirəm ki, bununla məktubun bütün
təsirini şübhə altında qoymuş oluram. Adi hallarda, yəni, onu heç bir təhlükə,
çətinlik gözləməyəndə qıza nifrət edirdin. Bir dəfə mənim yanımda özün
boynuna aldın ki, sənin fikrincə, Ottlo bu çətinlikləri, ağrı-acıları qəsdlə
yaradır və onlara görə əzab çəkdiyini görəndə rahatlıq tapır, sevinir. Deməli,
bir növ Iblisdir. Bir-birinizə o dərəcədə yadlaşmışdınız ki, bizim aramızdakı
yadlaşma onun yanında heç nə idi və ona görə də belə dəhşətli anlaşılmazlıq
yaranmışdı. Səndən o qədər uzaqlaşıb ki, onu görmürsən, yalnız təsəvvür
elədiyin yerdə xəyalında canlandırırsan. Düzünü desəm, Ottlo sənə daha çox
əzab verirdi. Bu məsələ o qədər qəlizdir ki, çoxunu özüm də anlamıram,
ancaq burda, hər halda, ən yaxşı Kafka silahı ilə silahlanmış Lövilik
əlamətləri hiss olunur. Əslində, bizim aramızdakına mübarizə demək
olmazdı, çünki mən tez basılırdım və qaçmaqdan, kədərlənməkdən, özümə
nifrət etməkdən başqa əlacım qalmırdı. Ancaq sizin ikiniz də həmişə döyüşə
hazır idiniz, yorulmaq bilmirdininz, var gücünüzlə döyüşürdünüz. Nə qədər
qorxunc olsa da, möhtəşəm səhnə idi. Ilk günlərdə bir- birinizə çox yaxın
idiniz və elə indinin özündə də dörd uşağınız arasında Ottlo sizə ən yaxın
olanıdır, hər ikinizin gücünü özündə cəmləşdirib. Bilmirəm, sizi istəkli ata-
bala olmaq səadətindən kim məhrum eləmişdi və az qala elə düşünürəm ki,
mənim başıma gələn onun da başına gəlib. Sənin tərəfindən təbiətinə uyğun
zülmkarlıq, onun tərəfindənsə Lövilərə xas olan inadkarlıq, dəymədüşərlik,
ədalət hissi, narahatlıq və bütün bunların hamısı da Kafka mənəmliyinin
gücünə söykənirdi. Yəqin, ona mənim də təsirim keçmişdi, ancaq bunu bilə-
bilə eləməmişdim, sadəcə olaraq, varlığım təsir eləmişdi. Yeri gəlmişkən,
Ottlo bu hazır münaqişələr burulğanına ən axırıncı düşmüşdü və görüb-
götürdüklərindən özü üçün nəticə çıxara bilərdi. Hətta mənə elə gəlir ki, o,
təbiətinə uyğun olaraq, bir az tərəddüd etdi, bilmədi ki, özünü sənin qoynuna
atsın, ya rəqiblərinin... Çox güman ki, sən onda bir az gecikdin, onu geri
itələdin, halbuki bu baş versəydi, çox gözəl ata-bala olardınız. Düzdür, mən
bununla bir müttəfiqimi itirmiş olardım, ancaq sizə baxıb xeyli
yüngülləşərdim, sən də heç olmasa, bəxtin gətirib uşaqlarının birindən
yarıyardın, mənə də münasibətin xeyli dəyişərdi. Ancaq indi bunların hamısı
xam xəyallardır! Artıq Ottlonun öz atası ilə heç bir bağlılığı yoxdur, öz
yolunu mənim kimi özü tapmalıdır, ancaq mənimlə müqayisədə daha inamlı,
özünə arxayın, sağlam, ürəkli olduğuna görə sənin gözünə daha çox satqın,
daha çox şeytan kimi görünür. Niyə belə olduğunu da yaxşı başa düşürəm.
Sənin fikrincə, o, başqa cür də ola bilməz! Bəli, o heç vaxt özünə sənin
gözünlə baxa bilməz, heç vaxt sənin iztirablarını duya bilməz, buna görə
ümidsizliyə qapılmaz - ümidsizliyə qapılmaq mənim peşəmdir - ancaq
kədərlənə bilər. Sən isə zahiri əksliklərə baxmayaraq bizi tez-tez bir yerdə
görürsən. Görürsən ki, pıçıldaşırıq, gülüşürük, hərdən də sənin adını çəkirik.
Elə bilirsən ki, sənə qarşı sui-qəsd hazırlayırıq. Əcəb sui- qəsdçilərdir!
Düzdür, özümüzü dərk eləyəndən bəri söhbətlərimizin əsas mövzusu sən
olubsan, ancaq doğrudan da sənə qarşı heç nə hazırlamırdıq, sadəcə olaraq,
bir yerdə oturub üzülə-üzülə, zarafatla, ciddiliklə, məhəbbətlə, inadkarlıqla,
qəzəblə, nifrətlə, sədaqətlə, günahlarımızı duya-duya, bütün qəlbimizin,
beynimizin gücü ilə səninlə bizim aramızda gedən bu dəhşətli prosesləri
bütün xırdalıqları ilə müxtəlif bucaqlardan, müxtəlif baxımlardan, həm
uzaqdan, həm yaxından müzakirə edirdik. Bu prosesdə sən özünü həmişə
hakim hesab edirsən, ancaq, əslində, daha çox (burda bütün qapıları mümkün
səhvlərə açıq qoyuram) bizim kimi zəif, qamaşmış bir tərəfsən.
Sənin verdiyin tərbiyənin nəticəsinə İrma1 ən yaxşı misal ola bilər. Bir
tərəfdən bizə yad hesab olunurdu, mağazaya gələndə artıq böyük qız idi, sənə
daha çox sahibkar kimi baxırdı və, deməli, müqavimət göstərməyə qadir olan
bir yaşda qismən sənin təsirin altına düşmüşdü. Digər tərəfdən də qan
qohumun idi, sənə atasının qardaşı kimi hörmət bəsləyirdi və deməli, onun
üçün yalnız adicə sahibkar deyildin. Öz çəlimsiz cüssəsi ilə nə qədər səliqəli,
ağıllı, işgüzar, təvazökar, məsuliyyətli, etibarlı, sədaqətli olsa da, səni əmi
kimi sevsə də, sənə sahibkar kimi heyran qalsa da, istər əvvəl, istərsə də
sonra ona tapşırılan işlərdə özünü yaxşı göstərsə də, sənin gözündə yaxşı işçi
olmadı. O da sənə öz uşaqların kimi münasibət bəsləyirdi - əlbəttə, bunda
bizim də rolumuz az deyildi - və ona elə dəhşətli dərəcədə hakim kəsilmişdin
ki, qızda son vaxtlar (yalnız sənə münasibətdə və çox güman ki, heç bir əzab
çəkmədən) unutqanlıq, səliqəsizlik, süni yumor hissi, bəlkə, bir az da
inadkarlıq yaranmışdı. Ümumiyyətlə, inadkarlığa özü də meyilli idi və hələ
demirəm ki, xəstəhal, bədbəxt bir qız idi, evin bütün ağırlığı da onun üstünə
düşmüşdü. Ona münasibətini artıq bizim üçün klassik ibarəyə çevrilmiş bir
cümlə ilə ifadə edirdin: "Qurban olduğum mənə zir-zibil qoyub gedib." Bu
cümlə nə qədər küfr səslənsə də, insanlarla rəftarında günahsızlığını sübut
edirdi.
Sənin başqa təsir dairələrindən, onlara qarşı mübarizədən çox danışmaq olar,
ancaq qorxuram ki, burda çaşam, buna görə də gərək bütün diqqətimi
cəmləyəm: axı sən evdən, mağazadan uzaq düşəndə çox mehriban, səxavətli,
nəzakətli, diqqətli, yanımcıl (deyərdim ki, həm də zahirən) olursan: məsələn,
öz ölkəsindən kənarda olan hökmdara oxşayırsan. Zülmkar ola bilmir və ona
görə də mərhəmət göstərib hər yetənlə oturub durur. Daha bir misal:
Fransensbadda çəkilmiş kollektiv şəkillərdə səyahətə çıxmış padşah kimi
qaraqabaq adamların arasında çox cüssəli, mehriban görünürsən. Əgər
uşaqlar bunu o vaxt başa düşsəydilər - ancaq bu mümkün olan iş deyildi -
ondan öz xeyirlərinə istifadə edə bilərdilər. Məsələn, mən uzun - uzadı sənin
o dar, sərt, adamı sıxan təsir dairəndə yaşaya bilməzdim və axırda belə də
oldu.
Bununla da, sən dediyin kimi, yalnız ailəyə bağlılığımı itirmədim, əksinə, bu
bağlılıq çoxaldı, ancaq əks istiqamətə - mənfiliyə, səndən daxilən qopmağa
(özü də həmişəlik) yönəldi. Ancaq sənin təsirin ailəmizdən kənardakı
adamlara münasibətimdə özünü daha pis şəkildə göstərdi. Əbəs yerə elə
düşünürsən ki, başqaları üçün hər işi məhəbbətlə, sədaqətlə görürəm, ancaq
sənə, ailəyə gələndə, satqın çıxıram, heç nə vecimə olmur. Yüzüncü dəfə
təkrar edirəm: mən, yəqin ki, bunlarsız da qaraqabaq, qorxaq bir adam
olardım, ancaq oradan indi gəlib çıxdığım yerə gətirən yol çox uzaq, dumanlı
olardı. (Bu məktubda indiyəcən bir neçə məsələ barədə bilə - bilə susmalı
oldum. Elə indinin özündə də, gələcəkdə də bəziləri haqda susmalı olacam.
Çünki onları hər ikimizin qarşısında etiraf etmək mənə çətindir. Bunu da ona
görə deyirəm ki, nə vaxtsa, hardasa, ümumi mənzərə aydın olmayanda elə
bilməyəsən ki, bunun günahı dəlil-sübut çatışmazlığındadır. Yox, sübut
çoxdur, ancaq onlar məsələni həddindən artıq çılpaqlaşdırar, dözülməz
dərəcəyə çatdırar. Burada orta yol tapmaq o qədər də asan deyil). Yeri
gəlmişkən, bu məqamda keçmişi xatırlamaq kifayətdir: sənin qarşında özümə
inamı tamam itirmişdim, əvəzindəsə sonu görünməyən günahkarlıq hissləri
qazanmışdım. (Bu sonsuzluğu xatırlayaraq bir dəfə kiminsə haqqında belə
yazmışdım: "Qorxur ki, utancaqlığı özündən çox yaşaya"). Başqa adamlarla
rastlaşanda birdən-birə dəyişə bilmədim, onlarla qarşılaşanda özümü
günahkar hiss etməyə başladım, çünki, bayaq dediyim kimi, mənim
iştirakımla mağazada onlara elədiyin haqsızlıqların əvəzini qaytarmalı idim.
Bundan əlavə də, mənim oturub-durduğum adamlara gah gizlində, gah da
açıq-aşkar lağ edirdin və bunların da əvəzini qaytarmalı idim. Mənə istər
evdə, istərsə də mağazada başqalarına qarşı inamsızlıq təlqin edirdin (mənə
elə bir adam göstər ki, uşaq vaxtı onun haqqında nəsə bir xoş söz deyəm və
sən də onu, ən azı bir dəfə, öz tənqidinlə yıxıb sürüməmiş olasan), halbuki,
qəribə də olsa, heç birinin sənə pisliyi keçməmişdi (keçsə də, kifayət qədər
güclü olduğundan hamısına dözərdin. Kim bilir, bəlkə bu da adicə bir
hökmranlıq həvəsinin nişanəsi idi). Ancaq beynimə yeritmək istədiyin bu
inamsızlıq mənim uşaq ağlıma batmırdı, çünki hər yanda əlçatmaz dərəcədə
gözəl insanlar görürdüm və gördükcə də içimdə özümə qarşı inamsızlıq
yaranırdı, başqalarından da həmişə qorxmağa başlayırdım. Bu məsələdə səhv
eləməyin, bəlkə də, onunla bağlı idi ki, mənim kiminlə oturub durduğumdan,
kiminlə bölüşdüyümdən qəti xəbərin yox idi və ona görə də kədərlə,
qısqanclıqla (məgər məni sevdiyini nə vaxtsa inkar etmişəm?!) fikirləşirdin
ki, yəqin, evdə tapa bilmədiklərimi başqa yerdə tapıram, axı elə ola bilməzdi
ki, bayırda da evdəki kimi yaşayam. Yeri gəlmişkən, uşaq olanda özümün
fikirləşdiklərimə inamsızlığım müəyyən mənada özümə təsəlli olurdu, öz-
özümə deyirdim: "Sən də hər şeyi şişirdirsən, bütün cavan uşaqlar kimi hər
xırda şeyə böyük bir müstəsnalıq kimi baxırsan!". Ancaq sonralar
dünyagörüşüm artdıqca bu təsəllini, demək olar ki, itirdim.
Bu məsələdə məni yəhudilik də xilas eləyə bilmədi. Əslində, xilas eləyə
bilərdi, hələ bir az o yana da keçərdi. Məsələn, hər ikimiz özümüzü
yəhudilikdə tapa bilərdik, hər ikimiz bir çox məsələdə ümumi dil tapardıq.
Ancaq səndən öyrəndiyim yəhudiliyə yəhudilik demək olardımı?! Üç il
ərzində ona münasibətimi düz üç dəfə dəyişəsi oldum...
Uşaq olanda səninlə razılaşaraq özümü qınayırdım ki, sinaqoqa az-az
gedirəm, oruc tutmuram və sair və ilaxır. Elə bilirdim, bununla özümə yox,
sənə qarşı haqsızlıq edirəm və o dəqiqə də sanki hardasa dayanıb bunu
gözləyən günahkarlıq hissləri məni bürüyürdü.
Sonralar, cavan olanda, başa düşə bilmirdim ki, özündə yəhudilikdən heç nə
olmaya-olmaya mənə (lap sən dediyin kimi piyetzm baxımından olsa da)
yəhudilikdən əsər-əlamət olmadığını necə irad tuta bilirdin. Axı doğrudan da
görürdüm ki, səndəki yəhudilik heç nədir, zarafatdır, bəzən heç zarafat da
deyil. İldə dörd dəfə sinaqoqa gedirdin, orada buna ciddi yanaşanlardan çox,
laqeydlik göstərənlərlə yaxınlıq edirdin, forma xatirinə bütün dualara səbrlə
qulaq asırdın və hərdən də kitabda həmin an oxunan yeri göstərərək məni
əməlli-başlı təəccübləndirirdin. Sinaqoqda olanda (bu, əsas məsələ idi)
istədiyim yerə gedər, istədiyim yerdə dayana bilərdim. Beləliklə, saatlarla
orda oturub əsnəyir, mürgü döyürdüm (mənə elə gəlir, sonralar yalnız rəqs
dərslərində belə darıxırdım) və çalışırdım ki, orda gördüyüm xırda-para
maraqlı olaylarla başımı qatım: məsələn, mücrünün açılması səhnəsi... Mənə
həmişə tiri xatırladırdı: orta xala vuranda, qutunun qapağı açılır, ancaq ordan
maraqlı şeylər çıxırdı, burda isə başı olmayan köhnə gəlinciklər... Yeri
gəlmişkən, orda da xeyli qorxmalı oldum. Təkcə ona görə yox ki, adam çox
idi, həm də ona görə ki, bir dəfə ağızucu demişdin: səni də Tövratı oxumağa
çağıra bilərlər. Buna görə də illər uzunu orda məni əsməcə tuturdu. Yoxsa
mənə orda darıxmağa heç nə mane olmurdu. Uzaqbaşı konfirmasiya üçün
duaları gülünc şəkildə əzbərləmək, sonra da gülünc şəkildə ondan imtahan
vermək lazım gəlirdi... Bir də, səninlə bağlı olan bəzi xırda-para olaylar...
Məsələn, hərdən səni də Tövratı oxumağa çağırırdılar və mənim ictimai
hadisə hesab elədiyim bu işin öhdəsindən yaxşı gəlirdin. Ya da ölənlərin
ruhunu yad etmə mərasiminə qatılmaq üçün özün orda qalır, məni isə evə
göndərirdin və, yəqin ki, ya evə göndərildiyimə, ya da belə şeylərdən başım
çıxmadığına görə uzun müddət hətta elə düşündüm ki, orda nəsə ədəbsiz bir
işlə məşğul olursunuz. Sinaqoqda belə idi, evdə isə bundan betər olurdu və
getdikcə böyüyən uşaqlarının əməllərilə komediyaya çevrilən, hamını
gülməkdən qıc eləyən ilk pasxa axşamı ilə sona çatırdı. (Niyə belə əməllərə
dözməli olurdun? Çünki bu şəraiti özün yaratmışdın.) Mənə verdiyin dini
təlim bundan ibarət idi və uzaqbaşı şəhadət barmağını böyük bayramlarda
ataları ilə sinaqoqa gedən "milyoner Fuksun uşaqları"na tuşlamaq olurdu.
Özüm də bilmirdim ki, belə təlimlə ondan imkan daxilində canını tez
qurtarmaqdan başqa daha neyləmək olardı?! Buna görə də ondan canımı
qurtarmağı ən ağıllı, ən hörmətli yol hesab elədim.
Sonradan bütün bunlara başqa gözlə baxdım və anladım ki, sənə bu məsələdə
də qəsdlə xəyanət etdiyimi düşünməkdə haqlı imişsən. Onda iri şəhərlərin
yəhudilər üçün ayrılmış məhəlləsinə oxşayan balaca kənddən özünlə bir az
yəhudilik gətirmişdin və həmin yəhudilik də çox deyildi, bir azı şəhərdə, bir
azı da əsgərlikdə itdi, ancaq gənclik xatirələri, gənclik təsəvvürləri sənə, az
da olsa, yəhudi həyatı yaşamağa bəs elədi, çünki belə şeylərin köməyinə o
qədər də ehtiyacın yox idi, çünki zəif adam deyildin və dini təsəvvürlərlə
ictimai təsəvvürlərin bəzən üst-üstə düşməməsi sənə o qədər də təsir etmirdi.
Əslində, sənin həyat yolunu müəyyənləşdirən əqidənin mahiyyəti ondan
ibarət olub ki, hər hansı bir yəhudi təbəqəsinin fikirlərini mütləq həqiqət
hesab edəsən və belə çıxırdı ki, həmin fikirlər sənin təbiətinə uyğun gəldiyi
üçün, elə özünə inanıbsan. Düzdür, bunun özündə də kifayət qədər yəhudilik
olub, ancaq onu uşaqlarına ötürməyə bəs eləməyib və elə ötürdüyün andaca
damla-damla axıb qurtarıb. Bir tərəfdən kiməsə ötürülməsi mümkün olmayan
gənclik təsəvvürləri olduqları, digər tərəfdən də sənin vücudun adamı
qorxuya saldığı üçün belə tez tükəndi... Əslində, bunların hamısını qorxu
içində bütün çılpaqlığı ilə müşahidə edən uşağa yəhudilik adı altında bəzi
mənasız şeyləri həmin mənasızlığa uyğun bir biganəliklə başa salmağa
çalışmağın özü böyük mənasızlıq idi. Onlar sənin üçün keçmiş günlərin
yadigarı idi, ona görə də hamısını mənə ötürmək istəyirdin və artıq sənin
özün üçün də qiymətdən düşdüklərindən, tovlamaqla, ya da hədə-qorxu ilə
beynimə yeritməyə çalışırdın. Bu isə bir tərəfdən alınmırdı, digər tərəfdən də
həmin məsələdə zəif olduğunu başa düşmədiyinə görə mənim zahiri
kütlüyümə qəzəblənirdin.
Bütün bunlar, əslində, təkcə bizim başımıza gələn hadisələr deyildi, nisbətən
dindar kənddən şəhərlərə gələn, keçid dövrünü yaşayan yəhudi nəslinin
çoxunun taleyi idi. Hamısı da öz-özünə yarandı və bizim onsuz da
kəskinlikdən korluq çəkməyən münasibətlərə də təsir elədi, onları daha da
qızışdırdı. Düzdür, bu mənada sən də mənim kimi günahsızlığına inana
bilərsən, ancaq bu günahsızlığı zahiri səbəblərlə deyil, öz təbiətinlə, zəmanə
ilə izah etməlisən: məsələn, deməməlisən ki, işin-gücün, qayğıların çox olub,
üstəlik də, belə şeylərlə məşğul olmağa vaxtın çatmayıb. Belə çıxır ki, heç
kəsin şübhə eləmədiyi günahsızlığından başqalarına ədalətsiz iradlar tutmaq
üçün istifadə edirsən. Əlbəttə, bunu hər yerdə, elə indinin özündə də asanca
inkar etmək olar. Axı söhbət burda öz uşaqlarına verməli olduğun hər hansı
bir dərsdən deyil, sadəcə olaraq, onlara nümunə ola biləcək bir həyatdan
gedir. Məlum məsələdir ki, səndə yəhudilik güclü olsaydı, göstərdiyin
nümunə də məcburi olardı və bunu da sənə irad tutmuram, əksinə,
iradlarından qorunmaq üçün deyirəm. Son günlərdə Franklinin gənclik
xatirələrini oxudun. Doğrudan da onu sənə qəsdən vermişdim ki, oxuyasan.
Ancaq ona görə verməmişdim ki, orda vegetarianizm haqqındakı bir-iki
cümləyə lağ edəsən. Vermişdim ki, öz oğlu üçün yazdığı xatirələrdə müəlliflə
atasının, müəlliflə oğlunun münasibətlərinə fikir verəsən. İndi mən ordakı
xırdalıqlara varmaq istəmirəm...
Son illərdə sənə elə gələndə ki, yəhudiliklə çox məşğul olmağa başlamışam,
mənə münasibətin dəyişdi və bu da sənin yəhudiliyin haqqındakı
təsəvvürlərimi bir daha təsdiq etdi. Bu vaxta qədər də mənim bütün
məşğuliyyətlərimə, ən çox da maraq dairəmə qarşı çıxmışdın və indi də elə
oldu. Ancaq bütün bunlara baxmayaraq, gözləmək olardı ki, burda
müstəsnalıq göstərəcəksən. Axı bu yəhudilik səndən əxz elədiyim yəhudilik
idi və aramızda yeni münasibətlərin yaranmasına səbəb ola bilərdi. Bilmirəm,
bəlkə maraq göstərsəydin, həmin yəhudilik özümə də şübhəli görünərdi.
Əlbəttə, bununla heç də onu demək istəmirəm ki, belə məsələlərdə səndən
yaxşıyam. Ancaq bunu da sınaya bilmədik. Mənə görə yəhudiliyə nifrət
eləməyə başladın, onun haqqında yazılanları oxuya bilmədin, çünki "səni
iyrəndirdi". Bu, o demək idi ki, dediyindən dönmürsən, uşaqlığımda mənə
göstərdiyin yəhudilikdən başqa yəhudilik tanımırsan. Onda "iyrənmək"
(baxmayaraq ki, həmin iyrənclik yəhudilikdən qabaq mənə yönəlmişdi) o
demək idi ki, sən qeyri-ixtiyari öz yəhudiliyinin, eləcə də mənə verdiyin
yəhudi tərbiyəsinin zəifliyini etiraf edirdin, kiminsə bunları sənə
xatırlatmasını istəmirdin, xatırladanlara da nifrətlə cavab verirdin. Yeri
gəlmişkən, mənim yeni yəhudilik ideyalarım haqqında söylədiyin mənfi
fikirlər çox şişirdilmiş olurdu. Bu ideyalar ilk öncə sənin lənətinə tuş
gəlmişdi, digər tərəfdən də çağdaşlarıma münasibət əsasında inkişaf
etdirilmişdi və bu da mənim öldürücü zərbələr almağıma bəs edirdi.
Haqlı olaraq mənim yazı-pozu, eləcə də buna bənzər digər başa düşmədiyin
işlərlə məşğul olmağımdan zəhlən gedirdi. Bu məsələdə, doğrudan da, bir az
müstəqil idim, sənin təsirindən çıxa bilmişdim, baxmayaraq ki, bu
müstəqillik soxulcana bənzəyirdi: kimsə onu arxa tərəfdən ayaqlayanda, baş
tərəfindən qırılıb yana sürünür... Yazanda özümü bir növ təhlükəsiz yerdə hiss
edirdim, nəfəsimi dərirdim. Əlbəttə, mən yazmağa başlayan kimi, bundan
xoşun gəlmədiyini o dəqiqə büruzə verirdin və onda, müstəsna hal kimi, bu
"xoşa gəlməməyin" özü mənim xoşuma gəlirdi. Düzdür, mənim xudbinliyim,
mənim şöhrətpərəstliyim kitablarım çıxarkən dediyin o məşhur - "Yaxşı, apar
yataq otağındakı tumbanın üstünə qoy..." - təbrik cümləsindən (təzə kitab
gələndə, adətən sən kart oynayırdın) xeyli əzab çəkirdi, ancaq, əslində,
sevinirdim və bu sevinc də sənə qarşı yaranan kin-küdurətlə,
münasibətlərimiz haqqındakı fikirlərimin bir daha təsdiq olunması ilə bağlı
deyildi, əslində, bunun kökü daha uzaqlara gedib çıxırdı, o vaxtlar dediyin bir
cümləni xatırladırdı: "Hə, indi azadsan!". Əlbəttə, bu da özünü aldatmaq idi,
çünki azad deyildim - ən azı o vaxt azadlıqdan söhbət gedə bilməzdi. Sənin
haqqında yazırdım, səndən şikayətlənirdim, sənin gəlbinə süzə
bilmədiklərimi yazılarıma süzürdüm. Yaza- yaza səninlə vidalaşırdım, bilə-
bilə də həmin vida anlarını uzadırdım. Düzdür, sən özün məni buna məcbur
edirdin, ancaq mən də istədiyim kimi vidalaşırdım. Nə qədər mənasız işlər
idi! Bunların haqqında yalnız ona görə danışmağa dəyər ki, mənim
həyatımda baş veriblər, başqa yerdə gözə görünməzdilər və bir də ona görə
ki, uşaqlığımda nəyisə öncədən duymaq, sonralar ümid, daha sonra tez-tez
ümidsizlik nişanəsi kimi həyatıma həkk olunublar, sənin təbirincə desək,
lazım gələndə, hətta bəzi xırda-para qərarlar çıxarmağa da sövq ediblər.
Məsələn, götürək elə sənət seçimini. Əlbəttə, burda özünə məxsus olan bir
alicənablıqla, elə həmin mənada da səbrlə, mənə sərbəstlik verdin. Ancaq
əslində, orta təbəqəyə mənsub olan yəhudilərin öz oğullarına münasibətlərini
müəyyənləşdirən ümumi prinsiplərdən çıxış etdin, ya da həmin təbəqənin
dəyər ölçülərini əsas götürdün. Nəticədə isə mənim şəxsiyyətim haqqındakı
səhv fikirlərindən biri öz təsirini göstərdi. Əslində, lap çoxdan atalıq qüruru
ilə mənim həyatımın mənasını anlamadan sısqa bir uşaq olduğuma görə elə
hesab eləyirdin ki, çox çalışqanam. Sənin fikrincə, uşaqlığımda həmişə çox
oxuyur, sonralar da çox yazırdım. Ancaq burda zərrə qədər də həqiqət
yoxdur. Əslində, şişirtmədən demək olar ki, az oxudum, heç nə də
öyrənmədim. Uzun illər ərzində orta səviyyəli bir yaddaşla, o qədər pis
olmayan mühakimə qabiliyyətimlə nəyisə yadda saxlaya bilməyim də çox
təəccüb doğurmamalıdır, ancaq, hər halda, topladığım biliklərin nəticəsi, ən
çox da dərinliyi, zahirən qayğısız görünən sakit bir həyatda ona sərf olunan
vaxtla, pulla müqayisədə çox cılız görünür. Xüsusilə, az qala bütün tanıdığım
adamlarla müqayisədə belədir. Çox acınacaqlıdır və səbəbini də yaxşı başa
düşürəm. Fikirləşməyi bacardığım gündən öz mənəvi varlığımı təsdiq etmək
üçün elə böyük çətinliklərlə qarşılaşdım ki, bundan başqa hər şeyə
biganələşdim. Bizim yəhudi gimnazistlərdə qəribəliklər çox olurdu, bəzən
inanılmaz işlər görürdülər, ancaq məndəki o soyuq, açıq-aşkar bilinən,
qarşısıalınmaz, az gala gülünc hala düşən, qorxunc şəkildə özündən razı olan,
bumbuz fantaziyalar qoynunda yaşayan uşaq biganəliyini heç birində
görmədim, halbuki bu biganəlik həm də əsəblərimi qorxudan, günahkarlıq
hissindən pozulmağa qoymayan yeganə sipər idi. Məni yalnız öz qayğılarım
maraqlandırırdı və bu qayğılar da cürbəcür olurdu: məsələn, sağlamlığımın
qayğısına qalmaq. Bu qayğı tez-tez gərək olurdu, gah yemək yaxşı həzm
olunmurdu, gah saçım tökülürdü, gah da bel sümüyüm əyilirdi və hamısı da
müxtəlif dərəcədə mürəkkəbləşir, axırda da əsil xəstəliyə çevrilirdi. Ancaq
heç kəsə və heç nəyə inanmadığımdan, varlığımın hər an yeni bir təsdiqə
ehtiyacı olduğundan, heç nəyin şəksiz-şübhəsiz şəxsən mənim özümə
mənsub olmadığından, həqiqətdə varislikdən mərhum edildiyimdən, özümə
ən yaxın olan bir şeyə - bədənimə də inamımı itirdim. Boyum elə hey
uzanırdı, nə edəcəyimi bilmirdim, yüküm getdikcə ağırlaşırdı, çiyinlərim
qısılırdı. Hərəkət etməyə, idmanla məşğul olmağa qorxurdum, zəifləyirdim.
Bacardığım şeylərin hamısını möcüzə hesab edirdim: məsələn, yeməyi yaxşı
həzm elədiyimi... Və bu da həmin keyfiyyəti itirməyə kifayət edirdi,
ipoxondriyaya aparan yollar tamam açılırdı, sonra da evlənmək istəyərkən
keçirdiyim qeyri-insani gərginlikdən qan qusurdum (bu barədə sonra
danışacam). Sonuncuda bəlkə Şönbrunpalaysda tutduğum mənzilin də günahı
vardı: elə bilirdim, bu mənzil mənə yazmaq üçün lazımdır, ancaq axırda gəlib
bu siyahıya düşdü. Deməli, bütün bunların hamısı sən fikirləşdiyin kimi ağır
işlərin nəticəsi deyildi. Elə illər olurdu ki, heç bir yerim ağrımırdı, ancaq
bütün günü divanda uzanıb qalırdım və demək olar ki, xəstə olduğun günləri
də əlavə etməklə, sən həyatın boyu o divanda mənim qədər uzanmayıbsan.
İşim çox olduğunu deyib səndən qaçanda da çox vaxt öz otağımda uzanmağa
gedirdim. Mənim əmək məhsuldarlığım işdə də (orda tənbəllik az nəzərə
çarpır və üstəlik də qorxaq olduğum üçün çox ağ eləmirdim), evdə də az
olurdu. Bunları hesablaya bilsən, dəhşətə gələrsən. Çox güman ki, mən
təbiətən tənbəl deyildim, ancaq görməyə iş yox idi. Yaşadığım yerdə
alçaldılırdım, təhqir olunurdum, məhv edilirdim və başqa yerə qaçmaq da
mənə böyük gərginliklər bahasına başa gələrdi, əslində, bunun özü də alınan
iş deyildi, çünki söhbət mümkünsüz bir şeydən gedirdi, bəzi xırda istisnalar
nəzərə alınmasa, buna heç vaxt gücüm çatmazdı.
Deməli, belə bir vəziyyətdə sənət seçmək üçün sərbəstlik qazandım. Məgər
mən onda, ümumiyyətlə, bu sərbəstlikdən istifadə etmək iqtidarındaydım?
Məgər onda əsl sənət sahibi olacağıma inamım vardı? Mənim özümü
qiymətləndirməyim özgə bir şeydən, məsələn, hər hansı bir zahiri uğurdan
deyil, daha cox səndən asılı idi. Zahiri uğur bircə anlığa parlayırdı,
vəssalam... Ancaq həmin anda da sənin tərəzinin gözü ağır gəlirdi, o birini
qaldırırdı... Fikirləşirdim ki, ibtidai məktəbin birinci sinfini heç vaxt başa
vura bilməyəcəm, ancaq başa vurdum, üstəlik, tərifnamə də aldım. Sonra
fikirləşdim ki, gimnaziyaya qəbul imtahanını verə bilməyəcəm, ancaq
verdim. Dedim ki, gimnaziyanın birinci sinfində kəsiləcəm, ancaq
kəsilmədim və belə-belə irəlilədim... irəlilədim. Lakin bunların heç biri
gələcəyə inamımı artıra bilmədi, əksinə , bir daha əmin oldum ki, (sənin
üzündəki ifadələr də bunu formal cəhətdən təsdiq edirdi), işlərim nə qədər
yaxşı alınsa, son nəticəsi bir o qədər pis olacaq. Tez-tez xəyalımda gimnaziya
müəllimlərinin o dəhşətli iclaslarını canlandırırdım (gimnaziya burda
ümumiləşdirici bir misaldır, mənimlə hər yerdə belə olurdu) və görürdüm ki,
mən birinci sinfin imtahanlarını verəndən sona ikinci sinifdə, ikinci sinfin
imtahanlarından sonra üçüncü sinifdə və belə-belə sonadək yığışıb bu qeyri-
adi, hamını heyrətə salan hadisəni müzakirə edirlər: necə olub ki, ən küt, ən
zəif bir şagird sinifdən-sinfə keçib?! Hamının diqqəti mənə yönəldiyi üçün
bayıra atacaqlar, ədalətin bu dəhşət üzərindəki qələbəsinə sevinəcəklər...
Uşaq üçün belə təsəvvürlərlə yaşamaq çox çətindir. Belə bir vəziyyətdə dərs
mənim vecimə olardı?! Kim belə bir vəziyyətdə məndə nəyə qarşısa zərrə
qədər maraq oyada bilərdi?! Onda mənim dərsə marağım - təkcə dərsə yox,
həmin vacib yaş dövründə məni əhatə eləyən hər şeyə - pulları mənimsəmiş
bank işçisinin öz işinə marağı kimi idi: hələ vəzifəsində qalır, ancaq işin üstü
açılacağı gündən bərk qorxur, bununla belə, məmur kimi gündəlik bank
əməliyyatlarını aparır. Hər şey əsas məsələnin yanında belə xırda, belə
mənasız görünürdü. Bütün bunlar kamal attestatı alana qədər davam elədi,
bəzilərini doğrudan da fırıldaqla yola verdim, sonra hər şey qurtardı və mən
azad oldum. Əslində, o ağır gimnaziya illərində də həmişə özümü
düşünmüşdüm və indi azad olandan sonra da düşünürdüm. Deməli, sənət
seçimində sözün həqiqi mənasında azad deyildim, çünki bilirdim:
gimnaziyada olduğu kimi, əsas məsələ ilə müqayisədə hər şey mənə maraqsız
olacaq, deməli, elə sənət seçmək lazımdır ki, mənim şöhrətpərəstliyimə çox
da toxunmasın, eyni zamanda da biganəliyimə dözə bilsin. Məlum məsələdir
ki, burda hüquq elmi yada düşməli idi. Xudbinliyin, mənasız ümidlərin
müqaviməti, on dörd gün öyrəndiyim kimya elmi, yarım il oxuduğum alman
dili dərsi bu inamı daha da gücləndirdi. Beləliklə, hüquq sahəsini seçdim. Bu
o demək idi ki, imtahana qədərki bir neçə ay ərzində əsəb gərginliyi keçirə-
keçirə ağır günlər yaşamalı oldum. Bir vaxtlar gimnaziyada olduğu kimi, bu
günlər mənim üçün müəyyən mənada şirin oldu, sonra da məmurluq sənəti
gəldi... Bunlar hamısı mənim vəziyyətimə uyğun gəlirdi... Hər halda, bu
məsələdə ağlasığmaz bir uzaqgörənlik göstərdim, çünki uşaq olarkən necə
oxuyacağım, hansı sənəti seçəcəyim haqqında ilkin təsəvvürlərim vardı. Ona
görə də heç bir xilas yolu gözləmirdim, buna ümidimi çoxdan itirmişdim.
Evlənmək haqqında, onun mənası və imkanları barədə heç vaxt
düşünməmişdim. Həyatımın indiyəcən yaşamadığım ən dəhşətli anları məni
gözlənilmədən, qəflətən yaxaladı. Uşaq elə yavaş-yavaş böyümüşdü ki,
zahirən belə şeylərdən çox uzaq olmuşdu. Yalnız hərdən məcbur olub bu
barədə düşünmüşdü. Ancaq bu məsələdə uzun, taleyüklü, hətta ağrı-acılarla
dolu bir sınağa çəkiləcəyi barədə fikirləşməmişdi. Buna baxmayaraq,
evlənmək cəhdləri həqiqətən də möhtəşəm, ümidlərlə dolu bir xilas yolu idi,
hətta alınmayanda da öz möhtəşəmliyini saxladı.
Qorxuram ki, bu yerlərdə həmişə uğursuzluğa tuş gəldiyim üçün evlənmək
istəyimin səbəblərini də sənə başa sala bilməyim. Ancaq məktubumun
alınması məhz bundan asılıdır, çünki bu istəkdə hər şey cəmlənib: özümdə
olan müsbət keyfiyyətlər, bir də sənin tərbiyənin nəticəsi kimi təsvir etdiyim
mənfiliklər - yəni, zəiflik, özünə inamsızlıq, günah hissi... Bir sözlə,
evlənməklə mənim aramda sədd çəkənlər... Bütün bunları izah etmək bir də
ona görə çətin olacaq ki, gecə-gündüz bu barədə düşünmüşəm, götür-qoy
etmişəm, indi özüm də çaş-baş qalmışam. Zənnimcə, sən məsələnin
mahiyyətini heç vaxt başa düşməyəcəksən və bu da mənim işimi
yüngülləşdirəcək. Heç nəyi başa düşməyənə nəyisə bir az başa salmaq o
qədər də çətin olmur.
Hər şeydən əvvəl, evlənmək məsələsinin alınmamasını mənim digər
uğursuzluqlarımla bir sıraya qoyursan. Buna etirazım yoxdur, ancaq bu şərtlə
ki, indiyəcən olan uğursuzluqların səbəblərini izah etdiyim kimi qəbul
edəsən. Əslində, bu da digərlərilə eyni cərgədə durur, ancaq sən onu
lazımınca dəyərləndirmirsən və o dərəcədə qiymətdən salırsan ki, biz bu
barədə söhbət edəndə sanki başqa-başqa işlərdən danışırıq. Hətta cəsarət edib
deyə bilərəm ki, sənin həyatında heç vaxt elə bir hadisə baş verməyib ki,
mənim evlənmək istəyim qədər mənalı olsun. Bununla demək istəmirəm ki,
sənin həyatında mənalı günlər olmayıb, əksinə, sənin həyatın mənimkinə
nisbətən daha zəngin olub, qayğılar, sıxıntılar içində keçib və buna görə də
mənim başıma gələnlər sənin başına gəlməyib. Təsəvvür elə ki, bir nəfər beş
alçaq pilləni çıxmalıdır, başqası isə bircə pillə qalxmalıdır, ancaq bu pillə ona
beş pillə qədər hündür görünür. Birinci nəinki beş pilləni, lazım gəlsə, lap
yüzünü, minini də qalxacaq və çox qiymətli, gərgin bir həyat yaşamış olacaq,
ancaq qalxdığı pillələrin heç biri ikinci adamın çıxmalı olduğu pillə qədər
mənalı olmayacaq, çünki bu tək bir pilləni çıxmaq onun imkanı, gücü
xaricindədir, heç vaxt onu qalxa bilməyəcək, qalxsa da, ondan o tərəfə gedə
bilməyəcək.
Evlənmək, ailə qurmaq, uşaq sahibi olmaq, bu fani dünyada onları böyüdüb
başa çatdırmaq, mənim fikirimcə, insana bəxş olunmuş ən böyük nemətdir.
İlk baxışda bunun hamıya nəsib olması onun asanlığı demək deyil, çünki,
birincisi, əsl həqiqət də hamıya qismət olmur, ikincisi, "qismət olanlar"ın
özləri "belə eləmir", sadəcə olaraq, "başlarına gəlir". Düzdür, bu həmin nemət
deyil, ancaq çox böyük və şərəfli işdir (ən çox da ona görə ki, "özü eləməklə"
"başına gəlməy"i bir-birindən ayırmaq olmur). Və, nəhayət, söhbət burda
həmin "böyük nemət"in özündən deyil, az da olsa, ləyaqətlə ona
yaxınlaşmaqdan gedir. Ancaq burda günəşin özünə qədər uçmaq lazım deyil,
sadəcə olaraq, yer üzündə elə bir təmiz yerə qədər uçmaq lazımdır ki, gün
hərdən oraya da düşür, bir az qızınmaq olur.
Bəs mən buna necə hazırlaşmışdım? Pisdən də pis! İndiyə kimi olanlar da
bunu deyir! Əgər adamları ayrı-ayrılıqda buna hazırlamaq, birbaşa ona aid
olan əsas prinsipləri müəyyənləşdirmək vacib idisə, deməli, bu sahədə çox az
iş görmüşdün. Başqa cür də ola bilməz, çünki burda əsas sözü hamı
tərəfindən qəbul olunmuş prinsiplər - mənsub olduğun təbəqə, xalqın adət-
ənənəsi və zəmanə deyir. Bu baxımdan sən də hərdən nəsə edirdin, ancaq
elədiyin az olurdu, çünki bu məsələdə nəsə eləmək üçün çox böyük qarşılıqlı
inam-etibar olmalı idi, halbuki bizim hər ikimizdə həmin qarşılıqlı inam-
etibar bu hadisədən çox-çox əvvəl itib getmişdi, özü də boş yerdən
itməmişdi, çünki biz başqa-başqa adamlar idik. Məni maraqlandıran şeylər
sənin vecinə olmurdu və ya əksinə... Sənin günahsızlıq hesab elədiklərin
mənim üçün günah idi və əksinə... Sənin üçün qorxusuz bir şey mənim üçün
tabut ola bilərdi...
Yadımdadır, bir axşam sən və anamla gəzməyə çıxmışdım, indiki əyalət
bankının yaxınlığındakı Yozefsplatsda idik və mən səfeh-səfeh,
yekəxanalıqla, qətiyyətlə, fəxrlə, soyuqqanlılıqla (bu saxta idi), bumbuz bir
soyuqluqla (bu saxta deyildi), səninlə danışanda həmişə olduğu kimi,
kəkələyə-kəkələyə maraqlı şeylər danışmağa başladım, sizə irad tutdum ki,
məni yaxşı öyrətməmişdiniz, bunu şagird yoldaşlarım öz boyunlarına
götürməli oldular, böyük təhlükələrlə üzləşdim (cəsarətli görünmək üçün
burda özümə xas bir həyasızlıq etdim, çünki mənim kimi qorxaqlar "böyük
təhlükələr"in nə olduğunu bilməzdi), axırda da dedim ki, indi, xoşbəxtlikdən,
hər şeyi bilirəm, məsləhətə ehtiyacım yoxdur, hər şey qaydasındadır. Əsas
məsələ danışmağa başlamaq idi, çünki ən azı bu barədə danışmaq mənə xoş
gəlirdi və nəhayət, bir də ona görə ki, nə üçünsə, nə yollasa sizdən qisas
almaq istəyirdim. Öz təbiətinə uyğun olaraq, bunlara çox sakit qulaq asdın,
təxminən belə dedin ki, bu işləri təhlükəsiz görmək üçün mənə məsləhət verə
bilərsən. Bəlkə də səndən elə bu cavabı qoparmaq istəyirdim, çünki o, həmişə
ət xörəyi və digər ləzzətli təamlardan bol-bol yemiş, fiziki iş görməmiş, ömrü
boyu özünü düşünmüş bir uşağın coşqun təbiətinə daha çox uyğun gəlirdi.
Ancaq o cavab eyni zamanda mənim zahiri utancaqlığımın üstündən elə bir
qara xətt çəkdi ki, - ya da mənə elə gəldi - istər-istəməz səninlə bu barədə
danışa bilmədim və həyasız bir təkəbbürlə söhbəti kəsdim.
O vaxt verdiyin cavabı qiymətləndirmək o qədər də asan deyil: bir tərəfdən
dəhşətli dərəcədə açıq, müəyyən mənada da ulu bir cavab idi, digər tərəfdən
də, verdiyin dərsə görə müasir biçimdə kəsə idi. Bilmirəm o vaxt neçə yaşım
olardı, yəqin ki, on altını keçmiş olmazdı. O yaşda olan bir gənc üçün çox
qəribə cavab idi, aramızda yaranmış uçurum da özünü burda göstərdi və mən
onda ilk dəfə səndən birbaşa öz həyat dərsimi aldım. O vaxtdan beynimə
həkk olunsa da, onun əsl mənasını sonralar başa düşdüm: onda mənə verdiyin
məsləhət həm sənin fikrincə, həm də mənim o vaxtkı düşüncələrimə görə
çirkaba bələnmiş məsləhət idi. Çalışırdın ki, mən o çirkabı cismimdə evə
gətirməyim və bu arzun, əslində, ikinci dərəcəli idi, cünki bununla yalnız
özünü, evini qoruyurdun. Əsas məsələ ondan ibarət idi ki, sən verdiyin
məsləhətdən kənarda qalırdın, belə şeylərdən ucada dayanan əsl ər, təmiz kişi
olurdun. Bütün bunların mənə onda daha pis təsir eləməsi bəlkə də izdivacı
ədəbsizlik hesab etməyimlə bağlı idi və ümumiyyətlə, izdivac haqqında
eşitdiklərimi valideynlərimə aid edə bilməzdim. Beləliklə, sən daha təmiz
qalırdın, getdikcə də ucalırdın. Ağlıma sığışdıra bilmirdim ki, evlənməmişdən
qabaq sən özünə buna bənzər məsləhət vermiş olasan. Belə çıxırdı ki, səndə o
dünyəvi çirkabın nişanəsi yoxdur. Bir neçə açıq söhbətinlə məni o çirkaba sən
yuvarladın, sanki alnıma belə yazılmışdı. Əgər dünya yalnız ikimizdən ibarət
olsaydı, - belə təsəvvür mənim üçün çox doğma idi - onun təmizliyi səninlə
bitər, verdiyin məsləhətə uyğun olaraq çirkabı da mənimlə başlayardı. Məni
bu cür mühakimə etməyin özlüyündə anlaşılmaz idi, ancaq o köhnə günahlar,
mənə bəslədiyin nifrət hər şeyi açıb deyirdi... Beləliklə, yenə də bütün
varlığım sarsılmalı olurdu, özü də amansızcasına...
Bəlkə də bu misalda heç birimizin günahı olmadığı daha aydın görünər: A
adlı birisi B adlı digərinə sağlamlığını bir az qorumaq üçün açıq-saçıq, öz
dünyagörüşünə uyğun gələn, o qədər də gözəl olmayan, ancaq bu gün də
şəhərdə hamı tərəfindən qəbul olunan bir məsləhət verir. Bu məsləhət əxlaqi
baxımdan B üçün münasib deyil, ancaq niyə də illər ərzində bu bəladan
canını qurtamayaydı?! İstəsə, bu məsləhətə heç əməl etməz, ancaq burada
onun gələcəyini korlaya biləsi bir şey də yoxdur. Ancaq buna oxşar nəsə baş
verir və ona görə baş verir ki, A sənsən, B də mən.
Hər ikimizin günahsızlığını bir də ona görə belə aydın görürəm ki, buna
bənzər bir toqquşma iyirmi il sonra, başqa bir vəziyyətdə aramızda yenə oldu.
Düzdür, hadisə kimi qorxulu idi, ancaq ziyansız ötüşdü, çünki otuz altı yaşlı
adamda ziyan vurulası bir yer qalmamışdı. Axırıncı dəfə evlənmək
niyyətimdən xəbər tutandan sonra yaşanan o gərgin günlərdəki qısa
söhbətlərimizdən birində təxminən belə dedin: "Yəqin qəşəng bir kofta
geyinib... Praqadakı yəhudi qızları belə şeyləri yaxşı bacarırlar... Sən də o
dəqiqə qərara alıbsan ki, onunla evlənəsən! Özü də lap tez... Bir həftəyə... Ya
da sabah... Bu gün... Səni başa düşmürəm, böyük oğlansan, şəhərdə
yaşayırsan, nə edəcəyini bilmirsən, qarşına çıxanla evlənmək istəyirsən.
Məgər başqa bir yol yoxdur? Deməyə qorxursansa, özüm səninlə oraya
gedərəm..." Sən çox aydın, müfəssəl danışırdın, ancaq dediklərini bütün
təfərrüatları ilə xatırlaya bilmirəm, bəlkə də gözümə bir az qaranlıq
çökmüşdü, sanki məni daha çox anamın hərəkətləri maraqlandırırdı: səninlə
tamam razı idi, ancaq stolun üstündə nəsə axtarırdı ki, onu götürüb aradan
çıxsın.
Məni sözlərinlə heç vaxt bu qədər alçaltmamışdın, mənə heç vaxt bu qədər
nifrət etdiyini göstərməmişdin. İyirmi il bundan əvvəl mənimlə belə
danışsaydın, sənin gözünlə baxmaq şərtilə, o sözlərdə vaxtından əvvəl
yetkinləşmiş, sənin nəzərində birbaşa qaynar həyata atılası şəhər uşağına, az
da olsa, hörmət nişanəsi görmək mümkün idi. Ancaq ondakı münasibət nifrət
hissini daha da gücləndirdi, çünki o vaxt sürətlə inkişaf etməyə başlamış
həmin oğlan yarı yolda qalmışdı və sənə elə gəlirdi ki, o, zəngin həyat
təcrübəsi toplaya bilməyib, əksinə, iyirmi il geri qalıb. Mənim hansı qızla
evlənəcəyimin sənin üçün heç bir mənası yox idi. Mənim qəbul etdiyim
qərarlara həmişə (qeyri-ixtiyari) yuxarıdan aşağı baxmışdın və indi də (qeyri-
ixtiyari) elə düşünürdün ki, onun necə qız olduğunu bilirsən. Mənim xilas
olmaq üçün başqa yollar axtardığımdan xəbərin yox idi və təbii ki, evlənmək
fikrinə necə düşdüyümü də bilməzdin, deməli, fikirləşib tapmalı idin.
Fikirləşəndə də, məlum məsələdir ki, mənim haqqımda indiyəcən toplamış
olduğun təəssüratlara əsaslandın - ən iyrənc, ən səfeh, ən gülünc
təəssüratlara... Və tərəddüd etmədən bütün bunların hamısını üzümə dedin!
Məni rüsvay etdin və elə bildin ki, bu rüsvayçılıq evlənməyimlə sənə
gətirəcəyim rüsvayçılığın yanında heç nədir.
Mənim evlənmək cəhdlərimlə bağlı bəzi məsələlərə etiraz edə bilərsən və
artıq edibsən də: əgər F. ilə iki dəfə nişanlanıb, ikisində də nişanı
qaytarmışamsa və yenidən barışmışamsa, mənim evlənmək qərarıma necə
hörmətlə yanaşa bilərdin... Əgər səni və anamı bundan ötrü mənasız yerə
özümlə sürüyüb Berlinə aparmışamsa... və sair və ilaxır. Bunların hamısı
düzdür... Bəs bunu yaradan səbəblər?
Hər iki evlənmək cəhdi yaxşı niyyətlə olmuşdu: ev-eşik sahibi olmaq,
müstəqil yaşamaq... Sənin ürəyincə olan niyyət idi, ancaq uşaq oyununa
çevriləndə mənasını itirirdi: elə bil, biri digərinin əlindən yapışıb və onu hətta
bərk-bərk sıxaraq deyir: "Get də! Get dəəə... Niyə getmirsən?". Bizim
məsələdə vəziyyət bir də ona görə belə mürəkkəbləşdi ki, sən o vaxt vicdanla
"Get! Get!" demisən, ancaq elə o vaxtda da bilməyibsən ki, varlığın məni
tutub saxlayıb, daha doğrusu, tərpənməyə qoymayıb.
Qızların hər ikisi, təsadüfi olsa da, çox yaxşı seçim idilər. Yenə də məni başa
düşmədin və inanmaq istəmədin ki, mənim kimi qorxaq, həmişə tərəddüd
edən, hər şeyə şübhə ilə yanaşan bir adam, necə deyərlər, qəşəng koftadan
vəcdə gələrək qəfildən evlənmək eşqinə düşür.
Nigahların ikisi də daha çox məqsədli nigah olmalı idi. Birincidə illərlə,
ikincidəsə, aylarla, gecə-gündüz baş sındırıb planlar qurmuşdum.
Qızların heç biri məni məyus eləmədi, ancaq mən ikisinin də ümidini
sındırdım. Onlar haqqında evlənmək istəyərkən nə düşünürdümsə, indi də
eyni şeyi düşünürəm.
Bu, o demək deyil ki, ikinci dəfə evlənmək istəyəndə birincidə qazandığım
təcrübəni unutdum, ağılsızlıq elədim. Onların ikisi də tamamilə başqa-başqa
idi və, əslində, birincidən qazandığım təcrübə çək-çevirlərlə dolu olan
ikincidə mənə ümid verməli idi. Ancaq burda təfərrüatlara varmaq
istəmirəm...
Bəs niyə evlənmədim? Hər yerdə olduğu kimi, burda da bəzi maneələr vardı
və, əslində, həyatın mənası da onları dəf etməkdən ibarətdir. Ancaq əsas, özü
də təəssüf ki, heç bir hadisədən asılı olmayan maneə bu idi ki, özüm mənəvi
cəhətdən evlənməyə hazır deyildim. Yəni, evlənməyi qərara alan kimi yuxum
qaçırdı, başım gecə - gündüz od tutub yanırdı, həyat öz həyatlığından çıxırdı,
şübhə-tərəddüdlər içində qovrulurdum. Bütün bunlar çəkdiyim qayğılara görə
deyildi, onsuz da qətiyyətsizliyim, pedantlığım mənə saysız-hesabsız qayğılar
yaradırdı, ancaq heç biri əsas olmurdu, meyitə daraşmış soxulcan kimi idilər,
yavaş-yavaş öz işlərini görürdülər, ancaq məni sındıran başqa şey idi: həmişə
qorxu altında olmaq, zəiflik, özünənifrət...
Çalışacam ki, bunu bir qədər aydın izah edim: mən evlənmək fikrinə düşəndə
sənə qarşı münasibətimdə indiyə qədər belə kəskin olmayan ziddiyyətlər
yaranırdı. Əlbəttə, evlənmək tam azadlığa, müstəqilliyə ən yaxşı təminatdır.
Ailəm olsaydı, zənnimcə, ən böyük nemətə sahib olardım, deməli, sənin
qazandığın neməti mən də qazanmış olardım və bu da o demək idi ki,
aramızdakı fərq silinirdi, o köhnə rüsvayçılıqlar da, təzələri də, zülmkarlıq da
tarixə dönürdü... Bu lap nağıl olardı və elə nağıl olduğuna görə də, inanılası
deyildi. Bu, xeyli çoxdur, o qədər çoxdur ki, ona çatmaq olmaz! Elə bil,
kimsə türməyə düşüb, qaçmaq istəyir, bəlkə də qaça bilər, ancaq eyni
zamanda da istəyir ki, bu türmədən özünə gözəl bir qəsr düzəltsin. Əgər
qaçarsa, düzəldə bilməz - düzəldərsə, qaça bilməz. Aramızda belə
xoşagəlməz münasibətlər ola-ola müstəqil olmaq istəyirdimsə, elə bir iş
görməli idim ki, mümkün qədər səninlə bağlılığı olmasın. Düzdür, evlənmək
çox böyük işdir, insana şərəfli bir müstəqillik qazandırır, ancaq eyni zamanda
da səninlə bağlılığı olan işdir. Buradan çıxış yolu tapmağa çalışmaq adamı
dəli eləyər və az qala hər bir cəhdin cəzası da məhz bu olur.
Hərdən məni evlənmək fikrinə salan da məhz bu münasibətlər olurdu.
Evlənəndən sonra aramızda yaranacaq bərabərliyi təsəvvürümə gətirirəm: sən
bunu hamıdan yaxşı başa düşərdin, ürəyincə olardı, çünki mən onda azad,
qədirbilən, günahsız, açıqürəkli oğul, sən isə dərddən-qəmdən, zülmkarlıqdan
uzaq, yanımcıl, hər şeydən razı bir ata olardın. Ancaq bunun üçün gərək
olanlar olmamış olaydı, yəni, heç birimiz olmayaydıq.
Ancaq bizim indiki münasibətlərimizlə, birbaşa sənin "sahən" olan
evlənməyin qapısı mənim üzümə bağlıdır. Bəzən dünyanın xəritəsini, sənin
də onun üstündə uzandığını təsəvvürümdə canlandırıram. Onda mənə elə
gəlir ki, yalnız sənin altında qalmayan və ya əlin yetməyən yerlərdə yaşaya
bilərəm. Lakin sən o qədər böyüksən ki, orda yer lap az qalır və evlənmək də
həmin "boş" yerlərin arasında olmur.
Elə müqayisənin özü sübut edir ki, bununla heç də öz nümunənlə məni,
mağazadan olduğu kimi, evlənməkdən də qaçaq saldığını demək istəmirəm.
Əksinə, bəzi zahiri oxşarlıqlara baxmayaraq anamla sənin nigahına nümunəvi
nigah kimi baxırdım: sədaqətdə də, qarşılıqlı köməkdə də, uşaqların sayında
da bu nigah nümunə ola bilərdi. Hətta uşaqlar böyüyəndən sonra evdəki
dinclik pozulanda da, sizin nigahınız bütöv qaldı. Bəlkə də mənim evlənmək
haqqındakı yüksək fikirlərim elə bu nümunə əsasında yaranmışdı.
Evlənməkdən qorxmağımınsa başqa səbəbləri vardı. Səbəblərdən biri sənin
öz uşaqlarına olan münasibətin idi ki, bütün bu məktub da ona həsr olunub.
Belə bir fikir var: adam bəzən evlənməkdən ona görə qorxur ki, onun bir
vaxtlar valideynlərinə tutduqlarını uşaqları sonralar özünə qaytaracaq.
Zənnimcə, mənim məsələmə bunun dəxli yoxdur, çünki məndəki günahkarlıq
hisslərini sən yaratmışdın və son dərəcə özünəməxsus idi. Bəli, məni
yandıran da həmin özünəməxsusluq idi, heç vaxt təkrar oluna bilməzdi. Onu
da deməliyəm ki, özüm kimi qaradinməz, küt, quru, zəif uşağım olsaydı, dözə
bilməzdim, ondan qaçardım, başqa yolum qalmasaydı, sənin kimi edərdim:
mənim evlənmək istədiyimi biləndə, başını götürüb getmək istədin... Deməli,
evlənə bilmədiyimə bu da təsir elədi.
Ancaq ən vacibi özüm üçün qorxmağım idi. Bunu belə başa düşmək lazımdır:
bayaq dedim ki, yazmaq və bununla bağlı digər məşğuliyyətlərlə, az da olsa,
azadlığa çıxmağa, qaçmağa çalışdım, ancaq çox cüzi uğurlar qazana bildim.
Bir çox məsələlər sübut edir ki, belə kiçicik uğurlarla uzağa getmək olmaz.
Buna baxmayaraq, onları qorumaq borcumdur, daha doğrusu, həyatımın
mənasıdır. Qoymaram ki, onlara xətər toxunsun, qoymaram ki, onlara hər
hansı bir təhlükə yaxınlaşsın! Evlənmək də belə təhlükələrdən biridir.
Düzdür, həm də ən böyük ilham mənbəyidir, ancaq özündə təhlükə
gəzdirməsi mənə bəs eləyir. Əgər özü ilə təhlükə gətirsə, neyləyərdim?! Hiss
etsəydim ki, bu ailədə, üzdə görünməsə də, təkzibolunmaz bir təhlükə dolaşır,
orda necə yaşaya bilərdim?! Bəlkə də bir az tərəddüd edərdim, ancaq axırda
yenə də ondan keçməli olardım. "Əlindəki sərçədir, tutmaq istədiyin
göyərçinsə dama qonub" məsəli də buna az uyğun gəlir, çünki əlimdə heç nə
yoxdur, nə varsa, damdadır. Ancaq mən "heç nəyi" seçməliyəm, çünki
mübarizənin şərtləri, həyatın çətinlikləri belə tələb edir. Sənət seçəndə də belə
seçməli olmuşdum.
Adamı evlənməyə qoymayan belə bir köklü inamdır ki, ailəni saxlamaq, ona
rəhbərlik etmək üçün səndə gördüyüm bütün keyfiyyətlər çox vacibdir. Özü
də hamısı bir yerdə olmalıdır, yaxşısı da, pisi də səndəki kimi bir-birinə
qarışmalıdır: güclü olmaq, başqalarına istehza ilə yanaşmaq, sağlam olmaq,
bir az da ifrata varmaq, natiqlik məharəti, özünəinam, hamıdan narazılıq
etmək, özünü hamıdan yüksəkdə tutmaq, zülmkar olmaq, adamları yaxşı
tanıya bilmək, çox adama inanmamaq və bir də işgüzarlıq, dözüm, ruhdan
düşməmək, qorxmazlıq kimi qüsursuz üstünlüklər... Səninlə müqayisədə
bunların heç biri, demək olar ki, məndə yox idi, olanlar da az idi. Hətta sənin
də ailə məsələlərində bir çox çətinliklərlə üzləşdiyini, uşaqlarınla mübarizədə
geri çəkildiyini görə-görə hansı cəsarətlə evlənmək eşqinə düşmüşdüm?
Əlbəttə, bu sualı özümə heç vaxt belə kəskin şəkildə vermirdim və cavabı da,
təbii ki, kəskin olmurdu, yoxsa sadə bir məntiq hər şeyi nəzarətə götürər və
mənə səndən fərqlənən elə kişilər göstərərdi ki, (məsələn, elə lap yanımızda
olan, ancaq səndən çox fərqlənən Rixard əmini) evləniblər, ancaq bu evlilik
onları bir çoxları kimi sındıra bilməyib və bu da mənə artıqlaması ilə kifayət
edərdi. Bu sualı özümə bir də ona görə vermirəm ki, uşaqlıqdan yol yoldaşım
olub. Mən yalnız evlənməyə hazır olub-olmadığımı bilmək üçün deyil, hər
xırda şeyə görə özümü sınaqdan keçirirdim. Hər xırda şeydə də mənə
nümunə oldun və indi təsvir etməyə çalışdığım tərbiyə üsulunla məni
inandırdın ki, heç nəyə qabil deyiləm. Əgər hər bir xırda şeydə bu, sübut
olunurdusa, sən haqlı çıxırdınsa, deməli, o böyük işdə - yəni evlənmək
məsələsində də belə olmalı idi. Evlənmək fikrinə düşənə qədər mən,
təxminən qayğılar içində yaşamasına baxmayaraq, həmişə nəsə bir bəd xəbər
gözlədiyindən gündəlik haqq-hesab aparmayan, yalnız günü-günə calayan bir
tacir kimi böyümüşdüm. Bu tacirin hərdən xırda-para qazancı olur, ancaq
həmin qazanc çox nadir hallarda olduğundan onu həmişə əzizləyir, şişirdir,
qalan günlərdəsə ziyana işləyir. Hamısını dəftərə yazır, ancaq haqq-hesab
aparmır. Nəhayət, balans çıxarmaq, yəni, evlənmək vaxtı gəlib çatır. Bu
zaman elə böyük məbləğlər ortaya çıxır ki, sanki heç o xırda-para qazanclar
da olmayıb, həmişə borca işləyib. İndi, gəl, dəli olmadan evlən görüm, necə
evlənirsən!
Səninlə bir yerdə yaşadığım həyat burda sona yetir və gələcəyə nə vəd etdiyi
də aydın görünür.
Səndən qorxduğumu sübut eləmək üçün gətirdiyim dəlillərə bir də nəzər
salsan, belə də cavab verə bilərsən: "Dediklərindən belə çıxır ki, sənə
münasibətimi günahlarınla izah edərək, öz günahlarımı yüngülləşdirirəm.
Ancaq mənə elə gəlir ki, sən bu zahiri gərginliklə yalnız yüngülləşmirsən,
daha çox ondan öz xeyrinə istifadə edirsən. Əvvəlcə sən də bütün günahları,
məsuliyyət hissini öz boynundan atırsan və deməli, bu məsələdə eyniləşirik.
Ancaq mən fikirləşdiyim kimi açıq şəkildə həmin günahları sənin ayağına
yazanda, özünü "daha ağıllı", "daha mehriban" göstərmək istəyirsən və
üstəlik, məni də bütün günahlardan azad edirsən. Əlbəttə, sonuncu sənə
zahirən müyəssər olur (əslində, bundan artıq heç nə istəmirsən), lakin səbəb
və nəticə, ziddiyyət və yazıqlıq haqqındakı o "bəlağətli sözlər"inə
baxmayaraq, belə çıxır ki, hücum edən tərəf həmişə mən olmuşam, sən
neyləyibsənsə, özünü müdafiə etmək üçün eləyibsən. Belə çıxır ki, sən bu
qeyri- səmimiliyinlə artıq istədiyinə çatdın, üç şeyi sübut etdin: birincisi,
sənin heç bir günahın yoxdur, ikincisi, bütün günahlar məndədir və üçüncüsü
də, böyük ürək sahibi olduğun üçün nəinki məni bağışlamağa hazırsan, hətta,
nə qədər həqiqət də olsa, bunu sübut edərək özün də inanarsan ki, mənim
günahım yoxdur. Əslində, bu sənə kifayət etməli idi, ancaq etmir. Beyninə
yeridibsən ki, mütləq mənim hesabıma yaşayacaqsan. Boynuma alıram ki, biz
mübarizə aparırıq, amma mübarizənin də iki növü var. Biri cəngavər
mübarizəsidir ki, orda hər iki rəqib bir-birinə layiqdir, hərə öz gücünə görə
döyüşür, hərə özü üçün məğlub olur, hərə özü üçün qalib gəlir. İkincisi isə
zərərli həşarat mübarizəsidir ki, orda biri digərini sancmaqla kifayətlənmir,
yaşamaq üçün onun qanını da sorur. Beləsinə peşəkar əsgər deyirlər və sən də
elələrindənsən. Yaşamağa qadir deyilsən, ancaq həyatda öz yerini rahatlamaq,
qayğılardan uzaq olmaq, özündən razı qalmaq üçün sübut etməyə çalışırsan
ki, guya sənin yaşamaq bacarığını mən əlindən alıb cibimə qoymuşam. İndi
nə vecinə ki, yaşamağa qadir deyilsən və bunun məsuliyyəti də mənim
boynumdadır, özün ayaqlarını uzadıb rahat yatırsan, mən də səni həm cismən,
həm də mənən özümlə sürüməliyəm. Bir misal çəkim: axırıncı dəfə evlənmək
istəyəndə, məktubunda boynuna aldığın kimi, həm də evlənmək istəmirdin,
ancaq özünə əzab verməmək üçün çalışırdın ki, evlənməməkdə sənə kömək
edim, bu nigahın ad-sanım üçün "rüsvayçılıq" olduğunu əsas tutaraq,
evlənməyi sənə yasaq eləyim. Ancaq belə şeyi ağlıma da gətirmirdim.
Birincisi ona görə ki, hər şeydə olduğu kimi, burda da "xoşbəxtliyinə mane
olmaq" istəmədim, ikincisi də, heç vaxt uşaqlarımdan belə iradlar eşitmək
istəməmişəm. Məgər özümü məcbur eləyib sənə evlənməkdə sərbəstlik
verməyimin xeyiri oldu? Zərrə qədər də! Evlənməyinin əleyhinə çıxmağım
ona mane ola bilməzdi, əksinə, o qızla evlənməyini daha da tezləşdirərdi,
çünki, öz dediyin kimi, "qaçmaq" planını tam şəkildə həyata keçirərdin.
Evlənməyinə icazə versəydim də, iradların qurtarmayacaqdı, çünki onsuz da
sübut etməyə çalışırsan ki, hər bir halda evlənməməyinin günahı məndədir.
Həqiqətdə isə istər bu məsələ, istərsə də digərləri ilə mənə bircə şeyi sübut
elədin ki, bütün iradlarım haqlı imiş, ancaq onların arasında ən haqlısı yox
idi: sənin qeyri-səmimi, yaltaq, tüfeyli olmağın! Səhv eləmirəmsə, elə bu
məktubunla da mənə yaltaqlanırsan."
Buna cavab olaraq deyə bilərəm ki, qismən öz əleyhinə çevrilən bu etiraz,
əslində, məndən gəlir, sənlik deyil. Sənin başqalarına inamsızlığın mənim
özümə inamsızlığım qədər böyük deyil və bunu da mənə sən öyrədibsən.
Əlbəttə, bu etirazlardan bəzilərinin haqlı olduğunu inkar etmirəm, ancaq
onların heç biri bizim münasibətlərimizin mahiyyətini yeniləşdirməyə qadir
deyil. Özlüyündə hər şey gerçəkdə bir-birinə uyğun gələ bilməz - mənim
məktubumdakı sübutlar da elə... Axı həyat çox mürəkkəbdir. Ancaq mənə elə
gəlir ki, bu etiraza uyğun aparılacaq düzəlişlərlə bir yerdə - indi həmin
düzəlişləri nə sadalaya bilərəm, nə də sadalamaq istəyirəm - həqiqətə o qədər
yaxınlaşa bildik ki, ikimiz də özümüzü, az da olsa, rahat hiss eləyə bilərik, bu
dünyada da, o dünyada da yüngülləşərik...
Frans.
Alman dilindən tərcümə edən
Vilayət Hacıyev.
Mənbə:
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=932
Dostları ilə paylaş: |