Frans KAFKA
ATAMA MƏKTUB
Bu məktubu Kafka 1919-cu ilin noyabrında Şelezendə (Bohemiya)
dincələrkən yazmış, ancaq onu nədənsə ünvanına göndərməmişdi. Maraqlıdır
ki, ölümündən sonra Kafkanın ədəbi-bədii irsini bütövlükdə oxuculara
çatdıran dostu Maks Brod da bu məktubu yazıçının "Məktublar"ına deyil,
bədii əsərlərinin cərgəsinə daxil etmişdi. Əslində, belə də olmalı idi, çünki
Kafkanın atasına məktubu onun 1910-cu ildən müxtəlif insanlara, müxtəlif
ünvanlara göndərdiyi məktublardan (demək olar ki,onların çoxu çap olunub
və 700 kitab səhifəsindən çoxdur!) seçilir. Daha doğrusu, bu məktub
avtobioqrafik səciyyə daşımasına baxmayaraq, şəxsi münasibətlər çərçivəsini
aşaraq bəşəri dəyərlər baxımından, ümumiyyətlə, insan münasibətlərinin
təhlili və qiymətləndirilməsinə həsr olunmuşdur. Əlyazmasında məktubu
bacısı Ottloya ünvanlamışdı ki, sahibinə çatdırsın, amma göndərməmişdi.
Ümumiyyətlə, Kafka onu bir neçə dəfə göndərmək və ya kiminsə vasitəsilə
sahibinə çatdırmaq istəsə də, həmişə son anda fikrindən daşınmışdı. Bir neçə
il sonra çex jurnalisti və onun əsərlərinin çex dilinə tərcüməçisi Milena
Yesenskaya (bu qadın həm də onun növbəti uğursuz məhəbbəti idi!) yazdığı
məktub da sübut edirdi ki, Kafka onu hələ göndərməyib: "Sabah "Atama
məktub”u sənin ev ünvanına göndərəcəm. Onu yaxşı saxla, bəlkə, nə vaxtsa
atama verəsi oldun..."
Görəsən, bu məktubu niyə göndərməmişdi? Bəlkə, çoxlarının düşündüyü
kimi, bundan sonra atası ilə münasibətlərinin daha da kəskinləşəcəyindən
çəkinmişdi? Xeyr, inandırıcı deyil, çünki bütün ömrü boyu tənhalıqda, dərin
mənəvi iztirablar, qorxu, vahimə hissləri içində yaşamağa məhkum olunmuş,
öz doğma ata evində ögey uşaq kimi böyümüş, xüsusən də həmişə Praqanın
yüksək cəmiyyətində yer tutmaq, yüksək mənsəbə çatmaq arzusu ilə yaşayan
və bütün bunları da başqa bir aləmdə yaşamaq üçün dünyaya gəlmiş, fiziki
cəhətdən zəif, həssas, kövrək, zərif duyğulu oğlundan tələb edən atası ilə
münasibətləri, az qala, düşmənçilik səviyyəsinə çatmış və beləliklə də bütün
yaradıcılığı həyatından doğulmuş" (D.V Zatonski) Kafka, atasının elə bil
qəsdlə onun bütün arzu-istəklərinə qarşı çıxmasını, onu mənən əzməsini
1912-ci il sentyabrın 22-dən 23-nə keçən gecə birnəfəsə, beşcə saata yazdığı
"Hökm" novellasında, bir az sonra "Çevrilmə"də, daha sonra da
digər
əsərlərində bütün çılpaqlığı ilə təsvir etmişdi və bu münasibətlərin daha da
pisləşəcəyindən qorxmazdı... Görünür, heç kəsin bilmədiyi ayrı bir səbəb də
varmış. Elə bir səbəb ki, Kafka onu özü ilə qəbrə apardı...
_______________________