ÖN SÖZ
Pərvərdigari-aləm Qur`ani-məcidin «Maidə» surəsinin 35-ci ayəsində buyurur:
«Ey iman gətirənlər! Allahdan qorxun! Ona [Onun rəhmət və lütfünə qovuşmaq üçün] yol axtarın......»
Dünyanın yaradılışından indiyə qədər yer üzünə peyğəmbərlər gəlmiş və hər birinin Allah tərəfindən verilmiş özünəməxsus mö`cüzələri olmuşdur. Mö`cüzə, yalnız peyğəmbərə verilir. İmamlar və Allaha yaxın olan digər övliyaların gördükləri xarüqüladə işlərə isə «kəramətlər» deyilir. Allah yanında xüsusi məqama malik olanlar, xüsusən də Mə`sum İmamlar (əleyhimussalam) bu cəhətdən daha üstündürlər.
Qarşınızdakı bu kitabda Həzrət Əli (əleyhissalam)-ın oğlu, Kərbəla qəhrəmanı, imam Hüseyn (əleyhissalam)-ın ələmdarı həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın «kəramətləri» və insanlara verdiyi şəfaətlərdən söz açılır. Onu da qeyd edək ki, bütün bu kəramətlər yalnız, Allahın izni ilə yerinə yetirilir. Kitabın müəllifi (höccətül İslam Əli Rəbbani Xəlxali) bu «kəramətləri» məktbular vasitəsi ilə dünyanın müxtəlif yerlərindən cəm etmiş və əziz müsəlman qardaş və bacılardan ötrü qələmə almışdır.
Həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın kəramətlərindən yazmaq istəsək cilidlərlə kitablar yazmaq olar. Azərbaycanın xalis mö`minləri bunu daha gözəl başa düşürlər. Mənim çoxdan zehnimdə bu barədə bir şey yazmaq fikri dolanırdı. Kitabın müəllifi bu kitabın tərcüməsini təklif etdikdə bunu öz istəyim kimi qəbul etdim. Azərbaycanda çox az şəxs tapılar ki, həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın kəramətindən eşitməsin. Mən özüm lap uşaq vaxtından Azərbaycanın səfalı guşələrindən biri sayılan muğan məntəqəsində, yə`ni, İmişli şəhərinin Qaravəlli kəndində həzrət Əbülfəzl Abbas (əleyhissalam)-a olan ehtiramı müşahidə etmişəm. Həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın adı gələndə ağsaqqal və ağbirçək müsəlman qardaş və bacıların ixtiyarsız olaraq göz yaşları axır. Bütün bunlar, Azərbaycan müsəlmanlarının on dörd Mə`sumlarlarla (əleyhimussalam) yanaşı bu şərəfli şəxsiyyətə də böyük ehtiramından xəbər verir.
Bu kitabda deyilənlərin həqiqətinə söz yoxdur və belə kəramətləri, yalnız qəlbləri pak olanlar anlaya bilərlər.
Kitabda həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın kəramətləri arasında, Əhli-Beyt (əleyhimussalam)-ın aşiqlərindən ötrü Əbülfəzl Abbas (əleyhissalam) və Kərbəla şəhidləri barəsində yazılan “mərsiyələr” də yazılmışdır. Bu mərsiyələri Əbülfəzl aşiqi, ömür-gününü İslam dininin xidmətinə həsr etmiş, mərhum atam Məşədi molla Vəli bir yerə yığmış və bizlərin əlinə yetirmişdir. Ümidvaram ki, bu işlərin müqabilində həzrət Əbülfəzl Abbas (əleyhissalam) öz şəfaətini onadan əsirgəməsin!
Onu da qeyd etmək istəyirəm ki, bə`zən Həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın adından şəxsi mənafelərindən ötrü istifadə edib, mə`nasız işlər görənlər də tapılır. Belə şəxslər üçün də bu kitab bir ibrət dərsi olmalıdır. Biz müsəlmanlar Həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın hansı məqsədlə və nə uğrunda şəhadətə yetməsini fikirləşməli və əməllərimizi onun getdiyi yol və etdiyi hərəkətlərlə uyğunlaşdırmalıyıq. Yalnız belə olan halda, Allah bizim dualarımızı tez qəbul edər və Qiyamətin günündə o Həzrətin şəfaətini bizdən əsirgəməz.
Dostları ilə paylaş: |